Həbib xan Şəkinski (1880-1956) Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Zəngəzur qəzasına rəis hüququnda rəis əvəzi təyin edilmişdi.
Həbib xan Süleyman xan oğlu (tarixi ədəbiyyatda Süleyman ağa da adlandırılır) Şəkinski 1880-ci ildə Şuşada doğulmuşdu. O, Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahim Xəlil xanın nəvəsi idi. Hələ çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində sahə polis pristavı olmuş, sonra Zəngəzur qəzasının rəis əvəzi təyin edilmişdi. AXC dönəmində Zəngəzur qəzasının 6 rəisi olub. Bunlar - Fərəc bəy Məliknamazəliyev, Hüseyn bəy Mahmudbəyov, Camal bəy Sultanov, Fərrux bəy Sərməstbəyov, Mirzə Məhəmməd Axundov və Həbib xan Şəkinski olmuşlar. Zəngəzur qəzasının Həkərə, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus idi. Həbib xanın anası Gövhər xanım görkəmli yazıçı,dramaturq Əbdürrəhim bəy Haqverdiyevin (17 may 1870, Şuşa -17 dekabr 1933, Bakı) əmisi qızı idi. Həbib xan Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Onun Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları vardı. Barat xanım Şəkinskaya (14 iyun 1914, Şuşa - 14 yanvar 1999, Bakı) görkəmli aktrisa, respublikanın xalq artisti olub. Həbib xan Şəkinski 1956-cı ildə Bakıda 76 yaşında vəfat etmişdir.
Mənbə:
İltifat Şahsevən(Əliyarlı).Tahir Behbudov.
İstiqlal Fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları.
Hazırladı: Tural Qaffarov https://www.facebook.com/profile.php?id=100039492201800