Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin son qrant müsabiqəsinin qaliblərindən olan "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi "Şərqi Zəngəzur yazarları: Böyük Qayıdışın önündəyik!" adlı layihənin icrasına başlayıb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərimizdə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, 1933-cü ildə xəritələrdən silinmiş Zəngəzur adının yenidən bərpası xalqımızın, dövlətimizin ictimai-siyasi, mənəvi həyatında mühüm hadisədir. Bu sənəd həm də bizi tarixi ədalətin bərpasına aparır, minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsini, birləşib bir-birinə və Azərbaycana qovuşmasını, bu mənəvi borcumuzun gerçəkləşməsini hədəf olaraq müəyyən edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri artıq strateji yol xəritəsidir: “Biz Zəngəzura qayıdacağıq, kimsə bizi dayandıra bilməz! Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm. Zəngəzurun Şərqi varsa, onun Qərbi də var, bunların qovuşması artıq zaman məsələsidir.”

Dövlətimizin başçısının bu müqəddəs amal uğrunda apardığı siyasi-ictimai, ideoloji, informasiya mücadiləsində vətəndaş cəmiyyəti sektoru - QHT-lər üzərinə də mühüm, şərəfli, məsuliyyətli fəaliyyətlər düşür. 44 günlük savaşda əldə etdiyimiz zəfərlər, yağı düşmən tapdağından qurtulmuş ellərimiz yolumuzu gözləyir. Hamımız bu yolda səfərbər olmalıyıq. Unutmayaq ki,  o torpaqlar uğrunda savaşda şəhid olmuş igidlərimizin ruhu qarşısında mənəvi borcumuzu da yalnız Böyük Qayıdışla sevindirə bilərik. Hər kəsi bu yolda Xalqımız, Ordumuz, Prezident - Ali Baş Komandanımızla birlikdə olmağa çağırırıq. Yolumuz açıq olsun!

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi