Xilaskar Oleq sonuncu Sovet İttifaqı Qəhrəmanı oldu...
1990-cı ilin qanlı 20 yanvar qırğını ərəfəsində Moskva əvvəlcədən planlaşdırdığı ssenari üzrə Azərbaycanda vəziyyətə tam nəzarət etmək, xalqın imperiya əleyhinə getdikcə artan mübarizəsinin qarşısını almaq, hadisələri öz mənafeyinə uyğun məcraya yönəltmək məqsədilə yanvarın 15-də Ermənistan və dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlı rayonunda da fövqəladə vəziyyət elan etdi. Şuşa və Xankənddə yerləşən 21-ci briqadanın bir batalyonu yanvarın 17-də Qubadlıya daxil oldu və komendatura idarəsi qurdu. Yerli əhalinin, rayon rəhbərliyinin tələbi ilə bir bölük əsgər və zabit heyəti tez-tez erməni terror dəstələrinin hücumlarına məruz qalan ərazidə - Qafan-Gorus yolu ilə sərhəddinə yaxın Yuxarı Cibikli kəndində yerləşdirildi. Bir neçə il idi bu sərhəd, dağ kəndlərində terror, təxribatlar ara vermirdi, məqsəd hərəsində 20-30 ailə yaşayan kəndlərin sakinlərini qorxudub yer-yurdundan qaçırmaq, əhəmiyyətli yüksəkliklərə sahib olmaq idi. Murdar xislətli qonşular Eyvazlı kəndini tamam yağmalayıb yandırmış, Şahverdilər, Novlu, Seytasın 3 ağsaqqalını qətlə yetirmiş, bir neçə nəfəri də əsir aparmışdılar. O vaxtlar hər iki tərəfdən bu kimi hadisələr tez-tez təkrar olurdu, əsir, girov tutub ölü, diri insanlarla dəyişmək adi hal idi.
1991-cı il, 7 aprel. Cibikli kəndinin iki gənci – 20 yaşlı Şahin İlyas (meşəbəyi) oğlu və dayısı Qulamın oğlu Qəribi ermənilər çoxdan izləyirdi, bu qeyrətli gənclər dəfələrlə ermənilərdən qisas almış, hər addımına bələd olduqları ərazidə sərbəst gediş-gəlişə həsrət qoymuşdular. Nəhayət, meşədə saqqallı ermənilər onları qəfildən yaxalayır, ov tüfəngi ilə bir neçə ermənini gəbərdən Şahini vəhşiliklə öldürüb, Qəribi də ağır yaralayıb girov götürürlər. Avtomat səslərindən faciə baş verdiyini anlayıb meşəyə tərəf axışan kənd camaatını qaniçən terrorçular atəşlə qarşılayır, atışma başlanır, cəmi bir neçə ov tüfəngi ilə silahlanan kişilərin bir neçəsi öldürülür, kəndin sahə müvəkkili Əbdülqadir, yaxın günlərdə toyu olası Şahinin bibisi qızı Gülnarə də aralarında olmaqla bir neçə nəfər də yaralanır. Mühasirə halqası daralan, sonuncu güllələrini atan kənd sakinlərinin harayına leytenant Oleq Babak və iki rus əsgəri yetişir, özlərinə etibarlı mövqe seçib avtomatla erməniləri dənləməyə başlayırlar. Oleq Babak ermənilərə aman vermədən atışır, iki serjantına - Loginov və Boçkova mühasirədəki yaralıları çıxarmağı tapşırır, özü isə yaralansa da, son gülləsinə qədər geri çəkilmir. Kənd sakinlərinin, yaralıların artıq təhlükəsiz yerə çıxarıldığını görür. Güllələrin bitdiyini görən Oleq özünə sipər seçdiyi səngərdən qalxıb: -mən sovet zabitiyəm, atəşi dayandırın!-deməsi ilə güllə yağışına tutulması bir olur.
Murdar düşmən atışma meydanında qalan 24 cəmdəyini, 7 yaralını, Oleqin və kəndin bir neçə sakininin qan içində meyidini götürüb zirehli maşına qoyub aparırlar. Rayon mərkəzindən köməyə gələn milis və rus hərbçiləri meşə yolları ilə bu ucqar dağ kəndinə gəlib çatanda ağır döyüşün izlərinə baxıb, şahidlərin danışdıqlarını dinləyib Oleqin igidliyindən heyrətə gəlirlər. Şahidlər danışırdı ki, erməni silahlılarından biri Oleq Babakla hərbi məktəbdə bir yerdə oxumuşdular, onu tanıyıb bir neçə dəfə silahı yerə qoymağa, müsəlman türklərdən ötrü din qardaşlarının qanını axıtmamağa çağırsa da, o zabit şərəfini son nəfəsinədək yerinə yetirib 10-dan çox günahsız insanın həyatını da xilas etmişdi.
Milliyətcə osetin olan rus hərbi kontigentinin komandiri (Əliyar Əliyevlə birlikdə onunla xoş münasibət qurmuşduq, dəfələrlə ermənilər əleyhinə yardımından da yaxşıca yararlanmışdıq) podpolkovnik Zavqayev sevimli zabitinin intiqamını erməni saqqallılarından layiqincə almışdı. xatırladım ki, Qubadlı rayon rəhbərliyi (I katib rəhmətlik Şahsuvar Yəhyayev idi) çox böyük hörmət-izzətlə, qədirbilənliklə Oleq Babakın doğma vətənindəki qəbirüstü, mərmər məzar daşlarını, xatirə barelyefini rayonun hesabına düzəltdirdi, bununla bağlı doğulduğu kəndə məxsusi nümayəndələr də göndərilmişdi.
Oleq Yuxarı Cibikli postuna cəmisi 1 ay idi təzəliklə gəlmişdi, qonaqsevər camaatla tez bir zamanda qaynayıb qarışmışdı. Kənddə uşaq-böyük hamı onu Babək deyə çağırırdı. Özünü komandir müavini kimi yox, əsl əsgər kimi aparırdı. 24 yaşlı bu yaraşıqlı, gözəl simalı gənc zabiti Qubadlıda mən də görmüşdüm. Vətənə qayıdan kimi toyu olasıydı, yolunu gözləyən var idi.
Rayon komendantının səyi ilə Oleqin nəşi ermənilərdən alınıb gətirildi, rayon sakinlərinin ehtiramlı vida mərasimi ilə hərbi hissənin həyətindən vertolyotla Bakıya, oradan Kiyevə yola salındı. Rayon və respublika rəhbərliyinin təqdimatı, hərbi hissə komandanlığının raportu, camaatın Moskvaya vurduqları teleqramlar nəzərə alınaraq, 1991-ci il sentyabrın 17-də ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dekabr ayında isə SSRİ dağıldı və beləliklə, Oleq Babak Sovet İttifaqının son Qəhrəmanı oldu.
Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, 1974-cü ildən 1982-ci ilə kimi 8 il Viktoriya kənd məktəbində oxuyub, sonra isə qonşu Teplovsk kəndində orta məktəbi bitirib. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Kollecinə daxil olub. 1989-cu ildən SSRİ Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında 11-ci bölüyün siyasi hissə üzrə komandir müavini vəzifəsində xidmət edib, Qarabağa ezam olunub. Adına doğma vətənində küçə, məktəb var, sənədli filmlər çəkilib. Sözsüz ki, canını fəda etdiyi, uğrunda şəhid olduğu Qubadlıda da abidəsi olacaq, adı əbədiləşəcək.
44 gün Vətən müharibəsində, ondan əvvəl və sonra Ukrayna dövləti və xalqı daim Azərbaycanın yanında olub. Rusiyanın Ukraynaya qarşı bütün insanlıq, hüquq normalarını aşan təcavüzünün davam etdiyi bu ağır günlərdə Oleq Babakı yetişdirən dost, qəhrəman ukrain xalqına Uca Yaradandan yardımçı olmağı arzulayıram. İnsanlıqdan uzaq siyasilərin məkrli düşüncəsinin törətdiyi müharibədə yaşamını itirənlərə rəhmət, yaralılara şəfa, bu qara günlərin tezliklə bitməsini diləyirəm.
Sözardı: Rusiyanın Ukraynaya aqressiyası başlanan ilk gün Oleqin valideynlərinə teleqram və məktub yazaraq onlara zəruri kömək göstərməyə hazır olduğumu bildirdim, Bakıya dəvət etdim, əgər səhhətləri imkan verərsə, Qubadlıya aparmağa da hazır olduğumu bildirdim. Eyni məzmunda Ukraynanın Azərbaycandakı, Azərbaycanın Ukraynadakı səfirliklərinə də elektron məktub göndərdim. Cavab gözləyirəm.
Hacı Nərimanoğlu