Həmin dövrdə Azərbaycan Demokratik Cümhuriyyəti ən ağır günlərini yaşayırdı. Bir tərəfdən daxildəki qüvvələrin xəyanəti, o biri tərəfdən erməni daşnaklarının bütün ölkə boyu törətdikləri qanlı qətliamlar, digər yandan da Rusiyadan əsən bolşevizm küləkləri və bu havaya uyan bolşeviklərin əməlləri gənc Respublikanı ölüm-dirim savaşı qarşısında qoymuşdu. 

«Sıra Qarabağın olacaq!»
 Daha gərgin vəziyyət daşnak hökumətinin ciddi-cəhdlə sahiblənmək istədiyi Qarabağda, Zəngəzurda, Naxçıvanda yaranmışdı. Bu baxımdan gənc Cümhuriyyətin üzləşdiyi həmin çətin durum təbii ki, Azərbaycan Parlamentində də müzakirə olunurdu. 1920-ci il yanvar ayının 21-də parlament üzvlərindən birinin Qaryagindən Bakıya - rəhbərliyə ünvanladığı teleqramdan oxuyuruq: "Zəngəzur qəzası dördüncü gündür ki, erməni dəstələri nizamlı qoşun hissələri ilə birgə Qubadlıdan Xocahana qədər 50 verstlik məsafəni artilleriya və pulemyot atəşlərinə tuturlar. Dinc əhali arasında xeyli qurbanlar var… …Azərbaycanın bu gözəl guşəsini tamamilə məhv olmaq təhlükəsindən xilas edin! Zəngəzurdan sonra sıra artıq Qarabağa gələcək! Bütün itkilərə görə Azərbaycan xalqı və bütün türk xalqları qarşısında siz məsuliyyət daşıyırsınız!"
 Bu teleqramı göndərən şəxs Azərbaycan Demokratik Respublikası parlamentinin Zəngəzur qəzasından olan millət vəkili Cəlil bəy Sultanov idi. Onun parlamentdəki çıxışlarının birinin stenoqramından isə oxuyuruq: "…Zəngəzurda daşnaklarla mübarizəni yalnız qəzadakı yerli qüvvələr aparırlar".

Cəlil bəy Sultanov çıxışında "daşnaklarla mübarizəni qəzadakı yerli qüvvələr aparırlar" dedikdə bu bölgədə daşnak ordusu ilə vuruşan, müqavimət hərəkatına rəhbərlik eləyən Aslan bəy Sultanovu və onun hərbi qüvvələrini nəzərdə tuturdu.

Dosye

Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov. 1888-ci ildə Zəngəzur qəzasının Qubadlı bölgəsində Hacılı kəndində anadan olmuş, ilk təhsilini kənddə əmisi oğlu Həsən bəyin müdir olduğu dördillik rus məktəbində almışdır. Aslan bəy Sultanov sonradan Qori seminariyasını, ardından Rusiyada ali hərbi məktəb bitirmişdir. Böyük təşkilatçılıq qabiliyyətinə, fenomenal hərbi istedada malik olmaqla yanaşı, həm də fərd olaraq son dərəcə cəsarətə və döyüşkənliyə sahib Aslan bəy Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə Zəngəzur qəzasının mahal pristavı vəzifəsində çalışmışdı. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası Mərkəzi İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun əmriylə Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilib.

Niyə məhz Sultanov?

Aslan bəy Sultanova verilmiş Fövqəladə Komissarın Mandatında yazılıb: "Bu mandat sahibi yoldaş A.Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı təyin edilir. Azərbaycan Respublikası Mərkəzi Hakimiyyətinin nümayəndəsi kimi ona bu qəzaların ərazisində fövqəladə və məhdudiyyətsiz səlahiyyətlər, yəni vəzifəsindən və kimliyindən asılı olmayaraq hər kəsi həbs eləmək, istintaqa cəlb etmək, həmçinin qurumların təşkili kimi hüququ verilir. Bütün partiya, təşkilatları, idarə və müəssisələr, hərbi təşkilatlar yoldaş Aslan Sultanovun əmrlərini sözsüz yerinə yetirməlidirlər. Onun əmrlərinə qarşı çıxan hər kəs dərhal həbs olunmalı və İnqilabi Tribunala verilməlidir".

Mandatdan da göründüyü kimi, Aslan bəy Sultanov böyük bir ərazidə mülkü və hərbi sahədə fövqəladə şəkildə geniş səlahiyyətlərə malik bir dövlət rəsmisi olmuşdu. Maraqlıdı, görəsən, keçmiş müsavatçıya, Müsavat hakimiyyəti dövründə Zəngəzur qəzasının qəza mahal pristavı, yəni qəzaya daxil olan rayonların bütün pristavlarının rəhbəri olan Aslan bəy Sultanova göstərilən bu etimad nəylə bağlı idi? Onu da unutmayaq ki, Aslan bəy Sultanov həm də böyük, nüfuzlu bir zadəgan nəslinin nümayəndəsi idi və nəsil-nəcabəti Zəngəzurun məşhur soylarından birinə mənsub idi. Həmin dövrə nəzər salsaq, görərik ki, yüksək vəzifələrə ancaq Kommunist Partiyasının üzvləri olanlar irəli çəkilirdilər. Bütün bunlar onu deməyə əsas verir ki, əslində, bolşeviklər Aslan bəyi sinfi düşmən kimi məhv eləməli idilər. Ancaq yox... Yaddan çıxarmayaq ki, Sovet hakimiyyətinin qurulduğu ilk illərdə bunu eləmək o qədər asan məsələ deyildi. Ən azından, Sultanovlar nəslinin şanlı-şərəfli keçmişləri, sadə Qarabağ və Zəngəzur camaatı arasında böyük hörmətləri, nüfuzları vardı. Deməli, Sultanovun şəxsiyyəti və nüfuzu Sovetləri bu işə vadar eləmişdi. Ona görə də, tələsmədən, əvvəlcə Sultanovlar soyunun əcdadları və ayrı-ayrı nümayəndələri barədə məlumata diqqət edək.

Sultanovların şəcərəsi…

Tədqiqatçı Ənvər Çingizoğlu özünün "Püsyan eli" adlı fundamental araşdırmasında yazır ki, Sultanovlar soyunun ulu babası XVII əsrin sonlarında yaşamış, sonradan «sultan» rütbəsi almış Məhəmməd bəy Püsyandır. Hacı Məhəmməd Sultanın törəmələri bəylərbəylik alaraq, xanlıq dönəmində Püsyan, rus üsuli-idarəsi dövründə isə Sultanov soyadını daşıyıblar. Kərbəlayi Hüseynin Aslan bəy da daxil dörd oğlu olmuşdur ki, onların hamısı dövrlərinin gözüaçıq, ziyalı adamları kimi ad çıxarmışdılar.

Sultanovlar soyadının digər məşhur simaları isə Aslan bəyin əmisioğlulları idi. Bunlardan birinin - Azərbaycan Cümhuriyyəti Parlamentinin millət vəkili, Cəlil bəy Sultanovdan artıq bəhs etdik. Aslan bəy Sultanovun digər əmioğulları - Xudabaxış bəy Sultanov Qəza İnqilab Komitəsinin sədri, Behbud bəy Sultanov istintaq komissiyasının üzvü, İsrafil bəy Sultanov Qəza milis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsində çalışırdılar. Onu da qeyd edək ki, adları çəkilən Sultanovların hamısı hələ inqilabdan əvvəl də bölgədə böyük nüfuz sahibi olan insanlarıydılar və Aslan bəy də təbii ki, həmin mürəkkəb, hər kəsə inanmağın çox çətin olduğu dövrdə mandatının verdiyi səlahiyyətlərə uyğun şəkildə belə məsuliyyətli vəzifələri yaxından tanıdığı bu şəxslərə etibar eləyə bilərdi. Aslan bəy Sultanovun digər əmisioğlu isə Müsavat Hökumətində Dəniz Naziri vəzifəsini tuta-tuta bolşeviklərlə əlbir olan məşhur inqilabçı Çingiz İldırım idi. Çox maraqlıdı ki, nə Aslan bəy, nə də digər əmioğulları əsasən siyasi əqidəyə, kommunistlərə münasibətə görə Çingiz İldırımla heç vaxt yaxın olmayıblar.

Sərrast atıcı…

Müsavat Hakimiyyəti süqut etdikdən sonra da Zəngəzurda erməni daşnaklarına qarşı özünün hərbi qüvvələri hesabına qəhrəmanlıqla savaşan Aslan bəy faktoru XI Qırmızı Ordu Komandanlığını və mərkəzi hakimiyyəti onunla hesablaşmaq zorunda saxlamışdı. Mərkəzdə hamı anlayırdı ki, daşnaklarla mübarizədə Aslan bəyin qüvvəsinə arxalanmadan qələbə qazanmaq çox çətin olacaq. Bu məsələdə təbii ki, elə ancaq adı gələndə daşnakları qorxuya salan Aslan bəy Sultanov xofu da vardı. Belə ki, Aslan bəy Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, öz qüvvəsi və nüfuzu ilə Zəngəzurda erməni vəhşiliyinə, erməni təcavüzünə qarşı savaşlarda həmişə ön sırada olub. Belə qəhrəmanlıqlardan biri 1920-ci ilin may ayına təsadüf edir. Həmin vaxtlar Andronik daşnak hökumətinin başçısı Njdeni daha da gücləndirmək üçün qəddarlığı ilə ad qazanmış, əli minlərlə müsəlmanın qanına batmış general Manuku hər cür silah-sursatla təchiz olunmuş orduyla Zəngəzura göndərir. Manukun ordusu Laçının Zabux dərəsi deyilən yerinə yaxınlaşanda, bunun necə böyük təhlükə olduğunu anlayan Laçınlı Soltan bəy adamlarını Aslan bəy Sultanovun yanını göndərir və qüvvələri birləşdirib Manuka qarşı birgə savaş açmağı təklif edir. Aslan bəy Zabux dərəsinə üz tutur və birləşmiş qüvvələrin birgə döyüş planını hazırlayır. Səhər isə heç kimin gözləmədiyi bir hadisə baş verir. Sübh tezdən düşmən ordusunun yerləşdiyi ərazini nəzərdən keçirməyə gedən Aslan bəy uzaqdan günəş şüasının nəyinsə üstünə düşüb parıldadığını görür. Hərbçi Aslan bəy bu işartının durbinin şüşəsi olduğunu, durbin sahibinin isə komandir, yəni Manuk olduğunu anlayır. Beləcə, sərrast atıcı olan Aslan bəyin xeyli uzaq məsafədən durbinin işartısıyla hesablayıb atdığı güllə daşnak Manukun həyatına son qoyur. Erməni qoşunlarının arasına çaxnaşma düşür, Aslan bəy Sultanov vaxt itirmədən hücum əmri verir. Bu döyüşdə Aslan bəyin gülləsiylə başsız qalmış düşmən ordusu darmadağın edilir, xeyli silah-sursat, hərbi qənimət əldə edilir. Bu döyüşün sorağı daşnaklar arasında böyük həyəcana səbəb olur, bütün Ermənistan Manukun belə biabırçı ölümünə yas saxlayır... Aslan bəy daşnaklarda bax belə xof yaratmışdı...

Beləcə, bu kimi onlarla irili-xırdalı döyüşlərdən qalibiyyətlə çıxmış Aslan bəy Sultanovun daşnaklarla mübarizədə nə qədər lazımlı olduğu 1920-ci il sentyabr ayının 18-də Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Təşkilat Komitəsinin birgə iclasında müzakirə olunur. Nəriman Nərimanovun, Dadaş Bünyadzadənin, müdafiə və dəniz komissarı Əliheydər Qarayevin də iştirak elədiyi elə həmin iclasdaca qərara alınır ki, mərkəz və XI Qırmızı Ordu Komandanlığı bu ağır şəraitdə Aslan bəy Sultanovla birləşsin".

«Düşmənimin düşməni mənim dostumdu…»

Beləliklə, XI Qırmızı Ordunun komandanlığı tərəfindən Zəngəzurda daşnaklara qarşı müharibə aparmaq missiyası ilə Zəngəzura ezam olunmuş general Semyonov Aslan bəylə görüşür, onu inandırır ki, yeni yaranmış Sovet Hökuməti Azərbaycan Demokratik Cümhuriyyətindən daha demokratdır. Aslan bəy həm də siyasi məsələlərdən baş çıxaran bir insan idi. Onun daşnaklara qarşı apardığı mübarizə 28-ci diviziyanın planları ilə üst-üstə düşürdü. O, tamamilə haqlı olaraq «düşmənimin düşməni mənim dostumdu» prinsipini qəbul eləyərək fəaliyyətə başladı. Onu da xatırladaq ki, yerli qəza hökumətini təşkil eləmək də bolşeviklər arasında nüfuz sahibi olan Çingiz İldırıma yox, kommunist partiyasının üzvü olmayan, heç zaman da olmayacaq Aslan bəyə tapşırılır. Aslan bəy bu səlahiyyətdən istifadə eləyərək ətrafına kommunist olmayan, inandığı əqidə yoldaşlarını yığaraq yerli qəza hökumətini təşkil edir. İlk dövrlər, daha doğrusu Nəriman Nərimanov başda olmaqla Mərkəzi Hakimiyyət rəhbərlərinin verdikləri sözə əməl eləyəcəkləri ana qədər lazımi işlər görülür, Aslan bəyin hərbi istedadı sayəsində böyük uğurlar qazanılır, Zəngəzurda daşnaklara qarşı uğurlu əməliyyatlar həyata keçirilir.

O dövrdə Aslan bəyin özünün də "Zəngəzurun partizan hərəkatı" adı ilə tanınan özünümüdafiə qüvvələri vardı ki, bu iki hərbi qüvvənin daşnaklara qarşı birgə müharibə planı hazırlanır. Qırmızı Ordunun Aslan bəyin qüvvələri ilə birləşməsindən təşvişə düşən Nijde hiyləyə əl atmağı qərara alır. O, öyrədilmiş yaşlı erməni kişilərini və qadınlarını gül-çiçəklə, duz-çörəklə general Semyonovun yanına göndərərək Sovet hakimiyyətini qəbul etdiklərini, silahlı müqavimət göstərməyəcəklərini bildirirlər. Semyonov daşnakların bu təklifinə inansa da, Aslan bəy bunun bir erməni hiyləsi olduğunu bildirir və plan üzrə hərəkət eləməyi təklif edir. Ancaq Semyonov bu fikri tərəddüdlə qarşılayaraq qoşunun Qafan istiqamətində hərəkətinə əmr verir. Onda Aslan bəy "mən öz adamlarımı göz görə-görə ölümün caynağına verə bilmərəm, bizim yollarımız ayrıldı" deyərək, yeni əks-plan hazırlamağa başlayır. 28-ci diviziya isə axşam artıq daşnakların tələsinə düşmüşdü. Nijde mühasirəni tamamlayıb hücuma keçir, 28-ci diviziyanın buralara bələdçiliyi olmayan komandirləri, əsgərləri nə eləyəcəklərini bilmirlər. Ən çətin məqamda isə yenə Aslan bəyin hərbi qüvvəsi özünü döyüş yerinə çatdırır, 28-ci diviziya mühasirədən qurtulur, daşnaklara sarsıdıcı zərbə vurulur. Bu döyüşlərdə Sultanovun Kərim və Lətif adında məşhur dəstə komandirləri misilsiz şücaətlər göstərirlər, Aslan bəy özü isə başından yaralanır. Deyirlər, Soltanovun başından yaralandığını görən Semyonov şəxsən özü xilaskarının yarasını sarıyır.

Fövqəladə komissar

Bu hadisədən sonra Aslan bəy Sultanovun fitri hərbi istedadını görən Semyonov daşnaklarla müharibədə bütün planların onun tərəfindən hazırlanmasını təklif edir.  Növbəti qanlı döyüş Gorusun komendantı, Andronikin köməkçisi, daşnak ordusunun baş komandanı Sumbatın çoxsaylı qoşunu ilə olur. Bu döyüşün də taleyi «quşu gözündən vuran» Aslan bəyin döyüş zamanı yenə uzaq məsafədən Sumbatı güllə ilə alnından vurub öldürməsiylə həll olunur. Qarabağdan Nijdeyə köməyə gələn general Dronun da ordusu darmadağın edilir, daşnaklar üzərində tam qələbə qazanılır. Döyüşün əsas qəhrəmanlarından olan Aslan bəy Sultanov, Semyonov və onun alay komandiri polkovnik Çelov mərkəz tərəfindən qızıl medalla təltif olunurlar. Bundan sonra Aslan bəyə Qırmızı Ordunun yüksək komandanlığının təkidi ilə general səlahiyyətli yüksək vəzifə verilir. Aslan bəy artıq xatırlatdığımız vəzifəyə – Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı vəzifəsinə təyin olunur. Və bundan sonra Aslan bəy Sultanova, onun vətən, millət üçün gördüyü işlərə ciddi şəkildə kölgə salınması, onun fəaliyyətinin ləkələmə kampaniyasına başlanılır. Onun özü isə heç vaxt fəaliyyətini siyasiləşdirmək, mövqeyindən sui-istifadə eləmək, yaxud vəzifə tutmaq həvəsində olmamışdı. Təsadüfi deyil ki, "indi Azərbaycana mənim siyasi bacarığım yox, hərbçiliyim lazımdır" deyərək, təyinatdan bir müddət sonra fövqəladə komissar vəzifəsindən imtina etmiş, doğma qəzasına qayıtmış və Zəngəzur milis idarəsinin rəisi vəzifəsini daşımağa başlamışdı. Buna baxmayaraq, o vaxt Zəngəzur qəzasındakı bütün məsul vəzifələri onun təyin elədiyi adamlar tutduğundan, yalnız milis rəisi deyil, həm də qəzada real güc sahibi idi. Təbii ki, bu məqam həm yerlərdəki, həm də mərkəzdəki kommunistləri narahat edirdi. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Kommunist bolşeviklər partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürolarının 1920-ci il noyabr ayının 30-da keçirdikləri iclasda Zəngəzur torpaqları Ermənistana verilmişdi. Təbii ki, Aslan bəy bununla barışmır, mərkəzə qəti etirazını bildirir.

Bir müddət əvvəl Zəngəzurda daşnakların torpaq arzularını gözlərində qoyduğu, onlara qarşı qəhrəmanlıqla mübarizə apardığı üçün general Nijde Aslan bəyin başına külli miqdarda pul mükafatı təyin eləmişdi. Ancaq daşnak Nijdenin Zəngəzur qartalını aradan götürmək üçün ayırdığı mükafata ehtiyac qalmırdı. Təəssüf ki, mərkəzdə və yerlərdə olan kommunistlərin əməlləri bundan daha effektli təsir eləyirdi... Məhz onların xain əməlləri sayəsində təkcə Aslan bəyin yox, həm də Azərbaycanın gözəl guşəsi olan Zəngəzurun taleyi müəyyənləşməyə başlamışdı. Təbii ki, Aslan bəy kimi igidlər və Azərbaycan üçün xeyirli olmayan tale...

Erməninin Nərimanovdan tələbi

Həmin dövrdə yerlərdəki kommunistlərdən mərkəzə göndərilən donosların, şikayət məktublarının da ardı-arası kəsilmirdi. Məsələn, Zəngəzur Qəzası yerli kommunist partiyasının məsul katibi olan Nəzər Heydərovun 1921-ci il aprel ayının 21-də mərkəzə ünvanladığı məktubundan oxuyuruq: «Qəza hakimiyyətinin başında kommunist partiyasının üzvü olmayan Sultanovlar dayanırsa, o zaman qəza hakimiyyətinin idarə olunmasında başıpozuqluq və hərc-mərclik yaranır, kommunistləri isə tezliklə ölüm gözləyir…»

Dəhşətlisi onda idi ki, bu məsələdə ermənilərlə Azərbaycan kommunistlərinin fikirləri üst-üstə düşürdü. Əgər Azərbaycan kommunistləri əlavə səlahiyyət, karyera üçün ermənilərlə işbirliyinə gedirdilərsə, ermənilər də onlara Zəngəzurda tam möhkəmlənmək üçün böyük maneə olan Aslan bəy xofundan, onun bu torpaq alverinə qarşı etirazından qurtulmaq istəyirdilər. Beləcə, bu şeytan birliyin əməlləri tam sürətlə, özü də planlı şəkildə işə düşür. Bu planın nə qədər xəyanətkar bir plan olduğunu anlamaq üçün Faiq Abdullayevin «Zəngəzur aslanı» kitabından götürdüyümüz faktlara nəzər salaq. 1921-ci il mart ayının 21-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədrinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və Azərbaycan İnqilab Komitəsinin sədrinə göndərdiyi məktubu olduğu kimi oxuyuruq: «Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri sizdən xahiş edir ki, təcili olaraq Zəngəzur mahalının Azərbaycan hissəsinin Qubadlı qəzasının aşağıdakı əksinqilabçılar təcili olaraq geri çağırılsın: 1. Xudabaxış bəy Sultanov, Aslan bəy Sultanov, Behbud bəy Sultanov, İsrafil bəy Sultanov, İsfəndiyar bəy Hocaxanski. İnqilab Komitəsinin aşağıdakı tərkibdə təşkil olunmasını təklif edirik: İnqilab Komitəsinin sədri Nəzər Heydərov, onun yoldaşları Oruc Babayev, katib Canbin Möminov, milis rəisi Əli Şərifov…»

Göründüyü kimi ermənilər xahişdən, təklifdən daha çox Azərbaycan kommunistlərinə əmr verirlər ki, kimi hansı vəzifədən çıxarmaq, kimləri isə o vəzifələrə qoymaq lazımdır. Arxivdəki bu sənədə Nəriman Nərimanov tərəfindən qoyulan dərkənar isə daha dəhşətlidir. Nərimanov Xalq Daxili İşlər Komissarı Həmid Sultanova göstəriş verir ki, ermənilərin təklifini olduğu kimi icra etsin. Burada bir haşiyə də çıxaq. Ermənilərin Aslan bəy Sultanov başda olmaqla Zəngəzurdakı vətənpərvər insanların vəzifələrindən götürülməsi xahişlərini başa düşmək olar. Bəs ermənilər nəyə görə məhz məktubda adları çəkilənləri bu vəzifələrdə görmək istəyirdilər?

«…Sərrast atıcı və ermənilərin düşmənidir!»

Məsələ ondaydı ki, 1920-ci il noyabr ayının 20-də Zəngəzurun Ermənistana birləşdirilməsiylə bağlı çağırılmış qurultaya erməni Armenak Qaragözov rəhbərlik etmiş, ermənilərin Zəngəzurda hökumət işlərinə gətirmək istədikləri Nəzər Heydərov, Oruc Babayev kimi kommunistlər isə qurultay qəza komitəsinin rəyasət heyətinin üzvləri idilər. Məktubda milis rəisi vəzifəsinə təklif olunan Əli Şərifov isə bir müddət əvvəl hökumətin milyon yarıma qədər pulunu mənimsəmiş, buna görə Xudabaxış Sultanov tərəfindən həbs edilmişdi. Yəni, ermənilər Zəngəzurda o adamları görmək istəyirdilər ki, onlar torpaqların ermənilərə verilməsi işində iştirak eləmiş olsunlar, həmçinin gələcək təcavüzkar planlarında onlara nəinki maneə olmasınlar, həm də yardımçı olsunlar. Beləcə, erməni və Azərbaycan kommunistlərinin niyyətləri baş tutur. Ermənistan kommunistlərinin rəhbərinin 1921-ci il mart ayının 28-də Nərimanova göndərdiyi ultimativ formalı məktubdakı təkliflər həyata keçirilir. 1921-ci il aprel ayının əvvəllərində eynən ermənilərin təklif etdikləri kimi Aslan bəyin təşkil elədiyi Qəza İnqilab Komitəsi mərkəz tərəfindən buraxılır, Aslan bəy Sultanov tutduğu vəzifədən azad edilir, Xudabaxış bəy isə həbs olunur. Bu işin ikrah doğuran tərəflərindən biri də odur ki, məlum dəyişikliklər barədə Aslan bəy Sultanova heç bir məlumat verilmir. Aslan bəy mərkəzin bu əməllərindən xəbər tutanda isə Azərbaycan İnqilab Komitəsinə ittihamedici məktub göndərərək məsələlərin yenidən araşdırılması üçün komissiya göndərilməsini tələb edir.

Bundan sonra Aslan bəyin tələbiylə Mərkəz Qubadlı qəzasına komissiya göndərir və 1921-ci il may ayının 29-da komissiya üzvünün Nəriman Nərimanov və partiyanın Ali İqtisad Şurasının sədri Mirzə Davud Hüseynova ünvanlanan məlumatında yenə qarayaxma kampaniyasının davamı kimi məqamlar olsa da, bəzi həqiqətlər də yer alıb. Məsələn, məlumat sahibi bildirir ki, yerli bəylərin Qırmızı Orduyla birləşmələrinin kökündə onların ermənilərə nifrəti dayanır. Həqiqətən, etiraf eləməliyik ki, Aslan bəy Qırmızı Orduyla birgə məhz erməni daşnaklarına qarşı vuruşmuşdu. Məlumatın bir yerində isə müəllif xüsusi olaraq yazır: «Qəza Milis İdarəsinin rəisi Aslan bəy Sultanov sərrast atıcı və ermənilərin düşmənidir!»

«Məni Aslan bəy dəfn eləsin…»

Komissiya tərəf nümayiş etdirsə belə, müəyyən işlər də görülür. Belə ki, Xudabaxış bəyin böhtanla həbs olunması qərarına imza atan kommunistlər ay yarımdan sonra onun azad olunması barədə qərara imza qoyurlar. Bölgədə narazılıq dalğasının artdığını görən mərkəzi hakimiyyət yeni yaranmış yerli hökumətdə Aslan bəyi Xanlıq qəza komissarı təyin edir. Ancaq Aslan bəy hakimiyyətdən incidiyindən uzunmüddətli məzuniyyətə çıxmışdı. O, bir də işinə 1922-ci ilin oktyabr ayının sonlarında qayıdır. Belə ki, Xanlıqda baş verən qiyamdan sonra Mərkəzi hakimiyyətdən gələn vəzifəli adamlar ondan bu qiyamın yatırılmasını xahiş edirlər. Bəzi mənbələrdə Nəriman Nərimanovun da şəxsən ondan "Azərbaycan parçalanır, bunun qarşısını almaq üçün bütün hərbi gücünüzdən və nüfuzunuzdan istifadə eləyin" xahişində olduğunu yazılır. Bundan sonra Aslan bəy işə qarışır, qiyamın rəhbəri Qoçu Təhməzə vaxtilə aralarında yaxşı münasibət olduğunu xatırladaraq bildirir ki, Azərbaycanın parçalanmasına yol vermək olmaz. Ancaq qarşı tərəf bu təklifi qəbul etmir və tərəflər arasındakı döyüşdə Aslan bəy Sultanov Qoçu Təhməzi öldürür. Deyirlər, qiyamçı can üstündə olanda ətrafındakılara vəsiyyət eləyir ki, Aslan bəy onun meyitini «gədə-güdənin əlinə verməyib, şəxsən özü dəfn eləsin». Aslan bəy zəmanənin düşmən saldığı mərd soydaşının bu vəsiyyətinə əməl eləyir, kommunistlərin etirazına baxmayaraq, Qoçu Təhməzi şəxsən özü ədəb-ərkanla dəfn elətdirir.

7 illik mübarizə

Bütün bu xidmətlərindən sonra belə mərkəzi hakimiyyətin və yerli kommunistlərin ona qarşı olan qərəzləri səngimək bilmir. Sonunda Aslan bəy bolşeviklərdən üz çevirir və Qarabağdakı, Zəngəzurdakı ona sadiq bütün hərbi qüvvələrini hərəkətə gətirərək, müqavimət hərəkatına başlayır. Bu mübarizə sərasər 7 il çəkir. 1929-cu ilin yayında evinə gəlib uşaqlarıyla görüşən Aslan bəyin gəlişindən xəbər tutan hökumət dəstəsi evi mühasirəyə alaraq onu təslim olmağa çağırır. Rədd cavabından sonra atışma başlayır, Aslan bəy silahlıları evdən uzaqlaşdırmaq üçün atışa-atışa meşəyə tərəf gedir. Ancaq artıq o yaralanmışdı. Xeyli məsafə qət etdikdən sonra Zəngəzur aslanı Pəyhan adlanan ərazidə həlak olur. Deyirlər, yerli hökumət onun meyitinə kimsənin yaxınlaşmasına, basdırılmasına belə icazə vermir. Ancaq bütün hədə-qorxulara baxmayaraq, onun cənazəsi Qarağac kəndinə gətirilir, ətraf kəndlərin də camaatının iştirakı ilə dəfn olunur...

Ölümündən sonra onun qohum-əqrəbası pərən-pərən salınır, ailəsi isə Nuxanın Daşburun kəndinə sürgün edilir. Buradan onların Qazaxıstana sürgün olunmaları planlanıbmış. Ancaq kiçik bir təsadüf bütün ailəni onları gözləyən məşəqqətlərdən xilas edir. Mircəfər Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri işləyən vaxtlarda yolu Nuxaya düşür və burada insanlar qarşısında çıxış edir. Onun rus millətindən olan yaşlı yavəri camaatın arasında gəzəndə Aslan bəyin qardaşı Süleyman bəylə rastlaşır və bu barədə Mircəfər Bağırova məlumat verir... Məsələ bundaydı ki, Aslan bəy Sultanov Qarabağın və Zəngəzurun Fövqəladə Komissarı vəzifəsini daşıyanda Mircəfər Bağırovun da həmin dövrdə onun rəhbərliyi altında işlədiyi arxiv sənədləriylə təsdiq olunur. Onların yaxın tanışlığı isə Aslan bəyin bir dəfə Mircəfər Bağırovu və sonradan ona yavər olacaq həmin rusu quldurların mühasirəsindəykən real ölümdən qurtarmasıyla başlayıb. Mircəfər Bağırov sonralar da həmişə Aslan bəyin şəxsiyyətinə böyük hörmət bəslədiyindən, ailəni Qazaxıstana sürgün olunmaqdan xilas edir. O, sonralar da Sultanovlar ailəsinə rəğbətini gizlətmir. Hətta onları repressiyadan qorumaq üçün soyadlarını dəyişmələrini də Mircəfər Bağırov bu ailəyə məsləhət görüb. İndi Sultanovlar ulu babaları Kərbəlayi Hüseyn bəyin atası Abdulla bəyin adıyla "Abdullayev" soyadını daşıyırlar.

70 illik Sovet Hakimiyyəti dövründə Aslan bəy Sultanovun nəsli Azərbaycana neçə-neçə ziyalı, dövlət adamı verdi. Bu böyük nəslin nümayəndələri indi də dövlətin, dövlətçiliyin yanında olaraq müstəqil Azərbaycanın möhkəmlənməsi üçün çalışırlar. Ancaq onların hər biri üçün ən böyük qələbə babalarının uğrunda qan tökdüyü doğma Qarabağın, Zəngəzurun azad olunacağı gün olacaq... Bu qələbə Aslan bəy Sultanov kimi qəhrəmanların mərd ruhları naminə qazanılmalıdır!
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  “lent.az”