İctimai-siyasi sistemlər dəyişdikcə, zaman ötdükcə, illər bir-birini əvəz etdikcə təəssüf ki, bu günkü müstəqil Azərbaycan dövlətinin etibarlı təməl üzərində yüksəlişinə münbit şərait yaradılmasına vaxtında sanballı dəstək vermiş bir çox insanların da adları unudulur, böyüyən gənc nəsil xalqımızın tərəqqisi naminə böyük əmək sərf etmiş, xidmətlər göstərmiş, öz dövrünün ən sayılan, seçilən, öndə gedən insanlarının adları yaddaşlardan silinir, yaxud da gənc nəsil tariximizin yaxın dövrlərində yaşamış bir sıra dəyərli şəxsiyyətlərin fədakar fəaliyyəti, şəxsiyyəti haqqında məlumatsız qalırlar. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” sözlərini tez-tez təskinlik üçün dilimizə gətirsək də, obyektiv həqiqət belədir. Belə unudulan insanlardan biri də 30-60-cı illərdə Azərbaycanın partiya-siyasi elitası, hökumət rəhbərləri arasında da, sadə əməkçilər içərisində də məxsusi hörmət-izzət sahibi olmuş, uzun illər nazir, Azərbaycan KP MK-nın tikinti üzrə katibi, respublika Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, MK-nın büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş Mehbalı Firudin oğlu Əmiraslanovdur.


İctimai-siyasi sistemlər dəyişdikcə, zaman ötdükcə, illər bir-birini əvəz etdikcə təəssüf ki, bu günkü müstəqil Azərbaycan dövlətinin etibarlı təməl üzərində yüksəlişinə münbit şərait yaradılmasına vaxtında sanballı dəstək vermiş bir çox insanların da adları unudulur, böyüyən gənc nəsil xalqımızın tərəqqisi naminə böyük əmək sərf etmiş, xidmətlər göstərmiş, öz dövrünün ən sayılan, seçilən, öndə gedən insanlarının adları yaddaşlardan silinir, yaxud da gənc nəsil tariximizin yaxın dövrlərində yaşamış bir sıra dəyərli şəxsiyyətlərin fədakar fəaliyyəti, şəxsiyyəti haqqında məlumatsız qalırlar. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” sözlərini tez-tez təskinlik üçün dilimizə gətirsək də, obyektiv həqiqət belədir.
Belə unudulan insanlardan biri də 30-60-cı illərdə Azərbaycanın partiya-siyasi elitası, hökumət rəhbərləri arasında da, sadə əməkçilər içərisində də məxsusi hörmət-izzət sahibi olmuş, uzun illər nazir, Azərbaycan KP MK-nın tikinti üzrə katibi, respublika Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, MK-nın büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş Mehbalı Firudin oğlu Əmiraslanovdur.
O, 1902-ci ildə Zəngəzur qəzasının ucqar və kiçik dağ kəndi Balahəsənlidə (Qubadlı rayonu) anadan olub. 1918-ci ildə bəşər tarixinin ən iyrənc vandallarından olmuş erməni Andranikin qaniçən cəllad dəstəsinin qəfil hücumu ilə bütün ailəsi, doğma, əzizləri, həmkəndliləri  məhv edilir. O və qardaşı Əli bu labüd ölümdən dayısı Yusif ağa Sultanovun sayəsində xilas olur. Yusif ağa xalqımıza onlarla tanınmış dövlət, hərbi, siyasi, elm və mədəniyyət xadimi bəxş edən, Zəngəzurun ən nüfuzlu, əsilli-köklü bəylərindən olmuş Sultanovlar nəslinin dəyərli nümayəndəsi idi, rus-yapon müharibəsində göstərdiyi igidliklərə görə yüksək çinli orden, medallar almış, camaat arasında qazandığı hərtərəfli yüksək nüfuzuna görə Şamaxı şəhər idarəsinin rəhbəri seçilmişdi. Yusif ağa Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın ana babasıdır.
Erməni qırğınları başlamadan öncə Yusif ağa bacısı uşaqları:- sonralar SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş dünya şöhrətli alim Əli Əmiraslanovu, Mehbalını, neft sənayemizin görkəmli təşkilatçı və tədqiqatçı alimlərindən olmuş Baxış Sultanovu, tibb elmləri doktoru, professor Məmmədəmin Əfəndiyev, İsmayıl Veysov və bu kimi onlarla istedadlı uşağı yaxın-uzaq kəndlərdə qoyun otarmaqdan çıxarıb Şamaxıya çağırır, çoxusunu öz evində saxlayır, öz hesabına burdakı Realnı məktəbə qoyub oxudur, cəmiyyət, dövlət üçün xeyli xeyirli insanlar nəsli yetişdirirdi.
15-16 yaşı Əli və Mehbalı (əslində əmiuşağı olublar) Zəngəzurda baş verən qətliamların sorağını eşidən kimi inadla geri dönəcəklərini bildirirlər, hətta Yusif ağa kimi mötəbər insan da bacısı uşaqlarının bu inadlı istəklərinə tabe olmaq məcburiyyətində qalır. Əli və Mehbalı gündüzlər hər yanı bürümüş qaçaq-quldur əlindən meşələrdə, əlçatmaz keçidlərdə gizlənərək yalnız gecələr yol gedib həftələr çəkən yolçuluqdan sonra kəndlərinə qayıdırlar. Hər tərəfdə yanıb külə dönmüş insan sümükləri, xarabalığa çevrilmiş quru yurd yerləri görürlər, dağ-dərədə gizlənib salamat qalan həmkəndlilərindən bütün əzizlərinin məhv edildiyini, 128 yaşlı sevimli Rüxsarə nənənin də diri-diri alovlara atıldığını öyrənirlər, kül topasının içərisindən təkcə nənəsinin şalının bir qırığını tapıb götürüb dağ boyda dərdlə geri qayıdırlar. Tale belə bir dəhşətli mənzərəni də bu dəfə də Şamaxıda onlara göstərir...  
Bakının neftçıxarma idarələrində çalışırlar, həyatın əzablarını görürlər, Moskva Mədən Sənayesi institutunu bitirirlər, Əli ömürlük Moskvada qalır, Azərbaycan elminin şərəfini qoruyur, Mehbalı iki il Leninqradda işlədikdən sonra ali təhsilli mütəxəssislərin hava-su kimi gərəkli olduğu Vətənə qayıdır, Daşkəsən metallurgiya kombinatında baş mühəndis, Sumqayıt Boru-prokatı zavodunun ilk direktoru işləyir, Zaqafqaziya Sənaye Müəssisələri Tikintisi Trestinin qurucusu və faktiki olaraq Sumqayıtın tikintisinin ilk rəhbəri, 37 yaşında Toxuculuq sənayesi naziri, 40 yaşında MK katibi olur. Müharibə başlananda bu vəzifədən azərbaycanlıların ön cəbhədə xüsusilə rus dilini bilmədiklərinə və bir sıra komandirlərin millətçi-şovinist münasibətləri üzündən ön cəbhədə ağır itki və mərhumiyyətlərə məruz qaldığı korpusun komissarı, diviziya siyasi şöbəsinin rəisi, daha sonra görkəmli partiya-dövlət xadimi Əziz Əliyevin komandanlığı ilə İrana göndərilən sovet qoşununun siyasi rəhbəri olur. Həmin illərdə Təbrizdə olan xalq şairi Süleyman Rüstəmin xatirələrində polkovnik M.Əmiraslanovun Cənubi Azərbaycanda həm də mədəniyyət, elm, təhsil, milli şüurun oyanışı sahəsində gördüyü işlərə dair, eləcə də İran rejimi tərəfindən kürdlərlə (Qazi Məhəmmədin başçılığı ilə) azərbaycanlılar arasında qanlı qarşıdurmaları necə ustalıqla yatırmasına aid detallar var. M.Əmiraslanovun müharibə illərində ən böyük xidmətlərindən biri bu olub: sovet qoşunları tərəfindən tutulan Almaniya və digər Avropa ölkələrindən fürsət düşdükcə qabaqcıl texnologiya, istehsalat avadanlıqları, cihaz, tikinti, texniki vasitələrin sökülüb qatarlara yüklənib bu sarıdan ciddi problemlər yaşayan Azərbaycana göndərilməsinə nail olur, bu işlərə rəhbərlik edir. Məhz onun ideyası və təşəbbüsü ilə Almaniyadan gətirilmiş qənimət avadanlıq sayəsində nəinki Azərbaycanda, hətta SSRİ-də ilk dəfə illik istehsal gücü 1 milyon tonu keçən Qaradağ sement zavodu işə salınır.
Bu bir tarixi faktdır ki, respublikaya rəhbərlik edən Mircəfər Bağırovun qətiyyəti, Stalinlə qarşılıqlı etimada söykənən münasibətlərinin sayəsində müharibədən sonrakı illərdə tikinti-quruculuq, sənayeləşmə sahəsində SSRİ büdcəsindən Rusiya və Ukraynadan sonra ən böyük vəsait (ildə indiki pulla təqribən 2 milyarda manat) Azərbaycana ayrılmışdı, Mingəçevir (şəhər+SES), Sumqayıt, Naftalan, Neftçala şəhərləri, paytaxtın bir çox iri müəssisələri məhz həmin dövrün yadigarlarıdır. Bu ən çətin və məsuliyyətli işlərə birbaşa cavabdeh, məsul olan şəxs də Nazirlər Soveti sədrinin birinci müavini Mehbalı Əmiraslanov olub, ən çətin sahələrə o rəhbərlik edib, dəfələrlə ordenlər alıb. Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışarkən onun birbaşa zəhmətinin nəticəsi olan M.F.Axundov adına Milli Kitabxana, “Azərbaycanfilm” kinostudiyası kimi onlarla bina, 54 məktəb və sair obyektlər inşa edilir. M.Əmiraslanov son vəzifəsindən- Azərbaycan SSR Dövlət Dağ-mədən Tikintisi İşlərinin Təhlükəsizliyi Komitəsinin sədrliyindən 1981-ci ilin yanvarında öz xahişi ilə təqaüdə çıxır, İttifaq pensiyaçısı olur. 1984-cü il mayın 15-də dünyasını dəyişən M.Əmiraslanov 2-ci Fəxri Xiyabanda dəfn edilib. “Kommunist” qəzetinin 17 may 1984-cü il tarixli sayında respublika rəhbərlərinin imzası ilə verilmiş nekroloqda məhz bu cəhətlər xüsusi vurğulanır: ”...M.F.Əmiraslanov ona həvalə edilən bütün sahələrdə göstərilən etimadı şərəflə doğrultmuş, respublikada sənayenin, tikinti sənayesinin təşəkkülünə və inkişafına çoxlu qüvvə, bilik və bacarıq sərf etmişdir.”
Şəxsiyyətini, adını qoruyan mərdanə kişi
M.Əmiraslanov Stalin rejiminin tüğyan etdiyi, repressiya və təqiblərin baş alıb getdiyi bir zamanda çox az partiya, hökumət rəhbərlərindən biri olub ki, öz ləyaqət və şərəfini, mənəviyyatını qoruyub saxlaya bilib. Ondakı cəsarət, xeyirxahlıq, dostluğa sədaqət, həlledici məqamlardakı soyuqqanlılığı, bəzən də incə yumorla gərilmiş əsəblər üzərinə su çiləyə bilməsi onu yuxarıdan aşağıya hamıya sevdirmişdi, adına inam, etibar qazandırmışdı. M.Bağırovun vəzifəsindən azad edildiyi Azərbaycan KP MK və Bakı komitəsinin birgə VI plenumunun (12-13 iyul 1953- cü il) və M.Bağırovun məhkəmə prosesinin stenoqramı son illərdə dəfələrlə nəşr edilib, canlı şahidlərin xatirələri qələmə alınıb. M. Əmiraslanov yeganə adam olub ki, plenum və məhkəmədə M.Bağırovun üzünə durmayıb, tənqid etməyib, əksinə M. Bağırovun uzun illər respublikaya rəhbərliyini müsbət xarakterizə edib, xalq, dövlət naminə fəaliyyətindən faktları söyləyib, büro üzvlərindən təkcə M.Əmiraslanovun verilmiş siyasi təlimatın əksi olan mövqedən çıxış etməyi, dünənədək onun hər sözünə “bəli, əla” deyib əl çalan büro üzvlərinə üz tutub dediyi sözlər Moskvadan gələn generalları da çaş-baş salıb:”... Bağırov 20 ildən çox  Azərbaycanın rəhbəri olub, bəs onun heç yaxşı cəhəti olmayıb?!
Halbuki M.Bağırovun iclaslarda bəzən də haqsız yerə ən çox tənqid etdiyi, dəfələrlə öz fikrini açıq, birbaşa deməsi ucbatından vəzifə pilləsində  qaldırıb endirdiyi rəhbərlərdən biri M.Əmiraslanov olmuşdu.
Məhz bu çıxışdan sonra M.Əmiraslanova da qarşı təzyiqlər daha da güclənir, danoslar daha mürtəce hal alır.  Arxivlərdə Mehbalı Əmiraslanov barədə Moskvaya göndərilmiş, MK plenumunda da oxunan məktublar saxlanılır: "Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əmiraslanovun atası Qubadlı bəylərindəndir. Qardaş və bacıları Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra İrana qaçmışlar. Əmiraslanovun qohumu Xosrov Sultanov çar ordusu generalı, Dağlıq Qarabağın qubernatoru, müsavat hökumətinin üzvü olmuş, Türkiyəyə qaçmışdır. Əmiraslanov müharibə illərində İranda möhtəkirlik etmişdir". (Kamran Hüseynov, “Bir ömrün salnaməsi”, Teyyub Qurban "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?") O, öz ərizəsinə əsasən təqaüdə çıxıb İttifaq pensiyaçısı olandan sonra da ömrünün sonuna qədər təzyiqlərə müdrikliklə, mərdanəliklə, adına, şəxsiyyətinə xələl gətirmədən sinə gərib, ulu Zəngəzur ellərinin, Sultanovlar nəslinin adını təmiz saxlamağı bacarmışdır.

Əmiraslanovların ömrünə güzgü tutan kitab

Əmiraslanovlar ailəsinin üzvü, SSRİ və Rusiya Yazıçılar ittifaqlarının, Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, ərəb, ingilis, fransız, italyan, rus, alman, ispan, çex, Azərbaycan dillərində çapdan çıxmış povest, hekayə, publisistik məqalələrdən ibarət kitabların, Rusiya və Səudiyyə Ərəbistanı krallığında çəkilmiş televiziya filmlərinin müəllifi Elvira Araslı 30 ildən çoxdur ki,  həyat yoldaşının ( ədəbiyyatşünaslıq elmimizin patriarxı Həmid Araslının oğlu Elman Araslı ) diplomatik fəaliyyəti ilə bağlı az qala bütün şərq ölkələrində yaşamış və bu gün də dost İordaniyada dövlətimizi və xalqımızı layiqincə təmsil edir. Elvira xanımın  «İnsan və onun yaşadığı zaman» (atam haqqında xatirələr )» kitabında Mehbalı Əmiraslanovun portret çizgiləri canlı boyalarla təsvir edilmişdir.
M.Bağırovun MK katibliyindən Mingəçevir tikintisinə göndərdiyi, hansısa hərəkətinə görə narazı qalaraq “türk casusu” kimi həbsinə qərar verdiyi İslam İslamzadənin düşdüyü vəziyyət uzun illərin yaxın dostu M.Əmiraslanovu qəti hərəkətə sövq edir, özünü təhlükəyə qoyaraq gecəylə İslamzadəni xəlvətcə aradan çıxarıb Sumqayıta, oradan qatarla Moskvaya qaçırdır, sonra da bu məsələni yoluna qoyub onu Azərbaycan SSR-in Moskvada daimi nümayəndəsi təyin etdirir.  “Mişa əmi (M.Ə.) toya Paris merinin dəvəti ilə rəsmi səfərə getdiyi Fransadan uçub gəlmişdi. Yeri gəlmişkən o, təkcə öz erudisiyası və peşəkarlığı ilə deyil, həm də zahiri görkəmi ilə buradakı insanlarda dərin təəssürat oyatmışdı. Xüsusilə qadınları məftun etmişdi. Zahirən məşhur fransız aktyoru Jan Qabenə o qədər bənzəyirdi ki, qadınlar onu birbaşa küçədə saxlayıb avtoqraf verməsini xahiş edirdilər. O bizim toyumuzun tamadası oldu, məhz onun məclisi yüksək səviyyədə idarə etmək qabiliyyəti və incə yumoru sayəsində qonaqlar səhərədək dağılışmaq istəmirdilər...”
Sözü gedən kitabda müəllifin xüsusən taleyin acı hökmü ilə övladı olmayan Mehbalı Əmiraslanovun öz qohumlarının övladlarına məhəbbəti də səmimi duyğularla qələmə alınıb: “Mehbalı əminin Sumqayıtdakı bağ evinə Sultanovların çoxsaylı qohumları hər yaşdan olan uşaqları ilə birlikdə gəlmişdilər. Açıq-aşkar bakılı uşaqlar moskvalı uşaqlardan fərqlənirdilər. Onlar daha təmkinli idilər, daha bayramsayağı geyinmişdilər və yaşlarından böyük görünürdülər. Bunlar Yusif ağanın nəvələriydi: bir neçə oğlan və iki qız. Qızlardan kiçiyi Elmira, o biri yaraşıqlı Aida məndən iki yaş kiçik idi. Biz onunla dostlaşdıq və bütün ömrümüz boyu bir-birimizə yaxından bağlı olduq. Hərçənd o qədər də tez-tez görüşə bilmirdik, mən həyatımın böyük bir hissəsini xaricdə yaşamışam, o isə Bakıda. Mənim təsəvvürümdə həmişə əsl Şərq qadınının etalonu kimi qalan bu nadir dərəcədə gözəl qadın, təəssüf ki, həyatdan çox tez köçdü. O böyük şəxsiyyət idi, tanınmış şərqşünas alim, elmlər doktoruydu. Sağ qalsaydı indi Azərbaycan Respublikasının Prezidentinin qaynanası idi, çox təəssüf bu günləri görə bilmədi.”...(E.A, səh 82)
Haqqında bəhs edilən kitabın ilk və son sətirlərində Zəngəzurun adı keçir, müəllifin mənsub olduğu Əmiraslanovlar nəslinin vətənə bağlılığını duymaq baxımından bu sətirlər ibrətlidir. «Əminəm ki, gün gələcək Əli və Mehbalı Əmiraslanovların bütün ömrü boyu xiffətini çəkdiyi doğma yurdları qəsbkarlardan azad ediləcək və biz əcdadlarımızın uyuduğu Zəngəzur torpağının  görüşünə gedəcəyik. Əzizlərim, sizin doğma Vətəniniz  həmişə qəlbimizdədir».
         P.S. “Zəngəzur” Cəmiyyətləri Birliyinin üzvləri vəfatının ildönümü münasibətilə Mehbalı Əmiraslanovun 2-ci Fəxri Xiyabandakı məzarı üzərinə tər qərənfillər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

  Hacı Nərimanoğlu
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri
   “Bütöv Azərbaycan” qəzeti, 18-24.05.11