Söhbət ötən gün "Həmin Zaur" şousunda baş verən hadisədən gedirdi. Eşitdiyimə inanmadım, axar.az saytına daxil olub videogörüntünü izlədim: https://axar.az/news/maqazin/657092.html Zaur cənublu müğənnini efirdən qovdu – Video
Cənubi Azərbaycandan olan Afşin Azəri son illərin ən populyar, çox sevilən, dinlənilən müğənnilərdən biridir. Onun şirin Təbriz ləhcəsində oxuduğu könül oxşayan mahnılarını bizim evimizdə də 3 yaşlı Cəlal nəvəmdən başlamış hamımız sevərək izləyirik, həm də ona görə ki, bizim əksər oxuyanlarımızın sifətindəki yekəxanalıq, özündən müştəbehlikdən fərqli olaraq, Afşinin üz-gözündən mərifət, səmimiyyət, təmizlik yağır. Arazın o tayından gələn sənətçilər Azərbaycanın o tayı ilə bu tayı arasında könül körpülərini, bağları, yaddaşları bərkidirlər, ikiqat hörmətə layiqdirlər, zaürlərın ağzından çıxarmağa cəsarət etdikləri sözlərin ( “Özünüzü qonaq kimi aparın - Həmin Zaur” https://www.youtube.com/watch?v=mGbBG9MQ16g ) əksinə olaraq, bura onların öz doğma evidir.
Xəbərdən və sosial şəbəkələrdə yazılan şərhlərdən göründüyü kimi, Zaur adlı (mən milli televiziyaları anti-milli telekanalizasiyaya çevirən belə aparıcıların səsini eşidib sifətini görməmək üçün şou-proqramlara baxmıram) aparıcının növbəti etikadan uzaq hərəkəti çox sayda tanınmış simaların adekvat dəyərləndirmələri, təpki, kəskin qınaqları ilə də qiymətini almaqda davam edir.
Məsələ başqadır; mənim, sənin, xalqımızın, dövlətimizin büdcəsi hesabına işləyən, evlərimizə icasəsiz soxulan televiziyalarımızda illərdir ciddi etirazlara baxmayaraq at oynadıb meydan sulayan, ədəbsiz mənəm-mənəmliyi, ədabazlığı, yekəxanalığı ilə insanların əsəblərini pozan bu üzdəniraq toy toxlularına nədən “dur” deyənlər tapılmır, bunların belə özbaşınalığına imkan yaradanlar barı dövlət, mədəniyyət adına itirdiklərimizin miqyasını düşünsünlər. Heç inanmıram Teleradio Şurası adlanan qurum bu biədəbliyə qiymət verəcək, verəcək olsa, aparıcı adı ilə gözlərimizi yağır edənlərin bir çoxunun gərək bir də tv-də sifəti görünməyə, o da reallığa uyğun, inandırıcı deyil, çünki belələrini yetişdirib bu səviyyəsizliyə gətirmək üçün illərlə vaxt, xərc-xəsarət lazım olub.
Ayıb, çox ayıb!
Bağışla bizi, Afşin ( Təbriz, Urmu, Ərdəbil...) səni çox sevirik, Bakı sənin öz evindir, evlərimizin, könüllərimizin əzizi, istəklisisən, zaürlər gəldi gedərdi, sənin səsin daim yaşayacaq. Afşin, telefonum redaksiyadadır, gözüm üstə yerin var, sənin internetdə hərəsi 5-10 milyondan çox izləmə ilə ürəkləri oxşayan “Dilbər, “Xəbərin yoxdur”, “Popuri”, “Dilbər”, “Can-Can”, “Divana”, “Nazlı”ndan iştaha gələn, nəğmələrinin ritmini tutub qol götürüb süzən Cəlal bəyi də gör, səni necə sevdiyinə şahid ol!
Hər zaman könlümüzdəsən Afşin Azəri!
Hacı NƏRİMANOĞLU, yazar
Yazı fars əlifbası ilə Təbrizdə çıxan qəzet və saytlarda yayılıb: https://aazaranjoman.ir/print/?print=30794&fbclid=IwAR3V7At1xF5e7OR7dUq7It8h4xY8Ir138OX7sd5rQ7at72UkT006JyXKh6s