Oktyabrın 3-də Bakı Dövlət Universitetində (BDU) Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunan Beynəlxalq simpozium keçirilib.
BDU və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq simpoziumda Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatları, mədəniyyət və ictimai xadimlər, BDU-nun müəllim və tələbələri iştirak ediblər. Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi anılıb.
BDU-nun rektoru, Prof. Elçin Babayev və TADİV-in sədri, Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Prof.Dr Aygün Attar açılış nitqində Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərini vurğulayıblar. Vətən müharibəsindən, qazandığımız Böyük Zəfərin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə yanaşı, həm də Türkiyənin hərbi-siyasi dəstəyi ilə gerçəkliyə çevrildiyini söyləyiblər. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan böyük mütəfəkkir Seyid Nigarinin həyat və yaradıcılığı, fəlsəfəsində Qarabağa həsr etdiyi şeirlərin xüsusi yer tutduğunu qeyd ediblər. Qarabağın Zəngəzur bölgəsində doğulan, lakin sonralar doğma yurdundan ayrılaraq qardaş Türkiyədə məskunlaşmaq məcburiyyətində qalan Mir Həmzə Nigari əsərlərində öz yurduna həsrət və sevgisini daim ifadə ediblər.
Plenar iclasda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Xalq şairi Nəriman Həsənzadə, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Mir Həmzə Seyid Nigari Qarabaği nəslinin davamçısı Mir Sədi Məmmədoğlu çıxış ediblər. Vurğulanıb ki, “Qara bağrım Qarabağımdır” deyən, “Qarabağdan xəbər versə” küləklərə canını qurban etməyə hazır olan Nigari Qarabağı dünyanın behişti adlandırıb. Mütəfəkkir şair iki qardaş ölkə arasında 150 il əvvəl mənəvi bağlılıq yaradan simalardandır.
Bölmə iclaslarında Mir Həmzə Qarabaği Nigarinin yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş elmi məruzələr dinlənilib.
Bədii hissədə BDU tələbələrinin ifasında Mir Həmzə Seyid Nigari Qarabağinin divanından nümunələr səsləndirilib.
Beynəlxalq Muğam Mərkəzində simpozium iştirakçıları üçün konsert olub.