Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 17 avqust 1895-ci ildə Qərbi Azərbaycanın İrəvan mahalının Göykümbət kəndində əsilli-köklü nəsillərindən birinin ailəsində dünyaya göz açıb. Bu kənd Topçubaşovların ata-baba malikanəsi olub. Onların İrəvan şəhərində də mülkü olub.
1919-cu ildə Kiyevdə Tibb Universitetini bitirib Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edib, 1920-1930-cu illərdə Bakı Universitetinin tibb fakültəsinin cərrahlıq klinikasında ordinator, assistent işləyib. 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafıə etdib, bu işin elmi əhəmiyyətinə görə ona professor adı verilib. Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri olub.
Mustafa bəy Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efır-yağ narkozunu – analgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfı halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilib. Efır-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanüs, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə olunub. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfındən Farmakologiya Komitəsinin iclasında efır-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilib. 1964-cü ildə SSRİ TEA A.V.Vişnevski adına Ümumittifaq Cərrahiyyə İnstitutunun Elmi Şurasında M.Topçubaşovun tibb elminin inkişafındakı, xüsusilə analgezin inyeksiya üsulunun işlənib hazırlanmasındakı xidmətləri görə A.V.Vişnevski adına xatirə medalı ilə təltif olunub. 1940-cı ildə Azərbaycanın Əməkdar elm xadimi, 1943-cü ildə isə Stalin mükafatına layiq görülüb. Böyük Vətən müharibəsində əldə olunan qələbədə xidmətlərinə görə “Qızıl Ulduz” ordeni və medallarla təltif olunub.
Mustafa bəyin dünya miqyaslı kəşflərini, şan-şöhrətini həzm edə bilməyən, xalqın sevgisinə qısqanan ermənilər onu dəfələrlə ləkələməyə çalışıblar. İllərlə çıxış, məqalələrində, ailəsində siyasi səhv axtarıb, onu xalq düşmənləri sırasına qoşmaq istəyiblər. Soyadını, bəy nəslindən olmasını, xaricə mühacirət edən qohumlarını araya qatıblar. Gənc yaşlarından keçmiş SSRİ-nin ən məşhur həkim, tibb alimlərindən birini 1930-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovla qohumluq əlaqələrini aydınlaşdırmaq, özünə təsdiqlətmək üçün sorğu-sual ediblər: -Əlimərdan bəy Topçubaşovla qohumsunuz? -Yəqin ki, qohumuq, amma mən onu şəxsən tanımıram.
Ancaq həm Moskva, həm də Bakıda Mustafa bəy Topçubaşovun dəyərini yaxşı bilirdilər.
1945-ci ildə yenidən yaradılmış Azərbaycan Elmlər Akademiyasına seçilmiş 15 görkəmli alimin biri Mustafa bəy Topçubaşov olub. O, 1947-1949-cu illərdə Eksperimental Tibb İnstitutuna rəhbərlik edib, 1951-ci ildən həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyasınin vitse-prezidenti vəzifəsində işləyib. 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilib.
Görkəmli alim 200 elmi əsərin, 8 monoqrafiyanın, çoxlu sayda elmi topluların, Azərbaycan dilində 110 çap vərəqi həcmində 5 cildlik cərrahlığa dair dərsliyin müəllifidir. 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparıb. O, gərgin elmi və praktik fəaliyyətlə yanaşı, tibb kadrlarının hazırlanması sahəsində də böyük işlər görüb, rəhbərliyi ilə 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə edib. Bolqarıstan Elmlər Akademiyasının, Ümumdünya Cərrahlar Assosiasiyasının, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, "Böyük tibb ensiklopediyası"nın redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru olub. Uzun illər Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Asiya, Afrika və Latın Amerikası ilə Dostluq Komitəsinin üzvü idi, bu sahədə məhsuldar fəaliyyətinə görə 1959-cu ildə Ümumdünya Sülh Şurasının gümüş medalına layiq görülüb. 1955-59-cu və 1967-71-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub, I-X çağırışlarda Respublika Ali Sovetinə deputatı seçilib.1975-ci ildə yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına, dörd Lenin ordeninə, keçmiş SSRİ-nin və xarici ölkələrin yüksək mükafatlarına layiq görülüb.
M.Topçubaşov güclü iradəyə, zəngin mənəvi aləmə malik şəxsiyyət idi. Bütün həyatı millətinə, xalqına, insanlara sevgidən ibarət idi. 1969-cu ildə böyük alimin yeganə oğlu, tanınmış cərrah İbrahim həkim ürək xəstəliyindən 45 yaşında vəfat etdi. Oğlunun yeddisi gününün səhəri ömür-gün yoldaşı dünyasını dəyişdi. Ancaq peşəsinə bağlılığı, hər zaman insanların sağlamllığında durmaq arzusu onu yaşadan amil idi.
Mustafa bəy Topçubaşov 1981-ci il noyabr ayının 20-də Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Ümummilli lider Heydər Əliyev Mustafa bəy Topçubaşovu həmişə yüksək qiymətləndirib, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini və dünya təbabət elminə verdiyi töhfələri layiqincə dəyərləndirib. 1995-ci ildə M.Topçubaşovun 100 illik yubiley mərasimində çıxış edən ulu öndər Heydər Əliyev böyük təbibin şəxsiyyətini açıqlayan bir neçə məqamı xüsusi vurğulayıb: "Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulubdu. Onun ziyalılığı təkcə elmində yox, xasiyyətində, davranışında, insanlara münasibətində idi... Xatirimdədir, bir dəfə bir nəfər mənim yanıma gəlib dedi ki, Mustafa bəy Topçubaşov akademiyada özünü elə aparır ki, elə bil heç vitse-prezident deyildir. Mən dedim, nə olubdur ki? O dedi ki, Mustafa bəy Topçubaşov akademiyanın bufetində oturur, hamı ilə birlikdə yemək yeyir. Dedim, burada nə var ki?.. Demək, insanlar başqa cür də düşünürlər.
Bu, onun alicənablığının, ziyalılığının parlaq təzahürüdür. İnsanlar var ki, bir xırda vəzifə tutan kimi ya evində, ya da dövlət işində özlərinə xüsusi xidmət tələb edirlər... Lakin xalqına bu qədər xidmət etmiş adam, həmin o Elmlər Akademiyasının bünövrəsini qoyanlardan biri bu cür təvazökar həyat keçirirdi."
Lakin bədxahlar "fəaliyyət"lərindən əl çəkmirdilər. Respublika rəhbərinə dəfələrlə deyirdilər ki, Mustafa bəy Topçubaşov artıq qocalıb. Bəlkə o, istefaya getsin, yaxud kafedra müdirliyini başqa adama tapşırsın? Topçubaşov akademiyanın vitse-prezidenti olduğu zaman da respublika rəhbəri Heydər Əliyevə belə "təklif"lərlə müraciət edirdilər. Ulu öndər isə belələrinə qətiyyətlə cavab verib: "Dediyiniz o qanun-qaydalar Mustafa bəy Topçubaşova aid deyil. O, elə bir insandır ki, o, elə bir fədakar adamdır ki, həyatının, yaşının son dəqiqəsinə qədər göstərdiyi fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir".
Ulu öndərin bu sözlərində də böyük həqiqət vardır: "Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün ən vacib olan sahə - onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini məhz bu sahəyə həsr etməsi heç də təsadüfi deyil. Bu, onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtarmasında, elmimizin, təhsilimizin inkişafında böyük xidmətlər göstəribdir".
Hacı Nərimanoğlu