İllər illəri əvəzləyir. Əvəzlədikcə də geridə buraxdığımız  illərdə  yaşanmış  tarixi unutmamaq,  gələcək nəsllərə  bacardığımız  qədər  ötürməyə  çalışmalıyıq. Bu günü düşünəndə  o qədər itirdiklərimiz, unutduqlarımız, nəzərdən  qaçırtdıqlarımız var ki.  Mən də heç düşünməzdim ki, bir vaxtlar  bu  faktlar, məlumatlar  qarşısında  aciz qalacam. Yəni araşdırmalarımda  çəkdiyim  çətinliklərlə  üzləşəndə, itirdiyim  insanlardan  bu mənada  istifadə etmədiyimə  görə  təəssüflənirəm. Çünki  indi  yazmaq  istədiyim  mövzu  haqqında  kifayət qədər məlumat ala biləcəyim  bir insanla, Soltan  babamla (Soltan Qəhrəman oğlu Soltanov 1870- 1975 ) nə qədər desən  bir yerdə  olmuşuq. Eləcə də başqa  insanlarla.

Bu araşdırmalarda  ən çox Nəzər Heydərovun  “Zəngəzur dağlarında” əsərinə, bir də Yaşar Fətiyevin  Qubadlı haqqında yazdığı “Dağların dağın gətirmişəm” kitablarındakı araşdırmalara, faktlara  əsaslanmışam.

Düzdür ki, Nəzər Heydərovun  əsərində sovet pisxalogiyası, təsiri çox olduğu üçün hadisələr başqa yöndə verilir. Yəni bəylərə qarşı ictimai rəylərin mənfi olması əsərdə də öz əksini tapır. Ancaq  bir çox fikirləri  tarixi  həqiqətlərdir.

Bu günün qarşılaşdığımız çətinlikləri, düşmənin torpaq  iddialarına  cavab  olaraq  bir çox faktlar rast gəlinir. Yəni Qubadlı  ərazisində  yaşayan, oranın sakinləri olan bəylərin  mülkləri haqqında  geniş izahat  verilir. Və bu da  təsdiq edir ki, bu gün Ermənistanın özününkü saydığı torpaqların çoxu Qubadlı ərazisi, buranın sakini olan bəylərə aiddir.

Məmər, Hal, Davudlu, Mahmudlu, Zeyvə kəndləri, Qızıldaş, Çayzəmi əraziləri İldırım bəy Sultanva  məxsus olub.

İndiki Qafanın Kovdar, Aşağı  Xotanan, Yuxarı Xotanan,  Qubadlının Gürcülü, Əyin, Mistan, Qiyaslı,Göyərcik, Xallava, Aşağı Cibikli, Yuxarı Cibikli , Malatkeşin, Genlik, Məmmədli, İsgəndərbəyli, Ovqanlı, Göyərabas, Seytas, Bəxtiyarlı,  Qarıqışlaq  kəndləri danzaverli, pirçivanlı  Sultanovların idi.

Qafandakı mis mədənlərinin bir hissəsi İsmayıl bəy Sultanova aid idi. (Nəzər Heydərov “Zəngəzur Dağlarında”)

Bəzi ədəbiyatlarda Sultanovların eyni nəsldən olduğu göstərilir. Yaşar Fətiyevin “Dağların dağın gətirmişəm” kitabında:”  “Mən Qubadlının keçmiş ağsaqqallarından dəfələrlə 50-60 cı illərdə eşitmişəm ki, hər üç tayfanın kökü bir yerdən qaynaqlanıb. Bəlkə də N. Heydərov sovet rejiminin təziqlərindən sovuşdurmaq üşün belə yazıb. Hər halda bu mənim fikrimdir.”  yazmışdır.

Nəzər Heydərov yazmışdır:” Keçmiş Zəngəzur qəzasında üç Sultanovlar  nəsli yaşayırdı.Qubadlı Sultanovların nəsli –kökü  Hüseynqulu Sultandan başlayır.

Sultanovların ulu babası Nəcəf bəy hələ lap farsların hakimiyyəti dövründə Bəxtiyarlı kəndində yaşayırdı. O,  Nəsir  Sultanın  nəslindən  idi”

“Ümumiyyətlə , Qubadlı, Laçın və Seytas- Danzaverdəki  Sultanovların  hamısı  yaxın  tayfalardır.  Bunlar  Hüseynqulu  Sultanın  varisləridir.  Bunu  Hacısamlı  Sultan  bəy  deyib. ” N. Heydərov “Zəngəzur  dağları”

Hacı Nərmanoğlunun arxiv materialları əsasında  yazdığı “Zəngəzur” əsərində də Sultanovlar  haqqında  geniş materiallar öz əksini tapır.

Yazıçının araşdırmalarında erməni silahlı birləşmələrinə qarşı  onların  bütün qüvvələrilə , igidliklə mübarizə  aparmaları, dinc əhalinin müdafiəsinə  qalxmaları  ətraflı verilir.

Məqsədim  XVIII əsrdən bəri Zəngəzur bölgəsində yaşayan, dövrünün  ən savadlı, elmli insanlarından, onların  həyat  fəaliyyətindən qısa da olsa  məlumat verməkdir. Tarixdə  böyük  iz  qoyan  Qubadlı  ziyalıları  arasında  Sultanovların  da  yaddan çıxmayan  izləri qalıb. Belə ki, Qubadlı ucqar  dağ rayonu  olmasına  baxmayarak , hələ təhsilin, məktəbin  yeni qurulduğu bir zamanda  Qubadlı  ziyalıları  öz sözünü deyə bilirdi. Şuşada, Gorusda, Rusiyanın  ayrı- ayrı şəhərlərində  təhsil alıb vətənə dönürdülər.

XlX əsrin əvvəllərindən yadelli işğalçılara, erməni daşnaklarına qarşı ciddi mübarizədə  bu ziyalıların  böyük  fədakarlıqları  olmuşdur. Onların əksəriyyəti də “dövlətə xəyanət” adı ilə həbs edilərək  güllələnmişlər.

                             Həsən bəy Temur oğlu Sultanov

Həsən bəy Temur oğlu Sultanov 1885-ci ildə Qubadlı kəndində, Temur bəyin  ailəsində dünyaya gəlmişdir. Qori seminariyasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əli Terequlov kimi görkəmli şəxsiyyətlərlə birlikdə təhsil almışdır.

Həsən bəy seminariyanı bitirdikdən sonra Qubadlı kəndinə gələrək burada yerləşən dini təmayüllü məktəbin əsasında müasir maarif ocağı yaradır. Daha doğrusu, mahalda ilk ikisinifli (beşillik) rus-tatar (Azərbaycan) məktəbini açır. Böyük ürək sahibi olan Həsən bəy məktəbi öz evinə köçürür, yeni məktəb onun təkidindən sonra tikilir. Xərcin bir hissəsini Yelizavetpol quberniyası, bir hissəsini Xanlıq kəndindəki baramaçılıq sexi, bir hissəsini isə Həsən bəy özü qoyur. Beşillik təhsil verən məktəbdə 6-8 sinif açılır, burada 120-150 nəfər elm öyrənir. Təhsil, əsasən, rus dilində tədris olunur, şəriət fənni isə azərbaycanca keçirilir.

Həsən bəy özü rus dili və hesab öyrədərmiş, o, məktəbə peşəkar müəllim kollektivi yığmışdı.

Həsən bəy məktəbə lazım olan tədris vəsaitlərini Moskva şəhərində yerləşən “Qusman” firmasından, bir hissəsini isə Xarkov şəhərində yaşayan qohumu Cabbar bəy İldırımzadənin, Çingiz İldırımın köməyi ilə Rostovdan, Peterburqan  gətirtdirərmiş.

Məlumatlara görə, Həsən bəy həm də elmi-tədqiqat işləri ilə də məşğul imiş.

Həsən bəy yaxşı at saxlamağı, at minməyi də bacararmış. O, ucaboylu, xoşsifət, azdanışan, çox alicənab bir insan olmuşdur.

 Həsən bəy 1922-ci ildə vəba xəstəliyindən vəfat etmiş və Hacılı kəndində dəfn edilmişdir. Bəzi məbələrdə1916 – cı ildə sətəlcəmdən vəfat etdiyi göstərilir.  Həsən bəyin haqqında danışdığımız bu faktlar mərhumun şəxsi arxivində geniş formada saxlanılır.

                  İLDIRIM  BƏY SULTANOV

Qubadlı  bölgəsində  ən imkanlı bəy İldırım bəy Sultanov  olub

Ata-babadan mülkədar olmuş, Məmər, Hal, Davudlu, Mahmudlu, Zeyvə kəndləri, Qızıldaş, Çayzəmi əraziləri İldırım bəyə məxsus idi. Sultanovların ulu babası Nəcəf bəy hələ farsların hakimiyyəti dövründə Bəxtiyarlı kəndində yaşayırdı.

İldırım bəy xeyirxaqlığı ilə, təhsilə önəm verməsilə seçilirdi.

İldırım bəyin üç oğlu var idi və onların oxumasında çox maraqlı idi.

 Dövrünün  ən varlı bəyi olmaqla yanaşı insanların savadlanmasında  çox zəhmətləri olmuşdur. Qubadlıda  ilk  məktəbin açılmasının  yaradıcılarından  olmuşdur.. Belə  ki,1882 ci ilin may ayında  Qubadlıda məktəb açdırmaq üçün Qazi  Həsənlə birlikdə  Yelizavetpol quberniyasının  mərkəzi Yelizaetpol şəhərinə getmiş. Məktəbin açılması üçün lazımı  sənədləri qubernatora təqdim etmiş, məktəbin açılması üçün razılıq əldə olunmuşdur.

Məktəbin təşkilində, binanın, dərs vəsaitinin, müəllimlərin gətrilməsində böyük xidmətləri olmuşdur.

Öz  övladları  ilə bərabər, yaxın  qohumların  da övladlarının  oxumasına  köməklik  etmişdir.

                       ÇİNGİZ İLDIRIM OĞLU SULTANOV

“Çingiz İldırım bəşər deyil, oddur, alovdur, ildırımdır”

Maksim Qorki

Çingiz İldırım Zəngəzurun Qubadlı bölgəsində doğulmuşdur (1890-cı il). Atası İldırım bəy dünya malında gözü olmayan, idraklı, insaflı, həm də ayıq düşüncəli, arif bir kişi olmuşdur. İldırım bəyin üç oğlu var idi və onları oxutmaq istəyirdi. İlk təhsilini doğulduğu Qubadlı bölgəsində alan Çingiz 1898-1905-ci illərdə Şuşa məktəbində, 1906-09-cu illərdə Vladiqafqazda orta məktəbdə oxuyur. 1916-cı ildə Petroqrad Politexnik İnstitutunun dağ-mədən şöbəsini bitirib mühəndis-metallurq diplomu alır. 1917-ci ilin axırınacan Petroqraddakı “Ayvar” zavodunda mühəndis işləyir. Və elə bu şəhər də onu inqilaba sarı sürükləyir, fevral burjua inqilabı çar hökümətini devirir və bu cavan oğlan da istər-istəməz dönüb “yeni dünyanın adamı” olur.

1918-20-ci illərdə daşnakların (başçı general Andronik Ozanyan, Dro, Njde və s.) Dağlıq Qarabağı Ermənistana birləşdirmək səylərinə qarşı Çingiz İldırım Laçın, Qubadlı ərazisində xeyli iş aparır. O, bu ərəfədə dəfələrlə Qubadlıda, Əliyanlıda, Kürdhacıda, Məzməzəkdə və s. kəndlərdə olur, təşkilatlanma işləri aparır. Sarıyataqlı artilleriyaçı mayor İsmayıl Abışovun general Xosrov bəy Sultanov tərəfindən Şuşaya çağırılıb ermənilərə qarşı cəbhəyə komandir təyin olunması da Ç.İldırımın təşəbbüsü ilə olmuşdur. Elin dərdini çəkəcək insanlara başa salır ki, Andronikin başçılıq etdiyi erməni hərbi hissələri Gorusda, Xinzirəkdə, İrsəvənnikdə, Dığda, Gərəvincdə və digər kəndlərdə yerləşiblər. Və istənilən vaxtda ermənilər Qubadlıya, Laçına hücuma keçə bilərlər. Ç.İldırım deyirmiş ki, bu sözü məsuliyyətimlə deyirəm ki, yəqin bilin ki, hücum gözləyirik, bunu bizə erməni agentlərimiz xəbər verir. Bəli, sonralar oxuyub öyrənirik ki, həqiqətən, Ç.İldırımın, Xosrov bəyin Ermənistanda (Gorusda) ermənilərdən agentləri varmış. Bunu 1919-cu ilin yanvar-mart aylarında Şuşa Quberniyasından Mərkəzə göndərilən teleqramlar da bir daha təsdiq edir.

Çingiz İldırım (1920) Azərbaycan Müdafiə Naziri, Azərbaycan Hərbi Dəniz Donanması komandiri, Ali Xalq Təsərrüfatı Şurasının və Dövlət Plan Komitəsinin sədr müavini vəzifələrində işləmişdir. Respublika Xalq Komissarları Sovetinin və MİK-in ərzaq vergisi üzrə fövqəladə müvəkkili, Naxçıvanda və Qubadlıda partiya-sovet işləri üzrə məsul təhkimçi, SSRİ Sindikatlar Şurası Azərbaycan bürosunun sədri, Ali Xalq Təsərrüfatı Şurası sədrinin müavini, Fövqəladə Hərbi Avtomobil Nəqliyyatı komissarı, Hava Donanması Cəmiyyətinin sədri, Azərbaycan Yükvurma Cəmiyyətinin rəisi, Azərbaycan xüsusi aviakimya idarəsinin sədri, Azərbaycan KP MK-nin, Zaqafqaziya Ölkə Partiya Komitəsinin, Azərbaycan və Zaqafqaziya MİK-lərinin daimi üzvü və s. vəzifələrdə işləmişdir

Kremldə 1933-cü ildə Azərbaycan KPMK-ya I katib vəzifəsini tutacaq namizədlərin müzakirəsi aparılan zaman, əlbəttə, Kreml Çingizin namizədliyindən yan keçə bilməzdi. Ç.İldırım və M.Bağırov Kremlə dəvət edilir, lakin Orconikidze, Beriya, Stalin səlahiyyətliləri Çingizin üstündən qara xətt çəkirlər. Ölkədə 1936-1938-ci illərdə repressiya dövrü başlayanda Rusiyada yaşayan, işləyən Ç.İldırım həbs edilir, atası çar hökuməti zamanında varlı olmuşdur səbəbi ilə güllələnir.

Çingiz İldırım dövrünün qabaqcıl ziyalısı olmuşdur. Ziyalılıq yalnız təhsillə formalaşmır, millətin, vətənin ağır zamanında ayağa qalxmaq, fəal mövqe tutmaq nəsildən gələn vətənə sevgi xüsusiyyətlərindəndir ki, Çingiz İldırım da bu ənənəni layiqincə yerinə yetirdi, bütün ömrünü vətənin müdafiəsinə həsr etdi.

Bəzi mənbələrdən  oxuyuram ki, Çingiz  İldırım bolşeviklərə qoşulub, onlaraın  ideyaların  dəstəkləyib. Bu düzdür ki, onun təhsil aldığı, işlədiyi yer bu şəraitə zəmin yaradıb. Ancaq  onun  həyat- fəaliyyətin  izlədikcə bir bəy oğlu kimi həmişə zəhmətkeş xalqının yanında  olmuş, o dövrün  ən kəskin  erməni vandalizmi, daşnakları ilə ciddi mübarizə aparmışdır. Bunun nəticəsi idi ki, onların  qurduqları planlar  nəticəsində  xalq düşməni kimi güllələnmişdir.

                                          CABBAR İLDIRIM

Çingiz İldırımın qardaşı Cabbar İldırım isə respublikamızın ilk ali təhsilli səhiyyə işçilərindən biri olmuşdur. 1920-ci illərin əvvəllərində respublika Səhiyyə Nazirinin müavini olmuş, sonralar da bir sıra məsul vəzifələrdə işləmişdir.

                           ŞAMİL  İLDIRIM

Şamil  bəy atasının vaxtsız vəfat etməsi ilə əlaqədar təhsilini davam  etdirə bilməmiş.  

                CAHANGİR  İLDIRIMZADƏ

Şamil bəyin oğlu, Çingiz İldırımın qardaşı oğlu Cahangir Şamil oğlu İldırımzadə 12 sentyabr 1929-cu ildə anadan olmuş, 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Cahangir müəllim bir sıra məsul vəzifələrdə çalışmış, müxtəlif illərdə “Azərnəşr”in redaktoru, MK-da Mətbuat və radio-televiziya bölməsinin təbliğat-təşviqat şöbəsinin rəhbəri, Nazirlər Sovetində şöbə rəisi, Azərbaycan Dövlət Mətbuat komitəsinin sədri işləmişdir. C.İldırımzadə 1981-ci ildə Respublika Nazirlər kabineti yanında mətbuatda və digər informasiya vasitələrində dövlət sirrlərinin mühafizəsi ilə məşğul olan idarənin rəisi olmuşdur. O, IX və X çağırış Respublika Ali Sovetinin deputatı seçilmiş, “Əməkdar Mədəniyyət İşçisi”, “Qırmızı Əmək bayrağı” ordenləri və “Fədakar Əməyə Görə” medalı ilə təltif edilmişdir.

                     OULAM  HƏMİD OĞLU SULTANOV

Qulam Həmid oğlu Sultanov 1901-ci ildə keçmiş Zəngəzur qəzasının Danzaver kəndində, varlı sahibkar ailəsində anadan olmuşdur. Danzaverlilər Qubadlının Bəxtiyarlı kəndindən getmə idilər. Qulam Sultanovun nəsilləri Qubadlının Bəxtiyarlı kəndinin yaxınlığındakı Danzaver kəndini alaraq ora köçmüşlər. Qulam Sultanov da İsmayıl Sultanovun nəslindəndir. Nəzər Heydərov “Zəngəzur dağlarında” kitabında yazır: ”Danzaver, Mac, Ağbulaq, Qurdqalağı, Şamsız, Ağvanlı kəndlərinin əhalisi vaxtilə Qubadlıdan köç ediblər. Danzaverli Sultanovların Qafan mis mədənində payları olub”.

Qulam ilk təhsilini Qubadlı məktəbində almişdır. Məktəbin bir çox müəllimləri qadağalara baxmayaraq, dövlətçilikdə monarxiyadan daha üstün olan respublika dövlət üsul-idarəçiliyindən söhbət açar, yeniyetmələri Xarkov, Kiyev, Odessa, Peterburq, Moskvada və imperiyanın digər şəhərlərində təhsillərini davam etdirməyi məsləhət bilərmişlər. Qulamın da hələ aşağı siniflərdə oxuyandan Avropa ölkələrində təhsilini davam etdirmək həvəsi yaranır. O, Şuşadakı məktəbi əla qiymətlərlə bitirib təhsilini Peterburqda davam etdirir. Qulam Sultanov təhsilini başa vurub Bakıya qayıdır. Həmin illərdə Bakıda kino çəkilişi hələ böyük vüsət almamışdı, o, bu sahədə işləməklə yanaşı Moskvanın İqtisadiyyat İnstitutunu da bitirir. Sultanov XX əsrin 20-ci illərində Bakının partiya-sovet orqanlarında, sovet ordu hissələrində işləyir. Azərbaycan KP MK-nin I katibi olarkən S.M.Kirov Q.Sultanovu mahir natiq adlandırmaqla, onu da əlavə edib ki, Azərbaycanda Q.Sultanov kimi rus dilində səlis danışan ikinci bir şəxs yoxdur.

Q.Sultanov 1930-cu illərdən Bakı kino-foto sənayesi idarəsinin rəisi olmuş, 30-illərdə lentə alınan “Kəndlilər”, “Sevil”, “Bakılılar” filmləri onun rəhbərliyi dövründə çəkilmişdir. Qulam müəllim həm də nurlu ziyalı, yaradıcı şəxs idi. Ruhulla Axundovla çox yaxın dost və yaradıcılıq əlaqələri olmuş, K.Markısın “Kapital” əsərini hər ikisi birlikdə tərcümə etmişlər.

M.C. Bağırov Qulam Sultanovu  şəxsən  özü  güllələmişdir. 1956- cı ildə məhkəmə prosesində Qulam Sultanovu  və  Məmməd Cuvarlinskini  şəxsən  güllələdiyini özü də etiraf etmişdir.

Abbas Ağalarbəy oğlu Sultanov

Abbas Ağalarbəy oğlu Sultanov 1885-ci ildə Qubadlı kəndində, bəy ailəsində anadan olmuş, 1915-ci ildə Qori seminariyasını bitirmişdir. Həmin ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuş, 1917-ci ildə fəal inqilabi fəaliyyətinə görə universitetdən qovulmuşdur. 1917-ci ildən partiya üzvü olmuş, sonradan Qubadlıya qayıdan Abbas bəy Zəngəzurda inqilabi iş aparmışdır.

Azərbaycan Sovet hakimiyyətinin qələbəsindən sonra Zəngəzurda İnqilab Komitəsinin sədr müavini, Nəzər Heydərovdan sonra Qubadlı qəza Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri, Qaradonlu Rayon Partiya Komitəsində katib, Baş Siyasi Maarif İdarəsinin sədri, 1932-1937-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdir (Gəncə).

1937-ci ildə M.Bağırovun qərarı ilə həbs edilərək güllələnmişdir.

Bağırov Qubadlıdakı söhbəti unuda bilməzdi, o, Əliyanlı Nəriman bəy Mehdiyevi həbs edib güllələmək üçün Şuşa həbsxanasına göndərmək istəyəndə Abbas Sultanov etiraz edərək demişdi ki, biz Nəriman bəyi işlə təmin edib bütün əliyanlı qaçqınlarında hökümətə inam yaratmaqla onu üzə çıxarmaq istəyirik. M.Bağırov bu vaxt demişdi ki, sən raykom katibi olduğun halda, bandit başçısını müdafiə edirsən. Səni bu vəzifədə saxlamaq olmaz.

                         CƏLİL BƏY SULTANOV

 Cəlil bəy Sultanov Hacılı  kəndindən olub,  ixtisasca  aqranom olmuş. 

   Azərbaycan  Xalq Cumhuriyyət  dövründə  Zəngəzur qəzasından parlamentin  üzvü  seçilmişdir.

Cəlil bəy Sultanov  parlamentin üzvü olaraq xalqın müdafiəsinə qalxmış, erməni daşnaqlarına qarşı mübarizə edərək, teleqramlar vuraraq yerlərdəki vəziyəti xəbər verərək, kömək edilməsin tələb edərmiş.

                             YUSİF BƏY SULTANOV

1860- cı ildə şuşa qəzasının  zəngəzur sahəsinin püsyan nahiyəsinin bəxtiyarlı kəndində anadan olmuşdur.

Yusif bəy Sultanov 1918- 1920 –ci illərdə Şamaxı  qəzasının  Mədrəsə sahəsinin pristavı olub.

YUSİF BƏY Sultanovun zəhmi, zabitəsi sayəsində türk-  müsalman qırğınının qarşısını alıb.  Bu sahədə böyük xidmətləri olmuşdur.

Yusif  bəy 1899 –cu ildə kollec  qeydiyatçısı,  titulyar  müşavir çinlərinə layiq görülmüşdü. O, lll Aleksandır,  lV dərəcəli Şire- Xurşid  ordenləri ilə təltif olunmuşdur. 1905- ci il rus- yapon müharibəsində  iştirak etmiş, medal almışdır.

Yusif bəy  Qafur ağa  Səmədovun qızı,  Fətəli xanın  nəvəsi  ilə  ailə qurmuşdur.

Bahadur  bəy adlı oğlu,  Gövhər, Şeyda,  Rübabə  xanım adlı  qızları  var idi.

                  SULTAN  SULTANOV 

Sultan Qəhrəman oğlu Sultanov 1870-ci illərdə bəy ailəsində dünyaya gəlmişdir. Atası Qəhrəman bəy (O, tanınmış dövlət xadimi Çingiz İldırımın atası İldırım bəyin qardaşıdır) özünə məxsus torpaq sahəsi, sürüləri, ilxısı varmış. Sultan bəy özü çox zəhmətkeş, dövrünün çox məlumatlı şəxsi idi. O, ərəb, fars və rus dillərində səlis danışır, ədəbiyyatımızı, tariximizi dərindən bilirdi. Elə ona görə də məntiqli, duzlu-məzəli söhbətlərini dinləyən, ona qulaq asmaqdan yorulmazdı.

Başqa bəylər kimi, sovet rejimi dövründə onun da mülkü əlindən çıxmışdır. O, sovet qanunlarına tabe olmuş, müxtəlif sahələrdə çalışmışdır. O, buna məcbur idi, həm öz ailəsi, həmdə erkən rəhmətə getmiş kürəkəni Əli bəy və bacısı Tovuz xanımın kiçik yaşlı dörd övladı da onun himayəsində idi. Uzun illər məsul vəzifələrdə işləyən Xasay Əli oğlu Şahmuradov Sultan bəyin bacısı oğludur. Xasay Şahmuradovun qızı Mahirə xanım Əliyeva Qubadlı rayonundan ilk qadın elmlər doktoru, professordur.

Sultan Sultanov keçən əsrin 20-ci illərində uzun müddət rayonda “Komxoz”un müdiri işləmişdir. İşlədiyi müddətdə tabeçiliyində olanlara atalıq qayğısı göstərir, rayonun abadlaşması üçün maksimum işlər görür, rayon qəsəbəsində, kəndlərdə məktəblər, yaşayış binaları, inzibatı binalar, eləcə də iaşə binaları, Həkəri və Bərgüşad çaylarının üstündən körpülər tikdirmişdir. Raykomun, prokurorluğun, kombinatın köhnə binaları, Qubadlı qəsəbəsindəki Muradxanlı, Alaqurşağdakı məktəb binaları onun vaxtında istifadəyə verilmiş, Qubadlı qəsəbəsinə Xələc kəndindən gələn dəmir su borusu da onun təşəbbüsü ilə çəkilmişdir.

Sultan bəyin həyat yoldaşı Gülüm xanım Əhməd bəyin qızıdır. Xudayar xanın oğlu Əhməd bəy Zəngəzurda, Qarabağda var-dövlətinə görə seçilirdi. Əhməd bəyin bacısı Minə xanım böyük filosofumuz Həsi Abdullayevin anasıdır. Qubadlıda olan polis şöbəsinin köhnə binası Gülüm xanımın dayısı İsgəndər bəyə məxsus idi.

Sultan bəy 14 noyabr 1975-ci ildə vəfat etmişdir.

TOFİQ  SULTANOV

Tofiq  Sultanov  Danzaverli Sultanovların nəslindən olub, məlum səbəblərdən Beyləqan     (vaxtı ilə Jdanov deyilən) rayona köçmüşlər.

Tofiq müəllim savadlı, bacaraqlı  insan kimi həm Mildə, həm də nazirlik sistemində  bacarıqlı kadr kimi tanınmışdır.

ƏNVƏR  HƏSƏNOV- SULTANOV

Ənvər  müəllim 60- cı illərdə  Novlu  məktəbində  müəllim, sonra Göyərcik kənd  8- illik məktəbində  drektor  işləyib. Qubadlıda  Ənvər  müəllimin intellektindən,  mərdliyindən  və  səxavətindən həmişə danışardılar.

Ənvər  müəllim danzaverli sultanovların  nəslindəndir. Elə familyası da Sultanov olub.

Oülam Sultanovun “Xalq düşməni” çıxmasından sonra  M. Bağırovun Qubadlı- Zəngəzurun sultanlarına qənimindən  sonra yerli hökumətin təkidilə  familyaların dəyişiblər.

                                                          ***

Hələ talelərindən  çox da  xəbərimiz  olmayan,  bəlkə də  həyatlarını  xalqının  rifahına,  erməni  vandalizminin  məhvinə  sərf  edən  nə qədər  soydaşlarımız  olub. Tarixi  varaqlamaq,  olanları  yazmaq, unutmamağa  qoymamaq  hər  kəsin  insanlıq  borcu  olmalıdır.

Bu baxımdan  Hacı  Nərmanoğluya  bu  axtarışları, əziyyətləri  üçün  təşəkkür  edirəm. 

         “Mərkəzi  Zəngəzurun  Ermənistana  birləşdirilməsi barədə  qərar verilmişdi və  bu qərarın  icrasına  mane  olan  hər  kəs  aradan  götürülürdü. Zəngəzurda  real güc,  nüfuz , etimad  sahibi olan , bununla  birlikdə  həm də bölgənin tamamılə qopararaq  Ermənistana  Birləşdirilməsi  qarşısında  ən  böyük  maneə  olan  Sultanovların  vəzifədən  götürülməsi  lazım  idi. Yerli  kominstlərin  Ermənistan  Komminst  Partiyası  Mərkəzi  Komitəsinə  müraciəti  əsasında  İrəvandan  Nəriman Nərmanovun  adına  gələn  tələb  dərhal  eynilə  icra  olunması  N. Nərmanovun  dərkanarı  ilə Xalq  Daxili İşlər Komisarı  Həmid  Sultanova  tapşırılır.28 mart  1921 –ci il tarixli, 477 N-li həmin  məxfi məktubda  yazılmışdır:

“ Ermənistan  KP MK- nin sədri  sizdən xahiş edir ki, təcili olaraq  Zəngəzur  mahalının Azərbaycan  hissəsinin  Qubadlı  qəzasından  aşağıdakı  əksinqlabçılar təcili  olaraq  geri  çağırılsın:

1) Xudabaxış bəy  Sultanov (İnqlab komitəsinin  sədri), 2) Aslan bəy Sultanov (qəza milis idarəsinin rəisi),  3) Behbud  bəy  Sultanov ( istintaq komissyasının  üzvü)  , 4) İsrafil  bəy Sultanov ( baş milis  işçisi, yəni qəza milis  idarəsinin  cinayət  axtarış şöbəsinin  rəisi),  5) İsfəndiyar bəy Hocaxanski ( qəza milis idarəsinin sahə müvəkkilləri şöbəsinin  rəisi) “

       ( Hacı  Nərmanoğlu “ Zəngəzur”  2018 )

P,S,

Göründüyü  kimi  Sultanovlar  nəsli  böyük  bir dövrü  əhatə etməklə yanaşı, geniş  bir şəcərəyə  məxsusdur.

Çox  istərdim  doğma  Qubadlılar  eşidib- bildikləri  insanlar  haqqında  məlumat versinlər.  Eyni  zamanda  Sultanovlar  nəslinə  məxsus  olanlar  özlərin tanıtsın,  tanıdıqları  insanlar  haqqında  məlumat  versinlər.

Bədəlova Tahirə,  19.09. 21

https://www.facebook.com/profile.php?id=100003498253654