Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa ili” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalənin yayınına başlayıb. Məqalənin müəllifi – tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir. Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır. mənbə: https://musulmansenfrance.fr/la-rencontre-dalexandre-dumas-et-de-la-poetesse-azerie-natavan/   https://aztc.gov.az/az/posts/id:1345. Məqalənin tamamı burada:

Xurşidbanu Natəvan (1832-1897) Qarabağ xanı Mehdiqulu xanın ailəsində - Şuşada anadan оlub. Xan qızına öz anası Xurşidbanunun adını verib. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi оlduğu üçün, оnu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.

Xan qızının müasiri Mir Möhsün Nəvvab və başqalarının əsərlərində Natəvanın şairliyi ilə bərabər   səmimi, xarici görünüşcə eyibsiz, zərif qadın, əl işlərində, rəssamlıq sənətində çox qabiliyyətli və kamil olduğu yazılıb. Onun çəkdiyi şəkillərin toplandığı "Gül dəftəri" Əlyazmalar İnstitutunun arxivində saxlanılır.

Dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı Azərbaycan ərazisini də gəzib. Qayıtdıqdan az sonra 1859-cu ilin aprel ayında isə A.Dümanın (1802-1870) 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (“İmpression de Voyage Le Caucase”) Parisdə fransız dilində nəşr olunub. Əsərdə Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olarkən Xurşidbanu Natəvan və onun həyat yoldaşı, knyaz Xasay Usmiyev və ailənin böyükləri, azyaşlı uşaqları ilə görüşüb tanış olması da təsvir edilib. Onların arasında səmimi dostluq münasibətləri yaranıb. Düma lirik şeirləri ilə tanınıb sevilən Azərbaycan şairəsi Natəvan ilə şahmat oynayıb. Oyunun nəticəsi isə çox yaddaqalan olub. Natəvan Dümanı mat edib. Natəvan Dümaya qalib gələrkən ondan yaşca xeyli kiçik idi. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə edib. Aleksandr Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona xüsusi rəğbəti var idi, hədiyyəsində də həm Natəvanın şahmatda mahir olması və Napeolona sevgisini ifadə edib.

Xasay xan Usmiyev həyat yoldaşı Natəvanın öz əlləri ilə toxuduğu bir pul kisəsini və iki arxalığı A.Dümaya bağışlayır.

Rəssam Çingiz Mehbalıyevin “Xurşidbanu Natəvan və Aleksandr Dümanın şahmat oyunu” adlı rəsm əsərində bu real tarixi hadisə məharətlə kətana köçürülüb.

Düma və Natəvanın görüşü Bakıda baş tutduğundan rəsmdəki otağın pəncərəsindən İçərişəhər və Qız qalası görünür. Natəvanın sol tərəfində olan taxçadakı güldanın içində isə Xarı bülbül gülünü görmək olar. Bu da Xan qızının əslən Şuşadan olmasına işarə edir. Natəvan azad qadın simvolu olaraq bu rəsmdə başı açıq-örpəksiz təsvir edilib. Dümadan sağdakı dolabın üstündə isə İmperator Napoleonun büstü qoyulub.

Ata Düma 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqaza səyahətində görüb şahidi olduqlarını “Qafqaz səfəri” əsərində qələmə alıb. 68 fəsildən ibarət səyahətnamənin yarıdan çoxu Azərbaycana həsr olunub. Gürcüstan, Dağıstana həsr olunmuş fəsillərdə də bütöv səhifələr, çoxsaylı epizodlar azərbaycanlılardan bəhs edir. Çünki rus şairi Mixail Lermontovun da yazdığı kimi, azərbaycanlılar Qafqaz və Asiyanın ən geniş yayılmış xalqıdır.

Düma yerlilərin qonaqpərvərliyindən riqqətə gəlir, yolçulara təmənnasız yemək, su, yatıb dincəlmək təklifi etdiyini, azərbaycanlıların silahlarından, şahinlə ov etmələrindən, qoç döyüşündən, pəhləvanların güləşməyindən yazır, rus ordusunun bu yerlərə dağıdıcı hücumlarından ürək ağrısı ilə bəhs edir, 20-dən şəhər, dağ, çay, meşənin təsvirini verir. Quba, Şamaxı və Nuxada xalça toxunması, xalıların rəng çalarları, naxışları Dümanı valeh edir. Burada düzəldilən ağzı ülgüc kimi iti, qını  zinətlə, dəstəyi fil sümüyü və gümüşlə işlənən bir xəncərə dağlıların başçısının dörd at və iki arvad verdiyini yazır. Astara-Lənkəran meşələrinin füsunkar gözəlliyi, gördüyü vəhşi heyvan sürüləri onu məftun edir.

Həssas səyyah bu yerlərdə yaşayan insanların səciyyəvi cəhətlərindən də yazır: “azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur, söz verdi, qurtardı.”

Ermənilər haqqında müşahidə, qənaətlərini belə ifadə edir: “Onlar öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevriliblər.”

Yazıçı Nuxanı dünyaya tanıdan ipəkçilik sənətindən, “hər il 16 milyonluq xammal ixrac edir fabrik”indən söhbət açır, bu maraqlı epizodu da qeyd etməyi unutmur: “İtaliyanın cənubunda Pyemon və Milan vilayətlərinin barama qurdlarının dörddə üç hissəsi epidemiya nəticəsində məhv olduğundan bir il üç ay bundan qabaq 3 italiyalı tacir Nuxaya barama qurdlarının toxumundan almağa gəliblər. Lakin Şəkidə bu toxumu satmaqdan imtina ediblər. Bu, rəqabətlə əlaqədardır”.

Bakıda gördüyü tarixi abidələr – “Fatimə məscidi”, “Atəşhah” və "Qurd qapısı" haqqında Düma dəqiq cizgilər, bilgilər verir. Şəki Xan sarayına heyranlığını belə ifadə edir: “Xudaya, sən özün bu gözəl tarixi abidəni yadellilərdən qoru!”

Düma “küləklər məskəni” Bakını, heç bir dənizə, okeana çıxışı olmayan Xəzəri əsl şairanəliklə, poetik dillə, həm də coğrafiyaçı kimi elmi dəqiqliklə ifadə edir: “...Ey qəfəsə salınmış quş kimi çırpınan Xəzər! Sən başqa dənizlərə birləşə bilmədiyinə görə heyifsilənir, köks ötürürsən. Sən çəkilmə və qabarmanın nə olduğunu bilmirsən...əlvida Xəzər dənizi! Mən səni görməyi o qədər arzulamışdım ki...”

Dümanı bu səyahətdə müşayiət edən dostu, məşhur fransız rəssamı Moynenin çəkdiyi rəsmlər də eynilə Azərbaycanın əsrarəngiz gözəlliklərinə,  tarixinə ayna tutub, iki səyyah söz və rənglərlə Azərbaycanın “portretini” yaradıb. “Qafqaz səfəri”nin 1859-cu ildə Parisdə fransızca ilk nəşrində Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları da verilib. Əsər 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunub.

Natəvanın heykəllərinin Avropa şəhərlərində ucaldılması da hələ iki əsr bundan əvvəl Fransa və Azərbaycanın iki ünlü simasının tarixi görüş və xoş münasibətindən də qaynaqlanır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsi açılıb. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb.

Xurşidbanu Natəvana daha bir abidə Fransanın Evian-le-Bən şəhərində  Leman gölü sahilindəki "Azərbaycan parkı"nda 2017-ci ildə qoyulub.

Mədəniyyətlər xalqları, ölkələri birləşdirən ən etibarlı körpüdür.

"Şuşa İli"  münasibətilə internet materialları əsasında hazırladı:  Hacı NƏRİMANOĞLU