“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir” (Atatürk). Ruhumuzda, ağlımızda ata-anamızın və müəllimlərimizin zərrələri var.
23 ildir göz açıb ilk gördüyüm, könül verib ilk sevdiyim, torpağında iməkləyib ayaq açdığım Sarayımın həsrətindəyəm. Gündüz xəyalımda, gecə yuxularımda ən çox gördüyüm kəndimizdi, evimizdi, bir də evimizin qabağından axan Bərgüşad çayıdı, Qubadlıya, Müskanlıya, Dondarlıya gedən evimizin hasarına bitişik yoldur. Bu yol həm də ömrümün məktəb illərindən başlayan, həyatımın sonrakı pillələrinə aparan yoldur.
Düşündükcə bir daha minnətdarlıqla anlayıram ki, həyatımda az-çox qazandıqlarım üçün Ulu Yaradanıma, Ana-Atama, bir də oxuduğum məktəblərə, müəllimlərimə - I-VIII sinifləri oxuduğum Diləli Müskanlı kənd 8 illik və IX-X sinifləri bitirdiyim Dondarlı kənd orta məktəbində dərs aldığım müəllimlərə borcluyam. Mənə heç zaman itməyən, tükənməyən, əksinə, üstünə ən etibarlı “var-dövlət” gətirən – elm, bilik bəxş edən müəllimlərimə vəfa borcumdu bu yazı. Sizlərə həsr edirəm bu könül duyğularımı, əziz, unudulmaz müəllimlərim.
Sarayla Müskanlı bitişik kəndlər idi, xeyir-şəri, toyu-yası, kolxozu, sovetliyi, örüşü, kövşəni, bağ arxı, lap bir az da uzağa gedəndə bəyliyi, töycü, biyarı bir olub. 1-ci sinfə məni rəhmətlik Səfər müəllim – istəkli dayı əvəzimiz aparıb gətirərdi, çox vaxt da öz motosikletində. Yazıb oxumağı mənə o öyrədib. Kəndimizin ilk ali təhsilli müəllimi idi, görüşün Ağbulaq kəndində taxta-şalban sexində qəzada dünyadan köçdü. Səfər evi, Fərzalı baba ocağı, hacı Fətəli məscidinin bir - birinə bitişik məhləmizdən Səfər müəllimimin gənc yaşında faciəli ölümü, onu son mənzilə aparan aramsız insan seli, özündən sonra 3 körpə qızı atasız qoyan əbədi gedişi həm də uşaqlıq yaddaşımın ən ağrı-acılı xatirəsi olaraq qalıb, ilk dəfə o zaman ölümün, ürəkdən bağlı olduğun insanın ədəbi yoxluğunu dərk etdim.
Uşaqlıqda pəltək olmuşam, "rı" hərfini deyə bilmirdim. 4-cü sinifdə oxuyanda dilim düzəldi. Ana dili kitabımın üz qabığının içinə bu şeiri yazmışdım. Bu mənim quraşdırdığım ilk şeirlərdən biri olub. Qubadlıda, kəndimizdə qalan ən kədərli itiyim həm də əlyazmalarım, şeir dəftərlərim, bir də şəkil, foto-albomlarım olub. Hər zaman ağrıdıb biu itkilərim. Həmin o pəltəkliyimə yazdığım şeiri evimizdə, kənddə çoxu əzbər bilirdi və mənim də indiki kimi yadımdadır:
Bu ilədək "rı" hərfini
mən deyə bilməyirdim
gah "ğı" ilə, gah "yı" ilə
sözləri "düzəldərdim.
Harda görsəm "rı" hərfini
hirsim boğardı məni
kəsib o olan yeri
qaralardım üstünü.
Tez-tez kefim pozulurdu
oturub batırdım qəmə.
deyirdilər ki mənə
bax, dilin düzəlməsə,
heç bir qız gəlməz sənə.
Zakir əmim öyrətdi
bu bicliyi də mənə
dedi seç "rı" olan sözləri
çoxlu-çoxlu təkrar et
bir də görəcəksən ki
daha dilin düzəlib.
Eləcə də elədim
bütün gün dırrr, zırrr
o qədər söylədim ki
kim nə soruşurdusa
deyirdim dırr, vırrr
pəltəkliyin daşını
mən beləcə tulladım
indi heç kim də mənə
lağ edib gülmür artıq.
Belə sadə, bəsit uşaq şeirlərim çox idi. Elə indiki şairlərin çoxu kimi yazırdım; qafiyələr seçirdim, sonra qabağına sözlər atırdım, uşaq düşüncəmlə olurdu şeir. Bu şeirim də Bərgüşad çayımıza aid idi.
Evimiz çay qırağıdı
bir yanı da yarğandı
burda yaşayırıq şad
gəlib keçir Saraydan
əzəmətli Bərgüşad.
qıjnavı, ləmi var
içi dolu balıqdı
xatınbilək, qəzvindi,
göyçə, sarıbalıqdı
kefimiz istəyəndə
balıq tutub yeyirik
Allaha şükr edirik...və s.
Bir dəftərim dolmuşdu. Rəhmətlik Müskanlı Tahir Feyziyev Universitetdə qiyabi oxuyanda bizə ədəbiyyat dərsi deyirdi. Bilirdi şeir yazmağımı. Bir gün çıxartdı yazı lövhəsinin qarşısına, dedi bir-bir oxu. Mən də həvəslə oxudum. Nətər lağa qoyub gülüb, uşaqları da üzümə güldürüb məni necə pərt elədisə: - get dərsini oxu, belə axmaq şeylərə baş qoşma, bunun yazdığı şeirlərə bax, şair olajax, Saraydan bircə şair çıxmamışdı...Çantamı götürüb dərsdən yarımçıq çıxıb qaçdım kövşənə, dəftərimi cırıq-cırıq edib tökdüm Qəzyan arxına, ağlaya-ağlaya gəldim evə, günlərlə özümə gələ bilmədim, qüruruma toxunmuşdu müəllimim, elə o atan atdım "şairliyi" - şeir yazmağın daşını. Ancaq hərdən yazmamaqdan da özümü saxlaya bilmirəm.
Saray-Müskanlı camaatından oxuyanların Müskanlıda ibtidai məktəbin direktoru, Şuşa Pedaqoji Texnikumun məzunu, sinif müəllimimiz Kərim müəllimə mənəvi borcu var. O rəhmətlik bu iki kənddə maarifin, təhsilin qurucusu, özül qoyanı, banisi, cəfakeşi olub. Dərsin bilməyənlərin, cızığından çıxanların cəzaları da amansız olurdu: sinifdə uşaqların qarşısında diz üstə əllər yuxarı, ya tək ayaq üstə durmaq, sillə-şillə də öz yerində. Onun qorxusu bizi evdə, dərsdən sonra da tərk eləmirdi, ona ilahi varlıq kimi baxırdıq, inanmırdıq ki o da başqaları kimi yeyir, su içir. Böyüklərimizin:- Kərim müəllimə deyərəm ha... sözü evdə də özümüzü yığışdırmaq üçün kifayət edərdi. Görünür insan zülmə tabedir sözündə bir hikmət var. Yəqin, o əziyyətin bəhrəsiydi ki, 30 evli kəndimizdə məktəbi bitirənlərin çoxusu tələbə olurdu.
Bizim sinif həm də Diləli Müskanlı kənd 8 illik məktəbinin ilk məzunları oldu. Tale elə gətirdi ki, az bir müddətdə bu məktəbdə öz müəllimlərimlə yanaşı müəllimlik də etdim. 1988-ci ilin noyabrında Bakıda Azadlıq meydanında mitinqlər başlananda şagirdlərimdən biri məktub yazmışdı ki, mitinqi aparanlar, çıxış edənlər məktəbdə sizin bizə anlatdıqlarınızdan danışır.
Evimiz Dondarlı ilə qabaq-qənşər idi. Evləri, kövşənləri appaçıq gözümüzün qabağındaydı. Dondarlıda toy olanda, zurna səsi elə bil qonşuluqdan gəlirdi, məhlədə kənd uşaqları yığışıb qol götürüb oynayardıq, bir havanı da boş buraxmazdıq. Kövşəndə Dondarlı kişilərinin səs-küyü, danışığı da aydın eşidilirdi. Çayın o tayında çəltik tirlərində, biçənəkdə işləyən kişilərə Veysəl babanın quyusundan o qədər su, evimizdən başqa bir şey olmasa da, ayranlı aş, pendir, çörək aparmışam ki... – halal xoşları olsun.
Ləmində, qıjnovunda göyçə, xatınbilək, şuhud, sarıca balıqlar üzən, dumduru sulu, torpaqlarımıza xeyir-bərəkət verən Bərgüşad çayının qırağı ilə qarlı-şaxtalı, sazaqlı, qorabişirən yayda tərtökdürən, cızdaq çıxardan istisində hər gün yeddi kilometr yolu piyada gedib gəldiyim o məktəb yolunu unutmaq olarmı heç?! Ömrümdə heç zaman bu qədər eyni uzaq yolu gedib-gəldiyim olmayıb... Məhləmizdən Dondarlıya aparan yolun hər döngəsi, düzü, əyrisi indi də gözüm önündə canlanır; mağal yeri, Kiçik düzün, Böyük düzün döngəsi, Dəvəüçən, körpünün gözü, özü, Dondarlı bağları, kövşənnik, Mikayıl dayının evinin yanındakı arxın üstündən keçən dar körpü, aralıq, Dağbaşı, nəhayət adlı-sanlı, şan-şöhrətli Dondarlı məktəbi. Biz oxuyanda əlavə yardımçı otaqları da tikilirdi, maşallah, uşaq artımı bol idi ətraf el-obamızda. Dondarlı məktəbi həm də Poladlı, Dəmirçilər, Mirlər, Saray kəndlərini birləşdirən, uşaqlarını dalaşdırıb-barışdıran, çəkişdirib bərkişdirən, qovuşduran mini paytaxt – baş kəndimiz idi, sovetliyimizin, “Komsomol” kolxuzumuzun mərkəzi idi. Şura hökuməti qurulana qədər də nahiyə mərkəziydi Dondarlı.
Mən ailəmizdən – hacı Fətəli ocağından bu yolun yolçusu olmuş 5-ci uşaq idim. Hələ 4-ü də məndən sonra gedib gələcəkdi bu yolu. Yanımızdan maşın ötəndə çantamızı başımıza keçirırdik ki, toz-torpaq gözümüzə, ağız-burnumuza dolmasın. 8 illik şəhadətnaməmizi alıb üz tutduq Dondarlı məktəbinin “kamal attestatı”na aparan yolunu yağır eləməyə. Tətilləri üstdən çıxsaq, alınar 550 gün, o baş, bu baş hər gün 7 kilometr, eliyir 7700 kilometr. İzafa, bu uzunluqda yolu gedib-gəlməyə dəyərdi Məhəmməd müəllim, Lətif müəllim, Seyfəddin müəllim, Əlif müəllim, Balış müəllim, Əbdül müəllim, Rəhman müəllim...onlardan dərs almaq naminə dəyərdi bu yolu gedib gəlməyə.
Dərs aldığım müəllimlərimin zəhmətini ödəmək mümkünsüz...Heç şübhəsiz, mənim üçün 1-ci sırada dil-ədəbiyyat müəllimim Məhəmməd Yaqubov durur, necə ki dostum, sinif yoldaşım Aslan üçün birinci yerdə cəmi Qubadlının ən bilikli riyaziyyat müəllimi Lətif Məhərrəmov olan kimi... Bəxtim açıldı ki, Dondarlı məktəbinə gəlişimizdə Məhəmməd müəllim bizə təzəcə dərs deməyə başladı. “Komsomol” kolxozunun sədri işləyəndə də bizə dərs deməkdən qalmadı. Ondan öyrəndiklərim, əxz etdiklərim, geniş dünyagörüşü, mütaliəsi, orijinal təlim-tədris metodları sonrakı həyatımda həmişə gərəyim olub, ali məktəbdə dərs deyəndə də, indi tez-tez işimlə bağlı şagirdlər qarşısında çıxış edəndə də adın çəkirəm, çox istifadə edirəm onun öyrətdiklərindən. Məktəbu qurtarıb instituta imtahan verməyə gedəndə dedi ki, dil - ədəbiyyatdan 5 (əla) almasan kəndə qayıtma, neynirsən elə, mənim “beş”imi qaytar gətir. 1975-də biz orta məktəbi bitirəndə əcaib qaydalar var idi; Universitetin hüquq, jurnalistika, şərqşünaslıq fakültələrinə məktəbi qurtarandan sonra 2 il stajı olmayanın sənədlərini götürmürdülər. Digər fakültələrinə də xarici dillərin birindən mütləq imtahan verməliydin. Bircə yolum qalmışdı, sənədlərimi V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun – APİ-nin filologiya fakültəsinə verdim. İndiki kimi yadımdadı – 124 abituriyentdən biri keçirdi. Xarici dildən avtomatik “3” yazırdılar. İlk imtahanım “Az dili-ədəbiyyat”dan idi, biletimi çəkib baxmadan dedim ki, müəllim, olar mən birbaşa cavab verim? Yaşlı kişi idi, dedi: – Bala, get otur, hər sualın cavabın kağıza yaz, növbəynəndir, qayda var. APİ-nin əsas binasında 3-cü mərtəbədən aşağı yola baxan açıq pəncərəyə bitişik səkidə qardaşım Dostəli dayanmşdı, bir kağıza “5 alacam” yazıb tulladım aşağı. Növbə mənə çatdı, cavablarım qane etmişdi: – “yaxşı” yazıram, get, – deyəndə əlimi atıb imtahan vərəqin götürdüm: – “Müəllim, 5 almaq istəyirəm mən”. – Ay oğul, görürsən hələ heç kimə 5 yazmamışıq, 5 almaq üçün rektorun xüsusi komissiyası var, gərək onlar gəlib iştirak eliyələr, protokol yazılmalıdı... – Mənim dil-ədəbiyyat müəllimim deyib ki, – “5 almasan geri qayıtma!” – dirəşdim. Qəliz durum yaranmışdı, geri çəkilmədim, yerdən də uşaqların pıç-pıçı qulağımı deşir: – “Müəllimləri hirsləndirmə, 4-ünü almısan, çıx get də”... (bu epizodları olayın canlı şahidi, tələbə, alim dostum astaralı Mehman Qaraxanoğlu yazıb, kitablara da düşüb). Əlqərəz, kimliyin sonra bildiyim Adilə xanım Bəşirova komissiyanı gətirməkdə olsun, biz də sual-cavab deyişməsində. Sabir, Cəlil Məmmədquluzadədən cavab verdikcə görürəm müəllimin üzü gülür, dil-boğaza qoymuram, – “Bu məsələni Xeyrulla Məmmədov belə deyir, ancaq Məmməd Məmmədovun yanaşması, sübutları daha məntiqlidir”... – Sən onların hansını görmüsən? – müəllim soruşur.– Heç birini – cavab verirəm. – Qorxmursan bəs, o adın çəkdiyinin biri mən olaram? Hardansan, müəllimin kimdi? – deyəsən yumşalıb.
– Qubadlıdan, Dondarlı məktəbinin müəllimi Məhəmməd Yaqubovdu müəllimim.
Yenə suallar, yenə cavablar... Axırda, – “Ver o qiymət cədvəlini, ay oğul, mən sənə 5 yazıram” – aldı, yazdı. Müəlllimin çox güclü olub, salam deyərsən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri professr Məmməd Məmmədovdan – üzümə gülümsündü.
Elə bu heynədə Adilə müəllimə 3 nəfərlə girdi içəri. Hörmətlə görüşdülər: – Məmməd müəllim, o 5 almaq istəyən budumu?
Məmməd müəllim:
– Şükür müəllim (prof. prorektor Ş. Sadıqov), mən artıq bu uşağın 5-in yazdım, öz dissertasiya işimdən də suallar verdim, uşaqlar gördü də, sizin də sualınız varsa, buyurun, xahiş edirəm...-Bilirəm ki siz hər uşağa 5 yazmazsınız.
Dostəli demişdi ki, vay o günə ki, Məmməd müəllimlə, Adilə Bəşirovanın qrupuna düşəsən... Amma, məndən imtahan götürənlər elə o ikisi idi. Komissiya özüylə protokol gətirmişdi, yazıb, imzalayıb getdilər. Və 1 sentyabrda ilk mühazirəyə ləngərli, sakit yerişi ilə Məmməd müəllim girdi və birdən qayıtdı ki, – “İmtahanda bir uşağa “əla” yazmışdım, o burdadımı?”. Qalxdım ayağa, gülümsündü.
Vaxt oldu Mingəçevirdə San-Marino Beynəlxalq Universitetinin Azərbaycan filialında Azərbaycan ədəbiyyatı tarixi, Bakıda Azərbaycan Universitetində Türk xalqlarının tarixi fənnindən 10 ilə yaxın mühazirə apardım, imtahanlar götürdüm, bilənin, oxuyanın qiymətini bir bal da artırırdım, maaşdan əlavə bir manat, qəpikdə gözüm olmadı, heç xəyalıma da gəlməyib, çünki haqqq-ədalətdən danışırdım axı onlara, tələbələr anket sorğusunda ən reytinqli müəllim seçmişdilər məni. Və heç vaxt əlimdə mühazirə dəftəri olmadı, hətta, dekan, kafedra müdirimiz kamera ilə dinlənilib monitorinq aparılan dərslərimdən sonra da:-hər şey əladır, ancaq nolar əlinizdə bir mühazirə dəftəriniz olsun, Universitetdə yeganə müəllimsiniz auditoriyaya konspektsiz girirsiz...-deyəndən sonra da bu vərdişdən əl götürə bilmədim, bir də ona görə ki, APİ-də əksər müəllimlərimiz mühazirələri imla kimi yazdırdığına görə bu metodun gərəksizliyi barədə mübahisələrimiz rektorluğa qədər gedib çıxmışdı. Təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki özüm də tələbəlikdə bir dəfə də olsun müəllimə pul vermək ağlımdan keçməyib, institutu yalnız "5"lə bitirmişdim.
Dondarlı məktəbində tarix müəllimim Seyfəddin Hüseynov da demişdi, –5 alacaqsan, ürəkli ol!, – günah özümdə oldu, qəbul imtahanında axırıncı suala cavab verməyə başlayanda, sayıqlığımı itirdim, müəllimin gözünə baxıb əlin yaddan çıxarmışdım, 2-ci suala cabav verəndə bir də baxdım ki: – “Dur, dur get, “yaxşı” yazdım sənə” – təbii ki, mən də yaxşıca dalaşdım, sancdım Əbilhəsən Mənsimovu. Bunlar dil-ədəbiyyat, tarix müəllimlərim Seyfəddin Hüseynovla, Məhəmməd Yaqubovun mənə verdikləri idi, heç vaxt unutmaram. Dərsə gəlməyəndə, ya işləri olanda ikisi də məni göndərirdilər o biri aşağı siniflərə tarix, ədəbiyyat dərsi deməyə.
Dondarlı müəllimləri təkcə elm, bilik vermirdi, həyat, əxlaq dərsi də verirdi. Məhəmməd müəllim biz Saray uşaqlarına tapşırıq vermişdi ki, oğlanlar, hərəniz bir qom söyüd çubuğu qırın, gətirin Dondarlı-Dəmirçilər körpüsündə səhər-səhər gözləyəcəyəm. Yeməkxananın qabağı ilə çayın qırağıynan üzüaşağı basdırdıq torpağa. Dediyi kimi də eləmişdik, səhəri gəlib görürdük ki, qələmələri yolub atıblar çaya, heç 100-dən 10-u qalmayıb. Deyirdi yenə gətirib əkin... Neçə dəfə təkrar qələmə basdırmışdıq... Deyirdi ki, – “Pis pisliyindən qalmırsa, siz xeyirli, yaxşı, savab iş görməyinizdən niyə geri çəkilməlisiniz?”. O budaqların bir xeylisi bitib böyümüşdü çay qırağında. Yeməkxana, çayxanada oturanlar kölgəsində feyziyab olurdu. İndi uşaqlara belə həyat dərsi verən müəllimlər çox azdır...
Biz qardaşlar Lətif müəllimi doğma dayımız kimi istəmişik. Savadlı olduğu qədər də, sadə, mehriban insandır bizim Lətif müəllimimiz.
Anamın keçmişdən qalma bir tikiş maşını var idi, tez-tez xarab olurdu. Sifarişini çatdıran kimi, Dondarlıdan o boyda yolu, ya da çayı keçib gəlirdi. Əlində balaca bir qutusu vardı, maşını səliqə ilə düzəldirdi, silib yağlıyırdı, işə salıb gedirdi. Yaxınların söhbətidi, Sumqayıtda yas yerində soruşdum ki, – “Lətif müəllim, o vaxtlar tikiş maşınımızın “çorniy”ini düzəltməyin yolun başa saleydiniz bizim birimizə, elə özümüz düzəldərdik, bir də hər dəfə o uzun yolu niyə gəlib gedirdiniz?”. Dedi: – “Bəs onda Səfrəndə bajımın fikrindən keçməzdi ki, Lətif qağam gəlib-getməyin, özün əziyyətə verməyin dərdindən uşaqlara öyrədib bunu”... Belə böyük ürək sahibi idi Lətif müəllim. Mələk müəllimə mehr-ülfəti, mehribanlığı da bir başqa aləm idi mömin müəllimimin. Xeyli direktor da oldu, ancaq özü işdən çıxdı ki, Allah məni müəllimlik üçün yaradıb, bu iş mənlik deyil.
Dərsdən sonra gəlib nahar edib gedirdi Dəmirçilərə instituta hazırlaşan uşaqlara əlavə məşğələlər keçməyə, kömək eləməyə. Pul nədi, heç ağlına da gəlməzdi, əl fanarı, dürməyi də cibində olurdu, axşam qaranlığına qalırdı hər gün. Belə geniş ürəkli kişilər idi Dondarlı məktəbinin doğma müəllimləri.
Direktorumuz Ərşad müəllim bizə dərs deməsə də, onun zəhmini həmişə hiss eləmişik, məktəbi sanki ovcunun içində saxlayırdı. Güzəşt, qohum, dost, qonşu ayrı-seçkiliyi yox idi onda.
Təzə komsomola keçmişdik. Güloğlan Rzayev rayon komsomol komitəsinin I katibi idi. Gəldi iclasa topladı komsomolları - məktəb komsomol təşkilatına məni katib seçdilər. Sonra rayon komsomol komitəsinin plenumunda çıxış elədim, şəklim, çıxışımın icmalı “Avanqard” qəzetində getdi. Sonra da əmək fəaliyyətimə əsgərlikdən sonra rayon komsomol komitəsində işə başladım, həm də rayon, respublika qəzetlərində yazılarım çıxırdı, 15 ildi həm də sayt təsisçisi, baş redaktoruyam - bunlar da Dondarlı məktəbindən başlanan yolun davamıdır.
Bu da bir xatirədir; sinif yoldaşımız X-nın atası anasından ayrılmışdı, maddi yardım eləməyi bir yana, kəsilən alimenti aylardı ödəmirdi, vəziyyətləri çox çətin idi, başqası ilə evlənib yaşayırdı. Yazdım “Azərbaycan gəncləri” qəzetinə, məktublar guşəsində verildi, neçə ayın aliment pulun alıb ödədilər. Şagirdlikdən başlanan “demaqoqluq” vərdişimdən indi də ayrıla bilmirəm, feysbuk yazılarımı, kitablarımı izləyənlər bilir bunu.
Hacı Fətəli ocağına hər zaman içdən gələn sevgi, doğmalıq, mərhəmlik, xətir-hörmət görmüşəm Dondarlıda. O gözəl insanlardan ən çox eşitdiyim bu mərhəm nəvazişli söz olub: – “Hajı babamın balası”... Ağlımız kəsəndən evimizdə böyüklərimizdən bu sözləri eşitmişik, – “Yadınızda qalsın, Dondarlıdan İman kişi (kolxoz sədri olub), Abdulla kişi (rayonda icrakom sədri olub), Bərxudar dayı (bəy oğlu, bəy nəvəsi, sovet, kolxoz sədri olub) 30-cu illərin o tuthatut vaxtlarında Hacı babanızı həbsdən, sürgündən xilas eliyiblər, rayondan gizli çıxardıb, hacı dostların tapıb, ailəliklə neçə illər Agdam, Bərdə, Ağdaşda gizlədilməyinə kömək ediblər, evimizə bitişik məscidimizin uçulub dağıdılmasına imkan verməyiblər (2009-da çıxan “Qubadısız 16 il” kitabımda “Babam Hacı Fətəli Əfəndi” adlı yazımda bundan bəhs etmişəm). Dondarlıdan adlarını çəkdiyim bu insanların simsar surətləri yaddaşımda qalıb. Qazı Bəhlul oğlu Molla Mustafanın, Əlmərdan müəllimin, Xizri müəllimin, Bayraməli müəllimin, Muradxan müəllimin söz-söhbətlərini heç zaman unutmaram. Ağbirçək yaşlarında da xanım xatınlığını, gözəlliyini saxlamış, yanaqlarının qızartısı getməyən, qədimi naxışlı arxalığı yay-qış əyinlərində gəzən boyu uzun Burla xatunların – Aşa qoca ilə bacısı Süsən qocanın (biz uşaqlar onlara da, anamın anası Bahar nənəmə də “qoca” deyirdik), Rizvan nənə, Qəmsiyə bacımız ilə anası Səlbi qocanın.., əsas da, cümə günləri o uzaq yolu bizə gəlib Hacı Fətəli ocağının madarı Anamı doğma övladları kimi əzizləmələri, məhləmizdəki məscidin daş-divarlarını duz kimi öpmələri, Hacı babamdan qalma əşyaları nə məhəbbətlə öpüb üz-gözlərinə sürtmələri, dəstəmaz alıb namaza oturub bir yerdə Allaha dua eləmələri kino lenti kimi gözlərimin önündədi. Nə qədər saf, imanlı, təmənnasız, inamlı Allah adamları vardı ötənlərdə...Sovet-KQB rejiminin tüğyan elədiyi zamanlarda da mehri-ülfəti, sədaqəti, din-imanı qoruyub saxlamışdılar. Allah yerində qalanlara cansağlığı versin onların, hamısının da layiqli, ləyaqətli davamçıları var indi də.
Dondarlı məktəbinin bizə verdiyi biliklər, ata-anamızdan aldığımız tərbiyə qədər əzizdir. Ailəmizin ilki Məhəmməd elmə ilk cığıraçanımız oldu, hamımızı da arxasınca elmə, təhsilə çəkdi, özü mühəndislikdən ölkəmizin ən iri sənaye müəssisələrindən olan Bakı Şin Zavodunun direktorluğunadək yüksəldi. İndi ailəmizdə elmlər doktoru, yazıçı, icra başçısından tutmuş elektrikə, müəllimdən mühəndisədək bütün peşədən olanımız var.
Dondarlı məktəbinin tarixində ancaq bizim sinfimizin “son zəng”i olmadı, günahı da özümüzdəydi. Heç “venetka”mız da olmadı. 40 ildi ki, ha deyirik yığışaq bir yerə, alınmır ki, alınmır. “Son zəng” günü ara qarışdırmağımızın layiqli “xeyir-duası” olaraq aldığımız “Hacıynan Aslan, gedin, heç qabağınıza xeyir çıxmasın” “alqışı” hələ də qulaqlarımdadır. Amma layiq idik bu qarğışa – kamal attestatı alsaq da, ağlımız-kamalımız yerində deyildi hələ, dirəşmişdik ki, biz deyən, istəyən kimi olmalıdı son zəngimiz, o da alınmamışdı. O da yadımdadı ki, qızıl medal almaq üçün indiki pulla 300 manatı dədəm tapıb-düzəldib maarifə verə bilməmişdi və medaldan salmaq üçün “4”-ün birini bədən tərbiyəsi müəllimi yazmışdı, birini də direktorumuz özü demədiyi “kimya” fənnindən, başqa heç kimin əli gəlməmişdi qiymətimi kəsməyə. Amma 1975-ci ildə Dondarlı məktəbinin 52 məzunundan təkcə Aslanla mən o ili əyani instituta girdik...İndi isə nə qədər xətir-hörmətli insanlar, peşəkar mütəxəssislər var o ilki məzunların arasında-bizim buraxılışda!
Evdən məktəbə özümüzlə yağ-şor dürməyi götürsək də, Kimaya xalanın məktəb bufetindən bulku ala bildiyimiz gün mədəmizin üzü gülürdü. Bulku 5 qəpiyə idi, arasına bıçaqla kəsib pavidlo qoyanda 10 qəpik olurdu. Necə də iştahla yeyirdik...
Dondarlıda ən çox işimiz keçənlərdən biri kövşən gözətçisi (həm də sovetliyin poçtalyonu) Çingiz dayı idi. Məhləmizdən əl içi kimi görünürdü kövşən, atın minib gözdən itən kimi, çayı keçib özümüzü vururduq biçənəyin içinə, oraqla biçib bəndəm eliyib çatılayıb ot şələsin atırdıq kürəyimizdə gətirib dördayaqlılarımızı sevindirirdik...Hərdən inəklərimiz dilbilməzliyinə salıb, nəfsin saxlaya bilməyib gözlərinin, qarnının qurdun öldürmək üçün kolxozun yoncalığına hücum çəkərdi və Dondarlıda kolxozun mal tavlasının “ziyanlıq türməsi”nə damlanardı...
Xatirələri cöjələməklə yaşı yaş üstə yığırıq, vətən həsrətilə saçlarına dən düşmüş dostlarla görüşəndə uşaq kimi bir müddət qayğısız oluruq, sonra da, – “Dünənki uşaqlardıq, biz nə vaxt qocaldıq belə..? Hanı o dağlar, o məktəb yolları, o bin-bərəkət, qayğısız günlərimiz?” Cığırları gəzirik, Dəvəüçənin topulğanlığında, dərələrdə yemlik, quzqulaq, çiriş, qulançar, mərəvzə axtarırıq xatirələrimizdə. Ev-ev sadalayırıq kənd-kəsəyimizi, məktəbimizin siniflərini, müəllimlərimizin yaddaqalan xatirələrini...Ümid ən sonda ölərmiş. 23 ildir ümidimiz can verir, yalandan təsəlli veririk, ölməyə qoymuruq son ümid işartısını. Kaş yaddaşlarımızdakı o yol-irizlərin, cığırların yadlardan azad olunduğu günü görə biləydik.
Allah nəsib eləsin o günü görməyi arzu edənlərə!
Qubadlı
Əlim çatmır, səsim yetmir dağlara
Canım, gözum Qubadlıda qalıbdı.
Səbr, dözüm daha çatmır dadıma
Ruhum, sözüm Qubadlıda qalıbdı.
Ağaçay, Həkəri, Bərşad ordadı
Səngər, Qala, Haçaqaya dardadı,
Həcər xanım! Qaçaq Nəbin hardadı?
Ulu dağlar gözü yolda qalıbdı.
Siyasilər oyununda qaldıq mat
Bu məkrli gedişlərdə olduq mat
Alan namərd, satan bədzat
Ər oğullar əli yanda qalıbdı.
Yurddan ayrı düşən qərib, yesirdi
Dönə bilmir el yerinə nə sirdi,
20 ildi Vətən orda əsirdi,
Qurtuluşu son savaşa qalıbdı.
Hacı NƏRİMANoğlu
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Yazı Eldar Ağakişiyevin “Ana yurdum Dondarlı” (2019) kitabında dərc olunub (səh.280-88).