3 avqust 2022-ci il tarixdə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Bəyanat yaymışdır. Bəyanatda deyilir:
Ermənistan silahlı qüvvələrinin 3 avqust 2022-ci il tarixdə səhər saatlarında atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə, geniş miqyaslı hərbi əməliyyatlara başlamış, Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutmuş, nəticədə əsgər və zabitlərimiz şəhid olmuşdur.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!
Birliyin İdarə Heyəti və Ağsaqqallar Şurası Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə ölkəmizin sərhədləri daxilində bir sıra hərbi-strateji əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsini - Milli Ordumuzun qətiyyətli cavab tədbirini dəstəkləyir, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanata zidd olaraq Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoymaq, Qarabağ və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycanın hərbi-siyasi nəzarətini təmin etmək üçün apardığı anti-terror əməliyyatını alqışlayır, bu şərəfli missiyanın yaxın zamanlarda gerçəkləşəcəyinə, son qəti qələbənin bizimlə olacağına inanırıq.
Zəfərlər səninlə olsun, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından
Sədr Hacı Nərimanoğlu