Qarabağ xanı İbrahimxəlil xan Cavanşir Azərbaycan tarixində məxsusi yeri olan müdrik siyasətşi, şücaətli dövlət xadimi olub. Müasirlərindən verilən aşağıda sitatlar da buna sübutdur.
Məşhur “Qarabağnamə” müəlliflərindən biri Mirzə Adıgözəl bəy Qarabaği yazırdı: “Mərhum İbrahimxəlil xan padşah adlanmasa da, onun cah-cəlalı müasiri olan İran padşahlarından daha çox idi. Vilayətlərin xanları və xanzadələri həmişə gözəl xasiyyətli xan cənablarının hüzurunda qonaq olardılar”.
Rus alimi, professor P.İ.Kovalenski “Gürcüstan haqqında qeydlər” əsərində Qarabağ xanından belə söz açmışdı: “İbrahimxəlil xan Şuşanı elə bir qoçaqlıq, cəsarətlə müdafiə edirdi ki, onun adı bütün İranda və Rusiya imperator sarayında məşhurlaşmışdı. Öz qüvvəti, qoçaqlığı və zənginliyi ilə İbrahimxəlil xan çoxdan şöhrət qazanmışdır”.
Milli tarixşünaslığımızın banisi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də yazır: “İbrahimxəlil xan hünərli, ədalətli, bərk ürəkli və sadə rəftarlı bir hökmdar idi”.
Sovet və milli tarixşünaslığımızda, bir sıra bədii əsərlərdə (Səməd Vurğunun “Vaqif” dramı) İbrahimxəlil xan haqqında tarixi gerçəklikdən uzaq uydurmalar baş alıb gedib, real tarixdən xəbərsiz auditoriyada mənfi obrazı yaradılıb. Xüsusilə, onun Ağaməhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhəri tərk etməsinin səbəbi düzgün yazılmır. Tarixçi Şəfiqə Həmidova “XVIII əsrin ikinci yarısında Azərbaycan–Gürcüstan münasibətləri tarixindən” adlı monoqrafiyasında bu məsələyə aydınlıq gətirərək, tarixi mənbələrə istinadla yazır ki, Qacarın Şuşaya ikinci hücumunda İbrahimxəlil xan yaxınlaşan düşmənlə vuruşmaq üçün 200 nəfərlik dəstəsilə Şuşa qalasından çıxır, düşmənin qabaq süvarisini geri oturdur. Ancaq bu döyüşdən sonra Şuşa qalasına qayıda bilir, çünki qardaşı oğlu Məmməd bəy Cavanşirin xain dəstəsi və bəzi bəylər qala darvazalarını içəridən bağlamışdılar. Qalaya girə bilməyən İbrahimxəlil xan aşağı enib, Xankəndidəki əhli-əyalını, yaxın qohumlarını da götürüb, Şuşadan uzaqlaşıb əlavə qüvvə almaq üçün Balakənə qaynının yanına gedir. Bundan əvvəl isə at ilxısı şah ordusunun əlinə keçməsin deyə daha etibarlı yerə sürdürür.
Ağa Məhəmməd şah 1795-ci il iyul və avqust aylarında 85 minlik qoşunla Arazı keçib Qarabağa yürüş etmiş, Şuşanı üzük qaşı kimi mühasirəyə almışdı. Qacar 3 dəfə hücum edib qala bürclərinin birini dağıtmış, 33 gün Şuşanı mühasirədə saxlamışdı. İbrahimxəlil xanın qoşunu və hətta qadınlar da mərdliklə döyüşmüşdülər. Partizan dəstələri isə şah ordusuna qənim kəsilmişdi. Şahidlər yazırlar ki, qadınlar hündür, sıldırım qayalıqlardan daşları şah qoşunlarının başına yağdırmışdılar. İbrahimxəlil xanın müdrik, adil, qorxmaz hökmdar olduğunu Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı yazdığı məktublara cavablarında, sonra da onun nəşini əsl müsəlman olaraq uzaqgörənliklə, düşmən də olsa, ehtiramla Tehrana yola salmasında təsdiqini tapır. Şah tələb edirdi ki, böyük oğlu Məhəmmədhəsən ağanı onun yanına girovluğa göndərsin və müəyyən miqdarda vergi versin. İbrahimxəlil xan bu əmri rədd edərək cavab məktubunda yazmışdı: “Göndərdiyim girov əmim oğlu Əbdüssəməd bəy və Mirzə Vəli Baharlı şah sarayında günahsız öldürüldüyü üçün bir daha heç kəsi göndərməyəcəyəm. Vergi məsələsinə gəlincə, atam Pənahəli xan öləndə bir kimsəyə vergi verməməyi mənə vəsiyyət etmişdir”/
Mirzə Camal yazır: “İbrahim xan qəribsevən, qonaqpərvər, yetimlərə kömək edən, rəiyyətpərvər, qeyrətli, safürəkli, çörəkli, ehsan sahibi və ənam paylayan idi. Seyidlərə, fağırlara sədəqə və nəzir verirdi. Alimlərə hörmət edərdi.”
İbrahimxəlil xan vəziyyəti düzgün qiymətləndirib xanlığı, dinc əhalini, qoşunlarını labüd itki, dağıntı, faciələrdən dəfələrlə qorumuşdu. Oğlu Əbülfət xanı məktubla 1796-cı ildə güclü qoşunla Qarabağa hücuma hazırlaşan V.A.Zubovun yanına göndərib onu sülhə razılaşdırmışdı. Hələ gənc yaşlarından atası Pənahəli xanla birlikdə Nadir şah Əfşarın hərbi yürüşlərində iştirak edib, zəngin döyüş təcrübəsi, biliyi almışdı. Kürəkçay müqaviləsi ilk baxışdan Qarabağ xanlığının müstəqilliyinin saxlanılması görüntüsü yaratsa da, əslində bu sənədin imzalanması həm İbrahimxəlil xan, həm də onun xanlığı üçün ağır nəticələrə gətirib çıxardı. Məğrur, əxlaqlı müsəlman-türk xarakterli Xan sözü bütöv insan idi, başqalarını da elə bilirdi, yanaşı imza qoyduğu sömürgəçi çar general, zabit, məmurları isə məkrli niyətlərini çox tez büruzə verdilər.
1806-cı ilin yaz fəslində iranlılar yenə də Qarabağa yürüş etməyə hazırlaşırdılar. Tez-tez İbrahimxəlil xanın yanına şahın elçiləri gəlir, vədlər və ümidlərlə onu öz tərəfinə çəkmək istəyirdilər. Hər dəfə iranlılarla görüşünü İbrahimxəlil xan işğalçı rus hərbi birliyinin rəhbəri mayor Lisaneviçə bildirirdi. Müharibənin qarşısını almaq üçün İbrahimxəlil xan bacardıqca iranlılarla mülayim hərəkət etməyə çalışırdı. Digər tərəfdən, məhsulun yetişməsi və yığılması dövrü yaxınlaşdığından xan Qarabağı müharibə meydanına çevrilməsinə maneə olmağa çalışırdı. İran qoşunu Şuşa qalasına doğru hərəkət edir, İbrahimxəlil xan ailəsinin təhlükəsizliyini qorumaq üçün Şuşadan 12 kilometr aralıda olan Xan bağından köçüb şəhərin 4 kilometrliyində Qaraqaya adlı yerə gəlib düşərgə salır.
Gecə mayor Lisaneviç az sayda qoşunla Şuşadan çıxıb xanın düşərgəsinə hücum etdi. Xan çadırdan çıxıb mayoru gördü: “- Gecənin bu vaxtında nə hadisə üz vermişdir?” - deyə sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş Lisaneviç heç bir sorğu etmədən çadırlara atəş açmaq üçün soldatlara əmr etdi. Çadırda olanlardan 17 nəfəri öldürüldü. Ölənlər içərisində İbrahimxəlil xandan başqa arvadı Tuba xanım, qızı Səltənət bəyim, 12 yaşlı oğlu Abbasqulu ağa, Kəbirli bəylərindən iki nəfər qonaq və başqaları var idi. 12 iyun 1806-cı il idi. 85 yaşlı İbrahimxəlil xan 1763-cü ildən bəri 43 il idi ki Xanlıq edirdi.
Bu qətliam II Nikolay və onun 11 nəfərlik ailə üzvlərinin 1918-ci ilin iyulun 16-dan 17-ə keçən gecə Yekaterinburqda qırmızı bolşeviklər tərəfindən güllələnməsini xatırladır.
Mayor Lisaneviçin insanlıqdan uzaq, şərəfsiz xəyanəti ilə sakit, dinc həyat keçirib ibadətlə məşğul olan, ömrünün qürub günlərini yaşayan ahıl yaşlı İbrahimxəlil xanın ailə üzvləri ilə birlikdə çox böyük amansızlıqla qətlə yetirilməsindən sonra mayor Lisaneviçin komandanlığı ilə rus hərbi hissəsi xan bağında yerləşdi, bir qədərdən sonra bu hərbiləşmiş dəstə Şuşa şəhərinə köçürüldü. Həmin qanlı və faciəli gecədə Mehdiqulu ağa və Cəfərqulu ağa Şuşada idilər. Bu hadisə şuşalıları və bütün Qarabağlıları qəzəbləndirdi, etirazlara səbəb oldu.
Lakin Mehdiqulu xan (1772-1845) xalqı sakitləşdirib dedi: “Hökumət özü müqəssirləri cəzalandıracaq”. Ancaq xalqın narazılığı və çoxlu şikayəti nəticəsiz qaldı. İbrahimxəlil xan çarizmin qəddar müstəmləkəçiliyinin qurbanı oldu. Bu qətliamdan sonra Lisaneviçin vəzifəsi və hərbi rütbəsi sanki mükafatlandırılır kimi artırıldı.
İbrahimxəlil xan qurub yaradan, özündən sonra Şuşa, Qarabağda zəngin irs qoyan xan olub. Onun hökmranlığı dövründə Şuşada inşa edilən Gövhər ağa məscidi, 2,5 km uzunluğunda qala divarları, kümbəzlər, Əsgəran qala istehkamı, Ağdamın bağ hasarları, Xankəndi, Xan bağları, karvansara, çox sayda digər binalar bu gün də mədəni, arxitektur, mülki əhəmiyyətini qoruyub saxlayır.