Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əhəmiyyəti və icrası barədə qəzetimizin suallarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı cavablandırır.
–Vüsal müəllim, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında postkonflikt quruculuğunu necə görürsünüz?
–Hazırda Azərbaycanın canlı orqanizm kimi bərpa etdiyi hissəsi – işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrü yaşanır. Qarabağ və Şərqi Zəngəzurun inkişafını şərtləndirən Qumilyovun təbirincə desək, passionarlıq – daxili energetika, “Dədə Qorqud dili”ndə isə təpər və daxili enerjini işə çevirən tükənməz bir qaynaqdır. Bununla da Azərbaycan təkcə beşinci nəsil müharibə aparmaqla torpaq bütünlüyünü təmin etməyin çağdaş nümunəsini deyil, həm də ekosid, urbisid və etnosid cinayətlərinə baxmayaraq, postkonflikt quruculuğunu daxili imkanları hesabına, eyni zamanda daha yüksək səviyyədə təşkil etməklə quruculuğun yeni bir modelini də ortaya qoyur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt bərpanın 10 əsas istiqaməti müəyyənləşdirilib. Birincisi, Azərbaycanın hərb meydanında möhtəşəm qələbəsinin digər, o cümlədən siyasi və diplomatik müstəvilərdə möhkəmləndirilməsidir. Ərazi bütövlüyünün tanınması da daxil olmaqla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və regional inteqrasiyanın gücləndirilməsi də bölgədə sülh, əmin-amanlıq və davamlı inkişaf üçün təməl şərtdir.
İkinci istiqamət olaraq, şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin təşkilinin təmin edilməsi vacib faktordur. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara, həmçinin əlilliyi müəyyənləşdirilən şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli fərmanı ilə yaradılmışdır.
Postmüharibə dövründə sosial dəstək tədbirləri çərçivəsində 100 mindən çox unikal şəxsə 200 mindən çox xidmət göstərilmiş, o cümlədən 3,6 min mənzil və 300-ə qədər avtomobil verilmişdir.
Üçüncü istiqamət işğaldan azad edilmiş ərazilər üzrə yeni dövlət idarəetmə modelinin tətbiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmışdır.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Eyni zamanda qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz formalaşdırılmışdır. Qarabağ iqtisadi rayonu, Şuşa, Zəngilan üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılmışdır. Qarabağ Dirçəliş Fondu isə işğaldan azad edilmiş ərazilərin inkişafı üçün maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb olunmasını, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Dördüncü istiqamət ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Hazırda işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi üzrə İşçi Qrupu mövcuddur. Nazirlər Kabineti tərəfindən minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planı üzrə ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi işlərini Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirir. Bu sahədə beynəlxalq inkişaf partnyorları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq mövcuddur.
Beşinci istiqamət olaraq iqtisadi və sosial infrastrukturun yaradılması vacib şərtdir. İşğaldan azad edilən ərazilərdə infrastrukturun şəkilləndirilməsi və bunun üzərindən iqtisadi inkişafın təmin olunması fəlsəfəsi iki təməl prinsip əsasında qurulur: dairəvilik və düyünlər – təmərküzləşmə mərkəzləri. Məsələn, azad olunmuş ərazilərdə yeni yaradılan kritik infrastruktur dairəvi xarakter daşıyır. 760 kilometrdən artıq avtomobil yolu, 340 kilometrdən çox dəmir yolu, üç hava limanı, həmçinin 40-dan çox SES, Xudafərin və Qız Qalası generasiya gücləri, yarımstansiya və ötürücü qurğular elə təşkil olunub ki, fasiləsiz və qırılmaz xidmət təmin olunsun.
Altıncı istiqamət sənaye parkları, aqroparklar, vergi-gömrük güzəştləri, kreditlərin və investisiyaların sığortalanması mexanizmi, habelə digər dövlət təşviqlərindən istifadə etməklə iqtisadiyyatın canlandırılmasıdır. “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli Prezident sərəncamı işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya
cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması, eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədi daşıyır.
Növbəti istiqamətlər yaşayış məntəqələrinin planlı şəkildə bərpası, əhalinin Böyük Qayıdışı və Ermənistanın işğal dövründə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsidir ki, bu sahələrdə də indiyədək kifayət qədər işlər görülür. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə təsdiqlənən “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” əsasında şəhər və kəndlərin bərpası uğurla həyata keçirilir. Artıq Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər şəhərlərinin Baş planı hazırdır.
Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsilə başlanıldı. Mərhələlərlə məcburi köçkünlərin qayıdışı davam edəcək. Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti mütləq məsuliyyət hesab olunmaqla Azərbaycana qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir: reparasiya, restitusiya, təzminat və ya kompensasiya və satisfaksiya.
Onuncu istiqamət isə münaqişənin fəsadları barədə məlumatların yayılmasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Karabakh.Center” layihəsi Ermənistan–Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi, həmçinin geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılmışdır. Bu internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı verir.
“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı icra ediləcəkdir. İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə isə, hətta Vətən müharibəsinin gedişində başlanılmışdır və ötən müddətdə təxminən beş milyard manat vəsait xərclənmişdir. Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın altı əsas istiqamət üzrə inkişafı gözlənilir: kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, nəqliyyat-logistika və turizm. Təbii iqlim şəraiti, tarixi ənənə, coğrafi yerləşmə və demoqrafik potensiala uyğun olaraq işğaldan azad edilmiş ərazilərin əsas inkişaf drayverləri də müəyyənləşir.
Yüz min nəfərlik Ağdam şəhəri yüngül sənaye və xidmət mərkəzi, Araz boyunca düzülən Füzuli, Cəbrayıl və Zəngilan rayonları nəqliyyat-logistika qovşağı, “yaşıl enerji” və əkinçilik, Kəlbəcər və Laçın rayonları dağ-mədən sənayesi, “yaşıl enerji”, turizm, heyvandarlıq və Şuşa isə mədəniyyət paytaxtı olaraq yaradıcı sənayesi ilə bölgənin qravitasiya mərkəzlərinə çevrilir. Bizim hesablamalar göstərir ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər.
Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı İnkişaf Məqsədləri ilə həmahənglik təşkil etməklə bölgəni SMART regiona çevirməyi qarşıya mühüm vəzifə kimi qoyur.
Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə Qarabağda və Şərqi Zəngəzurda kapitalın – əsas fondların çoxalması kapitaltutumlu iqtisadi artımı sürətləndirir. Yaradılan yeni əsas fondlar müasir texnologiyalara əsaslandığından daha çox fondverimliliyi, yəni hər manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən də Solou modelinə görə, Qarabağ və Şərqi Zəngəzurda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə (steady-state level) məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya dağıntıların üzərində rəqabətqabiliyyətli iqtisadiyyat qurdu. Qarabağ və Şərqi Zəngəzurda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılmış “xərclər-buraxılış modeli” əsasında hesablamalar Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın əsas hərəkətverici qüvvələri barədə təsəvvür yaradır. Burada iki yanaşma var: birincisi, multiplikator yanaşması, digəri isə sektorun özündən əvvəl (backword linkage) və özündən sonra (forward linkage) gələn sektorlara nə dərəcədə təsir göstərməsidir. Qarabağ və Şərqi Zəngəzurda dirçəldilən iqtisadiyyat sahələri dörd əsas multiplikator üzrə effekt yaradır: buraxılış multiplikatoru, əmək gəliri multiplikatoru, məşğulluq multiplikatoru və əlavə dəyər multiplikatoru. Məsələn, aqrar və turizm sahələri daha çox məşğulluq, dağ-mədən sektoru daha çox əlavə dəyər, maliyyə-bank sektoru kimi sektorlar isə daha çox əmək gəliri yaradır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda iqtisadi inkişaf ÜDM-in tərkibində xarici komponentin – qoyuluşun (input) optimallaşdırılmasına da xidmət edir, o cümlədən ərzaq təhlükəsizliyini gücləndirir.
Qarabağ və Şərqi Zəngəzurda başlayan tikinti bumu ölkənin bütün iqtisadiyyatına təsir göstərir. Məsələn, Azərbaycanda tikinti məhsulundan 84 sahə (downstream) faydalanır, tikinti özü isə 44 sahənin (upstream) məhsulundan və xidmətindən yararlanır. Beləliklə, tikinti elə bir həlqədir ki, onun vasitəsilə bütün zənciri tərpətmək, eyni zamanda həm tələb, həm də təklif yaratmaq mümkündür.
–Sizcə, Böyük Qayıdışın təmin olunmasında və bölgənin iqtisadi inkişafında ilkin baza elementləri Dövlət Proqramında öz əksini necə tapır?
–Yaxın tarixə nəzər salsaq, görərik ki, dünyanın şahid olduğu bütün
postkonflikt bərpa modellərinin ilkin amili kimi təhlükəsizlik və dövlət idarəetmə strukturunun formalaşdırılması məsələləri ön plana çıxır. Böyük Qayıdışa dair I Dövlət Proqramında müəyyənləşdirilən prioritetlərdən birincisi ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili məsələlərini əhatə edir. Qeyd edə bilərəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postkonflikt quruculuğunda öz modelini yaradır və bu model digərlərindən bir xüsusiyyəti–Azərbaycanın öz resursları hesabına həyata keçirilməsi ilə fərqlənir.
Artıq Proqram qəbul edilən dövrə qədər biz 57,6 min hektar ərazini minalardan təmizləmişik. Dövlət Proqramının yekun nəticəsi kimi, 280 min hektar ərazinin minalardan təmizlənməsi qarşıya hədəf kimi qoyulub. Vətəndaşlarımızın təhlükəsizliyi və dövlət idarəetmə aparatının formalaşdırılması istiqamətində dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edən bir çox hərbi hissələr yaradılıb.
Dövlət Proqramında bu hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, eləcə də digər hüquq-mühafizə orqanları – Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti yerli bölmələrinin müvafiq infrastrukurla təminatı kimi ən ümdə tədbirlərin icrası nəzərdə tutulur. Proqramda, həmçinin yerli və mərkəzi icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə inzibati infrastrukturun yaradılması və ərazi vahidlərində “Təhlükəsiz şəhər” xidmətinin təşkili planlaşdırılır. Bütün bu qeyd edilənləri Böyük Qayıdışımızın baza elementləri hesab edə bilərik.
– Vüsal müəllim, Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Maraqlıdır ki, Dövlət Proqramında bu ərazilərin iqtisadi cəhətdən öz-özünü təmin edən regiona çevrilməsi istiqamətində hansı tədbirlər müəyyən olunub?
– Bu istiqamətdə görüləcək işlərə diqqət yetirsək, işğaldan azad edilmiş ərazilərin potensialı üzrə Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Postkonflikt bərpa proseslərinin ən əhəmiyyətli elementlərindən biri olaraq regionda insanların rifah səviyyəsinin artırılması istiqamətində iqtisadi canlanmanın yaradılması, iqtisadi aktivliyin təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması, bölgədə regional ixtisaslaşmanın müəyyən edilməsi kimi tədbirlər Proqramda öz əksini tapıb.
Qeyd edim ki, Dövlət Proqramında su və torpaq ehtiyatlarının səmərəli idarəedilməsi mexanizminin yaradılması məqsədilə 197 min 690 hektar kənd təsərrüfatı təyinatlı təbii biçənək, kəndətrafı örüş, yay və qış otlaqlarında iri miqyaslı geobotaniki tədqiqat işlərinın aparılması və xəritələşdirilməsi, xırdabuynuzlu heyvanların və arı ailələrinin yay və qış otlaqlarında müəyyənləşdirilən dislokasiya nöqtələrinə aparılması, yay və qış otlaqlarından səmərəli istifadə məqsədilə elektron sistemin qurulması, eləcə də geri qayıdışın ilkin mərhələsində dayanıqlı məskunlaşma vəziyyətinin təhlil edilməsi, habelə həyətyanı və yaşayış sahələri üzərində istifadə hüquqlarının tanınması istiqamətlərində tədbirlər nəzərdə tutulub.
Bu prioritet ilə əlaqədar əlavə olaraq bildirim ki, ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, habelə innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində sənaye zonalarının və aqroparkların fəaliyyətinin təşkili də öz əksini tapıb ki, bu da işğaldan azad edilmiş ərazilərdə tikinti materiallarının istehsalı, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri və başqa istiqamətlərdə daxili istehsalı təşviq edəcək. Həmçinin kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması nəticəsində yeni istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin yaradılması və iş yerlərinin açılması həmin ərazilərin bərpasına və sosial-iqtisadi inkişafına töhfə verəcək.
Eyni zamanda vurğulamaq istərdim ki, turizm potensialından yararlanmaqla regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün bölgədə bu sənayenin inkişafı istiqamətində tədbirlər həyata keçiriləcəyi nəzərdə tutulub. Bu məqsədlə turizm əhəmiyyətli rayonlar üzrə turizm inkişaf konsepsiyalarının hazırlanması, eləcə də turizm ilə əlaqəli infrastrukturun yaradılması istiqamətində mərhələli şəkildə işlərin həyata keçirilməsi planlaşdırılıb.
Qeyd edim ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının zəngin təbiəti, dağları, dərələri, qoruqları və s. var. Bu, ekoturizmin inkişafı üçün böyük potensial deməkdir. Bu potensialı şərtləndirən amillərdən biri bu ərazilərin böyük rekreasiya əhəmiyyətinin olmasıdır. Müalicəvi bulaqların zənginliyinə görə Şərqi Zəngəzur iqtisadi rayonu xüsusilə seçilir və bölgənin müalicəvi turizm baxımından böyük imkanlara malik olmasından xəbər verir.
Bir az öncə vurğuladığım kimi, turizm imkanlarının genişləndirilməsi üçün bu bölgələrdə avtomobil yollarının geniş şəbəkəsi yaradılır, dəmir yolu çəkilir, üç hava limanının tikintisinin bölgə turizminin inkişafında müstəsna rol oynayacağı da şübhəsizdir.
– Bilirik ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi əməllər Azərbaycan torpaqlarının ekoloji cəhətdən də zərər görməsinə səbəb olub. Dövlət Proqramında
postkonflikt dövründə işğaldan azad olunmuş ərazilərdə təmiz ekoloji mühitin yaradılması öz əksini necə tapıb?
– Sizin sualınıza qüvvət bir məqamı nəzərə çatdırmaq istərdim ki, Ermənistanın ərazilərimizi işğal altında saxladığı dönəmdə meşə yanğınları, çayların çirkləndirilməsi, canlı aləmin soyqırımı ilə uzun illər Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. İşğalçı ilkin hesablamalara görə, törətdiyi bu ekoloji cinayətlərlə ölkəmizə 285 milyard dollar ziyan vurub.
Təsadüfi deyil ki, Dövlət Proqramında ekoloji tarazlığın bərpası və qorunub saxlanması istiqamətində meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər xüsusi önəm daşıyır.
Qeyd edim ki, son illərdə dünyada baş verən qlobal iqlim dəyişmələrinin təhlükəli hidrometeoroloji hadisələrin intensivliyinin artmasına səbəb olması hidrometeoroloji fəaliyyəti daha da aktuallaşdırmışdır. Əhalinin hidrometeoroloji təminatının yaxşılaşdırılması, hidrometeoroloji məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə işğalçıdan təmizlənən ərazilərdə radioloji və radioekoloji qiymətləndirmələrin aparılması, hidrometeoroloji müşahidə şəbəkəsinin qurulması, eyni zamanda regionda müasir tələblərə uyğun hidrometeoroloji xidmətlərin təşkil olunması məqsədilə Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin tikintisi nəzərdə tutulur.
Xatırladım ki, ekoloji terrorun son nümunələrindən biri kimi ermənilər tərəfindən 50-60 min hektar meşə sahəsi tamamilə məhv edilib. Bununla da Dövlət Proqramı çərçivəsində meşə təsərrüfatının keçmiş fəaliyyətinin, meşələrdən istifadənin qiymətləndirilməsi və nəticə etibarilə məhv edilmiş meşə sahələrinin bərpası və artırılması istiqamətində 1150 hektar ərazidə meşə əkini və meşə səpini işlərinin aparılması gözlənilir. İşğaldan azad edilmiş ərazilərdə meşələrin bərpası torpaqların eroziyadan qaçılması, eyni zamanda su, torpaq qoruyucu və rekreasiya əhəmiyyətinə malik olan təbii meşələrin qorunması üçün vacib amildir. Onu da deyim ki, təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədilə Dövlət Proqramında tədbirlər müəyyən olunub.
Postkonflikt bərpa prosesinin digər bir əsas elementi kimi ərazilərdə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi xüsusi yer tutur. Bildiyiniz kimi, cənab Prezident işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasını elan edib. Xatırladım ki, işğalçı torpaqlarımızı tərk edən zaman elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb aparmış, qalan stansiyalar isə dağıdılaraq yararsız hala salınıb. Sevindirici haldır ki, həmin KSES-lərin bərpası işlərinin mərhələli şəkildə həyata keçirilməsinə başlanılıb və doqquz su elektrik stansiyası artıq bərpa olunub.
Bu məqamda onu da qeyd etmək istərdim ki, Dövlət Proqramı çərçivəsində “yaşıl enerji” zonasının yaradılması çərçivəsində müxtəlif bərpaolunan enerji mənbələri üzrə “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından istifadə edilməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması, habelə küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyənləşdirilməsi kimi tədbirlər müəyyən olunub. Xüsusilə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizin əsas enerji davamlılıq hədəflərindən biri olan 2030-cu ilədək ölkənin ümumi elektroenergetika sisteminin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması məqsədinə daha da yaxınlaşdırır.
– Vüsal müəllim, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Bununla bağlı hansı işlər görüləcək?
– Bildirmək istərdim ki, həyata keçirilən monitorinq və qiymətləndirmə fəaliyyəti proqram idarəetməsinin tərkib hissəsi olaraq icra proseslərinə dəstək mahiyyəti daşıyaraq mühüm əhəmiyyətə malikdir. İİTKM tərəfindən digər dövlət proqramları üzrə həyata keçirilən monitorinq və qiymətləndirmə təcrübəsi əsasında bizdə bu sahə üzrə institusional yaddaş formalaşıb. Mərkəz tərəfindən həm fəaliyyət əsaslı, həm də daha təkmil monitorinq və qiymətləndirmə yanaşmalarını özündə ehtiva edən nəticə əsaslı monitorinq və qiymətləndirmə aparılır.
Dövlət Proqramının strukturu və Proqram üzrə müəyyənləşdirilən tədbirlər nəticə əsaslı monitorinq və qiymətləndirmənin aparılmasına imkan verir. Belə ki, Dövlət Proqramının Tədbirlər Planına görə 6 prioritet üzrə 25 fəaliyyət istiqaməti müəyyən edilib. Bu fəaliyyət istiqamətləri üzrə görüləcək tədbirlərin hər birinin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə 200-dən çox ilkin və aralıq nəticə, 150-dən çox yekun nəticə , ümumilikdə isə 600-dən çox indikator müəyyənləşdirilib.
Dövlət Proqramının monitorinqi bu qeyd edilən nəticə indikatorlarına görə və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli fərmanı ilə təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydasına əsasən keçiriləcək.
https://xalqqazeti.com/az/news/118910
Müsahibəni qələmə aldı:
Vaqif BAYRAMOV, “Xalq qəzeti”