Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 ildən çox ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında əsassız şər-böhtan, iftiralar yağdırıb http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013). Bu "hərşeyşünas"ın cəfəng uydurmanlarına cavab verməyi özümə borc bilirəm, çünki məsələ təkcə Qaçaq Nəbi, Qaçaq Həcər, S.Vurğun, Babək, Koroğlu, Xətai və b.da deyil, hədəf bütünlüklə Azərbaycan xalqının əsrlərdir inandığı, sevdiyi, şəxsiyyət nümunəsi, ədəbi, tarixi şəxsiyyətlərdir, milli-mənəvi dəyərləridir.
Sərdar Cəlaloğlunun Koroğlu və Babək haqqında son açıqlamaları ermənilərdə elə məmnunluq yaradıb ki, dərhal başlıqlara, manşetlərə daşıyıblar.
“Кёроглы и Бабек не являются национальными героями Азербайджана – лидер азербайджанской партии:...Также главный демократ Азербайджана выступил против героизации фольклорного образа народного героя азербайджанцев – Кёроглу, поскольку он не драматический, а комический герой. «Когда он попадает в неприятности, облачается в женские одеяния и сбегает, или просит о спасении коня, или представляется ашугом. В фольклоре у Кёроглу на самом деле нет никакого героического образа»,- заявил азербайджанский политик.”[1]
Bax belə, düşmən dəyirmanına su tökmək buna deyirlər, milləti aşağılamaq, biabır etmək belə olur, yazıqlar olsun!
Bizim milli dəyər və düşüncədən uzaq miskin hala salınmış mediamız yenə də Babək, Xətai, Məhəmməd Füzuli, Koroğlu, Qaçaq Nəbi, Həcər xanım, S.Vurğun və digər milli dəyərlərimiz haqqında uydurma yalanları illərdir təkrarlayan, öz şakərini davam etdirən “hərşeyşünas” ADP sədri Sərdar Cəlaloğlunun heç bir elmi-tarixi əsası olmayan, xalqımızın əsrlərlə inanıb izzət hörmətlə adlarını yaşatdığı dəyərlərini qaralayan, yalanlarla ləkələyib şübhə toxumu səpən iddialarını son günlər tirajlamaqda davam edir: “Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı… Rusiyanın tapşırıqlarını yerinə yetiriblər”, “Xürrəmilər “qey”, “Babəkin arvadı erməni olub”, “Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik”, “Vaqifi Qarabağ xanının qardaşı, arvadının üstündə öldürdü”, “Sərdar Cəlaloğlu Babəki və Koroğlunu düşmən, Füzulini kafir çıxartdı”[2], “Babəklə Koroğlu Azərbaycan dövlətçiliyinə qarşı vuruşan adamlar olublar", “Babəklə Koroğlu Azərbaycan xalqının qəhrəmanları olmayıblar", “Əslində, Babək xəlifəyə yalvarıb ki, “bağışla məni”” — ŞOK açıqlama” və sair. Heç kim də cavab vermir, rəzalətdir. Özünə, oxucusuna hörmət edən sayt, qəzet, belə axmaq fikirlərə və onu səsləndirənlərə yer, əhəmiyyət də verməli deyil, yalanı ağzına alıb yaymaq da elə ona şərik olmaqdır, erməniçiliyə xidmətdir.
Bu sərdari anti-millinin Qaçaq Həcər xanım haqqında yalan, şər-böhtan, kin-küdurət dolu, faktı, mənbələri, istinadları saxtalaşdıran müsahibəsinə bir dəfə cavab vermişəm. Guya ki, Həcər xanım Nəbi qətlə yetiriləndən sonra erməniyə ərə gedibmiş. Mənim doğulub böyüdüyüm Qubadlı bəlkə də Azərbaycanda yeganə rayon olub ki, burda erməni yaşamayıb.
Nəbi ilə Həcər Babək, Higar, Koroğlu kimi uzaq dövrün adamları deyil ki, 30-40 il əvvələ qədər Zəngəzur, Naxçıvan, Qars, Urmuda onları görüb tanıyan nə qədər adam sağ idi. Sovetin vaxtında qoyulan sadə qəbri, üstündə yazısı (1954-1919) sağ-salamat durur. Həcərin Nəbidən sonra ərə getdiyi qohumu, qonşusu çoban Həmzənin halalı ölmüşdü, körpələri ilə tək qalmışdı, təklif də dul qadın adını üstündən götürmək, düşmənçiliklərini davam etdirənlərin ağzını yummaq idi. Bu evlilikdən qızı Zeynəb, Zeynəbin Əliabbasla evliliyindən Əliş Məhərrəmov doğulmuşdu, 1941 - 45 müharibəsində sonadək vuruşub orden, medallı, yaralı qayıdan Əliş kişi 93-ün avqustun 31-də məhləsində 3 ermənini murdar edib özü də qətlə yetirilmişdi, soyun nəticə, kötücələrinin içində Şəhid, qazısı də var.
Bu gün bir yoldaş S.Cəlaloğlunun Qaçaq Nəbi haqqında dediklərini göndərib. Nə qədər bağışlanmaz ayıb, günah! Deyir: “Qaçaq Nəbi yerli idarəçiliyə qarşı çıxan obraz (!) olub. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır ki, Qara Nəbi keçi oğrusu olub. Sadə vətəndaşlar onun əlindən boğaza yığılıb, neçə dəfə ondan hökumətə şikayət eləyiblər...
Müxbir: – İndi də deyirsiniz ki, Qaçaq Nəbi keçi oğrusu olub. İndi də üstünüzə qubadlılar qalxacaqlar.
– Qardaşım, bunu mən yox, Maksim Qorki yazıb. Bunu dəfələrlə demişəm, bir dəfə də təkrar edirəm. Maksim Qorki “Qafqaz quldurları” əsərində yazır. Mənbəni də göstərirəm, gedin oxuyun da… Özü də orada deyir, “Qara Nəbi”. Bu xalqın Cavad xan kimi, Qacar kimi, Qacarın anası Ceyran xanım kimi, Fətəli xanın bacısı Bikə xanım kimi, Cavad xanın arvadı Ceyran xanım kimi qəhrəman, qadın idealları var. Bu xalqa gətirib Əslini, Şirini, Nigarı, Leylini niyə nümunə eləyirsən? Babəki, Nəbini, Koroğlunu da kişilərinə…”[3]
Maksim Qorkinin «Разбойники на Кавказе» oçerkində (“razboynik” sözünün rus dilində düz 89 sinonimi var[4] və “Qafqaz qaçaqları” kimi də tərcümə olunur) yazdığını mənbədəki kimi bura əlavə edirəm: “Максим Горький о Баку. Уезжая из Баку, Горький увозит с собой большую любовь к азербайджанскому народу и его культуре и создает ряд художественных произведений, непосредственно связанных с Азербайджаном. Он публикует цикл очерков под названием «Разбойники на Кавказе», которые помогли внести ясность в один запутанный вопрос из области азербайджанской фольклористики: провести разграничительную черту между разбойничьей деятельностью Кара Наби, обыкновенного грабителя и бандита, и освободительной борьбой популярного в народе Гачага Наби, возглавившего в конце XIX века крестьянское движение в Азербайджане.” (M.Qorki: adi bir soyğunçu quldur olan Qara Nəbinin fəaliyyəti ilə XIX əsrin sonlarında Azərbaycanda kəndli hərəkatına rəhbərlik etmiş xalq arasında populyar olan Qaçaq Nəbinin azadlıq mübarizəsi arasında bir ayrım xətti çəkin.)
Bu adam, heç olmazsa, orta məktəbdə oxuyanda dərsliklərdə yazılanlardan bilməli idi ki, Qaçaq Nəbi ilə Qara Nəbi tamam başqa adamlar idi, çarizmin yerli idarələri Qaçaq Nəbini xalqın gözündə nüfuzdan salmaq üçün Qara Nəbini ortaya atmışdı, onun elədiklərini Qaçaq Nəbininn adına yayır, yazırdı və Qaçaq Nəbi də onun adından qətl-qarətlər törətdiyinə, kasıb-kusubun son çörəyini əlindən aldığına görə Qara Nəbini layiq olduğu, haqq etdiyi şəkildə öldürmüşdü: "Burada onuda demək lazımdır ki, bu və sonrakı qaçaq hərəkatını XIX əsrdə, xüsusən əsrin ikinci yarısından başlayaraq Azərbaycanda yayılmış quldur qaçaqlarla eyniləşdirmək olmaz. Bu cür qaçaq quldur dəstələri, xalqın qaçaqların özləri tərəfindən darmadağın edilir, qətlə yetirilirdilər. Və xalq da öz güvəndiyi qaçaqlara bu işlərdə əlindən gələn köməyi əsirgəmirdi. Məsələn, Azərbaycan tərəfə tez-tez "səfər" edən və hətta Qaçaq Nəbinin özünü tutmaq və hökumətə (İran və Rusiya tərəfinə) təhvil vermək istəyən Qara Nəbi Qaçaq Nəbi tərəfindən qətlə yetirilmişdi".[5]
Bu SC-nun tarixi mənbələrə, sənədlərə etinasızlığı bu şəkildədir. Nə deyəsən. Adam ərəb dilində yazıb oxumağı da bilmir, ancaq Qurana 22 kitablıq izah yazır.[5]
Adını xatırlatdığınız M.Qorkinin başqa bir yazısından: “Rusiyanın əyalətlərində həm xalqın müdafiə etdiyi mərd qaçaqlar və həm də xalqın nifrət etdikləri quldurlar da olmuşdur. Çar hökumətinin rəsmi dairələri ələ keçməz mübariz qaçaqları “quldur”, onların çıxışlarını “quldurluq” adlandırır, əməllərini isə cinayətkarların, qatillərin və soyğunçuların əməlləri ilə eyniləşdirirdi. Lakin çarizmin rəsmi dairələri “quldurluğun”, əsasən, müstəmləkə zülmünə qarşı etiraz forması olduğunu bilsələr də, qaçaqları həyasızlıqla soyğunçular (razboyniki) adlandırır, özləri ilə yanaşı, tərəfdarlarına qarşı da amansızlıqla mübarizə aparır, terror, həbs, sürgün yolu ilə onların kökünü kəsmək istəyirdilər. [7]
Məşhur rus tarixçisi Vasili Lvoviç Veliçkonun Qafqaz qaçaqları haqqında bu məşhur sözləri həm də Qaçaq Nəbiyə və dəstəsinə də aiddir: “Onlarda həqiqətən də alicənablıq, mərdlik, sözübütövlük, əhdə sadiqlik, nadir düzlük və açıqürəklilik vardır... Onlar ləyaqətli insanlardır... Onlar pusquda durub adam öldürməyi şərəfsizlik sayırlar. Onlarda belə bir məsəl var: “Düşmənin gözünə baxmaq lazımdır”.[8]
AMEA tarix İnstitutu, Bəhlul Behcət, Hüseyn Baykara və b-nın tədqiqatlarında Qaçaq Nəbinin “İstismarçı imperializmə və rus çar rejiminə qarşı partizan mübarizə aparması”nı çoxsaylı sənədlərlə ortaya qoyub. Naxçıvan quberniyasının polis rəisi çar II Nikolaya yazırdı: “Zəngəzur, Naxçıvan, Ordubad, Sisianda çoxlu tərəfdarları olan Nəbinin qaçaq hərəkatı təhlükəli bir şəkil almışdır.”[9] Peterburqdan gələn təlimat, qəti tapşırıq üzrə Qaçaq Nəbinin və dəstəsinin tam məhvi məqsədilə çar generalları - Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan qubernatoru A.A.Freze, İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskinin və digərlərinin teleqramları, bir-biri ilə yazışmalarından aydın görünürdü ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin cəldliyi, cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxırdı. Çar üsuli-idarəsi türk, kürd naçalnik, pristavlara inamsızlıqdan onların Nəbiyə qarşı savaşlara göndərilməsinə imkan vermir, daha çox rus, gürcü, erməni qüvvələrindən yararlanırdı. Saydığım təkcə bu 3 tədqiqatda, Peterburq, Tiflisdə çıxan qəzetlərdə onlarla arxiv sənədi qalır. Doğrudanmı özünü mütaliəli demokrat, siyasətçi sayan S.C bunlardan xəbərsizdir.
Bədnam ünsürlərin “keçi oğrusu” saydığı Qaçaq Nəbinin əsas mübarizə hədəfi işğalçı rus çarizmi, onun yerlərdə qurduğu üsuli-idarə idi, sapı özümüzdən olan baltalar (!!!) idi. B.Behcətin kitabının mündəricatındakı bəzi başlıqları köçürüb bura qoyuram; “Nəbinin Sarımsaqlı dağında Naxçıvan naçalniki Slovenski ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşların hamısında Nəbinin dəstəsi ilə döyüşənlər rus naçalnik, pristav, saldat, kazakları idi. Bu savaşların iştirakçıları, şahidləri, söyləyənlər, savaş yerlərinin dəqiq coğrafiyasına qədər hamısı kitabda yerbəyer, adbaad göstərilib və arxiv sənədlərli-yerli hakimiyyət nümayəndələrinin raport, məruzə, teleqramları ilə eyni məzmundadır.
Və bir də Peterburq sarayı Gəncə, İrəvan, Tiflis general qubernatorlarının Qacarlar dövlətinin generalları ilə birlikdə 20 ildən çox Qaçaq Nəbini aradan götürmək üçün apardıqları mübarizənin nəticəsiz qaldığını görüb nəhayət çar sarayının ən təcrübəli xəfiyyə generalı D.Skalonu Qafqaza ezam eləmişdi, onun cızdığı planla razılaşan tək bir adam tapmışdılar, o da illərlə Qaçaq Nəbi ilə duz-çörək kəsmiş naxçıvanlı hacı Fərəc idi ki, aldığı pul, qızıl, mülkün müqabilində Qaçaq Nəbini qətlə yetirməyə razılaşır, özü kimi bir neçəsini də şirnikləndirib, ağzın yallayıb pusquda dururlar, 1896-cı il martın 12-də novruzqabağı çərşənbədə gecə Kərbəla ziyarətindən qayıdan Nəbini Urmunun Larni kəndində dəyirmanın yanında arxadan güllələyib qaçırlar.[10]
Sərdar Cəlaloğlu indiyədək arxivlərə giribmi, bilmirəm. Mən isə arxiv sənədlərinə istinadla yazılan faktları ona xatırladıram: 1831-ci ildə S.Cəlaloğlunun doğulub böyüdüyü Naxçıvandan 14 km aralıdakı Cəhri kəndində 338 ailə - təsərrüfat var idi, bundan 130-u erməni ailələri idi. Cəhridə ermənilərdən 38 toxucu, 6 dülgər, 1 dəmirçi, ildə 1060 tümən dövriyyəsi olan 2 tacir, 4 keçəçi, 1 bərbər, 1 pinəçi, 17 zərgər, 1 bərbər var idi. Tatarlarda (Azərbaycan türkləri) 70 tümənlik illik dövriyyəsi olan 2 ticarətçi, 3 dəllək, 1 papaqçı, 3 toxucu, 2 dərzi-vəssalam. Mənbə.[11]
XX əsrin 20-ci illərində Türk-Azərbaycanlıların guya günahsız erməniləri qırdığını bədnam “Daş yuxular” romanında yazan Əkrəm Əylislinin doğulduğu Yuxarı Əylisdə 122 erməni ailəsi yaşayırdı, buna qarşı da cəmi 46 tatar-türk ailəsi. Mənbə burdadır:[12]
Heç nə təsadüfi deyil, hər şeyin nədəni vardır, C.Sərdarın danışdığının, danışmağının da.
Hələ bu yuxarıkı rəqəmlər əsrin əvvəlində olanlar idi, 19-cu əsrin sonuna kimi də bir ucdan erməni ailələri köçürülüb gətirilirdi Naxçıvana, Qarabağa. Və ermənilər yerə batmadı, göyə çıxmadı, qırılıb qurtarmadı, uzaqgörən məkrli niyyətlərlə həm də müsəlman türklərlə qanlarını qarışdırdı, qız verib aldı, adlarını dəyişdi, ürəyində, dilində nə oxuyurdu özləri bilirdi, ancaq özlərin dinin dəyişib namaz qılan kimi də görsətdilər, məşədi, kərbəlayı da oldular, çarşab da bağladılar, papaq qoyub mollalıq da etdilər, hələ törəmələrinə şəkillərini çəkdirib evlərinə də asdırdılar, ancaq erməniliklərini, türkə düşmənçiliklərini heç zaman itirmədilər və nəsilbənəsil özlərindən sonra gələnlərə ötürdülər. Vəsiyyətlərinin biri də bu oldu ki, türkün irəli gedənin, ucalanın şərləyin, gözdən salın, tikilənin uçurub dağıdın, yalanlayın, yalanı çox deyin, dilə, ağıza salın, birincidə tutmadı, ikincidə yapışmadısa, 4, 5-ci də yapışıb izi qalacaq, şübhəyə salacaq, müsəlmanın onsuz da yaddaşı zəifdir, yalana tez inanandı, haqqın tələb etməkdə acizdi, tez xoflanıb şübhəyə düşəndi və sair.Və bir də Azərbaycanda kimsə demokratiya anlayışına, düşüncəsinə Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludan ağır zərər vurmayıb, adam boşuna hər şeydən danışır, bircə demokratiyadan başqa, bir qardaşı Avropada oturub Naxçıvan torpağının Azərbaycan, Türk dünyasına bəxş etdiyi ən böyük şəxsiyyətə, onun ailəsinə olmazın iftiraların yağdırır, burda da siz millətin mənəvi dəyərlərinə qənim kəsilmisiniz. Şərəfli, gərəkli işlərlə məşğul olun, xalqın heysiyyətinə toxunduğunuz yetər, yaş ötür, Sərdar Cəlaloğlu. Vətən şəxsiyyətləri ilə Vətən olur, ucalır, böyüyür, tanınır. Böyütməyə, ucaltmağa çalışın ki, özünüzə də pay çatsın, heç nə gec deyil. Elminizi, bildiklərinizi gözəlliyə, nəcibliyə, xeyirli işlərə sərf edin ki, gecənin bir vaxtı yazmağa məcbur qaldığım belə cavabları da almayasınız. Əlimdə vacib yazımı yarımçıq qoyub, təəssüflə, ürək ağrısı ilə yazıram bunu. Həm də ona görə ki, ailənizdən iki cənnətməkan Şəhid var...onların ruhundan həm də sizin yerinizə utandım. Ayıbdır, çox ayıb!
[1] https://armenpress.am/rus/news/717642/kyorogliy-i-babek-ne-yavlyayutsya-nacionalniymi-geroyami-azerbaiydzhana.html
[2] https://musavat.com/news/serdar-celaloglu-babeki-ve-koroglunu-dusmen-fuzulini-kafir-cixartdi_212429.html
[3]https://www.xural.com/sərdar-cəlaloglu-qaynar-qazanda-iii-sonuncu-hissə-qacaq-nəbi-keci-ogrusu-olub-video/
[4] https://sinonim.org/s/%D1%80%D0%B0%D0%B7%D0%B1%D0%BE%D0%B9%D0%BD%D0%B8%D0%BA
[5]Azərbaycanda qaçaq hərəkatının bilinməyən tərəfləri, Elnur Bədəl, femida.az. 03 Avqust 2016
FacebookTwitterWhatsAppDaha Çox
[6] https://www.xural.com/sərdar-cəlaloglu-qaynar-qazanda-iii-sonuncu-hissə-qacaq-nəbi-keci-ogrusu-olub-video/
[7] Nijneqorodskoy listok, 1896, 8 noyabr
[8] В.Л.Величко. Кавказ. Русское дело и междуплеменные вопросы. СПб., 1904, с.179-180.
[9] AMEA Tarix İnstitutunun nəşri, “Qubadlı qədim Azərbaycan torpağı Zəngəzurun qapısı, Bakı-2013
[10] ЦГИА Груз ССК, ф. 12, оп.1473, лис.65-66
[11]Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsviri, “Elm və Təhsil”-2021, səh.363
[12] Yenə orada, səh.592
Sözardı: Bir neçə saytda yayılmış bu məktub S.C-nun yeni açıqlamalarına uyğun cavabla yenidən işlənib.
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru