1752-ci ildə Qarabağ xanı Pənahəli xan Şuşanın təməlini qoyarkən ucaldılan binaların ilk sırasında  məscidlər də olub. Hazırda Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidi kimi tanınan ilk ibadətxanalarının inşasına 1768-1769-cu illərdə başlanıb. Şuşanın qoşa minarəli bu məscidləri tək Qarabağın deyil, bütün müsəlman Şərqinin orijinal üslubda tikilən əzəmətli və nadir incilərindən sayılır. Bəs Gövhər ağa kim olub?


Gövhər ağa (1790—1888) Qarabağ xanı İbrahim xanın (1732 – 1806) qızı, Mehdiqulu xanın  bacısıdır. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarından gözəlliyi, iti ağlı ilə tanınıb, dövrün adətlərinə uyğun olaraq, atasının iradəsinə boyun əyməyə məcbur olub - 16 yaşlı Gövhər ağa 60 yaşlı Şəki xanı Cəfərqulu xan Xoyskiyə ərə verilib.

Övladı olmayıb. Ərinin cavan və yaraşıqlı mirzəsi Əlini sevib, bundan xəbər tutan xan Mirzə Əlini amansızlıqla öldürdüb.

Cəfərqulu xan Xoyskinin 1814-cü ildə vəfat etməsindən sonra Gövhər ağa Şuşaya qayıdıb, qalan ömrünü dini ibadətə, şeir, sənətə, xeyriyyəçiliyə həsr edib. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. Natəvanın ilk həyat müəllimi Gövhər ağa olub, ilk təlim, tərbiyəsini, xeyriyyəçiliyi, şeir, sənət həvəsini öncə bibisi Gövhər ağadan alıb, özü də onun layiqli davamçısı olub.

Gövhər ağa ata-babasının yadigarı olan həmin köhnəlmiş, darısqal məscidləri tamamilə sökdürüb, yerində qoşa minarəsi olan ikimərtəbəli yeni məscidlər tikdirib. Qadın, kişi zalları, eyvan, mehrab, kürsülü minarələr əlavə edib, təbii yerli tikinti materiallarından ucaldılan məscidləri milli Qarabağ  ornamentləri - “güldəstə” ilə bəzədib.  Məscidin minarələrindəki həndəsi ornamentlərin çardaq örtüyünü ağac materiallarından quraşdırılıb, son ucluğunu aypara şəkilli fiqurla bəzədilib. Bu məscidlər hal-hazırda da Gövhər ağanın adını yaşadır. O, Şuşa şairlərinin "Məclisi-fəramuşan" toplantılarının da daimi iştirakçısı idi, Gövhər ağa öz qəzəl və fəxriyyələrini bu məclislərdə oxuyardı. Şuşanın din, ədəbiyyat, sənət adamlarına, məktəblərə də hamilik edirdi. 1888-ci ildə vəfat edən Gövhər ağa Ağdamda Cavanşir nəslinə mənsub İmarət qəbiristanlığında dəfn edilib.

Şuşada əhalinin sayı artdıqca 17 müsəlman məhəlləsinin hər birində məscidlər də tikilib və bir çoxunun  izi indi də qalır: Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi və digərləri. Bu məscidlərin çoxu memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən bəzədilmişdir.
Şəhərdə 2 mədrəsə də var idi ki, burada əsasən yeniyetmə gənclərə islam dininin əsasları, ərəb dili öyrədilir, din xadimləri hazırlanırdı.
Şuşada həm sünni, həm şiə məzhəbinə mənsub dindarlar olub, ancaq heç zaman aralarında hansısa intriqa olmayıb. Şuşalıların ibadət yerləri ilə yanaşı, ziyarətgahları da olub; Həzrət Əli kahası, Həzrət Abbas şəfa ocağı, Saqqaxana və Pirgah pirləri, Seyid Mirfəsih türbəsi, Mir Mehdi ağanın ocağı, Çuxur məhəllədə iki minarəli şəfa ocağı, Qasım ağanın ocağı, Seyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlu ocağı və sair.
Şuşaya indiki İran və Türkiyədən çar üsuli-idarəsinin müstəmləkə siyasətinə uyğun olaraq köçürülüb gətirilən qriqoryan ermənilərin də, xristianlaşmış alban əhalisinin də kilsələri olub və onlar burada azad şəkildə dini ayinlərini, ibadətlərini icra ediblər. Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə dağıntıya məruz qalmış rus pravoslav Qala kilsəsi indi də durur.

Şuşanın din xadimləri, seyidləri bütün Qarabağda məşhur idi.

Bu əhvalat bir çox mənbələrdə yazılıb qalıb; Nuru Paşa Şuşada imiş. Uzaqdan məlahətli, qəlb oxşayan əzan səsini eşidir, məscidə gəlib şirin səslə, avazla əzan çəkən molla ilə tanış olur. Mollaya bir ovuc qızıl lirə bağışlayıb deyir:- Əgər İstanbula getməyə razı olsan, orada əzan çəksən hər ayına bir kilo qızıl lirə verirəm. İstanbulda çox millətlərin nümayəndəsi yaşayır, kim sənin oxuduğun bu əzanı eşitsə, inanıram ki, dönüb müsəlman olacaq. Molla deyir:- Paşam, təklifinizi məmnuniyyətlə qəbul edərdim. Ancaq qorxuram, yanınızda xəcalət qalaram. Paşa niyəsini soruşur, cavab alır:- çünki mənə belə səsi verən Şuşanın havası, torpağıdır. Burdan uzaqlarda inanmıram belə səsim olsun.

Çar Rusiyasının 1905-6, 1918-20-ci illərdə qızışdırdığı milli ədavət, erməni-müsəlman davaları zamanı, ələlxüsus da 1992-ci ildə bir sıra böyük dövlətlərin hərbi-siyasi yardımı və xəyanət nəticəsində ermənilərin nəzarətinə keçən Şuşanın məscidlərinin də bir çoxu digər tarixi abidələr kimi dağıdılır, qızıl, gümüş işləməli, üzərində “Qurani-Kərim”dən ayələr yazılan hissələri qoparılıb aparılır, əşyalar odlanıb yandırılır, bəziləri isə kilsəyə daşınır.

8 noyabr 2020-ci ildə müzəffər Azərbaycan Ordusu Şuşanı yağı tapdağından azad etdikdən sonra birinci olaraq Heydər Əliyev Fondunun himayəsi altında Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin və Saatlı məscidinin bərpa-təmir işlərinə başlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət, qayğı və sevgisi ilə  hazırda Şuşa öz əvvəlki gözəlliyinə qayıdır.

Hacı NƏRİMANOĞLU