Qax rayonundakı Əmbərçay kəndinin başı üzərindəki qədim Kürmük alban məbədində ildə 2 dəfə 23 noyabr və 6 mayda keçirilən Kürmükoba bayramında (gürcülərdə “Giorqoba“) iştirak etdim.

Səhər saat 9 radələrindən başlayaraq, insanlar dəstə-dəstə piyada meşənin içindən keçən çığırla 500 metr hündürlükdə ucalan məbədə qalxırdılar. Azı min insanın iştirakı ilə günboyu davam edən bayramda müxtəlif din, dil, etnik qrupa malik insanlar heç bir ayrı-seçkilik hiss etmədən birlikdə məbədin içində və çölündə ibadətlə məşğul olur, dini ayinlər icra edib dualar oxuyur, niyyət edib ağac budaqlarına parça qırıqları düyünləyir, qoyun və toyuqları məbədin başına dolayıb əvvəlcədən qulağından qan alaraq ya burada, ya da aparıb evlərində qurban kəsir, məbədin ətrafında ya ayaq üstə, ya da ağac dibində süfrə açıb evlərindən gətirdikləri nemətlərdən yeyib içir, qonşularını da qonaq edirdilər. Əsas odur ki, xristian gürcü, ingiloylar da burda yalnız qoyun və toyuqlardan qurban deyir, kəsirlər. Hamı bir-birinə “Allah niyyətinizi qəbul eləsin”, “Ziyarətiniz qəbul olunsun” deyib bayramlaşırdı. Çox sayda hər iki cinsdən olan adamlar niyyət etdikləri üçün soyuq, yağışlı havaya baxmayaraq, məbədə aparan yolu ayaqyalın qalxırdı. Xəstələri qucaqlarında məbədə gətirib sağalması üçün dua edənlər də vardı. Kilsə içində tünlük vardı, təbii ki, ibadət edənlər daha çox gürcülər idi, hamı şam yandırıb dua oxuyur, burada qoyulan qutulara pul atırdılar. Mən də kəlmeyi şəhadətimi oxuyub salavat çevirdim, təkbir də etdim, heç kəs də mənə başqa nəzərlə baxmadı təbii, öz qədim alban evimdə kim nə deyə bilərdi ki mənə, özümü əsil ev sahibi rolunda hiss edirdim.
***
Gürcüstanın dövlət və kilsə səviyyəsində rəsmən özününkü elan etdiyi, müəyyən ərazi dəyişikliyi ilə bizdən alıb özününküləşdirməyə çalışdığı Kürmük kilsəsi qədim bir alban məbədinin (I-III əsr) qalıqları üzərində inşa olunmuş kilsədir. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün müsəlmanların sidq ürəkdən inanıb ibadət, ziyarət etdiyi bu qədim məbədin üzərində yeni kilsə tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin təklif və təkidləri ilə inşa olunmuşdur. Vaxtilə burada mövcud olmuş alban məbəd, ibadətgahlarının torpaq altından aşkara çıxarılmış qalıqları var. Məbədin yuxarı hissəsində də daha bir qala, yaxud məbədin qalıqları durur. 2006-cı ildə məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlardan alban kilsəsinə aid olduğu sübuta yetirilmişdir.
Bu məbəd bizim dost-doğmaca Alban dövlətimizin yadıgarıdır, hamımızındır, 26 alban tayfasının hamısının övladlarınındır. Elə bu düşüncə ilə də müsəlmanlar da, xristianlar da- türk, ləzgi, avar, saxur, gürcü, ingiloy...hamı bu məbədi özününkü bilir və burda ibadət edir. Gəlin babalarımızın mirasına yurdumuzun hər guşəsində ucaldılmış, adı, izi qalan Alban məbədlərimizə sahib çıxaq. Onlar bizimdir! Sadə həqiqəti bilək, qəbul edək; islamiyyətə qədər (622-ci il) oğuz türklərinin, bizim alban babalarımızın böyük bir hissəsi xristianlığı qəbul etmişdi, məbədlər ucaltmışdı. Oğuz elinin Qazan xanın titulu belə idi:  "Oğuzlar başı Qazan", "Alpanlar başı Qazan". Qafqaz Albaniyası xristianlığın yayıldığı ilk ölkələr sırasında olub. İmperator I Nikolayın 11 mart 1836 -cı il Fərmanı və Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsi ilə Alban Həvvari Kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə, tabeçiliyinə veriləndən sonra Alban Kilsəsinin müstəqilliyinə son qoyuldu, fəaliyyəti tam dayandırıldı. Həmin yaxın tarixə kimi Qarabağın yuxarı hissəsində xristian alban türkləri dini inanclarını saxlamışdı.
Kürmükoba bayramınız mübarək, əziz həmvətənlər! Növbəti Kürmük oba bayramında hamınızı görmək arzusu ilə.

Hacı Nərimanoğlu,  facebook.com. 23.11.14. Qax rayonu, Kürmük alban məbədində Kürmükoba bayramı adlı alboma 12 yeni şəkil əlavə etdi.