Qaniçən erməni-daşnak generalı Qaregin Njdenin əmri ilə 102 il bundan əvvəl, 1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda erməni nizami qoşun hissələri Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlman əhalisini insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırdılar. Yalnız Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak oldular. Bu qanlı qətliamlarda Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmışdı.
Zəngəzurun şərqində yaşanan bu qırğınlar Njdenin noyabrın 30-da yazılı olaraq imzalayıb yaydığı bu əmri ilə başlanmışdı: “Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde.”
Noyabrın 23-də Azərbaycan və Ermənistan baş nazirləri Tiflisdə sülh sazişi imzalamışdı. Hökumət başçıları Xatisov və Usubbəyovun ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə imzaladığı sazişə əsasən, hər iki hökumətin nümayəndələri noyabrın 26-da Bakıda görüşməli və ardınca da dekabrın 4-də Tiflisdə birgə konfrans keçirməli idilər. İmzalanmış sazişə uyğun olaraq Hökumətimiz Zəngəzurdakı az miqdar silahlı dəstələrini də geri çəkmişdi. Bunun ardınca noyabrın 26-dan başlamış hücumlarla Zəngəzurun Qubadlı bölgəsinin Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Seytas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndini məhv edən ermənilər Bərgüşad çayı boyunda salamat qalan, var gücü ilə müqavimət göstərən, heç yerdən silah, qüvvə yardımı ala bilməyən Qaladərəsi-Xocahan arası 48 kəndini də viran qoydular.
1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında Hamazasp, Dro, Qazaryan, Njdenin başçılıq etdiyi quldur dəstələri general Andranik Ozanyanın 1918-ci ilin yayından başladığı, sona çatdırmadığı şərəfsiz missiyanı bütün amansız vəhşiliyi ilə davam etdirdi; Zəngəzur qəzasının bu soyqırımda salamat qalmış Qafan, Zəngilan, Meğri, Qubadlı bölgələrində 200-dək kənd ciddi müqavimətlə üzləşmədən günahsız dinc insanların qanı ilə suvarıldı, viran qoyuldu.
Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur qəzasının Mehri bölgəsi də ermənilərin əlinə keçdi, Azərbaycanın əsas ərazisinin Naxçıvanla, Osmanlı Dövləti ilə quru sərhəddi itirildi, 4 mindən çox insan amansızlıqla qətl edildi.
Tariximizin bu və digər dərslərindən ibrət götürmədiyimiz, gərəkən nəticələr çıxarmadığımız üçün son 115 ildə həmin faciələri zaman-zaman təkrar yaşamalı olmuşuq.
Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı qələbə yeni tarixi dövrün başlanğıcı olub. Xalq, Dövlət olaraq bir ümdə vəzifəmiz də tariximizin qanlı səhifələrinin səbəb-nəticələrinin və qonşularımızla bundan sonrakı münasibətlərimizin mənəvi-psixoloji, hərbi-siyasi, sosial-ictimai, mədəni, iqtisadi aspektlərinin elmi şəkildə öyrənilməsi, vahid taktika, strategiya, konsepsiyanın hazırlanıb həyata keçirilməsindən ibarət olmalıdır.
Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru