Əyalətdə doğulub yaşayan, yazıb yaradan insanların böyük arenaya çıxa bilməmək, tanınmamaq, diqqətdən kənarda qalmaq, mərkəzin qaynar mühitindən ayrı düşmək sorunu olub həmişə.
Üstəlik abırını gözləyən, ağır oturub batman gələn, adının, sənətinin səviyyəsin bilib, özünə də dəyər-qiymət verməyi bacaran, ziyalılığını qoruyub saxlamağa çalışan sənət adamlarının dərdi bir az da ağır olur.
Aprelin 1-də Mingəçevirdə dünyadan köçən Xalq artisti, uzun illər Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, direktor və bədii rəhbəri olmuş Zülfüqar Abbasovun vəfatından sonra keçən günlərdə bir daha hiss etdim...
Bilmirəm bu yazıda mənə doğma olan O adamı sizə tanıda, kimliyini anlada biləcəyəmmi?
Tərcümeyi halı belədir; 1940-cı il may ayının 3-də Gürcüstanın Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda mənfur erməni qiyamçılarına qarşı intiqamçı qaçaq dəsətəbaşılarından olub. Sovetlərdən sonra labüd həbs, ölüm ya sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb gəliblər. Orta məktəbi, 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini bitirib, tələbə ikən burada milli teatr tariximizə görkəmli aktyor və rejissor kimi daxil olmuş Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının tamaşalarında rol alıb. Teatra maraq onu 1966-cı ildə Bakı Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universitetini) gətirib. Müəllimləri Mehdi Məmmədov və Məlik Dadaşovun xüsusi diqqətini, rəğbətini qazanıb. Təyinatla C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına rejissor göndərilib, sonra Qazax tearına gəlib və nəhayət 40 il - 2008-ci ildə təqaüdə çıxana kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb, rejissor, baş rejissor, direktor, bədii rəhbər.
"Almaz", "Solğun çiçəklər" (C.Cabbarlı; eyni zamanda Bəhram rolunu oynayıb), "Yağışdan çıxdıq, yağmura düşdük" (N.Vəzirov), “Hacı Qara" (M.F.Axundzadə), "Eşq və intiqam" (S.S. Axundov), "Müfəttiş", "Evlənmə" (N.Qoqol), "Əliqulu evlənir" (S.Rəhman), "Cavanşir", "Şeyx Şamil" (M.Hüseyn), "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı" (İ.Əfəndiyev), "Şeytan nəsli" (H.Muxtarov), "Dar ağacı" (B.Vahabzadə), "Ölülər" (C.Məmmədquluzadə), "Vaqif" (S.Vurğun), "Ayrılmaq anı" (M.Baycıyev), “Vaqif” (S.Vurğun), “Evlənmə”(N.Qoqol), ”Eşq və intiqam” (S.S.Axundov), “Təcili teleqram” (İ.Hüseynov) və s. əsərləri tamaşaya qoyub. Xeyli tamaşada həm də aktyor kimi də çıxış edib, zehni, yaddaşı o qədər güclü idi ki, bəzən tamaşaların bütün mətnini əzbər bilirdi. Onun ifa etdiyi rolları da bənzərsizliyi, təsirliliyi ilə fərqlənirdi.
İlyas Əfəndiyevin “Tənha iydə ağacı”, “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşaları Akademik Milli Dram Teatrının səhnəsində də göstərilib, dəfələrlə xüsusi dəvətlə Bakı, Gəncə, Sumqayıt teatrlarında tamaşalar hazırlayıb, yüksək dəyərləndirilib. Dəfələrlə respublika müsabiqələrinin mükafatçısı, qalibi olmuşdu. 200-dən çox səhnə əsərinin, ictimai məzmunlu tamaşaların müəllifi və rejissoru olub. Birbaşa beyinə işləyən təsirli səsi var idi, məsələn, Mehdi Məmmədovun səsi kimi.
Onun dramaturq kimi istedadını Anar, İsa Hüseynov, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Əlabbas Qədirov, Məmməd Bürcəliyev, Ələddin Abbasovun yüksək dəyərləndirdiyinin şahidiyəm. Altı əsəri Mingəçevir və Qazax teatrında tamaşaya qoyulub. Onun tamaşaya qoyduğu “Vətən dərdi” – “İntiqam”, “Qisas qiyamətə qalmaz”, "Kefdi, bu millət", "Qəribə qonşular”, “Vətən, Torpaq, Şəhid” və başqa pyeslərinin tamaşaları Sumqayıt, Gəncədə də böyük anşlaqla səhnəyə qoyulub, televiziyada göstərilib. Respublika sarayında hər iki tamaşadan göstərilən parça sürəkli alqışlarla qarşılanıb, zalda qəribə effekt yaratmışdı. Zəngəzurlu Sultan bəy qanlı olduğu bəylərə məktub yazır ki, Andronik toplu-tüfəngli qoşunu ilə torpağımızı almağa, namus-izzətimizi tapdalamağa gəlir, atımızın yükü əyibdi, gəlin birləşib bu bəlanın qabağın alaq, sonra qanlılığımıza, düşmənçiliyimzə davam edərik...Və sonra bu tamaşalar repertuardan çıxarılmışdı.
Ə.Haqverdiyevin 4-5 pyesindən süjetlər götürüb bir tamaşada birləşdirirdi, çox təsirli alınırdı, baxılırdı. Sonra o ssenariləri alıb ideyanı özününküləşdirənlər də olurdu, ürəyi geniş idi, halal xoşun olsun-daimi sözü idi. Uca boy-buxununa yaraşan, qaçaq babasından qanla keçən mübarizliyi, prinsipiallığı var idi. Zaman-zaman da bu nədənlə təzyiqlərə, basqılara məruz qalırdı. Elə böyük dövlət adamı Heydər Əliyevin Moskvada Siyasi Bürodan çıxdığı vaxtlarda akademik Zərifə Əliyevaya həsr etdiyi “Anda xəyanət” tamaşasına görə başını ağrıtmışdılar.
Ən çox əziyyəti çəkirdi əlamətdar günlər-Yeni il, Qurtuluş və d., milli faciə günləri ilə bağlı tədbirlərin, tamaşaların hazırlığında- 20 yanvar, Xocalı...Əsas da məktəblilər bu tədbirlərin daimi tamaşaçıları olurdu, hər dəfə çalışırdı nə isə təzə bir ssenari çıxarsın ortalığa, hamısına da özünün içdən gələn milli, vətənsevər düşüncəsini hopdururdu bu tamaşalara. Müəllimlər, direktorlar sonadək iştirak edirdi, dəfələrlə eşitmişəm onların dilindən:- uşaq, yeniyetmələrin milli, azad, demokratik ruhda, hərbi vətənpərvərlik tərbiyəsində bu qədər müəllim, məktəb kollektivlərindən çox Zülfüqar müəllim, bu teatrın kollektivi təsirli iş görür. Ön cəbhəyə ən yaxın teaktr olduğundan teatrın truppasının bir ayağı cəbhədəydi. Mingəçevir I və II Qarabağ savaşında ən çox şəhidi, qazisi olan bölgələrin siyahısında başda gəlir. 90-cı illərdə Mingəçevirlilərdən ibarət M-1, M-2 batalyonlarının qəhrəmanlığı xüsusi seçilirdi. Mən burada Z. Abbasovun, kollektivinin təsirini də görürəm.
1993-cü ildə taleyin qisməti ilə AzərTAc-ın cəbhə bölgələri ilə xüsusi müxbirliyim –“Zəngəzur” İnformasiya Mərkəzinin direktorluğum işğal səbəbi ilə bitdi, oldum Mingəçevirli və AzərTAc-ın “Kür” İnformasiya Mərkəzinin rəhbəri. İlk tanış olub könül bağladığım insanlardan biri Zülfüqar müəllim oldu, israrlı təkidi ilə həm də Teatrın ədəbi hissə müdiri oldum, tam 10 il, 2003-cü ildə Bakıya köçənə qədər. Gələndə də yerimi verdim vəfalı ömür-gün yoldaşına. Zülfüqar müəllimin təkcə şəxsiyyəti, varlığı o teatrdakı dedi-qodu, qruplaşma, umu-küsününün üstünü örtürdü, hamını yola verirdi, ailə başçısı kimi mehriban, qayğıkeş, övladcanlı idi. Və həssas qəlbli Zülfüqar müəllimə Allahtaala Mədinə xanım kimi nəcib bir ömür yoldaşı, Toğrul kimi əxlaqlı övlad (bir neçə tamaşasında uşaq rollarına onu çıxarmışdı), biri-birindən gözəl qızlar bəxş edib ki, onun bu qədər maddi, mənəvi (dövr, zaman, problemlər - Mingəçevirdə 2 otaqlı köhnə mənzilindən savayı heç nəyi olmayıb, yoxdur) sıxıntılar, son illərin ağrılı xəstəlikləri ilə mübarizəsində, dik dayanmasında onların həlledici rolu olub. Allah razı olsun!
Sözümüz, dərdimiz, sirrimiz bir idi. Olduqca millət, vətənsevər ziyalı idi, dövrün, zamanın dərdini içində gəzdirən, mümkün olduğu qədər tamaşalarına daşıyan əsl teatr xadimi idi, o teatrın ayaq üstə durmağında, aktyorların yetişməyində, ən vacibi – ölkənin 4-cü böyük şəhəri Mingəçevirlilərin bədii, estetik zövqünün formalaşmasında Z.Abbasovun şəxsi rolu, xidməti əvəzsizdir. O, böyük maarifçi idi. 2008-ci ildən təqaüdə çıxandan sonra səhhətinin yol verdiyi qədər - beş il “El” TY-də maraqlı verlişlər aparırdı, “Fatehlər” və “Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və aparıcısı idi. Mətbuatda daim yazıları çap olunurdu. Əlaqələrimiz heç zaman qırılmadı.
2000-ci ildir, 60 illiyini keçirməyə güc-bəla razı salırıq, şərt də qoyur ki, çıxıb səhnədə oturmayacam. Dram Teatrda ayaq üstə durmağa da yer yoxdur, proqram zəngindir, tədbirin aparıcısı mənəm, çox sayda qonaqlar, teleqramlar gəlib, gözləmədiyimiz qədər. Tamaşalarından səhnələr göstərilir, orijinallığı, fərli novatorluğuna, özünün rejissor icadlarına xüsusi diqqət etmişik, ünvanına müxtəlif teatrlardan, tanınmış sənətçilərdən gələn təbrik teleqramından seçmə abzaslar oxunur, arada öz səsi ilə əvvəlcədən lentə aldığımız monoloqları səslənir, effekt də yüksək.
Mədəniyyət naziri Polad Bülbüloğlu, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, böyük ziyalı Məhəbbət Qarabağlı da yanaşı oturub, söz alacaqları, hədiyyə, Fəxri Fərmanlarını, yəqin ki həm də konvertlərini təqdim edəcəkləri anı gözləyirlər.
Deyirəm: - “Mən bu gün heç hörmətli nazirimiz Polad Bülbüloğlunun və İcra başçımız Məhəbbət Qarabağlının yerində olmaq istəməzdim. Niyə? Ona görə ki, bu qədər tamaşaların, səviyyəli pyeslərin müəllifinin, illərdir tamaşaları ilə insanların içinin his-pasını yuyub təmizləyən bir baş rejissorun, teatr rəhbərinin heç bir fəxri adı, təltifi yoxdur, mən əminəm ki, bayaqdan hörmətli başçımızla, hörmətli nazirimiz bu məsələni müzakirə edirlər ki, belə rejissora 60 yaşında təzədən əməkdar artist adı vermək ayıbdır, birbaşa xalq artisti vermək də Cənabi-Alinin ixtiyarında olan məsələdir ki, gərək bu günkü yubiley mərasimindəki alqışların səs-sorağı, əks-sədası Ona çatdırıla.”
Gur alqış səsləri zalı bürüyür. Hər iki rəhbər: - görək neyniyə bilirik də, boynumuza yük qoydun...
Üstündən az keçmişdi ümummilli lider Heydə Əliyevin 28 oktyabr 2000-ci il tarixli 414 №-li Fərmanı ilə teatr rejissorları arasında ikinci hal olaraq Zülfüqar Abbasova birbaşa Xalq artisti adı verildi. Ardınca Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi.
Nə qədər aktyor tanıyıram ki, teatra gələndə dili söz tutmurdu, səhnədə ayaqları bir-birinə dolaşırdı-Zülfüqar müəllim səbir, təmkinlə onları elə öyrədirdi, sənəti elə sevdirirdi ki, tamaşalara baxanda bəzən təəccüblənməli olurduq. Bəzən pyes müəlliflərinin mətninə o qədər məharətlə, əlavələr edirdi, yerinə otuzdururdu ki, ustalığa heyrətlənməmək olmurdu. Onun yetirmələrini saymaqla bitirmək çətindir, nə olsun ki, hamısı paytaxta gəlib çıxa bilmir, layiq olduğu dəyəri ala bilmirlər, ali, şərəfli aktyor sənətinin ağır yükünü çiyinlərində daşıyırlar.
Son görüşümüz Mingəçevirin 70 illik yubileyində oldu, çatana qədər neçə dəfə zəngləşdik:-noldu, çatmırsan, darıxdım axı?! Görüşdük, şəkil çəkdirdik 40 ildən çox Mingəçevirin yeganə ali məktəbində rektorluq edən Akif Hacıyevlə birgə, dedim:-bu şəhərdə sənətin və elmin başında 1-ci sırada duran siz ikinizsiniz...Aparıcılar mətn oxuyurlar, xatırlayıram: - 60 illikdə yazdığın ssenaridir, sənin sözlərindir, dəyişən bircə başçıların adlarıdır...Gülürük. Sonra bilirəm ki yataqdan durub temperaturda gəlib.
Martın 20-də zəng edib Novruz bayramın təbrik elədim, 21-də təkrar yenə də, xoş sözlər, arzular:-ay qardaş, bayram bu gündür, millət tələsib fevralın axırından bayramlaşıb qurtarıb, telefonun yaddaşına baxdım, səndən başqa layiqli adam tapa bilmədim təkrar zəng etməyə...
Aprelin 1-dir, zəngi gəlir, həmişəki kimi adboy verib təzədən özüm yığıram, ağlartı səsi içimi göynədir:- getdi Zülfüqar qardaşın...
Mingəçevir teatrından son mənzilə yola salınır, zal doludur, 40 il nəfəs aldığı, nəfəs verdiyi teatr binasında cansız cismi ilə vida mərasimidir, hətta, xanım aktrisalar da çiyinlərini cənazəyə vermək, sənət müəllimlərinə son borclarını yerinə yetirməyə çalışırlar. Hər tamaşadan sonra əvvəl aktryorlar səhnəyə çıxardı, onlar da alqış sədaları altında komandanın kapitanını-Z.Abbasovu səhnəyə dəvət edərdilər. Deyirdi:-bizi yaşadan elə bu alqışlardı, başqa qazancımız yoxdur. Və ilk dəfədir ki, Mingəçevir camaatı bir sevimli övladını sürəkli alqışlarla yola salırdı-bu dəfə son mənzilə, özündən xəbərsiz...Gedən cismidir, ruhu bizimlədir, Zülfüqar Abbasovun - adı, sənəti, sözü, izi yaşayacaq ağuşunda əbədi uyuduğu Nur şəhərimiz Mingəçevirdə.
Başınız sağ olsun, Nur şəhərimin sakinləri, Nurlu insanın doğma, əzizləri!