İki yüz ildən çoxdur ki, Qarabağ xanı İbrahimxəlil xanın qızı, Qacar şahı Fətəli şahın xanımı Ağabəyim Ağanın qürbətdə öz əhvalını ərz etdiyi bu hüzünlü bayatı Qafqaz, İran, Türkiyədə dillər əzbəridir, muğam, şikəstələrdə, xanənlərin ifasında səslənir:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Dünyanın ən dəbdəbəli şah sarayı, qələm, bayatı, göz yaşları içərisində yazılan şeirlər – heç nə zərif, incə qəlbli bu xanımın vətən həsrətini, qəriblik, qürbət ağrısını ovundura bilmir. Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Çox sevdiyi xanımının doğma vətəni Şuşada, Xankəndidə -Qarabağda bitən bütün ağac, gül-çiçəyi gətirdib burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlu toxtayar. Hətta bağbanı da Şuşadan gətirdir. Bu gülüstanın da adını "Vətən bağı" qoyurlar. Ağabəyimə həmin bağın hazır olduğunu deyirlər, ilk dəfə gəlir, görür, seyrə dalır və ürəyi sıxılır, yanaqlarından yaş süzülür, dərindən ah çəkib ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət qalır. Çünki düşünürdülər ki, "Vətən bağı" onun üçün elə Qarabağın bir parçası olacaq, dərdi yüngülləşəcək, ancaq əksinə olur. Ağabəyim bu dəfə üzüntüsünü belə ifadə edir:
"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.
Fətəli şah bu dəfə Şuşaya adamlar göndərir, Xarıbülbül güllərindən gətirdib əkdirir, ancaq bir-iki gün keçməmiş bu güllər solub quruyur. Çünki Xarıbülbül yalnız Şuşa havasında və torpağında bitirdi, başqa heç yerdə.
Şahın Ağabəyim ağaya sevgisi hüdudsuz idi, sarayda hamı şahın bu xan qızına sevgisindən həsədlə danışırdı. Təkcə gözəlliyi ilə yox, nadir istedadı, iti ağlı, hazırcavablığı, qüruru, şairliyi, sənət bilgisi onu hamıdan fərqləndirirdi. Şuşadakı xan sarayı şairlər, xanəndələr, rəssamların daimi yığınaq yeri idi, xan qızı onların, xüsusən də bibisi Xurşidbanu Natəvanın sevimlisi idi, onlar bildiklərini bu həssas, hafizəli, hazırcavab xanım qıza öyrətməkdən doymurdular.
Bir dəfə Şah soruşur ki, mən ki səni bu qədər sevirəm, bəs sən məni niyə sevmirsən?
Ağabəyim ağanın sakit cavabı: - bir ürəkdə iki məhəbbət ola bilməz.
Cavab şahın şəstinə toxunur və onu qısqandırmaq, acıqlandırmaq üçün deyir ki, amma mənim ürəyimə 500 qadın yerləşir.
Ağabəyim ağanın şaha cavabı da yaddaşlara, dillərə, tarix salnamələrinə düşür:- Sürü yatağı ilə məhəbbət məkanı qəlbin fərqi də elə bundadır.
Tehrana gəldiyi gündən Ağabəyim ağaya sarayın, xəzinənin qapıları açıq idi, külli-ixtiyar sahibi idi.
Şahla zifaf gecəsinə hazırlıqdır, paltar seçimi çox uzanır, xan qızı nə göstərirlərsə, bir bəhanə ilə bəyənmir, geri qaytarır. Axırda şahın mərhum anasının həmişə geyindiyi, sevimli paltarını seçib bəyənir, - bunu geyəcəyəm-deyir. Toy-büsat qurulur, kəbin kəsilir, axşam olur. Fətəli şah günlərlə uzanan, həsrətlə, xoş duyğularla bu zifaf gecəsini gözləyir, planlar qurur, şövqə gəlir, hansı gəlinlik donunda olacağını təsəvvüründə canlandırmağa çalışırdı. Qapı açılır, şah qarşısında təzəlikdə rəhmətə getmiş sevimli anasını həmişəki libasında görəndə dizi titrəyir, ürəyi əsir, dili dolaşır, özünü itirir, otaqdan dəli kimi çıxır. Onun bu sözlərini bir neçə saray tarixçisi yazıya köçürüb:- “İbrahim xanın qızı məni zəhərli ilan kimi çaldı”.
Fətəli şah duyğusal, həssas insan idi, bu geyimin mənasını dərhal anlamışdı, xəyallarının puça çıxdığını anlasa da, ömrü boyu Ağabəyim ağanın vüsalına qovuşmaq istəyi onu tərk etməmişdi. Ağabəyim Ağa da heç zaman sevməsə də, ancaq onun hörmətini, yolunu həmişə saxlamağa çalışırdı, bu onun ailə, nəsil tərbiyəsindən gəlirdi.
Fətəli şah Hüseynqulu xan oğlu Qovanlı-Qacarın (1772-1834) əsl adı Baba Xan (Xanbaba) olub. Qacar Xanədanının banisi Ağa Məhəmməd şahın qardaşı Hüseyn Kulik Xan-ı Cihansızın oğlu idi. Əmisi Məhəmməd Şah uşağı olmadığı üçün onu vəliəhd təyin etmişdi. Qacarlar dövlətinin baş naziri - sədrəzəm Hacı İbrahim xan Кəlantər Etimadəddövlə şahın Şuşada ölüm xəbərini ona məktubla Şirazda çatdırdı. Məktubda ölüm xəbəri ilə yanaşı bir müjdə də var idi: “Bilmirəm ağlayım, yoxsa ki, gülüm, Çünki dərya batdı, yox oldu, lakin gövhər üzə çıxdı”.
Xanbaba Xaqan təxəllüsü ilə şeirlər yazırdı, incə qəlbi, ruhlu şair idi, şeir-sənət adamı idi, gözəllik vurğunu idi. Xeyli şeirləri qalıb, bir çoxu məşhurdu: “Еşitmişəm ki, busənin qiymətini cana bərabər edib, Min heyf olsun ki, bədənimdə min canım yoxdur. Gözəllərin üzünün xəyalı ilə sinəmdən ucalan ürək nalələrim Firəng kilsəsindəki zəng səsi kimidir...”
Babasının adını götürüb Fətəli şah adı ilə taxt-taca sahib oldu, şahlıq möhürünə bu ad həkk olundu, 1797-ci miladi/1212-ci hicri ilinin Ramazan bayramı ilə Novruz bayramının üst-üstə düşdüyü gün Fətəli şaha Tehranda tacqoyma mərasimi keçirdi və 37 il (1797–1834) Qacarlar dövlətinə hökmranlıq etdi.
Ömrü boyu şah Qarabağlı xan qızının sevgisini qazanmağa çalışır. Ancaq əbəs yerə, çünki Ağabəyim xanımın ilk və son eşqi əmisi Mehralı bəyin oğlu Məhəmməd bəy idi, o da Şuşada qalmışdı, 54 illik ömründə yalnız onun eşqi, sevgisi ilə yaşadı, əhdinə, məhəbbətinə vəfalı qaldı. Şah bir kərə vüsalına yetmədiyi, ancaq xətrini əziz tutduğu baş hərəmi, İbrahim xanın qızı, şairə Ağabəyim ağa Ağabacıya öz əlləri ilə yazdığı böyük bir şeir dəftərini verib deyir ki, oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan. Ağabəyim ağa da şahın şeirlərini oxuyur, dəftəri çevirir və şəhadət barmağını dəftərin üstünə qoyur, yəni heç birini bəyənmədim. Şah başqa cavab gözləyirdi, hamının yanında pərt olur. O, şeirləri ilə də xan qızının könlünə bir yol tapa bilmədi.
Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Saray mirzələri onun haqqında yazırdı ki, oxumuş aqilə, kamilə və ədibə idi. Saray tarixçiləri yazır ki, Ağabəyim dünyadan bakirə köçdü..
Ömrünün sonunadək Qarabağdan özü ilə gələn, çoxusu da şah sarayındakılardan ağlı, gözəlliyi ilə seçilən 200-dən artıq xidmətçisi ilə birlikdə oturub durar, fars dilini də təmiz bilsə də, doğma türk dilində danışardı.
Ağabəyim Ağa ərəb və fars dilləri ilə yanaşı, ingilis və fransız dillərini də bilirdi. Bu dillərin vasitəsilə şərqin və Avropanın məşhur şahzadələri və kraliçaları ilə ünsiyyət qururdu. 1811-ci ildə İngiltərə kralının İrana səfir təyin etdiyi Ser Orelin Fətəli şahla görüş zamanı etimadnaməsini təqdim edərkən Ağabəyim Ağaya kral və kraliça adından almas ənbəçə (arxalıq) bağışlamışdı. Şahbanu Ağabəyim ağa dövlətin xarici əlaqələri ilə bağlı və dövrün bir çox münəvvərləri ilə məktublaşırdı. İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyim ağanın camalına və kamalına heyran olaraq öz əli ilə ona “Müqəddəs Georgi” ordeni təqdim etmişdi. Ağabəyim ağa bu ödülü almış yeganə türk qadınıdır. Şuşada olduğu kimi, Tehran sarayında da Fətəli şahın sənətə və əyləncəyə marağı o dövrün Qacar sarayını Avropanın bir parçasına çevirmişdi. Qərbin böyük rəssamları, alimləri, həkimləri, filosofları daima şahın qonağı olurdu.
1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli xanımı ilə saraya gəlir, şahın adı-sanı hər yerə yayılmış xanımı ilə görüşməkdə israrlı olur. Sarayın məlaikəsi Ağabacı Ağa ilə bu görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer təsvir edərkən onun yalnız baş hərəmə-birinci xanıma məxsus başdan ayağa qızıl, ləl-cavahiratla bəzənmiş geyimi ilə bərabər, gözəlliyinə, məğrurluğuna, ağlına xüsusi diqqət edir. O sarayda o qədər nüfuz, hörmət qazanmışdı ki, rəsmi ziyafətlərə daxil olanda, öz yerində əyləşənə kimi hamı ayaq üstə dururdu.
Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra İbrahim xan Qacarlar səltənətinin hirs, qəzəbini soyutmaq üçün Tehrandan gələn təklifi qəbul etmək məcburiyyətində qalır; sevimli qızını 200-dən çox xidmətçisiylə birlikdə Qarabağdan Tehrana Fətəli şahın sarayına yola salır. r Ağabəyim Ağa xan qızı olsa da, əslində əsrinin nakam və hüquqsuz qadınlardan biri idi, taleyini istəyincə müəyyən etməkdə aciz idi, zamanın, sarayın öz qaydaları var idi, qadınlar kişilərin niyətlərinə, hakimiyyət, siyasət kurallarına boyun əymək zorunda qalmağa məhkum idilər. 1797-ci il idi. Tehrana yola düşərkən incə ruhlu şair Qarabağ torpağına sonsuz məhəbbət əlaməti olaraq “Xorrəm onku be səri ku-ye to ça-ye darəd” (“Xoş o kəsin halına ki, sənin qoynunda məskən salıb”) misrası ilə başlayan farsca məşhur rübaisini yazıb yadigar qoyur. Şah böyük hörmət və izzətlə Ağabəyim Ağanın kəbinini kəsdirib, onu qadınlarının möhtərəmi və hərəmbaşısı edir. Ancaq Fətəli şah nə qədər böyük səhvə yol verdiyini anlayır, ömrü uzunu özü də bunun əzabını da çəkir.
Ağabəyim Ağa İranın ictimai-mədəni həyatı ilə, siyasi məsələlərilə yaxından maraqlanırdı, rəsmi qəbullarda olurdu, hafizəsi və yüksək nitq mədəniyyəti ilə seçilirdi, səxavəti, xeyirxah əməlləri ilə böyük sevgi qazanmışdı, şöhrəti getdikcə yüksəlirdi, həm də nə qədər çalışsa da, saraydaxili münaqişələrdən, həsəd, paxıl insanların fitnə-fasadından qaça, uzaq dura bilmirdi.
Ağabəyim Ağa sarayda cah-cəlal içərisində dolansa da, fərəhsiz günlər keçirib.
Ta həşr nəvnsənd əgər minnəşəvəd tey,
Nə dəftəri –hüsn to, nə tumar fəraqəm.
(Ta qiyamətə qədər yazılsa, qurtaran deyil, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın şərhi).
Ağabəyim ağa həyatının sonuna yaxın sarayı tərk edərək Qum şəhərində ona məxsus olan qəsrə köçmüş və sakit bir hücrədə sakit yaşayır.1832-ci ildə 52 yaşında Darül-İman adlanan Qum şəhərində xanədan sahiblərinə məxsus qəbristanlıqda dəfn olunur.
Onun kədərli, nisgilli həyatı bir çox ədiblərin əsərlərinə mövzu olub. Yazıçı, Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə olan ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olmuşdur. Odur ki, saray həyatına yaxından bələd olan bir yazar kimi O, özünün “İki od arasında” romanında Ağabəyim Ağanın uşaqlıq illəri, onun əmisi oğluna olan ilk məhəbbəti haqqında geniş söhbət açıb. Ağabəyim ağanın əldə olan şeirlərindən görünür ki, o da müasirləri Q.Zakir, Aşıq Pəri, Ə.Qaracadaği kimi müxtəlif janr və formalardan məharətlə istifadə edib. Bir çox mənbələrdə Ağabəyim ağanın rusların Qafqazdan çıxarılması uğrunda sonadək qərarlılığı, öz fikrini açıq ifadə etməsi, Rusiya ilə bağlanmış müqavilələrin ləğvinə çalışmağı, növbəti müharibənin tərəfdarı olması səbəbilə şah sarayında özlərinə gizli və güclü şəbəkə qurmuş ermənilər Rusiyanın Tehrandakı səfirliyinin sifarişi ilə əvvəl saraydan uzaqlaşdırılır, ardınca da onu zəhərləyib öldürməyə nail olurlar.
Ağabəyim ağanın yaradıcılığından bizə yadigar yalnız dillər əzbəri bu beytlərdir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi.
Könlüm dəxi aram olmadı, dönsün qana,
Ta deyim dərdimi bir-bir becə gəldi, becə getdi.
Öldürüb hicrdən vəslində ehya eylədi,
Son dünyadakı ömrüm vecə gəldi, vecə getdi...
Və ayrı-ayrı tarixçilərin yazılarında qalan daha 6 beyti, 2 bayatısı - qalan hamısı bu. Və bir də xalqın yaddaşında yaşayan nisgilli şairə taleyi.
“Şuşa İli”ndə internet materialları əsasında hazırlayan: Hacı Nərimanoğlu