Yola saldığımız 2022-ci il ölkəmizin ilk qeyri-hökumət təşkilatlarından biri olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin 30 yaşı tamam oldu.
Bu il QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən layihələr çərçivəsində Birlik “Şəhidlər”, “Şərqi Zəngəzur”, “Qardaşlığın Zəfəri”, “Şuşa-270” kitablarını nəşr edib, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatlarını keçirib, layihə barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 70-dən çox informasiya yayılıb, sosial şəbəkədə 24 paylaşma 10 mindən çox oxunma, bəyənmə olub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.
Birliyin 30 illiyi münasibətilə Sumqayıtdakı Qubadlı və Bakıdakı Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) toplantılar və Birliyin nəşr etdiyi kitabların sərgisi, təqdimatları təşkil olunub.
Qeyd edək ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№176).
Ümummilli lider Heydər Əliyevin "nadir şəxsiyyət" adlandırdığı ictimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.
2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.
Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının (müəllif H.Nərimanoğlu) Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının (müəllif H.Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 40-dək konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.
Birliyin sədri H.Nərimanoğlu 24 elmi, publisist kitabın, ingilis, rus, türk, Azərbaycan dillərində dərc olunmuş 100-dən çox elmi-publisist məqalənin müəllifi, Qarabağ müharibəsi veteranıdır. 16 ildən çox AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru və AzərTAc-ın buraxılış redaktoru olub. 2020-ci ilin sentyabrından indiyədək Vətən müharibəsinə, Qarabağ və Zəngəzurun tarixinə, “Şuşa İli”nə həsr olunmuş 23 məqalənin hər biri ADTM-nin layihəsi ilə 12 dildə 150-dən çox xarici mediada yayılıb, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilib. Müəllifin Türkiyə Prezidentinin iştirakı ilə təqdimatı keçirilən “Rəcəb Tayyib Ərdoğan” kitabı Türkiyə Prezidenti Kitabxanası - Cumhurbaşkanlığı Külliyesinin fonduna daxil edilərək Oxu zalında nümayiş olunur.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edir, Vətənimizdə sülh, əmin-amanlıq, firəvanlığın əbədi bərqərar olmasını diləyirik!