O, sonuncu Sovet İttifaqı Qəhrəmanıdır
1990-cı ilin qanlı 20 yanvar qırğını ərəfəsində Moskva əvvəlcədən planlaşdırdığı ssenari üzrə Azərbaycanda vəziyyətə tam nəzarət etmək, xalqın imperiya əleyhinə getdikcə artan mübarizəsinin qarşısını almaq, hadisələri öz mənafeyinə uyğun məcraya yönəltmək məqsədilə yanvarın 15-də Ermənistan və dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlı rayonunda da fövqəladə vəziyyət elan etdi. Şuşa və Xankənddə yerləşən 21-ci briqadanın bir batalyonu yanvarın 17-də Qubadlıya daxil oldu və komendatura idarəsi qurdu. Yerli əhalinin, rayon rəhbərliyinin tələbi ilə bir bölük əsgər və zabit heyəti tez-tez erməni terror dəstələrinin hücumlarına məruz qalan ərazidə - Qafan-Gorus yolu ilə sərhəddinə yaxın Yuxarı Cibikli kəndində yerləşdirildi. Bir neçə il idi bu sərhəd, dağ kəndlərində terror, təxribatlar ara vermirdi, məqsəd hərəsində 20-30 ailə yaşayan kəndlərin sakinlərini qorxudub yer-yurdundan qaçırmaq, əhəmiyyətli yüksəkliklərə sahib olmaq idi. Murdar xislətli qonşular Eyvazlı kəndini tamam yağmalayıb yandırmış, Şahverdilər, Novlu, Seytasın 3 ağsaqqalını qətlə yetirmiş, bir neçə nəfəri də əsir aparmışdılar. O vaxtlar hər iki tərəfdən bu kimi hadisələr tez-tez təkrar olurdu, əsir, girov tutub ölü, diri insanlarla dəyişmək adi hal idi.
1991-cı il, 7 aprel. Cibikli kəndinin iki gənci – 20 yaşlı Şahin İlyas (meşəbəyi) oğlu və dayısı Qulamın oğlu Qəribi ermənilər çoxdan izləyirdi, bu qeyrətli gənclər dəfələrlə ermənilərdən qisas almış, hər addımına bələd olduqları ərazidə sərbəst gediş-gəlişə həsrət qoymuşdular. Nəhayət, meşədə saqqallı ermənilər onları qəfildən yaxalayır, ov tüfəngi ilə bir neçə ermənini gəbərdən Şahini vəhşiliklə öldürüb, Qəribi də ağır yaralayıb girov götürürlər. Avtomat səslərindən faciə baş verdiyini anlayıb meşəyə tərəf axışan kənd camaatını qaniçən terrorçular atəşlə qarşılayır, atışma başlanır, cəmi bir neçə ov tüfəngi ilə silahlanan kişilərin bir neçəsi öldürülür, kəndin sahə müvəkkili Əbdülqadir, yaxın günlərdə toyu olası Şahin də aralarında olmaqla bir neçə nəfər də yaralanır. Mühasirə halqası daralan, sonuncu güllələrini atan kənd sakinlərinin harayına leytenant Oleq Babak və iki rus əsgəri yetişir, özlərinə etibarlı mövqe seçib avtomatla erməniləri dənləməyə başlayırlar. Oleq Babak ermənilərə aman vermədən atışır, iki serjantına – Aleksey Loqinov və Aleksey Boçkova mühasirədəki yaralıları çıxarmağı tapşırır, onlardakı patron daraqlarını da götürür, bir neçə yara alsa da, son gülləsinə qədər vuruşur, geri çəkilmir. Kənd sakinlərinin, yaralıların artıq təhlükəsiz yerə çıxarıldığını görür. Güllələrin bitdiyini görən Oleq özünə sipər seçdiyi səngərdən qalxıb: - mən sovet zabitiyəm, atəşi dayandırın!-deməsi ilə güllə yağışına tutulması bir olur.
Murdar düşmən atışma meydanında qalan 24 cəmdəyini, 7 yaralını, Oleqin və kəndin bir neçə sakininin qan içində meyidini götürüb zirehli maşına qoyub aparırlar. Rayon mərkəzindən köməyə gələn milis və rus hərbçiləri meşə yolları ilə bu ucqar dağ kəndinə gəlib çatanda ağır döyüşün izlərinə baxıb, şahidlərin danışdıqlarını dinləyib Oleqin igidliyindən heyrətə gəlirlər. Şahidlər danışırdı ki, erməni silahlılarından biri Oleq Babakla hərbi məktəbdə bir yerdə oxumuşdular, döyüş əsnasında onu tanıyıb bir neçə dəfə silahı yerə qoymağa, müsəlman türklərdən ötrü din qardaşlarının qanını axıtmamağa çağırsa da, o zabit şərəfini son nəfəsinədək yerinə yetirib 10-dan çox günahsız insanın həyatını da xilas etmişdi. Güllə keçirməyən gödəkçəsi deşik-deşik olmuşdu. Oleqin fövqəladə rejim şəraitində xidmətini başa vurmağa cəmi bir ay qalmışdı, mayda başqa regionda xidmətini davam etdirəcəkdi.
Oleq Yuxarı Cibikli postuna gələn günlərdən dağ kəndinin qonaqsevər camaatı ilə tez bir zamanda qaynayıb qarışmışdı. Kənddə uşaq-böyük hamı onu Babək deyə çağırırdı, səylə Azərbaycan dilini öyrənirdi, yerli sakinlərlə, xüsusən uşaqlarla Azərbaycan dilində danışmaqdan sövq alırdı. Özünü komandir kimi yox, əsl əsgər kimi aparırdı. Vətənə qayıdan kimi toyu olasıydı, ailənin Yakov Andreyeviçin və Nadejda İvanovna yeganə övladı, sevimlisi idi, üstəlik vətənində yolunu gözləyən var idi. 24 yaşlı bu yaraşıqlı, gözəl simalı gənc zabiti mən də görmüş, həmsöhbət olmuşdum, “salamaleykum” sözünü məxsusi şirin təbəssümlə deyirdi.
Milliyətcə osetin olan rus hərbi kontigentinin komandiri (Əliyar Əliyevlə birlikdə onunla xoş münasibət qurmuşduq, dəfələrlə ermənilər əleyhinə yardımından da yaxşıca yararlanmışdıq) podpolkovnik Zavqayev sevimli zabitinin intiqamını erməni saqqallılarından layiqincə almışdı.
Onun ciddi səyi ilə Oleqin nəşi ermənilərdən alınıb Qubadlıya gətirildi, cansız cismi rayon sakinlərinin ehtiramlı vida mərasimi ilə hərbi hissənin həyətindən vertolyotla Bakıya, oradan Kiyevə yola salındı. Qubadlı rayon rəhbərliyi çox böyük hörmət-izzətlə, qədirbilənliklə Oleq Babaka Qubadlıda təzə açılan mərmər sexində üzərinə surəti nəqş olunmuş qəbirüstü sinə, başdaşı düzəltdirdi, məxsusi nümayəndələrlə Bakıdan qatarla Ukraynaya - doğulduğu kəndə göndərildi. İllərdir ki, Oleqin Poltava torpağındakı qəbirüstü abidəsi Qubadlının, Azərbaycanın bir parşası, əmanəti, nişanəsi kimi qalır.
Rayon və respublika rəhbərliyinin təqdimatı, hərbi hissə komandanlığının raportu, camaatın Moskvaya vurduqları teleqramlar nəzərə alındı. “Hərbi vəzifəni yerinə yetirərkən göstərdiyi cəsarət, qəhrəmanlıq və fədakarlığa görə” SSRİ Prezidentinin 17 sentyabr 1991-ci il tarixli Fərmanı ilə leytenant Oleq Yakovleviç Babaka Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dekabr ayında isə SSRİ dağıldı və beləliklə, Oleq Babak Sovet İttifaqının son Qəhrəmanı oldu. Oleqin təltif edildiyi “Sovet İttifaqı Qəhrəmanı” ulduzu ilə yanaşı, Daxili Qoşunlar günündə layiq görüldüyü “Müqəddəs Stanislav” ordeni, xüsusi təyinatlıların şərəf və şücaət simvolu olan tünd qırmızı beret taxmaq hüququ verən sertifikatlar valideynləriə təqdim edildi.
Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, 1974-cü ildən 1982-ci ilə kimi 8 il Viktoriya kənd məktəbində oxuyub, sonra isə qonşu Teplovsk kəndində orta məktəbi bitirib. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Kollecinə daxil olub. 1989-cu ildən SSRİ Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında 11-ci bölüyün siyasi hissə üzrə komandir müavini vəzifəsində xidmət edib, Qarabağa ezam olunub. Adına doğma vətənində küçə, məktəb var. Sözsüz ki, canını fəda etdiyi, uğrunda şəhid olduğu Qubadlıda da Oleqin xatirəsi əbədiləşəcək, həm də bu ağır günlərin sınağından çıxan Ukrayna və Azərbaycan xalqlarının dostluğunun rəmzi ifadəsi olan abidəsi ucaldılacaq.
44 gün Vətən müharibəsində, ondan əvvəl və sonra Ukrayna dövləti və xalqı daim Azərbaycanın yanında olub, xüsusən informasiya savaşında ukrain bloqqerlər ermənilərin saxta məlumatlarının ifşası, haqq, ədalətin bərpası uğrunda savaşımızın mahiyyətinin Avropada yayılmasında olduqca xeyirli fəaliyyət göstəriblər. Rusiyanın Ukraynaya qarşı bütün əxlaq, insanlıq, hüquq normalarını heçə sayan bədnam təcavüzünün davam etdiyi bu ağır günlərdə Oleq Babakı yetişdirən dost, qəhrəman ukrain xalqına Uca Yaradandan yardımçı olmağı arzulayıram. Bəşər tarixinin üz qarası olan bu insanlıqdan uzaq, vəhşi, məkrli düşüncənin, şərəfsiz hərbi-siyasi aqressiyada yaşamını itirənlərə rəhmət, yaralılara şəfa, bu qara günlərin tezliklə bitməsini diləyirəm.
Sözardı: Rusiyanın Ukraynaya açdığı savaşın ilk günlərindən Oleq Babakın ailə üzvləri ilə əlaqə qurub problemlərinin həllinə yardımçı olmağa çalışdıq, Bakıya dəvət etdik, əgər istərlərsə, Qubadlıya səfərlərinin reallaşmasına yardımçı olacağımızı söylədik, ancaq hələlik səhhətlərinin buna imkan vermədiyini bildirdilər, Oleq Babakın doğum günündə yayılan məqaləmizə görə təşəkkür etdilər. Mənim üçün xüsusilə xoş oldu ki, Oleqin valideynləri Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Fəqan oğlu Salmanovun onlara göstərdiyi şəxsi diqqət, qayğısını dilə gətirib ən xoş sözlərlə razılıqlarını bildirdilər.
Hacı Nərimanoğlu
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, Qubadlı rayonu