Yenicə yola saldığımız 2022-ci ilin unudulmaz, eləcə də ilk günlərini yaşadığımız 2023-cü il üçün tarixi hədəf müəyyən etmiş hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü oldu.
Həmin görüşdə dövlət başçısı bütün dünyaya bəyan etdi:
“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Müsahibimiz Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərlidir.
– Əziz müəllim, Qərbi Azərbaycana qayıdış hərəkatının uğuru bu ideyanın dövlət səviyyəsində dəstəklənməsi ilə yeni və həlledici mərhələyə daxil oldu. Dövlət başçısı həmin torpaqların xalqımıza məxsusluğunu rəsmi surətdə və açıq şəkildə bəyan etdi. İndi biz erməni yalan və saxtakarlıqlarını təkzibedilməz dəlillərlə sübut etmək üçün tarix və siyasi coğrafiya müstəvisində mübarizəni başa çatdırmalı, Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarında yaşamaq hüququnun təmin edilməsinə çalışmalıyıq.
– Təbii ki, söhbət Qərbi Azərbaycan ərazisindən və soydaşlarımızın bu ərazilərə qayıdış hərəkatından gedirsə, bu məsələni hər hansı siyasi və ya başqa motivlə bağlamaq lazım deyil. Bu, son 200 ildə bu ərazilərdən deportasiya və soyqırımlarla qovulan soydaşlarımızın tarixi, mənəvi, insani haqqıdır. Qərbi Azərbaycan ərazisi son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və əcdadlarımız minillər boyu bu coğrafiyada yaşayıblar. XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqazın işğal edilməsi və ermənilərin tarixi Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın tərkib hissəsi olan İrəvan xanlığı ərazisinə köçürülməsi ilə burada yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalmış, doğma torpaqlarını tərk etməyə məcbur olmuşlar.
1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycanın Naxçıvan və İrəvan torpaqlarında erməni vilayətinin yaradılması ilə bu proses daha da genişlənmişdir. Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 1905–1906-cı illərdə azərbaycanlılara qarşı qırğınlar törətmişlər. 1918-ci ilin mayında isə Azərbaycan torpaqlarında qondarma Ermənistan adlı dövlət yaradılması ilə azərbaycanlılara qarşı soyqırımı siyasəti dövlət səviyyəsində həyata keçirilməyə başlanmışdır. Qondarma “Ermənistan”da sovet hakimiyyəti qurulmasından sonra da bu siyasət davam etdirilmişdir.
Sovet Rusiyasının dəstəyi ilə Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına artırılaraq 1918-ci ildəki 9 min kvadrat kilometrdən 29,8 min kvadrat kilometrə çatdırılmışdır. SSRİ rəhbərliyinin 1948–1953-cü illərdə həyata keçirdiyi növbəti faciəli deportasiya zamanı 144 min 600 nəfər azərbaycanlı Ermənistan SSR-dən çıxarılmışdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının 1980-ci illərin sonlarında başlanan növbəti mərhələsi burada yaşayan 300 minə yaxın azərbaycanlının 1988-1991-ci illərdə son nəfərinədək yüz illər boyu yaşadıqları doğma torpaqlarından qovulması ilə nəticələnmişdir.
Bu proses azərbaycanlılara qarşı soyqırımına çevrilmiş, onların uzun tarixi dövr ərzində əldə etdiyi sərvətləri və mülkləri ermənilər tərəfindən qarət olunmuşdur. Bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Ona görə də Qərbi Azərbaycan ərazilərinin tarixən xalqımıza məxsusluğu məsələsinə Qərbi Azərbaycana qayıdış hərəkatını uğura aparacaq səbəb kimi yox, bu hərəkatın mahiyyəti, təməl prinsipi kimi baxmaq lazımdır. Hər bir qaçqının öz ata-baba yurduna qayıtmaq istəyi onun beynəlxalq hüquqa söykənən haqqıdır.
O ki qaldı tarix və siyasi coğrafiya sahəsindəki həqiqətləri sistemləşdirib siyasi-diplomatik müstəvidə fəallaşdırmaq məsələsinə, təbii ki, əcdadlarımızın Qərbi Azərbaycanın köklü əhali olması bu mübarizədə bizə hüquqi əsaslar verir. Bu baxımdan, Azərbaycan albanşünaslığı dünya tarixşünaslığında erməni saxtakarlıq və yalanlarını süpürüb bir kənara atmalıdır. Ermənilər uzun illər tariximizin islamaqədərki xristian dönəmini özününküləşdirməyə çalışıblar. Odur ki, bizim qarşımızda duran ciddi məsələlərdən biri də ermənilərin tarixi saxtakarlıqlarını sona qədər ifşa etməkdir. Albanşünaslıq da bu məsələdə öz sözünü deməlidir.
Artıq 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı Ermənistanın quldur silahlı birləşmələri ölkəmizdən qovulmuşdur. Ermənistanın 10 noyabr 2020-ci il tarixində imzaladığı kapitulyasiya aktı təkcə itirilmiş ərazi bütövlüyümüzün bərpasını təmin etməmiş, həm də vaxtilə Ermənistandan deportasiya edilmiş soydaşlarımızın pozulmuş təməl hüquqlarının bərpası məsələsini gündəmə gətirmişdir. BMT-nin mövcud konvensiyalarının şərtlərinə əsasən zorakı yolla öz yaşadıqları doğma torpaqlarından qovulan, faktiki qaçqın düşən azərbaycanlıların hüquqlarının beynəlxalq səviyyədə bərpası aktuallaşmışdır.
– Ermənilərin özlərini Qərbi Azərbaycanın “sahibi” saymalarından əlavə, tarixi Vətənimizin digər ərazilərinə də iddialarının qarşısını onların “gəlmə” olduqlarını sübut etməklə qəti surətdə cavablandırmaq olmazmı?
– Ermənilərin özlərini Qərbi Azərbaycanın “sahibi” saymalarının heç bir elmi, faktoloji əsası yoxdur. Ermənilərin bu ərazilərə gəlmə olduğu barədə saysız-hesabsız mənbələr var, həm də haradan və neçə ailə, neçə nəfər gəlmələri rəsmi statistikalarla təsdiqlənir. Məsələn, 1828-ci il Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində qondarma bir “erməni vilayəti” yaradılmış və 1829–1831-ci illərdə bu iki xanlıq ərazisində ilk kameral siyahıyaalma keçirən İvan Şopen burada 100 mindən artıq azərbaycanlı (müsəlman tatar) əhaliyə qarşı 25 min 151 nəfər “yerli erməni” əhalinin olduğunu göstərmişdir.
Bu “yerli erməni”lərin əksəriyyətini isə XVIII əsrin sonları, XIX əsrin ilk illərində çar Rusiyası tərəfindən bu yerlərə köçürülmüş ermənilər təşkil etmişdir. Sadəcə, dünya bu tarixi həqiqətlərə kor və kar olmaqda maraqlıdır və biz də o kor gözləri, kar qulaqları açmağa səfərbərik.
– Erməniləri xalqımıza qarşı düşmənçiliyə təkcə əsassız ərazi iddiaları deyil, həm də imperialist dairələrin əlində alətə çevrilmələri təhrik etmirmi?
– Hər bir imperiyanın öz xarici maraqları var. Hər imperiya da müxtəlif üsullarla öz maraqlarını təmin etməyə çalışır. Məsələ bundadır ki, ermənilər tarix boyu belə imperiyaların maşası olmağa çalışıblar. Onlar fitrətən buna meyilli etnik toplumdur. Bu naqislik həm fərd, həm də etnik toplum olaraq onların genindədir. Kimə məlum deyil ki, ermənilər lazım gələndə öz qız-qadınlarını da böyük məmnuniyyətlə istifadəyə veriblər, öz mənliklərini də. Bu barədə böyük tarixi şəxsiyyətlərin kifayət qədər fikirləri mövcuddur.
– Qriqorian kilsəsinin millətçi, antibəşəri fəaliyyəti də erməni təcavüzkarlığının mürtəce qaynaqlarından biridir. Bu davakar dini mərkəzin Qafqazda möhkəmlənməsi necə baş vermişdir?
– Qriqorian kilsəsinin özü də saxtakarlıq və riyakarlıq üzərində qurulmuşdur. Türkmən Anakın oğlu Qriqori tərəfindən əsası qoyulan bu xristianlıq cərəyanı tarix səhnəsinə türk xristian dini təriqəti kimi gəlmiş və bu dini kafedra 1441-ci ildə Kilikiyanın Sis şəhərindən İrəvan yaxınlığındakı Üçkilsə ərazisinə köçürülmüşdür. Bu kilsə bütün tarixi boyu şərəfsizlik, əxlaqsızlıq və terror yuvasına çevrilmişdir. Bu barədə də kifayət qədər tarixi faktlar, sübutlar var.
Bugünkü ermənilər də etnik toplum yox, kilsə ətrafına yığılmış, müxtəlif xalqların tör-töküntülərindən, atılmış və imtina edilmiş ünsürlərindən ibarət dini toplumdur. Qriqorian kilsəsinin millətçi, antibəşəri fəaliyyəti, erməni təcavüzkarlığının mürtəce qaynaqlarından olması da buradan qaynaqlanır. Təsadüfi deyil ki, bu dini mərkəzin Qafqaza gəlişi ilə bütün regionun dincliyi pozulmuşdur.
– Erməni millətçi hərəkatları tarixi Azərbaycan torpaqlarını deportasiya və soyqırımları yolu ilə ələ keçirmiş və burada milli dövlət qurmaq üçün özlərinə saxta vətən yaratmışlar. Bunu dünyaya göstərmək və qəbul etdirmək o qədər çətindirmi ki, indiyədək erməni yalanlarına inananlar tapılır...
– Yox, bir o qədər çətin deyil. Bütün tarixi faktlar, mənbələr bizim xeyrimizədir. Ermənilərin uydurduqları saxta erməni tarixi konsepsiyasını çox asanlıqla darmadağın etmək olar. Sadəcə, biz tarixən tolerant və ürəyiyumşaq xalqıq, kim qarşımızda bir az ağlayıb-sıtqayırsa, ürəyimiz tez yumşalır, ona yazığımız gəlir. Ermənilər də dara düşəndə yazıq görkəm almağı çox gözəl bacarırlar. Bu cür onlara torpağımızda yer, süfrəmizdən çörək vermişik. Amma bir qədər özlərinə yer edəndən sonra ermənilərin əsl sifətini görmüşük. Onda da gec olub.
Bir də xüsusilə sovet dövründə bizi ermənilərin xalqımıza qarşı bütün tarixi cinayətlərini unutmağa məcbur ediblər. Bizi inandırıblar ki, günahkar erməni milləti deyil, bir ovuc erməni millətçiləridir, ermənilərin siyasi liderləridir. Biz də inanmışıq və ermənilər də altdan-altdan öz işlərini görməkdə davam ediblər. Amma bu da bir yerə qədərdir. Artıq ermənilərin son 30-35 ildə etdikləri bütün hədləri aşdı, artıq bunları unutmaq mümkün deyil, Xocalını və neçə-neçə Xocalı kimi faciələri unutmaq mümkün deyil.
– Bəs neçə olmuşdur ki, imperialist dairələr “erməni məsələsi”ni Anadoluda həll etmək istədikləri halda bu oyuncaq dövlət Qərbi Azərbaycanda qurulmuşdur?
– Birinci Dünya müharibəsində imperialist dairələr Osmanlı dövləti ilə bağlı planlarını tam həyata keçirə bilmədilər. Türk-müsəlman dünyasına düşmən dövlətlər Osmanlı imperiyasını dağıtsalar da, Türkiyəni bir dövlət olaraq yer üzündən silmək planlarını həyata keçirə bilmədilər. Tarix boyu fatehlər, qəhrəman sərkərdələr yetirən Türk xalqı bu dəfə də tarix səhnəsinə Atatürk kimi dahi bir şəxsiyyət çıxardı və təcavüzkar xristian Avropasının Yaxın Şərq planlarını alt-üst etdi.
Belə olan surətdə “erməni məsələsi”ni Anadoluda həll etmək istəyində olan imperialist dairələr öz “bic doğulmuş cocuqlarını bələmək” üçün dağılmaqda olan çar Rusiyası ərazisini seçmək məcburiyyətində qaldılar. Beləcə, Cənubi Qafqaza gəlmə olan xəyanətkar erməni toplumuna qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində erməni dövləti yaratdılar, özgə torpağında yaradılmış Ermənistanı oyuncaq dövlətlər sırasına qatdılar.
– Qərbi Azərbaycan İcması tarixən necə formalaşmışdır? İcmanın fəaliyyətinin, nəhayət, dövlət səviyyəsində dəstəklənməsi hansı nəticələr doğuracaq? İcmanın hədəflərinə çatması üçün xalqımızdan nə tələb olunur?
– Qərbi Azərbaycan İcması, əslində, yeni bir təşkilat deyil. Bu qurum 1988-ci ildə Ermənistandan qaçqın düşən azərbaycanlıların təşəbbüsü ilə 1989-cu il dekabrın 28-də yaradılmış və 33 il fəaliyyət göstərmiş Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında 2022-ci il avqustun 3-də yaradılmışdır. Daha doğrusu, Azərbaycan Qaçqınlar Cəmiyyətinin adı Qərbi Azərbaycan İcması adı ilə əvəzlənmişdir. Əgər cəmiyyət, adından da göründüyü kimi, sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan qovulmuş qaçqınların problemləri ilə məşğul idisə, artıq İcma son 200 ildə Qərbi Azərbaycandan qovulmuş bütün soydaşlarımızın və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın bütün problemləri ilə məşğul olacaq.
İcmanın fəaliyyətinin, nəhayət, dövlət səviyyəsində dəstəklənməsi qanunauyğun bir haldır. Ümumiyyətlə, bu hərəkat təkcə Qərbi azərbaycanlıların deyil, müstəqil Azərbaycan dövləti və xalqının, bütün dünya azərbaycanlılarının mübarizəsidir. Əgər Ermənistanın o ərazilərdəki cinayətləri vaxtında durdurulsa idi, heç Qarabağ müharibəsi başlamazdı. Azərbaycanın milli maraqları təkcə ölkə ərazisində yox, onun sərhədlərindən kənarda da qorunmalıdır. Qərbi Azərbaycandakı tarixi ərazilərimizi erməniləşdirən, bu məkanda soydaşlarımıza qarşı soyqırımı, deportasiya aktları həyata keçirən ermənilər sonda sərhədlərimizi keçməyə belə özlərində cəsarət tapdılar.
Bu gün Azərbaycanda yaşayan yüz minlərlə Qərbi Azərbaycanəsilli qaçqının öz dədə-baba yurdlarına qayıtması, vaxtilə məhrum edildikləri bütün hüquqlarının, məkrli dağıntıya məruz qalan maddi-mənəvi sərvətlərinin – məscidlərinin, yer adlarının, mədəni tikililərinin yenidən bərpası məsələləri bütün beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməlidir.
Bu gün İcmanın bu hədəflərinə çatması üçün xalqımızdan 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi milli birlik tələb olunur. Bu milli birlik bizi bütün hədəflərimizə aparacaq və biz qalib gələcək, tarixi torpaqlarımıza qayıdacağıq.
– Qərbi Azərbaycana qayıdışın məqsəd, hədəf və yolları necə təsəvvür olunur?
– Qərbi Azərbaycana qayıdışın məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə indiki Ermənistan Respublikası ərazisindəki tarixi torpaqlarından qovulmuş bütün qaçqınların və deportasiya olunanların, onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, onlara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsi və soydaşlarımızın öz dədə-baba torpaqlarına, doğma yurdlarına qayıdıb, dədə-baba ocağında yaşaya bilməsidir. Yolları isə insanlarımızın bütün varlığı ilə buna inanması, 50 milyonluq Azərbaycan xalqının bu ideya ilə səfərbər olması və beynəlxalq hüquqa uyğun şəkildə sivil metodlarla öz haqqı uğrunda mübarizə aparmasıdır.
– Qayıdaq bu günə. Zəngəzurdan Naxçıvana adi bir yol verməyən Ermənistan nə haqla Laçın dəhlizini Qarabağa nəzarətsiz uzantıya çevirmək istəyir?
– Çox sadə. Ermənistan çox gözəl bilir ki, Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə bitmişdir və Qarabağ son qarışına qədər Azərbaycandır. Sadəcə olaraq, Ermənistan prosesi uzatmağa çalışaraq özünə havadar axtarışındadır. Sərsəm erməni liderlər bu məğlubiyyətdən mümkün qədər az itki ilə çıxmağa, Azərbaycandan mümkün qədər daha çox güzəşt qoparmağa ümid bəsləyirlər. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın onun üçün yaratdığı sülh şansından istifadə etməsidir. Başqa xam xəyallar erməniləri yeni məğlubiyyətə aparır.
– Qərbi Azərbaycana qayıdış ideyası İranın molla rejimini düşmən dairələrin hamısından artıq narahat etmişdir. Bu ideya və hərəkatı xarici əngəllərdən qorumaq üçün neyləmək lazımdır? Diaspor hərəkatı bu yöndə hansı addımları atmalıdır?
– Cənubi Qafqazda siyasi və iqtisadi maraqları olan, Azərbaycana və Türk dünyasına qarşı genetik nifrəti olan bütün dövlətlər və xalqlar Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfərdən və onun regionda lider dövlət olmasından narahatdır. Lakin bizim narahat olmağımıza heç bir səbəb yoxdur. Azərbaycan dövlətinin, onun Prezidentinin siyasi iradəsi və diplomatik gücü 44 günlük müharibədə özünü göstərdi. Sadəcə olaraq, görünür, bəzilərinin bundan dərs götürmək problemi var.
Biz bu müharibədə 50 milyonluq bir xalq olaraq da iradəmizi ortaya qoyduq. Bu, həm də güclənən Azərbaycan diasporu deməkdir. Şübhəsiz ki, Azərbaycan diasporu xalqımızın dövlət və milli maraqlarının bundan sonra da daim keşiyində durmalıdır və duracaqdır. Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlaması Azərbaycanın diaspor hərəkatına yeni güc qatacağı da heç kəsdə şübhə doğurmasın.
Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının təmsilçiləri ilə görüşündə bildirdi: “Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir”. Qərbi Azərbaycan İcmasının yeni mərhələyə daxil olmuş mübarizəsi bax bu məntiqdən güc alır. Bizim heç kəsin torpağında gözümüz yoxdur.
Qərbi Azərbaycan İcması zaman-zaman məhrum edildikləri dədə-baba torpaqlarına qayıdıb orada yaşamaq haqlarına çatmaq istəyirlər. Bu mübarizədə müstəqil Azərbaycan dövləti və dünyada yaşayan 50 milyonluq soydaşlarımız arxamızda möhkəm dayanıb. Babalarımızın məzarlarının uyuduğu, tarixi abidələrimizin gəl-gəl dediyi torpaqlar bizi gözləyir.
Müsahibəni apardı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”