Mehman Qaraxanoğlu 1957-ci ilin 1 Mayında Astarada doğulub. Bəlkə də bu cümlədə statistik rəqəmlərdən yan keçmək olardı, amma... Əksinə, biz burada qrammatikadan kənar olsa da, birdəfəlik üç sözü məntiqi vurğu altına salmaq istəyirik: “1957-ci il”i, “1 May”ı və “Astara”nı... Çünki Mehmanın taleyində hər üçünün öz yeri vardır. Doğuldum 57-də... Hələ Həvva Adəmi doğmamışdı. Ağrı yasaq edilmiş meyvə kimiydi... (“Avtoportret”)
Ağrının yasaq edildiyi bir dövrdə doğulmağın özü də zülümdü... Amma şair əlini uzadıb ağrını budağından üzməli idi. Çünki bunsuz mümkün deyildi.
“Ağrı” əsl şair hədiyyəsi idi. Çox-çox sonralar – yəni, 1989-cu ildə, dünyanın ən qarışıq vaxtında, tarixi hadisələrin bir-birini sürətlə əvəz etdiyi bir sürədə şair bu adda bir poema da yazdı. Bu, trilogiyanın ilk poeması idi. Yəqin ardınca hansı poemanın gəldiyini sövq-təbii hiss etdiniz. Bu, “Qanlı Yanvar”dır. “Özümə elegiya” isə bu sırada üçüncü yerdə durur. Ədəbi tənqidin nəzər-diqqətindən tamamilə kənarda qalan ikinci poema Azərbaycan poeziyasında bu mövzuda yazılan ilk poemadır. Cəmi otuz dörd günə yazılıb. Bədii sənətkarlıq cəhətdən əsl sənət nümunəsidir. Cəsarətli vətəndaş mövqeyinə görə tanınmış şair Əhəd Muxtar, Mehmanı “Öz kəfən payını saxlayan şair” adlandırıb. Və bu adda bir esse yazıb “Şəhriyar” qəzetində çap etdirib. Bunlar xeyli sonralar baş verəcəkdi. Hələ Mehman doğuluş ağrıları ilə əlləşirdi:
Doğulduğum il
İllərin ən uzunu olub.
Papiros kötüyündən asılan səslə
Özünü doğum evinə yetirib atam.
Qışqırığıla qarşıladım onu.
Xışmalayıb illərlə ovcunda gizlətdiyi
Sükutun üstünə qoydu atam.
Ölərkən götürdüm ovcundan...
Anam yaylığına nəsə bükürdü,
Sonralar bildim göz yaşı olduğunu...
1 May da onun taleyində izsiz ötüşmədi. Özünün dediyi kimi, 1 Mayda doğulsa da, doğumunu 1 gün geri çəkiblər – 30 aprelə. Çünki mamaça Dünya Zəhmətkeşlərinin Həmrəylik Gününə - 1 May paradına getməli olub. Bu isə həmin gün qeydiyyat idarəsinin işləməməsi anlamına gəlir. Və çıxış yolu kimi ən sadə variant seçilib – 30 aprel. Bu da taleyin ironiyası idi:
Ey ana ağrısını –
Yəni, məni tutan mamaça əlləri,
Sənin bu qədər geniş açıldığını kim bilirdi? Kim?
Ağzına qurban olum,
Ey kəndirimi kəsən qayçı,
O nə söz idi dedin?!
Ey mənə döşlərinin giləsini –
İpucu verən anam,
Yaşamaq buymuş?! (“Mənim 1 Mayım”)
Astara əbədi olaraq onu ruhuna nəqş olunub. Üçhecalı bu toponim həm də ikiyə bölünən Vətənin qəddar simvolikasına çevrilib:
Sərhədyanı diyarda mən göz açdım dünyaya,
Gördüm sərhəd dirəkləri neştərdi, oxdu.
Gördüm hər şeyin sərhədi var dünyada,
Təkcə vətənə məhəbbətin sərhədi yoxdu!
(“Oğluma məktub” poemasından)
(Adıçəkilən poema Dövlət Sərhəd Xidməti və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən ”Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin qalibi (2011) olub).
Bölünüb parçalanma azmış kimi, Astara toponimini bu cür də yozanlar tapılır: “As dara!”. “Biz bu amansız hökmü hər an eşidə biləcəyimiz bir qorxu altında böyüdük”. Gün-güzaranın ağır çağlarında Səttar Bəhlulzadənin “The Astara oranges” rəsminə xitabən yazdığı çox maraqlı bir şeiri vardır. Burada 28 May metrosu qarşısında sarıbənizli qadınların ovcunda tutduqları sapsarı limonlarla gəlib keçən müsafirlərə yalvarmaları əks olunur:
Dilənmək olarmış
Dopdulu ovucla da:
Öncə səs dilənir,
Sonra ovuclar:
-Beşi bir manata!
-Beşi bir manata!
O səslə sürünür arxamca sanki Astaram...
(“The Astara oranges”)
Bir başqa şeirində isə Astara günəşli bir qiyafədə təsvir olunur:
Sapsarı limonları görsən,
İnanarsan, göbəyi var günəşin də! (“Astarada günəş”)
Astara şair üçün təkcə doğulub boya-başa çatdığı, hal-hazırda yaşadığı məkan deyil, həm də ruhsal bir aləm, dipdiri bir dünya, aləmlər aləmi, bütövlükdə kosmosdur. O, ömrü boyu buranı uzunmüddətli tərk etmədi. Gəncliyində cəhdlər etdi, amma hamısı uğursuzluqa nəticələndi. Anladı ki, Əbədi Ananı – Astaranı heç bir zaman tərk edə bilməyəcək. Və öz həqiqəti ilə barışdı: “Şairlər doğulduğu arealı əbədi tərk edərkən özləri də bilmədən İlahi Nizamı pozmuş olurlar”.
“Salam, ata evim, Anasız evim... Üşənir, ay evim, ruhum, bədənim, Özümə, de, necə “yetim” deyim mən. Kirəmidli damın atamdı mənim, O əziz anamdı torpaq döşəmən.Yuxuda qapın da məni qovurdu, İş işdən, ay evim, keçibdi bəlkə? O qədim rəflərin batıq ovurdmu, Özgə zamanlara keçiddi bəlkə? Bir zaman quş kimi ötürdün dil-dil, Susursan... kəsiblər dilini sanki. Sıxılıb, daralıb, əvvəlki deyil, Qayışla sıxıblar belini sanki. Köhnə şuluqçuyam, bilirsən, evim, Görmək istəmirəm üzündə kədər. Aç öz qayışını, ey əziz evim, Döy məni, Döy məni, Ürəyin istəyən qədər...” (“Salam”)
Bu şeir uzaqlarda düşüb qalan xatirələrimizi lap yaxına – gözümüzün önünə dartıb gətirir. Kirəmidli dam, torpaq döşəmə, batıq ovurdları, özgə zamanlara keçidi xatırladan rəflər, şuluqluq etdiyimiz zaman ata belindən açılan qayış və ümumilikdə şeirin qüssəli ritmi - hər şey, hər şey o çağlarımızı simvolizə edir. Görkəmli şairimiz Ç.Əlioğlu haqlıdır: “.... Poeziya, axı, həmişə uzaqdakına müraciətdir. Mehman Qaraxanoğlu uzağı yaxın edə bilir”. (“Ədəbiyyat qəzeti” 2004-cü il)
Mehman Qaraxanoğlu dünyası ilə kim yaxından tanış olursa, heyrətini gizlədə bilmir. O sanki Buddanın bu sözlərini maddiləşdirir: “Nəzərə çarpmadan yaşa!”. Yüzə yüz əminəm ki, əgər onun sivilizasiyadan qaçmaq şansları olsaydı, bunu çoxdan edərdi. “Məndən çox inkarçılıq mövqeyi tutan adam yoxdur. Üç gün ərzində nə qədər əlləşdim, Mehman müəllimin obrazında qaranlıq bir nöqtə tapa bilmədim. Hər obada çox yox, Mehman müəllim kimi bir insanın yaşaması bəsdir. Baxırsan və düşünürsən ki, yox, hər şeyi zamanın üstünə atmaq zəiflik əlamətidir. Bütün çətinliklərə sinə gərib paklığını, müqəddəsliyini qoruyanlar da vardır. Cek Londonun təbiri ilə desək, “göylərdə müqəddəs qalmaq asandır”. Mən Astaraya Bazarov kimi getmişdim, Don Kixot kimi qayıtdım”. (Seymur Baycan. 2003-cü il)
“Mehman Qaraxanoğlu 10 dəqiqə pis adam rolunda qala bilməz”. Böyük alimimiz Məhərrəm Qasımlının fikirləridir.
Mehman yaşamı ilə elə bil böyük şairimiz Ramiz Rövşənin aşağıdakı suallarını səssizcə cavablandırır:
Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi?
Mehman sanki bir yox, bir neçə dəfə gəlib gedib. Özü demişkən, onun gözləri qarşısında təkcə tanış sular yox, hər şey axıb gedir; ağaclar da, quşlar da, ata-ana qəbirləri, sevgilər də, doğrular da, yalanlar da... Və özü də ikinci, üçüncü və ya dördüncü bir mehmanın gözləri qarşısında axıb yox olur. Bu sonsuz gedişatda heç özünü də tutub saxalaya bilməyən bir insanı nə ilə heyrətləndirmək olar?! Amma o, bizi heyrətləndirir. “M.Qaraxanoğlu məhz orda - əyalətdə, Astaranın dağlarla və dənizlə əhatə olunmuş Şiyəkəran kəndində yaşayır və müəllimlik edir. Ən maraqlısı isə odur ki, bəlkə də həmkəndlilərinin heç biri hələ də bilmir ki, onlarla eyni kənddə yaşayan bu adam bütün xüsusuyyətləri ilə - alicənablığı, səmimiliyi, yazı-pozusu, ziyalılığı, saflığı, bir sözlə, insani keyfiyyətləri ilə birgə bir dağ misallıdır. Görünməyən bir dağ. Bəlkə də görülməyən bir dağdır”. (Samir Sədaqətoğlu. “Dağların içində itən o dağ” “Ədalət” qəzeti, 14 sentyabr, 2002-ci il)
Şeirlərinin birində yazır: “Salam, Tək Adam! Dünyanın nə vecinə, könüllü enmisən təkliyin təkinə...” Ona zorla heç nəyi elətdirmək olmaz. Könüllülük onun əsas prinsipidir. Hətta təkliyin təkinə də könüllü enib. Bu da bir asudəlik fonu yaradır. Vaxtilə “Ulduz”da çıxan şeirləri Xalq şairi Fikrət Qocanı da heyrətləndirmişdi:
İşıq haqda oxuyur qaranlıq dalan.
Payız ağacları çiyni açıq qadınlar kimi...
Özümdə dəfn olunmuşam,
Qəbri açmaq neçin?!
F.Qoca yazırdı: “Mən təsəvvür edirəm, Mehman o kənddən qəzetlərdəki hap-gopa, ədəbiyyatətrafı çeynərtilərə necə ikrahla baxır”. (525-ci qəzet, 2003-cü il)
Sözə söz kimi, leksik vahid kimi deyil, dünyadərkinin kodu, şifrəsi kimi baxmaq, hər bir müəyyənlikdə qeyri-müəyyənlik axtarıb tapmaq onun şakəridir. O, heç yerdə qərar tuta bilmir. Sözdən başqa. Haralara getsə, sonda sözə qayıdır. Özü deyir: “Gör mənim nə qədər sonum var?!”
Köhnə payız patefonunda
Fırlanır sentyabr valı...
Günlər iynəsi ilişmiş val kimi
Dolanırlar ağacların başına,
Ölüm tökülür boş-boşuna...
Yeniliksiz yaşamaq çətindir. Hətta şair olmayanalar da belə düşünür - evdəki əşyaların yerini ildə azı bir dəfə dəyişənləri nümunə gətirmək olar. Mehman da poeziyada mütəmadi olaraq yeniliklər etməyə can atıb - ənənəvi şeirin sınırları daxilində və ondan kənar. “Qədim bayatının sirli dərdi” məqaləsində heca vəznli digər şeirlərimizin də bayatı dərdinə mübtəla olduğunu, yəni əvvəlki iki misranın sonrakılar üçün hazırlıq rolu oynadığını elmi dəlillərlə əsaslandırmağa çalışdı və şeirin ilk iki misrasından imtina etdi. Eksperiment baş tutdu. Çox maraqlı şeir nümunələri yarandı. Tənqidimizin ağsaqqalı V.Yusifli yazırdı: “Mehman Qaraxanoğlunu son illərdə tanımışam. Şeirlərində müasir poeziyanın yeni meyilləri ilə səsləşən cəhətlər üstünlük təşkil edir. Mümkün qədər şablondan, stereotipdən qaçmağa çalışır”.
“Mehman Qaraxanoğlu – fərdi üslubu, bənzərsiz təfəkkürü ilə hər kəsdən fərqlənir. O, insanın ruhunu azadlığa səsləyən şairdir. Onun postmodern düşüncə standartlarını ifadə edən qeyri-standart yazı üslubunda təfəkkürə də, dilə də yüklənmiş proqramlar ən mürəkkəb fikir axtarışlarını aparmağa imkan verir. Qaraxanoğlunu oxuyanda adam estetik bilgilər üzrə, incəsənət sahəsində analogiyalar aparmaq həvəsinə düşür” Tənqidçi-ədəbiyyatşünas Zakir Məmmədin fikirləridir. Çox dəqiq qənaətlərdir. Mehmanın hər bir yazısını – istər şeir olsun, istər tənqidi məqalə və ya esse, fərqi yoxdur, oxuyarkən bütövlükdə incəsənətin sehrli atmosferinə düşürsən. Özünü səsin (musiqi), rəngin (rəssamlıq), daşın (həykəltaraşlıq), vizual dünyanın (kino) sintezindən yaranmış qəribə bir aləmdə hiss edirsən.
“Özün, Özün söyləyirdin: Bir adamıq, Bir adam! Sən gedəli, Bu kənd daha Minalanır adam-adam... Yaz girəli, Basdırmışıq on bir adam... Qorxa-qorxa, Ürkə-ürkə soruşursan: Salamatmı O bir adam?!” (“Başkəndə məktub”) Bu kiçik şeirin daxilində sıxılıb yığılmış poetik enerjini sözlə ifadə etmək çox çətindir. Sanki iki, üç, dörd, beş, on adamım həsrət və nigarançılığı bir adamda cəmlənib. O bir adam isə bütün bu yoxolmaların fonunda, görəsən, mövcuddurmu? Şeirin tempi də narahat adamın halına bənzəyir – yüyürə-yüyürə hal-əhval soran adamın halına! Bu, XXI əsrin adamı – həməsrimizdir.
Filologiya elmlər doktoru, tənqidçi Tehran Əlişanoğlu: “Mehman Qaraxanoğlunun sizin qəzetdə (“Ədalət” qəzeti nəzərdə tutulur-H.N.) gedən şeirləri məni yaxşıca diksindirdi: onu “Söz”, “Şəfəq” jurnallarında izləsəm də, istedadının məxsusiliyinə nəhayət inandım; qarşımızda yenə də 1960-80-cı illər şeirinin içindən keçib gəlmiş ruhdur, amma bu tənhalaşmış ruh qloballaşmış dünyada, kosmik havadakı dəyişkənliyi necə də həssaslıqla içinə hopdura bilir; ona da bir daha inandım ki, həqiqətən də belədir, indi ucqar Astarada da oturub, ürək “antena”nı birbaşa kainata kökləmək imkanları gerçəkdir”
Mehman Qaraxanoğlu çoxşaxəli yaradıcılığa malikdir. Ədəbiyyatşünas-alimdir. Talış olduğu qədər də Azərbaycanlıdır. Çox sayda ədəbi-tənqidi təhlillər və esselər müəllifidir. Hələ mətbəə qoxusu getməmiş “Mən konteksti düşünürəm” kitabında müxtəlif illərdə qələmə aldığı ədəbi-tənqidi təhlilləri və esselərinin bir hissəsi yer alıb. Müəllif ədəbiyyatşünaslıqda yeni bir istiqamətin – mətn gizlinlərinin aşkarlanması fonunda hissi tənqidin çox gözəl nümunələrini yaratmış, müasir ədəbi prosesin elmi-nəzəri problemlərinə diqqəti yönəltməklə fərqli yanaşmalar ortaya qoymuşdur. Mehman ədəbi mətnlərə aşırı dərəcədə həssas münasibət bəsləyir. Bu haqda görkəmli yazıçımız, akademik Kamal Abdulla çox maraqlı fikirlər söyləyib: “Mehmanın son yazıları mənim diqqətimi cəlb etdiyi kimi digər yazıçı dostlarım üçün də maraqlı oldu. Onun yazılarında öz məsləkdaşımı gördüm. Mehman Qaraxanoğlu digərlərindən fərqli olaraq hissi tənqid edir. Əlbəttə, bu gün tənqidə kövrək addımlarla daxil olan “hissi tənqid”i genişləndirmək lazımdır. Bu gün tənqid hansı funksiyadadır, tənqid nə edir, nə etməlidir, suallarına cavab vermək asan deyil. Baxın, bu cavablardan birini Mehman müəllim verdi. Yəni, tənqid belə olsa daha yaxşıdır. Mən də onu dəstəkləyirəm ki, tənqid ancaq bu gün rasional nöqteyi- nəzərdən olmamalıdır, tənqid hissiyatla olmalıdır....Ədəbiyyatçı, ədəbiyyatşünas, bir əsər haqqında söz demək istəyən adam ancaq bəyəndiyi sözləri deməlidir. Bəyəndiyi əsərlər haqqında danışmalıdır. Bəyənmədiyi əsərlərə bəyəndiyi əsərlər vasitəsiylə mesaj göndərməlidir. Pis əsərə pis əsər deməyin mənası yoxdur. Yaxşı əsərə yaxşı deməklə, pisə də pis demiş olursan artıq. Əsəri oxuyub qiymət vermək istəyən adam, yaxşı bildiyi şeylərdən yazmalıdır. Bu mənim qəti fikrimdir. Ona görə də, mən Mehman Qaraxanoğlunu təqdir edirəm ki, o yaxşı hesab etdiyi mətnlərdən yazır. Mehman müəllim mərkəzdə formalaşan ədəbiyyatın nümayəndəsi deyil, ədəbiyyatın cənub bölgəsinin nümayəndəsi kimi çıxış edir, fərqi yoxdur, əsas odur ki, ədəbiyyatı təmsil edir...” (http://www.persona.az, 12.05.15).
Mənim tələbəlik illərindən - 43 ildən bəri dostluq etdiyim Mehman Qaraxanoğlunun əmək kitabçasında 1 sətir var: Astara rayonunun Şiyəkaran kənd orta məktəbinin müəllimi. Kənd müəllimi olub qalıb da tanınmış alim, şair və bunlardan öncə də ləyaqətli insan olmanın, təmiz, qürurlu ömür yaşamanın nümunəsidir Mehman Qaraxan oğlu Əliyev.
Təbrik edirəm, 60 yaşına xoş gəldin, əziz dost!
Hacı NƏRİMANOĞLU