Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr edilən publisist Hacı Nərimanoğlunun “Şəhidlər” kitabında 2020-ci il 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının 100-dən çox şəhidinin ömür, döyüş yolu fotoları ilə birlikdə “Şəhidlərimizi tanıyaq və tanıdaq” bölməsində əks olunub.
Qubadlı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, şəhid Milli Qəhrəman Əliyar Əliyevin oğlu, Vətən müharibəsi veteranı, ehtiyatda olan mayor Emin Əliyevin “Şəhid ailələrinə qayğı dövlətimizin siyasətində prioritetdir” başlıqlı ön sözündə dövlətimizin bu kateqoriyadan olan insanlara ardıcıl diqqət və qayğısı şərh edilib, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliiyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar verilib.
“Füyuzat” nəşriyyatında rəngli formatda nəfis tərtibatda çıxan kitaba müəllifin “Şəhidlik - ən uca, müqəddəs məqamdır” adlı məqaləsi, ”Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən esseləri, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar...” foto-qalereyası da daxil edilib.
Şəhidliyə, Şəhid adının müqəddəsliyinə həsr edilən bu kitab canı, qanı ilə xalqımıza, dövlətimizə qələbə sevinci, qürur, fəxarət, başucalığı bəxş edən Şəhidlərimizə, əziz ailələrinə hər birimizin, vətəndaş cəmiyyəti təsisatlarının vəfa, ehtiram borcunun təzahürüdür.
Torpaq, Vətən, Bayraq məhəbbəti, mərdik duyğuları, igidlik, şücaətləri ilə Qarabağ, Zəngəzur ellərimizi yağı tapdağından xilas edib Azərbaycana qovuşduran Müzəffər Ordumuzun Şəhid və Qazilərinə, Vətənimizin keşiyində məğrur dayanan əsgər və zabitlərimizə əbədi sevginin əksi olan kitabın nüsxələri nəşrdə adı keçən şəhidlərin ailələrinə, ali, orta məktəblərə, muzey, kitabxanalara, QHT və KİV-ə təqdim olunacaqdır.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi