Hacı Nərimanoğlu, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri
Azərbaycan xalqının qəhrəmanlıq və milli azadlıq hərəkatı tarixində Qaçaq Nəbinin adı, mübarizəsi şərəfli yer tutur. Nəbi Alı oğlunun XIX əsrin 70-90-cı illərində Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) yerli zülmkar mülkədarlara qarşı müqaviməti, az keçmədən yadellilərə - müqəddəs Vətən topaqlarımızı qanla suvarıb işğal edən çar Rusiyasına və onun müstəmləkəçi, şovinist idarə üsuluna, imperiyanın yerli hökumət orqanlarına, “sapı özümüzdən olan baltalara” qarşı çevrildi. 20 il davam edən bu mübarizə Zəngəzur, Qarabağ, Naxçıvan, Dərələyəz, Vedi mahalları ilə yanaşı, Qacarlar İranı, Osmanlı dövlətinin bir sıra vilayətlərini də əhatə edirdi.
Xalqın müstəmləkəçi çar üsul-idarəsinin zülmünə, istismara, soyğunçuluğa qarşı etiraz, nifrət, qəzəbinin ifadəsi və ifadəçiləri olan qaçaqlar tarixşünaslıqda bəzən haqlı olaraq partizan hərəkatı kimi dəyərləndirilir. Azərbaycanlı araşdırmaçı-tədqiqatçı Hüseyn Baykara (azərb. Qara Hüseynbəyli; d. 1904, Yelizavetpol quberniyası, Şuşa - ö. 1 iyul 1984, Türkiyə, Kayseri) "Azərbaycan Milli İstiqlal Mücadiləsi" kitabının (Baykara H. "Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975. https://www.edebi.net/index.php/kardes-edebiyatlar/azerbaycan-edebiyat/azerbaycan-cumhuriyeti/4892-huseyn-baykara-az-rbaycan-milli-istiqlal-mucadil-si) "Azərbaycan tarixində qaçaq hərəkatı" bölümündə Qaçaq Nəbinin mübarizəsində məhz bu məsələni önə çəkib, xüsusi qabardaraq yazırdı: “Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir....XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Qarabağda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbinin… əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman hazırkı İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı...dastanlarda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir.”
Qaçaq Nəbi və dəstəsinin hədəfindəkilər Azərbaycan torpaqlarını işğal edib Qacarlar İranı ilə bölüşdürən, bu işğalı 1828-ci il Türkmənçay müqaviləsi ilə rəsmiləşdirən çar Rusiyasının yerlərdə külli-ixtiyar sahibi olan hakimiyyət nümayəndələri - naşalnik, pristav, kazaklar idi. Çarizmin Qafqazda daimi möhkəmlənmək planlarının, xristianlaşdırma siyasətinin tərkib hissəsi kimi Qacarlar İranı və Osmanlı dövləti ərazisindən Qarabağ, o cümlədən Zəngəzura köçürülən qudurğan ermənilər idi, bu çağırılmamış qonaqlara dəstək verən “sapı özümüzdən olan baltalar” idi. Bunu Hüseyn Baykara ilə eyni dövrdə yaşamış Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, folklorşünas Bəhlul Bəhcətin hələ sovet ideologiyasının tam və qəti qələbə çalmağı, repressiyaların tüğyan etmədiyi 1920-ci illərdə yazdığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında gətirdiyi çoxsaylı faktlar – mövzu başlıqları da təsdiq edir və M.Ə.Rəsulzadənin fikirləri, dəyərləndirməsi ilə eynilə üst-üstə düşür; “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi” və sair.
Bu tarixi həqiqətlər, yəni Qaçaq Nəbi mücadiləsinin hədəfləri eynilə xalqın Qaçaq Nəbiyə qoşduğu şeirlərdə də öz əksini tapıb:
Qazamata çəkib urus hasarı,
Dörd yanı çevrəmə qurulub barı.
Nəbinin sədası düşüb hər yana,
Naçalnik, pristav oldu yan-yana.
*
Qazamatın yanı tökmə qaladı,
Saldat da bir yandan yaman bəladı.
Üçtəpə düzündən qopubdur sazaq,
Düzülüb qarovul saldatla kazak.
*
Nəbinin birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Həcər xanım heç Nəbidən doymadı.
Bu davada Nəbi tufan eylədi
*
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi
Erməni Ginkuru bidad eylədi və sair.
Tarixdən məlumdur ki, qaçaqlar və qaçaqçılıq xalqın istismarçılara qarşı mübarizə forması idi və milli azadlıq hərəkatında mühüm yer tuturdu. Hökumətin təqiblərindən qaçıb dağlarda, meşələrdə gizlənən və yerlərdə hökumət məmurlarına qarşı mübarizə apardığına görə qaçaq düş-müş adamları, xalq “qaçaq» adlandırırdı. Ancaq müxtəlif quldur cinayətkarlar da özlərini bəzən “qaçaq» adlandırır, xalqı incidir, soyub talayır və ağır cinayətlər törədir, el-obanın sevgisini qazanmış qaçaqların adından da istifadə edirdilər. Ancaq onların haqqını müdafiə edən qaçaqları xalq sevirdi və qoruyurdu. M. Qorkinin yazdığı kimi, “bəli, bizim əyalətlərdə həm xalqın müda-fiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar da olmuşdur». M.Qorki «Разбойники на Кавказе» oçerkində Qara Nəbi və Qaçaq Nəbi kimliyinə də aydınlıq gətirir: Уезжая из Баку, Горький увозит с собой большую любовь к азербайджанскому народу и его культуре и создает ряд художественных произведений, непосредственно связанных с Азербайджаном. Он публикует цикл очерков под названием «Разбойники на Кавказе», которые помогли внести ясность в один запутанный вопрос из области азербайджанской фольклористики: провести разграничительную черту между разбойничьей деятельностью Кара Наби, обыкновенного грабителя и бандита, и освободительной борьбой популярного в народе Гачага Наби, возглавившего в конце XIX века крестьянское движение в Азербайджане." Mənbə:https://www.baku.ru/enc-show.php?id=109150&cmm_id=276
Çar hökumətinin rəsmi dairələri ələ keçməz mübariz qaçaqları “quldur», onların çıxışlarını “quldurluq» adlandırır, əməllərini isə cinayətkarların, qatillərin və soyğunçuların əməlləri ilə eyniləşdirirdi. Lakin çar rəsmi idarə dairələri “quldurluğun», əsasən, müstəmləkə zülmünə qarşı etirazın olması faktı ilə razılaşırdılar.
Zəngəzur qəzası qaçaq üsyanının daha çox baş verdiyi bölgə kimi tanınırdı. Bu, həm imperiyanın ucqarında yerləşən bu qəzada zülmün, özbaşınalığın baş alıb getməsi, həm də çar Rusiyasının mənurları ilə yanaşı müsəlman əhaliyə qarşı gəlmə erməni keşiş və hampa-mülk sahiblərinin yerli əhaliyə qarşı hər cür məkrli fitnə-fəsadlar törətməsi ilə bağlı idi.
Qaçaq Nəbinin doğulduğu tarix haqqında indiyədək müxtəlif tədqiqatlarda bir neçə fərqli rəqəmlər göstərilsə də, artıq bu yanlışlıqlara son verilərək, sənədlərlə dəqiqləşdirilmiş düzgün doğum tarixi 1851-ci il olaraq qəbul edilib.
Hələ uşaq ikən Nəbi özbaşınalığın, zülmün bütün dəhşətlərini şəxsi taleyində hiss etmişdi. O, qaçaq olmağa zəmanə məcbur etmişdi. Nəbi Aşağı Mollu kənd sakinlərinin torpaqlarını zəbt etmiş mülkədar Məmməd bəyi ağır yaraladığına görə Gorusa gedib orada bir müddət gizli yaşamışdı. Vəziyyətin çətinliyi Nəbini tez-tez yerini dəyişməyə məcbur edirdi. O, Gorusdan Naxçıvan qəzasının Əbrəqunus və Ordubad qəzasının kəndlərinə gələrək bu kəndlərin köməyindən yararlanırdı. Nəbinin Əbrəqunusa və Ordubad kəndlərinə gəlməsindən xəbər tutan Naxçıvan qəza rəisi kazak dəstəsi ilə onu tutmağa tələsdi. Tərəfdarlarından onun üzərinə hərbi dəstənin gəlməsini eşidən Nəbi isə oradan uzaqlaşaraq Ərəfsə kəndinin yaylasına çəkildi. Bir müddət sonra o, nəhayət, Sisian nahiyəsinin Salvartı yaylasında ələ keçirilərək həbs edildi. Tezliklə həbsxanadan qaçmış Nəbi dağlarda və meşələrdə yaşamağa məcbur oldu. Lakin o, yenə də həbs edilmiş və yenə də həbsxanadan qaça bilmişdi. Dəfələrlə həbsdən qaçması onu məşhurlaşdırdı. Nəbi həbsx-anadan qaçdıqdan sonra düşmənlərinə divan tutmaq məqsədilə öz ətrafına qisasçıları yığaraq dəstə yaratdı.O, hökumətə qarşı, əsasən, partizan müharibəsi üsulundan yararlanırdılar. Qaçaq Nəbinin Qarabağ cinsindən seçilmiş Bozatı, türk beşatılanı məşhur idi. Onun kiçik atlı qüvvə ilə hərəkət etməsi, gözlənilmədən başqa- başqa yerlərdə peyda olmasına və düşmənlərinə lazımi şəkildə zərbələr endirməsinə imkan verirdi. Qaçaqların içərisində bütün zümrələrin nümayəndələri var idi. Qaçaqların gizlədilməsi nəticəsində onların tərkibinin artması, yerli əhalinin onlara havadar çıxması kimi bu və digər amillərin bu hərəkatın genişlənməsinə təkan verəcəyindən qorxuya düşən hökumət, əgər bunun qarşısı vaxtında alınmazsa, “xırda dəstələrin daha böyük dəstələrin özəyinə” çevriləcəyindən və nəticədə “vəziyyətin fövqəladə dərəcədə» gərginləşə-cəyindən qorxurdu.
Nəbinin dəstəsinə ilk qoşulanlardan biri onun qardaşı Mehdi oldu. Nəbinin həyat yoldaşı Həcər də onunla birlikdə çar hərbi hissələrinə qarşı vuruşmalarda yaxından iştirak etmiş və xalq arasında çox tanınmış, sevilmişdi. Həcər xanım dəstədə gözəl dost və ağıllı məsləhətçi hesab olunurdu. O, həm də mahir nişançı idi. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”. Qəhrəman qadınlarımızın igidlik ənənələrini davam etdirib ən yüksək zirvəyə qaldıran Həcərin adı bir cəngavər qadın simvolu kimi sevgi ilə yad edilir.
Nəbinin dəstəsindəki qaçaqların sayının mütəmadi olaraq artması və xalqın ona sevgisinin kütləvi xarakter almasından təşvişə düşən yerli məmurlar Tiflisdəki canişinlikdən əlavə, çar II Nikolaya da yazdıqları məktubda göstərilirdi ki, Zəngəzurda və ətraf qəzalarda çoxlu müdafiə-çiləri olan “Nəbinin başçılığı ilə Naxçıvan, Ordubad və Sisianda qaçaq hərəkatı genişlənib təhlükəli bir şəkil almışdır”.
1894-cü il iyulun 20-də qardaşı Mehdi Qarçıvan kəndində tək qaldıqda Nəbiyə düşmən olan erməni hampaları tərəfindən zülüm, işgəncə ilə öldürüldükdən sonra Nəbi bunun əvəzini ermənilərdən çıxmış, layiqli intiqam almışdı. Xəyanətkar ermənilərə layiqli dərs olan Qarçıvan hadisəsi uzun müddət xalqın yaddaşından silinmədi. Qaçaq Nəbi iyulun 23-də öz dəstəsi ilə kəndə girməzdən əvvəl silahdaşlarından iki nəfərini, çapar qiyafəsində göndərib, Ordubad həbsxanasından qaçmış Qəmbər adlı birisini qabaqlarına qataraq Qarçıvan kəndinə göndərdi. Guya o, həbsdən qaçdığından, pristav tərəfindən tutulub Gorusa göndəriləcəkdi. Çapar kəndə çatan kimi dərhal kənd hampalarına xəbər verir, onların arxasınca da qəza rəisi və kazaklar libasında Qaçaq Nəbinin dəstəsi kəndə daxil olurlar. Qaçaq Nəbi ilə gedən “kazaklar” 18 nəfər atlı idi. Kəndin hampaları və keşişləri rəisi pişvaza çağırırlar. Qaçaq Nəbini qarşılayan hampaları məsləhət bəhanəsilə kilsəyə çağırırlar və kilsənin qapısını bağladıqdan sonra onların bütün əmlaklarını alırlar. Qaçaq Nəbi əldə etdiyi qənimətin bir qismini yoxsullara paylamış, qalan hissəsini 17 dəvəyə yükləyib Arazın o tayına keçirmişdi. O dövrün qəzetlərinin yaymış olduğu məlumatda hampa və varlı keşişlərdən qarət edilmiş əmlakın dəyəri 29 min rubla dəyirdi.
Nəbnin ədaləti, xalqa yaxınlığı, kasıb-kusublara arxa, dayaq olması barədə çoxlu rəvayətlər söylənir. Kəlbəcərin Qaraçanlı dağlarındakı bir qaya el arasında "Nəbinin ərizə qayası”adlanıır.
Qaçaq Nəbi öz Həcəri və başının dəstəsi ilə bu qayanın qənşərində kəndlilərin şikayətlərinə baxırmış. Bir gün şikayətçilər yenə bura yığışıb dərdlərini deyir, Nəbi də dinləyib sözünü, sifarişirini deyirmiş. Amma iri gövdəli, qalın bığlı bir kişi aralıda dayanıb başını yerə dikib durur. Nəbi deyir: -A kişi yaxın gəl, sənin dərdin nədir?Kişi deyir: -Başına dönüm, ay Nəbi, utanıram sözü deməyə....Mənim evim kəntxudanın qonşuluğundadır. Hər gün arvadım kəndxudanın çəpərinin yanından keçib su gətirməyə gedir. Hər dəfə kəndxuda arvadımı görüb deyir: “Sən gərək bu gözəlliklə kəndxuda arvadı olmayaydın”. Çarə ona qalıb ki, kəndxudanı öldürəm, gedib girəm türməyə.Nəbi deyir:-Kişi, get, gələn cümə məni sizin Zar kəndinin üstündəki Keyti dağında, ”Yazılı qaya”nın yanında gözlə...Kişi cümə günü yazılı qayanın yanına gələndə gözlərinə inanmadı. Nəbidən başqa, kəndin mötəbər adamları da, onun arvadı da burada idi. Nəbi kəndxudaya əmr etdi ki, ortaya çıxsın. Nəbi qəzəblə dedi:-Sən bu kişinin arvadına deyirsən ki, gərək sən kəndxuda arvadı olaydın. Bu gündən o sənin yerinə kəndxudadır. Nəbi cəza olaraq köhnə kəndxudanın bığlarını kəsir. Təzə kəndxudaya deyir: -Sən bundan ibrət al, ədalətli ol, camaatla yaxşı dolan. O, bığını bada verdi, sən isə başını itirərsən.
Nəbinin dünyaya gəlişini də xalq özünəməxsus sevgi ilə “bəzəyir”, maraqlı mübaliğə, təşbehlərlə ifadə edir. Dastanlarda söylənir ki, Nəbi doğulanda göy guruldadı, ildırımlar oynadı, elə çığırqan idi ki, gəl görəsən, baş-qulağı aparırdı. Onu heç nə ilə ovundurmaq olmurdu. Bircə şeydən savayı...Nəbinin İldırım adında bir babası olub ki, bütün mahalda ötkəmliyi ilə ad qoymuşdu. Heç kəsə əyilməzdi və Nəbini də ancaq babasınn evin divarından asılmış yaraq-yasağı ovundurardı. Elə yüyürəkdəcə özünü partdadardı. Əlini divardakı silahlara uzadıb aləmi başına götürərdi. Və evdəkilərin zəhlələrini aparmasın deyə, ya tüfəngi, ya da ləzgi xəncərinin bəzəkli, üstü zərli qınını, ya da patrondaşı verərdilər körpə Nəbiyə, o da orasını-burasını sığallayar, bərk-bərk sinəsinə sıxar, üzünə yapışdırıb,gözlərini süzdürərdi. Nəbinin elə uşaqlıqdan baxışları yaman iti idi. Gözləri oyur-oyur oynayırdı. Nə sehir vardısa kimə baxsaydı, o adamın əlləri yanına düşər.
Qaçaq Nəbiyə mübarizəsində müstəmləkəçilərə “üzdə” xidmət edən yerli bəylər də arxa durur, varlı bəylər, torpaq sahibləri də gizlin kömək göstərir, lazım olanda onun dəstəsinə ərzaq, geyim, silah-sursat çatdırır, təqiblərdən uzaqlaşdırır, kazakların hərəkətləri, planları barədə ona vaxtında xəbər çatdırırdılar. Çünki bu yerli müsəlman varlıları da çarizmin boyunduruğu altında əzilirdilər, var-yoxları alınır, torpaqları zorla qoparılıb erməni hampalarına, kilsə xadimlərinin torpaqlarına qatılırdı.
Xalqın Nəbiyə, Nəbinin xalqa arxa, dayaq durduğu barədə onu Qafqazın “İncə Məmmədi” (Anadoluda məşhur olan qaçaq, Yaşar Kemalın 40 dildə nəşr edilmiş məşhur “İnce Memed” romanının qəhrəmanı ) adlandıran çox sayda Türkiyə mənbələrində də yazılı məlumatlar, sənədlər vardır. Məsələn: “Kaçak Nebi, şahin gibi atın üstüne sıçradı. Ata binip çıkarken tekrar döndü ve babama ‘Hacı iyiliğinin karşılığını nasıl ödeyeceğimi bilemiyorum’ dedi. Aradan 15 dakika geçmemişti ki Pristav 30 kadar adamı ile birlikte köye girdi. Evimiz köyün girişinde olduğu için yine evimizin önüne gelip bana Nebi’yi sordular. Ben ise Nebi’nin bir saat evvel buradan geçtiğini söyledim. Çaresiz kalan grup rehberi Nebi’nin gittiği tarafa birkaç mermi sıkıp geri döndü. Köy halkı Hacı’nın Nebi’ye yardımını bir sır gibi sakladı. Aradan bir süre geçtikten sonra Nebi adamlarıyla yeniden babamın konağına geldi. Babam onlara iki koç kestirip ziyafet verdi. Nebi, babama; ‘Hacı bana verdiğin at çatışmada vuruldu, onun yerine sana iyi bir Karabağ atı getirdim’ dedi. Babam ise Nebi’ye ‘Nebi ben atı senin gibi yiğide bağışladım. Biz verdiğimiz hediyeyi geri almayız’ dedi. Nebi ile babamın konuşmaları sürerken köylüler içeri girip Pristav’ın ne kadar adamı varsa hepsini silahlandırıp köyü çevirdiklerini söylediler. Babam Hacı Mehemed Nebi’ye köyden nasıl çıkabileceğini iyice tarif etti. Biraz sonra silah sesleri duyuldu. Nebi, Kazaklara hayli kayıplar verdirip püskürttü. Bir süre sonra yeniden geldi, köylülere seslenip burada muhbirlik yapan olursa onu kendi ellerimle öldüreceğim, dedi.”
Qeyd edək ki, Türkiyə ağız ədəbiyyatında və yazılı mənbələrdə Nəbinin qaçaq düşməsi haqqında əhavalat da Azərbaycan mənbələrdəkindən fərqli şəkildə belə yazılır: “Zengin bir Ağanın Hacer isminde güzel bir kızı varmış. Hacer`in evlenme yaşı geliyor. Kırak Köylerden kasabalardan 8-10 Delikanlı Hacerle evlenmek istiyor. Babası bu durumu Hacer’e bildirip, hangisi ile evleneceğini soruyor. Hacer de Babasına: -Her birine ayrı ayrı mektup yaz aynı gün için davet et. Ben hangisi ile evleneceğimi size bildiririm. Babası da 10 davetiye yazıp ayrı ayrı postaya veriyor. Bu delikanlılardan dokuzu geliyor, yalnız Nebi ismindeki delikanlı gelmiyor.
Hacer: -Babacığım on delikanlı diyordun, birisi hani. Babası da kızım Nebi isimdeki delikanlı gelmedi. Baba, ben o delikanlı ile evleneceğim o çok gururlu birisi olmalı ki bizim ayağımıza gelmedi. Baba`sı Nebi`ye ayriyeten bir mektup yazar. Nebi mektubu alır almaz, kır atını hazırlar heybesini kavgarır, Hacer`in köyüne doğru yola cıkar. Mevsimde ilkbahar zamanıymış. Köyün Mandasını bir Ermeni otlatıyomuş, bunlardan bir Türk Mandası ile Ermeni Mandası güreşiyormuş. Türk Mandası Ermeni Mandasını alt ediyormuş. Ermeni çoban bunu kabullenemiyor. Türk Mandasının burnuna elindeki değneği sokup kanatıyormuş. Nebi, Ermeni`ye seslenerek, niye böyle yapıyorsun. Ermeni:-Türk mandası Ermeni mandasını dövüyor, bende onun için burnuna değnek sokuyorum. Nebi ile Ermeni arasında Manda yüzünden kavga cıkar. Nebi silahını çekip orada Ermeni'yi öldürür, Akşam gelip durumu Hacer`e anlatır. Ve gece Hacer de kalır. Diğer taraftan olaydan Rus`lar haberdar olmuş, gece Hacer'in oturduğu evin etrafını bir manga Askerle kuşatmışlar. Sabahleyin Hacerle Nebi; pencereden dışarı baktıklarında evin etrafı Askerlerle çevrili olduğunu görürler. Hacer, Nebi`ye dönüp derki: Nebi. Köroğlu birse doksan dokuz da dubarası vardı. Şimdi bizde öğle yapacağız Nebi ne yapacağız? Diye Hacer`e soruyor. Hacer: Ruslar biliyor ki sabahları Müslimanlara su lazım olur.Sen su getirme bahanesi ile benim elbiselerimi giyeceksin. Kovaları çeşmede bırakıp arka Ormanlığa kaçıp kaybolacaksın. Nebi`de Hacer`in sözünü dinleyip Hacer`in elbiselerini giyerek çeşmeden su getirmek bahanesiyle evden ayrılıp Rusların içinden geçerek çeşmeye gider ve kovaları bırakıp ormanlıkta kaybolur. Çeşmeye giderken Hacer Nebi`ye der ki, papağını camın önünde bırak Ruslar senı evde zannetsin. Bir zaman geçtikten sonra Ruslar Nebin ve Hacer`in teslim olmasını ister, içeride kimse teslim olmadığını anladıkları vakit papağana doğru ateş ederler. Hacer`de ıcerden Aynalı tüfegi alıp Ruslara ateş eder. On iki saldat bir gamender öldürür. Kurşunu bittiğin de Ruslar Hacer’i teslim alıp, hapis edeler...”
XIX əsrdə Tiflis və Peterburqda çıxan bütün nəşrlərdə Qaçaq Nəbi dəstəsinin igidlikləri, çarizmin baş ağrısına çevrilməsi barədə çoxsaylı yazılar, xəbərlər vardır. Rusiyada lə satılırqarşı lakin. “Qafqaz” qəzeti hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə dəfələrlə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girişib qalib çıxdığını yazırdı. Qaçaq Nəbinin fəaliyyət göstərdiyi bölgələrin məmurları öz qeydlərində hərəkat qarşısında zəif olduqlarını dəfələrlə etiraf etməyə məcbur olurdular. Ələkeçməz Qaçaq Nəbi təqribən eyni vaxtda bir neçə qəzada fəaliyyət göstərir, düşmənlərini, çar müstəmləkəçilərini təşvişə salırdı. Dövrün mətbuatında verilmiş məlumata görə, Qaçaq Nəbi 18 nəfərdən ibarət dəstəsi ilə 1894-cü ilin oktyabrında Naxçıvan qəzasında xalqa qənim kəsilmiş erməni, müsəlman varlılarına, yerli hökumət idarələrinə bir sıra təsirli basqınlar etmiş, qarət etdiklərini isə yoxsul əhaliyə paylamışdı. 1894-cü ilin oktyabr ayında “Qafqaz” qəzetinin Culfa qəsəbəsindəki müxbiri qəribə bir hadisənin şahidi olmuşdu. Müxbir yazırdı: “Oktyabr ayının 12-də, axşam burada məlumat alınmışdır ki, Nəbi öz dəstəsilə bizim tərəfə keçəcəkdir. O halda, burada olan könüllülərə, inzibati hissəsinə və sərhəd mühafizə dəstəsinin komandanlığına xəbər verilib və məcbur edilmişdir ki, gözlənilmədiyi halda atışmalar baş verəcəyinə hazır olsunlar və yerli mühafizə dəstələri mühafizə qərargahlarına göndərilsinlər. Eyni zamanda mühafizə qərargah-larının müdafiəsinin möhkəmləndirilməsi məqsədilə oraya əlavə qüvvələrin göndərilməsi qərara alındı. Çox cəsur və zirək olan Qaçaq Nəbi, inzibati idarələr xəbər tutana qədər gah Cənubi Azərbaycana keçir, gah da Naxçıvanda və Şərur-Dərələyəz qəzalarında görünürdü. Qaçaq Nəbini ələ keçirməkdə çətinliklərlə üzləşən polis orqanları bəzən Qaçaq Nəbinin Cənubi Azərbaycandan Naxçıvana keçdiyi zaman tutulması barəsində yalan şayiələr yaymaqla əhalini çaşdırmağa çalışırdı. Lakin belə şayiələr dalbadal boşa çıxırdı. Qaçaq Nəbinin adı təkcə bütün Qafqazda deyil, hətta Peterburqun inzibati idarələrində, qəzet və məcmuələrində də tanınırdı. “Novaya vremya” qəzetində dağıstanlı Qaçaq Nəbi tutulanda “Nəbi tutulmuşdur” başlıqlı məqalədə dağıstanlı qaçağı zəngəzurlu qaçaqla səhv salınmışdı. “Qafqaz” qəzeti “Novaya vremya” qəzetinə rişxəndlə yazırdı: “Redaksiya sevindiyindən onu dağıstanlı Nəbi ilə qarışdırmışdır.... Məşhur Qaçaq Nəbi öz dəstəsilə heç vaxt Quba qəzasında olmamışdır”.
Nəbi dəstəsinin çarizmin başağrısına çevrildiyi barədə çox sayda arxiv materialları vardır. Cənubi Qafqaz diyarının baş rəisi A.S.Şeremetyevin göstərişinə əsasən, Qaçaq Nəbinin mübarizəsinin vüsət aldığı Yelizavetpol quberniyası daxilində bu mübarizəyə qarşı 1895-ci ilin baharında bir sıra tədbirlər işlənib hazırlandı. A.S.Şeremetyevin qəbul etmiş olduğu həmin mübarizə tədbirlərinə görə, quberniyanın sərhədlərində yerli əhalidən olan mühafizə qərargahları qurulmuş, Araz çayı sahili əraziləri nəzarətdə saxlamaq məqsədilə kəşfiyyat süvari dəstəsi yaradılmış, sərhəd xətti boyu kazak piyada batalyonunun iki xüsusi nişançı könüllü komandası ezam edilmişdi. Hətta Cəbrayıl, Şuşa və Cavanşir qəzalarının əhalisinin hesabına yerlilərdən ibarət 114 atlıdan və 16 uryadnikdən ibarət müvəqqəti mühafizə dəstəsi yaradılmışdı. Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidzeyə isə Qaçaq Nəbinin dəstəsini müdafiə etməyə cəhd edən istənilən zəngəzurlunu həbs etmək səlahiyyəti verilmişdi.
Qaçaq Nəbinin İrəvan quberniyasında da “at oynatmasından” təşvişə düşən A.S.Şeremetyev Qaçaq Nəbinin İrəvan quberniyasındakı fəaliyyətinin qarşısının alınması məqsədilə İrəvan qubernatoru A.A.Frezeyə yazmış olduğu təliqəsində bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. O, daha sonra həmin ilin avqustunda (məlumat Yelizavetpol qubernatoruna verilmiş tədbirlər planından bir qədər sonra İrəvan qubernatoruna çatdırılmışdı) İrəvan quberniya-sında Qaçaq Nəbiyə qarşı görülən bütün tədbirlərin nəticəsiz olduğundan bəhs edərək “cəzasını verə bilmədiyiniz Nəbinin dəstəsinin istənilən vaxt İrana keçmək iqtidarında olduğunu” əlavə edirdi. Əməliyyat planına əsasən, İrəvan qubernatoru A.A.Freze yerli polis rəislərinə Naxçıvan qəzasında kazak və yerli bəylərdən ibarət dəstə yaradılaraq Əbrəqunus, Şahbuz və Ordubad dağlarına çıxarmaq, Əlincə çayı boyunca dağ keçidlərində və habelə dağ kəndlərində keşikçi dəstələri təşkil etmək, İrəvan və Şərur-Dərələyəz qəzalarından keçən, Naxçıvanın Şahbuz məntəqəsinə gələn qaçaq dəstəsinin qabağını kəsib məhv etmək əmri vermişdi.
Qaçaq Nəbinin rəhbərliyi ilə 20 ildən çox davam edən, H.Baykaranın təbirincə desək, “rus çar rejiminə qarşı partizan müharibəsi” Qacarlar İranı və Osmanlının şimal əyalətlərini də əhatə etmiş, Peterburq, Tehran, İstanbul saraylarında bu qorxubilməz dəstənin ləğvi istiqamətində birgə işbirliyinə dair gizli yazışmalar aparılmış, əlbir planlar qurulmuş, lakin uzun illər məqsədinə nail ola bilməmişdi. Yalnız xainlərin, mal-mülk, qızıl düşkünlərinin yardımı ilə də xəyanətlə icra olunmuşdur. Xeyli cəhdlərdən sonra Nəbi Alı oğlu 1896-cı ilin martın 12-də indiki Türkiyə ilə İran sərhədi arasında yerləşən Larni kəndində rus casusları fars tərəfdaşlarının əlbir qurduğu planla əvvəlcədən hazırlanmış pusquda xaincəsinə qətlə yetirilmişdir. Bu planın təfərrüatları, Nəbini qətlə yetirənlərin kimliyi, bu şərəfsizlik üçün aldıqları məbləğ, mükafatlar barədə Tiflis arxivlərində çox sayda yazışmalar, teleqram, sənədləri mövcuddur.
Qaçaq Nəbinin ölümündən sonra çox sayda tərəfdarı çarizmin yerlərdəki danosçularının, onun haqlı cəza olaraq məhv etdiyi erməni zülmkarlarını, təqiblərindən qurtulmaq üçün Qacarlar İranı və Anadoluya köçmək məcburiyyətində qalmışdılar.
Nəbiyə ən etibarlı arxa, dayaq həyat yoldaşı Həcər idi. Həcər xanım Gorus həbsxanasına salınanda Nəbi onu hər hansı vasitə ilə xilas etməyə çalışırdı. Nəbi Həcəri həbsxanadan çıxarmaq üçün Üçtəpə dağına gəldi və buradan 1895-ci ildə Zəngəzurun qəza rəisi vəzifəsinin icrasına yeni başlamış polis praporşiki Səlimbəy Rüstəmbəyova bir məktub göndərdi. Nəbinin tələbi çox qəti idi. Səlim bəy bu tələbə əncam verməyə bilməzdi. Harada olursa-olsun, Nəbi ondan qisasını alacaqdı. Bu məsələyə 1895-ci il 25 oktyabr tarixli “Qafqaz” qəzetində də aydınlıq gətirilir. Qəzetin müxbiri eyni zamanda əlavə edir ki, Zəngəzur qəza rəisinin həbsxananın dağıdılmasından qorxub Həcəri həbsdən azad etməsi təhlükəni daha da artırdı.
Qaçaq Nəbi yorulmadan hökumətə qarşı mübarizəsini davam etdirirdi. Təkcə 1895-ci ilin sentyabr ayında Qaçaq Nəbinin ardıcıl döyüşləri olmuşdu. Qaçaq Nəbi bir həftə ərzində Maku, İrəvan, Şərur-Dərələyəz, Naxçıvan və Zəngəzur qəzalarını gəzib məmurlara və düşmənlərinə divan tutmuşdu. Sentyabrın 6-da Qaçaq Nəbinin dəstəsi Naxçıvan qəzasında tacirlərin mallarını əllərindən almışdı. İrəvan qəzasının Vedi kəndindən hökumətdən narazı olan Xanbala Sultan oğlu və Sibir sürgünündən qaçmış qaçaq Heydər vedililərdən ibarət otuz nəfərlə birlikdə Qaçaq Nəbinin dəstəsinə birləşməklə səksən nəfərlik dəstə sentyabrın 8-də vedililəri incidən İsmayıl Yusif oğlunun evinə hücum etmiş, ev sahibini tapmadıqda onun qardaşını və qohumlarından birini öldürmüşdü. Sentyabrın 12-də səhər Qaçaq Nəbi silahdaşları ilə Uz kəndi yaxınlığına gələrək adamlarından iki nəfərini Dərələyəz pristavının kəndə gəlməsi haqqında xəbər verməyə göndərdi. Sonra orada Moses Markarov adlı varlı bir erməninin həyətinə gələn Qaçaq Nəbi kəndin imkanlılarından 291 rubl və 300 rubl dəyərində müxtəlif əşyalar, Moses Markarovdan üç tüfəng və 337 patron, Osip Sarkisovdan bir tüfəng və 57 patron, habelə onların atlarını alaraq çıxıb getmişdi. Lakin Nəbinin dəstəsi Dulus kəndinə yaxınlaşan zaman güclü yaylım atəşləri ilə qarşılandı. Bundan sonra iki hissəyə bölünən Nəbinin silahdaşlarının bir hissəsi Ağkənd, digəri isə Binis kəndləri üzərinə hücuma keçdilər. Həmin kəndlərdə də ciddi müqavimətlə qarşılaşan qaçaqlar Təzəkənd və Hortuyüz kəndlərinə daxil olmağa çalışdılar. Bu dəfə də hökumət qüvvələri tərəfindən təqib olunduğundan Salvartı istiqamətində gedərək gözdən itdilər. Sentyabrın 12-də Qaçaq Nəbinin dəstəsinin Zəngəzur qəzasına daxil olması haqqında məlumat alan qəza rəisi S.Rüstəmbəyov tezliklə Naxçıvan qəza rəisinə xəbərdarlıq etməklə, özü Qaçaq Nəbinin dalınca yola düşdü. Lakin yolda o, Şəbədin kəndindən keçəndə kənd əhalisi qəza rəisinə özlərinin və Ecanan kəndinin Nəbi tərəfindən qarət olunması haqqında məlumat verdi. Onların məlumatına görə, Nəbi iki kəndin varlılarından 1000-1200 rubl dəyərində qənimət eldə etmişdi.
Sentyabrın 16-da Qaçaq Nəbinin növbəti dəfə Naxçıvana gəlişi İrəvan qubernatoru A.A.Frezenin Cənubi Qafqaz diyarının baş rəisi A.S.Şeremetyevə ünvanladığı təliqəsində belə təsvir olunur: “O, Naxçıvanda peyda olanda, onun tərəfindən varlıların qarət olunacağı, düşmənlərindən qisas alınacağı və qışı İranda keçirəcəyi kimi şayiələr yayılmağa başladı. Buna görə də, kazaklar, könüllü və sahə komandaları xəbərdar edilmiş, həmçinin Qaçaq Nəbinin keçəcəyi ehtimal olunan dağ yerlərində və dərələrin ayrı-ayrı yerlərində gizli mühafizə qərargahları qurulmuşdu. Sentyabrın 16-da səhər mühafizəçilər Qaçaq Nəbinin dəstəsinin Nəsiravaz dağ keçidini keçməsi haqqında məlumat verdikdən sonra Ordubad şəhər pristav köməkçisi Mehdi bəy Hacıyevin, Ostrouxovun və uryadnik Məmməd Rahimin komandaları vaxt itirmədən Nəsiravaz kəndinə doğru getdilər. Qaçaq Nəbinin dəstəsini burada tapa bilməyən hökumət qüvvələri Gel kəndində gecələdikdən sonra səhər axtarışlarını davam etdirdilər. Ordubad şəhər pristav köməkçisi Mehdi bəy Hacıyev könüllü dəstənin izi ilə gedərək Arpadərə adlı yerdə qaçaq dəstəsi ilə üz-üzə gəldi və şiddətli atışma başlandı. Pristav köməkçisi Qaçaq Nəbinin öhdəsindən gələ bilməyəcəyini anlayaraq, Ostrouxovun dalınca adam göndərməklə onu da vuruşma yerinə tələsdirdi. Tezliklə döyüş yerinə poruçik şahzadə Şahruxun başçılığı ilə kazak dəstəsi də gəlib çıxdı. Tərəflər arasında döyüş axşama kimi davam etdi. Sayca üstün olan hökumət qüvvələrinə müqavimət göstərmək əhəmiyyətsiz olduğundan Qaçaq Nəbi qaranlığın düşməsindən istifadə edərək oradan uzaqlaşdı. Atışmalarda qaçaq dəstəsindən iki nəfər öldürüldü”. Həmin gün Nəbinin qələbəsi ilə başa çatmış atışmalarda iştirak etmiş Mehdi bəy Zeynalabdinbəyov* yazırdı: “1895-ci il sentyabr ayının 16-da “Donuzqıran” adlanan yerdə 40 nəfərdən ibarət məşhur Qaçaq Nəbinin dəstəsini izləyərək ... Çənnab kənd yüzbaşısı Ter-Sarkisov ilə birlikdə qaçaq dəstəsi ilə atışdım... Buna görə qubernator general-leytenant Frezedən mükafat olaraq qızıl saat aldım”. Kəndlilərin həyati mənafeyini Qaçaq Nəbinin necə müdafiə etdiyini parlaq surətdə göstərən bir fakta nəzər yetirək. Zəngəzur qəzasının Zeyvə kəndində ən münbit torpaqlardan varlı kəndlilər və iri torpaq sahibləri istifadə edirdilər. Payına az məhsuldar, bəzən də təsərrüfat üçün tamamilə yararsız olan torpaqlar düşən əsas kəndlilər isə ağır ehtiyac içərisində yaşayırdı. Hökumət tərəfindən süni şəkildə ortaya atılan torpaq çatışmazlığı zəminində kəndlərdə yerli varlılarla yoxsullar arasında baş verən toqquşmalar sakitləşmək bilmirdi. Kəndlilərin şikayət etmədikləri idarə, orqan qalmamışdı. Kəndlilərin torpaq uğrundakı bu inadlı mübarizəsi hakimiyyət orqanlarını Tiflisdən buraya təhqiqat aparmaq üçün adamlarını göndərməyə vadar etmişdi. Əhali bunu Nəbiyə xəbər verdikdə, o, yolda onların qabağını kəsib hədələmiş və kəndlilərin tərəfini saxlamağı tələb etmişdi, əks təqdirdə isə onlara divan tutacağını bildirmişdi. Bu hadisə çəkişməyə son qoymuş, məmurlar Qaçaq Nəbinin qorxusundan mübahisəni şikayətçilərin xeyrinə həll etmişdilər.
Naxçıvan qəzasında bir sıra kəndin, xüsusən Nəsirvaz və Urmus kəndlərinin əhalisi Nəbinin köməyi ilə ağır vergi yükündən xilas ola bilmişdi. Adları çəkilən kəndlərin sakinləri həyətbaşı vergisini ödəyə bilməmişdilər, hakimiyyət orqanları bu kəndlərə atlı polis dəstələri göndərmişdilər, həmin dəstələr əhalinin bütün əmlakını əllərindən almışdı. Nəsirvazlılar və urmuslular öz dəstəsi ilə birlikdə yaxınlıqda olan Nəbidən kömək istəmişdilər. Qaçaq Nəbi Nəsirvaza və Urmusa gəlib, kəndlilərin əmlakını özlərinə qaytarmış və onlardan həyətbaşı vergisinin alınmasını bildirən qəbzlə təmin etmişdi. Nəbi Sisian mahalının Comartlı və Hortuyüz kəndlilərini də verginin ödənilməsini bildirən qəbzlərlə təmin etmişdi.
Qaçaq Nəbi hökumətdən və varlı kəndlilərdən alınmış qənimətin hamısını yoxsul kəndlilərə paylayırdı. Onlar da öz növbəsində Qaçaq Nəbidən heç nəyi əsirgəmirdilər. Kəndlilər lazım gələndə qaçaqları patronla, ərzaqla təmin edir və başqa vasitələrlə kömək edirdilər. Hətta qaçaqları gizlədərək öz evlərində saxlayırdılar. Məsələn, Naxçıvan qəzasının Bilyayev kənd sakini Səfər İsmayıl oğlu Nəsirvaz kəndliləri Məmməd Cəfər Hacı Vəli bəy oğlu və onun qardaşları İbrahim bəy və Mehdiqulu, Hacı Vəlibəyin uşaqları, Babaxan Kərbəlayı Şahəli oğlu, Baxşəli Kərbəlayı Şıxəli oğlu və Pevəkazım Vəli Məmməd oğlu evlərində “quldur” dəstələrini gizlət-diklərinə görə Naxçıvan polisləri tərəfindən həbs olunmuşdular.
Ümumxalq müdafiəsi Qaçaq Nəbini ələkeçməz etmişdi. Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze Nəbinin ələ keçirilməsinin qeyri-mümkünlüyünü bilib, Naxçıvan qəza rəisi A.S.Slavoçinskiyə və Zəngəzur qəza rəisi S.Rüstəmbəyova Qaçaq Nəbinin adamlarını bir-bir məhv etməklə, dəstəni dağıtmağı əmr etmişdi. Qubernator bundan sonra Qaçaq Nəbinin tutulmağının asan olacağı qənaətinə gəlmişdi. Lakin qubernatorun tapşırığı ilə görülən bir sıra məxfi tədbirlər nəticəsində Qaçaq Nəbinin yaxın silahdaşları aradan götürülsə də, yenə Qaçaq Nəbini ələ keçirmək mümkün olmadı. Qaçaq Nəbinin dəstəsinə milli zülmə baş əyməyən yeni-yeni cavanlar qoşulurdu. Xalq Qaçaq Nəbini hökumətdən gələn istənilən zərbədən qoruyurdu. İrəvan qubernatorunun məlumatında göstərildiyi kimi: “Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir və qoruyur». Bununla da Nəbinin qaçaqlıq etdiyi bölgənin əhalisi Qaçaq Nəbinin timsalında imperiyanın müstəmləkə siyasətinə qarşı üsyan edirdi.
Hakimiyyət orqanları qaçaqlara yardım göstərənlərə qarşı da qəddar tədbirlər görürdülər. Həm ayrı-ayrı şəxslər, həm də bütöv kənd cəmiyyətləri cəzalandırılırdı. Kənd cəmiyyətləri barəsində ən müxtəlif cəza tədbirləri görülürdü, kəndlilərə güclü iqtisadi təzyiq göstərilirdi ki, qaçaqlara kömək etməsinlər. Bölgədə fəaliyyət göstərən Qaçaq Nəbinin dəstəsini təqib və məhv etmək üçün hər ev üç rubl verməli idi. Üç kənd əhalisinə (Tivi, Nasirvaz və Azıxlar) qaçaqlara daha artıq kömək etdiyinə və onları gizlətdiklərinə görə üç rubldan başqa, 300 rubl əlavə vergi qoyulurdu. Bununla belə, xəbərdarlıq edilirdi ki, hərgah kəndlilərdən biri qaçaqlara pul köməkliyi edərsə, alınan məbləğ on dəfə artırılacaqdır. Qaçaqlarla əlaqəsi olan kənddə qoşun dəstəsi, adətən, kazaklardan ibarət olan hərbi dəstə yerləşdirilir, onun xərcinin ödənilməsi isə kəndin sakinləri üzərinə qoyulurdu. Bu qoşun dəstələri kobud davranaraq özbaşınalıq edir, kəndliləri incidir, hər cür zorakılıqlar edirdilər.
Qaçaqları məhv etmək üçün tədbirlər işləyib hazırlamaqdan ötrü xüsusi olaraq Cənubi Qafqaza ezam edilən xəfiyyə general-leytenant D.Skalonun planına Osmanlı və Qacarlar İranından həmin dövlətin ərazisində gizlənən Rusiya qaçaqlarının tezliklə Rusiyaya təhvil verilməsi və Rusiya ərazisində gizlənən qaçaqların da həmin dövlətlərə təhvil verilməsi, sərhədboyu ərazilərdə qaçaq dəstələrini müdafiə edənlərin oradan uzaqlaşdırılması və burada qaçaqların ələ keçirilməsi üçün sərtləşdirilmiş qaydaların tətbiq edilməsi və s. daxil edilmişdi. Lakin hökumət tərəfindən görülən tədbirlər qaçaq hərəkatını nəinki yatırır, heç qarşısını belə ala bilmirdi. Hökumət Qaçaq Nəbinin dəstəsinin qarşısında aciz qalmışdı.
Qaçaq hərəkatının ictimai səciyyə daşımasına, zülmə və istismara qarşı kəndlilərin fəal etirazlarının ifadəsi olmasına ən inandırıcı sübutlardan biri də bütün xalqın qaçaqlara tərəfdar çıxması idi. Bunu çar hakimiyyət orqanları da etiraf etməyə məcbur olmuşdular. Xəfiyyə D.Skalon kəndlilərin qaçaqlara yaxından kömək etdiklərini təsdiq edirdi. Yüksək rütbəli çar müstəmləkəçisi qəmginlik hissilə yazırdı: “Əhali hakimiyyət orqanlarına quldurların yerini nəinki nişan verir, hətta, quldurlara böyük bir qonaqpərvərlik göstərir, inzibati orqanlar cinayətkarları tutmağa cəhd etdikdə, əhali açıqcasına onlara mane olur”. Bunu hətta Tiflis Məhkəmə palatasının prokuroru Y.Vasilkov da təsdiqləyərək əlavə edir ki, “bəylər qaçaqları öz evlərində gizlədirlər”.
Qaçaq Nəbini məhz azərbaycanlıların əli ilə aradan götürmək üçün Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze tərəfindən Zəngəzur qəza rəisi vəzifəsinə Səlim bəy Rüstəmbəyov, onun köməkçisi Qəhrəman bəy Mirzəyev və qəzanın üç sahə üzrə polis pristavları isə İsmayıl bəy Vəzirov, İmamqulu bəy Novruzov, Şəfibəy Fətəlibəyov təyin edilmişdilər. Bununla belə, bu adamlara etibar edilmirdi. Ona görə də, Nəbinin ələ keçirilməsi, əsasən, Naxçıvan qəza rəisi A.S.Slavoçinskiyə həvalə edilmişdi.
1895-ci ilin sonlarından etibarən Nəbinin öldürülməsi üçün fəaliyyətə başlamış xüsusi kəşfiyyat dəstəsi Nəbi ilə bağlı dəqiq məlumatlar toplamağa başladı. Geniş səlahiyyətlər verilmiş bu dəstəyə Naxçıvan qəza rəisi A.S.Slavoçinski başçılıq edirdi. Həmin dəstənin məlumatına əsaslanan İrəvan qubernatoru A.A.Freze Cənubi Qafqaz diyarının baş rəisi A.S.Şeremetyevə yazırdı: “Son vaxtlar İrandan aldığımız məlumata görə, Kərbəla ziyarətindən qayıdan Nəbi hal-hazırda dəstəsi ilə Urmiya əyalətinin Larni kəndindədir». Onu da qeyd etmək yerinə düşərdi ki, İrəvan quberniyası dəftərxanasının rəhbəri A.Saroyan bu məlumatın yoxlanılmasının vacibliyini vurğulayaraq yazırdı: “Məlumatın həqiqiliyinə inanmaq düzgün olmazdı. Çünki biz Nəbi tərəfindən yalan şayiələrin yayıldığının çox şahidi olmuşuq”.
Rusiya dövlət orqanları Nəbini ələ keçirə bilmədiyi üçün sui-qəsdə əl atdılar. Beləliklə də, Qaçaq Nəbi muzdlu qatillər tərəfindən 1896-cı il martın 12-də öldürüldü. Nəbinin öldürülməsi ilə bağlı tarixi ədəbiyyatda iki müxtəlif ehtimal vardır. Ə.Axundov Nəbi haqqında yerli əhalidən toplamış olduğu xatirələrinə əsaslanaraq göstərir ki, Nəbiyə sui-qəsd Cənubi Azərbaycanda yaşayan Rusiya təbəəsi olan tacir Paşa Hacı Fərəc oğlu tərəfindən hazırlanmışdır. Ə.Əliyev “Azərbaycan» jurnalında dərc etdirdiyi məqaləsində Nəbiyə sui-qəsdin Paşa Hacı Fərəc oğlu tərəfindən hazırlandığını əminliklə göstərsə də, Nəbinin İran polisləri ilə atışmada öldürüldüyünü təsdiq edir. Tədqiqatçı R.Rüstəmzadə özünün “Qaçaq Kərəm» və “Keçmişdə qaçaqlar» adlı əsərində Nəbinin öz yoldaşları tərəfindən deyil, İran polis hissələri ilə atışma zamanı öldürüldüyü qənaətinə gəlmişdir.
1895-ci ilin noyabr ayında Qaçaq Nəbi Cənubi Azərbaycanda olarkən Naxçıvan qəza rəisi A.V.Slavoçinski İrəvan qubernatorunun razılığı ilə oraya gedib, Urmiya şəhərində yaşayan Ordubad taciri Paşa Hacı Fərəc oğluna Qaçaq Nəbinin öldürülməsi təklifini etmişdi. Nəbinin onun tərəfindən öldürüləcəyi təqdirdə A.V.Slavoçinski onun qızıl medalla təltif ediləcəyini və həmçinin əlavə olaraq min rubl məbləğində pulla mükafatlandırılacağını vəd etmişdi. A.V.Sla-voçinski ilə razılığa gələn Paşa Hacı Fərəc oğlu Nəbinin yaxın silahdaşları olan Şahhüseyni və Kərbəlayı İmanı aldadaraq Nəbinin öldürülməsinə nail oldu. Culfadakı Rusiya ali konsulluğunun başçısı knyaz Dobidze Nəbinin öldürüldüyünə əmin olandan sonra Qaçaq Nəbinin onun təkidi ilə İran polisləri tərəfindən öldürüldüyü haqqında məlumat yaydı. Onda İran mətbuatında da Nəbinin İran polisləri ilə atışmalarda öldürüldüyü barədə məlumatlar yer almışdı.
Onu da qeyd etmək yerinə düşərdi ki, tədqiqatçı İ.Həsənovun “Qaçaq Nəbinin öldürülməsi haqqındakı məsələyə dair” məqaləsində Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində Nəbinin öldürülməsi ilə bağlı saxlanılan arxiv sənədləri yer almışdır və yuxarıda deyilənlərlə üst-üstə düşür. B.Bəhcət də Qaçaq Nəbinin Rusiya və İranın polis orqanlarının təşkil etdikləri xüsusi əməliyyat nəticəsində öldürüldüyünü göstərirdi. Onun öldürülməsində sonralar İranın hərb naziri olmuş Əmir Bahadır Cəng Paşa xandan məharətlə istifadə edilmişdi. İran şahı Müzəffərəddin sarayının nüfuz sahiblərindən biri olan Cəng Paşa xan əvvəllər də Qaçaq Nəbinin Cənubi Azərbaycanda fəaliyyətinin qarşısını almaq üçün Qaradağ və Maku tərəflərdə olan İran hökuməti məmurlarına lazımi sərəncamlar vermişdi. Bu sərəncamların nəticəsi idi ki, Nəbi son vaxtlar o tərəflərə keçəndə təqib və ədavətlə qarşılanmışdı.
Qafqaz canişinin bilavasitə tapşırığına əsasən, Nəbinin öldürülməsi işinə ezam edilmiş Naxçıvan və Zəngəzur qəza rəisləri İrandakı adamlarıı Məşədi Paşa vasitəsilə Nəbinin ən yaxın silahdaşlarından biri Şahhüseyni ələ almaqla, Nəbini aradan götürmək qərarına gəldilər. Şahhüseynin Nəbinin öldürülməsində İran hökumətindən ehtiyat etdiyini görəndə, Rusiya tərəfinin bu işdə maraqlı olan adamları Cəng Paşa xana müraciət etməklə Şahhüseyni razı sala bilmişdilər. “Şahhüseyn tamamilə çaşmışdı. Ona həm İran, həm də Rusiya hökumətləri yaxşı vədlər vermişdi. O, Rusiya imperatorundan nişan alacaq, İran hökumətindən isə mülk alıb xan olacaqdı”.
Qaçaq Nəbi öldürüldükdən sonra silahdaşlarının bir neçəsi ələ keçirilməklə məhv edildi. Şahhüseyn, Məmmədhüseyn və digərləri Dırnıs dərəsində öldürüldülər. Nəbinin yaxın dostu Musa Məhəmmədhəsən oğlu həbs edilib hərbi məhkəməyə verildi. İrəvan hərbi məhkəməsinin onun barəsində verdiyi hökm belə idi: “İran təbəəsi məhkumnin Musa Məhəmmədhəsən oğlu bütün əmlak hüququndan məhrum olunmaqla ölüm cəzasına məhkum edilsin». Lakin sonralar ölüm hökmü 20 il katorqaya göndərilməsi hökmü ilə əvəz olundu.
Görkəmli folklorşünas alim, prof. M.H.Təhmasib “xalqın yüzlərlə hekayət və nəğmələr qoşduğu” “Qaçaq Nəbi”nin epos-dastan kimi formalaşmamasının tarixi, ictimai-siyasi səbəblərini “Nəbinin ölümündən iyirmi il sonra Azərbaycan kəndlisinin mübarizə apardığı köhnə rejim tamamilə dağılması” ilə əlaqələndirir.
Azərbaycan yazarları xalq qəhrəmanı Qaçaq Nəbinin mübarizə dolu həyatını təsvir edən bir sıra əsərlər yazmışlar. M.Rahimin “Qaçaq Nəbi» poeması, S.Rəhimovun “Aynalı» povesti və “Qafqaz qartalı» romanı, H.Qasımovun “Dağlara çəkildi» povesti, C.Bərgüşadın “Boz atın belində» romanı, Ə.Vəliyevin “Tunc atlı” əsəri, S.Rüstəmin “Qaçaq Nəbi” pyesi və M.Təhma-sibin “Nəbi» ədəbi kinossenarisini bunlara misal göstərmək olar.
Qubadlıdan olan müəllim Muradxan Cahangirovun 1920-30-cu illərdə Qaçaq Nəbi və Həcəri görüb tanıyan şəxslərdən topladığı onlarla mahnı, şeir, bayatı, nağıl, reallığa söykənən əhvalatlardan ibarət 220 səhifəlik əlyazma nəşr edilmək üçün Ümumittifaq Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə təqdim olunmuşdu. Bu haqda prof. Paşa Əfəndiyev, prof.Azad Nəbiyev və başqalarının əsərlərində, o zamankı qəzetlərdə xəbərlər getmişdi. Ancaq nə kitab çap olunub, nə də əlyazması tapılıb. Bu qiymətli mənbənin izi itirilmişdir.
Bir faktı da xatırladım: Qaçaq Nəbi haqqında çəkilmiş, hətta, son nəticədə çox primitiv film olan “Atları yəhərləyin”in başına gələn, gətirilən olaylar məlumdu. Moskvada bütün strukturlarda yerləşib hər fürsətdə Azərbaycan adına zərər yetirməkdən qalmayan məkrli qonşularımız hətta, kəsilib doğranandan, qayçılanandan sonra belə filmin ekranlara buraxışına hər cəhdlə mane olurdular. Mərkəzi Komitədən gələn təlimat üzrə Qubadlı payon rəhbərliyinin tapşırığı üzrə qonşu Qafan, Gorus rayonlarında bir neçə erməninin dilindən Qaçaq Nəbinin ermənilərə düşmən olmadığına dair faktlar, sözlər almalı, çəkib çıxarmalı idim. Müşkül işə düşmüşdüm; dolayısı ilə hansı ermənini dindirdimsə kin-nifrət nidası eşitdim, Nəbi adı eşidənlər ilan kimi fısıldayıb zəhər saçırdılar. Nəbinin öldürdüyü erməni hampalarının adlarını yerli-yurdlu elə danışırdılar ki…Biz bunlardan xəbərsiz idik.
“Həcərin Nəbidən sonra Qarabağa öz evinə qayıtması” başlıqlı bölməsindən sitat: “Həcər Nəbinin öldürülməsindən bu sabah xəbərdar oldu. Nəbi Məşədi Paşanın evindən gecə qayıdarkən yolda Şahhüseyn onu arxadan güllə ilə vurub öldürmüşdü. Nəbinin meyidi səhərə qədər yolda qalmışdı. Şahhüseyn isə bu xəyanətkar işindən sonra naməlum yerə qaçıb uzaqlaşmışdı (əvvəlki fəsildən məlum olur ki, Şahhüseyn uzun illər bir yerdə olduğu Nəbini qətlə yetirmək üçün Zəngəzur naçalniki Səlimbəy Rüstəmbəyovla Naxçıvan naçalniki Slovenskidən rus çarından qızıl medal alacağına, Müzəffərəddin şahın yaxın adamı Əmir Bahadır Cəngdən xan titulu və İranda mülk alacağına dair şəxsən görüşüb onların vədini almışdı-H.N).
Nəbi dəfn edildikdən sonra Həcər öz əhvalatını və Nəbinin öldürülməsini Qarabağ tayında Mollu kəndində olan qohumlarına xəbər verdi. Həcərin Mollu kəndində olan qohumları Həcəri İrandan gətirmək üçün İran tayına keçdilər. Həcəri öz kəndinə gətirdilər. Həcərin Nəbidən övladı yox idi. O, bir müddət qaldıqdan sonra öz qohumlarından Həmzə adlı bir çobana ərə getdi. Həcər Həmzə ilə Aşağı Mollu kəndində çox yaşadı. Onun Həmzədən bir neçə övladı oldu. Həcər bütün ömrünü Nəbi ilə keçirdiyi günləri xatırlamaqla başa vurdu.”
Nəbidən sonra da köhnə düşmənlər 30 yaşlı Həcəri rahat buraxmırdı, hələ də gəncliyini, şuxluğunu özündə saxlayan, tənha yaşayan dul qadının adına müxtəlif böhtan, şər-şəbətə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum-əqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu çoban Həmzənin ömür-gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun-quzusu yolağanın ağzından keçəndə çağırır: “Ay Həmzə, burdan gəl, bu mitil bükülüsün də at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli qadın necə deyirsə, elə də eliyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqal-ağbirçək çağırır, Nəbiynən ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adın tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər, təzədən dağa-daşa düşmək də çox gecdi, bunu da Nəbinin, özümün ad-sanın qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izniynən oluram bu yetimlərin analığı, Həmzənin halalı.
Nəbidən sonra Həcərin öz qohumuna ərə getməsi həm də ailə namusunu, ad-sanını qorumaq üçün idi. H.Baykara yazırdı: “Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır. Bu barədə “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik” . Əlavə şərhə ehtiyac varmı?!
Həcər xanım 1914-cü ildə 54 yaşında Zəngəzuru bürüyən vəbadan dünyasın dəyişib. Başdaşına əksi həkk olunmuş məzarı işğala qədər Qubadlının Aşağı Mollu kənd qəbiristanlığında dururdu. Nəvəsi Əliş Məhərrəmov Böyük Vətən Müharibəsində igidliklər göstərib sinəsi orden-medallarla dolu qayıtmışdı. 1993-cü il avqustun 31-də Qubadlını müdafiə etməli olan 7 batalyon bütün silah, döyüş sursatı ilə bərabər yuxarıdan verilmiş əmrlə açıq-aşkar xəyanətlə rayon ərazisindən çıxarılandan sonra öz evində səngər qurub son partonu qalana qədər ermənilərlə döyüşüb öz həyətində də Şəhid olur Həcər yadigarı Əliş kişi. Çoxlu övladları məcburi köçkün olaraq doğma yurd-yuvalarına qayıdış həsrəti ilə ağrı-acılı ömür sürürlər. Son illər bəzi mənbələrdə Nəbi ilə Həcərin əminəvəsi olmaları, birgə evlilikdən Əhməd və Xəlil adlı övladlarının da olduğu və onların həyatına hər an yarana biləcək labüd təhlükədən qurtulmaq üçün gizli şəkildə etibarlı dostlarının Qars, Iğdırda gizlədildikləri, törəmələrinin bu gün də Türkiyə, Avstaliya, digər ölkələrdə yaşadıqlarına dair yazılar da mətbuatda yer alır. Təəssüf ki, əlimizdə kifayət qədər dəlil-sübut olmadığından biz bunu nə təsdiq, nə təkzib edə bilirik.
Ortada olan fakt budur ki, Azərbaycan xalqı heç bir qəhrəmanına Nəbi, Həcər qədər sevgi göstərməyib, 130 ildən çoxdur Vətənimizin cənubunda, şimalında, Kərkükdə, Anadoluda xalqın öz qəhrəmanına, igidlərinə qoşduğu mahnıların ən çoxu Qaçaq Nəbi ilə Həcərə həsr olunub. Dillər əzbəri olan, ən çox sevilən, oxunan, dinlənilən populyar mahnılarda bu qoşa qəhrəmanımız vəsf edilir: xanəndəmiz Xan Şuşinskidən başlamış, Ağabala Abdullayev, Fəxrəddin Hüseynov, Kamil Cəlilov, Aşıq Əsəd, Nevid Müsmirədək, Cemal Kaçar, Parisa Arsalani, Aşıq Əsgər Urmiyalı və sair. Qaçaq Nəbi haqında yazılmış elmi-tarixi, bədii, folklor nümunələrindən də göründüyü kimi, bu sevginin həqiqətən də real tarixi kökləri var.
Xalq qəhrəmanlarımızdan belə möhtəşəm ümumxalq sevgisi yalnız Qaçaq Nəbi və Qoçaq Həcərə nəsib olub.