Faiq Şəmil oğlu İsmayılov (1962-1993) Yevlaxda doğulub Mingəçevirdə yaşamışdı. 12 il yaşadığım nurlu Mingəçevirə AzərTAc-ın bölgə müxbiri təyinatı alıb gələndə təzəcə rəhmətə getmişdi, qəzetdə işləyirdi, üzünü görmədim, “İynəboyu şeirlər”inin əlyazmalarını oxudum və əbədilik yaddaşıma, ruhuma yazdım o adı, şeirlərini. Dəfələrlə anım tədbirlərini keçirdik, haqqında yazdım. Bu il 60 yaşı olur 31 yaşında dünyadan köçən şairin. Onu siz də oxuyun, belə istedadlar nadir doğulur…
***
Baxmaq istəyirəm gözlərinə mən
ancaq baxışların dönüb qaçır hey
Əllərin üşüyür, gizləmə məndən
verim ürəyimi əllərini gey...
***
Biz xoşbəxtliyi həmişə çıraqla gəzmişik
Guya xoşbəxtlik iynədir, düşüb samanlığa
Xoşbəxtlik çiyinlərimizə qonanda heç bilməmişik...
***
Gözlərimin qabağında
sudan çıxarılmış balıq kimi
çabalaya-çabalaya ölür vaxt.
Bu dünyada ən böyük dərd,
vaxtın ölməyini görməkdi...
***
Yarpaqların üzündə ölüm kölgəsi
Azca yel əsdi... Bəsdi
Budaqdan torpağacan uzanacaq
Yarpaqların ömrünə əl yelləməsi.
Yarpaqlara təsəlli vermək istəyirəm-
təsəlli vermək
Heç nəyini vermək kimidir.
Neyləyim, kasıbın olanından!
***
Bir sakit bucaqda
Axıdılan göz yaşı
Yanaqlardan savayı
Heç nəyi yandırmır... İndi özün bil...
***
Xoşbəxtliyi əlindən salmamaq üçün
Xoşbəxtlər dönürlər qorxağa
Xoşbəxtlik yaş balıq kimidir, dostum
Heç vaxt tələsmirəm xoşbəxt olmağa...
***
Yağma, qar!
Məni qarabuğdayı doğub anam
Çətin ağaram...
Tutaq ki, ağartdın saçlarımı
ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Tutaq ki, ağartdın geyimimi-keçimimi
Ağarda bilməzsən bəxtimi
Özünü yorma qar, yağma qar..
Çətin ağaram...
***
Biz xoşbəxtliyi
həmişə çıraqla gəzmişik.
Guya xoşbəxtlik iynədir,
düşüb samanlığa…
Xoşbəxtlik çiyinlərimizə
qonanda heç bilməmişik!
Gecəni yükləyib vaqonlara,
qatarlar şütüyür sağa-sola.
Qatarlar gecəni aparır,
qayıda sabahla.
Gecə də qurtarmır..
Qatarlar yorulacaq, vallah!
Anam boyundan uzun əyilir
təndirə.
Kündə yapır.
Anamın kündə yapan
əllərini öpürəm,
çörək dadır!
Sevgi adamın içində
çiçək kimi açır.
Səssiz-sözsüz
nəğmələr kimi,
kəpənəklər uçur
solundan, sağımdan.
***
Yaşım azdı,
boyum uzun,xəbərim yoxdu ağlımdan.
Hələ öz ağlına görə
ağlımı ölçür…
Sevgi adamın içində
çiçək kimi açır!
***
Bir bəyaz gecədi.
adamlar çoxdan yatıb.
Mənəm səssiz-səmirsiz
pəncərənin önündə
göz qırpmadan oturan.
Sükut necə gözəldi,
lap həzin nəğmə kimi.
Çiçəklər çoxdan solub,
amma çiçək ətri var
bütün duyğularımda
Sadiq köpək kimi,
yalmanar sağımda,
solumda.
qovaram, getməz.
Qol qaldırıb oynayaram,
oxuyaram qışqıra-qışqıra,
hirslənərəm üstünə,
getməz, yenə getməz.
Səssiz-səmirsiz
ya məndən irəlidə,
ya arxada,
ya divarlarda
ayaqları ayaqlarıma bağlı
kölgəm kimi
əyilə-əyilə,
uzana-uzana,
gödələ-gödələ
hara getsəm
düşər yanıma.
Qələbəlikdə
anasını itirməkdən qorxan
uşaq kimi
buraxmaz ətəyimi.
Sevdiyim qızdan, -
“tale” dediyim ulduzdan,
sirr verdiyim,
“qardaş” dediyim dostlardan
vəfalı kədər!
***
Güllü köynək kənd uşağı,
gözlərinin qorasını sıxdın bəsdi.
köynəyini çıxart, ağart.
Şalvarının balağını
apar kəsdir,
bir az daralt.
Ürəyin bir çiçək üzü,
ürəyin bir bulaq gözü.
belə olmaz,
Güllü köynək kənd uşağı.
Bir az hiylə
bir az biclik,
bir az kin at,
küdurət qat.
***
Payıza baxıram pəncərələrdən,
yarpaqlar hamısı
ürək şəklində.
Saralmış ürəklər,
Solmuş ürəklər
Son dəfə xırıldar
əgər tapdasan.
Alım ayağımı çiyinlərimə!
Göy üzünün gözü quruyanda, -
buludu ağ günlər kimi
qəhət olanda,
ala gözlərini buluda döndərdi
ala gözlərinin
sevdalı oğlanlara
naz yağdıran çağıydı.
Xurma yeyəndə
boylu görünən Sənəm
kəpənək çiyinlərinə
yük götürdü duzdan ağır,
«döz»dən ağır.
Yük varmı, heç bilmirəm,
dərdin, kədərin,
niskilin özündən ağır?!
Dava arxada qalmışdı.
Aya sən çıxma, mən çıxacam,
günə sən çıxma, mən çıxacam
deyən Sənəm bığ çıxarmışdı
***
Allah, bu yol nə uzunmuş,
addımına daş bağlanır,
bundan ağır zülüm yoxmuş,
yanağından yaş buğlanır.
Nə sözün var, dayanma, - de,
lap zəhər olsa da, udum.
Ayrılığa hələ yol var,
bir-iki tin, beş-on addım.
***
Kimin yadına düşəcəm
bir isti yay günü,
o ayna sularınmı?
Üzümü özündə saxlamır.
Kimin yadına düşəcəm,
yağışlı bir payız,
o asfalt yollarınmı.
- İzimi özündə saxlamır.
Kimin yadına düşəcəm,
bir ağappaq gecə,
o qərib ruhlarınmı?
- Özümü özündə saxlamır.
***
Üzümdə şeytan tükü yox,
əynimdə xortdan kürkü yox,
çiynimdə fələk yükü yox,
hər işi giley olmuşam.
Nəğd deyilən yaxın durmur,
təxt deyilən yaxın durmur,
bəxt deyilən yaxın durmur,
bilməm niyə doğulmuşam.
***
Balaca-balaca, ağ-ağ uludlar,
O yelkən buludlar, dalğa buludlar,
O şeir buludlar, nəğmə buludlar
xoşbəxtliyin ayaq izləri kimi
uçurlar başımın üstündən.
*** …
Yusun dalğaların qırçın düzümlə,
qurtaraq sukutun kar olmağından.
Dəniz, aparıram səni özümlə,
Qorxma küçələrin dar olmağından.*
***
Uca-uca dağ başından,
anan, atan, qardaşından,
qohumundan, tanışından
dostum, səni kim apardı.
Sakit axan çay qırağı,
çayın daşı, çay balığı,
qonşunuzun gülyanağı,
səni saxlaya bilmədi, -
dostum, səni kim apardı?
Aya baxdım, ay çəkmədi,
suya baxdım, su çəkmədi,
sən gedən yollara baxdım
yollar yaman çəkdi məni, -
dostum, bizi kim apardı?
***
Adına şeirlər yazmıram, vətən,
Bunu soyuqluğa çıxma, sən Allah.
Sevdiyin haqqında söz demək çətin,
Səni sevdiyimə inan bir daha.
Bütün sınaqlara bu gün mən hazır,
Amma gəl adına yazmayım şeir.
Əli qələm tutan vətəndən yazır,
Daş kimi soyuqlar yanıram deyir…
***
Xatırladan Hacı Nərimanoğlu