10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistanı arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində məxsusi yazılmışdı: «Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır».
Bu barədə rus, erməni, azərbaycan mətbuatı ilə yanaşı Fransanın paytaxtı Parisdə çıxan "L,OEUVRE" qəzetinin 1920-ci il 1 iyul tarixli nömrəsində də materiallar dərc olunmuşdu. "Entre Russes et Armeniens" başlıqlı məqalədə yazılırdı: "Rusiya Zəngəzuru erməniləşdirdi. Ermənistan Respublikası ilə Azərbaycanın tatarlar (azərbaycan türkləri) yaşayan bölgəsinin Ermənistana verilməsi barədə müqavilə imzalandı."
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu öz qərarı ilə Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmiş, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinin siyasi-hüquqi əsasını hazırlamışdı. Yəni Zəngəzurun Ermənistana verilməsi 1918-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüzü, qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini devirməsi, Rusiyanın çarizm dövründə olduğu kimi, Qafqazda yenidən hər şeyi öz işğalçı imperiya, müstəmləkə, anti-türk, xristian təəssübkeşliyinə əsaslanan dəyişməz siyasətinə uyğun təkbaşına həll etməsinin nəticəsi idi.
Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qafbüronun üzvlərinin birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi.
İ.Stalin Bakıda AK (b)P MK və Bakı komitəsinin 1920-ci il 9 noyabr tarixli birgə plenumunda – RK(b)P MK Qafqaz Bürosu, Azərbaycan İnqilab Komitəsi, Bakı Soveti və s.-nin
nümayəndələrinin iştirakı ilə birgə «Zəngəzur məsələsi»nin müzakirəsi zamanı söyləmişdi: «əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada Sovet hökuməti yaranarsa, vermək olar». Onun belə bir mövqeyini bir sıra digər mülahizələrlə yanaşı, həm də «Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm. Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz» kimi məkrli fikri ilə izah etmək mümkündür. Rusiya bolşevikləri Azərbaycan-Ermənistan münasibətlərində birmənalı şəkildə erməniləri dəstəkləyirdilər.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi –əhalisinin guya kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölündü. Bu «tarixi» qərarları verənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir; S.Orconikidze, Sarkis-S.Ter-Danielyan, Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və b. Həmin iclasda 3-cü məsələ kimi «Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sosvet hakimiyyətinin elan olunması haqqında teleqramı» müzakirə edilmiş və qərar çıxarılmışdı. Həmin qərarın «v» bəndində yazılmışdı: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir”. İclasın və qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində («q») öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə yazılırdı: d). Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir; e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin). «J» və «İ» bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.
1920-ci il dekabrın 1-də Bakı Sovetinin məxsusi olaraq Ermənistanda Sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli «tarixi» iclasında N.Nərimanov xüsusi bəyanatla çıxış etdi: «Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın - kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanın qoşunları isə buradan çıxarılırlar; Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin - neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır....”
Bakı Sovetinin həmin iclasının yekdilliklə qəbul olunan qətnaməsində «Nərimanovun Bəyanatı»nın tamamilə bəyənildiyi bildirilir və onun «...Ermənistanla müsəlman dünyası arasındakı çoxəsrlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı qeyd edilirdi».
M.Ə.Rəsulzadə, Stalin və Orconikidzenin Zəngəzurun ermənilərə verilməsinə dair “Nərimanov bəyanatı”na münasibəti maraqlıdır. İ.Stalin bu hadisəni belə «izah» etmişdi: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir». S.Q.Orconikidze Bakı Sovetinin həmin iclasındakı çıxışında «əzabkeş erməni xalqının» Sovet hakimiyyətinin bayrağı altına gəlməsini alqışlayaraq bu bəyanatı «bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt» kimi qiymətləndirmişdi. Həmin çıxışında o, Azərbaycanın strateji bölgələrinin əhəmiyyətini azaldaraq demişdi: «Zəngəzur, Naxçıvan və Qarabağ ruslar üçün heç nə deməkdir. Zəngəzur məhsulsuz dağlardır, taxılı yox, suyu yox, Naxçıvan bataqlıq və malyariyadan başqa bir şey deyildir, Qarabağda da heç nə yoxdur. Və budur yoldaş Nərimanov deyir: «Onları özünüzə götürün. Bu məhsulsuz torpaqları Ermənistan üçün götürün». Sanki Sovet Azərbaycanı artıq yükdən xilas olur». Q.Orconikidze elə həmin gün PK(b)P MK Qafqaz Bürosunun üzvü-erməni kommunistlərinin liderlərindən biri olan Nazaretyana məlum Bəyanat barədə xəbər yetirdikdə o, «mətbuatda «Bərəkallah, azərbaycanlılar!»- deyə car çəkməyə başlayacağıq - cavabını vermişdi. S.Orconikidze 1920-ci il dekabrın 2-də Bakıdan V.Leninə və İ.Stalinə teleqramında «Azərbaycan artıq dünən Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini rəsmən bəyan etmişdir» xəbərini çatdırmışdı.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycan torpaqlarının ermənilərə verilməsinə dair yazırdı: «Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını təntənəli bir sürətdə Ermənistana hədiyyə etdi».
Rus bolşeviklər rus işğalına qarşı qəti mübarizə aparan Njde, Dro kimi generalların əsas söz, nüfuz sahibi olduğu Ermənistanı sovetləşdirməyin asan yolunu tapmışdılar- Azərbaycan torpaqları hesabına Ermənistanın "böyüdülməsi", ermənilərin şirnikləndirilməsi. Həm də 1918-ci ilin iyunundan başlayaraq Osmanlı ordusunun Azərbaycana hərəkəti, erməni, ingilis, rus silahlı qüvvələrini qovub Bakını və bütün Azərbaycanı xilas etməsi də Moskvanın yaddaşında idi, belə bir vəziyyətin təkrar olunma ehtimalını aradan qaldırmaq üçün Osmanlı dövləti ilə Azərbaycanın quru əlaqəsini kəsmək, ərazi bütövlüyünü parçalamaq lazım idi. Anadoluda 6 vilayəti birləşdirməklə müstəqil Ermənistan dövləti yaratmaq planları pozulan ABŞ, Böyük Britaniya, Fransa, Rusiyanın həmin ssenarinin Qafqaza - Azərbaycan türklərinin tarixi torpaqlarına keçirmək hesabına kompensasiya etməkdən razı qalacağı da nəzərə alınmışdı. Acı təəssüflər və yazıqlar olsun ki, rus bolşeviklərinin məxsusi hörmət izzətlə Həştərxandan XI qırmızı ordunun vaqonunda bəh-bəhlə Bakıya gətirib Xalq Komissarları Soveti sədri kürsüsündə oturtduğu nəcib insan, istedadlı yazıçı, millətsevər Nəriman Nərimanov və ətrafındakılar erməni kommunist həmkarlarının sərgilədiyi qətiyyəti, siyasi iradəni göstərə bilmədi, müqaviməti zəif, yetərsiz oldu, rus-erməni planlarının Azərbaycanın və özlərinin başına gətirəcəyi faciələri vaxtında görüb dəyərləndirə bilmədilər.
Məhz bu amili nəzərə alaraq, mübahisəli elan edilmiş ərazilərdə əlavə gərginliyə yol verməmək üçün Moskvadan gələn təlimat üzrə, AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında «Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili» haqqında qərar qəbul edildi. Yenə yetərincə təsirli, istədikləri kimi olmadı, bir qismi eləcə kağız üzərində qalmışdı.
İrəvandan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərindən N.Nərimanovun adına gələn 28 mart 1921-ci il tarixli, 477 №-li məxfi məktubda yazılmışdı: “Ermənistan KP MK-nin sədri sizdən xahiş edir ki, təcili olaraq Zəngəzur mahalının Azərbaycan hissəsinin Qubadlı qəzasından aşağıdakı əksinqilabçılar təcili olaraq geri çağırılsın: 1) Xudabaxış bəy Sultanov (İnqilab komitəsinin sədri), 2) Aslan bəy Sultanov (qəza milis idarəsinin rəisi), 3) Behbud bəy Sultanov (istintaq komissiyasının üzvü), 4) İsrafil bəy Sultanov (baş milis işçisi, yəni qəza milis idarəsinin cinayət axtarış şöbəsinin rəisi), 5) İsfəndiyar bəy Hocaxanski (qəza milis idarəsinin sahə müvəkkilləri şöbəsinin rəisi). Zəngəzurun bütün məsul şəxslərinin və şəxsən mənim xahişimə əsasən yenidən İnqilab Komitəsinin aşağıdakı tərkibdə təşkil olunmasını təklif edirik: 135 İnqilab Komitəsinin sədri Nəzər Heydərov, onun yoldaşları Oruc Babayev, katib Canbin Möminov, milis rəisi Əli Şərifov. Onlar Xalq Daxili İşlər Komissarlığının mandatları ilə təmin edilsin və yoldaş Baqramova verilsin ki, adları çəkilən yoldaşlara təqdim etsin. Əsli ilə düzdür. MK Dəftərxana müdiri A. Karinçova”. Bu məktub-tələb dərhal eynilə icra olunması üçün N.Nərimanovun dərkənarı ilə Xalq Daxili İşlər Komissarı Həmid Sultanova tapşırıldı və yerinə yetirildi, bununla da yuxarı Zəngəzurun ermənilərə verilməsi üçün maneə aradan qalxdı, yaşıl işıq yandırıldı.
1921-ci ilin 3 iyununda RK[b]P MK Qafqaz Bürosu Stalinin iştirakı ilə iclas keçirib məxfi qriflə Zəngəzur məsələsini müzakirə etdi, Zəngəzurun Ermənistana birləşdirilməsi barədə qərara təkrar baxıldı. Bu iclasda bir nəfər də olsa azərbaycanlı, müsəlman yox idi. Əsas məqsəd yenə də cızılmış ssenarini başa çatdırıb reallaşdırmaq idi; Azərbaycanla Osmanlını bir-birindən ayırmaq, arada paz, kardon Ermənistanın ərazisini genişləndirmək, gücləndirmək, sözəbaxan Azərbaycanı zəiflətmək idi.
Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində saxlandı, 3.637 kv.verstlik hissəsi - 4505 kvadrat kilometr ərazisi Ermənistana verildi.
Xatırladaq ki, XIX əsrin sonlarında, hətta indiki İran və Türkiyə ərazsisindən çarizmin müstəmləkə siyasətinə uyğun olaraq Qarabağa, o cümlədən Zəngəzura çox sayda erməni ailələrinin köçürülməsindən, ən münbit, səfalı torpaqlarda yerləşdirilməsindən sonra belə Zəngəzurda ermənilər həmişə azlıqda qalmışlar; qəzadakı 326 kəndin yalnız 81-də ermənilər yaşayırdı. 1 yanvar 1886-cı il tarixinə Yelizavetpol quberniyası əhalisinin qəzalar üzrə bölgüsündə Zəngəzurun sahəsi 6 644 verst, əhalisi 96 902 nəfər olmuşdur. 161 dövlət kəndindən 111-i müsəlman, yalnız 49-u erməni kəndi idi. Əhalinin 38 712-i müsəlman, 30 850-i erməni idi.
1933-cü ildə Zəngəzurun Azərbaycandan zorla qoparılaraq Ermənistan SSR-ə verilmiş hissəsində Qafan, Gorus, Sisian və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində Zəngilan (707 kv.km), Qubadlı (802 kv.km), Laçın (1835 kv.km) rayonları yaradıldı. Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Şura Hökumətinin tərkibində mövcud olmuş Zəngəzur qəzası coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silindi.
Moskva ilə Yerevan hətta bununla da kifayətlənmədi; 70 il fasilə vermədən SSRİ dağılana qədər, I Qarabağ müharibəsindən sonra ta 27 sentyabr 2020-ci il Vətən müharibəsinə qədər Azərbaycanın bütün sərhəd xətti boyunca torpaqlarımızın hissə-hissə zəbt edilməsi, eləcə də içərisindəki xain planla yaradılmış Dağlıq Qarabağ və Naxçıvan muxtariyyətləri də daxil, 1988-ci ildən Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, 7 rayonumuzun 28 il davam edən və bu gün də əsir, girov saxlanan Xankəndi, Xocalı, Xocavənd, Agdərənin işğalı, bütün bunlar eyni ssenarinin, zorakı işğal, təcavüz, daha çox torpaq, ərazi qoparma siyasətinin davamıdır.
1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin də ələ keçirilməsinə, genişlənməyə başladı: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2 ), Naxçıvan MSSR-dən 657 km2 , Zəngəzurun Mehri rayonundan Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Mehri kəndlərinin Ermənistana verilməsi rəsmən təsdiqlənmişdi. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2 -ə çatdırıldı. 1923-cü ilin iyununda Şuşa, Cəbrayıl, Qubadlının 169 kəndi, sonralar daha 31 kəndi DQMV-ə verildi, bu kəndlərin əksəriyyətində ermənilər yaşamırdılar. Əhalisnin 90 faizi azərbaycanlılardan ibarət olan Göyçə mahalı Ermənistana verildi. Az.K(b)MK-nın 25 dekabr 1924-cü il tarixli iclasında Azərbaycanın Qubadlı və Ermənistanın Zəngəzur qəzası arasında 136 sərhəd mübahisəsinə baxılır və...ermənilərin 13 kənd üzrə tələbi qəbul olunur. Moskvanın təzyiqi, məkrli planları, sırf xristian təəssübkeşliyi, ermənipərəstliyi, imperiya maraqları və “sapı özümüzdən olan baltaların” şərəfsiz xəyanətləri nəticəsində ermənilər dəfələrlə Azərbaycandan torpaq qoparmışdılar; Şuşa qəzası torpaq şöbəsinin müdiri Roqozinin 26 iyul 1923-cü il tarixli məruzəsində göstərilirdi ki, Zəngəzur və Şuşa qəzalarının tərəkəmələri arasında sərhəd mübahisəsinin həlli zamanı silahlı toqquşma baş verməsin deyə, 20 yaylaq ermənilərə verilmişdir.
1928-ci ildə Gədəbəyin ən səfalı kəndlərindən - Başkənddən 4400 hektar, 1968-ci il Şınıx zonasında yerləşən Tağlar, Qaravəllilərdən bundan da çox torpağı alıb Ermənistana verdilər. XX əsrin 90-cı llərində hadisələr yenidən başlayana kimi Başkənddə 10 mindən çox erməni yaşayırdı. Bu kəndi kənardan gələn ermənilər alınmaz qalaya çevirmişdilər. Kəndin ətrafinda səngərlər qazılmış, istehkamlar qurulmuşdu. 7 may 1969-cu ildə rəsmi Bakının qərarı ilə Laçının nadir guşələri-Qaragöl və ətraf yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olmuşdu. Ermənilər 20-ci illərə aid xəritələri Bakı, Tiflis və Moskvadakı arxivlərdən oğurlayıb, yerinə düzəltdikləri saxta tarixlə yeni sənədlər tərtib etmişdilər. Faciəyə baxaq; bu sənədlərə qol çəkənlər Azərbaycandan MİK-in o vaxtki işlər müdiri Qadaqçayan, Moskva və İrəvan tərəfdən isə Qriqoryan, İsaxanyan, Qalustyan, Çerekeşvili, Metreveli, Akopcan, Karkaşadze, Matekeviç, Kotyuk, Tatulov və Komarovski olmuşlar. Azərbaycan rəhbərləri bu ümummilli xəyanətdən dövləti cinayətdən guya ki xəbəsizlərmiş kimi adlarını bu imza siyahısına saldırmayıblar, qərar isə ən yüksək səviyyələrdə razılaşdırılmışdı.
1980-ci illərdə Laçın və Qubadlının yenidən ən səfalı guşələri yenə qoparılmışdı. Bunlara müqavimət göstərənləri isə müxtəlif adlarla həbsxanaya atırdılar. Moskvanın təzyiqi qarşısında müti icraçılara çevrilən, bununla da vəzifədə qalma sürəclərini bir az da uzadan, vəzifə kreslosunu vətənə, xalqa yox, Moskva, Yerevan, Tbilisidən gəlmə tapşırıqların itaətkar xidmətçilərinə çevirən respublika rəhbərləri hər torpaq bağışlama prosesində xalqı ayağa qaldırmaq əvəzinə, xalqın qəzəbini, mübarizə ruhunu hər cür inzibati yollarla söndürməyə, gizləməyə çalışırdı. 1980-ci illərdə ermənilərə Zəngəzurda təkcə Qaragöl-İşıqlı səmti deyil, Qubadlının strateji əhəmiyyətli yüksəklikləri, bənzərsiz nadir təbii gözəlliklərlə dolu Şurnuxu, Şamsız, Qurdbulağı, Ağbulaq, Şahverdilər kəndləri, Kəpəz dağı, Çayzəmi, Vəli düzü, Yazı düzünün bir hissəsi də qoparılıb verildi. Təəssüflər ki, bu ərazilər indiki danışıqlarda unudulmuş kimi görünür.
Ötən il noyabrın 9-da imzalanmış 3 tərəfli bəyanatdan sonra Cənubi Qafqaz regionunda yeni situasiya yaranmışdır. Azərbaycan Dövləti, Hökuməti, Parlamenti Rusiya və Azərbaycan bolşeviklərinin xalqımızın iradəsi əleyhinə olaraq verdikləri, heç bir hüquqi qüvvəsi olmayan qərarları ləğv etməli, xalqımızın və müstəqil dövlətimizin həmin torpaqlara qarşı iddialarını beynəlxalq hüquqa uyğun şəkildə sənəd-sübutlarla rəsmiləşdirərək hüquqi prosedurlara başlamalıdır.
Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru