“Şuşa - 270” kitabının Şuşa MKS-da təqdimatı olub 

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS)  Azər­bay­can Res­pub­li­ka­sı­nın Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Agent­li­yi­nin ma­liy­yə yar­dı­mı ilə nəşr olunmuş “Şuşa - 270” kitabının təqdimatı olmuşdur.

Əvvəlcə Vətən müharibəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-in direktoru Gülsarə Abbasova tədbiri giriş sözü ilə açaraq tarix üzrə fəlsəfə doktoru, yazıçı-publisist Hacı Nərimanoğlunun müəllifi olduğu bu kitabın “Şuşa İli”nə dəyərli töhfə olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur yazarları: Böyük Qayıdışın önündəyik!” layihəsi çərçivəsində işıq üzü görən kitabda Şuşanın inşasına başlandığı vaxtdan indiyədək 270 illik tarixi,  mədəniyyəti, yetirdiyi şəxsiyyətlər, hazırda şəhərdə mən­fur düş­mə­nin mur­dar ayaq iz­lə­ri­nin iti­ril­mə­si, ye­ni­dən dir­çə­li­şi üçün görülən işlər sənədlər, foto, informasiya, elmi araşdırma, arxiv materialları, analitik yazılarda əks olunub. Nəşrdə ümummilli lider Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  Şuşaya səfərlərinə, şəhərin azad edilməsi barədə fikirlərinə, müxtəlif tədbirlərdə çıxışlarından sitatlara geniş yer verildiyini bildirib. Rəngli formatda çıxan 200 səhifəlik  kitabın elmi redaktoru Beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Bayram Cəfərov QHT Agentliyinə dəyərli layihəni maliyyələşdirdiyinə görə təşəkkür edib, MKS-a təhvil verilmiş kitabların İdarənin 100-dək kitabxanasına, mədəniyyət evinə paylanacağını bildirib. Şuşanın azad edilməsinin dünya hərb tarixində bənzərsiz qəhrəmanlıq  səhifəsi olduğunu bildirən natiq qeyd edib ki, müəllifin kitaba daxil edilən elmi-kütləvi məqalələrinin bir qisminin xarici dillərə tərcümə edilərək beynəlxalq internet məkanında, müxtəlif ölkələrin populyar KİV-də yayılması xüsusilə təqdirəlayiqdir.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon komitəsinin sədri Tural Məhərrəmov “Şuşa-270” kitabının gənclərin vətənpərvərlik tərbiyəsində, tariximizə sevgi ruhunda böyüməsində, maarifçilik işində əhəmiyyətli mənbə olduğunu bildirib, kitabların bir hissəsinin Şuşa şəhərində fəaliyyətə başlayacaq mədəniyyət müəssisələrinə hədiyyə ediləcəyini qeyd edib, QHT-yə xeyirli layihəyə görə təşəkkürünü çatdırıb.

Təqdimat iştirakçılarının çıxışlarında qeyd edilib ki, 47 başlıqda verilən yazılar Şuşanın 270 illik tarixi barədə müfəssəl, zəngin elmi mənbədir, rəvan, oxunaqlı dildə yazıldığından bütün yaş qrupları üçün əlçatandır. Qarabağ xanlığının qurucusu Pənahəli xan, Şuşanın inşası, inkişaf dövrləri, əhalisi, məhəllələri, məscidləri, Şuşada sənətkarlıq və ticarət, maarif, mədəniyyət, Şuşa əcnəbi səyyahların gözü ilə, Şuşaya xarici hücumlar, Kürəkçay müqaviləsi, Şuşa qəzasının yaranması, ermənilərin Qarabağa və Şuşaya köçürülməsi, Ağaməhəmməd şah Qacarın Şuşada qətli, İbrahimxəlil xan, Molla Pənah Vaqif, Kərbəlayı Səfixan Qarabaği, Mir Möhsün Nəvvab Qarabaği, Türkçülüyün patriarxı – Şuşalı Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Gövhər ağa, Şah xanımı Ağabəyim ağa, Xurşidbanu Natəvan, Şuşa və Xankəndi Azərbaycan Xalq Cümhuriyyəti  və Azərbaycan SSR tərkibində, Türk əsgərləri Şuşada, Şuşalı məşhurlar, Şuşalı generallar, Şuşanın gerbində əks olunan Qarabağ atları, Şuşanın azadlıq simvolu – xarıbülbül, məşhurlar Şuşa haqqında, Şuşanın  28 il davam edən işğalı, Şuşa Bəyannaməsi, Şuşa əzəlki gözəlliyinə qayıdır, Qarabağ xanlığı və Şuşa tarixinin xronologiyası və digər yazılar Şuşanın tarixi, iqtisadi, mənəvi, sosial-mədəni mənzərəsini əhatəli şəkildə əks etdirir.

Müəllif  Hacı Nərimanoğlu təqdimatın təşkilatçı və iştirakçılarına razılığını bildirib, çoxsaylı sualları  cavablandırıb.