Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, maarifçi, yazıçı, jurnalist, naşir, mühacir siyasi-ədəbi irsimizin görkəmli nümayəndəsi Mirzə Məmmədsadıq Axundzadə 1895-ci ilin dekabrında Zəngəzur qəzasının Sisian bölgəsində Urud kəndində nüfuzlu bir nəslə mənsub ailədə doğulmuş, ilk təhsilini Urud mədrəsəsində almışdır. O, Türkiyədə Mehmet Sadık Aran kimi tanınmışdı.
9 illik təhsil verən Urud mədrəsəsi haqqında bu torpağın yetirməsi olan Xalq yazıçısı Əli Vəliyev yazırdı: “Nəcəfdə (İraq) ali təhsil alıb mollalıq etmək hüququ qazanmış Fətullah, Gorusda 2 dərəcəli rus məktəbi qurtarmış Sadıq, məşhur şair Ləlini bağlamış şair Mirzə Hüseyn Urudda yaşayırdılar. Urudda oxumuşlar, savadlılar, söz qoşanlar, təbi gələnlər o biri kəndlərdən qat-qat çox idi. Urud kəndində 1918-ci ilə qədər molla Bağırlılar ailəsi, Molla Səmih bəy, Molla Fətullah mədrəsədə dərs demişlər. Burada dini dərslərlə yanaşı, dünyəvi fənlər də tədris edilirdi. Burda dərs deyən Mirzə Sadıq Axundzadə Təbrizdəki ali dini mədrəsənin məzunu idi.”
1880-ci illərdə Zəngəzurda 491 mədrəsə, 21 ibtidai, 6 ruhani məktəbi fəaliyyət göstərirdi, həm də əksəriyyəti ayrı-ayrı imkanlı şəxslərin maddi, mənəvi yardımı ilə.
Yelizavetpol-Gəncə quberniyasında 1901-ci ilə qədər 28 rus-tatar məktəbi vardı ki, onun da 12-si Zəngəzur qəzasında açılmışdı. Sonralar uzun illər Azərbaycan hökumətinin rəhbərliyində təmsil olunanlar, sənayenin müxtəlif sahələrində mühüm postlarda çalışanlar arasında zəngəzurluların sayının çoxluğu, eləcə də bu torpaqlardan xeyli sayda tanınmış elm, mədəniyyət xadiminin yetişməsi, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin bütün guşələrinə səpələnməsi məhz bu yeni tipli məktəblərin sayəsində mümkün olmuşdu.
Təkcə Gorus məktəbində əsrin əvvəllərində 200 azərbaycanlı oxuyurdu.
Ermənistanın kommunist rəhbərliyinin bütün maneələrinə baxmayaraq 1930-cu ildə Zəngəzurda 30 məktəb fəaliyyət göstərirdi ki, onlardan 28-i birinci dərəcəli (dörd sinifli), 2-si isə ikinci dərəcəli (yeddi sinifli) məktəblər idi. 1941-ci ildə Zəngəzurdakı 42 Azərbaycan məktəbinin 23-ü ibtidai, 15-i yeddi illik, 4-ü isə orta təhsil müəssisəsi idi.
Zəngəzurda maarif, elm, təhsil ocağı qalayanlardan olan Məmmədsadığın mənsub olduğu nəslin yetirmələri əsrlərcə davam edən ənənələrlə dədə-babalarından dini təhsil alıb nəsildən-nəslə ötürüblər, müəllim, üləma olaraq özləri də müqəddəs islam dinimizi öyrədiblər, ərəb, fars dillərinin tədris edilməsində misilsiz xidmətlər göstəriblər, bu səbəbdən də Azərbaycanda Axundzadə soyadı ilə tanınıblar.
İlk təhsilini uşaqkən ailəsində alan Məmmədsadıq da fars, ərəb, rus dillərini kamil öyrənib, “Quran-i Kərim”i sərbəst oxuyub tərcümə edərmiş. Sonra Naxçıvan rüştiyəsini –gimnaziyasını bitirib. Bakıda Pedaqoji İnstituta daxil olub. Türkiyəyə getdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb, müxtəlif məktəblərdə müəllimlik edib. O, klassik Azərbaycan musiqisini də mükəmməl öyrənib.
Yaradıcılığa erkən yaşlarından başlayan Məmmədsadıq ilk şeirlərini “Açıq söz” və “Fyuzat” jurnallarında dərc etdirir. Təqib və məhdudiyyətlər qarşısında bir müddət İrana qaçır, Marağada ibtidai məktəb açır. 1917-ci ildə isə Zəngəzur qəzasının mərkəzi Gorusa gəlir və orada da məktəb açır.
Çar Rusiyasında baş verən 1917-ci il inqilabından sonra Azərbaycanda istiqlal hərəkatına başlayanların ilk sıralarında olub. O, bu illərdə Azərbaycanın qurtuluşu və milli istiqlalına qovuşması yolundakı mücadiləyə bütün varlığı ilə qatılır, Zəngəzurda əsas liderlərdən biri, 28 may 1918-ci ildə bağımsızlığını elan edən Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzurdan seçilən millətvəkili - Parlamentin üzvü olur. 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başlayanda Parlamentdə 11 partiya (fraksiya) təmsil olunmuşdu. Mirzə Məmmədsadıq Axundzadə I Müsavat və Birtərəflər fraksiyasında idi.
Ruslar Azərbaycanı tamamilə işğal etdikdən sonra o, Bakıdakı dostları ilə birlikdə gizli qurtuluş təşkilatını qurur və İstanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə gedir, sonra yenidən Azərbaycana qayıdır. “Çeka” dəstələri tərəfindən Tiflisdə tutulub həbsə alınır. Fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olur. Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi. Labüd ölümdən, ən yaxşı halda ömürlük sürgündən xilas olmağın yeganə yolu mühacirət idi.
Məmmədsadıq 1923-cü ilin sonunda İrana gedir, buradan isə Türkiyəyə mühacirət edir. Əvvəlcə Trabzonda müəllimlik edir, sonra da İstanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək verir. İstanbulda olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində də fəallıq göstərir.
Məmmədsadıq daha sonra Finlandiyaya gedir (1931-1933). Orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün məktəb açaraq müəllim və idarəçi vəzifəsində çalışır. Eyni zamanda türkcə və fincə “Yeni Turan” adlı bir qəzet də təsis edir. Qəzetin hər sayında oxuculara Azərbaycan türklərinin istiqlal mücadiləsində verdiyi qurbanlar, bolşeviklərin türklərə qarşı törətdikləri dəhşətli cinayətlər barədə çox dəyərli, ətraflı bilgilər verir. Finlandiyadan İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən M.S.Aran İkinci Dünya müharibəsindən sonra (1939-1945) əvvəl “Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri kimi İranda işləyir.
O, 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə "İran türkləri" kitabını çap etdirir. Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu. Maraqlıdır ki, həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq Prezident İsmət İnönünün göstərişi ilə qadağan edilmişdi.
Az sonra müəllif “Türkün altun kitabı” adlı ikinci kitabını nəşr etdirir. M.S.Aran pedaqoji siyasi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olur. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şeirləri var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ərkənəkon yolları” adlı kitabında toplanıb.
M.S.Aran naşiri olduğu “Ərgənəkon Yolu” dərgisinin amalını belə xarakterizə edirdi: “Türk ölkəsində türk yolları hələ yapılmamış olduğundan, biz də türk yolunda yürüyə bilmədik. Bundan ötrü amaca doğru əski dədələrimizin yürüdüyü qurtuluş yolunda, Ərgənəkon yollarında yürümək zorunda qaldıq. Bu tilsimli yollarda yürüyərkən heç bir yabançı dala tutunmadıq... Bir gün, bir bozqurd bizi Ərgənəkon tilsimindən qurtaracaqdır”.
Məmmədsadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq xeyli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı.
O, 1924-cü ildə qurulan və Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, X.Xasməmmədli, Ş.Rüstəmbəyli, N.Şeyxzamanlı, C.Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin ən uzun ömürlü, “stajlı” üzvlərindən biri olmuşdu. Məmmədsadıq eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı "Azəri türk", "Yeşil yaprak", "Türk yolu", "Erkenekon" dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Uzun müddət həm də qurucularından olduğu Ankaradakı Türk Kültürlərini Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmışdı. “Azəri-Türk” jurnalında məsul redaktor olaraq Azərbaycan mühacirət mətbuatı tarixində onun böyük rolu olub.
Məmmədsadıq Axundzadənin -Mehmet Sadık Aranın 1945-1946-cı ildə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələrin də müəllifidir.
Məmmədsadığın xüsusən 6 dekabr 1946-cı ildən həftəlik çıxan “Şark yolu” qəzetində yazdığı “Azəri türk şairləri”, “İranın keçmiş və bu günkü halı”, “”Məfkurə-Ülkü”, “Azərbaycanda qadın türk şairləri”, “Millətlərin haqqı və məhkum türklərin davası”, “Qızıl vəhşət”, “Bədbəxt Azərbaycan məsələsi”, “Kamalizmin istismarı”, ”Məhkum türklərin iztirabları”, “Mühacirətdə Azərbaycan ədəbiyyatı”, “Vəhşət xəbərləri”, “Azərbaycan və Rusiya”, “Qars vilayətində erməni zülmü”, “Tarixdən səhnələr: Azərbaycan-İran qovğası”, “Burjua kommunistlər”, “Kommunist hədyanlarına cavablar” silsiləsi və Türkiyədə çap olunan “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və “Ergenekan yolu” kimi dərgilərdə çıxan onlarla məqaləsi, kitabları bu gün də öyrənilməyə, toplanıb nəşr edilməyə layiqdir.
“Azerbaycan Dergisi” ndə öz bioqrafiyasını da yazıb çap etdirib ( S. 205, 1972, s. 63-66, “Mehmet Sadık Aran (San’an). Böyük vətənsevər yazılarının bir çoxuna da “Sisyanlı” imzası qoyub.
O, sona kimi mühacir vətən fədailəri ilə bir arada olub, Azərbaycan, Zəngəzur həsrəti ilə yaşayıb, vətəninin azadlıq və istiqlalına qovuşacağına inanıb, bu yolda ömrünü fəda edib, 1971-ci ildə İstanbulda vəfat edib. Bir çox mənbələrdə Azərbaycan mühacirləri arasında ən tanınmış isimlərin sırasında Mehmet Sadık Aran M.Ə.Rəsulzadə və Mirzə Bala Məmmədzadədən sonra adı 3-cü sırada çəkilir.
Sebahettin Şimşirin “Mehmet Sadık Aran (Sanan Azer) yaşamı ve mücadilesi” əsəri bu böyük vətənpərvərin ömür yoluna ayna tutan kamil əsərdir.
Kitabın “Tanıtım Bülteni”nden: “Azərbaycan mühacirətinin önəmli isimlərindən olan Mehmet Sadık Aran haqqında hazırlanan bu çalışma ilə onun və mücadiləsinin gənc nəsillər tərəfindən anlaşılmasına vəsilə olmaq ən böyük diləyimizdir.
Sürətlə dəyişən dünyada şəxslər və onların mücadilələri birlikdə anılmaqdadır. Mehmet Sadık Aran da şübhəsiz Azərbaycan Türkləri başda olmaq üzərə Türk Dünyası tərəfindən anılacaq şəxsiyyətlərdəndir.
Azərbaycanda başlayan mücadilə həyatı Azərbaycanın işğalı səbəbi ilə səmtini dəyişmiş, həbs edilmiş, qaçmağı bacarmış, İranda olmuş, Türkiyəyə gəlmiş, Avropaya getmiş, Finlandiyada fəaliyyətlərini yürütməyə çalışmış və təkrar Türkiyəyə gələrək qaldığı yerdən mücadiləsini sürdürmüş bir dava adamı. Bundan dolayı unudulması mümkün olmayanlardan birisi.
O, bütün imkansızlıqlara rəğmən hər getdiyi yerdə yayın fəaliyyətlərinin içində olmuş, parasının son quruşuna qədər xərcləməkdən çəkinməmiş, “Yeşil Yaprak”, “Yeni Turan”, “Türk Yolu” və “Ergenekon Yolu” isimli dərgiləri bu şəkildə çıxarıb yayınlamışdır.
Ancaq onun haqqında yazılan bu kitab fəaliyyətlərini və bütün yazılarını əhatə etmir, çünki onların xeyli hissəsinin kitabxanalarda, arxivlərdə nüsxələri saxlanmamışdır. Ona görə bu kitab bir nəticə deyil, bəlkə ilk başlanğıçdır. Bundan sonra da Mehmet Sadık Aran ilə bağlı araşdırmalarımız davam edəcəkdir.”
Bu hissə isə azadlıq mücahidinin tələbəlik dostu yazar, naşir Tahsin Demirayın "Canlı Tarihler" ( 1971) kitabından götürülmüşdür:
“...1927-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsilimə davam edəndə 12 tələbəsi olan qrupumuzda iki də azərbaycanlı vardı: Kemal və Mehmet Sadık. Kemal tam azəri ləhcəsiylə danışırdı, amma Mehmet Sadık isə azəri və türkiyə ləhcələri ilə qarışıq danışırdı, bilgili, yaraşıqlı gənc idi. Farscanı və ruscanı yaxşı bilirdi. Mehmet Sadık din adamı ailəsindən gəldiyi üçün ərəb dilini də bilirdi. Heç biri fakültəni bitirmədi, çünki hər ikisi siyasət adamıydı, mücahid idilər, qısa ömürlü Azərbaycan Cümhuriyyətinə xidmət etmişdilər, bu dövlət Moskva tərəfindən istila edilincə Türkiyəyə sığınmışdılar. Sonra Kemal İran Azərbaycanına gedərək mücadiləyə orada davam etdi və İkinci Cahan Savaşında İran Moskva tərəfindən işğal edildiyi zaman kommunistlər tərəfindən qətlə yetirildi.
Mehmet Sadık Aranın bizim ədəbiyyat fakültəsində öyrənəcəyi bir şey yox idi, Füzulini zatən əzbər bilirdi, İran, divan ədəbiyyatını da elə. Onunku Azərbaycanın qurtuluş davası idi. Bu səbəblə fakültəni buraxdı. İstanbuldakı azərilərdən bir qismini başına yığıb dərgi çıxarmağa, təbliğat aparmağa, Azərbaycan istiqlalı uğrunda fəaliyyətə başladı. Onda bezmək, ümidsizliyə qapılmaq, yorulmaq yox idi, nikbin idi, zarafat etməyi sevərdi. Hər azəri tələbənin köməyinə tələsirdi, yardım etməyə çalışırdı. Cihangirdə yaşayırdı, istidə, yağmurda tez-tez yanıma gələrdi, hansısa azəri tələbənin işi üçün kiminsə yanına getməyi ar bilməzdi. Ona: "Türklər üçün uğraşan bir Atatürk, Qaqauzlar üçün bir Ataqaqauz Hamdullah Suphi olduğu kimi, azərilər üçün çalışan bir Ataazəri var, o da sənsən" demişdim.
Hökumətdə bir yanlışlıq görəndə “Siz Osmanlılar bütün türkləri batırdınız” deyə sözə başlar, səhvləri inandırıcı izhar edərdi.
Azərbaycanlıların xalq söyləntiləri arasında Şah İsmayılın Yavuzu yenərək guya İstanbulu zəbt etdiyi haqqında bir rəvayət varmış. Bunu qəhqəhələrlə gülüb anlatmışdı. Bir gün telefonla məni aramış və "Burası Şah İsmail Səfəvəddinin qərargahı" deyincə məndən: "Burası da Yavuz Sultan Selimin qərargahı" cavabını alınca "Canım, indi mən yuxudan oyanırkən Yavuzu xatırlatmanın heç yeri idimi?" deyərək gülmüşdü. Şah İsmayıl ilə məni qorxutmayınca daha sonrakı bir telefonunda: "Burası Axsaq Teymurun qərargahı! Osmanlı ölkəsini yıxmağa gəlirik" demiş, mən də "Axsaq Teymur bizdən öncə sizin ölkənizi yıxdı" cavabını alınca da yenə gülərək "O qədər qarışdırma" demişdi.
Mehmet Sadık Aran Azərbaycan davası uğrunda ömrünü sərf etsə də, azərbaycançı deyil, türkçü idi. Zarafatla "Nə etməliydik? Siz Osmanlılar yardıma gəlmədiniz, biz də öz başımızın çarəsinə belə baxdıq" demişdi. Mehmet Sadık Aran, Şimal Azərbaycanlıları kimi şiə idi. Bir telefonda əhvalımı sorub, “mən bir sünni namazı qılacağam. Sən də orda şiə namazı qıl, sonra görüşərik" demişdi.
İstanbullu kübar bir müəllimə ilə evliydi. İllərlə qaldıqları ilk evləri Cihangirdəki Sormagir küçəsində 111 nömrəli mənzil idi. Küçə ünvanlarını soruşanlara belə deyirdi: Cihangir, Sormagir, Yüz on bir.
“Əziz qardaşım Mehmet Sadık Aran! Sən son nəfəsə qədər çarpışan bir cəbhə əsgəri kimi öz Vətənin qarşısındakı vəzifəni yerinə yetirib aramızdan ayrıldın. Sən uzun zaman dillərdə anılacaq, sonra da Türkçülük tarixindəki yerini dolduracaqsan. Sözlərimi bitirərkən, çox dəfə söylədiyim sözü təkrarlayacağam: günün birində sənin Quzeyli və Güneyli bütöv azad Azərbaycan arzun gül açacaqdır.”
İnanırıq ki, bu kitab yaxın vaxtlarda Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr ediləcəkdir.
Zəngəzurun qədim tarix və zəngin mədəniyyətinin canlı salnaməsi olan şöhrətli Urud kəndində dünyaya göz açıb Məmmədsadıq adı ilə böyüyən, Azərbaycan milli istiqlal tariximizə adını Mirzə Məmmədsadıq Axundzadə olaraq yazdıran, AXC Parlamentində Zəngəzur qırğınlarının harayını, ah-naləsini çatdıran, qardaş Türkiyəmizdə Mehmet Sadık Aran adı, soyadı ilə istiqlalçı, yazıçı, jurnalist, naşir, ictimai xadim kimi məşhurlaşıb Azərbaycan, türkçülük, turançılıq məfkurəsi uğrunda mücadilə aparan bu dəyərli insanın adı ölkəmizdə əbədiləşməyə layiq şəxsiyyətlərdəndir və ümid edirik ki, bu belə də olacaqdır.
Hacı NƏRİMANOĞLU