Xocalı faciəsi bəşər tarixində törədilmiş ən ağır, ən dəhşətli soyqırımı aktlarından biridir. Dinc, günahsız mülki əhalinin bu qanlı qətliamı ermənilərin öz hərbi-siyasi havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi, erməni vandallığının bariz nümunəsidir. Çünki, söhbət həlak olmuş dinc sakinlərin sayı ilə yanaşı, törədilmiş qətliamın insanlığa sığmayan mənzərəsindən gedir. Xatın, Lidisa, Oradur soyqırımı kimi qanlı olayların heç birində körpə uşaqlara, yaşlı insanlara, qadınlara belə amansız vəhşilik törədilməyib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı alayının hərbi texnikası 3 min nəfərin yaşadığı Xocalı şəhərini toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saat davam edən atəşə tutdular. Ardınca silahlı piyadalar 3 tərəfdən şəhərə yeridildi. Sağ qalan əhali yalnız qarlı-şaxtalı gecədə Əsgəran istiqamətində qaçmağa məcbur oldu. Bu da məkrli hiylə idi. Naxçıvanlı kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfındən kəsildi, gülləbaran edildi. Xilas olmaq üçün qarlı aşırımlara və meşələrə üz tutan zəifləmiş, taqətdən düşmüş insanların bir hissəsi də Əsgəran-Naxçıvanlı düzündə gözlərini qan örtmüş, vəhşiləşmiş erməni silahlı dəstələri tərəfındən xüsusi qəddarlıqla məhv edildi. Şəhərdə zirzəmilərdə gizlənməklə nicat tapmağa çalışan əhalinin bir hissəsi insan ağlına sığmayan üsullarla təcavüzə məruz qalıb öldürülür, ya da əsir götürülür, əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilirdi. Ermənilər aşağıdan uçan vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrlə öldürürdülər.
Rusiyanın “Memorial” hüquq-müdafıə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyidi gətirilmiş, onlarla meyidin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyid (130 kişi və 51 qadın, о cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinə nəinki kömək edə, hətta meyitləri də götürə bilmirdi. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafızəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlər daha dəhşətli mənzərənin şahidi oldular; meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edildi. Əsir götürülən 4 mesxeti türkünün və 3 azərbaycanlının erməni qəbrinin üzərində başı kəsilmiş, daha 2 azərbaycanlının isə gözləri çıxarılmışdı.
Bu vəhşiliklər haqqında xarici jurnalistlərın çox sayda yazıları dünyaya yayıldı. Məsələn: Krua l 'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il, “ Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.” Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il, “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.” Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il, “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.” Tayms qəzeti (London), 4 mart 1992-ci il, “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.” İzvestiya (Moskva), 4 mart 1992-ci il, “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.” Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il, “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.” İzvestiya (Moskva), 13 mart 1992-ci il, “Mayor Leonid Kravets: Mən Şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.” R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti martin 1-də hadisə yerindən xəbəri bu başlıqla yaymışdı: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.”
Xocalının işğalına dair istintaq materiallarından:
Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir. Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı о həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, о cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin, həyasızcasına məhəl qoyulmamasıdır. Hücumda həmçinin mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan Ermənistanın müdafiə naziri olub) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur. onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər; 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir; 487 nəfər yaralanmışdır, onlardan; uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür; 150 nəfər itkin düşmüşdür: 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır. Bu rəqəmlər Ermənistan SSR-nin dəstəyi və SSRİ rəhbərliyinin səhlənkarlığı ilə 1988-ci ildə başlamış və Azərbaycan SSR-nin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli, qanlı faciəsindən xəbər verir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir.
Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.
20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul olunub.