Müsahibimiz “Zəngəzur Cəmiyyətləri” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist, 20 kitab müəllifi, Qarabağ müharibəsi veteranı Hacı Nərimanoğludur.
- Hacı müəllim, son günlərdə 3 yeni kitabınız ictimaiyyətə təqdim olunub. Təbrik edirik.
-Təşəkkür edirəm. Bu kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə sədri olduğum ictimai birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr olunub. Mahiyyəti, məzmunu adlarından bəllidir: “Şəhidlər”, “Şərqi Zəngəzur”, "Qardaşlığın Zəfəri" və hər üçü Vətən müharibəsində qazandığımız qələbəyə həsr edilib.
- Kitablar haqqında daha ətraflı məlumat verməyinizi istərdik...
- “Şəhidlər” kitabı 2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında doğulmuş, rəşadətli Ordumuzun sıralarında ön cəbhədə döyüşən 100-dən çox əsgər, zabit və şəhidlik zirvəsinə ucalan qəhrəmanımıza həsr olunub. “Şəhidlərimizi tanıyaq və tanıdaq” bölməsində onların hər birinin ömür, döyüş yolu rəngli fotoları ilə birlikdə əks olunub.
“Şəhid ailələrinə qayğı dövlətimizin siyasətində prioritetdir” başlıqlı ön sözdə dövlətimizin bu kateqoriyadan olan insanlara ardıcıl diqqət və qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliiyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar verilib.
“Şəhidlik - ən uca, müqəddəs məqamdır”, “Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən esselər, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar...” foto-qalereyası da kitaba daxil edilib. Onu da deyim ki, şəhidliyə, şəhid adının müqəddəsliyinə həsr edilən bu kitab canı-qanı ilə xalqımıza, dövlətimizə qələbə sevinci, qürur, fəxarət, başucalığı bəxş edən qəhrəmanlarımıza və onların əziz ailələrinə hər birimizin, vəfa, ehtiram borcunun təzahürüdür. Kitabın nüsxələri şəhid ailələrinə paylanır.
İkinci kitab “Şərqi Zəngəzur” adlanır. Ötən ilin ən mühüm ictimai-siyasi hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması oldu.
220 səhifəlik rəngli nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şərqi Zəngəzur bölgəsinə səfərləri, fəaliyyət proqramlı çıxışlarında qarşıya qoyduğu vəzifələrə həsr olunmuş materiallar xüsusi yer tutur.
Kitabda 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsinə daxil olan bu rayonların hər birinin uzaq və yaxın keçmişi, iqtisadi potensialı, təbii sərvətləri, I və II Qarabağ müharibəsinin tarixi ayrı-ayrı oçerklərdə əks olunub. Filologiya elmləri doktoru, professor Əliağa Cəfərovun redaktorluğu və ön sözü ilə buraxılan bu nəşr Şərqi Zəngəzur bölgəsinin tarixinə və bu gününə həsr olunmuş ilk elmi, publisistik kitabdır.
- Bu dəyərli kitabların yayımı necə gedir?
- Kitablar, işğaldan azad edilmiş rayonlar ilk sırada olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına paylanır.
Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın “İki liderin, iki dövlətin bənzərsiz qardaşlığı” adlı “Ön sözü” və qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın məsləhətçiliyi ilə çıxan 3-cü kitab isə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında, tarixi ədalətin bərpasında müstəsna xidmətləri olmuş Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi, mehriban qardaşlıq münasibətlərinə həsr edilib.
Onu da əlavə edim ki, hər üç kitabın elektron variant “Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin www.zengezur.com saytının “Kitablar” bölümündə yerləşdirilib. Bu sayt da yenilənib. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə bağlı bölgənin yeni mənzərəsini əks etdirən təzə altmenyular açılıb, hər rayonun, o cümlədən Qərbi Zəngəzurun Sisian, Gorus, Qafan, Meğri bölgələrinin tarixi haqqında da məlumatlar yerləşdirilib.
Sözügedən layihə çərçivəsində hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun giriş qapısı sayılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "QHT kitabxanası" yaradılır.
Layihənin icrasında əsas məqsədimiz keçmiş məcburu köçkün vətəndaşlarımızın minlərlə günahsız insanın, şəhidlərimizin qanı ilə suvarılmış Qarabağ, Zəngəzur torpaqlarına qayıdışına, dövlətimizin bu istiqamətdə müəyyən etdiyi tədbirlərin gerçəkləşməsinə dəstək verməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sözləri hədəfləri müəyyən edən strateji yol xəritəsidir: “Qərbi Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”
- "Zəngəzur Cəmiyyətləri” İctimai Birliyinin 30 yaşı tamam olur. Ötən illərə nəzər salsaq, hansı mühüm məqamları qeyd edərdiniz?
- Azərbaycanın ilk QHT-lərindən biri olan “Zəngəzur Cəmiyyətləri” İctimai Birliyi 1992-ci ilin aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış dövlət və ictimai xadim, alim, yazar, ziyalının iştirakı ilə keçirilən təsis konfransında yaranıb və 1992-ci ilin mayında dövlət qeydiyyatına alınıb. Birliyin ilk sədri ümummilli lider Heydər Əliyevin "nadir şəxsiyyət" adlandırdığı tanınmış ictimai-siyasi xadim Kamran Hüseynov, ikinci sədri digər tanınmış ictimai-siyasi xadim Tofiq Mehdiyev olub. Tofiq müəllim 2010-cu ildən birliyimizin Ağsaqqallar Şurasının sədridir. Ötən il sanballı məzmuna malik “Zamanın axarında Zəngəzursuz illərim” kitabı nəşr olunub.
Birlik indiyədək QHT Şurası və QHT Agentliyinin dəstəyi ilə Azərbaycan, Çexiya, Gürcüstan və Türkiyədə 11 layihəni icra edib, Fəxri fərmanlara layiq görülüb, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, 18 adda kitab buraxdırıb. 2012-ci ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Meğri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi, yüzlərlə üzvü vardır. 2020-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərlə bağlı həyata keçirdiyimiz layihə də maraqla qarşılanıb, “əla” qiymətləndirilib. Əslində, Sizin bu günkü dəvətiniz, diqqətiniz də onunla bağlıdır ki, bizim birliyimiz də Dövlət Komitəsinin və sevilən qəzetinizin gördüyü işlərə yardım edir, ictimai dəstək verir.
Vətən müharibəsində qazandığımız Zəfərdən sonra xalqımız, dövlətimiz qarşısında duran ən mühüm, şərəfli vəzifə yolumuzu gözləyən doğma yurd yerlərimizə Böyük Qayıdışın gerçəkləşməsidir. Düşünürəm ki, bu istiqamətdə Komitənin əlaqədar strukturları ilə bundan sonra da səmərəli işlər görə bilərik.
Müsahibə və redaksiyamıza hədiyyə etdiyiniz kitablar üçün çox sağ olun.
Söhbətləşdi:
Tahirə AĞAMİRZƏ