Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi...hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. İlham ƏLİYEV
Böyük Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdir: "...Zəngəzur Erməni Milli Şurası tərəfindən idarə ediləcək...Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili öz nümayəndələrini verməlidir... Erməni qoşunları Qars və Naxçıvanı, Şərur-Dərələyəz-Sürməlini tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən-Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək... Azərbaycan hökumətinin martın 19-da keçirilən iclasında qərar qəbul edilmişdir ki, Daxili İşlər Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni süvari dəstəsinin Şuşa, Xankəndi, Əsgərandan keçib Ermənistana getməsi üçün hərtərəfli səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat vermişdir ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun rəhbərliyi ilə onların sağ-salamat keçməsi üçün bütün tədbirləri görmüşdür...Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun mübahisəli ərazi kimi Paris sülh konfransında həll olunacağını gözləyəcəkdir".
Erməni stenoqraf protokolda "General Tomson dediklərinin evin divarlarından kənara çıxmayacağını bilərək açıq danışır..." qeydini etməyi də unutmayıb.
Bolşevik Rusiyasının Azərbaycana gəlişinə qədər Qafqazda cərəyan edən bütün proseslərdə ingilislərin əsas ssenari müəllifi, rejissor və baş rolun ifaçısı olduğu, Azərbaycandan qoparılıb Ermənistana veriləcək torpaqların sərhədlərinin cızıldığı arxivlərimizdə saxlanan bu və digər xeyli sənədlərdən də aydın görünür. Tomsonun Ermənistan hökumətinin rəhbərləri Xatisov və Tiqranyanla həmin iclasdakı dialoqları da çox mətləblərdən xəbər verir, həm də o vaxtkı erməni və azərbaycanlı siyasətçilərin Zəngəzur, Dağıq Qarabağ məsələsinə münasibətlərindəki, eləcə də xarakter və düşüncələrindəki fərqləri göstərir.
Bu iclasdan 4 gün sonra - aprelin 2-də Gorusda "Sisian və Zəngəzurun qurultayı" keçirilir və qərar qəbul edilir: "Azərbaycanın Ermənistanın bir hissəsi olan Zəngəzuru tutmaq cəhdlərinə qarşı silahla cavab verilsin".
Ermənilərə verilən tarixi dərs
1918-ci il sentyabrın 4-dən başlayaraq general Andranik Uzunyan Amerika, Fransa, İngiltərə, Yunanıstan və Rusiyanın çox böyük səxavətlə silahlandırdığı ciddi hərbi intizama malik qoşunla Zəngəzurda 115-dən çox türk-kürd kəndini dağıtmış, Sisian və Gorusun 70 kəndində hər beş müsəlmandan birini qətlə yetirib Gorusu mərkəz seçərək özünü "Zəngəzur qubernatoru" elan etmişdi. Ancaq elə həmin günlərdə Zəngəzurda tariximizin yaddaşına xalqın iradəsinin nəyə qadir olduğunu göstərən bir şanlı səhifə də yazılmışdı. Laçınlı Sultan bəy Paşabəy oğlu Sultanov öz dəstəsi ilə Zabux dərəsində Andranikin canlı qüvvəsini mühasirəyə salaraq, barmaqla sayılacaq qədər mühafizəçiləri istisna olmaqla tamamən məhv etmişdi. Andranik bu biabırçı məğlubiyyətdən sonra xəfiyyəsi olduğu, planlarını yerinə yetirməyə zamin durduğu İngiltərə və Fransa hökumətlərinin yardımı ilə miskin görkəmdə 1919-cu il martın 25-də əvvəl Tiflisə, oradan da Avropa və Amerikaya qaçmışdı.
Erməni daşnakları Əsgəran qalası, Şuşa da daxil, bütün dağ Qarabağa nəzarəti ələ keçirib "Qarabağ Respublikası" yaratmışdı. "Bakı Soveti" isə Şaumyanın əlində idi. Koalisiya qüvvələrinin - ingilis, fransız, italyan hərbçi və diplomatlarının təlimatı ilə hazırlanıb qarşıya qoyulan məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 respublikanı özlərinin nüfuz dairəsinə daxil etmək, Bakı neftinə yiyələnmək, Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini məhv etməklə bu əraziləri boşaldıb yeni yaradılacaq xristian Ermənistan respublikasına qatılmasına maneəsiz zəmin hazırlamaq idi. Zəngəzur və Qarabağdakı erməni qoşunlarının birləşib Gəncəyə hücum etməsi, Azərbaycan Milli Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Bakıya tərəf hərəkətə başlayıb Bakı sovetinin hərbi hissələri ilə birləşib "böyük Ermənistan" ideyasını tez bir zamanda reallaşdırmaq, Nuru Paşa komandanlığından Qafqaz İslam Ordusunun hərbi yardımı gəlib çatanadək Qafqazda - Türkiyə və İranla Rusiya arasında elan edilmiş müsəlman-türk cümhuriyyətinin yaranmasına imkan verməmək, koalisiya qüvvələrinin Atatürk komandanlığında Anadoluda uğradıqları sonuncu səlib yürüşündəki acı məğlubiyyətin əvəzini Qafqazda müsəlman türklərindən çıxmaq əsas məqsəd idi.
Ötən il 140 yaşı tamam olan Sultan bəy Azərbaycan tarixinə öz adını həm də Azərbaycan Xalq Cümhuriyyətinin xilaskarı kimi əbədi yazdırmışdı. Sultan bəy tarixdə misli az-az olan peşəkarlıq, ermənilərin yuxuda da ağlına gəlməyən müdrik dəqiqliklə hazırlanmış həmin cəsarətli hərbi əməliyyatı Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən hərbi kömək almadan, ermənilərin havadarlarının bu planını puça çıxarmışdı. Həmin günlərdə paralel olaraq Sultan bəyin qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Gəncə, sonra da Qarabağ quberniyasının general-qubernatoru Xosrov bəy Sultanovun rəhbərliyi altında Qarabağdakı milis və yenicə təşkil edilən hərbi dəstələrin iştirakı ilə erməni hərbi hissələrinə qarşı uğurlu əməliyyatlara başlanmış, Əsgəran və Şuşa azad edilmiş, erməni milli şurası Şuşadan qovulmuşdu.
Lakin çox təəssüf ki, ermənilərin Laçında, Şuşada, Əsgəranda aldıqları sarsıdıcı zərbələrdən və Nuru Paşa ordusunun Bakını azad edəndən sonra da Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq fürsətini əldən verdi.
Xosrov bəy Sultanov: "...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik"
Xosrov bəy Sultanovun 1918-ci ilin mayından başlayaraq aprel 1920-ci ilədək Nazirlər Şurasına, Hərbi Nazirliyə, Milli Şuraya, Baş nazirlər Fətəlixan Xoyski və Nəsibbəy Yusifliyə ünvanladığı xeyli məktub, teleqram və raportlar arxivlərdə qalır. Xüsusən Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən dərhal sonra 25 iyun 1919-cu il tarixdə Milli Şuraya göndərdiyi "Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər" adlı məlumat-məruzəsi, eləcə də Zəngəzur qəzasının rəisi Məlik Namazəliyevin Gəncəyə, ardınca da Bakıya göndərdiyi onlarca məktub, teleqram da Milli Şuranı, AXC Hökumətini lazımi zamanda qətiyyət, siyasi iradə, cəsarətli hərəkətə keçməyə sövq edə, inandıra bilmədi. Xosrov bəy həmin günlərdə israrla xarici emissarların kölgəsində Qarabağda lövbər salmış Erməni Milli Şurasına və onların himayəsindəki silahlı dəstələrə 6 gün ərzində tabeliyindəki hərbi hissələri ilə birlikdə Qarabağ və Zəngəzurun hüdudlarından çıxması barədə ultimatum verilməsini, yuxarı Qarabağ ərazisindəki əslində mövcud olan ikihakimiyyətliyə son qoyulmasını, imtina edib çıxmadıqları təqdirdə, AXC-nin hərbi hissələrinin təxirə salınmadan Zəngəzura yeridilməsinə icazə və kömək istəyirdi, İranla sərhəd bölgələrində boş-boşuna dayanmış 600 nəfərlik top-tüfəngli hərbçilərin bu məqsədlə onun sərəncamına göndərilməsini rica edirdi.
General-qubernator Xosrov bəy sülhü və danışıqlardan istifadəni də məqbul sayırdı, məkrli qüvvələrin əli ilə Zəngəzur və Qarabağın dinc erməni əhalisinin də müsəlman türklərlə bərabər düçar olduğu bəlaları sadalayaraq özlərini vətənsevər, erməni millətinin xilaskarları adlandıran fitnəkarların hərəkətlərinə müqavimət göstərməyə, onların yalançı vədlərinə uymamağa çağırırdı. Xosrov bəyin Zəngəzur sakinlərinə rus, türk, erməni dillərində ünvanladığı müraciətdən: "Zəngəzur camaatı, fəhlələr və kəndlilər, mən sizə üz tuturam.. nümayiş etdirin ki, sizin anarxist və avantürist elementlərlə heç bir əlaqəniz yoxdur. Elə olarsa, mən sizə şəxsiyyət və əmlak toxunulmazlığı təminatı verirəm və mən həmişə sözümün sahibi olmuşam. Lakin əgər qanundankənar elementlərlə əlaqəyə cəhd göstərsəniz, siz Azərbaycan Respublikasının qanunlarına zorla tabe etdirmək üçün mənim kifayət qədər imkanlarım vardır. Belə olsa, töküləcək qan üçün məsuliyyət sizin üzərinizdə qalacaqdır". Bu müraciətin ardınca 1919-cu il avqustunda Şuşada Qarabağ ermənilərinin 7-ci qurultayının (Zəngəzur və Qarabağda Azərbaycan türklərinin hər hansı toplantısı barədə məlumat tapa bilmədik - H.N) vəkil etdiyi təmsilçilər Azərbaycan hökumətini tanıyıb tabe olacaqları barədə Xosrov bəylə yazılı saziş imzaladılar.
Erməni məsələsində tutduğu qətiyyətli mövqenin nəticəsi olaraq Rusiyada ali hərbi tibb təhsili almış general Xosrov bəy tezliklə istefaya getməyə məcbur oldu və yeni hökumətdə əkinçilik naziri postuna təyin edildi. İngilis hərbi-diplomatik missiyası isə Gəncə, Qarabağ general-qubernatorluğunu tanımaq üçün AXC hökuməti qarşısında bir xeyli təhqiramiz şərt irəli sürdü. General Tomson Yerevandakı qapalı iclasdakı çıxışında 9 dəfə Xosrov bəyin adını hallandıraraq demişdi: "...doktor Sultanov Azərbaycanın Qarabağdakı agenti, pantürkist və Türkiyənin ən qatı tərəfdarıdır". Doğrudan da, bu qeyrətli, cəsur, vətənsevər insan ermənilərin Zəngəzurdan Şuşa da daxil olmaqla Qarabağın dağlıq hissəsinə girməsinə, Zəngəzur qırğınlarının burda təkrarına imkan vermədi, gücü, qüvvəsi yalnız bura qədər yetdi.
Andranikin şərəfsiz missiyasının davamçıları - Njde, Dro
Yuxarı Zəngəzurda axıdılan qanların torpaqdakı izləri hələ qurumamışdı. Buna baxmayaraq müsəlman-türk qanına susayan ermənilərə və onlara dayanmaq yox, irəli, vur, qır deyənlərin məkri Zəngəzurda getdikcə daha qanlı formalarda davam edirdi.
Budur, həmin qanlı qırğınların növbəti siqnalını verən bədnam əmr:
"Qafan-Genvaz-Tatev hərbi hissələrinə
ƏMR
Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır.
Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...
İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir.
Qafan, Tatev (Gorus)-Genvaz (Meğri) hərbi qüvvələrinin ümumi komandanı Njde"
1919-cu il dekabrın 1-də sübh çağı üç istiqamətdə başlayan hücumlarda - Oxçuda əvvəlcə əli silah tutan kişilər gülləyə qənaət etməkdən ötrü xəncərlə doğranıb, gürzlərlə başları əzilib, ardınca da məscidin içinə 400-dən çox qadın və uşaq doldurulub, içəri qumbaralar atılıb, sonra od vurub yandırılıb. Bu kəndin 1400 sakinindən yalnız 10-12 nəfəri sağ qurtulub, öldürülənlərin yalnız 133-nün kimliyini tanımaq mümkün olub, Şabadindən cəmi 8 kişi, 7 qadın sağ çıxıb. Atqız kəndinin 4000 sakinindən yalnız 261 nəfəri mühasirədən çıxa bilib, onların da 167-si Gığı dərəsindən Ordubada keçən qarlı, şaxtalı yollarda donaraq ölüb, Çaylıda 900 müsəlman öldürülüb, tam mühasirəyə alınmış Mədən, Şəhərcik, Buğacıq, Mollalı, Həkəti, Keçi Sofulu, Kurud, Keçili, Əsgərli, Pirçevan, Zəngəzur qəzasının 3-cü sahəsinin (Qubadlı rayonu) Xocahandan Qaladərəsinə qədər ərazidəki 48 kəndin əhalisi amansızlıqla qətlə yetirilib, evləri talan, qarət edilərək yandırılıb. Qubadlının 1993-cü ilin 31 avqust işğalına qədər o kəndlərin bir çoxunun xarabalıqları dururdu, heç kəs oralarda yenidən məskən salmağa ürək etməmişdi. Bəzi kəndlərin isə yalnız adları arxiv sənədlərində qalıb.
Njde bu qırğın əmrini verəndən cəmi 1 həftə əvvəl - 23 noyabrda Tiflisdə Ermənistan və Azərbaycanın baş nazirləri A.Xatisovla N.Usubbəyov arasında Amerika ordusunun baş qərargah polkovnikinin, Gürcüstan xarici işlər nazirinin iştirakı ilə sülh sazişi imzalanmışdı və dekabrın sonlarına ABŞ, Böyük Britaniya, Fransa, İtaliya hökumətlərinin Qafqazdakı missiya başçılarının iştirakı ilə birgə sülh konfransının keçirilməsi barədə razılıq əldə olunmuşdu. Budur erməni məkri, hiyləsi.
Arxivlərdə, son illər nəşr edilmiş kitablarda, o cümlədən AXC Parlamentinin iclas stenoqramlarında 1919-cu ilin noyabrından başlayaraq onlarca ziyalının, el-oba ağsaqqalının, hökumət tərəfindən vəkil edilmiş Zəngəzur qaçqınlarına yardım komitəsi üzvlərinin imzaları ilə göndərilmiş xəbərdarlıq teleqramlarından, xüsusən Zəngəzurdan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş Cəlil Sultanovun AXC Hökumətinə, parlamentə, "Müsavat", "İttihad", "Sosialistlər" fraksiyalarına ünvanladığı, Zəngəzurdan deputat seçilən Mirzə Sadıq Axundzadə tərəfindən parlamentdə oxunan, "Azərbaycan" qəzetində dərc edilən, dekabrın ilk günlərindən - Njdenin hücumları başlanmazdan əvvəl və sonra birbaşa qırğın yerlərindən, Zəngəzurdan, Qarabağdan gələn harayları dinləyək, erməni qətliamlarının tükürpədən gerçəkliklərinin əks olunduğu teleqramlardan bir neçəsinə nəzər salaq:
"Biz Oxçu-Şabadin və Gığı dərəsi sakinləri hər tərəfdən ermənilərlə əhatə olunmuşuq, onların bütün əməlləri və rəftarları bizə hücum etməyə hazırlaşdıqlarını açıq şəkildə sübut edir, onların köməyinə nizami qüvvələr gəlib. Onların top və pulemyotları var. Biz çıxılmaz vəziyyətdəyik, biz qorxuruq. Sizin ayaqlarınıza düşüb mərhəmət diləyirik və bizi xilas etməyinizi xahiş edirik. Bizə güllə və pulemyotu olan bir neçə zabit göndərin. Əgər göndərməsəniz, xəbər verin ki, biz vaxtında öz kəndlərimizi tərk edək, yoxsa biz bilirik ki, xilas ola bilməyəcəyik".
"Silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qalmış, məzlum, bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngəzur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir. Xankəndində əhalinin müdafiəsi tapşırılan qarnizon əmr verilmədən müdafiəyə başlamağa cəsarət etmir. Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, əks təqdirdə, hökumətin köməyini və icazəsini gözləmədən özünümüdafiə tədbirləri görməli olacağıq".
"Fərəcan, Göyyal, Çərəli səkkiz kənd yanır, tüstü göyün üzünü bulud kimi alıb. Mən 300 silahlı adamımı ora Zəngəzura kömək üçün göndərmişəm. Lakin bu, dənizdə bir damladır. Xahiş edirəm tədbirlər görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz".
"Ermənilər Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu) işğal etdilər. Hücum 4-cü sahəsinə və Cəbrayıl qəzasının sərhədində gedir. Ermənilərin 8 topu, 60 pulemyotu var, Ararat qoşunları mütəşəkkildir. Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə məcburdurlar. Zəngəzurda artıq hər şey bitib".
"Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. (ARDA: f. 895, siy. 1, iş 299, vər. 18, 22, 26).
İngilis jurnalisti: "Həmin günü gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir".
Sonradan yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının məruzəsindəki faktlardan aydın olur ki, Cəbrayıl və Cavanşir qəzalarında da hücum və qırğınlar eyni amansızlıqla davam etmişdir. İngilis jurnalisti Skotland-Liddell həmin qanlı yanvar günlərində Zəngəzura gəlib törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə bölgəyə səfərində gördüklərini "Müsəlmanlarla müharibə, ermənilər yenidən hücum edirlər" adlı məqaləsində əsl həqiqəti qələmə alıb.
İndi zaman Azərbaycanın xeyrinə işləyir. Ona görə inamla deyə bilərik ki, heç nə zülmkar erməniləri xilas edə bilməyəcəkdir. Vaxt gələcək ki, erməni faşizmi əməllərinin layiqli cavablarını alacaqlar.
Hacı ABDULLA,
"Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri