4-5 aprel 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şuşa şəhərində iki günlük səfərdə olub. Səfər zamanı tədbirlər keçirilib. Musavat.com QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevadan bu səfər haqda, Şuşada keçirilən iki günlük tədbir barədə müsahibə götürüb.

- Rəhbəri olduğunuz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu günlərdə Şuşada iki günlük tədbir keçirdi. Tədbirin mahiyyəti və məqsədi nədən ibarət idi?

- Bildiyiniz kimi, yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli, “Şuşa ili” ilə bağlı təsdiq edilmiş tədbirlər planında müvafiq mövzuda qrant müsabiqəsinin keçirilməsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyə tapşırılıb. Məhz bu məqsədlə Agentlik Şuşaya səfər edib.

Agentliyin Müşahidə Şurasının iclasında “Şuşa ili”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin mövzuları, qrant müsabiqəsinin keçirilməsi qaydası, meyarları, layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının müvəqqəti qaydası, qrant məbləğinin yuxarı həddi müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.

- Bu müsabiqədən hansı gözləntiləriniz var? Müsabiqə şərtlərində hər hansı bir dəyişiklik varmı?

- Daha innovativ, daha faydalı ideyaların dəstəklənməsi məqsədilə prioritet hesab olunan mövzular artıq müəyyənləşib. Şuşanın tarixi irsinin tədqiqi, Şuşanın virtual məkanda təbliği, Şuşada quruculuq işləri ilə bağlı dövlət-özəl və QHT əməkdaşlığının təşviqi, Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri, xarici ölkələrdə Şuşa ilə bağlı tədbirlərin təşkili və s. Agentliyin Müşahidə Şurası tərəfindən müəyyənləşmiş mövzular üzrə təqdim olunan layihələr müsabiqədə iştirak hüququ qazanacaq.

Ötən müsabiqələrdən fərqli olaraq şərtlərdə müəyyən dəyişiklik edilib, bunlardan ən əsası layihə sənədləri təqdim edildikdən sonra texniki seleksiyadan keçən layihələrin təqdimatının keçirilməsidir. Yalnız Şuşamızın təbliğinə töhfə verən, maraqlı ideyalarını peşəkar səviyyədə təqdim edə bilən qeyri-hökumət təşkilatlarının layihələri qrant əldə edə biləcək.

Bir sözlə, şəffaf rəqabət mühiti yaradacağımıza əminik, Şuşanın dirçəlməsində vətəndaş cəmiyyəti olaraq kiçik payımız olduğu üçün qürur duyuruq.

- Məlum olduğu kimi Şuşa 2023-cü ildə TÜRKSOY-un mədəniyyət paytaxtı olacaq. Bu da o deməkdir ki, gələn il Şuşa genişmiqyaslı tədbirlər, festivallara ev sahibliyi edəcək, müxtəlif ölkələrdən xeyli qonaqlar qəbul edəcək. Agentliyin bu yöndə hansı planları var?

- Çox sevinirik ki, Vətənimizin ayrılmaz parçası olan Şuşa artıq azadlığının ikinci ildönümündə modernləşmə və inkişaf mərhələsini yaşayır və Agentlik olaraq vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı ilə biz də bu proseslərə öz töhfəmizi verəcəyik.

“Bir sözlə, şəffaf rəqabət mühiti yaradacağımıza əminik, Şuşanın dirçəlməsində vətəndaş cəmiyyəti olaraq kiçik payımız olduğu üçün qürur duyuruq”
Artıq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə fəaliyyət planı hazırlanıb. Şuşada qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birlikdə yaradıcılıq festivalının keçirilməsi, yerli və xarici QHT-lərin iştirakı ilə Beynəlxalq Əməkdaşlıq Konfransının təşkil olunması, Azərbaycan və Türkiyə QHT-lərinin birgə forumunun təşkili və s. Agentliyin bu il üçün nəzərdə tutulmuş layihələridir. Şübhəsiz ki, belə tədbirlər növbəti illərdə də davam edəcək və müxtəlif tərəfdaşlarla birgə Şuşamızın təbliği üçün əhəmiyyətli işlər görüləcək.

- QHT-lərin son dövrlərdəki fəaliyyətini necə dəyərləndirirsiniz? Sizi qane edən və etməyən məsələlər hansılardır?

- İlk öncə onu qeyd etmək istəyirəm ki, qeyri-hökumət təşkilatlarının inkişafı, onların potensiallarının artırılması, fəaliyyətləri üçün əlverişli mühitin yaradılması, həmçinin dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarətin təşkilində QHT-lərin fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi, QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, QHT-lərin beynəlxalq əməkdaşlıq formatlarının yaradılması və s. Agentliyin əsas hədəflərindəndir.

Agentlik olaraq hesab edirik ki, vətəndaş təşəbbüslərini istiqamətləndirən, idarə edən üçüncü sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran mühüm məsələlərdə, prioritet vəzifələrin icrasında fəal olmalı, dövlətlə, cəmiyyətlə bərabər, müxtəlif həssas və əhəmiyyətli sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidir.

QHT-lərin son dövrlər fəaliyyətində məni qane edən məqamlar təbii ki, daha çoxdur. Onların cəmiyyət həyatında baş verən hadisələrə, xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə müxtəlif beynəlxalq təşkilatların qərəzli yanaşmalarına çevik reaksiyası, işğaldan azad olunmuş ərazilərimizin inkişafı ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələri, yerlərdə ictimai nəzarətin həyata keçirilməsində fəallıqları bizə əsas verir deyək ki, QHT sektoru öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Qane etməyən məsələlər sırasında isə bəzi QHT-lərin öz daxilində islahatlar aparmamısını, fəaliyyətlərində yeni yanaşmaların tətbiq edilməməsini və s. qeyd etmək olar.

Bir sözlə, QHT-lərimiz yeni çağırışlara cavab verməlidirlər.

- Son səfərinizdə Şuşanı necə gördüz, təəssüratlarınız necədir?

- İlk səfərimdə olduğu kimi bu səfərimdə də bir daha əmin oldum ki, Şuşada işğal dönəmində-30 il ərzində heç bir iş aparılmayıb, nümunə göstəriləcək bir bina belə inşa edilməyib, sanki zaman “donmuş” kimidir.

Bu gün isə Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli... “Şərqin Konservatoriyası” adlandırılan Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Hər bir azərbaycanlı kimi bu tarixi anları yaşamaq və yaxından izləmək çox qürur vericidir...

 Xalidə GƏRAY,
Musavat.com