Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib.Eyvazlı Ermənistanın daşnak yuvası Gorus şəhərindən bir az aralı idi, Andronik Uzunyan 10 minlik silahlı nizami silahlı qüvvələri ilə Zəngəzurun Sisian-Gorus bölgəsindəki müsəlman türk, kürd əhalini tarixdə misli görünməmiş amansızlıqla qırıb özünü mərkəzi Gorus olmaqla “Zəngəzur kralı” elan etmişdi. Əsrin əvvəlində və sonunda erməni qırğınlarının ilk hədəflərdən biri Eyvazlı kəndi olmuşdu. Son dəfə 24 noyabr 1988-ci ildə Eyvazlı tamamən qarət, talan edilmışdı. Bərşadlının mənsub olduğu nəslin, doğma və əzizlərinin əksər hissəsi 1905-20-ci il erməni qırğınlarında amansızlıqla qətlə yetirilmişdi, atası Stalin repressiyasının həbsxanasından keçmişdi, ata-anasız günlər keçirmiş, həmyaşıdlarının həyətdə və məktəbdə “xalq düşməni” oğlu olduğu üçün ondan uzaq durmalarının mənəvi əzablarını yaşamışdı, yalnız xeyirxah insanların bu zəkalı uşağa qayğısı sayəsində sağ qalmışdı. Kimsəsiz uşaq məcburiyyət qarşısında qalaraq 14 yaşında könüllü hərbi xidmətə getmişdi (sonralar verdiyi bir müsahibədə Valeh Bərşadlı Böyük Vətən Müharibəsinə könüllü getmək üçün yaşını artırdığını da etiraf etmişdi), 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artilleriyası Məktəbi), SSRİ-nin ən nüfuzlu iki hərbi akademiyasını, həmçinin, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Akademiyası tarixində ilk azərbaycanlı olaraq bitirib 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmişdi.
General Bərşadlı alay, diviziya komandiri və 70-ci illərdə Almaniyada yerləşən 100 min nəfərlik şəxsi heyəti olan 3-cü ordu komandanının 1-ci müavini vəzifələrində çalışıb. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Heç Azərbaycanda rütbəsinin üstünə əlavə də olmadı. Çiyinlərində 25 il general paqonu gəzdirən komandan Rusiya ordusunda ona təklif edilən çox böyük postlardan imtina edərək doğma vətənindən gələn dəvəti tərəddüd etmədən, bütün mövcud çətinlikləri göz qabağına alaraq qəbul etmişdi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qərar qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini yaratmaq və Valeh Əyyub oğlu Bərşadlı yoldaşı Azərbaycan Respublikasının müdafiə naziri təyin etmək məqsədəuyğun sayılsın.
Bu fərman Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV. Bakı şəhəri, 5 sentyabr 1991-ci il. № 334
Adı olub özü olmayan Müdafiə Nazirliyi
Ermənistan Moskvanın razılığı ilə çoxdan açıq və gizli şəkildə özünün mütəşəkkil silahlı qüvvələrini hazırlamışdı, ərazisində etnik təmizləməni başa çatdırmışdı və Azərbaycana qarşı açıq hərbi təcavüzə başlamışdı. Prezident Ayaz Mütəllibov 1991-ci il oktyabrın ilk günlərində keçmiş sovet ordusunda xidmət etmiş generalları bir araya gətirib onlarla məsləhətləşməyi tapşırır. Bu toplantıda generallar kimi nazir görmək istədiklərini də müəyyənləşdirməli idilər. Onların qərarı yekdil və birmənalı olur, hamısı tərəddüdsüz bir nəfərin adını çəkirlər- Valeh Bərşadlı. Oktyabr ayının 5-də sərəncam imzalayır, 9-da isə Ali Sovet “müstəqil müdafiə qüvvələri” – Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edir. Moskvanın diqtəsi ilə düşünüb hərəkət edən bir xeyli deputat və səlahiyyətli dövlət məmuru hər vasitə ilə-açıq və gizli formada Milli Ordunun yaradılması, komplektləşdirilməsi əleyhinə çıxırdı.
Oktyabrın 9-da Ali Sovetin Silahlı Qüvvələrin yaradılması haqqında qərarı qəbul edilən saatda müdafiə naziri V. Bərşadlı birinci briqadanın yaradılması barədə əmrə imza atır. Polkovnik Zaur Rzayev hələ yeri-yurdu olmayan briqadanın komandiri, mayor Nurəddin Abdullayev isə birinci taborun (Qarabağ savaşında «birinci batalyon» adı ilə tanınıb) komandiri təyin olunur.
“Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı”
General-mayor Zaur Rzayev mətbuata bu açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin yaranma dövrünü belə izah edirdi: “Müdafiə Nazirliyi yaradılmış, rəhmətlik Valeh Bərşadlı da nazir təyin olunmuşdu. Mənə də orduya gəlməyi təklif etdi. Əvvəlcə tərəddüd etdim. Amma sonra fikrimi dəyişdim. Azərbaycan Ordusunda xidmətə başladım. Məni yenicə yaranmış, hələ əsgəri olmayan briqadaya komandir təyin elədi. Sıfırdan bu briqadanı formalaşdırmalıydım. Öncə könüllülərdən ibarət birinci taboru yaratdıq. Onlar döyüşə könüllü gəlmişdilər və sonadək də yüksək səviyyədə döyüşdülər. Allah şəhid olanlarına rəhmət eləsin. Mənə tapşırılmışdı ki, bu taboru Şıx qəsəbəsində yerləşən 18110 saylı hərbi hissənin bazasında formalaşdırım. Briqada komandiri idim. Nə maşın vermişdilər, nə də silah. Sənədləşmə işlərini də özümüz evdə, arvad-uşağın köməyi ilə aparırdıq.
Öncə Hərbi Andı hazırladıq və Ali Sovet bu Andı təsdiq etdi. Açığını deyim ki, o vaxt elə Müdafiə Nazirliyini də quru adı vardı. Mən gələndə nazirlik 4 şəxsdən ibarət idi: general Valeh Bərşadlı, general Dadaş Rzayev, general Arif Salahov, polkovnik Telman Mehdiyev və Bərşadlının həm də cangüdəni olan sürücüsü. İlk taboru formalaşdırmaq çətin oldu. İndi «birinci batalyon» kimi tanıdığımız bu tabor dediyim kimi, könüllülərdən təşkil olunmuşdu. Onları bizə verilən bir uçuq-sökük kazarmada yerləşdirdim. Ruslar bizə yemək belə vermirdilər. Güc-bəla ilə hərbi hissənin köhnə çarpayılarını gətirib kazarmanı düzəltdik. Gecələr bir neçə dəfə ruslar gəmidən bizim uşaqlar olan kazarmaya atəş də açmışdılar. Məqsəd panika yaradıb, onları ordudan uzaqlaşdırmaq idi. Silahımız da yox idi. Gecə bölük növbətçisi naryada əlində ling və ya balta çıxırdı. Bir həftə belə keçdi. Sonra adını unutmuşam, bizim uşaqlardan biri ruslardan AKS markalı avtomat əldə etdi. Bir neçə əl qumbarası götürdülər. Beləcə silahlanmaya başladıq. Açığını deyim ki, hərbi hissənin rus komandiri razılaşmaya baxmayaraq, bizə silah vermək istəmirdi. Silahı bizim əsgərlər rusların əlindən zorla almışdılar. Komandir otağıma gəlib, çox ədalı tərzdə «polkovnik, uşaqlarına tərbiyə ver! Aldıqları silahı geri versinlər və üzr istəsinlər» deyə mənə əmr etdi. Onun hərəkətlərindən zara gəlmişdim. «Tərbiyəsiz özünsən» deyib, qalstukundan yapışdım. Az qaldı boğulsun. Bayıra itələyib, «bir də mənim əsgərlərimə ilişmə!», – dedim. O gedən oldu.
Bundan sonra cəbhədə vəziyyət bizim xeyrimizə dəyişdi. Bizim birinci tabor Hərbi Andı 1991-ci il dekabrın 8-də Şəhidlər Xiyabanında içdi. Hamıda vətənpərvərlik hissi, döyüş ruhu vardı. And içmə mərasimində deputatlar da iştirak edirdi. Hərbi Andı bizə general Dadaş Rzayev qəbul etdirdi. Mən taboru nizamlı şəkildə Hərbi Anda gətirdim. Komandir olaraq Azərbaycan Ordusunun ilk andını da birinci olaraq ictimaiyyət önündə mən qəbul etdim. Andiçmədən bir neçə gün sonra tağımlarımızı Qarabağın müxtəlif bölgələrinə göndərdik. İlk şəhidimiz də səhv etmirəmsə, dekabrın ya 12-si, ya da 14-də Şuşa ətrafında oldu. Bizim tağımlar Kərkicahan, Malıbəyli, Nəbilər, Kosalar kəndlərinin, həmçinin Goranboyun bir sıra kəndlərinin müdafiəsində iştirak etdi.”
Valeh Bərşadlı briqada sistemli ordunun yaradılmasını fikrinin tərəfdarı idi. Bərşadlı həm də ordunun ilk briqadalarının könüllülərdən formalaşdırılmasını, həmçinin könüllü yerli özünümüdafiə dəstələrinin hərbi əməliyyatlar başa çatdırılana qədər saxlanılmasını dəstəkləyirdi.. Onun fikrincə, briqada sistemi orduda mobilliyi təmin edir və Qarabağ şəraitində belə bir formada qurulmuş ordu ilə döyüş aparmaq daha effektiv idi. Xüsusən Əfqanıstanda döyüş təcrübəsi keçən “əfqan”ların böyük əksəriyyətinin ilk briqadalara cəlb edilməsi çox mühüm faktor idi
Milli Ordunun ilk əsgərləri
Oktyabrın 12-dək – 3 gün birinci briqada və birinci taborun nə yeri, nə də komandirlərindən başqa bir hərbçisi olmayıb. Oktyabrın 12-də birinci briqadanın birinci taboru ilk əsgərlərini qəbul etməyə başlayır. Taborun şəxsi heyətinin siyahısına düşən ilk əsgər isə «Azərbaycan Bayrağı» ordenli şəhid leytenant Əbülfət Əliyev olur. Bir neçə gün sonra isə ilk taqım və bölmələr könüllülər və qismən çağırışla gələn gənclərdən formalaşdırılmağa başlayır. Birinci bölüyün komandiri isə sonralar hərbi operator işləmiş Seyidağa Mövsümlü təyin edilir.
“İlk hərbi hissə Şıx qəsəbəsindəki sovetdən qalma kazarmada yerləşdi. Burada hələ Sovet ordusunun əsgərləri vardı. Onlar hərbi hissənin ərazisində əvvəl “milli”lərə yer vermək istəmirdilər. Lakin Ali Sovetin və dövlət rəhbərliyinin işə qarışmasından sonra uçuq-sökük kazarmada yer ayırdılar. Yatacaq yox idi, yeməyi öz hesabımıza alırdıq. Silah isə ümumiyyətlə yox idi. Gecə naryada ling və balta ilə çıxırdıq. Bizi qorxuzub dağıtmaq üçün gecələr dənizdə gəmilərdən kazarmamıza atəş açırdılar. Oktyabrın 20-də əsgərlərdən biri ruslardan “AKS” markalı avtomat əldə edir. Hərbi hissənin sursat anbarından bir neçə əl qumbarası «oğurlamağa» nail olurlar. Tabor beləcə silahlanmaya başlayır », - bunlar birinci taborun taqım komandiri olmuş Füzuli Rzaquliyevin sözlərdir.
Valeh Bərşadlının rus qudası general Şatalin
Valeh Bərşadlının Moskvada yaşayan oğlu Eldar SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı general Yuri Vasilyeviç Şatalinin qızı ilə ailəli idi, çox da mehriban münasibətləri var idi. Valeh Bərşadlının Müdafiə, Məhəmməd Əsədovun Daxili İşlər naziri işlədiyi dövrdə Şatalin gizli şəkildə onları Moskavanın və Yerevanın planları ilə əvvəlcədən məlumatlandırır, həm də imkan qədər silah-sursat ötürülməsinə yardım edir, Dağlıq Qarabağda və ətrafındakı erməni kəndlərində aparılan anti-terror, pasport rejimi yoxlanılması və sair adlarla keçirilən, bir çox hallarda Moskvanın planlarına zidd olan əməliyyatlara göz yumur, ali siyasi rəhbərlik qarşısında yeri gəldikcə bu məsələləri bizim xeyrimizə, daha doğrusu ədalət, qanunla həll etməyə çalışırdı. Azərbaycan DİN tabeliyində "OMON"un yaradılmasına da o yaşıl işıq yandırmışdı. OMON-un ilk rəisi, Qubadlı balası polkovnik Əbil Rzayev qorxubilməz, cəsarətli zabit, döyüşçü, ermənilərin qənimi idi. Y.Şatalin 1990-cı il 20 yanvarında Siyasi Büroda Bakıya qoşun yeridilməsi barədə qərara kəskin və əsaslandırılmış şəkildə etiraz edən iki nəfərdən biri idi, (o biri Mərkəzi Komitə katibi Girenko olmuşdu), elə həmin günlərdə Bakıda onun iradəsi əleyhinə baş verənlərdən dərin sarsıntı keçirərək infarkt keçirmişdi. O, SSRİ-də ən nüfuzlu generallardan biri idi, bu hörməti vicdanlığı, qanununun aliliyinə hörməti, sülhsevərliyi, hər cür intriqalardan uzaq olması, prinsipiallığı ilə qazanmışdı.
Əbil Rzayevin birbaşa rəhbərliyi, həm də Valeh Bərşadlı, Məhəmməd Əsədovun komandanlığı ilə 1991-ci ilin iyun-avqust aylarında biri-birinin ardınca qısa zamanda Şəmkirin ermənilər yaşayan Barum, Barsun, Göygölün Azadkənd, Çaykənd, Cəbrayılla həmsərhəd Hadrutun Zamzur, Banazur, Dolannar kəndləri erməni terrorçu dəstələrindən tamam təmizlənmişdi, Azərbaycan polis və silahlı qüvvələrinin nəzarətinə verilmişdi. Valeh Bərşadlı və Məhəmməd Əsədovun biri-birinin ardınca vəzifədən çıxarılması (özü də hər ikisinin ön cəbhədə olarkən) artıq Qağlıq Qarabağ ermənilərinin vilayətdən və ətraf bölgələrdən tamamilə köçüb getmək barədə danışıqlara başlandığı, ordu hissələrimizin Xankəndinin bir neçə kilometrliyinə qədər irəlilədiyi günlərdə, özlərinin də əvvəlcədən xəbəri olmadan, yalnız televiziyada sərəncamları oxunandan sonra bilmişdilər.
Y.Şatalin Moskvada doğulmuşdu, 1957-ci ildə Bakıda hərbi məktəbi bitirmişdi, azərbaycanlı mentalitetinə yaxşı bələd idi. O, 21 sentyabr 1991-ci ildə vəzifədən azad olunmuşdu. O da Moskvanın ali siyasi rəhbərliyinin, M.Qorbaçovun, Politbüronun Qarabağ planlarının icrasına mane olurdu.
https://rosinka173.ru/az/shatalin-yurii-vasilevich-semya-gruppa-v-ok-general-ushel-v-otstavku.html
Valeh Bərşadlını işləməyə niyə qoymadılar?
Çünki O Azərbaycan torpaqlarının işğal planlarının həyata keçirilməsi və silahlı qüvvələrin çirkin siyasi oyunlara cəlb edilməsi qarşısında ən böyük maneə idi.
Moskva, Paris, London, Nyu-York, Tehran, Yerevan və həm də Bakıda (!) planı cızılıb icraya yönəldilmiş, reallaşmasına “dobro” verilmiş hərbi-siyasi ssenarinin Valeh Bərşadlı nazir vəzifəsində qaldığı müddətdə gerçəkləşməsinin mümkünsüzlüyü göz qabağında idi. Ona görə ilk növbədə O maneəni aradan qaldırmaq gərək idi.
Valeh Bərşadlı 5 sentyabr - 11 dekabr 1991-ci ilədək cəmi 95 gün müdafiə naziri işlədi. Onun ən böyük xidməti düşmənlə döyüşməyi bacaran, siyasətdən uzaq Milli Ordu qurmağa cəhd, səy göstərməsi idi. Onun üçün ən başlıcası Vətənin müdafiəsi idi, çox böyük hərbi intellektə, praktiki peşəkarlığa malik olan komandan Valeh Bərşadlı və onun sərkərdəliyi ilə yenicə yaranmaqda olan silahlı qüvvələr xarici və daxili güclərin torpaqların işğalı üzərində hakimiyyətə gəlmək uğrunda çirkin mübarizələrdən kənarda idi. Onun haqqında obyektiv hərbçilərin işlətdiyi bu sözdür:- Valeh Bərşadlı Azərbaycan Milli Ordusunu sağlam təməl üzərində yaratmağa başlamışdı.
Valeh Bərşadlıdan sonra da Müdafiə Naziri təyin olunan Tacəddin Mehdiyev (11 dekabr 1991 – 17 fevral 1992), Şahin Musayev (yanvar 1992 – 24 fevral 1992) və Tahir Əliyevin (24 fevral 1992 – 16 mart 1992) nazir postunda oturması qırx gün çəkmədi, onların da kənara atılması təkcə Dağlıq Qarabağdakı uğursuzluqlar deyildi, həm də əsas məqsəd Azərbaycanda müstəqil ordu quruculuğu prosesini pozmaq idi. Növbəti nazirlər Rahim Qazıyev (17 mart 1992 – 20 fevral 1993), Dadaş Rzayev (20 fevral 1993 – 17 iyun 1993), Səfər Əbiyev (17 iyun 1993 – avqust 1993), Vahid Musayev (13 avqust 1993 – 25 avqust 1993), Məmmədrəfi Məmmədov (2 sentyabr 1993 – 6 fevral 1995) və yenidən Səfər Əbiyev (6 fevral 1995 – indiyədək) idi. ( Mənbə: az.wikipedia.org )
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeh Bərşadlının kağız üzərində qalan planları
Birinci plan: “Azərbaycanın Ümumi Müdafiə Planı”
Bu planı Valeh Bərşadlı nazir olduğu günlərdə hazırlamağa başlamışdı. Həmin vaxtlar Azərbaycan Silahlı Qüvvələri təzə formalaşmağa başlasa da, Qarabağda uğurlu döyüş əməliyyatları aparılırdı, əsas o idi ki, düşmən içəridən təmizlənməli, tərksilah olunmalı idi. Valeh Bərşadlı ermənilər və onların havadarlarının bu müharibəni “Dağlıq Qarabağ xalqının azadlıq mübarizəsi” kimi qələmə vermək planlarının arxasında hansı uzaqgörən məqsədlərin dayandığını əksər siyasilərdən fərqli olaraq düzgün anlayır, yaxşı bilirdi. Bu plan əvvəlcə Hökumətə təqdim olunur, eks Baş Nazir Pənah Hüseyn 10 il sonrakı müsahibəsində söyləmişdi: “general Bərşadlı Müdafiə Planını hazırladığı vaxt biz hamımız hücum barədə düşünürdük”. “Azərbaycanın Ümumi Müdafiə Planı” Prezident Əbülfəz Elçibəyə də təqdim edir. Prezident Planı bəyənir, təsdiq edir və dərhal icra olunması üçün göstəriş verir. Hərbi məsələlərə rəhbərlik Valeh Bərşadlıya, mülki məsələlərə rəhbərlik isə o dövrdə baş nazirin müavini olan Vahid Əhmədova tapşırılır.
Plan təsdiq olunduqdan sonra çox keçmir ki, Valeh Bərşadlı vəzifədən azad edilir. Təhlükəsizlik Şurasının iclasında Əbülfəz Elçibəyin Türkiyəli müşavirləri hakimiyyətə Bərşadlını kənarlaşdırmamağı tövsiyə edir. Həmin iclasda son sözü parlamentin spikeri İsa Qəmbər deyir. Spiker Valeh Bərşadlının yeniyetmələrlə məşğul olmasının daha məqsədəmüvafiq olduğunu bildirir və müzakirə dayandırılır. Nazir Cəmşid Naxçıvanski adına hərbi liseyə rəis təyin edilir.
Bundan sonra isə “Azərbaycanın Ümumi Müdafiə Planı” yaddan çıxır. Plan bir də 1993-cü ilin aprelində, Kəlbəcərin işğalından sonra prezidentin yadına düşür. Və bəlli olur ki, general Valeh Bərşadlının hazırladığı Plan kağız üzərində qalıb. Əbülfəz Elçibəy başa düşür ki, artıq gecikib. General Valeh Bərşadlının sonralar bir müshibəsində həmin plan haqqında dedikləri: “Həmin dövrdə Azərbaycanda, Ermənistanda və maraqlı dövlətlərdə gedən proseslərin təhlili göstərirdi ki, qələbə asan olmayacaq. Amma əlimizdə olanları qorumaq imkanımız var idi. Təəssüf ki, bu imkandan istifadə etməyə bizə imkan vermədilər”.
kdən sonra belə bir nin komandanlığı zamanında həyata keçməyəcəyi bəlli olunca nazir postundan alındı çıxarıldıqdan az sonra ıb. Ondan sonra hərb elmindən və helmindən xəbərsiz müdafiə nazirlərinin zamanında torpaqlarımızın böyük bir qismi, ən mühüm strateji əhəmiyyətli yüksəkliklər işğal olunduqdan sonra Xalq Cəbhəsi hakimiyyəti tüpürdüyünü yalayaraq, rüsvayçı, biabırçı məğlubiyyətlərin siyahısını uzatmamaq üçün Valeh Bərşadlını yalvar-yapışla bu dəfə müdafiə naziri Rəhim Qazıyevə (!) Qərargah rəisi gətirdilər. Qərargah rəisi işlədiyi qısa zamanda özünün şəxsən işləyib hazırladığı, Müdafiə Nazirliyini zəbt etmiş Moskvanın agentura şəbəkəsindən gizli saxlamağı bacardığı və birbaşa Səngərdən rəhbərlik etdiyi əməliyyatlarla 2 rayon mərkəzini və 78 erməni kəndini rus-erməni silahlılarından və mülki erməni əhalidən təmizlədi. Ermənilər məhz həmin günlərdə Bakıya israrla yalvarış dolu müraciətlər göndərərək respublika rəhbərliyindən Azərbaycandan onlara Rusiyaya köçmək üçün yol açılmasını, maşınlar verilməsini xahiş edirdi, qoşunlarımız əhalisi tərk edilən Xankəndinin 300 metrliyində idi. Gəncə və Kürə qədər əraziləri tutmağı qarşısına məqsəd qoyan rus və erməni hərbi-siyasi rəhbərləri şokda idi. Moskva bu dəfə də öz agentura şəbəkəsini meydanlara salıb yenə də təcili Bərşadlıdan yaxa qurtarma komandası verdi!
İkinci plan: “Partizan Müharibəsi”
General Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların relyefini və bu ərazilərdə strateji və taktiki manevr üçün şəraiti yaxşı bilirdi. Bundan başqa o, erməni tərəfinin hansı məntəqələrdə möhkəmlənmək istəyini də anlayırdı. Bütün bu bilgilərin uzlaşdırılmış təhlilindən sonra general Bərşadlı belə qənaətə gəlmişdi ki, çox qüvvə istifadə etmədən lokal və gözlənilməz hərbi əməliyyatlarla düşməni çaş-baş sala bilmək imkanı var. Planda bütün taktiki məziyyətlər nəzərə alınmışdı, Planın son məqsədi bu idi ki, ermənilərə işğal etdikləri ərazilərdə möhkəmlənmək imkanı vermək olmaz.
General planın icrasının mümkünlüyinə və strateji uğuruna əmin idi. Amma gecikməkdən ehtiyatlanırdı, çünki ermənilərin də generalları var və onlar da strateji məqsədlər üçün atılacaq taktiki addımları hesablamaq imkanına malikdirlər. Bu barədə dəfələrlə Dövlətin rəhbərlərinə israrla gərəkən tədbirləri görməyi xahiş etmişdi, gecikmənin fəsadlarını anlatmışdı, qorxduğu da olmuşdu, Plan hansısa məmurun seyfində gizlədilmiş, ya da bilərəkdən icrasına imkan verilməmişdi. Bu planın reallığı bir də onda idi ki, ermənilərin təbii ki rus ordusunun aktiv yardımı ilə işğal etdiyi ərazilərdə hələ möhkəmlənmədiyi ilk günlərdə, həftələrdə xeyli azərbaycanlı mülki şəxslər düşmən arxasına keçib qayıtmışdı. Qubadlıdan da bir neçə şəxs gedib gəlmiş, qayıdarkən özü ilə nam-nişan, “şahid-sübut” da gətirmişdi. Partizan müharibəsi planı fürsəti də bilərəkdən əldən verilmişdi.
Son Söz əvəzi
Cəbhə bölgəsində doğulub, yaşayıb, hadisələrin içində olanlardan (AzərTAc-ın zona informasiya mərkəzinin direktoru, Qubadlını Müdafiə Şurasının üzvü) biri kimi deməyə borcluyam: ilk dəfə məhz Valeh Bərşadlının zamanında professional ordu quruculuğuna başlandı, ilk dəfə olaraq bütün cəbhə boyu-Qarabağ və Ermənistan daxil, eyni zamanda qəti hücum (müdafiə yox!) hazırlıqlarına başlandı, ermənilərin həmin günlərdəki qorxu və həyəcanını cəbhə bölgələrində yaşayan, döyüşənlər yaxşı xatırlayır. Ancaq sən saydığını say...Ömrü uzunu xarici ölkələrdə yaşayıb çalışmış, xaraktercə ciddi intizama, dönməz iradəyə, qətiyyətə, mərdanə şəxsiyyəti qıran, sındıran yadınızdadırmı nə oldu: hər gün evinin, iş yerinin qabağında aramsız mitinqlər keçirib qəhbə şivəni salan öyrədilmiş, qarşılarına qoyulmuş məqsədə çatanadək, həyasızlığın bütün əndazələrini nümayiş etdirmək üçün rahat şərait yaradılmış muzdlu, sifarişli gədə-güdələrin murdar həyasızılığı. Əxlaqlı İnsan belə yerdə sınır, qırılır, Valeh Bərşadlı da beləydi. Özündən başdakılara “bu küçüklərinizi yığışdırın” tələbinə də belə cavab almışdı:–demokratiyadır da, nə deyə bilərik, çıxın özünüz cavabların verin...müharibə gedən bir ölkənin başbilənlərinin düşüncəsi bu idi.
Bir xatirə: Valeh Bərşadlının adı sayəsində
...1983-cü ildi, kiçik qardaşım Muxtar Yerevanın Kenaker adlanan hərbi şəhərciyində hərbi xidmətdə idi, karantini qurtarmağa az qalmış öyrəndim ki, bölgüdə adı Türkiyə ilə sərhəddəki Leninakanın ən ucqar qar-çovğunu əskik olmayan dağlıq ərazisinə alpinist desant hissəsinə salınıb, çox da təhlükəli yerdir, ora düşənləri gedər-gəlməzə yola salınan kimi hesab edirlər. Yerevana getdim, ilkin cəhdlərim boşa çıxdı, hər şey gecdi dedilər, artıq siyahı təsdiq edilib və yerlərə də göndərilib. Hərbi xidməti başa vurmaqda olan bir neçə azərbaycanlı əsgərdən onu da öyrəndim ki, bura ən çox dikbaş, bir az qoldan güclü, özünü məğrur aparmağa çalışan azərbaycanlıları seçib salırlar, əksəriyyəti erməni zabitlərinin olduğu həmin hərbi hissələrdə əzib sındırırlar və çoxunun da aqibəti faciəli olur. Bakıdakı-Baksovet metrosu ilə üzbəüz binada Zaqafqaziya Ali Komsomol Məktəbində bir həftəlik kursda bir yerdə olarkən tanış olduğumuz Yerevan Şəhər Komsomil Komitəsində işləyən Mkrtç –ona görə adı yadımda qalıb ki bir neçə dəfə mübahisəmiz düşmüşdü ki, bu necə addır ki içində bir sait səs yoxdu, onu arayıb tapdım. Bir neçə kabinetə, telefona baş vurduqdan sonra təzə təyin olunmuş bu briqada komandiri polkovnik ilə görüşməyə izin ala bildi. Polkovnik Camqiryan ilk söhbətimizdə rusca “haralısan?” sualı ilə başladı.-“Qubadlı” sözünü eşidən kimi “general Valeh Bərşadlının yerlisi imişsən”. İçimdə şübhə qarışıq bir sevinc oyandı. Adını eşitdiyimi dedim. –O mənim komandanım olub Almaniyada, təzə ayrılmışam ordan, o, SSRİ-nin Avropada 1 nömrəli sərkərdəsidir, nadir hərbçidir, Sovet ordusunun 4-5 ən yaxşı generalından biridir, əgər qafqazlı olmasaydı, indi Moskvada Sovet Silahlı Qüvvələrinin 3-5 rəhbərindən biri idi.
Fəxr, qürur, sevincdən ürəyim dağa döndü.
Problem nədir? –İstəyirəm qardaşım Yerevanda qalsın...Zəng edib ştab rəisini çağırdı, əlindən siyahını alıb nə isə yazdı, ermənicə tapşırıq verdi. –Ancaq mənim Komandanımın adına, həmyerlisi olduğuna görə bu istisna hal yarandı, yoxsa mümkünsüz iş idi. İndi isə qardaşını da ezamiyyəyə götür evinizə apar, 7 günlüyə, gələndə bir az kitab gətirsin, azərbaycanlı əsgərlər üçün.
Doğulduğu torpağımızın ən gözəl ünvanını adında daşıyıb yaşadan Valeh Bərşadlı o gündən həkk oldu yaddaşıma..
Xəyanətkarlıq və həyasızlığın qarşısında duruş gətirə bilmədi
Rəis olduğu Naxçıvanski məktəbində işğaldan sonra onunla görüşmüşdüm, bu söhbəti də danışdım, məmnun qaldı. Ana dilini təmiz öyrənmişdi, kursantlara “mənim balalarım” deyə müraciət edirdi, bir neçə qohum əqrəbam oranı bitirib, hamısı deyirlər:-Bərşadlının vaxtında olan nizam-intizam, təlim-tərbiyə ən yüksək səviyyədə idi, aksentli danışığı ilə dediyi bu sözləri yaddaşımdan çıxmaz heç zaman: -Ermənistanla da, arxalarında duranlarla da hərb meydanında dayanmaq da, hətta qalib gəlmək də, Yerevana qədər getmək də mümkün idi, amma özümüzünkülərin (?!) bütün ölçü normalarını aşan xəyanətkar həyasızlığı qarşısında durub dayanmaq mümkünsüz idi!
Müharibənin əvvəlindən bir aylıq da olsa, təlim-məşq keçmədən, əli silah tutmayan, ömründə dağ-dərə, meşə, qaya, top, qrad səsi eşitməyən uşaqların əsgər adı ilə respublikanın müxtəlif guşələrindən sürülüb dəstə-dəstə sərhəd bölgələrinə göndərilməsinin də, bu nədənlə yaşanan faciələrin də şahidiyəm; top səsi eşidən kimi əlindəki avtomatı atıb qaçan yeniyetmələrin qorxudan bərəlmiş gözlərini, Füzulinin Haramı düzündə mühasirəyə alınıb qırılan, bığ yeri yenicə tərləməyə başlayan, avtomatından bir gülləsi də atılmayan sərhədçi gənclərin meyidlərinin nə kökə salındığı da gözlərim önündədir... Mingəçevirdə çıxan “Səda» qəzetinin kollektivi hələ müharibənin ilk illərində «Mingəçevir şəhidləri» adlı kiçik bir broşüra buraxmışdı, saymışdım, 150 Şəhidin 78-nin hərbi çağırış vəsiqəsi almağı ilə nəşinin geri dönməyi 10 günədək çəkmişdi, bu barədə yazdığıma və bir tədbirdəki çıxışıma görə məni az qala təxribatçılıqda suçlamışdılar. Şəhidlər haqqında 4 kitab da mən yazmışam; hələ məzarlarda qanları qurumamış cavanların ana, ata, bacı, qardaş, gəlinlik donunu hələ əyinlərindən çıxarmamış gəlinlərin, doyunca ata deməmiş balaların üzüntülü söhbətlərini dinləyib lentə alıb təzədən onları ağ vərəqələrə köçürənlər bilər nə deməkdir Şəhidlər haqqında yazmaq! Mən cəbhə bölgələrində yaşanan elə dəhşətli faktlarla qarşılaşmışam ki, hətta üstündən 20 il keçəndən sonra da dili deməyə, qələmi yazmağa məcbur etmək olmur!
V.Bərşadlı peşəkar döyüşkən könüllülər ordusunun yaradılmasını istəyirdi, həmin ordu, əsasən sərhəd bölgələrində doğulub boya-başa çatan, 88-ci ildən bəri partizan savaşında və qabaq-qənşər döyüşlərdə təcrübə qazanan, doğma yurddakı ana-bacı, övladlarını, ev-eşiyini, mal-mülkünü qoruyan könüllü dəstələrdən, eyni zamanda Əfqanıstanda savaş vərdişlərinə yiyələnən gənclərdən həm də əsasının müqavilə əsasında komplektləşdirilməliydi, rayonların bir-birinin ardınca işğalı da məhz bu dəstələrin Milli Ordu tabeliyindəki hissələrə birləşdirilməsi adı ilə tərksilah və ləğv edilməsi ilə başlandı. Dövlət müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlər bu sadə həqiqətləri görüb qiymətləndirmək, ordu quruculuğunda gərəkən tədbirləri görmək qabiliyyətindən, milli qürur və heysiyyət düşüncəsindən uzaq idilər.
Müharibə hələ bitməyib, işğal altında qalmış torpaqlarının “lazım gəlsə” hərbi yolla azad ediləcəyini bəyan edən dövlət üçün ona görə də general Valeh Bərşadlının hardasa Müdafiə Nazirliyinin seyflərində saxlanan Planları yenə də aktuallığını saxlamaqdadır-döyüşməyə mənəvi, fiziki cəhətdən hazırlıqlı peşəkar hərbçilərdən ibarət ordu hissələri yaradılmalıdır.
...Erməni bizdən fərqli olaraq başına gələndən dərs alır: 1918-20-ci illərdəkindən fərqli olaraq 1992-ci ildə 2-ci Qarabağ müharibəsində ermənilər bu dəfə Qarabağdan hücum edib Şuşa, Laçını alıb Azərbaycanın içindən Qarabağdan Ermənistana uğurla, asanlıqla koridor açdılar! Həm də dünyaya bu işğal və təcavüzün “Dağlıq Qarabağ xalqının” milli azadlıq, müstəqillik uğrunda mücadiləsi olduğunu göstərmək üçün!
Qədrini bilmədiyimiz, gərəyincə dəyərləndirmədiyimiz təkcə vətən torpaqlarımız olmayıb, həm də Valeh Bərşadlı kimi şəxsiyyətlər olub. Əvəzin də necə lazımdı, ödəyirik. Çox və acı təəssüflər olsun...
Azərbaycanın müdafiə nazirləri
- Valeh Bərşadlı (5 sentyabr 1991 – 11 dekabr 1991)
- Tacəddin Mehdiyev (11 dekabr 1991 – 17 fevral 1992)
- Şahin Musayev (yanvar 1992 – 24 fevral 1992)
- Tahir Əliyev (24 fevral 1992 – 16 mart 1992)
Silahlı Qüvvələrin Baş Qərargah rəisləri:
- general-mayor Şahin Musayev,
- general-leytenant Valeh Bərşadlı,
- polkovnik Səfər Əbiyev,
- polkovnik Rüfət Əmirov (rəis əvəzi),
- general-mayor Nurəddin Sadıqov ,
- general-polkovnik Nəcməddin Sadıqov olub.
Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşavirləri:
- briqada generalı (Türkiyə Hərbi Hava Qüvvələrinin) Yaşar Dəmirbulaq,
- general-mayor Nurəddin Sadıqov,
- general-polkovnik Tofiq Ağahüseynov,
- general-leytenant Vahid Əliyev
Böyük Sərkərdənin vəfatının 15 ili münasibəti ilə Internet materialları əsasında hazırlayan: Hacı NƏRİMANOĞLU