Sentyabrın 16-da İran İslam Respublikasının paytaxtı Tehranda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən guya geyiminin, çadrasının islam qaydalarına uyğun olmaması səbəbi ilə 22 yaşlı Məhsa Aminin döyülərək həbs edilməsindən iki saat sonra beyin infarktı keçirib yaşamını itirməsi səbəbi ilə başlanan kütləvi etirazlar ölkənin bütün ərzilərinə yayılıb.
Çox sayda etirazçı dövlətin silahlı güc strukturlarının hüquq və ədalətə sığmayan amansız zorakılığı, qeyri-insani hərəkətləri nəticəsində qətlə yetirilib, yaralanıb, minlərlə qadın, azyaşlı, tələbə, yaşlı insan, eləcə də ölkədə böyük nüfuza sahib olan müstəqil düşüncəli elm, sənət adamları, yazarlar həbsxanalara salınıb, işgəncələrə məruz qalıb, edam cəzasına məhkum ediliblər. Qonşu ölkənin son yüz illik tarixində dəfələrlə təkrar olduğu kimi, bu dəfə də kütləvi etirazçıların önündə gedənlər Azərbaycan türkləridir. Sivil dünyadan, beynəlxalq insan hüquq və azadlıqlarına hörmətdən, islamın əsas mahiyyətindən uzaq düşərək özlərinə sərf edən dini ehkamları uzun illərdir idarəetmə formasına çevirən, bununla ölkə əhalisini aclıq, səfalətə düçar edən, hazırda minlərlə insanın qanı bahasına olsa da anti - insani hakimiyyətini qoruyub saxlamağa cəhd edən, etirazçı vətəndaşlarına qarşı günü - gündən daha çox qəddarlıq göstərən İranın hakim rejiminin anti-insani hərəkətlərini lənətləyirik.
Yüz illər boyu indiki İran ərazisində yaşayan, əhalisinin yarıdan çoxunu təşkil edən, dövlətlər qurub idarə edən canı, qanı, dili, dini bir Azərbaycan türklərinə və digər xalqlara düşmən kəsilən İran rejiminə qarşı Türkiyə və Azərbaycanın siyasi rəhbərliyini, parlamentlərini, qeyri-hökumət təşkilatları - sivil toplum qurumlarını, ziyalıları daha qətiyyətli mövqe tutmağa, regonda gözlənilən real dəyişikliklərə hazır olmağa, milyonların haqq səsini beynəlxalq təşkilatlarda daha cəsarətlə qaldırmağa çağırırıq.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti adından
Sədr Hacı Nərimanoğlu
20.10.22