Xarıbülbül Azərbaycanın Şuşa şəhərində bitən bitkinin  adıdır. Görünüşcə bülbülə bənzədiyinə görə belə adlanıb. Latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Xarıbülbül həm də Qarabağ və Şuşanın rəmzi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi şəhidlərinin və Qarabağın azadlıq  simvoludur.

Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, eləcə də Azərbaycanın və dünyanın heç bir yerində bitməyən “Xarıbülbül” adlı bu gül may-iyun aylarında çiçək açır. Bu nadir çiçəyə ən çox Cıdır düzündə, Topxana meşəsində, Üçmıx zirvəsində, dağ yamaclarında, çay kənarlarında rast gəlinir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.

Xarıbülbül qədim türk əsatirlərində də adı keçən gül bitkisidir. Üzüntülü nakam sevgi hekayəsində belə nəql olunur ki, Oğuz xanın döyüşdə ağır yaralanmış alpaqutlarından – döyüşçülərindən biri son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərir, eşqini ifadə edir.

Qırğız yazıçısı Erlan Jurabekovun “Jarxı Bulbul” hekayəsinin mövzusu da bu qədim türk əsatirindən alınıb. Bu gülü ən çox əzizlərini itirənlər, həsrət, qəriblik çəkənlər yaxalarına taxırlar.

Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa öz iradəsindən asılı olmadan siyasi səbəblərlə Fətəli şah  Qacara ərə verilir. Tehrandakı şah sarayında onun rahatlığı üçün hər cür şərait yaradılsa da, qəm-kədər, Şuşa nisgili onu günbəgün üzür. Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan növbənöv ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta, bağbanı, xidmətçiləri də Şuşadan gətirdir. Əkilən hər şey bitir, təkcə Xarıbülbül gülündən başqa. Onu dəfələrlə gətirib əksələr, nə qədər qulluq etsələr də, solub məhv olur. Bundan təsirlənən Ağabəyim ağa belə bir bayatı deyir:

Vətən bağı al-əlvandır,

Yox içində Xarıbülbül

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül?

Şuşa şəhərində 1989-cu ildən “Xarıbülbül” festivalı keçirilir. İlk festival məşhur xanəndə, musiqiçi pedaqoq  Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar keçirilib. Tədbir həmin ilin mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. İlk festivalda yerli ifaçılarla yanaşı, 10 ölkədən 100-ə yaxın musiqiçi iştirak edib.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub.

Şuşa şəhəri bir sıra böyük dövlətlərin hərbi-siyasi dəstəyi ilə erməni işğalında qaldığı (1992-2020) illərdə festival Qarabağın Ağdam, Bərdə və Ağcabədi bölgələrində keçirilib. Qonaqların sayı da ilbəil artıb. 1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın musiqiçi qatılıb.

“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Şuşada 28 il sürən işğaldan sonra yenidən bərpa olundu.

2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor, musiqi kollektivlərinin konsertləri keçirilib, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalda Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva da iştirak edib.

2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin Şuşa İli elan edilməsi, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib,  ”Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun qəbul olunub.