Bura mənim dünyaya göz açdığım, ayaq açıb ilk yeridiyim, Vətən sevgimin beşiyi Saray kəndimdir. Bərgüşad çayının həm coşqun qıjnavlı, həm sakit ləm axarlı, Zəngəzur dağ, meşələrinin min dərdin dərmanı olan bulaqlarının bir ana ağuşunda qovuşduğu sularının şirin-şirin zümzüməsi ilə, heç yerdə olmayan növbənöv balıqlarının çıxardığı səslərin mışıltısı altında keçirdiyimiz günlərin şirin, nisgilli, indi bəzi məqamları ilə hər zamankından daha kədərli xatirələri ilə bərabərik. Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanımızın, Türkiyə və Azərbaycan prezidentlərinin siyasi iradəsi, birlik, bərabərliyi o torpaqlara qoşuşmağımıza nədən oldu. Gördüyümüz mənzərə isə tük ürpədən, ürək yıxandır-"döz bu dərdə dözənəcən, bu dərd səni üzənəcən". Vəziyyətin belə olacağını, erməni adlı murdar ikiayaqlının bu qədər də alçaq, qansız, vəhşi olduğunu təsəvvürə gətirmək çətin idi.
İndi özülü də dağılmış, içi təpili qoyub gəldiyimiz evlərdən, hər otağında, bağ-bağçasında nə qədər xatirələrimizin qaldığı həyət-bacadan bir dənə də nişanə qalmayıb. Sovet-KQB rejiminin meydan suladığı, dinimizə, ibadətgahlarımıza qənim kəsildiyi dövrdə dəyib dolaşmadığı, evimizə bitişik Hacı Fətəli məscidinin göz oxşayan oyma daşlarının biri də qalmayıb. Hələ 3 mərtəbə çardağımızın izi də yoxdur - 5 qardaş-bacı ali məktəbə o çardaqda hazırlaşırdıq, Qazaxdan, Ağdaş, Mingəçevir, Bakıdan yayda o çardaqda gecələr yatmaq üçün, daşı, gətir, azalmaq bilməyən balığından qarmaqla, torla tutub bişirib yeyib zövqlü günlər yaşamaq üçün gələn qonaqlarımızın ardı-arası kəsilmirdi. Elə evimiz də yol qırağında olduğu üçün hər zaman qonaq qaralı idi- maşını xarab olan, gecə dağ kəndlərinə getməyin çətinliyini dilə gətirənlər bizim "Qonaq otağı"mızın daimi sakinləri olurdu. Bərgüşad bizdən acı intiqam alırmış kimi, artıq coşub daşıb məhləmizin yarısını yuyub aparıb, evimizin divar yerlərini döyəcləyir:-hardasınız, mənim yalqızlığımı, illərdir yağı düşmən əlində əsir qaldığımı, hirsimi, qəzəbimi eşidib duymursunuzmu?!
Ətrafdakı 100-200 evli kəndlərimizin də torpaqlarının bir hissəsi, töycü, biyarı, əkini, biçini, örüşü, kövşəni 35 evli kəndimizin əsasını qoyan sakinlərinin seyid ocaqlarımızın, bəy evlərinin mülkündə idi. İşğalın son gününə qədər bir-birinə sarmaşıb bu ziyarətgahlarımızı nadir təbiət möcüzəsi kimi sinəsinə, qoynuna sıxan dağdağan, saqqız ağaclarının kökü də qazınıb çıxarılıb. Hər evdə tutya var idi, o ağaclardan.
Ən yaralı yerimiz, ağrılı, ömür boyu sürəcək dərdimiz: hər birimizin 1-ci üz tutduğu yer qəbiristanlıq olur... 60 yaşında dünyadan köçən, dava başlanandan hər namazdan sonra el-oba üçün, elə övladları üçün “Ya Rəbbim, mənə övlad dağı göstərmə, mənə balalarımıın çiynində məzara getməyi nəsib elə” duası bəlkə onu hamımızdan əvvəl apardı, hər top, mərmi yağışından, savaşından sonra evimizə qaçırdıq, bilirdik ki, ağzı dualı anamız yol kənarında oturub yolumuzu gözləyir, öldü-qaldımızdan xəbər bilməyincə gözünə yuxu gedəsi deyil. Anamın ağappaq mərmər daşlarla hörülü məzarı ətrafında hər qardaş-bacı adına bir ağac əkmişdik…izi də yoxdur. 3-4 qəbir daşı kəsik-küsük yayınıb qalıb, sanki burda heç qəbiristanlıq olmayıb. Hamısı bir-birinə və günəşə qucaq açan evlərin bəzilərinin yalnız divar daşı qalıb, Saray bulağımız da elə…
Təbii ki, tikəcəyik, yenidən quracağıq, yaşayacağıq, ancaq daha əvvəlkilərin yerini verməyəcək heç nə. Dədəm Hacı Nəriman Anamdan sonra 25 il tək-tənha son nəfəsinə qədər Sarayım, kəndim, elim-obam, camaatım deyə-deyə, halalının məzarı ilə yanaşı dəfn olunmaq həsrəti ilə dünyadan köçdü. Minlərlə həmvətinimizi kama yetməyən arzu-diləkləri ilə birlikdə dünyadan getməsinin günahı, əzabı da içimizdə qalacaq. Çox şeylər viranə qalmış yurdumla birlikdə əbədiyyətə qovuşdu, olanları dirildə bilməyəcəyik, onlar artıq son mənzilə qədər bizimlə qalacaq, içimizi göynədəcək xatirələrdir, nə qədər acı da olsa...
…Sentyabrın 27-dək çox yazımı bu sözlərlə bitirərdim: Vətən, səni satana lənət, səni alana lənət! İndi isə dilimə gələn budur- səni bu günə salana lənət!
Hacı Nərimanoğlu
Dərc olunub-https://avropa.info/post/361612, 30 Noyabr 2020-ci il. https://www.youtube.com/watch?v=VbwY6byAJIM&feature=emb_title