Dünya şöhrətli norveçli səyyah, etnoqraf, antropoloq alim Tur Heyerdalın (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) 1981-ci ilin avqustunda Azərbaycana gəlməkdə məqsədi Qobustandakı qayaüstü qayıq təsvirlərinə baxmaq, onların dövrü haqqındakı elmi məlumatları dəqiqləşdirmək idi.
O, qayıq təsvirlərinə baxdıqca I tip qayıqların ağacdan, ikincilərin qamışdan və qarğıdan “düzəldildiyini” təsdiq etdi. Onu ən çox maraqlandıran günəşin qayığın burun hissəsində həkk edilməsi oldu. Axı o, qədim Misir qayıqlarında günəş təsvirinin qayığın burnunda yox, ortasında - dor ağacında təsvir olunduğunu görmüşdü. Özü də etiraf etmişdi ki, günəşin bu cür təsvirini birinci dəfədir Qobustanda görür. O, günəş təsvirinin günəşə sitayişlə əlaqədar olması fikrini də qəbul etdi. Qobustan qayalarındakı qayıq təsvirlərinin - “Qobustan gəmiləri”nin Misir, Mesopotamiyada olanlardan daha qədim - e.ə. VIII-IV minilliklərə aid edilməsinə dair fikirlərə bura gələnədək olan şübhəsi qəti inamla əvəz olundu. Tur Heyerdal sonra daha 4 dəfə Azərbaycana gəldi, Qobustan haqqında elmi məlumatların, tədqiqatların əhatə dairəsini də genişləndirdi. Norveç əfsanələri ilə Qobustan qayaüstü təsvirlərinin bağlılığını, Skandinaviya tayfalarının Şimali Avropaya Qara dənizdən Şərqdə yerləşən Azər ölkəsindən gəldiyini, Norveçin eramızın 800-cü illərinə qədərki tarixini əvəz edən mifologiyasının gerçəklikdən qaynaqlandığını da sübut edirdi. Qobustandakı qayaüstü rəsmlərdən həmişə heyranlıqla danışan Tur Heyerdal bildirirdi ki, Azərbaycan bəşər sivilizasiyasının son dərəcə mühüm mərkəzlərindən olmuşdur. 1947-ci ildə Sakit okeanı Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafədə sadəcə sal üzərində keçməklə dünyanı təəccübləndirmiş Tur Heyerdal əksər sivil ölkələrdə ən etibarlı mənbə kimi qəbul edilən elmi əsərlərində Qobustan-Azərbaycan haqqında tarixi həqiqətləri də dünyaya yayırdı.
Qobustan qaya təsvirlərini 1947-ci ildə ilk dəfə Azərbaycan alimi İsaq Cəfərzadə aşkar və tədqiq etmişdir. Qayaüstü təsvirlər qadın və kişi rəsmləri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaq qablar, vəhşi öküz, keçi, maral, ceyran, gur, şir şəkillərindən ibarətdir. Heyvanlar bəzən öz təbii böyüklüyündə çəkilmişdir. Qayalar üzərində qazıma üsulu ilə çoxlu qayıq təsviri həkk olunmuşdur. Silahlı və silahsız adamlar oturmuş qayıqların burnunda günəş, habelə tək-tək daşlar üzərində balıq, ilan, kərtənkələ, büvə, qapı tağbəndi, ikitəkərli araba şəkilləri və insan ayağının ləpirlərinin təsvirləri var. Ay, günəş, ulduz, xaç təsvirləri də az deyil, ərəb əlifbası ilə yazı da vardır. Bunlardan əlavə, “ev köçdü” (pula-pula), yaxud mərə-mərə) və “dama-dama” kimi əyləncə oyunları üçün istifadə olunmuş yalaqlar və qabarıq batıq xırda kvadratlardan ibarət şahmat taxtasına bənzər təsvirlər aşkar edilmişdir. Qobustan qaya təsvirləri arasında ov səhnəsi, kollektiv əmək prosesi, taxıl biçini, əlləri yuxarı qaldırmaqla ibadət etmək, qız qaçırmaq, fərdi və yallıya bənzər kollektiv rəqs səhnələrinə də təsadüf olunur. Müxtəlif təsvirlər arasında süvari və piyadaların vuruşma səhnələri, keçilərin döyüşməsi, itlərin maral, donuz, canavar qovması, dəvə karvanları və s. də diqqəti cəlb edir. Çiyinlərində kaman asılmış qadın təsvirləri uzaq keçmişdə qadınların kişilərlə birlikdə ova çıxdığını sübut edir. Cingirdağın ş-ş ətəyindəki “qavaldaş” bir növ ibtidai musiqi aləti olmuşdur. Güman edildiyinə görə, buradakı qayalarda təsvir olumuş yallıyaoxşar rəqslər bu daşın “çalınması” ilə ifa edilirmiş. Böyükdaş dağının c-ş ətəyindəki qaya üzərində latın dilində yazılmış kitabədən məlum olur ki, imperator Domisian dövründə (81-96) 12-ci Roma legionu bu ərazidə olmuşdur.
Bu rəsmlər içərisində ən çox diqqəti cəlb edən qol-qola tutub “Yallı” getmə səhnələrin böyük və kiçikliyinə, çəkilmə tarixinə görə müxtəlif minilliklərə aid olmasıdır; təsvirlər bizim eradan əvvəl VIII minilliklə IV minilliyi əhatə edir. Günəş simvollu qayıq rəsmləri e.ə. VIII-VII minilliyə aiddir. Qayıqların böyüklüyündən görünür ki, onlar həm balıqçılıq, həm də ticarət və hərbi məqsədlərlə istifadə olunurmuş.
Qobustan qaya təsvirləri ibtidai icma quruluşundan başlayaraq, cəmiyyətin inkişafının qayalar üzərində həkk olunmuş tarix salnaməsidir, qədim insanların həyatı, yaşamı, dünyagörüşü, inanclarını əks etdirən açıq səma altında tarix, incəsənət, təbiət muzeyidir.
Qobustan Mezolit dövrü əhalisinin yaşayış məskənidir. Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 km-də yerləşən dağlıq sahədir. Qobustanın torpağı gilli torpaqdır, yuyuntuya çox tez məruz qaldığından həmin ərazidə çoxlu xəndəklər, arxlar, qobular əmələ gəlmişdir. Ona görə də həmin ərazinin “Qobustan” adlandırılması təbii sayılır.
Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılı təpə əraziləri Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1966-cı ildən Dövlət qoruğu elan edilib. 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsmlər və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji material saxlanılır. Arxeoloqlar tərəfindən Qobustanda 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb.
Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-ci ildə milli status alıb, 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.
Hacı Nərimanoğlu