26-cı ildir Azərbaycanın baş bankiri vəzifəsini daşıyan Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank üçün 450 milyon manat dəyərində bina tikiləcəyi ilə bağlı açıqlamalar sosial şəbəkədə, internetdə ciddi narazılıqla qarşılanıb, kəskin ictimai qınağa tuş gəlib. Həm də tamamilə haqlı, əsaslı səbəbdən. Ölkənin bank sistemindən və E.Rüstəmovdan ən narazı vətəndaşdan biri mənəm; 2018-ci il dekabrın 3-də ABB-nın Mətbuat filialından 9500 manat kredit götürmüşəm, ayda nə zülümlə 268 manat hesabı ilə 14,462,22 qəpik geri qaytarmalıyam. Dünyanın heç yerində belə soyğunçuluq, yüksək faiz yoxdur. Türkiyədə kredit faizləri illik 1.5, Almaniyada – 1.9, ABŞ-da – 3.25 faizdir, Rusiyada isə 6-9 faiz arasında dəyişir. Ümummilli sərvət olmalı neft pullarımızı xarici banklarda 3-4 %-ə oturdub, vətəndaşa 25-28 %-lə vermək heç bir məntiqə, haqq-ədalətə sığmır. Sözüm bunda deyil, onsuz da xalqın 3-də 2-si bu gündədir, “palaza bürün, elnən sürün.”
Elman Rüstəmovun atası Sirac müəllimlə tanışlığımız 1982-ci ilin yayında başlamışdı. Şəhidlərimizin qanı, Ali Baş Komandanımızın siyasi iradəsi hesabına Ana Vətənə qovuşan Cəbrayılın, külli Qarabağın ən səfalı guşələrindən olan Sirik meşəsinin ətəyində Cəbrayıl məktəbliləri üçün həmkarların hesabına pioner düşərgəsi açılmışdı, Qubadlının Əyin, qonşu Ağoğlan-Hadrutun erməni məktəbliləri Cəbrayıla qonaq gəlmişdik. Düşərgə direktoru şair dostum İsmayıl İmanzadə idi, qonaqları qarşılamaq üçün yaxşı hazırlıq görmüşdülər. Şeir, idman yarışmaları, çalmaq, oynamaq, surna səsi də dağlara səs salmışd. Qubadlıdan düşərgə direktoru Şəhid Milli Qəhrəman Əliyar Əliyev, raykomun, icrakomun, həmkarların nümayəndələri, komsomoldan mən. Cəbrayıl Rayon İcraiyyə Komitəsində təşkilat şöbə müdiri işləyən Sirac müəllim ev sahibi kimi tədbirə peşəkarlıqla ağsaqqallıq edirdi, salamlama, xoş gəldiniz, çıxışlar, böyüklərin ziyafət məclisinin də masabəyisi o idi. Sadə, sözlü-söhbətli, mədəni, ziyalı insan idi rəhmətlik. Aramızda ata-bala yaş fərqinə baxmayaraq, ordan başlanan ünsiyyətimiz davamlı oldu, dəfələrlə çörək kəsdik. Qonşu rayonların komsomol, icrakom, raykom, qəzet... işçilərinin 30-40 il əvvəldən başlamış münasibətləri bu gün də yaxşı ənənə kimi davam edir. Dünyadan köçənlərə rəhmət, qalanlara cansağlığı.
Sirac müəllimlə eyni vaxtda sonralar mən də Qubadlının icrakomunda işlədim. Rayonda ev tikdirirdi, Qubadlının Hacılı kəndində də təzə daş karxanası açılmışdı, kubiki də elə keyfiyyəti deyildi, sarımtıl torpaq rəngində. Ərki var idi mənə rəhmətliyin, tez-tez zəng edirdi ki, ay Hacı, mən maşın göndərim, ya sən yüklədib göndərirsən mən burda hesabın kəsim, daş qutarıb, iş yarımçıq qalıb, ustalar məəttəldi. Bilirdi ki, dayım Yusif İsayev də karxananın müdiridir. Bir dəfə dedim, sağ olmuş, bu nə daşdı, Füzulidən ağappaq kubik çıxır, həm də yaxındır, Qaradağınkından da keyfiyyətli. Cavabı indiki kimi yadımdadır:-sən bilmirsən mən ancaq quru maaşa baxıram, yenə sizinki ucuz başa gəlir. Bilirdim ki, Elman müəllim o vaxtlar hansısa elmi-tədqiqat institunda elmi işçidir, Moskvada dissertasiya müdafiə etmək üçün gedib gəlir, xərc-filanı da onun üstündədir.
Sözümün “məmmədqulusu”na gəlirəm; Elman müəllimin savadı, idarəetmə bacarığı, bütün pul-parasının 80%-i neft-qaz ixracının başında fırlanan xəzinəmizin sükanını əlində necə saxlamağını, deyilənə görə, xarici ölkələrdə, beynəlxalq maliyyə-bank qurumlarında da öyrənirlər, hətta, bəzən necə saxlamağına təəccüb də edirlər. Amma təzə bank binası söhbəti heç yerinə düşmədi. Deyilən, yazılanlar, bir az da mənə də toxunur doğrusu, indiyədək üzün yaxından görüb salam-əleyk eləməsəm də.
Yəqin sayt, feysbukda diplomatik korpusun Mədain xarabalığından da betər günə qoyulmuş Cəbrayıldan yayılan görüntüləri görəndən (qəbirləri də sökmüşlər alçaq ikiayaqlı kaftar), cəbrayıllı dost-tanışların doğma torpağa qayıdışa tələsməsi, ardınca da E.Rüstəmovun ünvanına f/k-da yazılanları oxumasaydım, heç təsirlənib bu yazını da yazmazdım.
Deyirəm nola, Elman müəllim alimdi, elmli, ağıllı, milli düşüncəli, Prezidentə sədaqətli kadrdır, sağlığına qismət, varı-dövləti də var, sözü də keçir, izin ala, saatın xoş məqamında gedə möhtərəm, möhtəşəm, müzəffər Prezidentimiz, Ali Baş Komandanımızın qəbuluna, deyə izin, xeyir-dua verin xalqın Banka toplanan o 450 milyon manatına Cəbrayılın gen-bol düzəngahlarından birində qəsəbə salaq, izninizlə halal pulumla da bir Heydər parkı, “Hacı Qaraman” məscidi, “Sirac” məktəbi, EL-oteli də tikim, dünyadan köçənlərimizə də əbədi rəhmət qazandıraq. Bu söz-söhbət də bağlansın, atılsın arxivə.
Nə deyirsiz, Elman müəllim?! Sizə baxar, məsələn, Cavid Qurbanov da Kəlbəcərdə “Aşıq Şəmkir” qəsəbəsi tikdirər...başqa birisi kənd, məktəb, lisey, xəstəxana...Türkiyədə bu iş çox yayılıb. Vallah, dünyada ancaq xeyirli, savab əməllər qalır, yaşayır, yaşadır...Prezidentimizin işi yüngülləşər, Xaliq də razı qalar, xalq da.
Unudulmaz Sirac müəllimin ruhuna ehtiramla,
HACI NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tarix üzrə fəlsəfə doktoru