Dünyanı yenidən bölüşdürmək üçün başlanmış Birinci dünya müharibəsi (28 iyul 1914–11 noyabr 1918) əvvəlcə "Antanta" - Böyük Britanya, Fransa və Rusiya imperiyası ilə "Üçlər ittifaqı" - Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçir) arasında başlanmışdı. 38 dövlətin qarışdığı, 70 milyondan artıq hərbçinin (onların 60 milyonu avropalı idi) qoşulduğu, 10 milyon əsgərin yaşamını itirdiyi bu savaşa Osmanlı dövləti 1914-cü ildə "Üçlər ittifaqı" tərəfindən qoşuldu.
Buna cavab olaraq oktyabrın 2-də Rusiya, 5-də Böyük Britaniya, 6-da isə Fransa Osmanlıya müharibə elan etdi. Suriya, Fələstin və Qafqazda Osmanlıya qarşı yeni cəbhələr açıldı. 1914-cü ilin dekabrından başlayaraq Qafqaz cəbhəsində Rusiyanın hücumları türk ordusuna acı faciələr yaşatdı. Dekabrın 21-i şaxtalı günlərdə başlanan yürüşdə təkcə Sarıqamışda soyuqdan donub həlak olan və əsir düşən türk əsgərlərinin sayı 30 min nəfərdən çox idi. Əsirləri saxlamaq üçün Nargin adasında (indiki Böyük Zirə) çar Rusiyasının yerli idarələri qısa zamanda hərəsi 125 nəfərlik 40 barak tikdirir, əsir alınan 10 minə yaxın türk əsgər və zabitlər adada olduqca ağır şəraitdə yaşamaq məcburiyyətində qalırlar.
Nargində tək hərbi əsirlər deyil, Şərqi Anadolunun rus işğalına məruz qalmış Qars, Ərzurum, Ərdəhan bölgələrində yaşayan itaətsiz mülki əhali də yerləşdirildi. Hərbi düşərgədə alman, avstriyalı, bolqarlardan da əsirlər vardı. İçərilərində qoca, qadın, uşaq olan türk əsirlərinin şəhər əhalisinin gözü qarşısında keçidini təşkil edən çar Rusiyası çinovniklərinin hərəkətləri milli düşüncəli ziyalıların, ruhanilərin, sahibkarların çox ciddi narazılığına səbəb olur, imkan düşdükcə onlara yardım edilir, müxtəlif vasitələrlə qaçırılıb gizlədilirdi. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, "Qardaş köməyi", "Möhtaclara kömək", "Türk əsirlərinə yardım komitəsi" və bu kimi bir neçə cəmiyyət yaradıldı. Narginə əsirlərin gətirilməsi 1915-ci ilin mart ayında başlanmış, 1918-ci il oktyabrında düşərgə bağlanmışdır. Nargin adasında türk məhkumları üçün düşərgənin (rusca: Лагерь для турецких военнопленных на острове Нарген) rəis, komendantları ruslar (məs, polkovnik A. V. Poltaratski, poruçik Velikoseliski, kapitan Zilov, nəzarətçilərin çoxu isə erməni idi.
Bakı arxipelaqının ən böyük adası olan Zirədə yerləşən Narginin ümumi sahəsi 3,5 kv. kilometrdir. Böyük Zirə (Nargin) adası Bakı körfəzini dənizdən ayırır, Abşeron yarımadasının cənubunda yerləşir. Nargin adasının uzunluğu 3,1, eni isə 0,9 kilometrdir, bitki örtüsü azdır. Körfəzi dənizdən ayıran ikinci ada Daş Zirədir ki, buna Vulf adası deyilir. Zirə sözü ərəbcə Cəzirə (ada) sözündən əmələ gəlmiş, Cəzirə sözündən "cə" sözönlüyü atıldığından tək Zirə sözü qalmışdı. Nargin və Vulf adalarının adı I Pyotrdan xatirədir. Belə ki, Pyotr onları xəritədə Fin körfəzində eyni adalara bənzətdiyindən bu cür də adlandırılmışdı.
Əsirlərin halı Nəriman Nərimanovun məqaləsində
Azərbaycanın dövlət və ictimai xadimi, yazıçı-publisist Nəriman Nərimanov "Hümmət" qəzetinin 28 noyabr 1917-ci il sayında dərc edilən "Göz yaşı tökdürən Cəzirə" məqaləsi Nargində yaşanan dəhşətli faciəyə işıq tutur: “Kaş bu Cəzirəyə getməzdim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməzdim. Kaş "Əfəndim su", "Əfəndim yemək", "Əfəndim paltar" sözlərini eşitməməydim. Kaş çılpaq, dodaqları soyuqdan titrəyən, üzləri bozarmış atasız-anasız balalarla sözləşməyəydim. Kaş xəstəxanada başları kərpic üstdə can verən igidlərə rast gəlməyəydim...". Nərimanov 1200 əsir türkün hazırda ölüm ayağında olduğunu, 6 min nəfərin bu növbəyə hazırlaşdığını, tif, vəba kimi yoluxucu xəstəliyin geniş yayıldığını xəbər verir. Belə çətin, ağır duruma tab gətirə bilməyən, psixoloji sarsıntı keçirdiyini dilə gətirən Nərimanov yazır: "Mən ağladım...Mən gündə mərəzlər arasında gün keçirən, gündə dürlü-dürlü xəstələrin ah-naləsini eşidən, onların axır dəqiqələrinə öyrənmiş, tab gətirə bilməyib ağladım".
Nərimanovun qəzetdəki bu məqaləsi ictimaiyyətin, milli qüvvələrin, yerli özünüidarə orqanlarının diqqətini çəkdi və təcili olaraq Bakı Şəhər Dumasının nəzdində əsir işlərinə dair komitə yaradıldı, qurumun ilk iclası keçirildi. "Hümmət" qəzetinin 5 dekabr saylı nömrəsində doktor Nəriman Nərimanovun əsir işlərinə dair komitədə etdiyi çıxışın təfərrüatı dərc olundu: “adada hər gün 30 nəfər ölür. Ölüm faizinin çox olması adaya yeni hərbi əsirlərin ağır şəraitdə gətirilməsi, malyariya və dizinteriyadır, əsirlərə döşək verilmir, onlar nazik saman yataqlarda yatırlar, son iki həftə ərzində suyun olmaması səbəbindən paltarlar yuyulmur, içməli su, dərman çatışmır... Həbsxananın ətrafında çox qorxunc iy dolaşır. Bu, ölü qoxusu idi. Ölülər islam qayda-qanununa uyğun olmadığı bir şəkildə dəniz kənarında əsirlərin özləri tərəfindən qazılan quyulara, üst-üstə atılırdı. Yuyunma imkanı olmayan əsirlər arasında xolera, tif xəstəliyi baş qaldırır, baraklar qızdırılmadığından şaxtada donaraq həyata son verirdilər. Əsirlərə gün ərzində içərisində yağ və ot olmayan, qaynar sudan ibarət olan şorba və 100 qram qara çörək verilir, az keçmədən norma yarıbayarı azaldıldı. Yuyulma və dərmanlama bəhanəsi ilə əsirlərin geyimləri bəzən əllərindən alınır, əvəzinə köhnə, dağılmış kətandan paltarlar verilir...”
Komissiyanın məruzəsi əsasında qəbul edilən qərar, müraciət Tiflis və Peterburqa göndərilir, nümayəndələr Tiflis canişinliyində rəsmilərlə görüşür, bundan sonra bəzi tədbirlər görülür, ən ümdəsi Bakıdakı Müsəlman Xeyriyyə Cəmiyyətinin yardımlarının adaya çatdırılmasında xeyli yumşalmalar olur.
Bakıdan başqa yardımlar da var idi
Hacı Zeynalabdin Tağıyev yenicə tikdirib başa çatdırdığı dəyirman binasının içərisində düzəliş etdirərək buranın həbsxanaya çevrilməsini çar üsuli - idarəsinin yerli təmsilçilərindən xahiş etmiş və bu təklif qəbul edilmişdi. Adadakı əsirlərin bir hissəsi bura köçürülmüşdür. Tağıyev müharibə illərində öz fabriklərində istehsal olunan parça məhsullarının bir hissəsini də pulsuz, ya da ucuz qiymətə Osmanlı ordusuna göndərirdi.
Canakkalada Azərbaycandan könüllü olaraq gəlib Qurtuluş savaşına qatılmış çox sayda şəhidin məzarı var, onlardan biri də 18 yaşlı İbrahimin məzarıdır.
Osmanlı tabeliyindəki Balkanlarda başlayan savaşda Osmanlıya ilk dəstəyi verən Bakı aydınları olmuşdu. 1912-ci ildə İstanbulda cıxan "Səbilur-Rəşad" məcmuəsində Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: "Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və tərəqqisindədir!"
Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivində saxlanılan aşağıdakı bu sənəddə həmin qardaşlıq duyğuları əksini tapmışdır: "Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmət Paşa cənablarına!
Türk ordusunun Azərbaycanı azğın düşmənlərin caynağından xilas etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türk torpaqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşə verilərək işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan da ingilis əsgərləri tərəfindən işğal edilmişdi. Bütün qəlblərin sızladığı, qan ağladığı bir məqamda Azərbaycanın fədakar övladları 23 mart 1920-ci il tarixində baharın gəlişi münasibətilə Anadolu gününə həsr olunmuş xüsusi yardım kampaniyası təşkil etmişdir. Miqdar baxımından çox olmasa da, "Anadolu günü" yardım kampaniyasında bolşeviklərin işğalına məruz qalmış Azərbaycandan Anadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl toplanmışdır”.
1920-ci ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft, benzin, kerosin göndərmişdi. Mustafa Kamal Atatürk 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan dövlətin zəruri ehtiyacı üçün borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı isə silah və sursat üçün istifadə edilmişdi. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu da Ankaraya göndərmişdi. Bu yardımlar sayəsində döyüş içində olan ölkənin vəziyyəti xeyli düzəlmişdi. 1921-ci il mart ayının 23-də Azərbaycan hökuməti könüllü şəkildə Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərdi. Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilib.
Nərimanov Atatürkün təşəkkür məktubuna cavabında Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirir və sonra əlavə edirdi: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik.”
Bu qardaşlıq 2020-ci ilin 44 günlük II Qarabağ savaşında bir daha sınaqdan şərəflə çıxdı.
Qaçırılan əsir türklərin sonrakı həyatı
Nargin adasında məhkumluq həyatı yaşayan türk əsgər və zabitlərini qaçırıb, onları müxtəlif bölgələrdə təhlükəsiz şəraitdə gizlədilib yerləşdirilməsi Türkiyə tarixçiləri, professor Cəmaləddin Taşkıranın qələmə aldığı "Birinci Dünya Savaşında türk əsirləri", Səlcuq Qızıldağın "Sarıqamışdan Sibirə qədər Nargin", Ziya Yerkökün şahid xatirələri əsasında yazdığı 1850 səhifəlik "Cəhənnəm adası Nargin", Hüsaməddin Tuğacın "Bir nəslin dramı", Qılman İlkinin "Türk ordusu Bakıda”, Akif Aşırlının “Nargin adasında türk əsirləri” kitablarında, Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan sənədli filmlərdə və s.də əks olunub. Tarixçilərinin təqribi hesablamalarına görə, rusların nəzarətində 60-70 min nəfərə yaxın əsgər və zabit, 100 mindən çox mülki vətəndaş əsir həyatı yaşamalı olmuşlar. Bu sayda əsirlərin yalnız 10 min nəfərə yaxını Nargin adasında, qalanlar isə Rusiyanın içərilərinə, xüsusən isə Sibirin müxtəlif həbs düşərgələrinə paylanılmışdı. Bu məkanların sayı azı 25 olub.
Azərbaycanlılar türkləri həm fərdi şəkildə, həm də müxtəlif açıq, gizli təşkilatlar vasitəsi ilə əsirlikdən qurtarırdı. "Ergenekon yolu" jurnalının 1961-ci il ilk sayında Cümhuriyyət Parlamentinin Zəngəzurlu deputatı Məmməd Sadıq Aranın "Qardaş köməyi" məqaləsində yazırdı ki, Anadoluda fəlakətlərlə, müharibənin dəhşətləri ilə təkbaşına qarşı-qarşıya qaldığımız vaxtlarda, Ərzurum, Ərzincan, Trabzon, Rizə və digər Anadolu vilayətləri rus ordusunun işğalına məruz qaldığı dönəmlərdə Azərbaycan türkləri bizi yalqız, köməksiz qoymadı.
Türkiyə dövlət arxivinin 6-cı fondunun "Nargin işi" adlı 346-cı qovluğunda türk əsirlərinin qaçırılmasının azərbaycanlı sahibkarlar tərəfindən həyata keçirildiyinə dair çox sayda faktlar var. Bakı Quberniyası Jandarma İdarəsinin təkcə 1915-ci il oktyabr ayının 5-dən dekabrın 30-dək davam etdirilən araşdırmasında jandarm idarəsinin agentura şəbəkəsinin də topladığı məlumatlarla yanaşı, Bakı əhalisinin Rusiya-Türkiyə müharibəsinə münasibəti də daxil olmaqla 81 səhifədən ibarətdir və təhqiqat 32 sənədi əhatə edir. İmperatorun Qafqaz canişinliyinə erməni əsilli müstəntiq Aleksandr Boqdanoviç Akopovun (Akopyanın) göndərdiyi məktubda Azərbaycan ziyalılarına qarşı başlanmış “Nargin işi”ndə adadakı əsir türk zabitlərinin qaçırılmasında iştirak etmiş azərbaycanlı sahibkarlar İsmayıl bəy Səfərəlibəyov, Murtuza Muxtarov, Acar bəy Aşurbəyov və onun həyat yoldaşı, Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin sədri Sona xanım Hacıyeva barəsində istintaq araşdırması başlandığı bildirilir. Danosçuların da əksəriyyəti ermənilər olub. Azərbaycan sahibkarlarının himayəsi altında bu iş ardıcıl davam etdirilir, pul toplanır, nəzarətçilər ələ alınır, gizli yerlər, evlər tapılır, azad edilən əsirlərin bir çoxu İrana keçirilir.
Əsirlərin adadan qaçışından sonra "İsmailiyyə" mehmanxanasına gətirildiyini, onların şərəfinə ziyafət verildiyini qeyd edən Akopov digər faktları da yazır: "Bu idarənin nəzdində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkilliyi fəaliyyət göstərirdi ki, bu quruma Xosrov Paşa Sultanov rəhbərlik edirdi. Qarsa, Ərzuruma, Ərdəhana göndərilən xeyriyyə cəmiyyəti üzvləri yetim uşaqları, xəstə və ahılları yığıb Tiflisə gətirir, oradan Gəncə və Bakıdakı xəstəxanalara, uşaq evlərinə yerləşdirir.”
Bu da məlumdur ki, adadakı nəzarətçi və həkimlərin də bir çoxu erməni idi, onların əsirlərə nifrəti, amansız hərəkətləri xüsusilə qorxunc idi; gözləri ağrıyanları müalicə etmək əvəzinə basıb gözlərini çıxarır, əbədi kor edir, azacıq müqavimət göstərəni, əsas da keçmiş zabit və əsgərləri öldürməkdən zövq alırdılar.
Bakı qradonaçalnikliyinin 11 avqust 1915-ci il tarixli “məxfi” qrifli məktubunda polis idarə rəsilərinə qaçırılan bir qrup türk zabit, əsgərlərinin adlı siyahısında yaşları, rütbələri, əsas əlamətləri də göstərilir və onların tez bir zamanda tapılıb geri qaytarılması barədə əmr verilir. Bu sənədlər də Azərbaycan arxivlərində saxlanır: f. 156, siy. 1, sax.vah. 149.
Qaçırılan türk əsirlərin adlı siyahısında 127 nəfər var.
Nargin əsirlərindən 300-dən çoxu 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda Qafqaz İslam Ordusunun tərkibində Göyçay, Qaraməryəm, Şamaxı, Bakı döyüşlərinə qatılıb. Onlar Azərbaycanın azadlığı uğrunda ingilis-rus hərbi birləşmələrinə, erməni terrorçu silahlılarına qarşı 6 ay sürən savaşda mərdliklə savaşıblar. Bakıdakı Türk Şəhidliyində əbədi uyuyan 1140 şəhid türkün arasında Nargin əsirlərinin də bir çoxunun adı var.
Azərbaycan - Türkiyə qardaşlığı əslində elə Nargin adasındakı həbsxana düşərgələrindən başlamışdı.
İnternet materialları əsasında hazırlayan, Hacı Nərimanoğlu