Hekayəçilik ədəbiyyatın ən doğma işidir. Ədəbi janrların müxtəlifliyinə rəğmən ən çox müracət olunan bədii yazı növü kimi hekayənin nüfuz dairəsi genişdir. Bədii mətnlə həyatın sosial problemlərini, fərdi ruhsal qayğılarını gündəmə gətirmək üçün ən yaxşı üsul hekayə yazmaqdır. Bir hekayə ilə də böyük ədəbiyyat cəbhəsində yer tutmağın tarixi-fəlsəfi örnəkləri vardır. Bu baxımdan, hekayə ilə yaradıcılığa başlamaq, ya hekayə ilə davam etmək bədii sənət tarixində çox qələm adamının taleyini müəyyən edibdir. Bir qədər obrazlı ifadə etsək, hekayəni yazıçının taleyində alınmaz qalaya bənzətmək olar. Elə bir məqam ki, orada zaman adlı “zalımın” hücumlarından özünü qoruya bilsin.
G.Mopassanın “Gombul”, C.Məmmədquluzadənin “Usta Zeynal”, S.Rəhimovun “Su ərizəsi”, Y.Səmədoğlunun “Bayatı-Şiraz” (bu arada 60-cılar adı ilə tanınan yeni Azərbaycan nəsrinin digər nümayəndələrinin və əlbəttə, dünya ədəbiyyatının tipik hekayə müəlliflərinin adlarını siyahıya əlavə edə bilərik) kimi “gülləbatmaz” hekayələri ilə təkcə bu əsərlərin müəllifini deyil, tamamən ədəbiyyatın prinsipial dəyərlərini qoruyub saxlamaq mümkündür. Bir sözlə, hekayənəvis olmadan nəsrin ağır aşırımlarına bələdçilik etmək çətindir. Bu yöndə fikrimi böyük C.Məmmədquluzadənin təbirincə desək, “dağarcığını çuvalların cərgəsinə çəkmək” istəyən bir yazıçımız, bu vaxtacan bir neçə kitablıq hekayə və bir neçə iri həcmli nəsr əsərini çap etdirmiş Rəşid Bərgüşadlı üzərində qurmaq istəyirəm.
Belə yazmaqda məqsədim o deyil ki, Bərgüşadlını hekayə ilə tanınan yazıçı kimi qələmə verirəm. Xeyr, ədəbiyyatda çoxsaylı roman müəllifi kimi ad qazanmış yazarların damarına axıb gələn “qanın” tərkibində hekayə mütləq var və Rəşid bəyin də geniş epik səhnələrin təsvirinə nəfəsi, mürəkkəb süjet və kompozisiya əsasında iri həcmli mətn yazmağa qüdrəti çatır. Lakin indiki halda hekayə onun yaradıcılığında üstünlük təşkil edir və bu janrın fəlsəfəsinə dərindən bələd olan yazıçı ədəbiyyat aləmində daha çox hekayə ilə tanınıb. Hekayənin dünya nəsrində şöhrəti böyük yazıçıların adı ilə bağlı olubdur. Cəlil Məmmədquluzadə, A.P.Çexov, Gi De Mopassan, Ə.Haqverdiyev, İ.Şıxlı, Elçin, Sabir Əhmədov, Orxan Kamal həm də hekayə ustası kimi tanınıblar. O`Henri təxəllüsü ilə yazan amerikalı məşhur hekayə yazıçısı, demək olar ki, bütün yaradıcılığını hekayə yazmağa həsr edibdir. Belə demək olarsa, hər bir qələm adamının hekayədən biçilmiş donu vardır. Rəşid Bərgüşadlıda da hekayə alınır. Yığcam məzmunda, kiçik süjetdə dərin mətləblərə baş vurmaq yaxşı hekayə yazmaq deməkdir. Azərbaycanda 2000-ci, ya ondan bir az əvvəlki illərdə toplumun üzvü olub yazıçılıq etmək həm də realist olmaq deməkdir. Hələ müstəqilliyini tamam-kamal əldə edə bilməyən bir xalqın üstəlik ərazisinin də işğal altına düşməsi ümumilikdə ölkə vətəndaşının ciddi sosial-psixoloji travmalarla həyat sürməsini şərtləndirir. Bu cür proseslərin içindən böyük ideyalarla yüklənib keçmək çətin olur. Belə şəraitdə yaxşı yazıçı kimi çıxış etmək daha çox real həyatı təsvir etməklə mümkündür. Bu baxımdan, Rəşidin hekayəyə daha çox bağlandığı həmin illərin ədəbi dünyagörüşündə daha çox ümumbəşəri ideyalar yox, daha çox lokal məkan və zamanın hadisələri, insanın başına gələn qəmli, bəzən də komik əhvalatların necə təsviri aktual görünə bilərdi. Buna rəğmən həmin illərin ədəbi gündəliyi üçün qlobal məzmun kəsb edən problemlərə də nəsrimiz biganə olmayıbdır. Bunlardan birincisi Qarabağ ətrafında gedən proseslər zəminində meydana çıxan müharibə ilə bağlı idi. Məncə, bu dövrün ədəbi salnaməsində şərti olaraq Qarabağı və onun ayrıntılarını ən çox yazan yazıçılardan biri Rəşid Bərgüşadlı olubdur. Sərt realistik səhnələr yaratmaq ustası olan yazarın bir qədər komik tərzdə yazılmış “Türkün sözü”, “Dik”, “Lənət”, “Bilmanın sərgüzəştləri”..., əsasən ciddi üslubda yazılmış “Qara buludlar”, “Namus dağı”, Dağa dönən arzular”, “Sığınacaq”... həm də onun ciddi vətəndaş mövqeyini ifadə edir. Yəni üslub rəngarəngliyi ilə səciyyələnən bu hekayələrin mahiyyətində Azərbaycan reallıqları əks olunubdur. Rəşid bəyin əsərlərində üslub daşıyıcısı kimi dil, təfəkkür və bədii idrak yığcam və geniş epik səhnələr yaradılmasına kifayət edir.
Rəşid Bərgüşadlının ən yaxşı əsərlərindən biri onun “Yarımçıq qalan gündəlik” adlı uzun hekayəsidir. On il əvvəl yazılmış həmin əsərdə əks olunan ictimai-siyasi problemlər on ildən sonra mətndə təsbit olunan yöndə həllini tapır. Bunun səbəbi vaxtı, “fələk dövranı”nı (M.P.Vaqif) fəhm etmək və ideya ilə işləmək metodikasına az-çox yiyələnməkdir. Əsərdə təsvir olunan Xırnaz kəndi yer üzünün konkret bir ərazisində məskunlaşmış əhali qrupunun yaşaya, sevə, hər zaman xatırlaya, hətta unuda biləcəyi bir məkandır. Xırnazlı olmaq kiminsə alnına yazılır, kiminsə xoşbəxt həyatına işıq salır, kiminsə taleyini həll edir. Onun hekayələrini qruplaşdırıb bir hissəsini “Xırnaz” adı ilə ümumiləşdirmək mümkündür. Necə deyərlər, çox qütblü həyatın qəmli, xoş əhvalatları qələm əhlinin maraq dairəsinə düşür və ədəbi repertuara çevrilir. Rəşid Bərgüşadlının çoxsaylı hekayə və novellalarını bir neçə prinsip üzrə təsnif edib adlandırmaq mümkündür. Məsələn, müharibə teması onun yaradıcı pozisiyasında ayrıca yer tutur. Milli və xarici ədəbiyyatda hekayə ümumiləşdirməsinə aid çoxlu nümunələr var. Ə.Haqverdiyevin “Marallarım” silsiləsini, E.Heminququeyin müharibə, Elçinin “Abşeron” hekayələrini, Gi De Mopassanın, F.Kafkanın, Aydın Tağıyevin silsilə hekayələrini misal göstərə bilərik. Rəşid Bərgüşadlı da Qarabağ mövzusunda yazır. “Yarımçıq qalan gündəlik”də azərbaycanlının məişəti ilə də, “erməni quyusu” barədə bilgilərlə də tanış olur, nəsə oxuyuruq. Ərazisinin bir qismi işğal edilmiş Qarabağ ətrafı toplumun günü-güzəranı, arzuları, yaşamaq, mübarizə aparmaq eşqi çox incə detallarla təhkiyə materialına çevrilir. Xırnaz bizim üçün, azərbaycanlılar üçün hərdən “qəm-kədər oylağı”, haçansa ümidlərimizi doğruldacaq əziz vətən, yurd yeridir. Bu, belə də olur. Onun qızıl və digər təbii sərvətləri, gözəl təbiəti, təmiz, saf insanları əsərdə milli sərvət kimi duyulur, qavranılır. Yazıçı, əlbəttə, bunların hamısını bir dəfəyə, birnəfəsə, müstəqim mənada açıqlamır, oxucu belə nəticəyə gəlir. Qarabağ mövzusunda ən yaxşı əsərlərdən biri kimi bu mətnin təhlili 44 günlük şanlı döyüşlərdən, qələbədən sonra yeni gündəm kəsb edir. Danışılan məkan və zamanın bədii-sosioloji izharı, o cümlədən insanların məqsəd və arzularına dair düzgün proqnozlaşdırma adamı məmnun edir, dərin-dərin düşündürür. Bu əsərin quruluşu adından göründüyü kimi, bir nəfərin – Dostəlinin nəqli, hekayəti şəklində təşəkkül tapıbdır. Əgər bəzi dialoqları nəzərə almasaq, mətndəki olayların dinamikasını birxətli hərəkətlə müqayisə edə bilərik. Bu cür yazı tərzi yazar üçün əlavə gərginlik yaradır, oxucunu da lazımınca əyləndirə bilmir. Bu üslub müəllifin bir çox digər əsərləri üçün də xarakterikdir. Məncə, hər bir yazıçının əsas işi yeni ədəbi priyomları axtarıb tapmaq olmalıdır. Bu qayda bütün dövrlər üçün bir yazı manerası kimi vacib sayılmalıdır. Əhvalatın düzxətli təsviri bəzən publisistikaya meyil yaradır. Mətbuat dilinə yaxınlıq R.Bərgüşadlının mətnlərində az da olsa müşahidə olunur. Bədii nəsrin klassik və dəyişməz qaydalarına bəzən məhəl qoyulmaması poetik dərketmənin imkanlarını azaldır, həyat həqiqəti ilə bədii həqiqətin nisbətində balans pozulur, bədii nitqi publisistik yazı tərzi üstələyir və publisistikanın nəfəsi mətnin poetik səslənişinə əngəl olur. Tənqidçi Vaqif Yusifli də onun yaradıcılığının bu cəhətini qeyd edir. Rəşid özü də qələminin bu zəif yerindən ehtiyat etdiyini bəzi yazılarında dilə gətirir. Bunun səbəbi, bəlkə də, yazarın çoxlu sosial bilgi və ədəbi material əldə etmək istedadı, həyatın real hadisələrinə daha çox aludə olması, bəzən də nəzərdə tutulmuş məqsədə bir həmlə ilə nail olmaq cəhdidir. Bu ehtimalları müəllifə “bəraət qazandırmaq” niyyətilə yazmıram, onun bütün əsərlərində, o cümlədən, “Yarımçıq gündəlik”də təhkiyə axını gur və sürətlidir. Bunun birinci səbəbi yazarın “əlinin altında” zəngin mövzu və ədəbi materialın olması ilə izah oluna bilər. Belə sürətli və çoxşaxəli informasiya zənginliyinə bədii qüdrəti cahanda məşhur yazıçı İsa Muğannanın romanlarında rast gəlirik. Onun da nitqi enerjili, iti sürətlidir. Fikir və informasiya bolluğu, müxtəlif çeşidli fakt-detalların sürəkli istismarı, sürətli nitqin imkanları hesabına zamanı qabaqlamaq təşəbbüsləri arası kəsilməyən, ardıcıl ötürülən informasiya bolluğu ilə bağlıdır. Ancaq bu məlumatlılıq yalnız bədii mexanizmlərin gücü ilə nümayiş olunmalıdır. İsa Muğannada olduğu kimi. Bədii publisistik janr kimi formalaşmış və zəngin örnəkləri olan yazı təcrübəsinin XIX yüzilin sonu, XX yüzilin əvvəllərindən bizə bəlli olan çoxlu nümunələri vardır. Böyük dilçi alim, professor Tofiq Hacıyev “Zaman, janr və dil” məqaləsində (“Azərbaycan” jurnalı, 1980-ci il, № 4, səhifə 180-181) Azərbaycan nəsrinin üç şaxəli inkişaf tendensiyasından bəhs edir. Bunların şərti olaraq daha əvvəl Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirovdan, sonra S.S.Axundov, A.Şaiq, Y.Çəmənzəminlidən ibarət üslub-təhkiyə qolu kimi səciyyələndirir. Sovet dövrü ədəbi prosesində, 30-40-cı illərin nəsrində də bu üçbucağın mövcudluğundan Tofiq Hacıyev söz açır. Alimin “daha çox ciddi” adlandırdığı N.Vəzirov yönlü təsvir dilinin müəyyən yeniliklərlə bu gün də nəsrimizdə təzahürü barədə fikir söyləmək olar. Onun fikrincə, sovet dövrünün həmin qolu təmsil edən yazıçıları “H.Mehdi, M.İbrahimov və başqaları” şəklində qruplaşdırılır. Müasir Azərbaycan bədii nəsrində publisistik yazı manerasına meyl edən bir qol var ki, hələ özünü böyük sınaqlarla möhkəmləndirməmiş nasirlərin yaradıcılığında bu xətt davam edir. R.Bərgüşadlının da yaradıcılığının müəyyən mərhələsi üçün sabitləşməmiş halda olan bu metodika sonrakı mərhələdə, xüsusən müharibə temasında qələmə aldığı hekayələrinin dili və üslubuna görə yeni nəsrin ədəbi meyarlarına uyğun görünür. Yuxarıda deyilənlərin əyaniliyi üçün konkret nümunələrə baxaq. Onun bəzi hekayələri ilk abzaslarından oçerk yazmağa hazırlaşan qələm adamının üslubunu xatırladır. Sitat: “Baş redaktor məni kabinetinə çağırıb deyəndə ki, “Qızıl dəfnə” mükafatının qalibi barədə yazı hazırlamaq lazımdır, yazıçısı da ucqar əyalətdə yaşayan Piri Məmmədovdur, dilimin altında mənə yad olan bu ismi bir neçə dəfə təkrarladım. İmza tanış gəlmədi”. Rəşidin “Meşədə itən cığırlar” hekayəsi bu cümlələrlə başlayır. Bu başlanğıc publisistik məqalə, oçerk üçün ənənəvi girişləri xatırladır. Bu oçerk dili mətn boyu bir neçə dəfə təzahür etsə də, bədii dilin axınında əriyib yox olur. Bu baxımdan, Hürü, Piri Məmmədov, Osip obrazları zahirən oçerk qəhrəmanlarını xatırladır, amma mətnin dərinliklərindən saf, bədii nəsr havasının axını ilə üzləşirik. Yazıçı nəfəsi daha güclü olduğuna görə mətn bədii görkəmini qoruyub saxlayır. “Üstü yağ ləkəli gödəkcə geymiş törəboy gözətçidən hal-əhval tutub yazıçı Pirini soruşdum. – Odey, o arvaddan soruş, o tanıyır, adı Hürüdür… – qırçın donlu, başıçalmalı, ortasını şalla düyünləmiş kök qadını göstərdi. Piri Məmmədov “kələfinin” ucunu belə asanlıqla tapdığıma sevindim. Əlində zənbil üzübəri gəlirdi. Gözlədim. Qənşərimə çatanda salam verib yazıçı Piri Məmmədovu axtardığımı dedim. – O nə vaxtdan yazıçı olub ki, külbaşın biridir! Neynirsən onu?” Həmin əsərdən misal gətirdiyimiz bu kiçik abzasda olduğu kimi, mətni nəhayətdə bədii həyəcana qərq edən sirrrin-sehrin adı üslubdur. Sirr ondadır ki, xüsusən, Hürünün tanımadığı müsafirlərlə ilk görüşündəcə bu cür danışmağı, Piri Məmmədova yaxın adamın dilindən ötürülən “külbaşın biridir” informativi həm özünün, həm Piri Məmmədovun kimliyini anlamağa kömək edir, və “vəd olunduğu kimi”, Piri Məmmədov haqqında ilk və pozitiv bilgi sızdırılmış olur. Ərk edilən, sadə, dolğun şəxs haqqında belə danışarlar. “Külbaşın biridir” etiketi adi insanlara, həm də dost deyilə bilən birinin dili ilə aid edilə bilən ifadə deyil. Sözün tam ciddiyyətlə deyilmədiyi, əsil həqiqəti əks etdirmədiyi barədə bundan əvvəlki abzaslarda kifayət qədər açar söz işlənibdir, işarələr edilibdir. Hürünün verdiyi “dəqiq”, konkret bilginin gerçəyi əks etdirmədiyinin müəllif tərəfindən gizlədilməsinə, oxucunun intuisiya ilə öncədən fəhm etməsinə bədii yaradıcılıq sehri kimi baxmaq lazımdır. Hürünün zahiri görünüşünün təsviri də hər iki obrazın portretini tamamamlağa kifayət edir. “Meşədə itən cığırlar” hekayəsinin bədii təsvirləri də, bədii konteksti də güclüdür. Əşya və predmetlərin metonimik üsullarla mənalandırılması nitqin bədii kontekstdəki möhkəmliyini göstərən faktdır. Deyimin, təsvirin detallarının ələk-vələk edilməsi bədii dil üçün çox vacibdir. Hekayədə ehmalca, incə eyhamla incə sənətin özəllikləri çək-çevir edilir. Hekayəsi ödüllənmiş hələ o qədər də tanınmayan yazarın siyasi qalmaqalların mərkəzinə çəkiləcəyi təhlükəsini öncədən görən, duyan Hürünün sözləri hekayə müəllifinin bölüşmək istədiyi ideyanı, motivi anlamağa kömək edir. “Mən, Piri və Osip bu dünyanın xoşbəxtlik deyilən nemətindən əlini üzmüş adamlarıq. Biz dünyanın bu küncündə öz dərdlərimizlə xoşbəxtik. Evimizin hüzurunu qaçırma, uçurma xoşbəxtliyimizi, get buralardan. Pirinin şan-şöhrət dalınca qaçan vaxtı deyil, Osip xoşbəxtliyi çoxdan yadırğayıb. Qoy ümidlərimizlə yaşayaq. Qoy Osip oğlunun qayıdacağına inansın, Piri bir gün adlı-sanlı yazıçı olacağına inansın. Qoy hər gələn sabahı bax belə xoş ümidlərlə qarşılayaq. Get, qadalarını alım, ləngimədən get"... Hekayə belə yekunlaşır və oxucunun ağlına gəlir ki, yazar gözdən-qulaqdan uzaqda qərar tutmalıdır, ədəbiyyat dəhlizlərinə ayaq basmaqla, öz bakirəliyini itirməklə yazıçı ədəbi uğurlarının qarşısına sədd çəkə, ədəbi-siyasi proseslərin cəngində özgürlüyünü, fərdi özəlliklərini, daha çox xoşbəxtliyini itirə bilər. Yolun, qayaların o üzü necə var, eləcə qalmalıdır. Müəllif burada uçub yolu kəsməyə hazır olan, vaxtı, anı gözləyən sal qaya çıxıntılarına diqqət çəkir. Geri qayıtmaq, “meşənin” sirlərinə vaqif olmadan səfəri bitirmək qərarı əsərin uğurlu sonluğu kimi bir çox könül söhbətlərinə baş vurmağa girəvə yaradır. Həyatın da, sözün də ilginc anlamını, sirr və gizlinlərini açmamaq üçün ormanın dərinliklərinə gedib çıxmaq mümkün olmamalıdır, cığırlar meşənin hansı yerindəsə itməlidir. Hürünün bəhs etdiyi xoşbəxtlik əslində yolun o üzündə qalır. Yolun bu tərəfi prizlər, müsabiqələrlə pərdələnmiş, şöhrət, ad-san azarına yoluxmuş bir toplumun qərar tutduğu yerdir. Yolun o üzü əslində yazarın tək-tənha, özüylə baş-başa qala biləcəyi yerdir.
Bizim, əlbəttə, indi söhbətimizin mövzusu daha çox hekayə üslubu ilə bağlıdır və hekayənin ən yeni çağın tələb və prinsipləri səviyyəsində meydana gəlməsi həm də yeni nəsil ədəbi şəxsiyyətlərin adı ilə bağlıdır. Yəni bu, çox geniş və əhatəli mövzudur. Hər halda tədiqaqat predmeti kimi təqdim edilən imzanın kimliyindən asılı olmayaraq, bir yerin, zamanın hekayəsini yazıb öz yerini tutmaq missiyası ilə yazar həm də adını tarixə yazmalı olur. Hər bir yazıçı işləyərkən ola bilsin, bir janrda daha çox uğur əldə edər, hətta qələm adamı kimi müəyyən defisitlərini ört-basdır edə, ya ayrı bir janrda məqsədə nail olmaqda çətinlik çəkə, hələ bəlkə özünü ələ verə bilər. Bu üzdən, Bərgüşadlı, mənim fikrimcə, özünü hekayəyə daha yaxşı kökləyə bilir. Nobel ödülçüsü U.Folknerin qənaətincə hekayənin məqamı daha yüksəkdir. Sitat: “Romanda uzunçuluq eləsən, bəlkə də, oxucu bunu bağışlayar, hekayədə isə hər söz öz yerində və dəqiq işlənməlidir. Mən Çexovun yazdıqlarıtək əsl hekayələri nəzərdə tututram. Buna görə poeziyadan sonra birinci sıraya məhz hekayəni qoyuram... Hekayəyə artıq olan heç nəyi dürtə bilməzsən...” Sitatın sonu. Dünyanın bütün böyük yazıçılarının yaradıcılığında hekayə var. Təkcə hekayə yazmaqla məşhurlaşan yazıçıların uzun siyahısını tərtib etmək olar. Bu haqda məşhur Meksika yazıçısı Xuan Rulfonun fikirləri da maraqlıdır: “Mən romana nisbətən hekayəni daha mühüm və çətin janr hesab edirəm. Belə ki, hekayədə çox şeyi bir neçə səhifədə yerləşdirməli olursan. Başqalarının iki yüz səhifədə danışdığını üç, dörd, on səhifədə yerləşdirmək hədsiz çətindir”. Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin hekayə “qutusundan” çıxanların imzalarına bundan sonra da tez-tez, sıx-sıx üzləşəndə təəccüblənmək lazım deyil. Bizim “altmışıncılar” dediyimiz nəslin bütün təhkiyə bazası, sonrakı nəsillərin bir çox “təsvir alətləri”, özlərini modern, postmodern adlandıranların da bir qisminin “kitab-dəftərinin” Mirzə Cəlildən qalma olduğunu yəqin etmək olur. Tofiq Hacıyev altmışıncıların əsas etibarilə “daha çox satirik” qola aid olduğunu qeyd edir. Həmin satirik qol, məsələn, Şərif Ağayaracan və ondan bu tərəfə uzanıb gəlir. Bir sözlə, ədəbiyyatın, nəsrin enerji mənbəyində hekayənin payı çoxdur. C.Məmmədquluzadə, Ə.Haqverdiyev faktoru, Azərbaycan hekayəçiliyinin ilk möhkəm əsasları sonrakı dövrün hekayəçiliyi üçün baza rolunu təşkil edibdir. Necə deyərlər, “ayın-günün şahidliyi” (bax: Ə.Haqverdiyev “Ayın şahidliyi”) ilə keçmiş və yeni əhvalatları yazıb əbədiləşdirmək, gələcək nəsillərə yadigar qoymaq üçün müxtəlif qələm adamları cürbəcür yol və vasitələr axtarıb tapıblar. Müasir gənc yazarların da öz hekayələrini “Ayın şahidliyi” adlandırması təkcə təsadüflə bağlı olan şey deyil. T.Hacıyevin Ə.Haqverdiyevin adı ilə bağladığı lirik qol yeni əsrin nəsr estetikasının tərkib hissəsi olaraq davam edir. Rəşid Bərgüşüdlı da “öz başına gələnləri” yazmaqla məşğul olan istedadlı nasirimizdir. Hesab edirəm ki, Tofiq Hacıyevin bölgüsündə N.Vəzirovun adı ilə tanıdılan üslubun ən tipik davamçısı R.Bərgüşadlıdır. Nəcəf bəyin “Ağıçı” adlı yarımçıq hekayəsinin Rəşid bəy tərəfindən bərpası da gözəgörünməz (həm də görünən) bir telin varlığından xəbər verir.
Daxili təmizlənmə, bədii katarsis Rəşid Bərgüşadlının nəsrinin əsas xüsusiyyətidir. Məsələn, “Haram tikə” hekayəsində mərdimazarlıq yolunu tutmuş Xəlilin dəyişməsini misal göstərə bilərik. Əsərin fabulası belədir: Xırda bir iş üstündə ilişən Xəlil polisin qarmağına keçir və ondan “işverən” kimi istifadə etməyə başlayırlar. Bir məqamda Xəlil, necə deyərlər, yolun yarısından geri dönür. Civə satmağına görə ələ vermək istədikləri adamın süfrəsində ikən birdən-birə Xəlilin daxilində çalxalanma başlayır. Rəşidin qələmə aldığı insanların içində mübarizə gedir. İçəridə, fikir və düşüncələrdə gedən reform, qazanılan qələbə çox əhəmiyyət daşıyır. “Haram tikə” hekayəsində polisə işləyən Xəlilin bir anda fikrini dəyişməsi nəticəsində yaranmış və ya yaranacaq situasiya müxtəlif cür əhvalatların baş verməsi ilə yekunlaşa bilər. Amma əsas məsələ daxili katarsisin yaranmasıdır. Yazıçı hekayəni bu cür sonluqlarla başa çatdırır, ya hadisəni bu cür istiqamətləndirir. Bu əsərdə Xəlilin “evini yıxmaq” istədiyi Səmədin evində gecələməsi ilə hekayə bitsə də, oxucuda şüuraltı düşüncələr davam etməkdədir. Məsələn, görəsən, rəis Qulamovun Xəlilin bu hərəkətinə reaksiyası necə ola bilər. Xəlildə onun iyirmi min dollar pulu da var. Hekayənin bu “yarımçıqlığı” bədii priyom kimi fikrin, ideyanın tamamlanmasına xidmət edir. Başqa sitata baxaq: “Müharibə bitmədikcə mənim də sıram yaxınlaşır. İstəyirəm ki, dözümlü, hər şeyə hazır olasan... Sən müharibənin nə olduğunu bilmirsən və yaxşı ki, bilmirsən, Əfruz... Ətçəkən maşındır müharibə. Canı bu yandan alıb o biri yandan cəsədə çevirən ət maşını. Öz-özümə fikirləşirəm, nə vaxtadək bu maşının amansız dişlərindən qaça biləcəyəm? Bir gün bu çarx məni də cənginə alıb çeynəyəcək. Cəhənnəmə çeynəsin, qorxmuram bundan! Amma cəsədimi kim ağlayacaq, harada dəfn edəcəklər məni, varlığımdan, öldüyümdən xəbər tutan olacaqmı!? Mən ölümdən yox, ölməkdən qorxuram, Əfruz. Yetimin ölümü dəhşətdir!..” “Ölüm çələngi” hekayəsindəndir. Bu fikirlər döyüşən orduları qarabaqara izləyən, düşüb orda-burda qalan yaralı və ölülərin cibini soymaqla məşğul olan adamın arvadına yazdığı məktubda ifadə olunub. Müharibə kabusunun nə olduğu, döyüş meydanında baş verənlərin psixoloji şərhi “məktub”da qabardılsa da, motivasiya oxucunu alahı mətləblərin üstünə aparıb çıxarır. Yazıçı “arxı dərindən vurmaq” fikrində olduğunu zamanın, zəmanənin hər halı ilə nəzərə çatdırır. Yetimlik və müharibə. Bu ifadələrin yaxınlığı, oxşarlığı fikrin ayrı qatlarından boylanmağa səbəb yaradır. Rəşid müharibə temasını lokal düşüncədən aralayaraq geniş əraziyə transfer etməyə üstünlük verir. Çünki müharibə iki, üç ölkənin, bir regionun problemi deyil. Bir ailənin əndişə və qayğıları bütöv cəmiyyət olayı olduğu kimi, regional dediyimiz münaqişələr dünyanın diqqətinə yetə biləcək səviyyədə məna və əhəmiyyət daşıyır. Bu üzdən onun hekayələrindəki psixoloji mühit geniş ortamda dəyərləndirilib öyrənilməyə müvafiq görünür. Obrazın daxilində baş qaldırmış tərəddüdlər, gah özünü qınamağa, gah özünə haqq qazandırmağa səy etməsi qeyd etdiyim “təmizlənmə hadisəsinin” nümunəsidir.
İ.V.Getenin “Faust” romanında “əraf” adlı yer var. Mahiyyəti dini bilgidən qaynaqlanan əsərin bu hissəsindəki təsvir təmizlənmə nöqtəsi kimi diqqəti cəlb edir. Əslində, hər insanın həyat tarixçəsində bir əraf nöqtəsi var. Hansı insanın o yerə yaşının hansı məqamında gəlib çata biləcəyi tale məsələsidir. Yazıçının “Mən Viktor Hüqonun yetirməsiyəm” hekayəsində də katarsisin yaxşı nümunəsi ilə tanış oluruq. Bu əsərə ayrılan zamanın böyük bir hissəsi şeytanla Viktor arasındakı dialoqa sərf olunur. Başına gələnləri danışan şəxs, şeytan və Hüqo obrazlarının hər biri fərqli dünyagörüşü ifadə eləyir. Ona görə burada ayrıca hekayə qəhrəmanından söz açmağa ehtiyac yoxdur. Şeytanın bizə mifdən bəlli mövqeyi ilə məşhur qanun və mərhəmət fəlsəfəsi üzərindən bədii “alaçığını” quran V.Hüqonun mövqe və prinsipləri qarşılaşdırılır. Mətndə hər iki tərəfin haqlılığını sübuta yetirən çoxlu analitik təsvirlərə yer verilir və bu mükalimədə əsil şeytan vəsvəsəsinə uymağın nə demək olduğunu görürük, müşahidə edirik. Əsərdə tut arağı, yəni əldə çəkilmə alkoqollu içki cahilliyin əlaməti kimi nəzərə çarpır. Mənə elə gəlir ki, yazıçı mətləbi incələmək üçün loru dillə söyləsək, “peçatnı” araqla “tutovkanı” fərqləndirir. Yəni oxucu belə nəticə çıxara bilər. Müəllifin “problemi” adi araqla da yola vermək imkanı olduğu halda, tut arağından istifadə etməsi işin içində ayrı bir işin də olduğunu sızdırmış olur. Çünki adi arağın keyləşdirici təsiri bu dərəcədə insanı yolundan azdırmaz. Məsələ burasındadır ki, əl arağı ilə həyatını mənalandırmaq ölkəmizdə insanların bəzən hobbi səviyyəsində məişətinə daxil olur. Yazıçı çox dəqiq eyhamlarla bu natəmizliyin yalnız gur axar sular vasitəsilə yuyulub təmizlənəcəyinin fərqindədir. Tut arağı ilə “zəhərlənməyin” qabağının alınmasının gedib kənddən xeyli uzaqda olan şəlalənin altında yuyunmaqla, “sərinləməklə” mümkünlüyü qeyd olunur. Bu, əlbəttə, daha çox zahiri paklıq kimi görsənə bilər, amma toyda saldışlıq edən gəncin daxilində başlayan “ayılmaların” Hüqoyacan, dialoqlardan məlum olan onun məşhur “qanun və mərhəmət” fəlsəfəsinəcən uzanıb getməsi diqqət çəkir. Burada bir məsələni də vurğulamalıyam ki, Rəşidin bu hekayəsində “dilinin altında” tutduğu bəzi həqiqətlərə ipucu tapmaq olur. Görünür, qərb realist nəsrinin təsiri Bərgüşadlı yaradıcılığının bir çox cəhətlərini izah etməyə imkan yaradır. 19-20-ci əsrlər fransız, amerikan ədəbiyyatında bir çox roman müəlliflərinin üslubunda, hələ 16-cı yüzillikdə Şekspirin teatr qəhrəmanlarının nitqindəki uzun dialoqlar, monoloqlar bu çıxışlardakı ictimai-fəlsəfi mühakimələr sanki Rəşid Bərgüşadlının bədii düşüncəsinə də təsir etmiş və o, öz nəsr dilini bu təntənəli üslubun tələbləri üzərindən yayımlamağa səy etmişdir. Onun realist təsvirlərinin bəzən romantik məcrada davam etməsinin bir səbəbi bununla bağlıdır. Hekayənin adında da onun Hüqonun yetirməsi olduğu informasiyası əks olunubdur. Bu həm də onun göstəricisidir ki, hər bir iddialı qələm adamının yaradıcılığı təsirsiz ötüşə bilməz. Böyük ədəbiyyatın təsirləri qaçılmazdır.
Rəşid Bərgüşadlıda hekayə estetikasının ayrı bir cəhəti insanın həyatı boyu nədənsə xilas olma cəhdi ilə bağlıdır. Onun nəsrinin məzmun və strukturu ümumən qurtulma konsepsiyası üzərində qurulubdur. İnsan həyatda özünü nə yolla olur-olsun xilas etmək istəyir. Bu xilasetmə əməliyyatı iki cür formatda Rəşid Bərgüşadlı nəsrində gerçəkləşir. Bir halda fərdin, şəxsiyyətin “yolu” ayaqla qət edə bilməyi, məsafəcə yerini dəyişməyi bacarmağındadır. Məsələn, “Sevginin dadı” romanında bu motiv güclüdür. İkinci halda insan daxilən yerini dəyişmək istəyir. Düşdüyü mənəvi sıxıntıdan azad olmağın qayğılarını çəkir. Ömrü tərtəmiz başa vurmaq, həyatın gərdişinin (çərxi-fələyin) sıxıntılarından qurtulmaq çabası Bərgüşadlı nəsrinin mənəvi-ideoloji düsturuna çevrilir. Bu, yaxşı ideyadır, maraq çəkən, işlək bir estetikadır. “Sığınacaq”, “Kor düyün” romanlarının leytmotivində daha qabarıq nəzərə çarpan həmin xətt yazarın hekayə və novellarının da canını təşkil edir.
Həmin bu qurtuluş cəhdi R.Bərgüşadlının “Sular axar qıyqacı” hekayəsində daha təbii boyalarla nəzərə çarpır. “Sular axar qıyqacı” yazıçının həm də ən yaxşı hekayələrindən sayıla bilər. Qoyulan mövzuya uyğun olaraq zaman və məkan düzgün seçilib. Uyğun obraz seçimi də əsərin ideyası ətrafında düşüncələrə əlavə yer ayırır. Bizdə belə bir deyim var: "o qədər sular axıb ki". Yazıçı elə bil "su"yla vaxtı, zamanı maddiləşdirərək yaddaşın unudulmazlığını təmin etmək istəyir. Müharibə konflikti bu əsər üçün də xarakterikdir. Əsər bütün detalları ilə ömrü təsadüfi, ya zərurət halında cəng-cidaldan, lokal və qlobal savaşlardan keçən toplumun əhvalı ilə çulğaşır. Əmin-amanlığa qovuşmaq istəyi “o taya”, (o biri sahilə) keçmək vəzifəsi ilə uzlaşdırılır. Bu, Bərgüşadlı nəsrinin ana xəttidir. Fərdin və milyonlarla insanın xilası, qurtuluşu üçün “suların necə axması” şərtə çevrilir. Bu məqamda insan oğlunun nədənsə asılı duruma düşməsi qaçılmaz gerçəklik kimi narahatlıq yaradır. Çarəsizlik bir qarışqa qafiləsi misalında olsa belə adamın boyuna biçilmiş qəm libasıdır. Arzuların, ümidlərin gerçəkliyinin bədii mənzərəsini yazıçı yarada bilirsə, oxucu da ədəbi şüurun həzzində özünü xoşbəxt edə bilir. Rəşid Bərgüşadlının 10 il əvvəl yazdığı yuxarıda bəhs etdiyimiz “Yarımçıq qalan gündəlik” povestinə marağım həm də bu amillə bağlıdır. Yaxın otuz-qırx ilin hadisələri fonunda bu cür mətnlər daha da yenilənir, aktuallaşır. Bu əsərdə yazıçı bir neçə romanın materialını əridərək oxucuya onun özünün keşməkeşli tarixini təqdim edir. Ən son illərin yaşam tərzi və Azərbaycanlının həyat tipologiyası bu əsərdə şərh edilibdir. Burada ən yeni Azərbaycan nəsrinə, bu dövrün məşhur romanlarına oxşar bir nitq kompleksi ilə qarşılaşırıq. Faktların, rəqəmlərin, əşyaların həyati fraqmentlərin təqdimində necə işə yaradığının şahidi oluruq.
Rəşid Bərgüşadlının hekayələrində məqsədə və arzuya kontekstual yanaşmanın əsasında həyatın harmonik təsviri dayanır. İnsan torpağın üstündə yeganə canlı deyil, onun ətrafı heyvanat və nəbatatla zəngindir. Ən əsası budur ki, kainatın qoynunda yer tutmaqda insan tək deyildir. Ona görə də torpağın otuyla da, allahın heyvanıyla da insan “yola getməyi” bacarmalıdır. Rəşidin hekayələrindəki itin, dovşanın, dələnin, qarışqanın, o sıradan canlı-cansız təbii varlıqların vasitəçiliyi ilə qurulan təhkiyənin şirinliyi bir yana, mətnin təhkiyə quruluşuna gözəgörünməz bir sirrin, sehrin qarışdığını da hiss etmək olur. Bu cür yardımçı ünsürlərdən yararlanmağı müəllifin problemə üzdən yox, dərindən yanaşmağının nümunəsi kimi dəyərləndirmək olar. Bədii yaddaşın möhkəmləndirilməsində oxucunun ağlına gəlməyən təsvir imkanlarından bəhrələnmək yazıçının vəzifəsidir. Məsələn, “Xoruzların döyüşü” hekayəsində təhtəlşüura, təxminən, belə bir informasiya sızdırılır ki, müəyyən hallarda insanla xoruz – allahın quşu arsında elə bir fərq olmaz. Əslində, bu iki məxluq arasında bənzəyiş yoxdur. Yazıçının hər hansı bir oxşarlığın olduğunu təsvirə əlavə etməsi sənətin prinsiplərindən irəli gəlir. O vəzifəni ki biri kənddə, digəri şəhərdə yaşayan iki oğlan uşağı yerinə yetirməlidir, yazıçı bu məsələdə diqqəti bir-biri ilə döyüşdürülən iki xoruzun üzərinə yönəldir. Hekayədə kənd və şəhər, Azərbaycan sektoru və rus bölməsi barədə olan informasiya əsərin ekspozisiya hissəsidir. Duzsuz adam təsəvvürü yaratmaq üçün Vadimin xörəyin dadına baxmadan duz əlavə etməsi epizodu da əlavə edilir. Əmioğlunun adı Vadimdir. Bu ad da obrazın tamamlanmasına, mahiyyətinin digər məqamlarına aydınlıq gətirilməsi üçündür. Vadimin dadsızlığı Səliməyə münasibətdə də üzə çıxır. Bu tip kənd – şəhər tandemi bir neçə məşhur Azərbaycan filmində qabardılıbdır. Futbolda, xoruzları döyüşdürmək səhnəsində də yazıçının məqsədi obrazın sosial çəkisini bütün cizgiləri ilə göstərməkdir. Yazıçı kəndi və şəhəri təmsil edən iki gənci “bir yanda saxlayıb”, Onların əvəzinə “əməliyyatı” xoruzların vasitəçiliyi ilə davam etdirir. “Xoruz əməliyyatı” yaxşı nəticə verir. İdeya asanlıqla realizə olunur. Yaxud “Dovşan” hekayəsinin yaratdığı təəssüratın axarı üçün təkcə “dovşan” heç bir əhəmiyyət kəsb eləmir və bu hekayə çox geniş həcmdə ümumiləşdirmə gücü ilə seçilir. Təfəkkürdə, təsəvvürdə qəlibləşmiş inancların sırasında dovşan, tülkü, pişik ünsürləri ilə yanaşı, digər əşyaların da özəl yeri və yozumu vardır. Adamın qarşısına içi su ilə dolu qabla, ya boş qabla çıxmağın el gözündəki yozumu buna misal ola bilər. Bu əsərdə zahirən hər şeyin dovşanla bağlı olduğu barədə düşüncə yarana bilsə də, daha doğrusu, yazıçı izi azdırıb günahı dovşanla bağlasa da, səbəb və nəticənin əsil mahiyyəti barədə başqa bir müstəvidə düşünmək məcburiyyəti yaranır. “Gər ağacının nağılı” hekayəsinin süjet xətti əsasən tut ağacı əhvalatı üzərində qurulubdur. Şakir müəllimin bu ağacın tarixi barədə söhbəti ayrıca bir təbiət hekayəsi olaraq mətnin ümumi məzmununu açmağa hesablanır. Burada müəllimdən söhbət açıldığına görə müəllifin niyyətini öyrənmək çətin deyil. Kölgəsi ilə ətrafı özünə çəkən qədim, nəhəng bir ağacın nümunəsində oxucu müəllim obrazını asanlıqla intuisiya edir. Çünki müəllim də ağac kimi kölgə salır. Lakin burada oxucunun düşüncəsinə yeni obrazlarla daxil olmağın uğurunu nəzərdən qaçırmaq olmaz. Ağacın təpədə, yəni səviyyəcə daha yüksək məqamda qərar tutması və onun ildırım zərbələrinə məruz qaldığı informasiyası bir o qədər gözlənilən deyil. Bunlar ədəbi təfəkkürə az-az hallarda təqdim edilən bilgi kimi nəzərə alınmalıdır. Müəllimin ildırım vurmuş ağacla müqayisəsi unikal hadisədir. Hekayənin sonu da gözəldir. Şakir müəllimin nağılından sonra şagirdlərin qocaman ağacdan yeni tut pöhrələrinə calaq vurması birbaşa müəllim haqqında yazılmış fikrin uğurlu davamıdır. Bu hekayənin ideyasından çıxış etsək, mətni “tut bağı” da adlandırmaq olar. Şagirdlərin əli ilə salınmış cavan tut bağı müəllim əməyinin bəhrəsi kimi yaddaşlara həkk olunur və tərbiyəvi məzmun kəsb edir. Yeri gəlmişkən, deməliyəm ki, tut “əkin və ziraətimizdə”, insanın qida rasionunda xeyirli bitki sayılır. Tut kimi şirin, yeməli hekayələri və əlbəttə, bütünlüklə nəsr yaradıcılığı ilə Rəşid Bərgüşadlının ədəbi həyatının yeni mərhələlərinə qədəm qoyacağına ümid edir və buna ancaq sevinə bilərik. R.Bərgüşadlının dili, təhkiyə üsulu, o cümlədən digər nitq kompetensiyaları yeni dünya nəsrinin üslub və prinsipləri kimi diqqətə layiqdir. Onun ideya layihələri və dil-danışıq konstruksiyası ən demokratik mətn quruculuğu, yazı üsulu kimi bəyənilməyə layiqdir. Yeni texnologiyanın tələbinə uyğun yazı və düşüncə tərzi əslində demokratik dəyərləri ehtiva edən ədəbi konsepsiyaların tərkib hissəsidir. Rəşid Bərgüşadlının demokratik sözə yaxınlığı onun ədəbi uğuru sayılmalıdır. Yazıçının dilinin, üslubunun fərdi xüsusiyyətlərindən biri də dialekt və şivə nümunələrinə çox yer ayırmasıdır. Tənqid-təhlil ədəbiyyatında bu, bəzən arzuolunmaz, hətta ziyanlı tendensiya hesab olunur. Lakin xalqın dilinin məhəlli versiyasına müracət etmədən mətnin linqvistik yöndən tamamlanması mümkün deyil. Yazıçı V.Rasputinin belə bir fikri var ki, “Sibir dialektləri Sibir almazı qədər qiymətlidir”. Dialekt və şivələrə açıq olmayan mətnin bədii məziyyətləri barədə ürəkaçan söz söyləmək çətindir. Amma dialektə aid olan leksikaya yerli-yersiz müracət etmək nitqi, informasiyanı gözdən salır. Fikrimcə, Rəşid Bərgüşadlı məsələnin bu cəhətini nəzərə almalıdır.
Azərbaycan hekayəsi ilə bağlı ilk geniş söhbətimizi yazıçı Rəşid Bərgüşadlıdan başladıq və bu mətnin davamını başqa müəlliflərinin yaradıcılığı ilə davam etdirəcəyik.
Zakir Məmməd