Tofiq Şəfaət oğlu Mehdiyevin adı yaşlı, orta nəslin təmsilçilərinə yaxşı tanışdır. Çünki T. Mehdiyev xüsusilə Sovetlər İttifaqının dağılması və müstəqil dövlətimizin qurulması dövrünün ictimai-siyasi fəallarından, sözünü deyən, səsi eşidilən simalardan biri olub. O, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-da məsul vəzifələrdə, bədnam qonşumuzla həmsərhəd Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, "Azərittifaq"ın sədri olaraq daim hadisələrə obyektiv, çevik, prinsipial, çoxlarının dilinə gətirmədiyi problemlər və onlardan çıxış yolları barədə yüksək tribunalarda səsləndirdiyi açıq, tənqidi fikirləri ilə daim gündəmdə olurdu.
Tofiq Mehdiyev təmsil olunduğu “partnomenklatura” deputatları arasından 1991-ci il 18 oktyabr Müstəqillik Aktına imza atan, yeni dövlət bayrağı, gerbi, himninin qəbul olunmasını, Kirovabad, Qutqaşen, Vartaşen şəhərlərinin adlarının dəyişdirilməsini, Moskvanın diktəsi ilə zorla Azərbaycandan qoparılmış Mehri rayonunun Nüvədi, Aldərə kəndlərinin yenidən Zəngilana rayonuna qaytarılmasını tələb edən, bununla bağlı xüsusi dövlət komissiyasının yaradılmasına və beş il həmin kəndlərdə Azərbaycan idarəçiliyinin təmin olunmasına nail olan deputat idi. Müstəqil Azərbaycanda “Azərittifaq” kimi nüfuzlu qurumla qardaş Türkiyə Cümhuriyyəti arasında ilk birbaşa ticarət əlaqəsinin qurulmasının, qardaş ölkədə “Azərittifaq”ın nümayəndəliyinin yaradılmasının, paytaxtda və regionlarda ilk birgə istehsal təyinatlı birgə müəssisələrin qurulmasının təşəbbüsçüsü olmuşdu.
Bütün bu və digər hadisələr barədə detallar da, 28 il Zəngəzursuz - Qubadlı, Laçın, Zəngilansız keçən çətin illərin ağrı-acısı Tofiq Mehdiyevin yenicə çapdan çıxmış “Zamanın axarında Zəngəzursuz illərim” kitabında şirin qələmlə, rəvan, oxunaqlı üslubda, zəngin faktla əks olunub.
Müəllifin xarakterindən, əxlaqından, keçdiyi zəngin, mənalı ömür yolundan süzülüb sətirlərə, səhifələrə köçən xatirələr, hadisələr çətin, məsuliyyətli bir dövrün mənzərəsi barədə oxucuda əyani təsəvvür yaradır.
510 səhifəlik kitab əslində mühüm bir dövrün ictimai-siyasi hadisələrinin tarixi salnaməsidir. Çox sayda tanınmış dövlət, elm, ədəbiyyat xadimləri ilə dostluq münasibətlərini, xaricdə və ölkəmizdə keçirilən görüşlərdən, ailə fotoalbomundan kitaba əlavə edilmiş şəkillər də zəngin, mənalı ömür yoluna güzgü tutur.
Müəllif kitabı iki nəfərin əziz xatirəsinə ithaf edib; atası, Sosialist Əməyi Qəhrəmanı Şəfaət Kərbəlayı Məmmədxan oğlu Mehdiyev və gənclik dostu, şəhid generalımız Məhəmməd Nəbi oğlu Əsədov.
Uzun zaman rəhbər sarıdan yarımayan Zəngilan camaatı, ağsaqqal, ziyalılar o zaman respublika rəhbərliyinə yazırlar ki, bizdə uzun illər rayon icraiyyə komitəsinin sədri işləmiş həmyerlimiz Şəfaət Mehdiyevin gördüyü işlər, mənəviyyatının təmizliyi camaatımızın yaddaşında hörmət-izzətlə qalıb, qonşular da bir tərəfdən ayağa qalxıb, çətin vaxtdır, Şəfaət Mehdiyevin Mərkəzi Komitədə işləyən oğlunu bizə rəhbər göndərin. Elə də olur. Daxili işlər naziri Məhəmməd Əsədov tez-tez sərhəd rayonlarına gələr, ön cəbhədə yerləşən döyüşçü, polislərllə, yerli sakinlərlə görüşərdi, həmişə də Tofiq müəllimlə birlikdə olurdu, onların münasibəti, dostluğu el-oba, vətən, sevgisi, milli qeyrət və düşüncə ilə yoğrulmuşdu.
Tofiq Mehdiyevlə həmsöhbət olanlar, onunla birlikdə çalışanlar mütalisəsinin, dünyagörüşü və intellektinin, idarəetmə təcrübəsinin zənginliyinin, hadisələrin içində olması, məlumatlılığı, dövlətə, dövlətçiliyə sədaqətinin, prinsipial mübarizliyinin vurğunu olmaqdan qurtula bilmir. Məkrli qonşumuzla birinci Qarabağ müharibəsi dövründə hələ çətin formalaşma mərhələsində, siyasi intriqaların mərkəzində olan döyüşən ordumuza, sərhəd bölgələrimizə, rayonlarımızın işğalından sonra yurd-yuvalarından didərgin düşməyə məcbur olan həmvətənlərimizə Tofiq Mehdiyevin birbaşa təşkilatçılığı, rəhbərliyi ilə göstərilən yardımlar, görülən işlərin vüsəti bu gün də yaddaşlardadır. Bu kitab elmi-tarixi tutumu, güclü istinadları, bir çox tarixi hadisələrə aydınlıq gətirməsi, avtobioqrafik səciyyə daşısa da, əslində yaxın tariximizə dair yazılmış ən dəyərli kitablardan biridir, heç şübhə yoxdur ki, səmimiyyəti, əhəmiyyəti, real hadisələrə obyektiv baxışı ilə stolüstü kitaba çevriləcəkdir.
Kitabda ümummilli lider Heydər Əliyevə içdən gələn hörmət və ehtiram, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mahiyyəti, təntənəsi təcrübəli iqtisadçı və ictimai xadim baxışı ilə real fakt, detallarla əks olunub.
Kitab bu sözlərlə bitir: "44 gün davam edən müharibədə mənfur qonşularımız üzərində əldə olunan möhtəşəm qələbəni təmin edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycanımızın ən yeni, parlaq tarixini qızıl hərflərlə yazdı, xalqımız illərlə arzuladığı səadətli günlərə qovuşdu. Göz yaşlarımla aylardır yaşadığım bu sevinc hisslərini sözlə ifadə etməkdə acizəm. Qarabağ Azərbaycandır! Əbədi yaşa, Azərbaycan!”
12 ildir rəhbərlik etdiyim, ölkəmizin ilk qeyri-hökumət təşkilatlarından olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi sədrliyini onun israrlı təklif və tövsiyəsi ilə nüfuzlu ziyalı, ağsaqqalların iştirak etdiyi toplantıda Tofiq müəllimdən təhvil aldım. O, həmin vaxtdan Birliyimizin Ağsaqqallar Şurasının sədridir. Təkcə Birliyimizin, layiqli övladlar yetişmiş ailəsinin, qol-budaqlı Mehdiyevlərin deyil, həm də Zəngəzur camaatının müdrik ağsaqqallarından biridir.
Şərəflə, ləyaqətlə yaşanmış ömrün 75 ili tamam olur. Bu yubileyi münasibətilə və mənalı həyat yoluna güzgü tutan sanballı kitabına görə layiqli ağsaqqalımız Tofiq Mehdiyevi təbrik edir, bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirəm.
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi sədri, tarix üzrə fəlsəfə doktoru