Hazırda Azərbaycan və Türkiyə arasındakı birbaşa sərhəd Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisindədir. Eyni zamanda, Azərbaycan Gürcüstan ərazisindən keçən kommunikasiya xətləri ilə də Türkiyə ərazisinə çıxış əldə edə bilir. Bu baxımdan, Azərbaycandan Türkiyəyə çatmaq üçün mövcud olan yolların uzunluğu paytaxt Bakı şəhərindən Türkiyə sərhəddinə qədər olan məsafələr əsasında aparılacaq. Hazırda mövcud olan Bakı-Horadiz dəmiryolu xəttinin uzunluğu 266 kilometrə, Horadizdən Ermənistan Respublikası ilə sərhədədək (Mehri rayonu) olan məsafə isə 108 kilometrə bərabərdir. Yolun daha 41 kilometrlik hissəsi isə Ermənistan Respublikası ərazisindən keçir. Yolun Ermənistan sərhəddindən Ordubad şəhərindədək olan hissəsi 11 kilometrə, Ordubad-Culfa-Sədərək hissəsi isə 190 kilometrə bərabərdir. Yəni Ermənistan ərazisindən keçən yol vasitəsilə, Bakıdan çıxan qatarlar, Türkiyə ilə sərhəddəki “Dilucu” sərhəd-keçid məntəqəsinə çatanadək ümumilikdə 616 kilometr məsafə qət etməlidir.
Gürcüstan vasitəsi ilə Azərbaycan və Türkiyə arasındakı dəmiryolu əlaqəsini Bakı-Tbilisi-Qars dəmiryolu xətti təmin edir. Həmin dəmiryolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycan ərasinə, daha 263 kilometrlik hissəsi isə Gürcüstan ərazisinə düşür. Yəni, həmin xətt vasitəsi ilə Bakıdan Türkiyə və Gürcüstan sərhəddində yerləşən “Canbaz” sərhəd-keçid məntəqəsinədək olan məsafə cəmi 767 kilometrə bərabərdir.
Digər tərəfdən, Türkiyə dəmir yolları şəbəkəsinin şərqi Türkiyə ərazisində əsas mərkəzi Qars şəhəridir. Bu baxımdan Qars şəhərinə qədər hər iki istiqamətdə dəmir yolununun uzunluğunu hesablamaq əhəmiyyətlidir. Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin uzunluğu 846 kilometrdir.
Ermənistan ərazisindən keçib Türkiyə sərhəddinə çatacaq dəmir yolu xəttinin uzunluğu, yuxarıda hesabladığımız kimi, 616 kilometrdir. Türkiyə sərhəddindən Qars şəhərinə qədər olan dəmir yolu xəttinin uzunluğu isə 224 kilometrdir. Beləliklə, Ermənistan ərazisindən keçib Qars şəhərinə çatacaq dəmir yolunun uzunluğu 840 kilomterdir.
Avtomobil yollarına gəldikdə isə, Hacıqabuldan Ermənistan sərhəddinə qədər olan avtomobil yolunun (M6 yolu) uzunluğu 286 kilometrə bərabərdir.
Bakıdan Hacıqabula qədər avtomobil yolu (M2 yolu) 128 kilometrə bərabərdir. Yolun İran-Ermənistan sərhəddi boyunca davam etdiyini nəzərə alsaq, Ermənistan ərazisindən keçən yol 48 kilometrə bərabər olacaq.
Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddindən Türkiyə ilə sərhəhhədək olan avtomobil yolunun uzunluğunun 187 kilometr bərabərdir. Bakıdan Ermənistan ərazisindən keçməklə Türkiyəyədək olan məsafənin 649 kilometrə bərabər olduğu görünür.
Azərbaycandan avtomobil yolu vasitəsi ilə Gürcüstandan keçməklə də Türkiyəyə getmək mümkündür. Hazırda Bakıdan Gürcüstanla dövlət sərhəddinədək olan avtomobil yolunun uzunluğu 503 kilometrə bərabərdir. Buradan Türkiyə və Gürcüstan arasında yük maşınlarının istifadə etdiyi əsas gömrük-keçid məntəqəsi hesab edilən “Sarp” gömrük məntəqəsinədək olan məsafə 430 kilometrə bərabərdir. Yəni Bakıdan Gürcüstandan keçməklə Türkiyə sərhəddinədək olan avtomobil yolunun uzunluğu cəmi 933 kilometrə bərabərdir.
“Zəngəzur dəhlizi” və “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin Türkiyə sərhəddinə qədər olan hissəsinin arasındakı fərq cəmi 151 kilometrə bərabərdir. Əgər Qars şəhərinə qədər məsafəni nəzərə alsaq, bu fərq cəmi 6 kilometrdir.
Azərbaycandan avtomobil yolu ilə Ermənistan və ya Gürcüstan ərazisindən keçməklə Türkiyə sərhəddinə çatmaq üçün qət edilən məsafələr arasındakı fərq isə 284 kilometrə bərabərdir.