1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiyanın dağılmasından sonra vahid dövlətin parçalanması başlandı və bu, Azərbaycanda xanlıqların yaranmasına səbəb oldu. Qarabağ xanlığı öz ərazisinə, təbii şəraitinə görə daha üstün mövqeyə malik idi.
Bu xanlıq Azərbaycan ərazisinin xeyli hissəsini əhatə edirdi. Onun sərhədləri Arazdan Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və dağlıq Qarabağı, Zəngəzur, Bərgüşad mahallarını əhatə etməklə Mehri, Tatev, həmçinin Sisiana qədər uzanırdı. Qarabağ xanlığı Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi
Bu xanlığın banisi, qurucusu Pənahəli xan (1693 - 1763) Cavanşirlər tayfasının Sarıcalı oymağında doğulmuşdu. Azərbaycanda hələ qədim dövrlərdə məskunlaşmış Cavanşirlər tayfasının başçıları XVI əsrdən başlayaraq Qarabağı nəsildən-nəslə ötürülən irsi hakim hüququ ilə idarə edirdi. 1736-cı ildə Nadirin şah seçilməsinin əleyhinə çıxış edən digər tayfalar kimi, Cavanşirlər tayfası da Xorasana sürgün edilmişdi. Bu dövrdə onlara başçılıq edən Pənahəli xan Nadir şahın ən nüfuzlu sərkərdələrindən birinə çevrilmişdi. Kərbəla, Lahor, Pişəvər, Dehli səfərlərində igidlik göstərib, döyüşlərin önündə gedib. Sonra saray intriqaları onların da arasını soyudub, Pənahəli xan 6 nəfərlə birlikdə Xorasandan Qarabağa qaçıb gəlmək məcburiyyətində qalıb. Tezliklə müstəqil Qarabağ xanlığının əsasını qoyub. Xanlığın aparıcı elləri, tayfa birliklərini - Cavanşir, Sarıcalı, Qacarlar, Qaramanlı, Baharlı, Zülqədər, Əhmədli, Qaraqoyunlu, Göyçəli, Ozan və başqalarını az vaxtda öz ətrafında birləşdirib.
Pənahəli xan yenicə yaranmış Qarabağ xanlığını möhkəmləndirmək üçün həm daxili, həm də xarici düşmənlərə qarşı uzun və gərgin mübarizə aparmalı oldu. Daxildə onun hakimiyyəti üçün ən böyük təhlükəni Qarabağın xristian məliklikləri (Çiləbörd, Gülüstan, Xaçın, Vərəndə və Dizaq) yaradırdı. Nadir şahın hakimiyyəti dövründə nisbi müstəqillik əldə etmiş bu məlikliklər bağımsız Qarabağ xanlığının yaranmasını düşmənçiliklə qarşıladılar. Tezliklə Azərbaycan torpaqlarını işğal etməyə çalışan Rusiyanın və onun əlaltısı olan Kartli-Kaxetiya çarlığının əlində oyuncağa çevrilən məliklər Qarabağ xanlığını məhv etmək və onun yerində xristian çarlığı yaratmaq üçün fürsət axtarırdılar. Lakin Pənahəli xanın yeritdiyi qətiyyətli siyasət onlara öz niyyətlərinə çatmağa imkan vermədi.
Pənahəli xanın və İbrahimxəlil xanın fəaliyyətində Qarabağ xanlığının ərazisini genişləndirmək və son nəticədə pərakəndə Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək siyasəti özünü aydın göstərirdi. Bu istiqamətdə ilk addımlar hələ Pənahəli xanın hakimiyyəti dövründə atılmışdı. O, daxildə öz mövqelərini möhkəmləndirməklə yanaşı, qonşu xanlıqların da torpaqlarını özünə birləşdirmək siyasəti yeridirdi. Məlumdur ki, Səfəvi dövlətinin dağılma mərhələsinə qədəm qoymasından istifadə edən osmanlılar XVIII əsrin 20-ci illərində yenidən Azərbaycanın çox hissəsini ələ keçirmişdilər. Osmanlı hakimiyyəti dövründə Zəngəzur torpaqlarının bir hissəsi – Sisyan və Meğri Çuxursəd vilayətinə, Bərgüşad, Həkəri, Çavundur nahiyələri Gəncə- Qarabağ əyalətinin tərkibində aid edildi.
Nadir şah yenidən bütün Zənəzur ərazilərini osmanlılardan geri aldı və öz imperiyasının tərkibinə daxil etdi. 1747-ci il iyunun 19-dan 20-nə keçən gecə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən və onun imperiyası çoxsaylı xırda dövlətlərə – xanlıqlara parçalandıqdan sonra Zəngəzurun Qapanat ərazisini Təbriz və Qaradağ xanları öz aralarında bölüşdürdülər. Qapan, Zəngəzur və Bərgüşad Təbriz xanına, Mehri, Güney və Çavundur Qaradağ xanına çatdı.
Lakin 1750-ci illərdə Pənahəli xan Qarabağlı Mehri və Güney mahallarını Qaradağ xanının əlindən, Tatev və Sisyan mahallarını Naxçıvan xanının əlindən, Zəngəzur və Qapanı isə Təbriz xanının əlindən aldı. Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi, Zəngəzur yenidən bir inzibati vahidin tərkibində birləşdirildi.
1822-ci ildə ruslar Qarabağ xanlığını ləğv edib, onu Müsəlman əyalətləri hərbi dairəsinin tərkibində bir əyalətə çevirdikdən sonra, 1830-cu illərin əvvəllərində bu əyalətin tərkibində 9 minbaşılığı birləşdirən iri Zəngəzur mahalı təşkil olundu. Bunlar keçmiş Sisyan, Tatev, Zəngəzur, Qaraçorlu, Püsyan, Bərgüşad, Qapan, Meğri-Güney və Çavundur (Çuldur) mahalları idi.
İrəvan və Gəncəyə məxsus bir çox torpaqları ələ keçirən Pənahəli xan Cavanşirin ilk işlərindən biri ona könüllü itaət edən və etmək istəməyən Qarabağın “Xəmsə” adlanan beş Alban-Xristian məlikliyinin birdəfəlik qəti mərkəzi hakimiyyətə tabe edilməsi olmuşdu.
Pənahəli xanın ölümündən sonra hakimiyyətə gəlmiş İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. Pənahəli xanın Qarabağ xanlığının sərhədlərini genişləndirmək siyasəti İbrahimxəlil xan tərəfindən uğurla davam etdi. Ayrı-ayrı vaxtlarda Azərbaycanın Təbriz, Ərdəbil, Qaradağ, Naxçıvan və Gəncə xanlıqları Qarabağ xanlığından asılı vəziyyətə salındı. Avar hakimi Ömər xanla da qohumluq əlaqəsi yaradan Qarabağ xanı hərbi cəhətdən daha da güclənərək Cənubi Qafqazın ən nüfuzlu hakimlərindən birinə çevrildi.
Qarabağ xanlığının yarandığı ilk dövrlərdə Pənahəli xanın fəaliyyətinin mühüm istiqamətlərindən birini paytaxt şəhərinin yaradılması təşkil edirdi. Bir tərəfdən daxili çəkişmələr, digər tərəfdən isə qonşu xanlıqların və Qacarlar dövlətində hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı feodal hakimlərin hücum təhlükəsi Qarabağ xanını güclü müdafiə imkanları olan şəhər-qala tikdirməyə məcbur edirdi. Bu qala eyni zamanda Qarabağ xanlığının paytaxtı rolunu oynamalı idi. 1748-ci ildə əsası qoyulmuş Bayat qalası məhz bu məqsədə xidmət edirdi. Lakin qalanın düşmən hücumlarının qarşısını almaq baxımından kifayət qədər etibarlı olmadığına görə, Pənahəli xan 1751-ci ildə vaxtilə I Şah Abbasın qışlaq yeri olmuş Şahbulaq qalasını tikdirdi.[3] Pənahəli xanın ömür yolu, hərbi, siyasi fəaliyyəti barədə, eləcə də Şuşanın tarixi haqqında ən mükəmməl mənbələrdən biri, şübhəsiz, Mirzə Camal bəy Cavanşir Qarabağinin “Qarabağ tarixi” əsəridir. O, bu əsəri Tiflis canişini Vorontsov-Daşkovun tapşırığı ilə yazıb, Adolf Berje tərəfindən farscadan ruscaya çevrilib, 1855 –ci ildə “Kafkaz” qəzetində dərc olunub. Camal bəy 1797-1822 – ci illərdə Qarabağ xanlığının vəziri olub, atası da, özü də Pənahəli xanın ən çox inandığı saray əhlindən idi. 1773-cü ildə Xocalıda doğulub Şuşada mədrəsə təhsili alıb, fars, ərəb, avar, ləzgi dillərini bilib. Xanlığın ləğvindən sonra məhkəmədə işləyib, 1853-cü ildə vəfat edib.
Pənahəli xan 1763-cü il avqustun 21-də 70 yaşında Qacarlar dövlətinin Şiraz şəhərində Kərim xan Zəndin sarayında müəmmalı şəkildə vəfat edib. Vəsiyyətinə görə, nəşi Ağdama gətirilib dədə-baba İmarət qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, “Qarabağ” sözünün etimologiyası barədə iki əsas fikir var. Birincisi, “qara” qədim türk dilimizdə “böyük”, “geniş” mənasını bildirir, bu ifadə həmin anlamda “Kitabi-Dədə Qorqud”da gen-bol işlənib. Məs; “Qara yerin üstünə ağ ban evin tikdirmişdi”, “Qara başım qurban olsun, suyum sənə”... Oğuz-türk anlamlı “qara”nın izi Qarabağın hər yanında qalıb: Qaraqoyunlu, Qaramanlı, Qaralar, Qarağac, Qaracallı, Qarakişilər, Qaraqaya, Qarasu, Qaraçay, Qaradərə, Qarahun... İkincisi, Qarabağlı adlı türksoylu tayfalar qədim türk ellərimizdə geniş yayılıb.