Azərbaycanın milli at cinsi olan Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan dağ-minik at cinsidir. Onlar yüksək sürəti ilə seçilir, hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir. Əsas əlaməti parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
Bu atlar Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Müasir Azərbaycan ərazisində mövcud olmuş eramızdan əvvəl I minilliyə aid mənbələrdə Manna və ondan sonrakı Midiya, Adərbayqan (Atropatena) və Albaniyada atçılığın geniş yayıldığı, qoşqu vasitəsi kimi və savaşlarda istifadə olunduğu göstərilir. Tarixçi Herodot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənub-qərbində) yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir.
Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürmüşdür. Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur. Çoxlu mənbələrdə Qarabağ at cinsinin yalnız bu ərazilərdə öz gözəlliyini qoruyub saxladığı yazılır.
Müxtəlif məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub. 1839-cu ildə Don Atçılıq Zavoduna gətirilmiş 919 atın əksəri Qarabağ cinsindən idi. Donun aparıcı at zavodu sayılan Platovun zavodu, demək olar ki, Qarabağ atları ilə komplektləşdirilmişdi.
Məhşur rus rəssamı Vasili Vereşşagin 1870-ci ildə yazırdı: “... həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”. Hərbçi B.A.Çudovski 1914-cü ildə yazırdı: "Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki, yanaşı gedən Kabardin atı tamamilə tər içində olur".
Qarabağ atlarının böyük pərəstişkarı və bilicisi olmuş polkovnik K.A.Diterixsin 1866-cı ildə "Konnozavodstvo" jurnalında çap edilmiş "Qarabağ atçılığına bir baxış" məqaləsini orta əsrlərdə və XIX əsrdə Qarabağ cinsinin vəziyyəti barədə yazılmış ilk elmi məqalə hesab etmək olar.
XVIII-XIX əsrə aid "Qarabağnamələr"də Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, şah, sultanlara ən qiymətli hədiyyə kimi bağışlandığı qeyd edilir.
Qarabağ atçılığının “qızıl əsri” XVİİİ-XIX əsrlər hesab edilir. Məhz bu dövrdə cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib. 1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular. Onlar çoxlu sayda madyan yetişdirir və onlardan alınan balaları satışa verirdilər. 1830-cu illərdə bir Qarabağ atının qiyməti 30 - 300 çervon qızıl pul idi. Qarabağ xanlığının ixracatında Qarabağ atları mühüm rol oynayırdı.
Şuşanın 1843-cü ilə aid gerbində yaşıl sahədə çapan qızıl Qarabağ atı təsvir olunub.
O dövrlərdə Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və yüksək yerlər tutublar. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafat alıblar. Parisdə keçirilmiş at sərgisində nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş “Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını açıq qızılı-kürən rəngində boyamağa başlamışdılar.
Ağdam Atçılıq Zavodunda yetişdirilən Sumqanda adlı at 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla rekord qazanıb.
Üzərində Qarabağ atının şəkli olan poçt markaları dünyada məşhur idi.
1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak üçün Moskvaya göndərilmişdi.
1956-cı ildə Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq Zavodundan olan "Zaman” adlı Qarabağ atı da bağışlayıb. "Zaman” ləqəbli qızılı-səmənd rəngli Qarabağ atı idi. Boyunun kiçik olmasına baxmayaraq, onun harmonik quruluşu və ümumi təsiri Krallıqda böyük marağa səbəb olub. Onu minən bir nüfuzlu şəxs demişdi: Kraliça II Yelizavetanın yubiley mərasimində demişdi: "Mən heç zaman belə rahatlığa və duyuma malik ata minməmişdim”. Kral Qəsrinin önündə toplanmış minlərlə insan atımızı ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsil-nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Sevincindən kraliçanı göz yaşları boğur. Bütün imperiyanın idarəçilərinin yığıldığı London onu qəbul edir, gözəlliyinin qüdrəti qarşısından afərin deyir. Zaman ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan cinsi kimi tarixə düşüb. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə Zaman atına poema həsr edib. Belçikanın Ham şəhərində Qarabağ Atı abidəsi ucaldılıb.
Ənənə indi də davam edir. 5 iyul 2021-ci ildə Londonda Qarabağ atlarının da qatıldığı ənənəvi "Royal Windsor Horse Show" - "Vindzor Kral Atçılıq Şousu"nu Kraliça II Elizabet və kral ailəsinin üzvləri də izləyib. Ardınca "Xarı-Bülbül" adlı xüsusi şou-kompozisiyanın ən çox alqış qazanan Qarabağ atlarının şousu oldu, Britaniya mətbuatı bu şou haqqında yazırdı: "möhtəşəm idi". İngiltərədə dizaynerlər tərəfindən hazırlanan Ağdamın "Qarabağ" futbol klubunun loqotipində "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub.
Azərbaycanda Qarabağ at cinsinin qorunub saxlanması dövlətin diqqətindədir.
"Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan atçılığının inkişafı üzrə Dövlət Proqramı" qəbul olunub.