Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! Hüseyn Cavid
1752-ci ildə Pənahəli xanın özünə yay iqamətgahı kimi tikdirdiyi Şuşa qalasının başının bəlalar çəkəcəyini, həm də bir zamanlar dövlətin maarif, mədəniyyət mərkəzinə çevriləcəyini xəyalına da gətirməzdi.
1805-ci il mayın 14-də imzalanmış Kürəkçay müqaviləs ilə Şuşa Qarabağ xanlığının tərkibində çar Rusiyasının müstəmləkəsinə çevrildi. Şuşada XVIII əsrin sonlarında cəmisi 162 ailə- təqribən 2 min nəfər yaşayırdı. Onların 1800-ə qədəri müsəlman türk - azərbaycanlılar, qalanı xristian dinini qoruyub saxlamış albanlar idi. XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu türk-azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Ancaq Qarabağa, Şuşaya Rusiyanın müstəmləkə siyasətinə uyğun olaraq, Anadolu və İrandan ermənilərin, Rusiyadan malakanların köçü davam edirdi.
29 il əvvəl – 1992-ci il mayın 8-də yenə də bənzər ssenari ilə Şuşa ermənilərə təslim edildi. Artıq Şuşa azaddır, Şəhid və Qazilərimizin qanı bahasına yağı tapdağından qurtularaq Azərbaycana qovuşub.
Azərbaycanda maarifçiliyin yayılmasında, mədəniyyətin tərəqqisində Şuşanın xüsusi yeri, əhəmiyyətli rolu olub. 1830-cu ildə açılan Şuşa qəza məktəbi, 1874-cü ildə yaradılmış Şuşa şəhər məktəbi Azərbaycanda və Cənubi Qafqazda ilk şəhər məktəbləri idi. Üç sinifli, 1878-ci ildən isə dörd sinifli Şuşa qəza məktəbində türk-ana dili, tarix, rus dili və fransız dilinin tədrisi üstünlük təşkil edirdi. Təsis edildiyi ilk illərdə Şuşa şəhər məktəbində 375 nəfər şagird təhsil alırdı. Bu, çar Rusiyası ərazisində dövrünün ən çox şagird kontingenti olan yeni tipli məktəb idi. Şuşa şəhər məktəbində 1875-ci il mayın 6-dan şagirdlər dövlət hesabına pansionda yaşayıb təhsil alırdılar. Şəhər məktəblərinin nəzdində kitabxanalar təşkil edilirdi. Şagird kitabxanasının zənginliyi ilə fərqlənən Şuşa məktəbi tədris vəsaiti və fənn kabinetləri ilə çox yaxşı təchiz olunmuşdu. 1880-ci ildə Şuşa şəhər məktəbinin nəzdində xüsusi musiqi sinifləri açıldı. Bu siniflərin Şuşada peşəkar musiqi hazırlığı olan musiqiçilər nəslinin yetişməsində rolu, əhəmiyyətli misilsiz idi. Elə həmin il məktəbin tədris planında ipəkçilik peşəsi (yəni müasir texniki peşə məktəbi) də yer aldı. Həm təhsilin, həm də peşə öyrədilməsinə ehtiyacı təmin etməkdən ötrü Şuşa şəhər məktəbinin nəzdində bazar günü məktəbləri təşkil edilmişdi. Şuşa şəhər məktəbi təhsilin keyfiyyətinə görə məşhur idi. Şuşalıların təkidi ilə 1881-ci il sentyabrın 20-də Şuşada 6-sinifli realnı məktəbin əsası qoyuldu. Şuşa məktəbi eyni vaxtda açılan Bakı, Tiflis, Gəncə real məktəblərindən daha nümunəvi idi. Ona görə Qafqazın maarif naziri hörmətli qonaqları çox zaman buraya göndərirdi. 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gəlmiş, tədris proqramından, uşaqların dərsə davamiyyətindən, bilik səviyyəsindən çox razı qalmışdılar. Şuşa məktəbində ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi uşaqları əxlaqlı yetişdirmək qüdrətinə malik idi. Bunu Şuşa realnı məktəbinin müfəttişini əvəz edən Şimanovskinin Qafqaz maarif nazirinin sərəncamlar bülletinində çap etdirdiyi "Bizim orta məktəblərdə ədəbiyyat şagirdlərin əxlaq tərbiyəsdə, söhbətlərin aparılmasında əsas silahdır" başlıqlı məqaləsi bir daha təsdiq edir.
1850-ci illərdən fəaliyətə başlayan ədəbi-musiqili məclislər "Nəvvabın məclisi", "Muğam məktəbi", “Məclisi-fəramuşan”, "Məclisi-üns"də toplaşan Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Hacı Abbas Agah, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər, Xarrat Qulu, Kor Xəlifə, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Sadıqcan həmin məktəblərin daimi qonaqları idilər. Şuşada heç zaman bəzi digər bölgələrimizdə olduğu kimi, ifrat dindarlıq, dini fanatizm olmayıb, Şuşa camaatı gözüaçıq, elmə, maarifə, dünyəviliyə bağlı olub. Hətta, şəhərin ən mötəbər din xadimləri də, Molla İbrahim və digərləri dini yox, daha çox dünyəvi təhsil məktəblərinə yardım edirdi. 1905, 1918-20-ci illərdə ermənilər şəhəri yandırıb dağıdarkən ilk bərpa, təmir olunub əvvəlki həyatına qaytarılan məhz dini abidələr yox, Şuşa məktəbləri olub. 1848-ci ildən başlayaraq mütərəqqi rus, gürcü teatrlarının təsiri ilə Şuşa ziyalıları teatr tamaşaları hazırlayıb nümayiş etdirib. 1897-ci ilin fevralında Mir Möhsün Nəvvab Şuşada ilk şəhər kitabxanası yaratmış, bu ilk kitabxana-qiraətxananı ümumşəhər savadlanma mərkəzinə çevirmişdi. 1830-cu ildə isə Şuşada ilk mətbəə fəaliyyətə başlamış, bu daş mətbəəsində Şuşa şairlərinin şerləri çap edilmişdi. 1894-cü ilin yay aylarında xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin - "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın gənc müəllimləri - həvəskar artistləri 1895-ci ildə yerli müəllimlərdən olan Haşım bəy Vəzirovun "Evlənmək su içmək deyil" adlı pyesinin, 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin ilk tamaşasını göstərmiş, əldə etdikləri 500 manat pulu son qəpiyinəcən bu məktəblərə vermişdilər. 1904-cü il avqust ayının 22-də Şuşada göstərilən "Otello" tamaşası daha böyük müvəffəqiyyət qazanmış, tamaşanın sorağı Azərbaycandan kənarda da əks-sədaya səbəb olmuşdur. Tamaşanın quruluşunu əsərin mütərcimi və baş rolun ifaçısı Haşım bəy Vəzirov hazırlamışdı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşanın Qafqazın musiqi mərkəzinə, "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası"na çevrilməsi, Şuşa xanəndələrinin 1912-ci ildə Polşanın Varşava şəhərində və digər Avropa ölkələrinə dəvət edilməsi, səslərinin yazılması, tarixi konsertləri, ardınca məhz Şuşa musiqi məktəbinin dahi yetirməsi Üzeyirbəy Hacıbəylinin Şərqin ilk opera, teatr, balet, simfonik muğam, orkestrini yaratması, professional musiqi təhsilinin bünövrəsini qoyması, Şuşada pedaqoji kursun, ardınca Şuşa Pedaqoji Texnikumunun açılıb fəaliyyət göstərməsi (bu kursları 1, 2 ilə bitirənlər şura hökumətinin gəlişindən sonra Qarabağ, Gəncə bölgəsində savasızlığın ləğvində, yeni cəmiyyət quruculuğunda müstəsna rol oynayıb), 1930-cu ildə Şuşada ilk musiqi, mədəni-maarif texnikumunun, uşaq musiqi məktəbinin açılması, 1989-1991-ci illərdə Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilməsi bu ənənənin davamı olmuşdur.
Şuşada bu qədər istedadlı, zəkalı ədib, alim, musiqiçi, digər elm, sənət, peşə adamlarının yetişməsi həmin bu məktəblərin və Şuşanın saf suyunun, təmiz havasının bəhrəsidir. Bu məktəblərin müəllim və məzunları arasında kimlər yox idi: müəllimlər Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov və b., şagirdlər İsmayıl bəy Şəfibəyov, Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, Muxtar bəy Muradov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Qara bəy Əliverdilər, Rüstəm bəy Axundov, Hüsü Hacıyev, Süleyman Rəhimov, Xan Şuşinski...Məşhur Şuşalıların siyahısını yenə uzatmaq olar: Qasım bəy Zakir, Firidun bəy Köçərli, Məhəmməd bəy Aşiq, Mirzə Məmmədqulu Təbib, Cabbar Qaryağdıoğlu, Bəhram bəy Axundov, Ağa xan Qarabaği, Əhməd bəy Ağaoğlu, Məcid Behbudov, Süleyman Sani Axundov, İslam Abdullayev, Fərhad Ağazadə, Qəmər bəyim Şeyda, Zülfüqar Hacıbəyov, Əhməd Ağdamski, Yusif Vəzir Çəmənzəminli, Nəriman bəy Nərimanbəyli, Ceyhun Hacıbəyli, Xəlil İbrahim, Əli Zülalov, Dadaş Həsənov, Sürəyya Ağaoğlu, Lətif Kərimov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya, Cəlal Qaryağdı, Zakir Bağırov, Mehdi Məmmədov, Soltan Hacıbəyov, Sürəyya Ağaoğlu, Eldar Əzimzadə, Lətif Səfərov, Süleyman Ələsgərov, Münəvvər Rzayeva, İskəndər Əliyev, Azad Əmirov, Məşədi Cəmil Əmirov, Teymur bəy Aslanov, Xəlil Məmmədov, Ramiz Qəmbərov, Sürəyya xanım Qacar, Azad bəy Vəzirov...Bunların hamısının Şuşa məktəbləri ilə sıx bağlılığı olub.
Şuşada ermənilər də yaşamışdır, erməni məktəbləri də olmuşdur, Rusiyanın fəal köməyi ilə daim bu təbii qala şəhərini, Qarabağın zümrüd tacını planlı şəkildə erməni yurduna çevirməyə, erməniləşdirməyə çalışmışlar. Şuşada 200 ildə doğulan erməni məşhurların hər birinin çəkiyə gələn ən yararlı “zapçastın” çıxarıb yığıb quraşdırıb tərəziyə qoysan, bu siyahıdakı türk müsəlmanların 1-2-sinin ağırlığında gəlməz. Şuşa təpədən dırnağa türk, müsəlman-azərbaycan şəhəri olub.
Bundan əvvəl də bu mövzuda yazmışam; biz ətrafımızdakı qonşularımızın hamısından, o cümlədən ermənilərin yaxşı, pis cəhətlərindən öyrənməli, nəticələr çıxarmalıyıq, ən azı yaşadığımız faciələri təkrar yaşamamaq üçün.
1992-ci ildə Şuşanı bir sıra böyük dövlətlərin də fəal dəstəyi ilə Azərbaycanın hərbi-siyasi rəhbərliyindən ciddi müqavimətsiz təhvil alan ermənilər Şuşada nədən başlamışdılar, nə etmişdilər, hansı işləri görmüşdülər, nələr tikmişdilər? google.az da bunlar çıxdı; Şuşanı özününküləşdirə bilmədiyinə görə “şuşi”ləşdirib "Şuşi" Mədəniyyət Fondu, "Şuşi" nəşriyyat evi, erməni mədəni irsinin, "arxiv sənədlərinin" tədqiqi, təbliği, təftişi (saxtalaşdırılması ilə paralel), şəhərə yaxın ərazilərin inkişaf etdirilməsi üçün müxtəlif proqramların həyata keçirilməsi, Şuşanın dünya ermənilərinin dini və mədəniyyət mərkəzinə çevrilməsi, yeni turist mehmanxanalarının tikintisi, abidələrin erməniləşdirilməsi, qriqoryanlaşdırılması və bərpası, əyləncəli turist məskənlərinin inşası, yeni mədəniyyət mərkəzlərinin (O.Tarkanyan, E.Tarumyanın və.s adına) yaradılması, yeni idman obyektlərinin, stadionların , erməni məktəblərinin tikilməsi, erməni dilini bilməyən diaspor üzvlərinin övladlarına erməni dili dərsini tədris edən kursların təşkili, Şuşa real məktəbin təmiri, müasir xəstəxana binasının tikilməsi, İsa bulağında və Cıdır düzündə istirahət evləri və əyləncə yerlərinin inşa edilməsi, Gəncəsər monastırı və Şuşadakı erməni kilsələrinin nəzdində ermənilərin kilsə tarixi muzeyinin təşkili, Şuşanın Arxiv Fondunun yaradılması, Qalada və onun ətrafında arxeoloji tədqiqatının aparılması, Milli Erməni Muzey fondunun yaradılması, İran abidələrinin tədqiqi və nəşri ( yəni Azərbaycana aid məscidləri və türbələrin), federasiyalar üçün nümayəndəliklərin, stadionların, Ermənistan Dövlət Aqrar Universitetinin Qarabağ filialının açılışı, Şuşa Texnoloji Universitetinin tələbələri üçün yataqxana kompleksinin inşası və sair. Fikrimcə, onsuz da azı ibadət üçün istifadəyə 3 hazır məscidi olan, təkrar edirəm, tarixən dini yox, daha çox maarifçilik, musiqi, mədəniyyət ənənələri ilə yaddaşlarda yaşayan Şuşada məsciddən qabaq Universitet, ya Türkiyə universitetlərindən birinin filialı üçün bina inşa etmək daha yaxşı olmazdımı?!
Xatırladaq; Şuşanın əhalisinin sayı 34,594, ərazisi 310 kv.km-dir. Şuşa rayonu 1 şəhər, 1 qəsəbə (Turşsu) və 37 kənddən ibarətdir. Hazırda yalnız Şuşa şəhəri və Daşaltı kəndinə nəzarət bizdədir. Yerdə qalan 1 qəsəbə və 36 kənd rus-erməni hərbi birləşmələrinin ixtiyarındadır. Şuşanın ətrafında, başı üstündəki kəndlərdən Şuşanı avtomat, pulemyotlarla da atəşə tutmaq olar.
Biz Şuşanı azad edən döyüşçülərin qəhrəmanlığına layiq cəsarətlə, tikilənləri uçurub dağıtmadan özümüzünküləşdirib yeni forma və məzmunla azərbaycanlılaşdırmalıyıq, həm də gecikmədən, torpaq bizim olduğu üçün torpağın üstündəki mülk də xalqımıza, dövlətimizə məxsusdur! Qardaş Türkiyənin xristianların məşhur Ayasofya muzeyini məscidə çevirməsi bizə də ğrnək olmalıdır! Biz ermənilər kimi uçurub dağıtmaq yox, yaşatmaq yolundayıq, onsuz da özümüzü nə qədər multikultural, tolerant göstərsək də, xeyri yoxdur, dünyanı idarə edən hakim xristian güclər bizi olduğumuz kimi yox, görmək istədikləri kimi də təqdim edəcəklər.
Şəhid,Qazilərimizin qanı bahasına yağı düşmən tapdağından xilas edilmiş Şuşa birinci növbədə alınmaz hərbi qalaya çevrilməlidir, burada ən peşəkar ordu birləşmələrimiz, havadan hərbi müdafiə hissələrimiz, istehkamlarımız yaradılmalıdır, Şuşa anklavdan çıxarılmalıdır, azı 3 tərəfdən giriş-çıxış bərpa olunmalı, büdcə təşkilatları şəhrə köçürülməlidir. Acı həqiqətdir ki, Şuşa inzibati rayonuna daxil olan 37 kəndin bu gün yalnız biri- Daşaltı ordumuzun nəzarətindədir. Bu yarımçıqlıqlar siyasi, hərbi yolla aradan qaldırılmalıdır. Maarif, mədəniyyət, din, turizm obyektləri bundan sonrakı məsələlərdir. Torpaqlarımıza qayıdışla bağlı suallar, qaranlıq məqamlar, rahatsızlıqlar çoxdur, sosial şəbəkələrdən bu daha aydın görünür, təəssüf ki, Milli Məclisdən, Hökumətdən, icra strukturlarından, yaradılmış əlaqədar yeni qurumlardan bu suallara cavab verən yoxdur, insanları düşündürən məsələlərə dair dövlət qanunları, hökumət qərarları yoxdur. Hökumət o yerlərin sakinlərinin qayıdış ruhunu sönməyə qoymamalıdır (acı təəssüflər olsun ki, bu belədir), əksinə gərəkli qərarlar qəbul etməklə həvəsləndirməlidir.
Mən bu barədə yazmışam, narahatçılıqlarımı da bildirmişəm, yenə fikrimdə qalıram, təkrar edirəm: müharibə bitəli 7 ay oldu, payız, qış, yaz getdi, yay gəlir. Məlumdur ki, Şuşa azad edilərkən çox da dağıntıya məruz qalmayıb. Ancaq 7 ayda azad edilmiş Şuşaya bir ailə də qayıtmayıb, kimi, nəyi gözləyirik, gecikirik.Şuşanın etibarlı məskunlaşdırılması üçün burada hərbi məktəblər, Universitet, yaxud filiallar, kolleclər açmaq, yataqxanalar tikmək, Şuşalılarla bərabər, yaşamaq arzusunda olan gənclərə, zabit ailələrinə də şərait yaratmaq lazımdır. Hal-hazırda respublikanın müxtəlif guşələrində fəaliyyət göstərən Şuşa ümumtəhsil müəssisələrində 5300 şagirdin təlim-tərbiyəsi ilə 580-ə yaxın müəllim məşğul olur (https://xalqqazeti.com/az/news/68866). 4 aydan sonra yeni dərs ili başlanacaq, bəs onda Şuşada neçə məktəb nə qədər müəllim, şagirdin üzünə açılacaq?! Belə görünür ki, heç kim. Yenədəmi növbəti bir-iki ili gözləməli olacaqlar?! Müqayisə tam uyğun olmasa da; tamam boşaldılmış Xankəndi və ətrafına 3-4 ayda 53 min erməni qayıdıb, ya Rusiya tərəfindən qaytarılıb, fərqi yoxdur, bütün məktəblərdə dərslər bərpa edilib.
Sərhəd bölgələrimizdə gecə-gündüz ayıq-sayıq keşik çəkən əsgərlərimiz arxasında tikən, qurub yaradan mülki əhalini görməlidir, o yerlərin torpaq becərən, əkən, biçən sakinlərinin səsini, nəfəsini duymalı, güc, qüvvət almalıdır, minalardan təmizlənmiş, təhlükəsiz kəndlərimizə sakinlərin rahat gediş-gəlişinə imkan, şərait yaradılmalıdır. Bu sahədə də narazılıq kifayət qədərdir.
“Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olduqca əhəmiyyətlidir, Şuşa ilə bağlı verdiyi mesajlar qürurvericidir, görülən işlər də alqışa layiqdir.
2021-ci mayın 12-də azadlığına, Ana Vətənə qovuşmuş Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsi nə qədər sevindirici olsa da, etiraf edək ki, yalnız Bakıdan siyahı əsasında toparlayıb aparılan bəlli insanların iştirakı ilə məhdud çərçivədə, Şuşalılarsız keçməsi kədərli duyğular, çoxlu suallar da oyadırdı...
Hacı NƏRİMANOĞLU,
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru