Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, şəhid batalyon komandiri mayor Əliyar Yusif oğlu Əliyevin xatirəsinə. Hacı Nərimanoğlu "Dağlar oğlu" kitabı, Bakı-"İşıq" nəşriyyatı-1993.

...Əliyarın ölümünün üçüncü günü idi. Adına göndərilmiş məktub gəlib çatdı, yaralı, dərdli, heç nə ilə ovuna bilməyən ürəyimizi bu məktub daha da göynətdi.

“Əməkdar məşqçi, SSRİ idman ustası, Qubadlı rayon “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sədri Əliyar Əliyevə

Çox hörmətli Əliyar müəllim!

5 oktyabr 1992-ci ildə Şamaxı şəhərində Milli İdman oyunlarının II Respublika çempionatı başlanacaqdır.

NİKBTC Respublika Şurasının yekdil rəyi ilə siz həmin yarışların baş hakimi təyin edilmisiniz. Çempionatın açılış sözünü siz deyəcək və bundan əvvəl Mingəçevirdə keçirilmiş yarışların mütləq çempionu kimi Dövlət bayrağını siz qaldıracaqsınız.

Sizi və rayonun komandasını bu yarışlarda milli əsgər formasında görmək bütün iştirakçıların arzusudur”.

Əliyar sağ olsaydı, yenə də od ilə su arasında qalacaqdı. Getsinmi? Axı camaat ilk növbədə ona arxayın idilər. Düşmən də sərhəd postlarında ratsiyalardan Əliyarın səsini eşitməyəndə qudururdu. Bu yarış da bir dərd, düşmənə yeni qəzəb və nifrətə çevriləcəkdi.

...Qəbrini ziyarət etdik, evə döndük, yas mağarında oturduq. Dedim gəlin hərəmiz Əliyarla bağlı bir xatirə söyləyək.

Nə qədər zəngin, yadda qalan xatirələr qoyub gedib Əliyar. Özündən sonra yaşayacaq, adını yaşadacaq xatirələr.

...Ümumittifaq turnirinə yola düşürlər. Bakı aeroportunda yoxlamadan keçirlər. Təyyarəyə minmək üçün növbəyə dayanırlar. Birdən Əliyarın yadına düşür ki, A birinci dəfədir ki, təyyarəyə minir. Deyir: - A, sən özünü ver qabağa, tez gir, hamımıza yer tut. Aslan özünü atır içəri. Bir xeyli keçir, görürlər ki, içəridə hay-küy var. Kapitan giriş qapısına gəlib üz tutur ki, içəri bir öküz girib, sahibi kimdir, gəlsin, onu başa salsın. Əliyar bilir ki, A nə isə bir iş qarışdırıb, icazə alıb içəri keçir. Görür ki, A özün verib qabağa, girişdə qolun açıb 4 sıra yeri tutub. Əldə bilet yerinə keçmək istəyənlərin qabağını kəsib irəli buraxmır, elə bircə onu təkrarlayır: “zanit”.

...Həzi Həziyev (Yevlaxda idman komitəsinin sədriydi, idman ustası) Kybadan beynəlxalq turnirdən qızıl medalla qayıdır. Əliyarı da çağırır ki, gəl görək Sona xalan (anası) nə bişirir. Sona xalanın qanının qara vaxtına düşür, ha o yan, bu yana keçirirlər, Sona xala heç nəyə boyun olmur.-Siz gündə yarışdan bir dəmir parçası gətirəcəksiz ki, yığışaq yuyaq, qapıda toyuq-cücə də qalmadı.

Əliyar deyir, Həzi, bikefləmə, qoşalüləni götür, yenək çayın qırağına görək bir şey taparıqmı. Bağdan keçib çaya yaxınlaşanda Əliyar göstərir ki, Həzi, ördək var, əyil. Sürünə-sürünə xeyli irəliləyirlər. Əliyar deyir, bir az dayan tələsmə, qoy ikisi də cütləşsin, bir gülləyə ikisini də vurarsan. Həzi nişan alır, bir gülləyə ikisini də vurur, başın kəsirlər, götürüb gətirirlər, evə çatmağa az qalmış Əliyar deyir, Həzi, sən apar ver Sona xala bişirsin, mən də evdən ayın-oyun götürüm gəlim, yükün hamısı sizə düşməsin. Aradan çıxır, bir azdan görür ki, suyu süzülmüş Həzi dalınca gəlib- gedək, yaxşı yudurtdun medalımı. Sona xalanın ev ördəklərinin aqibəti belə olur.

Səlimin pəhləvanlığına, Məmmədin çayxanasına, Zakirin evlənməyinə və ilk qonaqlığına, Əliyə, qoyun nobatına yazdığı məzəli şeirlər əl-əl gəzirdi, evdə hərəyə bir şeir qoşmuşdu.

Əliyar belə Əlyar idi. Deyən, gülən. Ha fikirləşirsən ki, onda nə çatışmırdı? Yaraşıq, boy-buxun, əsil kişi xarakteri, əliaçıqlıq, dostluğa, dosta sədaqət, etibar - nələr yox idi onda?! Hamının yerini bilirdi, onun üçün vəzifəli, imkansız, pullu, arxasız – fərqi yox idi. Hər kəsə öz mənəviyyatına layiq hörmət, ehtiram göstərirdi.

Əliyarın şəxsən işləyib hazırladığı, özünün komandirliyi ilə keçirilən Şurnuxu əməliyyatını (telekanallar bu kadrlardan bir hissəni əvvəllər tez-tez göstərirdi) həvəskar operator cəsarət və qoçaqlıqla birbaşa lentə alıb, erməni postunun alınması, dağıdılması, qırılan düşmən, alınan əsirlər aydın çəkilib. Əlavə qüvvələr gəlir, onları haqlayır. Çiynində pulemyot olan Əliyarın əmrləri eşidilir: - Çəkilin geriyə, mən sizi “pokrıvat” edəcəm, qabaqların saxlamışam. Tez olun, qorxmayın, geriyə, geriyə çəkilin.

Sonra özü də gəlib çıxır. Hamının sağ-salamat olduğunu görüb sevinir, bir-bir öpür. Qarmon çalır, döyüşçüləri oynadır, şənlənirlər, uzaqda isə silah anbarı, düşmən postu tüstülənir.

Həmin gün əsir alınan 26 rus və erməni silahlı quldurunu azad etmək üçün Azərbaycanın daxili işlər və müdafiə nazirliklərinin az qala bütün rəhbərliyi rayona axışıb gəlmişdi, Prezident Aparatı telefonla İcra Hakimiyyətini topa tuturdu, onlar təcili Bakıya aparıldılar, oradan Moskvaya, Yerevana yola salındılar. Erməni televiziyaları həmin əsirlərin “Zvartnos” aeroportunda qarşılanmasını bayram edirdi. Qubadlıda erməni televiziyaları Bakının tv-lərindən daha təmiz görsənirdi, bu səhnələrə baxırdıq, xəcalətdən nə edəcəyimizi bilmirdik.

Xocalı qırğınından bir az keçmişdi. Əliyarın batalyonunun topları daşnak yuvası Gorusa elə mövqelərdən ölüm yağdırdılar ki, nəinki erməninin, heç sonradan həmin topların yalnız gecələr atlarla, əsgərlərin gücü ilə dartılıb ağlagəlməz mövqelərə gətirildiyini eşidib mat qalmışdıq. Moskvanın “Vesti” proqramı ilkin məlumatlara görə həmin gün 336 ölü olduğunu rəsmən xəbər vermişdilər. Ermənistanda 3 günlük matəm elan olunmuşdu. Gorusa buradan Qarabağa koridor açmaq missiyasının öz üzərinə götürən Erməni Ümummilli Hərəkatının lideri Paruyr Ayrikyan şəhər meri vəzifəsindən biabırçılıqla götürüldü. Teatr meydanında keçirilən matəm mitinqində Əliyarın, topçular Qoca, Qeys, Nuru –ermənilər hətta, onların gizli adlarını da öyrənmişdilər- başına pul təyin eləmişdilər. (onların hər 3-ü allaha şükür ki, salamatdılar).

...Əliyarın hər növbəti belə əməliyyatı onu təhlükəyə yaxınlaşdırırdı. Kombriqə müavin qoymaq adı ilə batalyon komandirliyindən çıxarmışdılar. Rayon camaatını İcra hakimiyyətinin qarşısına toplamışdıq. Başçı Baxış həkimin kabinetində aparatın kollektivinin də tələbi belə oldu ki, bu rayona qarşı təxribatdı, Cahangirov familiyalı polkovnikin bütün arqumentlərinə baxmayaraq, Müdafiə Nazirliyinə, Prezident Aparatına zənglərdən, vurulan teleqramlardan, camaatın müqavimətindən sonra onu yerində saxlamaq mümkün oldu. Ancaq nə olsun, kombriq polkovnik Namazovu belə əməliyyatlara görə Yevlaxda erməni ilə bir kletkada neçə ay həbsdə saxlamışdılar.

92-nin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu «qara bəbir» ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Əliquluşağı kəndindəki Lalazar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, məhv edib strateji yüksəklikləri ələ keçirmək məqsədi ilə hücum etmişdi. Əliyarın batalyonunun əsgərləri əldə olunmuş kəşfiyyat məlumatlarına əsaslanıb neçə vaxt idi ki, onların yolun gözləyirdi. Təpədən dırnağa qədər zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrup xeyli irəli buraxıldı, mühasirəyə alındı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ «Niva» lı Karlenin və silahdaşlarının meyidi iki gündən sonra 25 Xocalı əsirinə dəyişdirildi.

92-ci il 24 iyunda, saat 16 radələrində erməni komandanlığı tərəfindən rayon mərkəzini bombardman etmək tapşırığı almış üç “Apaçi” vertolyotu sərhədlərimizi cəmisi 500-600 metr keçə bilmişdi, ölüm gətirən yükünü boşaltmağa macal tapmamış dağ-daşlarda ayıq-sayıq dayanmış döyüşçülərimizin yaxın məsafədən açdığı sərrast atəşlərinə tuş gəldi. Biri Bərguşad çayının sahilindəki çaylağa düşüb yandı, «cəsədin» gətirib RTS-in qarşısında daş hasar üstünə qaldırıb qoymuşduq, «Dağlar oğlu» kitabımda şəklin vermişəm. Biri Temir Müskanlıda düz kəndin içində yerə dəyib tüstülənməyə başlayanda tez söndürdük, içindən 4-5 metr dik yuxarı qalxan göy alov dilimi indi də gözümün qabağındadır, həmin vertolyot kiçik təmirdən sonra rayonun başı üstündə dövrə vurub Gəncəyə göndərildi, yerə salınmış ekipajı götürüb geri dönmək istəyən üçüncünün aqibəti də pis olmadı; geri qaçıb sərhəddi keçməyə az qalmış Davudlu başında alovlanıb yerə çırpıldı. Bu Azərbaycanın Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biriydi. Bu barədə AzərTAc-ın bölgə müxbiri olaraq verdiyim informasiyanı radio-televiziya oxudu, qəzetlər verdi.

İndiyədək bir neçə dəfə yazdığım, qəzetlərdə çap edilmiş bir fikrimi yenə də təkrar edirəm:-biz ermənilərlə döyüşdə, qabaq-qənşər savaşda yox, siyasətdə uduzmuşuq.

…14 dekabr 1957-ci ildə Qəziyan kəndində doğulmuşdu. Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra hərbi xidmətə getmiş, bir neçə dəfə ordu çempionu olmuşdu. Saransk Universitetində müəllimlik etmişdi. Sonra birdəfəlik doğma kəndlərinə qayıdıb Dondarlı orta məktəbində bədən tərbiyəsi müəllimi işləməyə başlamışdı. Məktəbdə güləş dərnəyi açaraq dərsdən sonra bir qrup şagirdə sərbəst güləşin sirlərini öyrədirdi.

Bir dəfə komsomolun bir qrup işçisi məktəbə gəlmişdik. Əliyar yetirmələri ilə ilk yarışlara hazırlaşırdı. O, həmin görüşdə 12-15 yaşlı məktəblilərin bir neçəsin adbaad çağırıb dedi: Bunların hamısı bir azdan Azərbaycanın idman şərəfini qoruyacaqlar.

           Elə ilk yarışlardan Qubadlıya bir-birinin ardınca qələbə soraqları gəlməyə başladı. Respublika və ümumittifaq yarışlarında həmişə Əliyarın yetirmələri ən güclü, ən texnikalı idmançılardan sayılırdı.

Qubadlı qəsəbə orta məktəbində müəllim, “Məhsul” kənd könüllü idman cəmiyyətində məşqçi, sədr işləyəndə də 10-dan çox yetirməsi idman ustası, respublika çempionu, ümumittifaq və beynəlxalq turnirlərin qalibi adını qazanmışdı. Fabriki, zavodu, bazarı, üzümü, pambığı olmayan 20-25 minlik əhalisi olan Qubadlının öyündüyü, fəxr etdiyi Əliyarı güləşçiləri idi. Hər yarış rayonda yüksək əhvali-ruhiyyəyə, şadlığa çevrilirdi. Yetirmələri harada təhsil və məşqlərini davam etdirmələrindən asılı olmayaraq məşqçi qrafasında Əliyarın adını yazırdılar. Sevinirdi, yerə-göyə sığmırdı hər dəfə yarışlarda yetirmələrinin qələbə sorağını eşidəndə. Qəsəbə orta məktəbin idman zalı, idman stadionu rayon əhalisinin ən sevimli istirahət yerinə çevrilmişdi. Pəhləvan cüssəli, üz-gözündən, danışığından mehribanlıq yağan bu cavan oğlanı rayonda uşaqdan böyüyə hamı sevir, xətir-hörmətini saxlayır, “məllim” deyə müraciət edirdilər.

Ancaq çoxları bilmirdi ki, hər yarış Əliyar üçün nə qədər gərgin əziyyətlə başa gəlir. Nə özünün, nə rəhbərlik etdiyi idman cəmiyyətinin maddi imkanları yarışlara gedən komandanın xərclərini ödəyə bilmirdi. Anasının neçə ay əvvəl, neçə ay sonrakı təqaüdlərini, öz maaşlarını götürürdü, borc alırdı, ailəsinin, özünün boğazından, əyin-başından kəsmək hesabına yarışlardan qalmamağa çalışırdı. Əliyarın özü də yarışlardan həmişə uğurla qayıdırdı. Dəfələrlə müxtəlif idman yarışlarının çempionu, mütləq çempionu, ən gücli iştirakçısı, ən texnikalı güləşçisi kimi geri qayıtmışdı. Respublika əhəmiyyətli bir çox yarışların hakimi, baş hakimi təyin olunurdu, obyektivliyi, vicdanlılığı ilə iştirakçı və tamaşaçıların rəğbətini qazanırdı. Respublikamızda milli idman oyunlarının ən fəal tişkilatçılarından, təşəbbüskarlarından idi. Mingəçevir şəhərində keçirilmiş I respublika milli idman oyunlarında Əliyar həm ən fəal iştirakçı, həm hakim, həm yarışların mütləq çempionu kimi uzun müddət həmin yarışların seyrçilərinin yaddaşından silinməyəcək. Özündən 50-60 kq ağır güləşçilərin kürəyini yerə vururdu, qara zurnanın zil sədaları altında “Cəngi” oynayırdı, adlı-sanlı pəhləvanların cəsarət etmədiyi nömrələr göstərirdi.

Bakıda imperiya əleyhinə çıxışların, demokratik milli azadlıq hərəkatının ilk çağlarından Əliyar öz yolunu aydın müəyyən etdi, bu hərəkata qoşuldu. Erməni hücumlarına qarşı respublika rəhbərliyinin ləng, passiv reaksiyasına etiraz, Qubadlı xalq cəbhəsinin ilk özəklərinin yaradılması, birinci özünümüdafiə dəstələrinin təşkili ilk növbədə Əliyarın adı, konkret fəaliyyəti ilə bağlıdı.

88-ci ilin əvvəllərindən başlayaraq özü qabağa düşdü, idmançı yetirmələri, onun yolunda hər şeyə hazır olan qeyrətli eloğluları ilə birlikdə əlində silah sərhəd kəndlərinin müdafiəsinə qalxdı. Həmin günlərdən hamı aydın gördü və başa düşdü ki, başlamaqda olan ağır günlərin öndəri, qabaqda gedəni kimdir, xalq kimin ardınca getməli, kimə inanmalıdır.

   Hamı görürdü ki xalq cəbhəsinin lideri, rəhbəri olmağa yalnız bir nəfərin - Əliyarın haqqı, mənəvi hüququ var.

...Rayonda yaşayan gənc şairlər, şeir, saz, söz həvəskarları hərdənbir Aşıq Xançobanı da götürüb batalyona gəlirdik. Döyüşçülərlə qabaq qənşər oturub söhbətləşirdik. Belə görüşlərin birində Bakıda yaşayan şair, yazıçı, alim həmyerlilərimiz teleşirkətdən bir qrupla gəlib çıxdılar.

Tədbir təzəcə başlamışdı. Əliyar yaxınlaşdı ki, mən yuxarı çıxıram. Siz işinizdə olun. Dedim axı, qonaqlar var, özü də sənin haqqında veriliş çəkmək, xüsusi proqram hazırlamaq üçün gəliblər. Dedi ki, elə bu tədbirdə döyüşçüləri çəksələr bəsdir, mənlik burda bir iş yoxdu, nə isə çox narahatam, mən getdim.

Görüş başa çatmaq üzrə idi ki, top raket atəşləri başladı. Ratsiya ilə məlumat verildi ki, ermənilər Seytaca güclü hücuma keçiblər.

Komandir həmişə olduğu kimi yenə də özünü vaxtında döyüş mövqeyinə, ön cəbhəyə çatdırmışdı.

Yoldaşları həmişə danışırdı ki, Əliyar müəllim elə bil nə vaxt, hansı posta hücum olacağını əvvəlcədən hiss edir və duyurdu. Təsadüfi döyüşlər olardı ki, onsuz keçsin.

Nə həbsə alınması, hədə-qorxular, onu aradan götürmək üçün edilən cəhdlər, haqqında uydurulan şayiə və dedi-qodular Əliyarı öz yolundan, torpağı, vətəni, doğma yurdu düşmən tapdağından qorumaq istəyindən yayındıra, çəkindirə bilmədi. Qapılarından mal-heyvanları oğurladıldı, iş otağı dağıdıldı, idarəsinin sənədləri gizlədildi. Raykomun iclaslarda tez-tez öyrədilmiş adamlar durub onun haqqında səfeh sözlər danışırdı, ünvanına iftiralar deyirdi. Çalışırdı əhəmiyyət verməyə. Bir dəfə gəldi ki, gedək filan kolxoz sədrinin yanına, mən başa düşdüm ki, nə məsələdi. Girdik kabinetinə, bizi görən kimi rəng verib rəng aldı, dili topuq vurdu, hələ biz danışmağa başlamamış özü :- mənim də vəziyyətimi başa düşün, məcbur eliyirlər belə danış, mən də neynim qorxuram, ixtiyarım onların əlindədi, istəyirsən tüpür üzümə…Əliyar dedi :- elə ona görə gəlmişdim, özünüz də bilirsiz ki, buna layiqsiz, daha ehtiyac yoxdur…Çıxıb gəldik.

Davaya hələ çox vardı.1983-84-cü illər idi, həmkarların hesabına Əyində uşaq yay istirahət guşəsi açılmışdı. Mən rəhbər, o da müavin idi. Hər səhər idmançı uşaqlarla birlikdə Çayzəmidəki Həcər bulağına qədər qaçırdıq, istirahət edirdik, qayğılar, dərdlər qabaqdaydı. Vağo bulağında Ardonun dükanın yağmalıyıb səhəri gün gəlib haqq-hesabın üzməyimiz, Kəpəz dağının düz içindəkı erməni-rus hərbi rabitə məntəqəsinə daxil olarkən az qala avtomat atəşinə tuş gəlməyimiz, biz tərəfdəki biçənəkdən ot biçib gedən erməni UAZ-ını dərə aşağı yumalamağımız… yalnız ikimizə aid olan neçə-neçə əhvalatlar unudulmaz şirin xatirələrimdi.

Qafan şəhərinə getmişdik, təsərrüfat malları mağazasına girdik, xoş əhvalımız var idi. Əliyar stol üzərindəki yeşiklərdən iki yüzlük mismarlardan götürdü, barmaqları ilə bir-birinə dolayıb satıcıya tərəf atdı: - a dığa, bu nədir məftili mismar əvəzinə satırsınız. Mağazadakıların gözləri kəlləsinə çıxdı. Yenə ikisini uzatdılar, dolayıb bir-birinə verdi özlərinə, bir həngamə qopdu ki, mağazadan aralanandan xeyli sonra da dalımızca qaçıb əllərində mismar gətirirdilər, əyib tullayırdı üstlərinə...

O vaxtlar pəhləvanlığa hələ təzə başlayırdı, Şuşaya getmişdik, məşhur Qaçay pəhləvan Cıdır düzündə oğlanları ilə bərabər Əliyarın da çıxışına şərait yaratmışdı, hansı nömrəni elədisə, Əliyar da təkrarladı, sinəsinin üstündən maşın keçirdəndə taxta ortadan qırıldı, seyrçilərdən bir uğultu qopdu ki, mən də nə vəziyyətə düşdüm Allah bilir, özün itirmədi. Qaçay pəhləvan qucaqlayıb öpdü,-daha dərdim yoxdu dedi, Azərbaycanın əsl pəhləvanı sənsən.

Güləşçi kimi isə artıq çoxdan məşhur idi. Qafanın icrakom sədri bir dəfə baş həkimlə düşərgəyə gəldi. Birbaşa mətləbə keçdi: - hər ay 1000 manat maaş verirəm, xidməti maşın, ev, hər cür şərait yaratmaq şərtilə gəl Qafanda işlə, məşqçilik elə. Əlbəttə, qəti rədd cavabı aldı. Neçə dəfə belə rəsmi təklifləri Moskvada, Voronejdə, Qrodnoda, Minskdə də almışdı.

Yenə həmin vaxtda avtobusda uşaqlarla birlikdə Qafana getmək istəyirdik. Motosikletli 2 erməni milisi yolumuzu kəsdi ki, olmaz, avtobusun qarşısında hansısa işarə yoxdur. Çox dedik, az eşitdilər, motosikletlə birlikdə iki ermənini dərəaşağı yuvarlamağı heç bir an çəkmədi.

Mişanın yeməkxanasında baxdığım mənzərəni isə yalnız kinolarda çox-çox sonralar gördüm. İkimiz idik, bir də 5-6 erməni oturub o yanda yeyib içirdi. Əvvəl bizim sağlığımıza badə qaldırdılar. Bir az sonra başladılar səfehləməyə, hiss elədik ki, türk deyib qatıqlayırlar, yeməkxanada qulluğumuzda duran, bizi yaxşı tanıyan ermənilərin də xəbərdarlığından nəticə çıxartmadılar, hətta bir ağır çəkilisi Əliyarla güləşmək fikrinə düşdü. Bu həvəsi ona baha başa oturdu. Ancaq Əliyar da artıq dəli bir həvəsə düşmüşdü, onu geri qaytarmaq mümkün deyildi. Dedi:- Sən mənim dalaşmağımı hələ görməmisən, otur bax, bircə özünü gözlə. Başladı, nə başladı, o ermənilərə bir toy tutdu ki, hamısını əzişdirib üst-üstə yığıb dedi: - Getdik. Çölə çıxanda bir “Volqa”nı itələdik üzüaşağı, düzəldik yola.

Ermənilərlə hələ dinc yanaşı yaşadığımız dövrlərdə belə sərgüzəştləri olurdu və onun üçün əli silahlı, toplu-avtomatlı erməni də qorxulu deyildi, tülkü kimi qorxaq, gücsüz görünürdü. Bir də həmişə deyirdi: - Olimpiya yarışı ola, axıra qalam bir mən, bir də bir erməni, ikimizi də buraxalar döşəyin üstünə, qara zurna “Cənği” çala, gözlərimlə, dırnaqlarımla didərəm onu, lap dəmir-betondan tökülsə də...

            Onda hər cür qabiliyyət var idi, yaxşı saz, qarmon çalırdı. Kiçik daşlarla, kartlarla qəribə fokuslar göstərirdi, usta maşın sürərdi, şeiri çox sevərdi, özü də yazırdı, surələr, Qurandan ayələr bilirdi, şəkil çəkirdi, gözəl rəqs edirdi, siqaret çəkməzdi, nadir hallarda içki içərdi.

Gələcək üçün planlar qururduq, xəyallara dalırdıq, Arazı keçib Təbrizi, o tay Azərbaycanı qarış-qarış, el-el gəzirdik, Əliyar pəhləvanlıq edirdi, saz çalıb, oxuyub açıqlıq edirdi, film çəkirdik, Babək, Koroğlu rolunda çəkirdim onu. Heçə dəfə Həkəri stansiyasına, Mincivana gəlmişdik, yarıya bölünmüş Azərbaycanın o tayına baxıb ağlamışdıq, xəyallar qururduq, Azərbaycanı birləşdirirdik. O qədər ləzzət edirdi bu xəyallar ona, deyirdi ki, hər gün yuxuda özümü aşıq libasında Azərbaycanın o tayında kəndbəkənd gəzən görürəm. Şairanə romantikliyi var idi onun. Ən çox yadımda qalan bir də onun ürəkdən gülməyidi, güləndə yanaqları içəri batırdı.

Rusiyadan uşaqlarla birlikdə yarışdan qayıtmışdı, cibindən şəkil çıxardı ki gör sənə nə hədiyyə gətirmişəm, baxıram öz şəkli,- arxasın oxu:-« Əliyar Hacının plaşında, Voronej», sifdəsin o geyib getmişdi. Birdən yarışlara getməyə hesabında pul olmurdu, dost-tanış yığıb düzəldirdik, sonra qaytarırdı. Rüzgarın- böyük qardaşı- bir köhnə maşını vardı, əlindən alıb gətirmişdi, bir yerdə keçirdi günümüz. Bir dəfə soruşdu-səni rayona birinci qoysalar, mənə nə işi verərsən? Heç düşünmədən dedim:- özümə sürücü. Güldü, - o niyə elə olur? Dedim yaxşı maşın sürürsən, oxuyursan, deyib-gülməyi sevənsən, qoldan güclü, ağıllı, xətir-hörmətli, ən əsası da bütün günü bir yerdə olacağıq, daha bir-birimizi axtarmayacağıq.

...Son görüşlərimizdən biri idi. Hərdənbir icra hakimiyyətinin binasına gələrdi, birinci mənim otağıma dönərdi. Neçə gün idi ki, görünmürdü. İçəri girəndə gözlərimə inanmadım. Nə qədər zəifləmişdi, arıqlamışdı, rəngi ağarmışdı, yanaqlarındakı batıqlar xeyli dərinləşmişdi.

Dedim, heç özündən xəbərin var, “Qu quşu” baletindəki balerinalara dönmüsən.

   Bir dəli gülmək tutdu ki onu. Ayrılandan xeyli sonra telefon zəng çaldı, o idi, gülməkdən uğunurdu: - Doğrudan oxşayıram balerinaya, bayaqdan özümü səhnədə təsəvvürümə gətirirəm.

             Hələ o vaxtlar idi ki, erməni silahlı quldur dəstələrinin hücumları ancaq polisin, bir də yerli özünümüdafiə dəstələrinin gücü ilə alınırdı. Hər kənd, hər bir idarə, qəsəbənin hər məhləsi bilirdi ki, hansı gün, hansı saatda hansı postda dayanmalıdır. Bizim qəsəbədəki beşmərtəbənin kişiləri Seytasda postdayıq, qarlı-şaxtalı gecədir, hər iki-üç saatdan bir növbəni dəyişirik, hər dəfə mənim növbəm çatanda görürəm ki, Dıbı ( əsil adın xatırlamıram) tüfəngin götürüb mənim əvəzimə getmək istəyir, hamı da görür axı, mən israrla buna yol verməyəcəyimi bildirirəm, o isə məndən ayrılmır. Çox şübhələndim, səhəri postu təhvil verib qayıdırıq, soruşdum ki, ay Dıbı, bu nə iş idi, sən 2 gündür mənim başıma açırsan, mən orda kimdən acizəm, ya artığam? Gördüm sözlü adama oxşayır, ama demək də istəmir. Axır ki, saqqızın oğurlayıram; Əliyar müəllim tapşırıb ki, Hacını qoyma posta çıxsın, ya da tək buraxma…Bir dəfə yenə icrakom və aqropromun işçiləri Yazı düzündə, Əliquluşağı başında postdayıq, axşam da burda  atışma olub, səhərəqədər yatmamışıq, şaxta qılınc kimi adamı kəsir, səhər təzə açılır, baxdıq ki, Aslan Aslanovun qırmızı “Moskviç”ində ikimiz qalmışıq, gördüm səngərdə qaraltı var, gördüm yenə bizim siyahıya aidiyyəti olmayan uşaqlardan biri-Əliyarın dəstəsindəndir, qabaq səngərdə durub:-Müəllim arxayın olun e burdayam mən.  Ürəyimdən razılıq dolu hisslər keçdi.

Rayonda məni axtarır, kimsə deyir ki, kənddə ailəliklə hücum çəkmişdilər asfaltın üstünə, çapıb-yarıb məhləyə su çəkirlər. Bir də gördük gəldi-batalyon komandiri, hərbi geyimdə. Biz gah neft töküb asfaltı yumşaldırıq, lom, düsər, nə qalmayıb, maşından düşən kimi- mən öz payımı qazıb gedirəm, düsəri aldı əlinə, asfaltı qırdı-tökdü, bizim neçə saata görəcəyimiz işi yarım saata qurtarıb getdik. Belə sadə, mehriban idi. Xüsusən, bizim Fətəlini çox istəyirdi. Rusiyada –Voronejdə oxuyub yaşayanda dəfələrlə ora yarışa çağırmışdı, güləşçi-pəhləvan kimi çıxışların təşkil eləmişdi. Çox yaxın idilər. Dava başlanandan Fətəli könüllü gəlib yazılmışdı onun batalyonuna, ən çətin döyüşlərdə birlikdə olmuşdular, neçə dəfə demişdi, and vermişdi ki, bunu razı sal, qoy qayıtsın getsin, mən deyəndə xətrinə dəyir, neçə dəfə atışmada bir yerdə olmuşuq, hər dəfə gözümün biri qalır onda, biri ermənidə. Əliyarla birlikdə Əliquluşağından gəlirmişlər, nə qədər çalışıblar ermənidən qənimət (elə adın belə çağırırdılar) götürdükləri BTR- in istiqamətin saxlaya bilməyiblər, o deyib birinci sən özünü at, bu deyib yox birinci sən, bir də görüblər ki, göydə uçurlar, Bəxtiyarlı yolunda 60 metrlik yarğandan aşıb düşmüşdülər çaya. Danışırdı ki, sevindiyimizdən sarmaşmışıq bir-birimizə, gözlərimizə inanmırıq ki, salamatıq. Görənlər danışırdı ki, ancaq Allahtaalanın nəzəri onları saxladı, o yüksəklikdən düşən BTR-in içində insanın salamat qalmağına ancaq bu adı vermək olar. Xeyli əzilmişdilər, səhəri eşitdik, qurban kəsdik. Fətəlinin də Əliyara istəyin, sədaqətin neçə illərdi onun övladları da, biz də həmişə görüb hiss eləmişik. Rus-erməni hərbiçilərinin atəşləri altında Qubadlını sonuncu tərk edənlər də sərhəddə dayanan Əliyarın adını daşıyan batalyonun komandiri Sadiq, qardaşı Rüzgar, Fətəli olmuşdu.

Bütün mitinqlərdə, yığıncaqlarda hamı son sözü ondan gözləyirdi. Qısa, konkret danışmağı var idi. Təvazökarlığı ilə hamıdan məsləhət umurdu. “Ağlın nə kəsir”, “nə deyirsən” – onun dilindən tez-tez eşidilən sözlər idi.

Qəribədir ki, bu yazını yazmağa başlayanda ilk dəfə yadıma düşdü Əliyarın məndən yaşda böyük olmağı. Çünki münasibətlərimiz elə olub ki, yaş fərqi barədə heç vaxt düşünməmişik. «Məhsul» idman cəmiyyətinin məsul katibi idi, mən də cəmiyyətin təftiş komissiyasının sədriydim, zarafatla «müdürümdü»- deyirdi hər yerdə. Neçə il yer vermədilər. Sonra raykomum yanındakı qonaq evin verdilər Cəmiyyətə, uşaqların gücü ilə yaxşı təmir elədi, aradan bir az keçmişdi, bir gün işə gələndə gördük bütün sənədlərin töküblər çölə, otaqların veriblər KQB-yə. Çox vaxt komsomolda mənim otağımda otururdu, sənəd, möhür, ştampı həmişə mənim siyirməmdə olardı.

Raykomun birinci mərtəbəsindəki iş otağım rayon rəhbərliyinin də razılığı və köməyi ilə ilk özünümüdafiə dəstələrinin təşkili üçün qərargaha çevrilmişdi. Həqiqət naminə deməliyəm ki, bu işdə rayon rəhbərliyi də maraqlı idi və bizə lazımi kömək göstərirdi.

Xanlıq xalq cəbhəsinin təsis iclasın keçırəndə Əliyar, Əli, Yaşar, Aydını tutub polisə gətirmişdilər, hərəsinə 15 sutka vermişdilər, indi də hakimin yaşlı gözləri yadımdadı, Əliyara görə, hətta, onun hökmünə də imza atmamışdı, heç olmazsa onu buraxdırmaq, ya günün azaltmaq üçün cəhd elədiyimizi biləndə Əliyar sifariş göndərdi ki, əziyyət çəkməyin, mən də onlarla birlikdə yatacam, çünki onlar mənimlə getmişdi. Artıq üç gün idi ki, aclıq eləmişdi, yanına heç kimi buraxmırlar, şər qarışanda gəldim rəisin müavini Hacəli və SƏDM rəisi Pənahdan xahiş elədim, çıxartdılar kabinetə, onlar da nə qədər desək də ki aclığı dayandıra, təsiri olmadı. Evə gəldim, boğazımdan su da keşmir, gecədi, zəifləmiş, ağappaq sir-sifəti gözümün qabağından getmir, uşaqları durğuzdum ki 4-5 nəfərlik yemək hazırlayın, götürdüm getdim şöbəyə, İftixarla Miryusif növbətçidi, dedim Əliyarın yanına gəlmişəm, görüşməliyəm. Çox tərəddüd eləsələr də sağ olsunlar, sözümü yerə salmadılar, dəmir pilləkənlə düşdük zirzəmiyə, birinci otaqda idi, qapını açdılar, çantanı qoydum çölə, girdim içəri, görən kimi:

-Səni də?!…necə qəzəbli səs çıxartdısa, heç fikirləşib cavab verməyə macal tapmamış,-onları bax belə əzəcəm- deməyi ilə əlin yumruqlayıb zərblə dəmir çarpayıya çırpmağı bir oldu. Sakitləşdirdim. -Nənəm (anam) bişirib, dedi ki, Əliyara deynən yesin... O birilərin də qapısın açdılar, bir yerdə oturub yedik. Həbsdə yatanların evlərinə də bazarlıq eliyib aparırdıq, çıxandan sonra zarafata salıb deyirdi :- Mən bilirdim ki, evdə pul-para, yeməyə bir şey yoxdu, uşaqlar ac qalıblar, ona görə boğazımdan heç nə getmirdi, bilsəydim mən içəridə yatanda onlara belə baxırsız, çıxmazdım ordan. Həbsdən çıxanda hamısın təm-taraqla qarşıladıq. Ancaq elə ordaca xəbər çıxdı ki, ermənilər yenə hücum ediblər, Əliyar heç evə getməmiş birbaşa sərhədə yollandı. Bir neçə dəfə Əliyarın cəbhənin idarə heyətində məsələsin qoymuşdular, idarə heyətindən çıxarmışdılar, səbəb- «icaslara gəlmir, liberallıq nümayiş etdirir», deyirdim axı vicdanınız olsun, Əliyar heç o dağ-daşdan aşağı yenir, ailə-uşağına baş çəkə bilir ki, sizin axşam-səhər boş-boş iclaslarınızda da gəlib vaxt öldürə, indi rayonun müdafiəsindən vacib məsələ var ki, o da bu işlə məşğuldu da. Acı təəssüflər olsun ki, bütün respublikada olduğu kimi, bizdə də birinci ziyalıların, nüfuzlu adamların yaratdığı rayon xalq cəbhəsinə sonra elə adamlar gəlib doluşdu ki, özünə az-çox hörmət edənlər, sidq ürəklə, şüur, vicdan və qeyrətlərinin səsi ilə bu işə qoşulanların böyük bir hissəsi artıq cəbhədə rəhbərliyi ələ almış belə yarımçıqları görüb ora yaxın gəlmirdi. Əlbəttə, dövlətin siyasi rəhbərliyinin, xüsusən rayonlarda xalq cəbhəsinə qarşı barışmaz mövqeyi də buna zəmin yaradırdı. 

Postlardan yenib batalyonun qərargahına gələn kimi zəng eliyirdi. Vaxt çox olanda maşının göndərirdi, «ailə-məişət problemlərinin təcili həlli üçün». Balış nənənin yalvarışlı sifarişləri yadıma düşür: -A bala, onu tap deynən bir ev-eşiyə dəysin, barı o körpələrə yazığı gəlsin, ata deməkdən dilləri qabar olub, bütün günü gözləri yoldadı, belə olmaz axı...

Heç zaman yadımdan şıxmaz; 89-un sentyarı, Qarabağ ermənilərinin silah-sursatı tükənib, Xankənd aeroportu Şuşa, Xocalıdakı qüvvələrimizin nəzarətindədir, ermənilər hər tərəfdən sıxışdırılır, artıq Cəbrayıl tərəfdən 14 erməni kəndi tam boşaldılıb, erməni köçü Yazıda qalıb- erməni-rus birləşmələri ora buraxmır, biz də geriyə qoymuruq, Zəngilan tərəfdən də belə uğurlu əməliyyat aparılmışdı. Qubadlı ilə sərhəddə yerləşən Ermənistanın iki ən iri şəhərini birləşdirən Qafan-Gorus yolu bağlanmışdı. Bu şəhərlərdə gündüzlər ölüm sükutu hökm sürürdü. Ermənilərin canlı qüvvəsi ruh düşgünlüyü içindədi, bizimkilərin bütün cəbhə boyu fəallaşması erməniləri artıq Qarabağdan-Xankənddən köçüb getmək üçün Azərbaycan tərəfindən koridor istəyirlər, respublika rəhbərliyinin qətiyyəti məsələni birdəfəlik həll edə bilər, acı təəssüflər olsun ki, fərsiz, maymaq rəhbərlər bu tarixi şansı əldən çıxarırlar. Rus-erməni hərbçiləri isə Ermənistandan Qarabağa koridor açmaq planlarını tezliklə reallaşdırmaq istəyirlər. Hədəf Qubadlının Yazı düzüdür. Ağır texnika, silahlarla, böyük canlı qüvvə ilə dövlət sərhəddini keçən hərbçılər burda qubadlıların qurduğu canlı sədlə qarşılaşır, bütün düz, dərə-təpə, bənd-bərə benzin butulkası, dəhrə-yabadan tutmuş ov tüfənglərinə qədər silahlanmış uşaq, qız-gəlin, qoca insanlarla doludur. Öndə isə rayon rəhbərləri, yeni yaranmaqda olan xalq hərəkatının fəallarıdır. Nə göydə dövrə vuran hərbi vertolyotlar, nə rusların yüksək çinli zabitlərinin dilə tutma, hədə-qorxuları, nə Bakıdan gələn «buraxın» çağırışları camaatın iradəsini, qətiyyətini azaltmır, bir neçə saatlıq qarşıdurma erməni-rus hərbi birləşmələrinin Qarabağdan köçürülmüş ermənilərini də götürüb geri dönməsi ilə sonuclanır. Ancaq plan yenə qüvvədə idi.

   90-cı ilin yanvarı. Yenə də Qubadlının ağır günləridir. Rayonun paytaxta göndərilmiş bir qrup ağsaqqalı, Bakıda yaşayan tanınmış ziyalılarla birlikdə respublikanın əsas rəhbərlərinin qəbulunda olmuş, vəziyyətin ağırlığını çatdırmışdılar. Kömək etməyə heç bir imkanları olmadığını bildirmişdilər, vəd edilənlərin heç birinin izi də görünmürdü. Sərhəd boyu erməni ordu hissələrinin qüvvələri toplanırdı. Rayonda rəhbərliyi ələ keçirmək istəyən dəstələr, cəbhəçilərlə rayon rəhbərliyinin qarşıdurması da təhlükəni artırırdı, bir tərəfdən də gündə Bakıdan Xalq Cəbhəsindən zəng-zəng dalınca gəlir: necə olursa olsun rayonda hakimiyyəti ələ alın.

             Gecəydi, bizə gəldi, özünə xas olan səmimi ürəkaçıqlığı ilə “nə edək?” dedi. Bir yerdə oturub hərəkət planı hazırladıq. Qərara gəldik ki, səhər tezdən rayon rəhbərliyini, cəbhəçiləri, bütün kəndlərdən ağsaqqal və ziyalıları çağırıb kluba toplayırıq, vəziyyətin gərginliyini bir daha izah edirik, qərarımızı elan edirik.

            Çingiz İldırım klubu ağzına qədər doludur. Əliyar səhnəyə çıxır, əlavə heç bir şey demədən rayon və respublikadakı mövcud vəziyyət və ondan çıxış yolu barədə danışmaq üçün sözü mənə verir. Real vəziyyəti izah edib çıxış yolu kimi təklif edirəm:

-Bu gündən Rayon Müdafiə Şurası yaranır, rayon partiya, icraiyyə komitələrinin, xalq cəbhəsi rayon şurasının fəaliyyəti dayandırılır, bütün funksiyalar şuraya verilir və hər şey rayonun müdafiəsinə yönəldilir. Şuranın qərar və göstərişləri bütün rəhbər işçilər tərəfindən sözsüz, danışıqsız yerinə yetirilir. Şura rayonun müdafiəsini öz üzərinə götürür. Raykomin 1-ci, 2-ci katibləri, icrakomun sədri, prokuror, polis rəisi, hərbi komissar-6 nəfər, SMD-69-un və MTS-in rəisləri, xalq cəbhəsinin idarə heyətinin 3 üzvü və bu sətirlərin müəllifi-cəmi 12 nəfər yerdən verilən təkliflərlə səsə qoyularaq Müdafiə Şurasının üzvləri seçildilər. Şuranın ilk iclasında sədrliyə gizli səsvermə yolu ilə 3 nəfərin namizədliyi irəli sürüldü, səs çoxluğu ilə Əliyar sədr seçildi.

Klub qərargaha çevrildi. Bütün qüvvə, hər şey rayonun müdafiəsinə yönəldi. Kəndlərdə yaradılmış özünümüdaiə dəstələrinin hansı sərhəd postunda nə vaxt duracaqlarını dəqiq müəyyən edildi, Şura üzvləri postlara təhkim olundu, Şurada verilən tapşırıqla rayona xeyli silah-sursat, avtomat gətirildi, sərhədboyu səngərlər qazıldı. 1-ci katibin, icrakom sədrinin Beyləqan, Ağcabədidən gələn səsləri indi də yadımdadır:-dolu dağıdan toplar var, ancaq çaxmağı yoxdur, gətirəkmi? MTS-də bacarıqlı mütəxəssislər bu məsələnin də həllini tapdılar. Mingəçevirdəki Yolmaş zavodundan Qrad qurğusu düzəltdirib gətirtdik. Kəndlərdə qayka-şayba qalmamışdı. Polis şöbəsinə yığılmış silahlar yiyələrinə paylandı (sonra təzədən rus komendantlığına qaytarıldı), 6 sərhəd məntəqəsinin hərəsinə bir cəbhəçi və bir rəhbər işçi, texnika, özünümüdafiə dəstələri təhkim edildi, rayona hətta istehlak cəmiyyəti xətti ilə gətirilən, daxil olan bütün malların, yardımların da ədalətli bölgüsünə nəzarət etmək üçün halal ağsaqqallardan ibarət bir komissiya yaradıldı və s. Rus hərbçiləri rayona girəndə də Sarıyataq dərəsində Şura adından onlarla danışığı biz apardıq, burda da yuxarıdan guya ki tapşırıq alan bir qrup cəbhəçi hərbiçiləri rayona buraxmamaq üçün güc tətbiq etmək, girov saxlamaq, əsir götürmək məqsədilə dağlarda özlərinə səngər qurmuşdu, bir tərəfdə də ən müasür silahlarla təchiz edilmiş rus hərbiçiləri üz-üzə dayanıb, ortada isə biz rus hərbi komandanlığının rəhbərləri ilə onları birbaşa sərhəd kəndlərində yerləşdirmək üçün danışıqlar aparırıq. Hər şey sakitliklə qurtarır, vəziyyəti soyuq başla yox, emosiyaları ilə qiymətləndirənlərin təxribatının qarşısı alınır. Sabahı gün isə 2-ci katib, haqqüçünə həmişə sağlam, əsl qeyrətli ziyalı mövqeyini qoruyub saxlayan Razim Əliyevin kabinetində Müdafiə Şurasının son iclası olur, Şura  öz fəaliyyətini dayandırır, rayon rəhbərliyi isə demokratik hərəkatda, müdafiə işlərində iştirakına görə heç kimin tutulmayacağına dair öhdəlik götürür, bu qərar meydanda keçirilən mitinqdə rayon rəhbərləri  tərəfindən elan edilir və insafən bu vədə əməl olunur. Düşmən təxribatlarının birinci hədəfinə çevrilmiş Qubadlı rayonu o vaxt sonra Laçın və Kəlbəcər üzərində həyata keçirilmiş məkrli təxribatların məngənəsindən çıxa bildi. 

              Rayon Müdafiə Şurasının fəaliyyəti barədə qonşu sərhəd rayonlarından, Bakıdan, cənub bölgəsindən də tez-tez zənglər olurdu, mətbuatda yazılar, xəbərlər verilirdi, hansısa yeni güclü dağıdıcı silahların mövcudluğundan yazılırdı. Bəziləri elə düşünürdü ki, Şura rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılıb. Halbuki elə təsis yığıncağında da yeganə etiraz edənlər onlar olmuşdu. Sonralar respublika rəhbərliyi, Xalq cəbhəsi bu modeldən istifadə edərək iqtidar-müxalifət 25+25 formatında Milli Məclis seçdilər.

              Haşiyə: Bu yaxınların söhbətidir. Köhnə dostlardan biri zəng elədi- filankəsin kitabı çıxıb, oxumusan? -Ay tövbə, sən deyirsən indi eşidirəm, o hara, kitab yazmaq hara...- Ay müəllim, yadına sal, 90 -cı il yanvarın ilk günləriydi, Çingiz İldırım klubu, bütün rayonun hər yerindən camaat yığılıb. Rayonu Müdafiə Şurası yaradılırdı, o iclasda kim çıxış elədi?Birinci Əliyar danışdı, sonra sözü sənə verdi, üçüncü, dördüncü olmadı ki? -Yerdən replikalar, təkliflər, sual-cavablar oldu, ancaq bir məsələ qoyuldu, o da rayon rəhbərliyinin etirazına baxmayaraq camaatın yekdil razılığıynan həll edildi. - Bəs bu filankəs niyə yazır mən belə danışdım, filankəs belə çıxış elədi, elə bil siz də heç orda olmamısınız. -Olan işdi, fikir vermə, dedim. Bir kitabdan da mən epizod danışdım. Avqustun 30-du, qapıda Hümbətin bir daranget partavoy maşını vardı, bizim uşaqlar da içində olmaqnan Saray, Müskanlıdan dolu arvad-uşaq, maşın xarab olub qalıb Xocahanda yolun içində, hamı çəkilib gedib, mən də rayondan gəlib çatıram bura, yanımızdan ötənlərin biri də saxlamır, bu hayda Cicimli Volodu tanıyırsan da, Laçın gedəndən ailə-uşağı, qoyun sürüsü ilə birlikdə bir ildən çox qalmışdı qardaşım Hümbətgildə, gördük gəldi, yanında da bilirsən kim, … bizim şair qardaşımız, boş maşın, ayə nə yaxşı gəldiniz, sizi Allah yetirib, bu arvad-uşaqdan bir hissəsi də sizin maşına minsin, maşında tros da var qoşaq bizi də çıxardın Həkəri yoluna, mən də qayıtmaq istəyirəm geri, qardaş-bacı uşaqları, bizim Fətəli qalıb rayonda, SMD-69-un anbardarı Əhməd də rayona qayıdır, onunkular da qalıb kənddə, yalvar-yaxar saxlatmışam ki maşın yerindən tərpənsin, bir yerdə gedək, nə isə  elə trosu açıb bənd eləmək istəyirdik ki, maşın yerdən götürüldü irəli, elə bil məni tok vurdu, sonra Diləli Müskanlıdan Salam dayının oğlu Tofiq gəlib çıxıb, o çəkib düz Sumqayıta qədər camaatı dartıb gətirdi, onu deyirəm; bizim ustad sənətkarımız X müəllim yazır ki, guya o qaqaş zoruna döndüyüm həmin günlər qələmi süngüyə çevirib dağlarda partizan müharibəsi aparırmış, bu da gedib çıxıb yanına, nə qədər deyib sən xalqa lazımsan, gəl gedək, deyib yox e, elə bu qayanı özümə qala qayırıb son damla qanıma qədər vuruşacağam. Sonra bir dəfə Sumqayıtda yas yerində uzaqdan məni görməyiynən aradan çıxmağı bir oldu.

 Rayonda hamının xətrini istədiyi, yaxşı adamlardan olan taksi sürücüsü Cahangir kişinin həyat yoldaşının yas yeriydi. Keçmiş 1-ci katib Ş.Yəhyayev, 2-ci katib R.Əliyev və bir dəstə adam söhbət edirdik, yenə bu məsələlərdən söz düşdü. O vaxtlar Əliyarla bizim bir çox məsələlərdə, konkret situasiyalarda tutduğumuz mövqeyi müsbət dəyərləndirib, məni də ərklə danladılar ki, sən əvvəldən axıra bu işlərin içində olmusan, o vaxtlar qəzetlərdə tez-tez yazırdın, çoxdandır ki, səsin çıxmır, indi bekarçılıqdan hərə bir kitab yazır, çap elətdirir, oxuyursan, görürsən dünən-srağagünün hadisələrinə elə don geydiriblər ki, adam xəcalət çəkir, bilmir nə desin, axı bu adamlar o vaxtlar yekə planda görünmürdülər. Amma indi…nə isə düzü bu söhbət də məni xeyli tərpətdi bu məsələləri yada salmağa.     

... 90-cı ilin Novruz bayramı bütün respublikada dilsiz sükutla, 20 yanvarın matəm kədəri ilə yola salınırdı. Qubadlıda isə süni bir bayram tamaşası yaradılmışdı. Komendant Beryozkinin arvadı, qızı nə vaxtsa Orta Asiyada gördüklərinə yenidən baxmaq arzusuna düşmüşdülər. Bir qrup vəzifəli komendantın qırmızı tuman arvadı ilə oynadılar. Sonra mehmanxanada lövbər salmış rus hərbi desantçıları meydana atıldılar. Karate və müxtəlif idman nömrələri ilə öz məharətlərini nümayiş etdirdilər. Yəqin ki, həm də xalqın gözünün odunu almaq istəyirdilər. Əliyar hardansa peyda oldu. İdmançı dostları həsrətlə onun yolunu çoxdan gözləyirdilər. Hər şeyi bir anda hazır etdilər. On iki otuz altı kiloluq daşları dəmir turbaya keçirib dişi ilə qaldırıb tulladı, boynunun ardında armaturu iki qat əydi, tam sürətlə əks tərəflərə sürət götürən iki “UAZ”ı əlləri ilə saxlayıb yerinə mıxladı, çaylaq daşlarını bir zərbə ilə parça-parça etdi. QAZ-53 markalı maşını sinəsi üzərindən keçirdi. Sonra bayaqdan meydanda hoqqabazlıq edən 10-12 nəfər seçmə rus əsgərinə yanaşdı:

-Buyurun vuruşaq, arxayın olun, çalışacam ki, öldürücü zərbələr vurmayam... Daşdan səs çıxdı, 400-ə yaxın rus hərbçisindən yox. Elə bil hamısının üstünə qaynar su ələnmişdi. Suyu süzülmüş, heyrət və həsəddən hamısının gözləri bərələ qalmışdı. Qubadlıların isə üzünə, ürəyinə bir qürur, sevinc təbəssümü qonmuşdu.

             Həmkəndlim, qohumum, rəhmətlik Q.Xəlilovun müdir olduğu “Bərgüşüd” mehmanxanasına rus hərbçiləri yerləşdirilmişdi, komandirləri osetin mayor Zavqayev ilə yaxşı əlaqə qurmuşduq, dəfələrlə onun gizli razılığı ilə Qafan, Gorusa top, raket mərmiləri yağdırılmışdı, xeyli silah-sursat əldə eləyib dar gün üçün sərhəd kəndlərində gizlətmişdik.

             93-cü il, avqustun 29-du, bazar günüdü, kənd qəbiristanlığında xaloğlu Lətifin qəbrinin üstün götürürük, Dondarlı, Mirlər, Saray camaatı kövşəndə vurhay ot biçir, dədəm də bir yandan bizi danlayır ki, gərək həmişə axıra siz qalasız, camaat ot tayaların yan-yana düzüb, sizin biçənəklər dəj qalıb. Qonşu Müskanlıda toydu, zurna-nağaranın səsi appaçıq eşidilir.Yolda üzüaşağı qaçan maşınlardan vahiməli səs-küy, qışqırıq eşidilir-ermənilər aşağıdan yolu bağlayıblar, Xanlıq yolu kəsilib, rayon mühasirədədi. Yola yendim, keçmiş milis rəisi Nadir Hüseynov qırmızı 06-da ailəliklə rayona gedir, məni də götürür, o da Xanlıqda döyüş getdiyini deyir, gəlirəm Əliyarın batalyonuna, ratsiya ilə Novlu başında postda duran komandir Sadiqlə danışıram, deyir heç nədən xəbərimiz yoxdur, sərhəddə öz yerimizdəyik, sonra briqada komandiri İlqar Məmmədovla danışıram, deyir, qorxulu bir şey yoxdur, hər şey plana uyğun gedir, bir azdan Beyləqan-Füzuli istiqamətindən “krupnı” əməliyyat başlanacaq. Filan general, bu qədər təzə tank, xüsusi təlim keçmiş batalyon...Yol boyu camaat vurnuxma, vəlvələ içərisindədir, maşını-miniyi olan üzüaşağı rayonu tərk edir, sərhəd kəndlərindən də camaat axışıb gəlir. İcra Hakimiyyətinə gəlirəm, başçının kabinetinə girirəm. Öyrənirəm ki, Ermənistanla sərhəddə dayanan Əliyarın adını daşıyan batalyondan başqa qalan 6 batalyon gecəynən bütün silah-sursat, canlı qüvvəsi ilə yuxarıdan verilən əmrlə rayondan çıxarılıb, işğal altında olan Cəbrayıl, Laçın tərəfdən postlar boşaldılıb, camaat əliyalın erməni-rus silahlı birləşmələri ilə üzbəüz qalıb. (Sonra erməninin bir məkrli, alçaq hiyləsi də üzə çıxır: üstündə Lənkəran, Gəncə, Qusar yazılmış tanklar, PDM-lər kəndlərə doluşur, ratsiyalarla təmiz azərbaycan dilində camaatı salamlayır, köməyə gəldiklərini qışqırırlar, kənd arasına toplaşanları atəşə tutur, qaça bilməyənləri əsir götürürlər. Bu səhnə eyni ilə M.S.Ordubadinin”Qanlı illər”ində də var, əsrin əvvəllərində də ermənilər kəndlərə “Allahü-əkbər” nidaları ilə girirmişlər, bu barədə verdiyim informasiya qəzetlərdə getmişdi). Mənim yanımdaca başçı hökumətin rəhbərləri ilə danışır, ona da eyni şeyi deyirlər- narahat olmayın, hərbi vertolyotlar, Ukraynadan gətirilmiş təzə tanklar köməyə gəlir ( sonralar həmin tankların elə eşelondaca dəmiryolundan keçərək Ermənistana təhvil verilməyi barədə qəzetlərdə çoxlu informasiyalar getdi ), onun vəziyyyətindən də inamsızlıq, təşviş yağır. 2-ci mərtəbədə başçının müavininin kabinetindən AzərTAc-a informasiyalar verirəm-Qubadlıda Xocalı faciəsi təkrar olunur, Qubadlı kömək gözləyir, Xanlıqda özünümüdafiə dəstələri ilə erməni-rus hərbi birləşmələri arasında qanlı döyüşlər gedir, rayon işğalın bir addımlığındadır... Sonra telefonla rəhbərliklə də danışıram, yalvarıb vəziyyəti lazımi orqanlara çatdırmağı xahiş edirəm, informasiyaları dərhal dövlət (!) rəhbərliyinə çatdıracaqlarını vəd edirlər, sonralar öyrənirəm ki, həqiqətən də həmin informasiyaların hamısı lazımi orqanlara çatdırılıb və yayılıb.

Bizim uşaqlar da hamısı kənddədir. Ancaq narahatlığım Əliyarın uşaqlarındandı. Bir də batalyona qayıdıram, Əliyarın adın daşıyan batalyonun qarşısında qoyulmuş büstü önündə yenə 2 əsgər fəxri qarovulda durublar, başıaşağı dayanmışam, bilmirəm nə deyim, istəyirəm qırxına qədər hazırladığımız muzeyindən bir neçə sənədin götürəm, əlim gəlmir. Rüzgar gəlib çıxır, Əliyarın böyük qardaşı, komandirin müavini, deyirəm Əliyarın uşaqların çıxarmaq lazımdı, cavab verir ki, axşam da söhbət oldu, anam deyir mənim ancaq ölüm burdan çıxar, yenə sən get bəlkə səni eşidələr. Gödəklər yanacaqdolduran oğlu portlu UAZ-na oturub gəlirəm kəndə evlərinə. Balış xala da, Pəri də deyir ki, qəbrimizi qazmışıq, zəhərimiz də üstümüzdə, gördük gəlirlər içib özümüzü öldürəcəyik, Əliyardan artıq deyilik ki, məsləhətdi uşaqları çıxardın, çox söz-söhbətdən sonra –erməniyə ən çox elə Əliyarın ailəsi lazımdı,-deyirəm. Görürlər ki, inciyirəm, Balış xala-mən gedirəm balamla görüşəm-qəbiristanlığa, Rüzgarı göndər gəlsin.

Əliyar Laçının, Şuşanın ermənilər əlində olmasına özünü inandıra bilmirdi, dözə bilmirdi bunun ağırlığına, özünə, qeyrətinə heç cür sığışdıra bilmirdi və bu dərd idi onu üzən, əridən...

              Əvvəllər də dəfələrlə Laçında döyüşlərdə olmuşdu. Qubadlıda sakitlik olan kimi Laçına qaçırdı, orada eşidəndə ki, Qubadlıda atışmadır, bura tələsirdi.

            ...Sentyabrın 30-u idi. Səhər saat 4.00-da öz batalyonunun 39 könüllü döyüşçüsü ilə yüngül silahlanaraq Laçına doğru hərəkətə başladı. Gözlənilməz qəfil zərbələrlə düşmənin dalbadal möhkəmlənmiş postlarını darmadağın etdi. Ağır itki verən düşmən cəsarətli partizan dəstəsinin qarşısında qorxu və vahiməyə düşüb qaçmağa üz qoydu. Xeyli döyüş sursatı, texnikası əldə edildi. Dəstə irəliləməkdə idi. Artıq üçüncü gün idi. 20-dən çox azad edilmiş kənd, Susuz dağ, Suarası yüksəklikləri geridə qalmışdı. Şimal tərəfdən, Kəlbəcərdən Laçına yaxınlaşmaqda olan hissələrin ratsiya ilə danışıqlarını tuta bilirdilər. Ermənilər bu qorxunc dəstənin cəsarəti qarşısında çaşbaş qalmışdı.

Budur, Laçın şəhərinin cənub istiqamətində Turşsu bulağının başı üzərindəki Qanlı zəmi – Şurum təpəsinə çatmağa az qalıb. Dəstə yorulub. Ancaq heç kəs yorğunluğunu boynuna almaq istəmir. Komandir isə irəliləməkdə davam edir. Buradan o yana kəsə yolla ancaq piyada qalxmaq mümkündür. Əliyarın isə səbri, hövsələsi gözləməyə, bir az dözüb dincəlməyə çatmır. Axı, qarşıdakı hündürlükdən neçə vaxtdır ki, əlcatmaz arzuya dönmüş Laçın şəhəri görünəcək. 

           Qəfil atəş səsləri elə bil hamının içini dağlayır. Sadiq: “Əliyar” çağırıb bütün gücü ilə irəli atılır, o birilər də ardınca. Ancaq... 3 oktyabr 1992-ci il saat 16.00 idi.

...Rüzgar, Tahir, Aslan, mən, bizdən qabaqda isə polis rəisi Nadirin maşını Laçına doğru qaçırıq. Təki yalan olaydı, Allah, bu xəbər... yalan olaydı, Allah!!!

           Qazıdərəsi körpüsündə başına-gözünə döyən, “Əliyar!” deyib hay-haray çəkən döyüşçü dostları komandirin, onun sədaqətli sürücüsü Əlsadətin qana bələnmiş cismi ilə qayıdırdı...

Qubadlı Mir Məhəmməd Mir Sədi oğlundan sonra belə dəfn, belə ağlartı, belə ağır dərd, itki görməmişdi.

           Televiziya, radio, qəzetlər ağır hüznlə igid komandirin ölüm xəbərini verirdi.

           Əliyar Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Oxuduğu Qəziyan kənd orta məktəbi Əliyarın adın daşıyır. İndi övladları Bakıda Əliyarın adını daşıyan küçədə dövlət tərəfindən verilən mənzildə yaşayırlar. Hər il Əliyarın xatirəsinə yunan-Roma güləşi üzrə ölkə birinciliyi keçirilir. Ancaq o, 1989-da, 90-da, 91-də də elə Qəhrəman idi, bu adı qazanmışdı, bu ada layiq qəhrəmanlıq, igidliklər göstərmişdi. Hələ sağ ikən təqdimatı yazılıb göndərilmişdi. Onun haqqında yazan jurnalistlər Əliyarın çoxdan Milli Qəhrəman adına layiq olduğunu qeyd etmişdilər.

           ...Neçə illər idi ki, evimizin, ailəmizin doğma, mərhəm bir üzvünə çevrilmişdi. Anam xəstələnmişdi. Əliyarın ölüm xəbərini nə qədər gizli saxlamağa çalışıblarsa, bacarmayıblar, deyib uşaqların başında nə hadisə var, neçə gündü yoxdular. Eşidib, zülüm-zülüm ağlayıb, ömründə bəlkə də birinci dəfə Allahdan incik olub: - Niyə mənim dualarımı, yalvarışlarımı belə kəsərsiz elədin, Allah! Balalarımın istəklisiydi, el-obanın güvənc yeriydi, niyə qıydın, Allah!

           Vaxt tapıb özünü bizə atardı, anama: - Ay nənə, bir əllərimə, üzümə, gözümə üfür, əlini sürt. Elə güclənirəm, gülləbatmaz oluram ki onda. Əliyarla anamın qırxı bir-birinə qarışdı. İki ev arasında qalmışdıq, onlar da, biz də. Və bir də anamı evimizdən son mənzilinə aparanda dəli bir istək, həsrətli bir yanğı içimi göynətdi, ürəyimi titrətdi – Əliyarı elə arzuladım ki...Qoşa qanadları qırılmış quş idim...O, hamıdan getdi, eldən-obadan getdi. Qubadlının ən ağır, çətin günlərindən getdi. Hava-cu kimi bu torpağa gərək idi Əliyar... Ancaq onun da paxıllığını çəkənlər, ölümünə sevinənlər, ad-sanını, xətir-hörmətini özünə dərd edənlər var idi. Çoxlarının murdar niyyətlərinin həyata keçməsinə maneçilik törətmişdi.

Heyf səndən, Ana torpaq, heyf ki, dilsiz-ağızsızsan, qoynunda kimlərə-kimlərlə yanaşı yer verdiyindən xəbərsizsən.

           Əliyarın ölümündən sonra Çərəli kəndində Nəsimi rayon İcra haimiyyətinin başçısı Əli Quliyevin toyunda çıxış üçün birinci söz Ağdərədə döyüşən birləşmələrdən birinin komandiri, Azərbaycanın Milli Qəhrəmanı, mayor Yusif Mirzəyevə verildi. Hamının çox yaxşı tanıdığı bu yaraşıqlı, igid döyüşçü – komandir qəhərli-qəhərli sözə başladı: Qubadlı torpağına ayaq basandan gözlərim önündə bu yurdun, Azərbaycanın əvəzsiz qəhrəmanı Əliyarın surəti dayanıb. Mən belə oğul yetirən torpağı, onu böyüdən ananın əllərini və onun uyuduğu məzarı öpüb bura gəlmişəm. Çox istərdim ki, Qubadlının hər bir xeyir-şər məclislərində Əliyarın xatirəsini yad edəsiniz, ona hörmət əlaməti olaraq ayağa qalxasınız, çünki o, belə hörmətə layiqdir. Bunu naxçıvanlı qəhrəman, bir az sonra Ağdərə rayonunun işğalçılardan təmizlənmə əməliyyatında cəbhə xəttində şəhid olan igid döyüşçü Yusif Mirzəyev danışırdı.

           Sadiq həmişə deyərdi: - bütün ölümlər mənim üçün adiləşib, hər şeyə, hamıya elə biganə, soyuqqanlı olmuşam ki, Əliyardan sonra.

Ancaq Qubadlı bir də düşmən sınağına çəkiləcəkdi və bu dəfə... Əliyarın yeri görünəcəkdi. Hamı bir də həsrətlə, kədərlə deyəcəkdi: - Heyf səndən, Əliyar! Elin bu günündə nə qədər gərək idin sən Qubadlıya...

...Əliyar adı ölümündən sonra da düşməndən intiqam alırdı. Məzarı önündə neçə-neçə istəklisi, şəxsiyyətinə, igidliyinə vurğun neçə-neçə sədaqətli döyüşçü and içib döyüş xəttinə yollanırdı. Onun ölüm xəbərini eşidən Azər, Sahib... yaxın dostlarına demişdilər ki, Əliyar müəllimin qanını almağa gedirik. Qayıtmasaq, bizi də onun yolunda şəhid sayarsınız. Ölümünün 7-ci günü qayıtdılar. Əliyarın bir neçə gün əvvəl təmizlədiyi Laçın torpaqlarına yenidən murdar ayaqlarını basan ilk dörd erməni kəşfiyyatçısını qolubağlı özləri ilə gətirmişdilər. Əliyargilin həyətindəydik, qulağım çaldı ki, məzarı başında qan axıtmaq istəyirlər. özümü yetirdim, dilləri tutulmuş, rəngləri sapsarı ölüm rəngi almış gənclər idi. İnandırdım ki, bu düzgün yol deyil, əsirlikdə nə qədər girov, əsirlərimiz, qız-gəlinlərimiz var, bir xəbər öyrənmək üçün neçə rayondan dogma-əzizləri günlərdi ev-eşiklərindən olub buralarda qalırlar, görün neçəsinə azadlıq verə bilərik, Əliyarın ruhuna, adına bundan böyük daha nə etmək olar?! O cür də etdik. Əliyar ölümündən sonra da neçə adama həyat verdi…

Əliyarın qədir-qiymətini bilmək üçün onun ölüm xəbərini eşidib respublikanın bütün güşələrindən dəfninə toplaşanları, adını, igidliyini eşidib üzünü görməyənlərin dərd, qəm yükünü, aramsız insan axınını, adlı-sanlı güləşçi-pəhləvanların hönkürtüsünü görmək bəs idi. Qubadlılar beş ildən bəri davam edən müharibədə ən böyük narahatlığı, rayonu itirmək qorxusunu Əliyarın ölüm xəbərini eşidəndə çəkdi. Düşünürəm ki, nə vaxtsa, tarixin bu sınağından üzüağ çıxa biləcək, Əliyarın bu savaşın qələbə mücəssəməsi kimi heykəlləşməyə hamıdan daha çox haqqı, mənəvi hüququ ola bilər.

...Balış nənə-Əliyarın kişi qeyrətli, dəyanətli anası da dözə bilmədi ən istəkli oğlunun əbədi uyuduğu torpağa çatmağa, səbri-hövsələsi yetmədi, elə Əliyarın ölümünün ildönümü  günü onun da ruhu göylərə uçdu. Daha bir il ötdü, bacısı da dünyadan köçdü, beləcə illər ötdükcə doğma və əzizlərinin məzarlarına, torpağına qovuşmaq həsrətilə yaşayanların sıraları seyrəlir...

Pəri bacı, Emin, Pərvanə, Yusif- Əliyarımızın yadigar övladları! Bacıları, doğma və əzizləri! Hələ ki, yanınızda başımız aşağı, üzümüz qaradır. Əliyarın qanı tökülən, uğrunda qurban getdiyi Laçın yurdu, cisminin uyuduğu Qubadlı düşmən tapdağında, yağı əlindədir. Əliyarı son nəfəsdə bağrına basan, qanını sinəsinə çəkən torpağa üz sıxıb ürəyinizə təpə bilməmisiniz, bu da bir niskilli həsrətdir qəlbinizdə...

Günahı bütün Azərbaycanımızın boynundadır. Təki bu ağır həqarətin altından çıxa biləydik...

AzTv-nin yaddaşında qalmış, dəfn günü, məzar başında deyilən son sözüm: “- Bu gün Azərbaycan özünün ən ağır, əvəzsiz itkilərindən birini verir. Qubadlı torpağı bu itki ilə bu gündən daha da şərəflənir, müqəddəsləşir, ucalır.

Qubadlı torpağını beş ildir ki, Əliyar özünün, əzizlərinin canından, həyatından daha çox sevə-sevə, göz bəbəyi kimi qoruyurdu. Ana öz dilsiz körpəsini necə sevib qoruyurdusa, Əliyar da bur torpağı o cür sevib qoruyurdu. Azərbaycanın Laçın itkisinin ağırlığına dözə bilmədi, dözə də bilməzdi Əliyar. Beş ay düşmən tapdağında qalan Laçının böyük bir hissəsini cəmisi üç günə düşmənlərdən təmizləməklə Əliyar həm Azərbaycana, həm də Ermənistana dərs verdi.

           İtkimiz elə ağırdır ki, hər cür təsəlli bu gün mənasız görünür. Nə vaxtsa, Əliyarın uğrunda qurban getdiyi Laçın da, Şuşa da yağı düşməndən təmizlənəcək, azad olunacaq, fəqət Əiiyarımızın getdiyi yol, bu gün köçdüyü yurd əbədidir, o yoldan geri qayıtmaq yoxdur.

           Əliyar bu torpağı qoruduğu kimi biz də onu qorumalı idik, acı təəssüflər olsun ki, qoruya bilmədik. Bağışla bizi, qardaş, sən yaşamağa hamımızdan çox haqlı idin bu torpaqda.

           Əliyarın şəhid ruhu dilə gəlsə, yəqin ki, hər birimizə bu sözü deyər: - Mənim nəşim uyuyan, dirilərə əmanət verdiyim bu torpağa düşmən ayağı dəyməməlidir.

           Əliyarın pak ruhuna hamımız borcluyuq, bu borcdan yalnız bu torpağı namusla qorumaqla çıxa bilərik.

Əliyar,

Heyran idi yer də, göy də

Yaraşıqlı, boy-buxuna

Dözəmmədi ana torpaq

Çəkdi səni ağuşuna.”

    10-12 dekabr 1993-cü il