Müəllifdən: “Sofulular” kitabı İdrak Rəhimoğlunun imzası ilə 2017-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olinmuşdur. Kitabın redaktoru, ön söz və “Qubadlı sofulularının tarixindən” fəsli və “Sofululara məxsus bəzi dialekt sözləri”nin müəllifi Xeybər Göyyallıdır. Kitab az tirajla nəşr edildiyindən bir çoxları onu əldə edə bilməmişlər.Sofulu tayfasına mənsub olanlar, o cümlədən həmkəndlilərimin bir çoxu kitabı məndən istəsələr də, ancaq məlum səbəblərdən kitabı onlara vermək imkanından çox uzaq olmuşam. Adıçəkilən kitabdan “Qubadlı sofulularının tarixindən” fəslinin oxucuların diqqətinə indi təqdim etməyim heç də təsadüfi deyildir...
Torpaqlarımız işğaldan azad olunub, əhali doğma yurd-yuvasına qayıdacağı günü həsrətlə gözləyir. Vandal hay sürüsü tərəfindən doğma el-obada nə varsa dağıdılmış, gözəçarpan hər şey viranə qoyulmuşdur.Canlarında-qanlarında doğulandan vəhşi qanı daşıyan hay sürüsü yurd-yuvanı, ev-eşiyi, tarixə şahidlik edən mədəniyyət abidələrini yerlə yeksan etsə də, bir çoxunu aparsalar da, ancaq babalarımızın ən böyük əmanəti olan qara torpağa sahib çıxa bilmədilər. Bizə o qara torpaq- o məkan lazımdır. O coğrafiyada hər qarış torpaq, daş-qaya, dağ-dərə özündə bir tarix yaşadır. 27 illik ayrılıq o torpaqları görməyən yeni bir nəsli araya-ərsəyə gətirib. Əminəm ki, təqdim edəcəyim bu tarixi oçerk həmin torpaqları görməyən, o torpaqlardan uzaqlarda anadan olan gənc nəsil üçün faydalı olacaqdır. Mənbə: https://www.facebook.com/xeyber.goyyali.7/posts/529408878464259
“Sofulular” kitabından
Ön söz
Etnogenizin formalaşması illərin yox, min illərin , əsrlərin işidir. Tarixin birmənalı təsdiq olunmuş həqiqətidir ki, xalqların yaranması , təşəkkül tapması və bir millət kimi formalaşmasında müxtəlif tayfalar bu və ya digər formada iştirak etmişlər. Zaman- zaman ideoloji rıçaqların sərtliyindən və bəzi mənəvi qısqanclıqlardan qədim türklərin, o cümlədən Azərbaycan türklərinin etnogenizində iştirak etmiş tayfaların (əlbəttə, biz burada böyük tayfaları nəzərdə tuturuq) keçib gəldiyi tarixi yol və onların özəlliklərinin öyrənilməsinə məqsədli şəkildə icazə verilməmişdir. Xalqın öz tarixini bilməsi özünüdərkdir.Özünüdərk isə milli qürurdur.
Qədim türklərin, o cümlədən Azərbaycan türklərinin etnogenizində iştirak etmiş böyük tayfalardan biri də sofulular olmuşdur. Sofuluların böyük tayfa olduqlarını sübut edən ən tutarlı və gerçək fakt onların bu gün də yaşadıqları coğrafi ərazinin genişliyidir. Sofulular lap qədimdən Şərqi Anadoludan başlamış Azərbaycanın Zəngəzur, Qubadlı, Cəbrayıl, Ağdam , Tovuz və Qazax bölgələrində məskunlaşmışlar. Böyük ehtimalla deyə bilərik ki, sofulu tayfaları Anadoludan Azərbaycan ərazisinə bu və ya digər tarixi hadisələr səbəbəbindən təşrif buyurmuşlar.Tarixən vahid coğrafi məkanda yaşamış Azərbaycan və Anadolu türklərinin yeganə inteqrqasiyası Zəngəzur və Naxçıvan ərazisi vasitəsilə gerçəkləşmişdir . Bu da təsadüfi deyildir ki, sofulular Azərbaycan ərazisində daha çox Zəngəzur bölgəsində (Qafan, Sisyan , Qubadlı , o cümlədən Cəbrayıl rayonlarında) yaşamışlar.Sofuluların Zəngəzurda məskunlaşmasının ikinci səbəbi qədim kəngərli tayfaları ilə bağlıdır.Bilirik ki, kəngərli tayfaları Naxçıvanın əzəli və əbədi sakinləridir.Tarixi mənbələrin yazdığına görə, sofulular kəngərlilərin bir qolu olmuşdur.Kəngərlilər isə qədim peçeneklərin ( üç okların) genetik davamçılarıdır.Sofuluların böyük tayfa olduğunu bir çox tarixi mənbələr birmənalı şəkildə etiraf etmişdir. Hətta böyük sovet xalqını formalaşdırmağı qarşısına ciddi bir hədəf qoymuş nəhəng Sovetlər Birliyinin bir çox mötəbər mənbələrində sofulu tayfaları haqqında ensiklopedik məlumatlar verilmişdir.Belə etibarlı mənbələrdən biri 1984-cü ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasıdır. Həmin ensiklopediyanın 1984-cü ildə nəşr edilmiş 8-ci cildinin 595-ci səhifəsində xəsisliklə də olsa üçcümləlik bir məlumat verilmişdir:”SOFULULAR-Azərbaycanlıların etnogenizində iştirak etmiş kəngərlilərin bir qolu. Əsasən Zəngəzur və Qazax qəzalarında yaşamışlar. Sofular (Tovuz rayonu), Sofulu (Ağdam, Qazax və Cəbrayıl rayonları) kəndlərinin adı ehtimal ki, sofulularla əlaqədardır”.
Səmimi etiraf edim ki,sofulu tayfaları haqqında mən 1990-cı illərdə araşdırmaya başlamaq niyyətinə baş vurmuşam.Həmin illərdəki cəhdim bu və ya digər səbəblərdən yarımçıq qalmışdır.Düzdür, qəzet məqalələri və kitablarımda epizodik şəkildə olsa da mövzuya toxunmuşam..Sofulular haqqında tarixi fakt və hadisələrin tədqiqata cəlb olunması və kitab halında nəşr edilməsinin təşəbbüskarı İdrak Rəhimoğlu oldu.Oxuculara təqdim olunan bu kitab qədim türklərin, o cümlədən Azərbaycan türklərinin etnogenizində iştirak etmiş sofulu tayfaları haqqında ilk sanballı tədqiqat əsəridir.Onu da tam səmimi qeyd edim ki, sofulular barədə bu dəyərli tədqiqat əsərinin meydana gəlməsində müəllif İdrak Rəhimoğlu gərgin əmək sərf etmişdir.
Sofulular haqqında ilk tədqiqat əsəri olan bu kitabda yetərincə tarixi mənbələrə istinad olunmuşdur. 16-18-cı əsrlərə aid Türkiyə ( “Urud və İsgəndər livasının müfəssəl dəftəri”, “İrəvan əyalətinin icmal dəftəri”, 1727-ci ildə Osmanlı dövləti tərəfindən rəsmiləşdirilmiş Zəngəzur mahalının əhali və təsərrüfat siyahıyaalınması, “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və s.) və Çar Rusiyasına məxsus (1893-cü ildə rus məmurları tərəfindən tərtib edilmiş əhali və təsərrüfat göstəricilərinin statistik sənədləri və s.) tarixi sənədlərdən istifadə edilmişdir. İdrak Rəhimoğlu tarixi mənbələrdən vaxtilə istifadə etmiş müəlliflərin bilməyərəkdən təkrarladıqları bir səhvə ustalıqla düzəliş etməklə, əsl tarixi faktı ortaya qoymuşdur. Bəzi Türkiyə və rus mənbələrində Zəngəzurda məskunlaşmış əhalinin mənsubiyyəti xristian kimi göstərilmişdir. Tarixi mənbələrə istinad edən bəzi tədqiqatçılar mexaniki olaraq həmin xristian əhalini erməni kimi vermişlər.Çox doğru olaraq, İ.Rəhimoğlu həmin əhalinin albanmənşəli olduqlarını vurğulayır.Tarixdən məlumdur ki, Zəngəzur (Sünik) qədim Qafqaz Albaniyasının vilayətlərindən biri olmuşdur. Bu qədim diyarda vaxtilə xristian albanlar da yaşamışdır. Azıb-təzmiş qriqorian haylar isə buraya çox-çox sonralar gəlmişər.
Oxucular kitabda sofuluların yaşadığı geniş cöğrafiya, onların adət-ənənəsi, məişəti, təsərrüfat həyatı, yaşam tərzi , dialekt sözləri və s. ətraflı tanış olcaqlar.Sofuluların özünəməxsus cəhətləri çoxdur.Onlar məskunlaşdıqları coğrafiyada kompakt halında yaşamışlar.Sofulu kəndləri salındıqları bütün coğrafi məkanlarda bir-birinə yaxın ərazilərdə yerləşmişdir. Bu ənənə Qafan , Sisyan, Qubadlı, Cəbrayıl , Ağdam və b.yerlərdə qorunmuşdur.Diqqətli oxucu kitabı oxuyarkən sofulularda bu eynilik və oxşarlıqların əyani şahidi olacaqdır.Geniş bir coğrafiyada məskunlaşmış sofuluların toponimləri ( Ağyol,Qaraquzey, Sarıdərə, Qanlı zəmi, Haça qaya,Yeməzli yeri //yurdu,Taxtalar və s.) oxşar və dialekt sözləri isə yüzdə-yüz eynidir.Bu səbəbdən müxtəlif bölgələrdə icma halında yaşayan sofuluların hər birinin ayrıca dialekt sözlərinin verilməsinə ehtiyac duyulmadı.Bir nümunəyə diqqət yetirək. Ədəbi dildə itburnu kimi sabitləşmiş itburnuya Azərbaycanda yalnız sofulular həmərsün deyirlər. Bu sözlə bir qədər maraqlandıqda Anadolu türklərinin də eynilə həmərsün dediklərini öyrəndim.
Sofulular inanc və etiqadlarında da eynilik nümayiş etdirirlər.Onlar yaşadıqları ərazilərdəki ocaq , pir və övliyalara könüldən-qəlbdən bağlı olmuşlar. Bir də yaşadıqları coğrafi məkandan asılı olmayaraq, sofulular Sisyandakı Qırxlar pirinə,Qubadlıdakı Mir Sədi ağa ocağına, Cəbrayıldakı Hacı Qaraman pir və ocağına və Ağdamdakı Qara Pirimə inanıb , ziyarət ediblər. Bütün bu eyniliklər –adət-ənənəyə, mənəvi dəyərlərə bağlılıq göstərir ki, sofulularda genetik yaddaş kifayət qədər möhkəmdir.
Əminliklə söyləmək olar ki, sofuluların tarixindən bəhs edən bu kitab tarixşünaslıq elminə dəyərli bir töhfə olacaqdır.Belə ki, sofuluların tarixini Azərbaycan xalqının tarixindən ayrı təsəvvür etmək mümkün deyildir.Bu mənada sofuluların tarixi Zəngəzurun, Qarabağın, ümumən Azərbaycanın tarixinin bir parçasıdır.
QUBADLI SOFULULARININ TARİXİNDƏN
Qubadlı bölgəsi qədim Zəngəzur diyarının mərkəzi hissəsində yerləşir.Qubadlı bölgəsi Meğri istisna olmaqla, Zəngəzurun yerdə qalan digər beş rayonu –Zəngilan, Qafan, Gorus, Sisyan (Qarakilsə) və Laçın ilə həmsərhəddir.Ümumən, Zəngəzur ərazisi, o cümlədən onun mərkəzi hissəsində yerləşən Qubadlı bölgəsi münbit torpaqlara, əlverişli iqlimə malik olduğundan qədim insanın məskunlaşdığı ərazilərdəndir . Bölgənin ərazisindən axan Bazarçay (Bərgüşad) və Həkəri kimi şirin bulaq sularından qidalanan bol sulu çayları yaşayış və təsərrüfat fəaliyyəti üçün əvəzsiz əhəmiyyətə malikdir. Hər cür lazımi həyat şəraitinə -münbit torpağa , əlverişli iqlimə malik bölgə zaman-zaman qədim türk-oğuz tayfalarının yaşayış məskəni olmuşdur. Osmanlı dövlətinin idarəetməsi dövründə tərtib olunmuş ”Cəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə toplanmış rəsmi məlumatlara əsasən deyə bilərik ki, Bərgüşad livasında (sancaq) və Həkəri nahiyəsində məskunlaşmış əhali dənli bitkilərin əkilib -becərilməsi, bağçılıq,bostançılıq, ipəkçilik və heyvandarlıqla məşğul olmuşdular. “Müfəssəl dəftər”dəki məlumatlara istinad edərək deyə bilərik ki, Bərgüsad livasında hər il buğda istehsalına görə 462.840 , arpa istehsalı üçün 210.250, darıya görə 104.780, çəltik üçün 246.900, pərinc istehsalından ötrü isə 11.700 axça vergi toplanırdı. Bundan əlavə,”dənli bitkilərdən” adlı digər bir verginin də toplanıldığı göstərilir və bunun ümumu dəyənin 477.800 axça olduğu qeyd edilir (2,s.56). Məlumdur ki, lap qədim zamanlardan Bərgüşad mahalı Azərbaycanda çəltiyin (düyünün) doğma məkanı kimi tanınmışdır. Bütün zamanlarda bölgədə çəltikçilik əhalinin əsas məşğuliyyət sahələrindən biri olmuşdur.”Müfəssəl dəftəri”ndən onu da öyrənirik ki, 1727 –ci ildə Bərgüşad sancağının ərazisindən Osmanlı vergi yığanları “çəltik üşrü” adı ilə 246.900 axça vergi toplamışdılar (2,56) . Sancağın 67kəndindən 34-də çəltik əkib-becərilirdi .”Müfəssəl dəftəri”ndə o da qeyd olunur ki, sancağın 67 kəndinin hamısında dənli bitkilər istehsal edilmişdir.
Tarixi mənbələrdə Zəngəzur torpaqlarında məskunlaşmış qədim türk tayfaları arasında peçeneqlərin də olduğu birmənalı şəkildə təsdiqlənir. Bu tarixi faktı qədim Bizans salnaməçilərindən başlamış əksər tarixçilər öz əsərlərində qeyd etmişlər. Zəngəzur və onun yaxınlığında yerləşən , onunla hər cür maddi və mənəvi tellərlə bağlı olan Naxçıvan ərazisində bu gün də yaşayan kəngərli tayfaları həmin qədim peçeneqlərin cismani davamçılarıdır.Qədim tarixi mənbələrin yazdığına görə, kəngərlilər və sofulular peçeneqlərin genetik varisləridir. Tarixçi alimlərin qənaətincə, kəngərlilər qədim Naxçıvan ərazisində eramızın əvvəllərindən məskunlaşıblar.
Qədim Zəngəzur diyarı haqqında orijinal və dəyərli tədqiqatlar müəllifi Akif Muradverdiyev “Zəngəzur - tariximizin yaddaşı” kitabında yazır : ”Qafqazşünas İ. Şopen 19-cu əsrin ortalarında Naxçıvan bölgəsində kəngərlilərin 30-dan artıq qol və nəsillərinin yaşadığını göstərmişdir”(1,s.128). Bu məqamda bir faktı da qeyd edək ki, Naxçıvan müxtəlif tarixi dönəmlərdə Zəngəzurla eyni bir inzibati ərazi idarəetmə vahidliyində birləşmişdir.(Tarixin müxtəlif dönəmlərində bir neçə dəfə Naxçıvan və Zəngəzur eyni bir inzibati ərazi idarəetmə vahidliyində birləşmiş, lakin sonradan siyasi hakimiyyətlərin bu və ya digər ambisiyaları səbəbindən ayrı-ayrı inzibati ərazi idarəetmə bölgələrinə daxil edilmişlər). Bölgə daxilində əhalinin miqrasiyası bütün zamanlar üçün təbii sayılmalıdır.
Bir çox tədqiqatçılar, çox doğru olaraq, Qafan etnonimini qədim türk tayfaları olan peçeneqlərin kapan tayfasının adı ilə bağlayırlar (3,196).
Zəngəzur qədim türk torpağıdır.Yüz ildir ki,( bir az da artıq) riyakar erməni tarixçiləri min bir cildə girir, dəridən –qabıqdan çıxır ki, İrəvan və Zəngəzur torpaqlarını “özününküləşdirsinlər”. Ancaq bu yalana heç öz xalqlarını belə inandıra bilməyiblər.Çünki saxtakarlığa zaman ( tarix) özü aman vermir. İrəvan və Zəngəzur torpaqlarında min illərlə yaşayıb-yaratmış qədim türk etnosunun danılmaz və silinməz ( həmin mədəniyyət abidələrinin bəzilərini erməni vandalları məhv etmiş, bir çoxunu isə öz adlarına çıxmışlar) böyük mədəniyyət abidələri vardır.
Digər türk tayfaları kimi, sofulular da Zəngəzurda qədimdən məskunlaşmışlar.Onlar bu torpağın əzəli -əbədi sakinləri olmuşlar.
Fikrimizcə, Zəngəzurun Qubadlı bölgəsinə sofulu tayfalarının ikinci gəlişi 1724-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında bağlanmış II İstanbul sülh müqaviləsindən sonraya təsadüf etmişdir. İstanbul sülh müqaviləsinə görə Azərbaycanın Xəzər sahili əraziləri Rusiyaya, digər torpaqları isə Osmanlı dövlətinə verilmişdir. Böyük ehtimalla deyə bilərik ki, Osmanlı dövləti əlverişli iqlimə , münbit torpaqlara və mühüm strateji coğrafi mövqeyə malik Zəngəzur , o cümlədən Qubadlı bölgəsində möhkəmlənmək və bu inzibati ərazini idarə etmək üçün söhbətgedən əraziyə özünün etibar etdiyi icmaları köçürmüşdür. Onu da qeyd edək ki, bu, Osmanlıların Zəngəzura ilk gəlişi deyildir.Osmanlı dövləti Zəngəzuru hələ bundan çox əvvəl , Səfəfilərlə uzun illər aparılmış müharibələri sona çatdıran, 1590-cı ildə İstanbulda imzalanmış sülh müqaviləsindən sonra əldə etmişdir. Osmanlıların istər birinci, istərsə də ikinci idarəetməsi dövründə Zəngəzurda sancaqlıqlar (ərazi vahidi) yaradılmışdır. Ümumdünya tarixindən məlumdur ki, Osmanlılar Avropa dövlətlərini zəbt etdikləri vaxtlarda belə həmin xalqların maddi-mənəvi dəyərlərinə toxunmamış, millətlərin assimilyasiya olunmasını qarşılarına bir məqsəd kimi qoymamışlar. Osmanlı dövlətinin məmurları tərəfindən 1727-ci ildə aparılmış Zəngəzur mahalının əhali və təsərrüfatının siyahıyaalınmasında da biz bir çox özəlliklərin əyani şəkildə şahidi oluruq.Osmanlı dövlətinə məxsus bu rəsmi sənəddə nəinki milli mənsubiyyət , hətta tayfa və icmalar belə ayrıca qeyd olunubdur. Adıçəkilən mötəbər mənbədə bütövlükdə Zəngəzurda yaşayan sofuluların məskunlaşdığı yaşayış məskənlərinin adları sıralanmış, həmin kəndlərdə əhalinin sayı, torpaq sahəsi, vergi ödəmələri, əhalinin şəxsi təsərrüfatı barədə müfəssəl məlumat toplanılmışdır.(Çox doğru olaraq, həmin rəsmi dövlət sənədi “müfəssəl məlumat dəftərləri” adlandırılmışdır). 1727-ci ildə hazırlanmış həmin sənəddə sofulu tayfalarının Zəngəzurun 19 yaşayış məntəqəsində məskunlaşdıqları göstərilibdir (1,s.229-230). Həmin 19 yaşayış məntəqəsindən 6-sı (Ağbis kəndi 1950-ci illərdə Zəngilan rayonuna verilmişdir) sovetləşmənin apardığı inzibati rayonlaşmanın nəticəsində Qubadlı bölgəsinin payına düşmüşdür.Qubadlı bölgəsində sofulu tayfalarının məskunlaşdıqları kəndlər aşağıda adları qeyd olunanlardır: Göyyal, Saldaş Çərəli, Ağbis (ilkin rayonlaşma dövründə Qubadlı rayonunun inzibati ərazi vahidliyinə daxil idi) , Boynəkər və Ballıqaya. Bu gün inzibati ərazi vahidi kimi Zəngilan rayonuna daxil edilən Ağbis kəndinin sakinləri də sofulu tayfalarına mənsub olub, Qubadlı sofulularının məskunlaşdığı eyni ərazidə yaşamışlar. Sovet hakimiyyətinin 1933-cü ildə təşkil etdiyi birinci rayonlaşmada Qubadlı rayonunun Çərəli kənd şurasına daxil olan Ağbis kəndi hazırda Zəngilan rayonuna aiddir(2,235).Onu da vurğulayaq ki, Ağbis kəndinin əhalisi genetik cəhətdən Çərəli sofuluları ilə qan qohumudurlar. Ağbis kəndi həm də Çərəli kəndi ilə həmsərhəddir.
1886-cı ildə Çar Rusiyası tərəfindən hazırlanmış Zaqafqaziya Diyarının Dövlət Kəndlilərinin Tarixi İqtisadi Güzəranına Dair Materiallarda (МИЭВГКЗК) qeyd olunub ki, Azərbaycan türkləri içərisində sofuluların 19 , dərzalıların 11, sarallıların 13, püşanlıların 7 qışlağı olmuşdur (2,87).Məlumat üçün qeyd edək ki, sonradan həmin qışlaq yerlərində sofulu tayfaları daimi yaşayış məskənləri salmışlar.
Sofulu tayfalarının 17-ci əsrdə Zəngəzur qəzasının Qubadlı bölgəsindəki yol xəritəsindən aydın görünür ki, onlar təsadüfən bu ərazini özlərinə yaşayış məskəni seçməmişlər.Qubadlı bölgəsinin cənub-qərb tərəfini özlərinə yaşayış məskəni seçmiş sofulu tayfaları eyni istiqamətdə, bir-birinə yaxın məsafədə ardıcıl şəkildə məskunlaşmışlar.
Göyyal kəndi
Göyyal bir toponim olaraq son dərəcə aydın və şəffafdır.Toponimin tərkibindəki göy (rəng) və yal (təpə , dik ) sözləri türk dilinin ən qədim sözlərindən sayılır. Toponim kəndin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. Göyyal kəndi Hərtiz dağının quzey , Gözət dağının güney hissəsində yerləşir.
Deyilənə görə, kəndin təməlini qoymuş 7 kişi buraya ilk dəfə gələndə kəndin qarşısındakı təpə (yal) yaşıllaşdığından ( göyərdiyindən) 7 müdrikin biri kəndin adının Göyyal qoyulmasını məsləhət bilibdir.Orada uzun illər yaşayanlar da əyani formada şahid olublar ki, hər il yazda (hətta payızda da) digər yerlərdən daha tez kəndin qarşısındakı həmin təpə (Göyyal kəndində təpə sözünə daha çox yal deyirdilər) göyərərdi. Digər yer-yurddan tez göyərən həmin yalda kəndin bünövrəsini qoymuş 7 kişinin nəvə-nəticələri mərək ( ot-ələfi qardan –yağışdan qorumaq üçün ağacdan və küləşdən hazırlanmış xüsusi yer) və xırman düzəltmişdilər. Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuş kənd sakinləri həmin xırmanlarda dənli bitkiləri (buğda, arpa, darı , pərinc) ev heyvanlarının (at, öküz və s.) köməkliyi və vəl vasitəsilə döyürmüşlər. Onu da deyək ki, həmin yalda (təpə) daim xəfif bir meh əsərdi. Ora həmişə yelçəkən olduğundan dəni sovuraraq küləşdən ayırar, küləşi isə elə orada tikdikləri mərəklərə yığar, təmizlədikləri taxılı isə üyütməkdən ötrü qonşu kəndlərdəki dəyirmanlara aparardılar.Həmin xırman və mərəklərin yerləri işğal dövrünədək (1993-cü ilədək) dururdu.1930-cu illərdə məcburi formada həyata keçirilmiş kollektivləşmə zamanı həmin yal dediyimiz sahə kolxozun yem anbarına çevrilmişdir. Ancaq həmin yalın düzənlik hissəsi kəndin mətələrindən –camaatın toplaşıb məsləhət-məşvərət keçirdiyi bir yer kimi qalmışdır. Kəndin həmin hissəsinə kənd camaatı Yal məhlə ( kəndin ləhcəsində məhəllə sözü belə səslənirdi) deyirdi. Kəndin kişiləri hər axşam -səhər həmin Yal məhlədəki (məhəllə) mətəyə yığışar, kəndin mövcud problemlərindən söz açar, müzakirələr aparar və sonda yekdil fikrə gələrək lazımi qərarlar qəbul edərdilər. Bu mətənin ən böyük özəlliklərindən biri kənd camaatı üçün gərəkli olan məlumatın oradan ucadan səsləndirilməsi idi. Kənddə keçiriləcək toy və digər şənlik məclisləri üçün dəvətnamə işlənilməzdi, heç buna ehtiyac da duyulmurdu. Belə ki, kənddə keçiriləcək hər hansı toy və yas mərasimi barədə bir nəfər həmin mətəyə (oradan bütün kənd görünürdü) çıxıb var səsi ilə “Ay camaat, filankəsin oğlunun toyudur və yaxud filankəs rəhmətə getmişdir, filankəsin qırxıdır”,-deyə car çəkərdi. Bu cümlələrin “hamı ora dəvətlidir “ xəbərləri ilə tamamlanmasına da ehtiyac duyulmurdu. Çünki hər bir kənd sakini bilirdi ki, kimin ocağına getməlidir.
Erməni işğalı nəticəsində 1993-cü ilin avqustunda canından çox sevdiyi Göyyal kəndini 105 yaşında tərk etmiş birinci babam İsmayıl Sevdimalıoğlunun və Şamxal Behbudoğlunun dediklərinə görə (əfsuslar ki, bu və ya digər səbəbdən onlardan bir çox məsələləri öyrənmədim və soruşduqlarımı da vaxtında qələmə almadım), kəndin bünövrəsini Türkiyədən gəlmiş 7 kişi qoymuşdur. Böyük ehtimalla deyə bilərik ki, həmin 7 kişi Şərqi Anadoludan gəliblər. Onlar bir-biri ilə müxtəlif formalarda qohum olublar.Göyyal kəndinin bünövrəsini qoymuş həmin 7 kişi bunlar olub: Əhmədalı ( İsmayıluşağının babası), Kötük Abdulla (bədəncə dolu, boyca balaca olduğu üçün belə deyiblər), Lal Qurban, Qıdan Əhmədalı ( iki Əhmədalı olduğundan fərqləndirmək üçün belə deyilib. Qıdan kiçik, balaca mənasındadır.Yəqin, boyu balaca olduğundan belə deyilib.Bunlar üç qardaş olublar). Hacalı (Əhməduşağının babası), Şıxalı (Əzizalı, Fərzalıgillərin babası), Məmmədemin (Pirməmməduşağının babası).
Deyilənə görə, ulu babam Əhmədalının oğlanları yaşadıqları Şərqi Anadolu vilayətində valinin oğlanlarını döyürlər. Ulu babam Əhmədalı bu xoşagəlməz hadisədən sonra onlar üçün bu vilayətdə yaşamağın çox çətin olacağını bilir. Elə həmin gün Əhmədalı halalına (həyat yoldaşına) deyir ki, səfərə gedəcəyik. Yol üçün ikigünlük çörək götür. Atlara minib iki gün yol gedirlər. İkigünlük yol getdikdən sonra ulu babam Əhmədalı ayaq saxlayıb ömür-gün yoldaşına üz tutub deyir: «Biz daha o torpaqda yaşaya bilmərik. Qan düşməmiş buradan getməliyik». Arvadı qayıdıb ona deyir: «Elə bu sözü mənə deməkdən ötrü iki gün gecə-gündüz yol gəlmisən?!».Dünyagörmüş müdrik cavabında deyir: «Yox, bu sözü orada deyə bilməzdim. Çünki biz uzun illər o torpaqda yaşamışıq, çörəyini yeyib, suyunu içmişik, ömür-gün sürmüşük, oğul-uşaq sahibi olmuşuq. Ata-babalarımız o torpaqda yaşayıb, o torpaqda dünyalarını dəyişmişlər. İndi də onların ruhları o torpaqda dolaşır. Torpağın da qulağı var deyiblər. Biz o torpaqdan halallıq almalıyıq. Bu sözü orada deyə bilməzdim. O, torpaq birdən bizi bağışlamazdı». Onlar yenidən doğma ocaqlarına qayıdırlar.Yaşadıqları mahaldan köçmək qərarını yaxın qohumlarına da söyləyirlər.Həmin vaxt 7 kişi ailə və uşaqlarını da götürüb doğma yurd-yuvalarından ayrılıb yola düşürlər. Dedik ki, yeddi kişi bir-biri ilə qohum olublar. Onların yolu Naxçıvan və Zəngəzur qəzasının kəndlərindən keçibdir. Nəhayət, gəlib Göyyalda qərar tutublar. Bu əhvalat ata-babalarımızın yaddaşında qalanlardandır.
Həmin 7 kişi Şərqi Anadoludan çıxaraq, Naxçıvan və Zəngəzurun oymaqlarından keçərək, Göyyalda - iki böyük dağın - Hərtiz və Gözət dağının (Əhəd dağının birinci zirvəsidir, kənd camaatı ona Gözətdaş deyirdi) ətəyində binə salırlar. Bura Gözətdaşın daşlı-qumsal ətəyi idi Bu ərazi günavar( güntutan) olduğundan qış fəsli, ümumən sağlamlıq üçün çox əlverişli idi. Kəndin qərar tutduğu yer qış fəsli üçün də yararlı idi. Belə ki, bu ərazi çökək olmadığından yelçəkən idi. Kəndin gur sulu bulağı da bu ərazidə yerləşirdi. Həmin 7 kişi Göyyal adlandıracaqları yurdun güneyində yurd salır, ev-eşik qurur , quzeyində isə əkin-biçin edirlər.
Yeddi kişinin Göyyalda yurd-yuva salmaları barədə isə az qala tarixi fakta çevrilmiş bir ibrətamiz hadisə də hələ də yaddaşlarda yaşayır.Mən ona görə bu əhvalatı tarixi fakt səviyyəsində dəyərləndirirəm ki, onu yalnız Göyyal camaatı deyil, həmin hadisənin iştirakçısı olmuş qarşı tərəfin xələfləri də zaman-zaman etiraf və təsdiq etmişlər.
7 kişi bura gələndə yazağzı imiş.Yuxarıda haqqında danışdığımız yalın (təpənin) yaxınlığındakı torpaq sahəsində əkin əkmək fikrinə düşürlər. Aydınlıq naminə qeyd edim ki, söhbətgedən ərazidə sonradan kolxozun mal ferması üçün tövlə tikilmişdir.Qonşu kəndin (Bu və digər səbəblərdən kəndin adını yazmıram. Amma ulular demişkən, görünən kəndə nə bələdçi) sakinləri uzaqdan görürlər ki, indiyə kimi heç vaxt əkilməyən sahəni tanımadıqları yad bir adam cüt qoşub əkir. Həmin vaxt yalın o üzündəki kənddə 39 ev var imiş. Yığışıb gəlirlər cüt qoşub əkin əkənin yanına.Görürlər ki, bir nəfər tək-tənha cüt qoşub yer əkir.Təkcə yer əkən kişi yeddi kişidən biri olan Kötük Abdulla imiş. Onu tək gördüklərindən gözləri yeyır, üstünə hücum çəkib döymək istəyirlər. Kötük Abdulla əynindəki sırıqlısını çıxarıb qoluna dolayır, cütü sürdüyü ağacını əlinə alır. Üstünə gəlmiş 10-12 nəfəri qabağına qatıb döyə-döyə kəndlərinə tərəf qovur. Döyülən adamlar tələm-tələsik ərazinin xanının yanına şikayətə qaçırlar . (Həmin vaxt ərazini idarə edən xan Hal kəndində otururmuş) Əhvalatı xana danışırlar.Xan onları sakitcə dinləyir. Xan ədalətli və mərd adam imiş. Mərdi-mərdanə deyir: «O yeddi kişi ki, sizə güc gəlib, o torpaq elə onlara halaldır. Bu gündən o torpağı verirəm onlara». Elə də olur. Həmin 7 kişi o torpaqda yaşayır, əkin-biçin edir, ev-eşik qurur, oğul-uşaq sahibi olurlar.Sonradan həmin o yeddi kişidən gur bir kənd yaranmışdır. Həmin yeddi kişinin soyunu indi onlardan artıb törəmiş böyük bir nəsil davam etdirir. Yuxarıda adlarını çəkdiyimiz 7 kişinin məzarı Göyyal kəndinin qəbiristanlığındadır.
Göyyal kəndi rayon mərkəzindən 24 km cənub-qərbdə , dağlıq ərazidə yerləşirdi. Kənd 17-ci əsrdə salınmışdır.Yuxarıda qeyd etdik ki, kəndin bünövrəsini Şərqi Anadoludan gəlmiş 7 kişi qoymuşdur. Bu faktın doğruluğunu A.Muradverdiyevin məlum kitabında verilmiş Osmanlı dövlətinin Zəngəzur qəzasında 1727-ci ildə apardığı əhalinin rəsmi siyahıyaalınması da əyani şəkildə bir daha təsdiqləyir. Osmanlı dövlət məmurlarının 1727-ci ildə apardıqları siyahıyaalınmaya görə həmin vaxt kənddə 7 ev, o cümlədən 24 kişi və 19 qadın olmuşdur. Yeddi rəqəmi bu özəlliyini kəndin bir toponimində də qoruyub saxlamışdır. Kəndin yuxarısında, Əhəd dağının əkinə yaralı torpaq sahəsi Yeddi şərik adlanırdı. Babam İsmayıl Sevdimalıoğlunun və Şamxal Behbudoğlunun kəndin bünövrəsini qoymuş 7 kişi barədə ata-babalarından eşitdiklərini Osmanlı dövrünün rəsmi dövlət sənədləri də təsdiqləyir. Sonradan bu 7 kişinin saldıqları kəndə Səncəralıdan (Qafan ərazisindədir.Orada da sofulu tayfaları yaşamışdır. Osmanlı dövründə Səncəralı 9 evdən ibarət olub) və qonşu Saldaş kəndindən (hər iki kəndin əhalisi sofulu tayfalarına mənsubdur) gələnlər olmuşdur. Səncəralı və Saldaş kəndlərindən köçüb gələnlərin tayfa bağlılığından əlavə, daha yaxın qohumluq əlaqələri də olmuşdur. Onu da deyim ki, Səncəralı Göyyal sofulularının yaylaq yeri olubdur. Hətta orada Göyyal sofuluları qəbiristanlıq da salıbmışlar.Yaylaq dövründə dünyasını dəyişənləri Göyyal qəbiristanlığında yox, Səncəralıda dəfn ediblər. Bu mənəvi fakt da bir daha tayfa birliyini təsdiqləyir.
Çar Rusiyasının 1893-cü ildə rəsmiləşdirdiyi əhalinin siyahıyaalınmasına görə həmin vaxt Göyyal kəndində 14 ev, 101 nəfər əhali (53 kişi, 48 qadın ) olmuşdur.
Məkrli ermənilər birinci (1905) və ikinci rus inqilabından (1917-20) öz çirkin məqsədləri üçün hiyləgərcəsinə faydalandılar.Yox yerdən Çar Rusiyasının köməkliyi sayəsində Azərbaycan türklərinin yaşadıqları torpaqlar hesabına qurduqları dövlətin ərazisini genişləndirmək həvəsinə düşən ermənilər Zəngəzur kəndlərini gülləbaran etdi, əhalisini qırdı, mal-mülkünü talan etdilər. Mənfur erməni qəsbkarlarının Zəngəzurda törətdiyi işğal və kütləvi terror aktlarından sofulu tayfaları da zərər çəkmişlər. Onların yaşadıqları kəndlərə ermənilər tərəfindən tez-tez silahlı basqınlar təşkil edilmiş, əliyalın əhali öldürülmüş, var-dövlətləri talan edilərək aparılmışdır. Erməni vandalizmi nəticəsində 1917-18 –ci illərdə Zəngəzur qəzasının 109 kəndi dağıdılmışdır (6, f.970 s.1,iş 253).
1918- ci ildə türk qanına susamış Andronikin Zəngəzur qəzasına ayaq basmasından sonra vəziyyət daha da pisləşmişdir. Erməni qəsbkarlarının törətdikləri qırğınları araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil edilmiş Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat nəticəsində hazırlanmış 36 cildlik istintaq materialının iki cildi Zəngəzurda baş vermiş qırğın və talanlardan bəhs edir.
Qarabağ general-qubernatoru tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər nazirinə göndərilmiş məlumat xarakterli sənəddə 1920-ci ilin 19-20 yanvarında ermənilərin Zəngəzur qəzasında hücum edib qətliam törətdiyi, yandırdığı və mal- mülkünü çapıb-taladığı Azərbaycan kəndlərinin siyahısı verilmişdir. Həmin arayış xarakterli rəsmi sənəddə bölgənin digər kəndləri ilə yanaşı, sofulu tayfalarının yaşadıqları Göyyal , Saldaş, Çərəli kəndlərinin də adları qeyd olunmuşdur (6,f.894,s.4,iş 119,v.13).
1993-cü ilədək Göyyal kəndi beş məhəllədən ibarət olmuşdur: Yeməzl(d)i məhəlləsi (bu adda örüş yerinə yaxın olduğundan belə adlandırılırdı), Bulaq məhəllə (kəndin bulağının ətrafında yerləşdiyi üçün belə adlandırılırdı), Aşağı məhəllə (kəndin aşağı hissəsində yerləşdiyindən belə adlanırdı), Yuxarı məhəllə (kəndin yuxarı hissəsində yerləşdiyindən belə adlandırılırdı) və Yal məhəllə ( təpədə salındığından belə adlandırılırdı).
Göyyal kənd sakinlərindən 53 nəfər İkinci Dünya müharibəsində iştirak etmişdir.Onlardan 37 nəfər həlak olmuş, 16 nəfəri salamat qayıtmışdır.
Birinci Qarabağ müharibəsində Göyyal kəndindən iki nəfər-Şəkəralıyev Azim Oruc oğlu və Abdullayev Kamal İbiş oğlu həlak olmuşdur.
1993-cü ilin 31 avqustunda Qubadlı rayonu işğala məruz qaldıqdan sonra Göyyal kəndinin sakinləri Sumqayıt şəhərində məskunlaşmışlar.
2015-ci ilin statistik məlumatına əsasən kəndin 152 şəxsi təsərrüfatı və 758 nəfər əhalisi vardır.
Toponimlər:
Oronimlər (dağ adları): Hərtiz dağı, Gözət dağı ( kənd camaatı daha çox Gözətdaş deyirdi), Əhəd dağı, Sayad dağı.
Təpələr: Bozdu yal, Qalaça (kənd camaatı Qaleyçə deyirdi), Səngər yeri , Keçəl təpə, Hacıyurdunun yalı, Yolaşan (Cümcümənin yalı da deyilirdi).
Hidronimlər ( bulaq adları) : Ağquyu bulağı, Suçıxan qaya (su qayanın arasından çıxdığından belə deyilirdi) Muzulax suyu (Turş su da deyilirdi).
Əkin sahələri: Cümcümə , Aşağı bostan,Bostan yerinin qabağı, Pirməmməd yeri, Yeddi şərik ( kənd camaatı daha çox Yetti şərik deyirdi), Hərtizin döşü, Almalıq, Qaranlıq zəmi, Ağquyunun üstü , Tayıfca, Qayanın qabağı, Bühlüm, Yal zəmi.
Örüş sahələri: Yeməzl(d)i yeri, Çöp yeri, Ağ torpaq, Cümcümə güneyi, Hallı yeri, Arı qayasının altı, Atqız güneyi, Baş hamar, Hamar güneyi, Hamar güneyinin ayağı, Sayad güneyi, Gözətdaşın altı, Örtd(t)ən, İldırımvuran, Altdakı üçük, Üstdəki üçük, Yuxarı Maralduracağı, Aşağı Maralduracağı, Aralıq, Aralığın başı, Kolavat.
Bağlar: Əlişin bağı, İmranın bağı, Məhişin (Hacıoğlu) bağı,Şamxalın bağı, Sultanın bağı, Şirinin ( Sarıoğlu) bağı, Sevdimalının bağı ( sonradan uç oğlu-Niyazalı, Əbdüləli və İsmayıl arasında bölünmüşdür), Xuduşun bağı, Canbağışı bağı, Lətifin bağı, Şahsuvarın bağı, Abdullanın bağı. Gülgəzin bağı, Hüseynin bağı, İsrafilin bağı, Məhişin (Kalbalıoğlu) bağı (Cümcümədə yerləşirdi), İsfəndiyarın bağı (Əjdaha qayasının altında idi).
Saldaş kəndi
Saldaş sözü (oykonim) kəndin yerləşdiyi coğrafi mövqeyi ilə bağlı yaranmışdır. Göründüyü kimi, şəffaf toponimdir.Sal və daş sözləri kifayət qədər aydındır.Kənd Hərtiz dağının güney yamaclarının ətəyində salınmışdır.Saldaş kəndi rayon mərkəzindən 35 km cənub-qərbdə yerləşirdi. Saldaş kəndi şimali-şərqdən Çərəli , qərbdən Göyyal , cənub –qərbdən Almalıq (sovetləşmə dövründə Ermənistanın Qafan rayonuna verilmişdir ) və Fərcan kəndləri ilə həmsərhəddir. Zəngəzur tarixinin məşhur tədqiqatçısı A.Muradverdiyev yuxarıda adını çəkdiyimiz əsərində yazır : ”Saldaş yaşayış məntəqəsinə çevrilməzdən əvvəl sofulu tayfalarının qışlaq yeri olmuşdur” (2,461). 20-ci əsrin əvvəllərinə qədər Saldaş kəndi sonradan məskunlaşdığı coğrafi mövqeyindən iki kilometr şərqdə , iri sal daşlarla əhatə olunmuş bir yerdə-Köhnə bulaq deyilən ərazidə salınmışdır.(İşğal dövrünədək köhnə kəndin uçulub-dağılmış evlərinin yeri dururdu).Yaşlı insanların dediyinə görə, güclü leysan yağışının yaratdığı yaz seli sal daşlar üzərində salınmış kəndin evlərini uçurmuş , mal-qarasını aparmış, şəxsi təsərrüfatına ciddi ziyan vurmuşdur. Bu təbiət hadisəsindən sonra kənd camaatı həmin daşlıq ərazidən köçərək yeni yaşayış məskəninin təməlini qoymuş, 1993-cü ilin avqustuna qədər orada yaşamışdılar. 1930-cu illərdə sovet hökumətinin kiçik kəndləri nisbətən böyük olan kəndlərə köçürməsi siyasəti həyata keçirilən dövrdə Atqız kəndindən (Saldaş və Fərcan kəndlərinin arasında yerləşirdi) 6 ailə də Saldaş kəndində yerləşmişlər.
Osmanlı dövlətinin 1727-ci ildə apardığı siyahıyaalınmaya görə Saldaş kəndində 17 ev, o cümlədən 57 kişi, 51 qadın olmuşdur (1,230).
Çar Rusiyasının 1893-cü ildə keçirdiyi siyahıyaalınmaya əsasən Saldaş kəndinin 26 fərdi təsərrüfatı, 174 nəfər ( 96 kişi, 78 qadın) əhalisi olmuşdur (1,379).
Sovet hakimiyyətinin idarəetməsi illərində Saldaş kəndi Çərəli kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.
20-ci əsrin 50-ci illərində kənddə 80-ə yaxın fərdi təsərrüfat fəaliyyət göstərmişdir. Kənd əhalisi kənd təsərrüfatı ilə məşğul olmuşdur.
Kənddə 20-ci əsrin 80-ci illərində kitabxana, 90-cı illərinin əvvəllərində isə həkim məntəqəsi açılmışdır.
Kəndin münbit və əkinə yararlı torpaqları olmasına baxmayaraq, kənd əhalisi uzun illər içməli su problemi ilə üz-üzə qalmışdır. Nəhəng sovet dövləti və onun ideologiyasını hazırlayıb həyata keçirən Sovet İttifaqı Kommunist Partiyası fəaliyyət göstərdiyi uzun illər ərzində Qubadlı rayonunun Ermənistan Sovet Sosialist Respublikası ilə sərhəddə yerləşən kəndlərinə qarşı çox soyuq münasibət formalaşdırmışdır. Qubadlının Ermənistanla həmsərhəd olan kəndləri təsərrüfat, məişət problemləri ucbatından məhz həmin illərdə məqsədli şəkildə boşaldılmışdır. Bu sətirlərin müəllifi həmin illərdəki problemlərin canlı şahididir. İşğal dövrünədək Saldaş kəndinin əhalisi içməli suyu uzaq məsafədən min əzab-əziyyətlə, ev heyvanlarının vasitəsi ilə daşıyırdılar. Özü də bu əzablı işi kəndin yeniyetmələri görürdülər. Bu kəndin məktəbə gedən uşaqları hər gün daha bir əzaba qatlaşmalı olurdular. Saldaş kəndində 1-4-cü sinifləri əhatə edən ibtidai məktəb fəaliyyət göstərirdi. İbtidai sinfi bitirmiş məktəblilər Fərcan kəndində yerləşən orta məktəbə getmək üçün qışın soyuğunda, yayın istisində hər gün ən azı 7-8 km məsafə qət etməli idilər. Bu günün məntiqi ilə yanaşsaq deyə bilərik ki, sərhəd kəndlərinə qarşı formalaşmış bu siyasət xüsusi məqsəd daşıyırmış və burada da bir “erməni barmağı” var imiş. Saldaş kəndi Qafan rayonunun iki kəndi- Ağavurd və Ücənis kəndləri ilə üzbəüz idi. Bütün dövrlərdə gözü qonşu torpaqlarında olan məkrli ermənilər gözlərini əkin-biçin üçün hər cəhətdən yararlı olan Saldaş kəndinin torpaqlarına dikmişdilər.
Həmişə siyasi kataklizmlərdən hiyləgərcəsinə yararlanmış ermənilər 1905 və 1917-ci illərdə Rusiyada baş verən inqilabların yaratdığı xaos vəziyyətindən istifadə edərək Zəngəzurda türk kəndlərinə silahlı hücumlar etmiş, əliyalın əhalini süngüdən keçirmiş, mal-qaranı və evlərin bütün yararlı əşyalarını talayıb aparmışlar. Terroru məxfi formada özlərinin idealı elan etmiş ermənilər 1917-1918-ci illərdə Zəngəzurda 109 kəndi dağıtmışdılar. 1918-ci ilin may ayında qondarma Ararat Respublikası yaradıldıqdan sonra Zəngəzur qəzasında yaşayan türklərə qarşı rəsmi şəkildə soyqırım siyasəti həyata keçirmişdilər . Saldaş kəndi ilə bağlı həmin dövrdə tarixin yaddaşına həkk olunmuş bir fakta diqqət yetirək. Qonşu Ücənis kəndində yaşayan ermənilər Saldaş kəndinə silahlı hücum etmiş, kənd sakinlərini atəşə tutaraq kənddən 41 iribuynuzlu mal-qara və 4 at aparmışlar (2,156-157) .
Zəngəzur qəzasının 3-cü sahəsinin pristavının qəza rəisinə 12 yanvar 1919-cu ildə göndərdiyi arayışdan aydın olur ki,1918-ci ilin sentyabrın sonlarından 1919-cu ilin yanvarına qədər ermənilər bu ərazidə yaşayan əhaliyə qarşı hücumlar təşkil etmiş, kəndləri çapıb-talamışlar. Həmin məlumatda erməni təcavüzündən ziyan çəkən kəndlər arasında sofuluların yaşadıqları Saldaş kəndinin də adı vardır (5,67-68). İstinad etdiyimiz tarixi mənbədə Zəngəzur bölgəsində 1920-ci ildə də erməni işğalının davam etdiyi, qırğın və talanların daha da genişləndiyi göstərilmişdir. 1920-ci ilin yanvarın ilk günlərində ermənilər Saldaş kəndinə hücum etmiş, kənd sakini Ağamalı Əhmədoğlunu qətlə yetirmişdilər (5,222).
Mənfur erməni siyasəti mahiyyətini heç zaman dəyişməmiş, necə var, eləcə də qalmışdır. Məkrli erməni siyasəti tarixin müxtəlif çağlarında rəngini dəyişərək, zamanın hakim ideologiyasına uyğunlaşaraq, bu və ya digər formada davam etdirilmişdir. Sovet hakimiyyəti illərində də məqsədli şəkildə aparılan bu siyasət nəticəsində Qubadlı bölgəsinin Ermənistanla digər sərhəd kəndləri kimi, Saldaş kəndi də boşaldıldı. Həyat əhəmiyyətli problemlərlə üz-üzə qalmış Saldaş kəndinin bir çox sakini doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Saldaş kəndini tərk edənlər Sumqayıt şəhərində, Saray və Abşeron rayonunun Mehdiabad qəsəbələrində məskunlaşdılar.
İşğaldan sonra Saldaş kəndi inzibati ərazi vahidi kimi saxlanılmışdır. Hazırda Saldaş kəndinin inzibati ərazi vahidi kimi 16 təsərrüfatı, 54 nəfər əhalisi vardır.
Saldaş kəndinin sakinlərindən 12 nəfər İkinci Dünya müharibəsində həlak olmuşdur.
Saldaş kəndində böyüyüb-başa çatmış Yaqubov Kəhkəşan Bulud oğlu Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Saldaş kəndinin ərazisində mövcud olan bəzi toponimlər:
Bulaqlar: Mirməhəmməd bulağı, Köhnə bulaq, Çaylaq bulağı, Mavdan bulağı.
Dərələr: Şahverdi dərəsi, Qırmızı qaya dərəsi, Qalxıx dərəsi, Hamarın ayağı, Gığı dərəsi,Orta til, Mavdan dərəsi, Ev dərəsi, Kahı dərəsi, Dəyirman dərəsi, Düyütorpağı dərəsi, Şıllan dərəsi, Çaylax(q) dərəsi.
Əkin yerləri: Taxtalar, Albalıkəsən, Yalzəmi, Böyük yer, Açıq tala, Nərgizli yal.
Təpələr: Bükənin yalı , Güneyin yalı, Sayadın yalı , Zalxanın yalı, Cümcümənin yalı.
Çərəli kəndi
Çərəli toponimi barədə yazan bəzi müəlliflər bu sözü heç bir məntiqi əsas olmadan çiyələk sözü ilə əlaqələndirirlər. Çərəli toponimi ilə çiyələk sözü arasında heç bir məna bağlılığı və etimoloji əlaqə tapmaq mümkün deyildir, bu sözlər məna və etimoloji baxımdan bir-birindən tamamilə uzaqdır.Əslində, bu söz bir toponim olaraq elə də mürəkkəb deyildir.Sözün ilk hecası onun etimoloji mənasının açılması üçün ən yaxşı açardır. Bu sətirlərin müəllifi ictimaiyyət arasındakı söhbətlərində Çərəli sözünü çiyələk sözü ilə bağlamağın əleyhinə olmuş, bu toponimi örüş mənasını bildirən qədim türk sözü çərə, çürə sözündən yarandığını söyləmişdir. Bu etimoloji izahla çoxları razılaşmışlar. Çərəli toponimi barədə maraqlı etimoloji mülahizələrdən birini də sofulu tayfasından olan kənd sakini Məhəmməd Möhübbətoğlu söyləyir. O, adını daşıdığı babası Məhəmməddən eşitdiklərinə istinad edərək belə söyləyir :”Babam deyərdi ki, çərəlilər çox qoçaq, mərd və qorxmaz camaat olublar.Ətraf kəndlərə basqın olan vaxtlarda vilayətin başçısı Çərəli camaatını köməyə çağırarmış. Belə çətin məqamlarda çərəlilər yardıma ehtiyacı olanlara əl uzadar, çıxılmaz duruma düşənlərə kömək edər, çarəsizlərin dərdinə çarə qılarmışlar.Çərəli camaatı həmişə dara düşənlərə kömək etdiyi, çarəsiz adamların dərdinə çarə qıldığı üçün kəndin adı çarə qılan- Çarəli (Çərəli) qalmışdır”. Biz xalqın yaddaşında qalmış bu versiyaya hörmətlə yanaşaraq, onu da bildirmək istəyirik ki, yer-yurd adları (toponimlər) daha çox relyef, coğrafi mövqe ilə bağlı olaraq yaranmışdır.(Qubadlı bölgəsində, o cümlədən hazırda Zəngilan rayonunun inzibati ərazi vahidliyinə daxil olan Ağbis kəndində məskunlaşmış sofulu tayfalarına məxsus altı kəndin hər birinin adı da birbaşa relyef və coğrafi mövqe ilə bağlıdır).
Onu qeyd edək ki, Çərəli toponiminə Azərbaycanın bir çox bölgəsində rast gəlinir.Bərdə rayonunda Çərəlilər adlı kənd vardır.Cənubi Azərbaycanda da Çərəli kəndi mövcuddur (1,449).
Əslən Cəbrayıl rayonundan olan yazıçı-publisist Sahib Abdullayev “Kredo” qəzetinin 17 iyul 2015-ci il tarixində dərc olunmuş ”Tarixi təhrif etmək və ya onu unutmaq gələcək nəsillərin qınağı üçün əsaslı zəmindir” araşdırma məqaləsində yazır: ”Bəzi tədqiqatçılar Çərəli sözünü vaxtilə Qarabağda yaşamış sofulu tayfası ilə əlaqələndirirlər. Hal-hazırda Qazax rayonunun Şıxlı kəndində bu tayfadan (sofulular-X.G.) çərəlilər nəsli yaşayır. Ağstafa rayonunda Çərəli dəyirmanı adlı toponim var ” (8,5).
Etimoloji məntiqə əsaslanan tədqiqatçılar , çox doğru olaraq, Çərəli toponimini örüş sözü ilə əlaqələndirirlər. Zəngəzur tarixinin cəfakeş tədqiqatçısı A. Muradverdiyev də bu qənaətdədir: ”Bəzi tədqiqatçılara görə, toponim “çərə, çörə” (örüş) sözündən və “li” şəkilçisindən ibarət olub, otlaq, örüş yeri mənasını verir”(1,449).
Yazıçı-publisist S. Abdullayevin də Çərəli toponimi barədə araşdırmaları məntiqə uyğun və ağlabatandır.Yazıçı-publisist adıçəkilən məqaləsində Cəbrayıl rayonunun İsaxlı kəndinin yaxınlığında Çərəli binəsi adlı qış yatağının olduğunu qeyd edir. Müəllif həmin araşdırma məqaləsində Çərəli sözünün etimologiyası barədə də fikir bildirmişdir. Çox doğru olaraq, tədqiqatçı toponimi coğrafi mövqe və ərazi ilə əlaqələndirmişdir Müəllif yazır: ” Mən o qənaətdəyəm ki, bu toponim çərə- çörə (örüş) sözünün və -li şəkilçisinin sintezindən yaranıb və otlaq,örüş yeri, çəmənlik, göylük mənasında işlədilmişdir. Çünki bu toponimin ifadə etdiyi ərazi binələnmək üçün çox əlverişlidir”(8,5). Haqqında söhbət açdığımız Qubadlı bölgəsinin Çərəli kəndinin yerləşdiyi coğrafi mövqe də ( relyef) bu fikirlərin həqiqiliyini təsdiqləyir. Belə ki, Çərəli kəndinin ucsuz –bucaqsız münbit və əkinə yararlı torpaq sahələri insan yaşayışı üçün olduqca əlverişlidir. Kəndin göz işlədikcə uzanıb gedən torpaqlarında arpa, buğda əkib –becərilir, üzüm yetişdirilirdi. Zəhmətsevər kənd əhalisi göz işlədikcə uzanıb gedən örüş sahələrinin hesabına çox rahatcasına şəxsi təsərrüfatlarında mal-qara saxlayırdı.
Çərəli kəndi rayon mərkəzindən 32 km cənub-şərqdə, Hərtiz dağının ətəyində yerləşirdi. Kənd geniş və ucsuz-bucaqsız əkin və örüş sahələrinə malik olduğundan Qubadlı bölgəsinin doqquz (Göyyal, Saldaş, Boynəkər, Ballıqaya, Hal, Qəzyan, Mirlər, Dondarlı və Hərtiz) Zəngilan rayonun iki (Ağbis və Ağakişilər), Ermənistan Respublikasının Qafan rayonunun iki (Ağavurd və Ücənis) kəndi ilə həmsərhəddir.
Istinad etdiyimiz tarixi mənbələrə əsasən deyə bilərik ki, Qubadlı bölgəsində sofulular ilk dəfə Çərəli kəndində məskunlaşmışlar.Kitabın yazılması prosesində həmsöhbətim olmuş Məhəmməd Möhübbətoğlunun dediklərindən: “Babam deyirdi ki, biz, Sofulu, Murxuz, Qıvraq və Ərəfsə camaatı ilə bir tayfadanıq. Babalarımız yaz-yay aylarında dağlarda- Sisyanda, ilin soyuq vaxtlarında Çərəlidə yaşayıblar.Onların təsərrüfat fəaliyyətinin əsasını heyvandarlıq təşkil etdiyindən bu cür həyat tərzi sürməyə məcbur idilər. Babam Məhəmmədin babasının da adı Məhəmməd olub.Ona Sofulu Məhəmməd deyiblər. Birinci babam Məhəmmədin dediyinə görə, kəndin bünövrəsini üç kişi qoyub.Həmin üç ailə bulağın yağınlığında özlərinə ev –eşik qurublar”.
Çərəli kəndinin bölgədəki digər sofulu kəndlərindən nisbətən qədim olduğunu müasir Azərbaycanşünaslıqda Zəngəzur tarixinin ilk tədqiqatçılarından olan Musa Urudun “Zəngəzur” kitabına əsaslanaraq söyləyirik. Müəllif adıçəkilən kitabında Türkiyə Cümhuriyyətinin dövlət arxivindən əldə etdiyi “Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri”nə əsasən həmin dövrdə Zəngəzurda məskunlaşmış kəndlərin siyahısını vermişdir. 1593-cü ildə Osmanlı dövlətinin məmurları tərəfindən hazırlanmış rəsmi sənədlərə görə Çərəli kəndi İsgəndər qalası livasının Qapan qəzasının Kəhparə nahiyəsinə daxil olmuşdur. Adıçəkilən arxiv sənədində Çərəli kəndi rəsmi şəkildə iki dəfə aşağıdakı formada qeydiyyata alınıb. Cədvəlin 46 sırasında bu cür qeyd olunub: ” Billur məzrəəsi (məzrə(ə)-ərəbmənşəli sözdür, sakinləri köçmüş yaşayış məskəninə deyilir –X.G.) Çərəli camaatı burada əkinçiliklə məşğuldur” (3,277). Yenə həmin rəsmi arxiv sənədində 56-cı sırada yazılıb:”Cürdəklər məzrəəsi. Çərəli camaatı burada əkinçiliklə məşğuldur”(3,277). Tam əminliklə deyə bilərik ki, hər iki məlumat inandırıcıdır. Belə ki, Çərəli kəndində sofulularla yanaşı , qorçubəyli tayfası da yaşayıb. İndiki məqamda yuxarıda adları çəkilən coğrafi məkanların hansında sofuluların əkin-biçin apardığını dəqiqləşdirmək və təsdiqləmək imkanına malik deyilik.
Bu məqamda onu da qeyd edək ki, Çərəli kəndində bir neçə tayfa yaşadığından Osmanlı dövlətinin 1727-ci ildə gerçəkləşdirdiyi rəsmi siyahıyaalınmasında Çərəli sofuluları digər sofulu kəndləri ilə birgə verilmişdir. Kəndin digər sakinləri isə Qubadlı kəndi ilə birlikdə göstərilmişdir. Həmin siyahıyaalınmaya görə Çərəli kəndində sofululara məxsus 24 fərdi təsərrüfat ( ev) olmuş, 90 kişi ,73 qadın yaşamışdır (1, 230).
Çar Rusiyasının 1893-cü ildə apardığı əhalinin siyahıyaalınmasına görə Çərəli sofuluları 29 şəxsi təsərrüfata malik olublar. Həmin dövrdə Çərəli sofulularının sayı 196 nəfər ( 109 kişi,87 qadın ) olmuşdur.
1993-cü ilin avqustunda Qubadlı rayonu erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Çərəli kəndinin sakinləri Sumqayıt şəhərində məskunlaşmışlar.
Toponimlər:
Ağ daş, Yolaşan, Qızılölən, Oğrul dərə, Bağ dərə, Boztəpə, Barmaqlar, Goynava, Mavdan, Cındalı pir, Qaramal dərə, Cırtdannava, İxtiyardüşən, Daşdıyoxuş, Ağgillik, Taxtalar, Havalı təpə, Şəmil yeri, Qara çuxur, Camalvurulan, Yalzəmi, Sarıyol, Çinar, Topalcıq, Bərəher, Niftiyəyolu, Qurdölən.dərə, At dərəsi, Böyük güney dərəsi, Qoçaşan, Yumru dərə, Darı dərə, Qara quzey, Yellicə, Ağdüz, İtüçən, Bühlüm, Vəliəkən, Qayalı dərə, Haramı dərəsi, Alı zəmisi, Mansır düzü, Şişyal, Qumlu dərə, Adışirin bağı, Qayadibi, Şahsuvarın bağı, Hərtiz dağı, Orta arxac, Suarası, Qəreyləli çuxur, Qəhrəmandüşən.
Ağbis kəndi
Hazırda Zəngilan rayonunun inzibati ərazi vahidliyinə daxil olan Ağbis kəndi barədə kitabın bu yerində məlumat verməyimiz təsadüfi deyildir. Bunu bizə tarixi –coğrafi məntiq diktə edir. Sofulu tayfalarının təməlini qoyduğu Ağbis kəndi tarixən bütün maddi və mənəvi dəyərləri baxımından Zəngəzur mahalının Qubadlı bölgəsinin yuxarıda qeyd etdiyimiz coğrafi məkanı ilə bağlı olmuşdur. Bir qədər yuxarıda qeyd etdik ki, Ağbis kəndi Çərəli kəndi ilə həmsərhəd olmaqla yanaşı, genetik cəhətdən də qohumdurlar.Bu məqamda onu da qeyd edək ki, sovet hakimiyyətinin 1930-cu illərdə apardığı ilkin inzibati rayonlaşma dövründə , çox doğru olaraq, Ağbis kəndi Qubadlı rayonunun ərazisinə daxil edilmişdir.Kəndin Qubadlı rayonunun ərazisinə daxil edilməsi bütün parametrlər baxımından özünü doğrultmuşdur. 1950-ci illərdə Ağbis kəndi Zəngilan rayonunun inzibati ərazi idarəetmə vahidliyinə verilmişdir. Ağbis kəndi Qubadlı rayonunun Çərəli, Zəngilan rayonunun İskəndərbəyli və Ağakişilər kəndləri ilə həmsərhəddir.
Ağbis bir toponim kimi təmiz türkmənşəlidir. Sözün ilk hecası olduqca şəffafdır. “Ağ” sözü Azərbaycan dilinin toponomikasında mövcud olan bir çox sözlərin yaranmasında fəal iştirak etmişdir. ( Məsələn, Ağdam, Ağdərə, Ağsu, Ağdaş və s.). Zəngəzur ərazisində də “ağ” sözü ilə başlayan onlarla yer-yurd adına rast gəlinir. Bu məqamda onların bir neçəsinə diqqət yetirək: Ağkörpü, Ağbulaq, Ağqaya, Ağca yazı və s. Zəngilan rayonun ərazisində də “ağ” sifəti ilə başlayan bir neçə toponim vardır:Ağoyuq, Ağkənd, Ağbənd və s.
“Ağ” sözü qrammatik cəhətdən sifətdir. Leksik baxımdan isə ağ rəngi ifadə edir. Ağbis toponimi ilk hecasında bu leksik mənanı özündə qoruyub saxlayıb.Toponimin ikinci hecası “bis”dir. Bu toponim bəzən səhv olaraq Ağbiz yazılır.Unutmayaq ki, Azərbaycan türkcəsi üçün “s”səsi daha çox xarakterikdir.”Bis”sözü dik yer, yüksəklik mənasındadır (7). Ağbis bir toponim olaraq Ağbis dağının adından götürülübdür. Ağbis kəndi Ağbis dağının ətəyində, Zəngilan şəhərindən 25 km şimalda yerləşir.
Apardığımız araşdırmalardan belə qənaətə gəlirik ki, Ağbis kəndi də məlum bölgədə ilk salınmış kəndlərdən biridir. Osmanlı dövlətinin 1593-cü ildə tərtib etdiyi “Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri”ndə Ağbis kəndi bu cür qeydiyyata alınmışdır:”Ağbis və Bilənav məzrəəsi”(3,277). Onu da qeyd edək ki, Ağbis kəndi Çərəli kəndi ilə eyni ərazi vahidliyində- Kəhparə nahiyəsində olmuşdur.
Tarixi mənbələrdə Ağbis kəndinin də sofulu tayfalarının qışlaq yeri olduğu qeyd edilir.1933-cü ilin sənədlərində Zəngilan rayonunda Ağbis adında iki kəndin olduğu göstərilir (7,s.18).
Osmanlı dövlətinin 1727-ci ildə apardığı siyahıyaalınmaya görə, həmin vaxt Ağbis kəndində 13 fərdi təsərrüfat olmuş, o cümlədən 40 kişi, 39 qadın yaşamışdır (1,229).
1893-cü ildə Çar Rusiyasının apardığı siyahıyaalınmaya görə Ağbis kəndində 34 şəxsi təsərrüfat mövcud olmuşdur. Həmin siyahıyaalınmada kənddə 219 nəfər əhalinin (125-i kişi, 94 nəfəri qadın) yaşadığı göstərilir (1,378).
İkinci Dünya müharibəsində kənd sakinlərindən 19 nəfər həlak olmuşdur.
Xanəhməd kəndinin xarabalıqları da Ağbisin yaxınlığında yerləşir.
Ağbis kəndi 1993- cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. İşğal ərəfəsində İsgəndərbəyli kənd inzibati ərazi vahidliyinin tərkibinə verilmişdir. Kəndin əsas toponimləri: Səfiqulu dərəsi,Yeməzli, Novruzlu, Novruzəli dərəsi, Zəncirli, Badam bağı, Səngər, Dadaşın yeri, Saqqızlıq, Əsgərin çinarı, Köç yolu, Dibək daşı, Qəbristan yolu, Qürbəti qurdyeyən, Ala güney, Qumlu təpə, Ayçıxan, Arxaclar, Xanəhməd bulağı, Aşağı və Yuxarı Saleh bulaqları,Gənclər bulağı.
Boynəkər kəndi
Boynəkər Qubadlı bölgəsində məskunlaşmış sofulu tayfalarının saldıqları dördüncü kənddir. Boynəkər sözü toponim olaraq cüzi dəyişikliyə uğramışdır. Toponim boyun (isim) və əkər (feil) sözlərinin birləşməsindən yaranıbdır.Bu gün də təpənin boynu, dağın boynu , dərənin boynu ifadələri dilimizdə ümumişlək sözlər olaraq qalmaqdadır. Boynəkər kəndinin əkin və örüş sahələri düzənlikdən ibarət olsa da, kəndin özü nisbətən çökəkdə salınmışdır.Kəndin lap yaxınlığındakı təpənin boynundan əkin sahələri başlayır. Belə bir relyef kəndin bu cür adlandırılmasını şərtləndirmişdir. A. Muradverdiyev də yazır:”Kənd Boyunəkər yeri adlı sahənin yanında salındığına görə belə adlanıb”(1,448). Bu məqamda toponimin orfoqrafiyasına da toxunmaq vacibdir.Çox təəssüflər olsun ki, 2007-ci ildə nəşr edilmiş Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan“ adlı xüsusi cildində bu toponim hansı səbəbdənsə Boyunəgər formasında yazılıbdır (4,s. 865). Bütün elmi mübahisələrə sonda nöqtə qoyan ensiklopedik nəşrdə yol verilmiş ən kiçik səhv belə oxucuda ən azı təəssüf hissi doğurur.
Boynəkər kəndi rayon mərkəzindən 27 km cənub istiqamətində yerləşir. Boynəkər Qubadlı bölgəsindəki digər sofulu kəndləri kimi 17-ci əsrin əvvəllərində salınmışdır.Kənd düzənlik ərazidə yerləşir.Boynəkər kəndi şərq tərəfdən Ballıqaya və Mollalı, cənub-qərb istiqamətindən Çərəli kəndləri ilə həmsərhəddir. Zəngəzurun Osmanlı dövlətinin idarəetməsi altında olduğu 1727-ci ildə tərtib edilmiş əhalinin rəsmi siyahıyaalınmasında kəndin adı Bərguşad nahiyəsinə daxil olmaqla Bunikər kimi yazılmışdır. Vergi verən və vergilər aşağıdakı kimi qeyd olunur: Mahmud Əlioğlu, Məhəmməd Nəbioğlu, Əli.
Gəlir:
Bennak və subay vergisi – 120 axca
Buğda-...tağar-6.520 axca
Arpa-...tağar -1.500 axca
Kəlinlik vergisi – 100 axca
Dəştibani və əkin yeri üçün tapu – 100 axça
Badi–hava, işlənmiş gunah və törədilmiş cinayət üçün 150 axça
Yekun: 12.000 axça
Osmanlı vergi məmurlarının 1727-ci ildə apardıqları əhali və təsərrüfatın siyahıyaalınmasına görə söhbət gedən tarixdə Boynəkər kəndində 13 ev, o cümlədən 47 kişi, 36 qadın olmuşdur (1,230). 1893-cü ildə Çar Rusiyasının apardığı əhalinin rəsmi siyahıyaalınmasında hansı səbəbdənsə Boynəkər kəndinin əhalisi haqqında heç bir məlumat verilməmişdir.Adıçəkilən siyahıyaalınmanın Sofulu kənd cəmiyyəti bölümündə Saldaş kəndinin adı təkrar olaraq iki dəfə verilmişdir. Bu səhvin orijinal nüsxədən irəli gəldiyini, yoxsa istinad etdiyimiz mənbənin (“Zəngəzur-tariximizin yaddaşı”) texniki qüsuru olduğunu araşdırmaq hazırkı məqamda imkanımız xaricində olduğundan dəqiq fikir söyləyə bilmirik. Bu faktı dəqiqləşdirmək indiki halda çətin olduğundan böyük ehtimalla deyirik ki, burada Saldaş kəndi barədə ikinci dəfə yazılmış statistik məlumatlar Boynəkər kəndinə aiddir.1893-cü il siyahıyaalınmasında da Boynəkər kəndində 13 ev olmuşdur. Müvafiq statistikada göstərilir ki, həmin dövrdə kənddə 84 nəfər (45 kişi, 39 qadın) yaşamışdır.
Zəngəzur qəzasının digər kəndləri kimi, Boynəkər kəndi də tarixin müxtəlif çağlarında erməni təcavüzündən əziyyət çəkmişdir. Zəngəzur qəzasının 3-cü sahəsinin pristavının qəza rəisinə 12 yanvar 1919-cu ildə göndərdiyi arayışdan məlum olur ki, 1918-ci ilin sentyabrın sonlarından 1919-cu ilin yanvarına qədər ermənilər bu ərazidə yaşayan əhaliyə qarşı hücumlar təşkil etmiş, kəndləri çapıb talamışlar. Həmin məlumatda erməni təcavüzündən ziyan çəkən kəndlər arasında sofuluların yaşadıqları Boynəkər kəndinin də adı qeyd olunmuşdur (5,67-68).
Kənd sakinlərindən 6 nəfər İkinci Dünya müharibəsində həlak olmuşdur.
20-ci əsrin 60-cı illərində əhali artmış, kənddə fərdi evlərin sayı 60 –a çatmışdır. Erməni vandallarının rayon ərazisini işğal etdiyi dövrdə kənddə 12 fərdi təsərrüfat (ev) fəaliyyət göstərmiş, 41 nəfər yaşamışdır. Kənd sakinləri kənd təsərrüfatı -əkin-biçin və heyvandarlıqla məşğul olmuşlar.
Kənddə ilk məktəb 1935-ci ildə açılmışdır. Əvvəllər dörd sinifdən ibarət olan məktəb sonradan natamam orta məktəbə çevrilmişdir. Kənddə kitabxana və tibb məntəqəsi fəaliyyət göstərmişdir. Boynəkər kəndində 15 su quyusu və müvafiq tikinti materialı əldə etmək üçün əhəng yandırılan xüsusi quyular mövcud olmuşdur.
Hazırda Çərəli kənd inzibati ərazi dairəsinin tərkibində ərazi vahidi kimi saxlanılan Boynəkər kəndinin 10 təsərrüfatı, 30 nəfər əhalisi vardır.
1993-cü ildə Qubadlı rayonunun ərazisi erməni işğalçılarının təcavüzünə məruz qaldıqda sonra boynəkərlilər də digər qubadlılılar kimi Sumqayıt şəhərində məskunlaşmışlar.
Boynəkər kəndində işlənilmiş yer-yurd adlarından bəzilərinə diqqət yetirək: Saqqız dərə, Qurddu dərə,Topu dərəsi, Mollu dərəsi, Əli taxtası, Böyük taxta, Vəli düzü, Kəklik dərəsi, Palıdlı, Əyridərə, Ağdüz, Qurdölən, Süleyman dərəsi, Danaquduran, Əyribucaq dərəsi, Adıgözəl düzü, Cabbaroğlu düzü, Sarı selav, Ağamməd dərəsi, Boruxlu dərəsi, Nərgizli yal, Əlipöhrəli yeri, Daşdıyoxuş.
Ballıqaya kəndi
Sofuluların yaşadığı Ballıqaya kəndi adından göründüyü kimi, kifayət qədər şəffaf toponimdir.Məlumdur ki, arı, adətən, qayalıq və meşəlikləri özünə məkan seçir. Hətta şəxsi təsərrüfatda saxlanılan arılar artaraq verdikləri beçələr çoxaldıqları yerdən (yeşik və s.) çıxaraq meşə və qayalıqlarda özlərinə yuva tapırlar. Kənd sakinlərinin dediyinə görə, kəndin adı kəndin yaxınlığındakı Ballıqaya dərəsinin adından götürülüb. Ağdam və Goranboy rayonlarında da bu adda kəndlər vardır.
Zəngəzur qəzası haqqında sanballı tədqiqatlar müəllifi olan A.Muradverdiyev “Zəngəzur- tariximizin yaddaşı” kitabında yazır:”...Qədim adı Mahmuduşağı olub”(1,448). Mahmuduşağı etnonimi də şəffaf toponimdir.Əminliklə söyləyə bilərik ki, bu etnonim kəndin təməlini qoymuş ilk sofulu tayfasının bir tirəsinin, bir qolunun adı ilə bağlı olubdur. Sonradan kəndin adının dəyişdirilməsinin səbəbi əhalinin artması, tayfa içərisində yeni tirə və qolların yaranmasıdır. Eyni bir genetik kodun daşıyıcıları onları birləşdirəcək bir adın qəbul olunmasını məsləhət biliblər. A. Muradverdiyev məlum əsərində Ballıqaya kəndinin vaxtilə sofulu tayfalarının qışlaq yeri olduğunu da qeyd edibdir (1,448).
Ballıqaya kəndi Qubadlı rayonunun Boynəkər, Mollalı, Hal və Məmər kəndləri ilə həmsərhəddir.
Ballıqaya kənd yaşayış məntəqəsi rayon mərkəzindən 13 km cənub- qərbdə yerləşir.
1727- ci ildə Osmanlı vergi məmurlarının apardığı əhalinin və təsərrüfatın siyahıyaalınmasına görə, həmin dövrdə Ballıqaya kəndində 23 ev , o cümlədən 82 kişi,71 nəfər qadın olmuşdur (1, 230).
Çar Rusiyasının 1893-cü ildə apardığı əhalinin siyahıyaalınmasına görə Ballıqaya kəndində 26 fərdi təsərrüfat və 208 nəfər (124 kişi, 84 qadın) sakin olmuşdur (1,379).
Qubadlı rayonun ermənilər tərəfindən işğal olunduğu ərəfədə Ballıqaya kəndində 43 fərdi təsərrüfat mövcud olmuşdur. Həmin vaxt kəndin əhalisi 189 nəfər idi. 2015-ci ilin statistik məlumatında kənd əhalisinin sayı 239 nəfər olduğu qeyd edilir.
İkinci Dünya müharibəsində kənddən 19 nəfər iştirak etmişdir. Onlardan yalnız 4 nəfəri salamat qayıtmışdır.
Birinci Qarabağ müharibəsində kənddən bir nəfər-Camalov Camal Mübarək oğlu şəhid olmuşdur.
Qubadlı rayonunun ərazisi məkrli ermənilər tərəfindən zəbt ediləndən sonra kənd sakinləri Sumqayıt şəhərində məskunlaşmışlar.
Toponimlər: Ballıqaya dərəsi,Vənni dərə, Samanlı dərə, Taxtalar düzü.
Sofulu
Tarixi mənbələrdə Qubadlı rayonunun ərazisində Sofulu adlı bir kəndin olduğu da qeyd olunur. Çar Rusiyası tərəfindən 1893-cü ildə hazırlanmış mənbədə Sofulu kəndinin adı qışlaq kimi qeydiyyata alınıb. 8-10 evdən ibarət olan bu kənd Gorus şəhərindən 4-5 kilometr məsafədə, Qubadlı rayonunun Əliquluuşağı kəndindən 3 kilometr cənub-şərqdə, Bərgüşad çayının qərbində, Davudlu kəndinin qarşısında mövcud olmuşdur. Əvvəlki mənbələrdə bu kəndin adına rast gəlinmir. Ehtimal etmək olar ki, bu kənd Murxuz kəndinin camaatı ilə çox yaxın əlaqədə olmuşdur. Belə ki, 1898-ci ildə Murxuz kəndində doğulub boya-başa çatmış, 1918-20-ci illərdə Zəngəzurun ictimai-siyasi həyatında mühüm rol oynamış, dövrünün tanınmış şəxsiyyətlərindən olan Salam Zeynalxan oğlu Adıgözəlov məhz bu kənddə öz yaxın silahdaşları ilə erməni daşnak birləşmələrinə qarşı mübarizə aparmışdır.1920-ci ildə haqqında söhbət açdığımız Sofulu kəndi ermənilər tərəfindən dağıdılmış, sakinləri sofulu tayfaları yaşayan Ballıqaya, Çərəli və Saracıq kəndlərinə pənah aparmışlar.
Nəticə
Qədim tarixə malik sofulu tayfalarının Zəngəzur qəzasının Qubadlı bölgəsindəki yol xəritəsi özəlliyi ilə diqqəti cəlb edir. Sofulu tayfaları, əsasən , Zəngəzurun cənub-şərqində, Qubadlı bölgəsində isə cənub-qərbində məskunlaşmışlar.Qubadlı bölgəsində məskunlaşmış sofulular Hərtiz dağının qərb yamacında yerləşən Göyyal kəndindən başlayaraq böyük bir ərazidə yaşamışlar. Qubadlı bölgəsində sofuluların yol xəritəsi belə olmuşdur: Göyyal, Saldaş, Çərəli, Ağbis ( vaxtilə Qubadlı rayonunun ərazisinə daxil olub) Boynəkər, Ballıqaya . Adları sadalanan kəndlər ardıcıl şəkildə üfüqi istiqamətdə yerləşərək, bir –bir ilə həmsərhəddirlər.Bu sofulu kəndləri Göyyaldan başlayır, Ballıqayada tamamlanır.
Qubadlı bölgəsində məskunlaşmış sofulu kəndləri üçün bir xarakterik hal da mövcuddur. Bölgədə sofuluların saldıqları kəndlərin bir neçəsi ( Saldaş, Çərəli, Ballıqaya və Ağbis ) sofulu tayfalarının vaxtilə qışlaq yerləri olubdur.1886 –cı il Çar Rusiyasının siyahıyaalma sənədində Zəngəzur qəzasının 3-cü sahəsinə aid olan I Xalac kəndi də Sofulu qışlağı kimi yer almışdır.
Bölgədə məskunlaşmış sofulu kəndləri üçün daha bir ümumiləşdirici fakt diqqəti cəlb edir. Məlum bölgədə salınmış sofulu kəndlərinin hamısının adı birbaşa relyef və coğrafi mövqeləri ilə bağlıdır.
Yaxın keçmişə qədər bu kəndlərin qohumluq (genetik faktoru nəzərdə tutmuram-X.G) və isti münasibətləri mövcud olmuş, sofulu camaatı bir-birlərinin toy və yas mərasimlərində kütləvi şəkildə iştirak etmişlər.Qubadlı bölgəsində yaşayan sofuluların etnoqrafiyasında, demək olar ki, heç bir ciddi fərq olmamışdır. Onların təsərrüfat həyatından tutmuş ən kiçik məişət tərzinə qədər bütün dəyərləri eyni idi. Sofuluların toy və yas mərasimlərində qədim türk adət-ənənələri özünü qoruyub saxlamışdır.
Bölgədə yaşayan sofulu kəndlərinin danışıq ləhcələri də, demək olar ki, eyni idi. Kəndlərin əhalisi bölgənin digər əhali qrupundan fərqli olaraq, feillərin deyilişində ədəbi dilin normalarına uyğun olaraq “c” səsini təhrifə uğratmadan tələffüz edirdilər.Bölgənin digər əhali qrupu gələcək zaman feillərini “j”səsi ilə tələffüz etdiyi halda ( gedəjəm, gələjəm və s.), sofulular “c” səsini başqa səslə əvəzləmirdilər, onu olduğu kimi saxlamışdılar (məs. gedəcəm, gələcəm və s.).
Bölgədə yaşayan sofuluların danışıq ləhcələrində fərq nəzərə çarpmadığı kimi, onların işlətdikləri toponimlərdə də ( yer-yurd, dağ, təpə,bulaq və s.adlar) oxşarlıqlar çoxdur.Nümunə üçün bəzilərinə diqqət yetirək: Ağdüz (Çərəli, Boynəkər,), Nərgizli ( Nərgizlik-Göyyal , Nərgizli yal Saldaş, Çərəli, Boynəkər),Cümcümə ( Cümcümə-Göyyal, Cümcümənin yalı Saldaş ), Sayad (Sayad güneyi-Göyyal , Sayadın yalı- Saldaş), Boz təpə ( Bozdu yal- Göyyal, Boz təpə- Çərəli),Yolaşan (Göyyal, Saldaş, Çərəli) Taxtalar (Saldaş, Çərəli, Ballıqaya), Qurdölən (Çərəli, Boynəkər), Kaha yeri (Göyyal), Kahı yeri (Saldaş) və s. Bu və digər toponimlərə [məs. boz sözü cüzi dəyişikliyə uğramaqla ( Bozdu (lu) ] yal,təpə, dağ və s.sözlər artırmaqla işlənilmişdir. Düzdür, bu toponimlərin əksəri relyeflə, yerin coğrafi mövqeyi ilə bağlı olsa da , həm də leksikon eyniliyi ilə əlaqədardır.
İstifadə olunmuş ədəbiyyat:
1.Akif Muradverdiyev, Zəngəzur- tariximizin yaddaşı, Bakı: “Xəzər”nəşriyyatı, 2007, 1024 s.
2.Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı, (AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşri, müəlliflər kollektivi), Bakı:”Turxan”nəşriyyatı, 2013, 424 s.
3.Musa Urud , Zəngəzur, Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2005,504 s.
4.Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyasının Elmi Mərkəzi, 2007
5.Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı,Sənədlər toplusu,3 cilddə,
2-ci cild,1-ci kitab,Bakı:”Çaşıoğlu”, 2011
6.Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA)
7.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2 cilddə, 1-ci cild, Bakı: “Şərq-Qərb”, 2007, 304 s.
- ”Kredo”qəzeti, 17 iyul 2015, 16 s.
Sofululara məxsus bəzi dialekt sözləri
Ağnağaz-dəyirmanda növbədənkənar üyüdülən dən
Alabaydaq- el-obada pis ad çıxaran şəxsə deyilir
Bənəviş-bənövşəyi rəng
Boyul- sonra
Balata- təbii yolla hazırlanmış xəmir mayası
Buşqu- sözün kökü bıçqı ilə bağlı olub, əl mişarına deyilir
Camam- əl və ayaq nahiyəsində yaranmış xoşxassəli şiş
Cıbırıq –qabıqdan çıxan cəvizə deyilir.Bu söz həm də məcazi mənada işlənilib.Məs: Bu iş mənim cıbırığımı çıxardı.
Cinaq- sinə
Cortdan – süzmə ( ağartı məhsulu)
Çəmini tapmaq- hər hansı bir işin yolunu tapmaq
Çöçün –qəribə anlamında işlənilib.Məs: Bu iş mənə çöçün gəldi.
Daşqır- irigözlü xəlbir
Dınıtdamaq-sakitcə dinləmək
Dızqax- bir balaca qorxutcaq qaçan adama deyilir
Dişəmək- iki mənada işlənilib:1..körpə heyvanın (məs.quzu, buzov) diş çıxarması, 2. Kəsici alətlərin dişlərinin itilənməsi
Dəmşalaq- danışığını bilməyən şəxsə deyilib
Düşük- mənasız söz-söhbət eləyən nüfuzsuz şəxsə deyilir
Əfsimək- siniyə yığılmış düyünün təmizlənməsinə deyilir
Əlqap (etmək)—hər hansı bir məsələni tələm-tələsik, əlüstü (atüstü) həll etmək anlamındadır
Ərəmşimək- sataşmaq, şitənmək
Ərtdəmək- təmizləmək
Gulul- buğda sürməsi
Herağac-tez yetişən meyvəyə və tez doğulan mal-heyvana deyilir.Məs: herağac buğda, herağac quzu
Hoya-cütlə əkilmiş torpağa çəkilən şırım
Xuduru- boş, havayı mənasında işlənilb.Məs:Xuduru özünə əziyyət vermə, bu iş baş tutan deyil.
İfallı (adam)-abırlı- həyalı mənasında işlənilir
İncəvara- yaxşı ki mənasında işlənilir
İraxlamaq-rahatlamaq
İşgil- cəftə, kilid
Kahal (adam) –söz-söhbət gec çatan adama deyilir
Kalafa- evin xarabalığa çevrilmiş yeri
Küər- 2 yaşında olan dişi keçi
Kolavat- kol-kosdan təmizlənmiş əkin sahəsi
Qaxal- yaz –yay fəslində mal-heyvan yığılan yer
Qalınça- əl qalınlığında olub, sacda bişirilən çörək növü
Qəcir- qartal
Qırnıq- lap kiçik , lap az mənasında işlənilir
Qırtmıx-nəsil,soy, kök
Qora – cır yabanı üzüm
Lodur-tənbəl
Mahna-bəhanə
Manqal- ləng, tənbəl adama deyilir
Məhlim- iki mənada işlənilir :1.məgər (sual ədatı); 2. məlum. Məs: Hər şey məhlimdir.
Mərəvcə--qulançar
Natayır- latayır, pis söyüş
Naxarta- nə qədər
Nünük- əfəl, bacarıqsız, əlindən bir iş gəlməyən adama deyilir
Öddək--ən adi şeydən qorxan adama deyilir
Peşəri- meyvə ağaclarının məhsulu yığılandan sonra əlçatmaz yerlərində qalan seyrək meyvəsinə deyilir
Sava- gec yetişən məhsula və gec doğulan mal-heyvana deyilr
Selav- sel yatağı
Səki -sanki
Sucuq- sulu,su çox duran yerə deyilir
Şulul- meyvə anlamındadır
Teyxa- bütövlükdə
Tezcənək- tez. Məs: Əlindəki işi tezcənək həll et ki, sabaha qalmasın.
Təhniz- danlamaq
Təvərə- iki anlamda işlənilir:1.dairəvi, yumru (hər hansı bir yumru əşyaya deyilib), 2.Məcazi mənada da elə bu mənaya yaxın işlənilir.Məs:Adamlar əsəbi halda olarkən belə deyirlər: Məni təvərədən çıxarma.
Təzərəklənmək-sözün kökündə təz (mək) feili durur.
Ziləf -acgöz