Məqalə "Azərbaycan" jurnalının 2015-ci il 7-ci №-də dərc olunub
İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur.
İki il kənd məktəbində oxuyub. Zəngəzurda törədilən faciəli qırğınlardan sonra Naxçıvanda yaşayıb, bir dərəcəli məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda Pedaqoji İnstituta daxil olub. 1931-ci ildə institutu qurtaran Ə. Abasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışıb.
Ə. Abbasov 1934-37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxuyub. O, 1937-39-cu illərdə "Azərnəşr"də şöbə müdiri olub, 1939-41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri üzrə Komitədə çalışıb, İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub, 1943-47-ci illərdə Azərbaycan KP MK-da təlimatçı, 1947-48-ci illərdə Bakı Teatr Məktəbinin direktoru, 1949-57-ci illərdə isə "Uşaqgəncnəşr"də şöbə müdiri vəzifələrində işləyib.
Ə. Abbasov 1957-ci ilin dekabrın 18-də 52 yaşında vəfat etmişdir.
*
Əyyub Abasov Zəngəzurda ermənilərin törətdiyi qanlı qırğınları gözləri ilə görən, ağır müsibətlər yaşayan, valideynlərini, bacı-qardaşlarını, mənsub olduğu nəslin, doğulub dünyaya göz açdığı el-obasının əksər hissəsini bu qətliamlarda itirən Əyyub bir müddət Naxçıvanda xeyirxah insanların himayəsində yaşayıb, oxuyub, ilk əmək və yaradıcı fəaliyyətinə başlayıb.
Əyyub Abasovun həyatı, fəaliyyəti, ədəbi yaradıcılığı ətraflı, sistemli şəkildə öyrənilməmişdir. Ömrünün Naxçıvan dövrü barədə ayrı-ayrı tədqiqatçıların əsərlərində məlumatlar var. Filologiya üzrə fəlsəfə doktoru Seyid Surə yazır ki, Ə.Abasov 1921-ci ildən Naxçıvanda nəşrə başlayan "Şərq qapısı" qəzetinin fəal əməkdaşlarından olub. Bu qəzet regionda mətbuatın əsasını qoymaqla yanaşı, eyni zamanda, Naxçıvanda ədəbi mühitin inkişafına səbəb oldu, qələm sahiblərinin öz yaradıcılıqlarını qəzet vasitəsilə daha geniş kütlələrə çatdırmasına şərait yaradırdı. 1920-30-cu illər Naxçıvanda yaşayıb yaradan ədəbi qüvvələri məhz bu qəzet öz ətrafına yığmışdı. Mətbuatı inkişaf etdirmək üçünsə əvvəlcə ədəbi qüvvələri səfərbər etmək, onları cəmiyyət halında birləşdirmək lazım idi. Sovet hakimiyyətinin ilk illərində Bakıda yaradılmış "Qızıl qələm" ədəbiyyat cəmiyyətinin səsinə 1925-26-cı illərdə Naxçıvanda ədəbi müzakirə və ədəbi gecələrdə təmsil olunan gənclik ilkin səs verdi. PK(b)P MK-nın "Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında" 18 iyul 1925-ci il tarixli qətnaməsi Naxçıvanda ədəbiyyat və incəsənət işinin təşkilində müstəsna əhəmiyyət kəsb etmiş, vilayət qəzetində ardıcıl olaraq "Ədəbiyyat səhifəsi", "Gənclik səhifəsi" başlıqlı xüsusi səhifələr verilirdi. 1926-cı ildə Naxçıvanda "Qızıl qələm" Ədəbiyyat Birliyi fəaliyyətə başlayır. Gənc Əyyub Abbasov Ədəbi Birliyin rəhbəri seçilir. Həmin dövrdə Naxçıvanda yeni ədəbiyyat uğrunda gedən mübarizədə bu birlik ən fəal yaradıcılıq mərkəzinə çevrilir. Birliyin təşəbbüsu ilə Naxçıvan şəhər komsomol klubunda tez-tez ədəbi gecələr və mühazirələr təşkil olunurdu. 1927-ci ildə Əyyub Abbasovun yazdığı dram əsəri də Naxçıvan şəhərindəki Karl Libknext adına komsomol klubunda tamaşaya qoyulur və tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Yaradıcılıq yolunu "Qızıl qələmlər" Ədəbi Birliyinin təşkilatçılarından biri kimi davam etdirən dövrün gənc ədəbi simalarından biri Müzəffər Nəsirli birliyin fəaliyyətinə dair xatirələrində yazır: "Bir hadisə heç yadımdan çıxmır. 1927-ci ilin qış fəslində komsomol klubunda ədəbi gecə keçirirdik. Əyyub Abasov gecəni aparırdı, həmin gecəyə şəhərin çoxlu ədəbiyyat həvəskarları toplanmışdı. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında bu Birlik haqqında xəbərlər, ədəbi yazılar verirdi. Ə.Abbasov, Ə.Kəngərli, Əli Zəbun və digərlərinin şeirləri Bakıda nəşr olunan "Komsomol", "Dan Ulduzu", "Qızıl şəfəq" ədəbi məcmuələrində, "Gənc işçi", "Yeni yol", "Kommunist", "Kəndli" qəzetlərində çap olunurdu, bu da Naxçıvanda ədəbi həyatın inkişafına geniş yol açdı, gənclərin ədəbi yaradıcılığa həvəsi gündən-günə artdı".
Məmməd Cəfər dövri mətbuatda Azərbaycan və rus klassikləri haqqında ilk məqalələrini, Məmmədhüseyn Təhmasib isə milli folklor nümunələrini toplayır, ilk tədqiqatlarını dərc etdirirdilər. Bu dövrdə gənc tədqiqatçı, Ə.Abasovun xalası oğlu və əziz dostu, əruzun keçmiş SSRİ və dünyada ən gözəl bilici və tədqiqatçısı sayılan Əziz Şərif də maraqlı yazıları ilə diqqəti cəlb edirdi.
1931-ci ildə ölkədə ədəbiyyatın daha da inkişaf etdirilməsi haqqında Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin ədəbiyyat haqqında yeni qərarı elan olunur. Proletar Yazıçılar cəmiyyəti ləğv edilərək Sovet Yazıçılar İttifaqının təşkili qərara alınır. Elə bu zaman Bakıdan qayıtmış Əyyub Abbasov yaradıcı gəncləri öz ətrafına toplayır.
1931-ci ildə Əyyub Abbasovun "Şərq qapısı" mətbəəsində Məmmədəli Tarverdiyevin redaktorluğu, Lətif Hüseynzadənin giriş sözü ilə "Mübarizə" adlı ilk şeirlər kitabı nəşr edilir. Şairin bu kitaba toplanmış şeirlərində zəhmətkeşlərin əmək qəhrəmanlığı, elliklə kollektivləşmə uğrunda gedən mübarizə öz əksini tapır.
Əyyub Abasov Naxçıvanda Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Süleyman Rüstəm və digər şair, yazıçılarla yaxından tanış olur. Onun "Dar ağacı" poeması, "Mübarizə" kitabı maraqla qarşılanır, diqqəti cəlb edir, "Naxçıvan" şeiri dillər əzbəri olur, dövri mətbuatda tez-tez silsilə şeirləri dərc edilir. Onun "Aqil və Sərvinaz" adlı pyesi 50-ci illərdə Gənc Tamaşaçılar Teatrında uğurla tamaşaya qoyulur. Sərvinaz rolunun ifaçısı xalq artisti Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə Əyyub Abbasovun bu əsərinin tamaşaçılar tərəfindən maraqla qarşılandığını xatirələrində yazır.
Əyyub Abasovun sonralar nəşr olunan kitabları bunlardır; "Ağ çadırlar", "Uşaqgəncnəşr" 1955, şeirlər, 64 səhifə, "Vətən suları", 1949, şeirlər, 40 səh, "Könül şikəstəsi" 1947, 76 səh, "Nailə" poeması, 1951, 28 səh, "Sevinc" 3 pərdə, 7 şəkildə pyes, "Gənclik" 1968.
Tərcümə əsərləri: "M. Auezov "Abay", 1954, Jurba P "Aleksandr Matrosov" 1951, K.Kirienko "Alyonkanın məktəbi" 1954, Ə.Nəcmi "Bahar elləri" 1953, B.Kassis "Yaşıl əjdaha" 1968, L.Licaşvili "Ketsxovelli" 1954, E.Oqnetsvet "Pioner bayrağı haqqında mahnı" 1952.
*
Ədəbiyyat tarixində bəzən bir əsəri, elmdə bir kəşfi ilə də adını əbədiləşdirən yazıçı, alimlər olub. 70 illik kommunist-sovet rejimi dövründə yaranan çox sayda əsərlər var ki, artıq bu gün ədəbiyyata, sənətə aidiyyəti olmayan makulatura məmulatına çevrilib, lazımsız poliqrafiya məhsulu kimi kənara atılıb qalıb. Ancaq o əsərlər yaşayır, müəllifin adını yaşada bilir ki, o zamanın bütün təqib, təzyiqlərinə baxmayaraq dövrün ədəbi qəliblərinə sığmayıb, kanonlardan kənara çıxıb, bütün mövcud risqləri görüb dəyərləndirməklə yenə də yazıçı-vətəndaş vicdanının səsi ilə həqiqəti yazıb, əks etdirib. Xalq yazıçısı, tənqidçi ədəbiyyatşünas Elçin həm də məhz bu amili nəzərə alaraq sosialist realizmin hakim ədəbi metod olduğu dövrdə Azərbaycan nəsrində yaranan belə əsərlərdən konkret ikisinin adını çəkir ki, biri məhz Əyyub Abbasovun "Zəngəzur" romanıdır. "...sosrealizm tarixin sınağından çıxa bilməsə də, onun çərçivələri daxilində elə əsərlər də yaranıb ki ("Zəngəzur" - Əyyub Abbasov; "Gələcək gün" - Mirzə İbrahimov və s.), onların üzərindən qətiyyən xətt çəkmək olmaz." Elçin "Sosrealizm bizə nə verdi?", "Ədəbiyyat" qəzeti, № 12, 05.04.2013
Nəzərə alsaq ki, Ə.Abbasov "Zəngəzur"la böyük ədəbiyyata gələnə qədər daha çox şair, dramaturq kimi tanınırdı. Birdən-birə iki cildlik romanın meydana çıxması onun istedadının epik vüsətinin, ədəbi potensialının genişliyinin də göstəricisi, həm də məhz Vicdanın Səsi idi.
*
"Zəngəzur" romanı hər şeydən əvvəl XX əsrin əvvəlindəki Zəngəzur mahalının, onun sakinlərinin yaşam mənzərəsidir. Burda daha çox qara, acı lövhələr üstünlük təşkil edir; kasıbçılıq, aclıq, səfalət, yoxsulluq içində üzülən, hakimiyyət, torpaq, var-dövlət sahiblərinin azğınlığı, ərşə dayanan zülmü, heç bir əxlaq, ölçü-biçiyə sığmayan qudurğanlığı, acgözlüyü, hərisliyi, harınlığı...Və bir də gecə-gündüz fikri, xəyalı ancaq acından ölməmək üçün çalışan zəhmətkeş insanların mənəvi dünyası, əxlaqi təmizliyi, abır-həyası, dostluğa, duz-çörəyə sədaqəti, ailə dəyərlərini, namus, ismətini qorumaq üçün hətta, ölümə getməyə belə hazır olmaları, övlada, valideynə məhəbbəti bu insanları birləşdirən səciyyəvi cəhətlərdir, ağır töycü, biyar altında inləsələr də ancaq yenə də gələcəyə inamlarını itirmirlər. Onlar sidq ürəklə bir olan Allaha inanır, ürəkdən tapınır, başlarına gələn qəza-qədəri, kasıbçılığı da o gözəgörünməzin alın yazısı hesab edir, ona görə də yaxşı-pis hər şeyi ondan yalvarıb diləyirlər, içlərindəki etirazı da bu qorxu səbəbilə boğmağa çalışırlar. Bu əsər Zəngəzur kəndlilərinin əxlaq, mənəvi dəyərlər toplusudur. Zəhmətkeş kəndli Nəbi, həyat yoldaşı Güləndam, qızı Növrəstə, oğlu Yusif yaşadıqları dağların havası kimi təmiz, saf insanlardır, sadə, səmimi ailədirlər. Onlar nə qədər əziyyət çəkib əkib becərsələr də, yenə səfalət içində yaşayırlar, çünki əldə etdikləri məhsulun çox hissəsini var-dövlət xəstəsi mülkədar Hacı Atakişi, yaxud erməni qolçomaq Baqrat qamarlayıb əllərindən alır. Onların hər ikisi yoxsul kəndlilərə qarşı nə qədər amansızdırsa, çar hökumətinin yerli nümayəndələrini görəndə quzuya dönürlər, onların xoşuna gəlmək üçün hər dona girir, yaltaqlanır, əyilir, rüşvət verir, yalan danışırlar. Ailə üzvləri də onların əlindən beziblər, ancaq qarın dolusu yemək xatirinə qorxudan susurlar, yoxsul Nəbinin, Aşotun ailəsində olan mehribançılıqdan bunlarda əsər-əlamət yoxdur. Hacı Atakişinin oğlu Fərman da atasının tökdüyün yığışdırıb, ona nifrət edən saf qəlbli Növrəstənin bütün etirazlarına baxmayaraq onu ələ keçirməyə çalışır.
Təbii ki, o dövrün qanun-qaydaları elə idi ki, «Zəngəzur»un sovet sezurasından keçməsi üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer verməli idi. Əslində elə müharibəni pisləmək, fitnə-fəsada bais olanları tənqid etmək hər bir yazıçının vəzifəsidir, mənəvi borcudur. Bu mənada Əyyub Abbasov bütün xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulayırdı. O bilirdi ki, öz millətini qırğına, fəsada, cinayətə təhrik edən birinci növbədə elə öz xalqının düşmənidir. Yazıçı fakt və dəlillərlə, eləcə də öz gözləri ilə gördüyü hadisələrin köməyi ilə daşnakların məkrli siyasətlərini sərrast qamçılayaraq, onların rəhbərlərinin rəzil portretlərini realist lövhələrlə təqdim edib.
Zəngəzurun ötən əsrin əvvəllərində real mənzərəsi belə idi ki, burada müsəlman türklər və kürdlər xristian ermənilərlə qonşu, dost olaraq yaşayır, birlikdə əkir, biçir, çörəyini, suyunu, ayran-qatığını bölüşür, dilləri, dinləri ayrı olan müsəlman, erməni ağalarının zülmündən cana doyur, təngə gəlir, ağır gündə bir-birinə arxa olur, dərdlərini, xoş günlərdə, xeyir xəbərlərdə sevinclərini bölüşürlər. Bu onların yaşam tərzi idi, hər millətin özünün gendən, mentalitetdən gələn sənət, peşə qabiliyyətləri mövcud idi. Sənətkarlığı ermənilər yaxşı bacarırdısa, heyvandarlığı kürdlər, əkin-biçini müsəlmanlar daha yaxşı bilirdilər.
Növrəstə ilə Şahmərdanın, Surenlə Siranuşun saf məhəbbəti, çətinliklərə sinə gərmələri, bir-birilərinə qovuşmaq həsrəti, bu yolda göstərdikləri cəsarət, gənclərin səmimi duyğuları, könül çırpıntıları romanda lirik, bədii detallarla təsvir olunub. Suren rus strajniklərinin əlindən qurtulub qaçanda ən etibarlı sığınacaq yeri kimi Şahmərdangilin evin seçir, həbsdən xilas olur.
Ancaq zaman dəyişir, daha aşağılar köhnə qayda ilə yaşaya bilmir, yuxarılar da idarə edə bilmirlər, narazılıq kortəbii də olsa, aşıq-aşkar büruzə verir, Peterburqdan gələn xəbərlər əyalətlərə də çatır, fəhlə və kəndlilərin öz haqları uğrunda mübarizəyə başlaması ucqarlardakı insanlarda da mübarizə əzmi yaradır. Xüsusilə Birinci Dünya Müharibəsində dünyaya hökm edən Çar Rusiyasının, Romanovlar sülaləsinin əbədi, məğlubedilməz imicinin dağılması onları da ruhlandırır, şimaldan əsər küləklər ucqar dağ kəndlərini də oyadır. Böyük dövlətlərin siyasətinin, dünyanı yenidən bölmək planlarının acı nəticəsi olan müharibənin gətirdiyi faciələri gözləri ilə görüb salamat geri qayıdan, eləcə də Bakı neft mədənlərində işləmiş Vahan, Suren, Şahmərdan yeni cəmiyyət uğrunda mübarizənin ilk müjdəçiləridir. Yazıçı romanda həyat həqiqətinə sadiq qalıb, görüb müşahidə etdiyi gerçəklikləri qələmə alıb.
"Zəngəzur"un dili o qədər sadə, aydın, rəvandır ki, sanki şirin bir nəğmə dinləyirsən, ya səlis, həzin musiqili, zəngin təbii gözəlliklərlə dolu şeir dinləyirsən. Bu cümlələrdən yazın, gül-çiçəklərin ətri gəlir, quşların cəh-cəhi eşidilir, gözlər önündə lövhə canlanır, özünü təbiətin qoynunda sanırsan.
"Sünbüllərin yerə tökülməməsi üçün vağanımış buğdanı şehli-şehli biçməyə o, hər gün alaqaranlıqdan gələrdi. Kəklikotunun, almaçiçəyinin, demi yarpızının ətrini köyşənə yayan xoş və təmiz səhər mehi sanki ona qüvvət verərdi. O, indi səssiz-səmirsiz biçirdi. Qulağına kolların dibindən, alagül zəmilərin içindən, boz daşların, kəsəklərin üstündən müxtəlif quşların səsi gəlirdi. Uşaqlıqdan təbiətin qoynunda böyüyüb, ömrünü çöllərdə, köyşənlərdə yer əkib, taxıl biçməklə keçirən Nəbi, bu quşların səsinə alışmışdı. Bəstəkar müxtəlif alətlərdən düzəlmiş orkestrin çaldığı zaman hər alətin səsini ayırd etdiyi kimi, Nəbi də köyşənlərdə ağız-ağıza verib oxuyan quşları səslərindən tanıyırdı. O, sinəsi qabarıq bildirçinlərin, tükü rəngbərəng, pipiyi yelpik kimi açılıb bükülən buppuların, yumruq boyda boz sərçələrin də səsindən zövq alırdı. Ona hamıdan çox nəşə verən, bu yerdən o yerə səkən, bu daşdan o daşa qonan xınalı kəkliklərin qaqqıltısı idi. Onun üçün də Nəbi bu zəmidə özünü yalqız sanmırdı. Başı üstündən qanad çalıb ötən hər quş sanki onun ürək sirdaşı idi.
Nəbi pəncəsinə sığmayan bafanı yerə qoyub belini düzəltdiyi zaman günəş onu salamladı."
Zəngəzur mahalının kəndlilərinin, camaatının danışığında işlədilən çox sayda sözlər var ki, təəssüf ki, onlar hələ də öyrənilməyib, toplanmayıb, dialekt, şivə özəllikləri araşdırılmayıb, dilimizin daha da zənginləşməsinə yönləndirilməyib. "Zəngəzur" romanı, Əyyub Abasovun dili bu cəhətdən tədqiqata cəlb edilmək üçün əvəzsiz zəngin mənbədir. Ümumiyyətlə, bu istedadlı ədibin həyatı, fəaliyyəti, ədəbi yaradıcılığı ətraflı, sistemli öyrənilməmişdir.
*
"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli 690nömrəli Fərmanından sonra aşkara çıxan arxiv sənədləri, araşdırma və tədqiqatların nəticələri bir daha XX əsrin əvvəllərində Zəngəzur faciələrinin miqyasını göstərmiş oldu, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı, təhrif edilmiş hadisələr özünün əsl qiymətini aldı.
Əyyub Abasovun tariximizin Zəngəzur faciələrinə ayna tutan "Zəngəzur" romanı müsəlman azərbaycan türk və kürdlərinin erməni nizami ordusu tərəfindən əvvəlcədən planlaşdırılmış deportasiya və soyqırımına güzgü tutan, bu sahədə ədəbi boşluğu dolduran ən yaxşı əsərdir, həm də ona görə ki, bu roman real həyatı əks etdirir, bu həyat isə tariximizə faciələrlə, qanla, göz yaşları, minlərlə insanın faciəsi kimi yazılıb və 70 ildən çox bu qanlı-qadalı hadisələr barədə danışmaq, yazmaq qadağan edilib. Totalitar sovet - KQB rejiminin meydan suladığı, erməni-daşnak millətçilərinin və onların fiziki-mənəvi varislərinin, nifrət virusu daşıyıcılarının Azərbaycanın partiya-sovet, hüquq-mühafizə orqanlarında özlərinə rahatlıqla yer tutduğu, geniş anti-türk, anti-azərbaycan, anti-müsəlman şəbəkəsi yaratdığı bir zamanda bu gerçəkliyi qələmə alması tarixi və ədəbi hadisə idi.
Məhz ona görə də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu il tarixli 111№-li Prezident Fərmanı ilə təsdiq edilmiş tədbirlər planında Əyyub Abasovun "Zəngəzur" romanının Azərbaycan və rus dillərində təkrar nəşri də (30 çap vərəqi) nəzərdə tutulur. Bu heç də təsadüfi hal deyil, əksinə dövlətimizin apardığı məqsədyönlü siyasətin obyektiv nəticəsidir ki, azərbaycanlıların soyqırımından bəhs edən bu nadir bədii əsərin təkrar nəşri aktual məsələ kimi meydana çıxır.
"Zəngəzur" romanından alınan bu parçada Anadolu və Qafqazda törətdiyi qanlı qırğınlarla adını tarixin bədnam siyahısına yazmış Andronikin komandanlığında erməni nizami qoşun hissələrinin günahsız, hər şeydən xəbərsiz dinc müsəlman əhaliyə qarşı planladığı qanlı soyqırım və deportasiyanın fəlakətli mənzərəsi görünür:
"...İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında kədərli-kədərli danışan, cırcındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58-60 yaşlarında, orta boylu, enli kürəkli, başı-bığı çallaşmış, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı:
- Andronik paşa! Andronik paşa! – deyə əl çaldı.
Andronik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub, gözünü ona dikdi.
Andronik dedi:
- Qaxdaqanlar! (ermənicə qaçqın deməkdir-H.N) Elindən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdinizi bilirəm. Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Burda isə sizin dərdinizə ağlayan, qeydinizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmisiniz. Mən əlimdən gələni eləyəcəyəm. Mən sizi bu hala salan türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin! İndi evinizə gedin!
«Bəs haçan? Biz axı dolana bilmirik!» - deyən səslər ucaldı.
Andronik onların suallarına, dediklərinə fikir verməyib, içəri girdi.
Adamlar bir-birinin üzünə baxdı. Aralıqda yavaşdan və ucadan danışıqlar getdi: «Zəngəzurda kimdən intiqam alacaq? O, bizə nə kömək edəcəyini demədi. Əşi, bəri gəlin. Andronik paşadan da bir şey çıxmaz...».
Adamlar pərişan halda dağılışıb, getdikləri zaman Karoyla keşiş Mesrop gəldilər. Üzündən-gözlərindən ac və kədərli olduqları duyulan qaçqınlara etina etmədən, pilləkənlə yuxarı qalxdılar. İçəri girmək istədilər, lakin qapının yanında duran soldat onları qoymadı. Karo soldata tərs-tərs baxdı. Soldat onun sərt baxışlarına əhəmiyyət verməyib, amiranə tərzdə:
- Burda durmayın, qayıdın geri! – dedi.
Karo:
- Biz hökumət adamıyıq, - dedi.
- Hökumət? Burda hökumət Andronik paşadır. Mən sizi tanımıram. Geriyə dön!
Karo əsəbiləşdi. Böyük bir ixtiyar sahibi, komissar olduğunu bildirmək üçün qışqırdı:
- Çəkil o yana, tülkü!
Soldat əlini tapançaya atan Karoya acı cavab verib, süngünün ucunu ona tərəf tuşladı. Onların hay-küyünə Andronik içəridən çıxdı. Soldat tüfəngi aşağı salıb, rəsm-təzimdə durdu.
Andronik soruşdu:
- Bu nə səs-küydür?
Karo:
- Bu soldat bizi yanınıza buraxmır, - dedi.
Andronik onları başdan-ayağa süzüb soruşdu:
- Kimsiniz? Nə istəyirsiniz?
- Kim olduğumuzu sizə bildirmək üçün yanınıza gəlmişik! – deyə Karo qürurla cavab verdi.
Andronik soldata:
- Burax gəlsinlər, - deyib içəri getdi.
Karoyla Mesrop da onun dalınca otağa girdilər. Hər üçü oturdu.
- Siz burada möhkəm qayda-qanun yaratmısınız ki, cənab general... - deyə Karo güldü.
Andronik onun sözlərində və gülüşlərindəki kinayəni duyaraq, dərhal cavab verdi:
- Qayda-qanunsuz bir ölkədə onu yaratmaq lazımdır.
Keşiş yerindən söz atdı:
- Bu doğrudur, biz də onu istəyirik!
Andronik bir də onlara diqqətlə baxıb dedi:
- Zahirən sizin keşiş, onun isə hərbi bir adam olduğu görünür. Lakin əslində kim olduğunuzu bilmirəm... Məqsədinizi söyləyin.
- General Andronik!..
Andronik Karonun sözünü kəsərək:
- Siz mənim adımı hardan bilirsiniz? – dedi.
- Heç bir şey hökumətdən gizli qala bilməz! – deyə Karo özünü qürurla çəkdi. – Biz hökumətimiz adından sizinlə danışmağa gəlmişik, cənab general!
Andronik gülümsünərək:
- O hansı hökumətdir? – dedi.
- Ermənistan milli hökuməti.
- Bəlkə siz Tiflis hökuməti demək istəyirsiniz? O ki, oyuncaqdır, hökumət deyil!
- Məncə, hərbi adamlar siyasətdə daha gözüaçıq olmalıdırlar. İndi Tiflis hökuməti yoxdur. Zaqafqaziyada üç hökumət var: menşevik, müsavat və erməni hökumətləri. Siz erməni olduğunuz üçün Ermənistan hökumətinə tabe olmalısınız. Haralı olduğunuzu, nə fəaliyyət göstərdiyinizi və hardan gəlib bura çıxdığınızı öyrənmişik. Sizin də, bizim də məqsədimiz bir olmalıdır. Mən onu demək istəyirəm ki, siz başınıza topladığınız hərbi dəstəni erməni milli qoşununa qatmalısınız. Özünüzsə, bir zabit kimi, erməni ordusunda xidmət etməlisiniz. Siz...
Andronik onun sözünü kəsərək:
- Mən sadə zabit deyiləm, cənab, generalam! – dedi.
- Məsələ adda deyil, sizə paşa da deyirlər. Halbuki, bu türk hərbi adı da erməni olduğunuz üçün sizə yaraşmır. Nə isə, bizim Zəngəzurda topladığımız qoşun hissəsinin iqamətgahı bu Gorus olacaqdır. Elə eləmək lazımdır ki, soldatlar arasında toqquşma olmasın. Mən sizin barənizdə Yerevana məlumat verəcəyəm. Bəlkə, özünüz də ora gedib, hökumət üzvlərilə görüşməli oldunuz. Erməni hökuməti hər bir ermənini hesaba alır, qeydinə qalır. Sizin kimi bir generalın...
Andronik yenə onun sözünü kəsib istehza ilə gülə-gülə dedi:
- Mən sizin hökumət olduğunuza, hər bir erməninin qeydinə qaldığınıza inanmıram. – Andronik bir qədər səsini qaldırdı: - Bu evin qabağındakı izdihamı gördünüzmü? Onlar yersiz, torpaqsız, ac erməni qaçqınlarıdır. Nə üçün sizin «erməni hökuməti» onlara sahib durmur? Yer vermir, çörək vermir!
Keşiş, Karonun üzünə baxıb başını tərpətdi. Karo bir qədər pərt halda cavab verdi:
- Siz, cənab general, bir prokuror kimi bizi ittiham edirsiniz!..
- Bu mənim öz millətimi sevdiyimdəndir. Öz millətimi! Uzun illər boyu onun yolunda canımdan keçmişəm. Türklər qərbi Ermənistan şəhərlərini, kəndlərini dağıdanda az qala göz yaşı tökmüşəm.
- Doğrudur, doğrudur! – deyə keşiş onun sözünü təsdiq elədi. – O qaçqınların halına mən də yanmışam, amma sözümü eşidən olmayıb.
Karo, öz vəzifəsini unudub, yumşaqlıq göstərən keşişə gözünü ağartdı. Mesrop səsini kəsdi. Karo dedi:
- Bizim davamız hələlik türklərlə yox, bolşeviklərlədir. Məqsədimiz isə, böyük Ermənistan yaratmaqdır. Dənizdən dənizə uzanan bir Ermənistan! Buna nə deyirsiniz, cənab? Sizin bolşeviklərə və biz daşnaklara münasibətinizi bilmək istəyirəm.
- Mən nə bolşevikəm, nə daşnak. Böyük Ermənistan yaratmaq fikrinə düşməyiniz də, cırtdanın özünü dəvə boyda sanması kimi gülünc bir şeydir. Erməni milləti yaşamaq istəyirsə, arxasını böyük və qüvvətli dövlətlərə söykəməlidir. O da Britaniya dövlətidir!
- Xeyr, biz ayrı yaşayacağıq. Rusiya imperatorluğunun devrilməsindən istifadə edib, müstəqil yaşayacağıq.
- Yaşayın, baxaq! Hünərinizi göstərin.
- Erməni millətinin taleyi, gələcəyi həll olunduğu, müstəqil bir dövlət kimi özünü dünyaya tanıtmaq istədiyi bir dövrdə, heç bir erməni oğlunun öz yaxasını kənara çəkməyə ixtiyarı yoxdur!
- O sözləri burda deməkdənsə, gedin Ermənistanı işğal etmək istəyən türk ordusunun qarşısını alın!
- Bəs siz?
- Mənim öz fikrim və yolum var.
- Çox yaxşı! – deyə Karo ayağa qalxdı. Mesrop da yerindən durdu. – Hər halda Ermənistan hökuməti sizin özbaşına hərəkət etməyinizə razı olmayacaq!
- Mən uşaq deyiləm, nə edəcəyimi özüm bilirəm! – deyə Andronik sərt cavab verdi. – Gedə bilərsiniz!
Karoyla keşiş pərt halda otaqdan çıxdılar.
Karo kağız, qələm götürüb məktub yazmağa başladı:
«Yerevan.
Cənab Milli Şura sədrinə.
Bu məktubumla sizin nəzərinizə iki mühüm məsələni çatdırmaq istəyirəm. Birincisi: bolşeviklərin, hər yerdə olduğu kimi, burda da əleyhimizə getmələrinə, açıqdan-açığa bizə qarşı mübarizə etmələrinə baxmayaraq, soldat yığmaqda davam edirəm. Kəndlilər milli qoşun hissələrinin əhəmiyyətini başa düşmədiklərindən, daha doğrusu, kommunistlərin təbliğatlarına uyduqlarından hərbi xidmətdən boyun qaçırırlar. Zor işlətməyə, onlara hədə-qorxu gəlməyə məcbur oluram. Topladığım və toplayacağım soldatların silahını, geyimini və yeməyini haradan alacağım haqqında sizdən sərəncam gözləyirəm. İkincisi: bu yaxınlarda Gorusa Andronik Uzunyan adlı bir general gəlmişdir. Özünü Zəngəzurun hakimi adlandıran bu adamın, deyilənlərə görə, iki minə yaxın piyada və süvari soldatı, bir qədər tüfəngi və üç topu vardır. Mən onunla görüşüb danışdım. Ermənistan hökumətinə tabe olmaq istəmir. Heç bir firqəyə mənsub olmayan bu generalın bolşeviklərlə də arası yoxdur.
Cənab sədrin bu general haqqında geniş təsəvvürü olmaq üçün məlumatı bir qədər ətraflı yazmağı özümə borc bilirəm.
Andronik Türkiyədə anadan olmuşdur. Türkiyə ordusunda zabit rütbəsində xidmət etmişdir. Eyni zamanda ingilislərin xəfiyyəsi kimi türklərin əleyhinə gizli təbliğat aparmağa başlamışdır. Türklər onu həbs etmişlər, lakin həbsdən qaçıb gizlənmişdir. Cahan müharibəsi başlanandan sonra fəaliyyətini daha artıraraq, özünü bir millətçi kimi qələmə vermişdir. Başına bir dəstə erməni toplayıb, türklərə qarşı çıxışlar etmiş, iğtişaşlar törətmişdir. Türklər 1915-ci ildə bu adam öz dəstəsilə çar ordusunun tərəfinə keçmiş və türklərə qarşı vuruşmuşdur. Generallıq rütbəsini də bu zaman almışdır. Çar orduları Qafqaz cəbhəsindən geri çəkildiyi zaman, Andronik də geri çəkilmişdir. Rusiya fəhlə-kəndli inqilabına mənfi əlaqə bəslədiyindən, daha doğrusu, qorxduğundan, Rusiyaya getməyib, üzünü İrana çevirmişdir. İrana getməkdə bir məqsədi də ingilislərlə birləşmək olmuşdur. Lakin türklər Xoy və Salmas tərəfində onun yolunu kəsdiyindən, istiqamətini dəyişdirmiş, Arazdan keçib Naxçıvana gəlməyə məcbur olmuşdur. Nehrəm kəndində soldatlar üçün ərzaq, atlar üçün yem tələb etmişdir. Soldatlarını, onun tələbini yerinə yetirməyən əhalinin üstünə qaldırmışdır. Hər iki tərəfdən ölən və yaralanan olmuşdur. Türklərin Şaxtatıya gəldiyini və tezliklə Naxçıvana çatacaqlarını bilib, dəstəsini Nehrəmdən geri çəkmişdir. Culfadan, Aza və Dəstə kəndlərindən keçib, Meğriyə, oradan da Gorusa gəlmişdir. Neçə vaxtdır ki, Gorusu özünə iqamətgah edib, nüfuzunu ətraf kəndlərə yaymağa başlamışdır. Bir diktator kimi kəndlərdən ərzaq, ot, saman, arpa yığır; onsuz da, yoxsul yaşayan əhalini soyur. Kəndlilər buna etiraz edirlər. Andronikin Gorusa gəldiyini eşidib, bilən qərbi Ermənistan qaçqınları onun yanına gedib torpaq və çörək istəmişlər. Andronik onların arzusunu yerinə yetirməyə vəd etmişdir. İngilislərə və amerikanlara arxalanan, onların köməyinə ümid bəsləyən Andronik ermənilərə millətçilik və başqa xalqlara qarşı intiqam hissi aşılamaqda bizim məqsəd və ideyamıza yaxındır. Lakin Ermənistan hökumətinə tabe olmamaqda bizim üçün zərərli, bəlkə də təhlükəlidir.
Onunla necə rəftar edəcəyim haqqında cənab sədrdən sərəncam gözləyirəm.
Hörmətlə, Karo Hamparsumyan.
Əngələvid.
20 iyun 1918-ci il».
"Zəngəzur" romanındakı bu parçada hər şey var; erməni millətçilərinin türklərə nifrəti, intiqam, qisas, başqa xalqlara kin-küdurəti, rus, ingilislərin əl buyruqçularına çevrilməsi, tarixi türk torpaqlarında saxta dənizdən dənizə Ermənistan dövləti yaratmaq planları, yeni qurulan Ermənistan Milli Şurasının da, bolşeviklərin də belə "ümummilli məsələlərdə" daşnaklarla, "ingilislərin xəfiyyəsi kimi türklərə qarşı çıxan" Andronik kimi vampir xislətli generalla eyni fikirdə olmaları əyani görünür. 1918-20-ci illərdə Qarabağ, Zəngəzur və Naxçıvanda baş verən hadisələr Rusiya və Türkiyə ilə yanaşı, Amerika, Almaniya, Fransa və İngiltərə kimi dövlətlərin də nəzarəti altında idi. O vaxt Zaqafqaziyadakı İngilis missiyasının başçısı general Tomsonun planına görə, Yevlaxdan Həkəri çayına qədər olan ərazilər Azərbaycan hökumətinin, Həkəri çayından qərbdəki bütün Zəngəzur ərazisi Andronikin idarəçiliyinə verilməli idi. Andronikin viranedici hücumları da burdan güc, qüvvət alırdı. Və XX əsrin sonlarında Zəngəzurun Azərbaycan Respublikasında qalmış digər 3 bölgəsi-Laçın, Qubadlı, Zəngilanın da işğalı məhz əsrin əvvəllərində yazılıb "dobro"su verilmiş ssenarinin tamamilə həyata keçirilməsinin nəticəsi idi, böyük dövlətlərin razılığı ilə həmin plan ermənilərin xeyrinə yekunlaşmışdı.
"Zəngəzur"dakı bu sözlər o illərdə yazılıb nəşr olunmuşdur ki, Ermənistan SSR-in və dünyanın bütün ölkələrinə səpələnmiş erməni başbilənləri guya 1915-ci ildə Anadoluda türklər tərəfindən ermənilərin soyqırıma məruz qalmasının 50 illiyinə açıq və gizli şəkildə ciddi hazırlıqlar görürdü. Q.Qəribçiyanın, S.Xanzadyanın, A.Mikoyanın, İ.Baqramyanın kitablarında Andronikin artıq "Xalq Qəhrəmanı", "Erməni xalqının Xilaskarı" obrazı yaradılırdı.
Ə.Abasov isə kitabın müxtəlif bölmələrində yeri gəldikcə erməni millətçiliyinin iç üzünü konkret detallarla, obrazların dili ilə, bədii lövhələrlə, inandırıcı dialoqlarla açır.
"Keşiş dedi:
- İçməmişdən qabaq iki sözüm var. – Hamı gözünü ona zillədi. Keşiş davam etdi: - Pristav ağa buyurdu ki, Qafqaz xalqlarının dillərini öyrənir. Bu yaxşıdır. Amma qabaqca erməni dilini öyrənsə, daha yaxşı olar. Çünki erməni dili, erməni tarixi daha qədimdir.
- Onu da öyrənərik, keşiş, - deyə pristav gülümsündü.
Onun gülüşündə müəmmalı bir istehza hiss edən Mesrop pərt olaraq dedi:
- Bəli, bəli, pristav ağa, mən isbat eləyərəm ki, erməni milləti çox qədim tarixə malikdir.
Mənim dediyim budur ki, erməni dilində məktəb açılsın."
Məlumdur ki, Qafqazda və Anadoluda baş verən qanlı qırğınların əsas ideya müəəlifi, ssenarisi, ilhamvericisi hər zaman erməni kilsəsi olmuşdur. Millətçilik toxumu burda səpilib əkilib becərilmişdir. Keşiş Mesropun bu sözləri erməni kilsə düşüncəsinin ifadəsidir:"Mənim millətim hamı millətlərdən alidir. Heç bir millətin tarixi ermənilərinki kimi qədim deyil. Hər daşı qaldırsan, altından bir erməni tarixi çıxar..."
Andronikin əsil üzünü tarixi faktlarla açan müəllif, həqiqətin bədii inikası olan detallarla Zəngəzurda insanlıq adına tarixi ləkə olan vəhşiliyini, cəllad, qaniçənliyini göstərmişdi. Həm də söhbət təkcə bir fərddən getmirdi. Yeni qurulan Ermənistan Milli Şurasının nümayəndələri də dinc müsəlman əhaliyə qarşı eyni fikirdədir: "Andronik ermənilərə millətçilik və başqa xalqlara qarşı ittiham hissi aşılamaqda bizim məqsəd və ideyamıza yaxındır."
Bununla onlar Andronikin etnik təmizləmə, deportasiyaya yönələn cinayətlərinin onların da ürəyincə olduğunu, siyasi məramları ilə eyniyyət təşkil etdiyini etiraf edirlər.
Andronik öz qoşunu ilə Zəngəzura daxil olmağa hazırlaşanda ermənilərlə görüşür və sonra belə bir qanlı plan qurur:"Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır". Bu tayqulaq quldurun bircə məqsədi, ideyası olub və bunu da həyasızcasına bəyan edib: "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır". Əyyub Abasov romanda qeyd edir ki, Andronikin cinayət hərəkətlərinə mane olmayan, əksinə, müsəlman kəndlərinin dağıdılmasında ona haqq qazandıran daşnaklar Andronikə tabe olmayanları "siz erməni deyilsiniz, millət xainisiniz, dəstəmizə qoşulmasanız, türklər sizi qıracaq" - deyə hədələyirdilər.
Andronikin Zəngəzurda törətdiyi faciələri Əyyub Abbasov gözləri ilə gördüyündən o müsibəti olduğu kimi qələmə alıb:"1919-cu ilin yazıdır. Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər istisna olmaqla, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi. Onların əkməyə torpaqları, yeməyə çörəkləri, geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. On aydan artıq idi ki, Zəngəzur qaçqınları fəlakət içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kəndlərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa qayıtmaq mümkün deyildi".
Talesizliyə bax ki, tarix təkrar olunub. Demək olar ki, məzmun eynidir, dəyişən formadır. Ötən əsrin əvvəllərində törədilən vəhşiliklər həmin əsrin sonlarında eyni dəhşəti ilə təkrarlandı. "Zəngəzur" romanında digər erməni generalı Karo Hamparsumyanın bəyanatından sətirlər: "Bu yaxınlarda qoşunumuz hücuma keçəcək. Sərhədimizə yaxın olan müsəlman kəndlərini götürəcəyik. Planımız belədir ki, tezliklə Qarabağa girək. Vediyə, onun ətrafındakı kəndlərə yaxşı divan tutmuşuq. İndi o kəndlər də erməni qardaşlarımızın əlindədir. Ölən ölüb, sağ qalan müsəlmanlar isə İrana, Naxçıvana qaçıb».
Bu sətirləri həmin hadisələrin canlı şahidinin dili ilə, çox sayda doğma, əzizini erməni qətliamlarında itirmiş, doğulub dünyaya göz açdığı yurd-yuvası, el-obası, kəndi talan, qarət edilib yandırılıb viran qoyulan ədib ürəyinin qanı ilə yazıb. Bu olayları çox sayda ünlü, dövlətin hər cür naz-neməti, titulları ilə bəzədilən uzun ömür yaşayıb dünyadan köçən xeyli yazıçımız da bu olayları görmüşdü, yaşamışdı, ancaq dilinə almağa, yazıb heç olmazsa gizli şəkildə olsa da, gələcək nəsillərə saxlamağa cəsarəti, mili mənlik duyğusu yetməmişdi.
Heç şübhə yoxdur ki, tarixi Azərbaycan torpaqlarının hissə-hissə qoparılıb yerində heç zaman mövcud olmamış Ermənistan dövlətinin yaradılması ilk növbədə Rusiyanın hərbi-siyasi yardımı, fəal köməyi, Pyotr vəsiyyətləri ilə reallaşmağa başlayan ssenarisi sayəsində mümkün olmuşdur. Kitabda dəfələrlə bu amil xüsusi intonasiya ilə vurğulanır, təbii boyalarla əks olunur.
"Hələ, Baqrat ağa, onu deyim ki, sizin Alagöllər məsələniz qurtarmayıb. Şəkililər iki il bundan qabaq həll olunmuş məsələni təzədən qurdalayırlar, yəni, yerlərini geri almaq istəyirlər.
- Necə, necə? Mənim yerimi?!. Bu olan iş deyil! – Baqrat boynunu uzadıb pristavın dik üzünə baxdı. – Axı o yeri ələ keçirmək üçün mən, bax, bu Qrikorla ətək-ətək pul tökmüşük. Bunu siz yaxşı bilirsiniz, Timofey Timofeyeviç!
Pristav dedi:
- Qulaq as, Baqrat, məsələ burasındadır ki, şəkililər iddia edirlər ki, yer əvvəldən onların olub. Əngələvidlilərə verilməsi də qanuni deyil.
Timofey Timofeyeviç, siz bunun sözündən inciməyin. Bu həm avam, həm də köntöy adamdır. – Sonra üzünü Qrikora tutdu: - Qrikor, adam deməz, elər, hər şeyin yerini bilər, yerində eləyər, başa düşdün!
- Əlbəttə, hər şeyin öz yeri, hər meyvənin öz mövsümü var. Bir də mənim vəzifəm sizə kömək eləməkdir. Axı, bizim Baqrat ağa ilə dostluğumuzdan başqa bir də xristianlıq təəssübü var...
Keşiş dodaq altından «erməni milli məktəbi olsaydı, daha yaxşı olardı» dedi.
Baqrat:
- Bax, bu sözə mən varam, - dedi. – Sağ olun Timofey Timofeyeviç. Məhz buna görə də içək yenə sizin sağlığınıza. Qrikor, bu sözü başa düşmək lazımdır: xristianlıq təəssübü!"
Müəllif başımıza gətirilən bəlaların kökünü, mənbəyini olduqca dəqiq göstərir: xristian təəssübkeşliyi! 20 ildən artıq bir zamanda Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması, öz ərazi bütövlüyünü bərpa edə bilməməsi, 1 milyon qaçqın, məcburi köçkünün öz doğma yurd yerlərinə qayıdışının müşkül bir düyünə çevrilməsi, ATƏT-in Minsk Qrupu deyilən xristian qurumun açıq-aşkar ermənilərin ədalətsiz mövqeyində dayanması məhz bu təəssübkeşliyin nəticəsidir.
Ə.Abasov cəsarətlə əsrin əvvəlində və sonunda Azərbaycanın başına gətirilən müsibətlərin səbəbini obrazın dili ilə açıq söyləyir: "Sözümün canı bundadır ki, gərək Şimal tərəfdən üstümüzə axıb gələn selin qabağını alaq! Bəli, bulanıq selin..."
Etiraf edək ki, sovet-KQB rejiminin tam hökmran olduğu, xüsusi xidmət orqanlarında erməni millətçilərinin dərin kök saldığı bir zamanda-1950-ci illərdə bu sözləri yazmaq cəsarətlə bərabər, həm də böyük risq idi.
Cümlə xəyanətlərə, qanlara bais olan konkret bəlli ünvana yönələn belə birbaşa ittihamlar, ifadələr roman boyu davam edir.
Əyyub Abbasov bu cəhətdən tək-tənhalar sırasındadır, elə bu cəhətdən də Zəngəzur ellərindən çıxmış çox sayda ("sayı çox, sanbalı yox") yazarlardan bu mərdanə kişiliyinə görə öndədir, boyu uca görünür. "Zəngəzur" romanı Ermənistanda buna görə qadağan edilmiş, kitabxanalardan, azərbaycanlı ailələrindən yığışdırılmışdı.
Ən ağırı odur ki, Əyyub Abbasovun "Zəngəzur" romanı nəşr edilən kimi bir sıra üzdəniraq bolşevik təfəkkürlü azərbaycanlı yazarlar da danos yazmağa başlayıblar ki, guya bu əsər erməni və azərbaycan xalqları arasında ədavət toxumu səpir, zərərlidir. Xalq yazıçısı, 1954-1958-ci illərdə Yazıçılar İttifaqının sədri işləyən Süleyman Rəhimov xatirələrində bu barədə ona müraciətlər edildiyi barədə danışıb. Yazıçının şəxsi arxivində də bu danosların bir neçəsinin dururdu, böyük yazıçı öz istedadlı həmyerlisinə kömək etmək, təhlükədən qorumaq üçün bu məktubları gizləyirmiş.
Kitabdakı əsrin əvvəllərində zəngəzurluların müsibətinə, mənəvi əzab və ruhi sarsıntılarına ayna tutan bu sətirlər həm də eynilə əsrin sonunda həmin qanlı qırğınlarla təkrar yurd yerlərindən qovulan bir milyon müsəlmanın hisslərinin, duyğu və düşüncələrinin tərcümanıdır: "İndi bizim yerlərdə yazdır, çöl, bayır göyərib, ağaclar yarpaqlayıb, çayın, bulaqların qıraqlarında yarpızlar baş qaldırıb. Eh, görəsən, mənim ev-eşiyim hansı zalıma qismət oldu? Görəsən, qızılgüllərimi qırıb tələf etmədilər ki? Biz kəndə qayıtsaq, ermənilər hər kəsin evini, torpağını özünə verəcəklərmi? ...Andronik kökümüzün üstündə od qaladı. Allah baisin evini başına uçursun, axı biz ermənilərə nə eləmişdik? Niyə məxluqu yerindən, yurdundan elədilər?!"
Bu cavabsız suallar 20 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan didərgin düşən on minlərlə insanın dilində, baxışında, ürəyindədir.
Romanın I cildi 1952-ci ildə, II cildi 1957-ci ildə çap olunub. Bundan az sonra 1957-ci ilin dekabrında Əyyub Abasov qəflətən vəfat edib. Yaxınları, doğma, əzizləri onun 52 yaşında ölüm sirrinin hələ də sadəcə işə gedərkən qəfil ürəktutması ilə bağlı olduğuna inana bilmirlər, hər bir şübhədə bir müəmma gizlənir, elə Şıxəli Qurbanovun və neçə-neçə vətənsevər ədibin qəfil ölümü kimi.
*
"Zəngəzur" romanı Zəngəzurun dağ kəndində doğulub böyümüş, sonra taleyin hökmü ilə Naxçıvanı özünə yurd seçmiş böyük zəhmətkeş rəhmətlik Əlirza kişi ilə İzzət xanımın ailəsində də sevilə-sevilə, həm də ürək ağrısı ilə oxunurdu. Başda 40 ilə yaxın bir dövrdə Azərbaycana rəhbərlik etmiş görkəmli siyasi xadim Heydər Əliyev olmaqla, Azərbaycanın sayılıb seçilən elm adamları- akademiklər, incəsənət xadimləri, pedaqoqları:- Həsən Əliyev, Cəlal Əliyev, Hüseyn Əliyev, Aqil Əliyev, Surə xanım, Şəfiqə xanım, Rəfiqə xanım bu ailənin üzvüdürlər.
"GORKƏMLI ADAMLARIN HƏYATI" seriyasından buraxılan "HEYDƏR ƏLİYEV" kitabının (müəlliflər V.İ.Andriyanov, H.F.Mirələmov, "NURLAN", BAKI -2008, rus dilində ikinci nəsrindən tərcümə) I fəsili belə başlayır: «Mən, Əliyev Heydər Əlirza oğlu, 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşam...»
...Belə bahar günlərinin birində Əlirza və İzzət Əliyevlərin ailəsində dördüncü övlad dünyaya göz açdı. Körpəyə İzzət xanımın azərbaycanlıların Zəngəzurdan didərgin salındığı zaman həlak olmus qardası Heydərin adını qoydular. O Heydərin yaşı həmişəlik iyirmi üç olaraq qaldı... İllər ötəndən sonra Əliyevlər ailəsində Əyyub Abbasovun «Zəngəzur» romanı əldən-ələ keçdi. Çünki bu iki qalın Cilddə yazılanları oxuyan Səfiqə eynən bu hadisələri, analarının da ona danışdığını qardaslarına söyləmisdi.
- Yanılmırsan, Səfiqə, - deyə Həsən təsdiq elədi. - Bu kitabı yazan adam didərginlik ağrısını çox dəqiq göstərmisdir. «Andronik Uzunyanın əsgərləri kəndə aşağı tərəfdən daxil oldular.
Yamacın ətəyində bir neçə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, adamlar nəyi bacarırlarsa götürüb dağlara çəkilsinlər. Haray-həşir, arvadların hönkürtüsü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zəngəzur torpağında bas verən müsibətə laqeyd qala bilmirdi. Atlar, yuklənmiş ulaqlar, qorxudan boyürən öküzlər, inəklər –hər şey bir-birinə qarışmışdı. Kənddə qalan yalnız dərd-sərdən ağlı çaşmış və öz həyatını evdən ayrı təsəvvür etməyən qocalar idi...».http://www.anl.az/el/a/av&mh_he.pdf
"Zəngəzur" romanının ilk cildi nəşr edilən kimi ədəbi hadisəyə çevrildi, ciddi müzakirələrə yol açdı. Əsər barədə ilk sanballı rəylərdən birini tənqidçi-ədəbiyyatşünas Məsud Əlioğlu romanın birinci hissəsi haqqında "Azərbaycan" jurnalının 1956-cı il 2-ci sayında dərc olunmuş ""Ə.Abbasovun "Zəngəzur" romanı haqqında"-" irihəcmli məqaləsində yazdı.
Ə.Abasov qısa bir ömür yaşasa da, onu yaxından tanıyanların xatirələrində özünün istedadlı, cəsarətli, xeyirxah, vətənini, xalqını sevən, ədəbiyyata namusla xidmət edən işıqlı ziyalı yaşayır.
Xalq şairi Nəriman Həsənzadə yazır: "...mən Qorki İnstitutundan ikinci təhsil alıb gəldim, bizim tanışlığımız lap cavan şair olan vaxtımdan, 1954-dən başlayıb. Mən əsgərlikdən şineldə gəldim Yazıçılar İttifaqına, şeir oxuduq, çıxanda Mir Cəlal mənimlə görüşdü. Bizdə rəhmətlik gözəl yazıçı Əyyub Abbasov varıydı, əvvəl şair idi, sonra əvəzssiz iki cildlik "Zəngəzur" romanı yazdı. Elə onunla da tarixdə qaldı. O da "Gənclik" nəşriyyatında şöbə müdiri idi. Mircəlal müəllim dedi ki, "Əyyub, Nərimanın şeirləri mənim xoşuma gəldi, onun kitabını dərc elətdirin". Əyyub Abasov da Mir Cəlal müəllimin bir sözünü iki eləmədi, məni apardı nəşriyyata, müqavilə bağladı, beləcə ilk şeirlər kitabım buraxıldı."
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq "Zəngəzur" romanının nəşri bu gün torpaqlarımızın işğal altında olduğu, o yerlərə qayıdışımızın Dövlət və Xalq qarşısında 1 nömrəli vəzifə kimi qaldığı bir zamanda yenidən nəşri, yayılması, öyrənilməsi, gənclər arasında təbliği xüsusilə əhəmiyyətlidir.
Tanınmış rejissor və aktyor Şeyx Əbdül Mahmudbəyovun bu fikirlərini alqışlamaq və doğru-düzgün dəyərləndirməsi ilə razılaşmamaq mümkünsüzdür: "Mərhum yazıçı Əyyub Abbasovun "Zəngəzur" romanı teleserial mövzusu ola bilər. Əsərin ekran həllinin geniş tamaşaçı kütləsinə təqdim edilməsi gənclərin şüurunda müsbət istiqamətə böyük dönüşə səbəb olar." ("Bakı xəbər", 2012. 24 aprel).
Əyyub Abasov özündən sonra əhəmiyyətli bədii irslə birlikdə Vətənimiz, xalqımız üçün ləyaqətli ailə, layiqli övladlar da qoyub gedib. Zenfira xanım uzun illərdir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimdir, övladları Elxan Cahangir oğlu Qəhrəmanov 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir, Elçin Qəhrəmanov Nazirlər Kabinetində məsul vəzifədə çalışır.
Bu ailənin bir nəcib xidməti də Əyyub Abasovun iki cildlik "Zəngəzur" romanını məhz öz vəsaitləri hesabına təkrar nəşr edib ictimaiyyətə təqdim etmələridir.
Hacı NƏRİMANOĞLU,
"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri